Romalı stoisist-filosof, siyasətçi və yazar From Wikipedia, the free encyclopedia
Lusi Anney Seneka (lat. Lucius Annaeus Seneca; e.ə. 4, Kordova, İspaniya — 65, Roma) — stoik-filosof, şair, yazar, dövlət xadimi, Roma stoisizminin ən nümayəndəsi. İmperator Neronun müəllimi olmuşdur. "Gənc Seneka" kimi də tanınır. Ancaq əksər hallarda onu sadəcə "Seneka" kimi tanıyırlar.
Lusi Anney Seneka | |
---|---|
lat. Lucius Annaeus Seneca | |
Doğum tarixi | ən tezi e.ə. 8 və ən geci 1 |
Vəfat tarixi | 12 aprel 65 |
Vəfat yeri |
|
Vəfat səbəbi | qanitirmə[d] |
Dövr | Roma imperiyası |
İstiqaməti | stoaçılıq |
Əsas maraqları | etika, siyasi fəlsəfə |
Təsirlənib | Evripid |
Vikianbarda əlaqəli mediafayllar |
Seneka İspaniyanın Kordova şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır.
33-cü ildə imperator Tiberinin dönəmində kvestor, 37-ci ildə isə Kaliqulanın zamanında senator olmuşdur. Bundan sonra, gözəl natiq və yazar kimi tanınmışdır. Onun artan şöhrəti Kaliqulanı qıcıqlandırdığına görə o, onu öldürmək fikrinə düşmüş, ancaq sonra onu bu fikrindən çəkindirmişlər. 41-ci ildə imperator Klavdinin zamanında Seneka onun arvadı Messalinanın fitnəsinin qurbanı olaraq, sürgün edilmiş və səkkiz il Korsika adasında qalmalı olmuşdur.
Bundan sonra Klavdinin digər arvadı Aqrippina tərəfindən geri çağırılıb, onun gələcəkdə imperator olan oğlu Neronun müəllimi təyin edilmişdir. 54-cü ildə on altı yaşlı Neron (37–68) imperator olanda Seneka onun məsləhətçisi olmuşdur. O zaman onun nüfuzu çox artmışdı və o, imperiyanın siyasətini təyin etməyə başlamışdır. 57-ci ildə imperiyanın konsulu olmuşdur. Elə o zaman da Seneka böyük sərvətə malik olmuş, imperiyanın ən varlı adamlarından sayılmışdır.
59-cu ildə Neron Senekanı öz anası Aqrippinanın qətlində dolayısı ilə iştirak, sonra isə bu cinayətə senat qarşısında bəraət nitqi ilə çıxış etməyə məcbur etmişdir. Bundan sonra Senekanın Neronla münasibətləri pozulmuşdur.
62-ci ildə Seneka vəzifəsindən istefa verərək bütün sərvətlərindən Neronun xeyrinə imtina etmişdir. Ancaq 65-ci ildə Seneka Nerona qarşı baş tutmayan sui-qəsddə ittiham edilmişdir və Neron tərəfindən ölümə məhkum olunmuşdur. Seneka ölümün növünü özü seçərək, arvadı Paulina ilə birlikdə əl venalarını kəsmiş və vannaya girərək intihar etmişdir. Onun son sözləri isə belə olmuşdur: "Bu, Xilaskar Yupiterə şərab nəziridir".[1]
Senekanın dövründə bütün Roma imperiyasını və xüsusi ilə imperator sarayını istibdad, haqsızlıq və əxlaqsızlıq dalğası bürümüşdü. Bu şəraitdə fəaliyyət göstərən Seneka da tam mənada təmiz və vicdanla dolu həyat sürməmişdi. Onun fəlsəfi fikirləri ilə yaşadığı həyat arasında böyük uçurum var idi. Məsələn, yüksək əxlaqı və yoxsulluğu təbliğ edən Seneka, müxtəlif (hətta qanundan kənar) yollarla var-dövlət əldə etmişdi və həddən artıq varlanmışdı. Ancaq əsərlərində o, zənginlikdən çəkinməyi məsləhət edirdi, onun mənəviyyata xələl gətirdiyi haqqında söhbət açırdı[2].
"Xoşbəxt həyat haqqında" kitabının XVIII bölümündə öz həyat tərzi ilə fəlsəfəsinin ziddiyyət təşkil etməsi haqqında söhbət açan Seneka deyirdi ki, keçmişdə yaşayan filosofların (o cümlədən Platonun, Epikürün, Kitiyalı Zenonun və başqalarının) fikirləri heç də onların həyat tərzini əks etdirmirdi[3]. Onlar xeyirli həyatın nə olduğunu nəzəri olaraq izah edirdilər. Bu da o demək deyil idi ki, özləri buna riayət edirdilər və yazdıqları kimi yaşayırdılar. Senekanın fikrincə gerçək həyatla mənəvi yönəlmələr fərqli ola bilər.
Həmin kitabın XXIII bölümündə isə varlı təbəqədən olan Seneka filosoflara maddi zənginlikdən uzaq olmaq şərtini qoyanlara qarşı çıxış edirdi. Onun fikrincə filosof (müdrik insan) o şərtlə varlana bilər ki, onun əldə etdiyi şeylər heç kəsdən zorla alınmasın, qana bulaşmasın və ədalətsizliklə kirlənməsin[3].
Həyatının sonunda təqiblərə məruz qalmış Seneka "mənim üçün fəlsəfə yetər…" deyərək, imperator Neroya bütün var-dövlətinin alınması haqqında müraciət etmişdir[4].
Senekanın fəlsəfəsi əsasən əxlaqi xarakter daşıyırdı. Yüksək əxlaqa malik olan insan şəxsiyyəti onun düşüncələrinin mərkəzində idi. İnsanın düşüncəli olması, başqaları ilə ünsiyyət bağlaması bacarığı onu bütün təbiət üzərində yüksəltmişdir. Cəmiyyət isə təbiətin qurduğu bir qurumdur. O müxtəlif insanların toplumudur. Beləliklə, insanın vətəni bütün dünyadır.
Senekaya görə insanlar bir-birinə ziyan yetirməməlidirlər. Hər bir insan başqa insanlara qayğı göstərməli, onları öz yaxınları kimi sevməli, onlara qarşı rəhmli olmalıdır. Hətta kölələrə qarşı da rəhmli və ədalətli olmaq lazımdır.
Yenə Senekaya görə Ruh tanrının hissəciyidir. Ona görə ruh üçün bir yerin sakini olmaq yetərli olmur, ona genişlik gərəkdir. Ruhu geniş olan insan üçün bütün dünya, hətta kainat vətəndir. Həm də o bədənin qısa yaşamı ilə kifayətlənmirdi. Məqam çatdıqda ruh bədəni tərk edərək tanrılarla qovuşur. Ölümdən qorxmaq olmaz, çünki bizə ölüm kimi görsənən şey əslində başlanan əbədi həyatdır, onu tezləşdirmək lazımdır. Əslində hər bir insan ana bətnindən də çıxmaq istəmir, oradan o zorla çıxır. Ancaq o çıxış ona yeni həyat verir.[5]
Xeyrə yönələn insan dünyanı dəyişə bilməsə də, öz ruhunu yüksəldə bilər. Bunun da sonu olaraq o taleyin bütün sınaqlarından keçərək özünü təbiət qanunlarının axarına atmaq imkanındadır[6]. Çevrəmizdə olanlar çox vaxt bizim hökmümüzdə olmur, biz olayların axarını dəyişə bilmirik. Ancaq biz dünyada və çevrəmizdə baş verən olaylara təsir edə bilməsək və buna gücümüz çatmasa da, özümüzün üzərində işləməliyik, özümüzü düzəltməliyik. Buna bizim gücümüz çata bilər. Çünki, bizim ruhumuzun sahibi özümüzük. Hətta insan başqa adamın tam olaraq köləsi ola bilməz. Kölənin yiyəsi onun ruhunun deyil, yalnız bədəninin sahibi ola bilər. Ruhun sahibi isə kölənin özüdür.
Öz zamanəsində olan qüsurların tənqid edilməsi, insanların əxlaqi cəhətdən tərbiyə edilməsi, onların iradələrinin möhkəmlənməsi ideyaları Senekanın əxlaqi təlimində əsas yer tutur. Xeyirə can atan insan, dünyanı dəyişə bilməsə də, yüksək fərdi mətanətə və mərdliyə malik ola bilər; bu keyfiyyətlərin köməyi ilə, taleyin bütün sınaqlarından çıxıb, özünü təbiət qanunlarının axarına ata bilər[7]. Belə olan təqdirdə ədalətsizliyin, şərin kökləri şeylərdə deyil, ruhlardadır. Hətta insan başqa adamın tam mənada qulu ola bilməz. Ağa yalnız qulun bədəninin sahibi ola bilər, onun ruhunun yox. Ruhun sahibi isə qulun özüdür.
Senekanın əxlaqi fikirləri ilə onun tale haqqında təlimi əlaqədədir. O hesab edirdi ki, təbiətdə zərurət (tale) hökm sürür. Bütün baş verən olaylar ona tabedir. Bu həm də təbiətin qanunudur. Taledən qaçıb gizlənmək olmur. Taleyə tabe olmayanı o məcbur etdirərək özünə tabe etdirir[8]. O elə bir təbii qanundur ki, onu hətta tanrılar və ya onlara edilən dualar belə dəyişə bilməz. Nə olmalıdırsa, o da olacaqdır. Bu cür fikirlər fatalizm adlanır.
Tale kortəbii fəaliyyət göstərmir, onun məqsədyönlülüyü bir düzəni vardır, o hər şeyi əhatə edir. Beləliklə, Senekanın fəlsəfəsində tale tanrılaşır və hər şeyə hökmranlıq edir. Onu heç nə dəyişə bilməz. Buna görə həyatın hər bir çətinliyinə və bədbəxtliyə qarşı dözümlü olmaq lazımdır. Burada Seneka təbiətə də tabe olmaqdan söhbət açmışdır. İnsan yalnız təbiətə tabe olaraq xeyrə çata bilər. Əxlaqlı insan təbiət qanunlarına və taleyə tabe olmalıdır.
Başqa stoaçılar kimi Seneka dünyanın və çevrənin qavranılmasında sensualizmə (duyğuçuluğa) üstünlük verirdi. O hesab edirdi ki, çevrədə olan şeylər insanın duyğu orqanlarına təsir edir və bunun nəticəsində də dərk etmə prosesi baş verir. Düşüncə isə duyğuların verdiyi bilikləri emal edərək nəticələr ortaya qoyur.
Senekanın fizikası Heraklit fəlsəfəsinin müddəalarını təkrar edir. Hər şeyin əsasında duran od ilk maddədir[9]. O təmizliyin rəmzi olaraq göylərdədir. Aşağı qatlara enərək od getdikcə bərkiyir, yerə çatdıqda isə daşlara dönür. Tanrıların və insan ruhlarının da cisimləri vardır. Ruh göylərdə olan təmiz odun hissəciyidir və ona doğru yönəlmək istəyir. Müdrik insanda bu proses surətlə baş verir və o ən yüksək mənəvi məqamlara çatır; ancaq belə insanlar az olur.
Senekanın tanrı haqqında fikirləri ziddiyyətli olmuşdur. O həm od, həm yaradıcı, həm sevgi ilə dolu Atadır. Onun siması yoxdur, o sadəcə "İlk başlanğıcdır". Fatalizm (taleçilik) Senekanı həm də panteizmə gətirir. Onun fəlsəfəsində Tanrı ilə təbiət eyniləşir. Tanrı hər şeyi bir məqsədə yönəldən qüvvədir. Bu kimi baxışlar ibrahimi (təktanrılı) dinlərdəki Tanrı təsəvvürlərindən fərqlidir. Senekanın tanrısı təbiətdən yadlaşan dünyanı odda yandırır.
Bundan başqa Senekanın dünyagörüşündə mistik məqamlara da rast gəlmək mümkündür. Məsələn o hesab edirdi ki, insan həyatı ulduzlardan asılıdır. O həm də falçılığı fəlsəfi baxımdan əsaslandırmağa çalışırdı.
Senekanın əxlaqi fikirləri sonralar daha da inkişaf etdirilib, ortaəsr dövrünün fəlsəfəsi və ilahiyyatına təsir etmişdir. Məsələn, xristian Kilsə xadimləri və düşünürləri Senekanın əxlaqi təlimini çox yüksək dəyərləndirirdilər. Məşhur xristian kilsə xadimi Tertullian Senekanı Xristianlığa çox yaxın olan bir şəxs adlandırmış, onu "Bizim Seneka" adlandırmışdır[10]. Başqa ilahiyyatçı Laktantius deyirdi ki, heç bir xristian Tanrı haqqında Senekadan daha doğru danışa bilməz[10].
Daha sonra Senekanın xristian olmasını sübuta yetirmək cəhdləri də olmuşdur. Hətta, onun həvari Pavlusla məktublaşması da tapılmışdı[11]. Bu məktublar haqqında kilsə müqəddəsi Avqustin Avrelius da yazmışdı[12]. Ancaq sonra bilinmişdir ki, bu məktublar saxta imiş.
Senekaya görə, insan təbiətində əvvəllər çirkab, pozğunluq, günah kimi qüsurlar olmamışdır. Qüsurlar onun təbiətinə sonralar yerimişdi. Nəticədə insanın bədəni ruhun zindanına çevrilmişdi. Sonra isə, ruh azad olur və göylərdə məmnunluq və sakitlik şəraitində həyatını davam etdirir.
Xristianlıqda da, insan təbiəti əvvəllər qüsurlardan azad olub, sonra isə Adəm və Həvvanın günahı nəticəsində pozulmuşdur. Lakin, Senekanın təlimindən fərqli olaraq, ruhun bədəndən azad olması və göylərdə məmnunluq dərəcəsinə çatması üçün hər bir insan Tanrı oğlu İsaya iman etməlidir və kilsənin üzvü olmalıdır.
Senekanın əxlaqi fikirləri təktanrılı ibrahimi dinlərin (Xristianlığın və İslamın) bir çox müddəalarına yaxınlaşır. Ona görə F. Engels onu "Xristianlığın dayısı" adlandırmışdır[13].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.