Remove ads
From Wikipedia, the free encyclopedia
Demokrit (m.ö. yun. Δημόκριτος, e. ə. 460-cı illər[1][2], Abdera, Makedoniya və Frakiya[3] – e. ə. 360-cı illər, Yunanıstan) — Qədim yunan filosofu, Levkippusun tələbəsi, atomçuluğun əsasını qoyanlardan biri.
Demokrit | |
---|---|
Δημόκριτος | |
Doğum tarixi | e. ə. 460-cı illər[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | e. ə. 360-cı illər |
Vəfat yeri | |
İstiqaməti | Atomistika |
Əsas maraqları | fəlsəfə |
Təsirlənib | Levkipp |
Vikianbarda əlaqəli mediafayllar |
O, tanınmış alim olmuş; psixologiya, siyasət, pedaqogika, riyaziyyat, fizika, kosmologiya elmləri üzrə zamanımıza çatmayan kitablar qələmə almışdır. Demokrit hesab edirdi ki, yalnız hissələrdən ibarət olan bölünən şeylər doğulur, dəyişmiş, ölür və dağılır. Belədirsə, deməli dünyanın əsasında bölünməz bir şey durur ki, hər şey ondan ibarətdir. Bu da kiçicik hissəciklər olan atomlardır. Onlar əbədidir: olub, var və olacaq.
Hər şey bir-biri ilə əlaqədə olan atom və boşluqlardan ibarətdir. Atomlar öz forması, yerləşməsi və hərəkəti baxımından bir-birindən fərqlənirlər. Bu fərqlilikdən də müxtəlifliliklər yaranır. Onların birləşməsi hər şeyi yaradır, dağılması isə məhv edir.[4] Yaradıcı qüvvə atomların burulğanıdır. Beləliklə də, dünya hər zaman hərəkətdədir.
Atomların hərəkəti bəlli qanunauyğunluqlara tabe olduğuna görə hər şey zərurətdən doğur və təsadüf yoxdur. Bizim tərəfimizdən təsadüf kimi başa düşülən şey əslində qanunauyğunluqdur. Demokrit buna örnək olaraq küçədə bir insanın başına əşyanın düşdüyünü göstərirdi.[5] O insan hansısa bir iş üçün küçəyə çıxmışdır, əşya isə elə o anda yerə düşməli idi. Deməli, bu hal bizə təsadüf kimi görünsə də, qanunauyğunluqdur.
Atomçuluğu Demokrit həm də həyat və ruha aid edirdi.[6] Bütün orqanizmlərin həyatı və ölümü atomların birləşməsi və ayrılması üzündən baş verir. Həyatverici atomlar girdə və hamar olur, ölçüləri də çox kiçikdir. Ruh isə odlu atomlardan ibarətdir və onların müvəqqəti birləşməsindən yaranır. Atomların bağları qırılan kimi ruh da məhv olur. Beləliklə, Demokrit ruhun ölməzliyini inkar edirdi. Onun fikrincə insanlar öz ölümlərindən qorxub ruhun ölməməzliyi haqqında əfsanələr uydurmuşdurlar.
Demokritə görə əslində biz bu dünyanı gerçək görkəmində görmür, duymur və qavramırıq. Onun atomlardan və onların boşluqlarda sonsuz hərəkətindən ibarət olan görünməyən tərəfləri vardır. Bu dünyanı anlamaq üçün o pərdəarxası aləmi anlamaq və araşdırmaq lazımdır. Beləliklə, burada pərdəarxası "həqiqət", anlamaq isə "ümumi rəy" əks etdirir.[7] Hər şeyin həqiqəti vardır, ona görə də onu araşdırmaq və ona doğru gedilməlidir. Belə etdikdə dünya olduğu kimi insan üçün açılır. "Ümumi rəy" isə cəmiyyətdə oturuşmuş fikirlərdən ya da bizim subyektiv yanaşmamızdan doğan şeylər haqqında təsəvvürlərdir. Onlar həqiqəti əks etdirmir.
Demokritin (və Levkippin) atomlar nəzəriyyəsi sonrakı dövrlərdə öz təsdiqini tapmışdır. Müasir dövrümüzdə elm onların varlığını və daim hərəkət etməsini sübut etmişdir. Fərq yalnız ondadır ki, Demokrit atomları bölünməz və tam hissəcik kimi təsəvvür edirdi. Çağdaş elm isə sübut edib ki, atomlar öz növbəsində nüvə və elektronlar kimi daha da kiçik hissəciklərdən ibarətdir.
Çevrəmizin qavranılması duyğusal və düşüncəvi olur. Dünyada baş verən hadisələr bizim atomlardan ibarət olan ruhumuza daxil olaraq düşüncə tərəfindən "emal" olunur. Bunun vasitəsilə biz onlar haqqında bilgi alırıq. Ancaq, əslində daxil olanlar şeylərin obrazlarıdır. Bu obrazlar insanda o anda olan durumla (halla) qarışaraq hər şey haqqında təsəvvür yaradır. Durumlar (hallar) isə insanın tərbiyəsi, mədəniyyəti, bilik səviyyəsi, fiziki halları, qavram və analitik düşüncə qabiliyyəti kimi xüsusiyyətlərdir. Deməli, daxil olan obrazlar insan özəllikləri ilə qarışır və beləliklə, insanda dünyadakı şeylər haqqında bilgi formalaşmış olur. Bu isə obyektiv bilgi deyil "bütlərdir".[8] Elə ona görə də insanların şeylər haqqında təsəvvürləri fərqli olur. Hətta zaman keçdikcə və insanın durumları (halları) dəyişdikcə o eyni şey haqqında fərqli fikir söyləyir. Beləliklə, insanlar çevrənin həqiqətlərini deyil, yalnız onlar haqqında nisbi təsəvvür yaradan "bütləri" qavrayır və ona görə də onlar yanlışlıqlar içindədirlər. Məqsəd isə "bütlərdən" azad olub həqiqətə çatmaqdır. Bunu da yüksək məqama və müdrikliyə çatdıqdan sonra əldə etmək olar. Məsələn, atomların varlığını duymaq olmur. Ancaq ağıl işlədən adam bu həqiqəti anlaya bilər. Obyektiv biliyin əldə edilməsinin imkansızlığı ideyasını sofistlər də irəli sürürdülər. "Bütlər" haqqında fikri isə yüzilliklər keçdikdən sonra ingilis filosofu Frensis Bekon inkişaf etdirmişdir.
Din haqqında fikir irəli sürən Demokrit hesab edirdi ki, insanlar tufan, şimşək, zəlzələ kimi olaylardan dəhşətlənərək onların tanrılar tərəfindən yaradıldığını sanmışlar. Məhz, tanrılara inancın səbəbi də budur. Daha sonra Demokritə görə əslində tanrılar yoxdur, çünki hər bir millətin və yerin öz tanrısı vardır. Deməli, onları insanlar öz şəraitinə uyğun olaraq uydurmuşdurlar. Ona görə də, Demokrit bu tanrıların varlığını şübhə altına qoyaraq bəzən təbiəti, bəzənsə insan düşüncəsini tanrılaşdırırdı.[9]
Əxlaq məsələlərinə toxunan Demokrit hesab edirdi ki, insan xoş əhvalda olmalıdır. Kədər isə pisliyin əlamətidir, ona görə də ondan uzaqlaşmaq lazımdır. İnsan xoş əhvalı əldə etmək istəyirsə, hər bir yükün altına onu qaldıra biləcək qədər girməlidir. Ondan artıq yükü boynuna götürməməlidir, təbiətinə zidd getməməlidir. İstər özün üçün, istərsə də cəmiyyət üçün olsun istənilən şey ölçüsündə edilməlidir, ölçünü aşmaq olmaz. Buna əməl etməyən kəs kədərə qərq olur.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.