Qarabağda silahlı qarşıdurma From Wikipedia, the free encyclopedia
İkinci Qarabağ müharibəsi[47][48][49][50][51], Vətən müharibəsi[52][53], 44 günlük müharibə[54][55] və ya "Dəmir Yumruq" əməliyyatı[56][57] — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
İkinci Qarabağ müharibəsi | ||||||
---|---|---|---|---|---|---|
Dağlıq Qarabağ münaqişəsi | ||||||
| ||||||
Tarix | 27 sentyabr 2020 — 10 noyabr 2020 (1 ay, 2 həftə)[1] | |||||
Yeri | Dağlıq Qarabağ və onun ətrafındakı işğal altında olan ərazilər, Azərbaycan–Ermənistan sərhədi | |||||
Nəticəsi |
Azərbaycanın qələbəsi[2][3] • Atəşkəs bəyanatının imzalanması.[1] • Azərbaycanın müharibə dövründə işğaldan azad etdiyi ərazilər üzərində nəzarəti əlində saxlaması. • Rus sülhməramlı qüvvələrinin bölgəyə yerləşdirilməsi.[4] • Paşinyan əleyhinə etirazların başlanması. • Türk-Rus ortaq monitorinq mərkəzinin qurulması üçün anlaşma memorandumunun imzalanması.[4] |
|||||
Ərazi dəyişikliyi |
Müharibə zamanı: • Dağlıq Qarabağ ətrafındakı bütün Ermənistan tərəfindən işğal olunmuş ərazilər 1 dekabr 2020-ci ilədək Azərbaycana qaytarılması. • Ermənistan ərazisindən açılacaq dəhliz vasitəsilə Azərbaycandan Naxçıvana birbaşa quru yolunun açılması.[6] |
|||||
Münaqişə tərəfləri | ||||||
|
||||||
Komandan(lar) | ||||||
Tərəflərin qüvvəsi | ||||||
|
||||||
İtkilər | ||||||
|
||||||
Ümumi itkilər | ||||||
|
||||||
Vikianbarda əlaqəli mediafayllar |
Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik,[58][59] Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.[60][61] Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi.[62][63] Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.[64][65]
Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını[62][66] və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər.[67] Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın[68] və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu.[69] Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.[70][71] Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi.[72]
Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.[73][74][75] Müqaviləyə əsasən, Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altındakı keçmiş DQMV ətrafı əraziləri Azərbaycana qaytardı. Azərbaycan, həmçinin Türkiyə və İranla həmsərhəd olan Naxçıvana dəhliz əldə etdi.[76] Təxminən 2000 rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və keçmiş DQMV-nin Azərbaycanın nəzarətində olmayan hissəsində ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi.[1]
Ermənistan-Azərbaycan münaqişəsinin əsasında Dağlıq Qarabağ ərazisinin statusu ilə bağlı faktiki olaraq həll olunmayan məsələ dayanır. Ermənilər üçün Qarabağ müasir dövrdə ermənilərin çoxluq təşkil etdiyi, lakin 1921-ci ildə bolşeviklər tərəfindən nahaq yerə Sovet Azərbaycanına verilmiş və erməni kilsələrinin olduğu iddia etdikləri tarixi erməni ərazisidir. Azərbaycanlılar üçün isə Qarabağ əsrlər boyu müsəlman Qarabağ xanlığı ərazisi kimi, mərkəzi Şuşa şəhərinin ətrafında yerləşən və bir çox Azərbaycan musiqiçilərinin və rəssamlarının doğulduğu yer kimi böyük mədəni əhəmiyyətə malik bir yer hesab olunur. Azərbaycanlılar Qarabağı iqtisadiyyat və coğrafiyas baxımından öz ölkələrinin bir hissəsi olduğunu və beynəlxalq aləmdə belə tanındığını bildirirlər. Bu münaqişə postsovet məkanındakı digərlərindən bir neçə mühüm cəhətlərinə görə fərqlənir. Bu, iki milli dövləti bir-birinə qarşı qoyur. Lorens Broers 2019-cu ildə yazdığı "Ermənistan və Azərbaycan, Rəqabətin Anatomiyası" kitabında iddia edir ki, bu münaqişə "davamlı rəqabətdir" və bir çox cəhətdən digər postsovet münaqişələrindən daha çox Hindistan və Pakistan arasındakı münaqişəyə bənzəyir. Nəhayət, münaqişə postsovet məkanında digərlərindən qat-qat toksikdir. Ermənilər və azərbaycanlılar bir-biri ilə təkcə siyasi və diplomatik əlaqələrdən imtina etmirlər; qarşı millətin mədəni və tarixi hüquqlarını da fəal şəkildə inkar edir və silirlər.[77]
Sovet dövründə, ermənilərin yaşadığı Qarabağ bölgəsinin Dağlıq hissəsi Azərbaycan SSR tərkibində muxtar vilayət kimi idarə olunurdu.[78] Sovet İttifaqı 1980-ci illərin sonlarında dağılmağa başlayarkən, Dağlıq Qarabağın statusu məsələsi yenidən gündəmə gəldi və 20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti bölgənin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsini tələb edən bir qərar qəbul etdi. Azərbaycan bu tələbi bir neçə dəfə rədd etdi.[79] Qısa müddət sonra 1988–1990-cı illər arasında Sumqayıt, Gəncə və Bakıdakı ermənilərə,[80][81][82][83] Quqark və Xankəndindəki azərbaycanlılara[84][85][86][87] qarşı edilən poqromlardan sonra etnik zorakılıq başladı. Dağlıq Qarabağın muxtariyyəti ləğv edildikdən sonra, 10 dekabr 1991-ci il tarixində bölgədə müstəqillik referendumu keçirildi. Referendum bölgə əhalisinin 22,8%-ni təşkil edən azərbaycanlılar tərəfindən boykot edildi. Səs verənlərin 99,8%-i lehinə səs verdi. 1992-ci ilin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra bölgədə birbaşa müharibəyə başladı.[79]
Qarabağ Müharibəsi Azərbaycanın işğal edilmiş ərazilərindən və Ermənistandan təxminən 725.000 azərbaycanlının və Azərbaycandan 300.000–500.000 erməninin qovulması ilə nəticələndi.[88] Ermənistan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu; Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını işğal etdi.[89] Müharibə dövründə Jeleznovodsk və Tehran kommünikeləri kimi təmaslar baş tutsa da, onlar sülhü təmin edə bilmədi. Ardınca, Bişkek protokolu döyüşləri yekunlaşdırdı və münaqişə passiv fazaya qədəm qoydu.[90]
Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan 4 qətnaməsinin[91] icrası üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı.[92][93][94] 2008-ci ildə Baş Assambleya erməni işğalçı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən bir qərar qəbul etdi.[95] Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ buna əleyhinə səs verdilər.[96]
Beynəxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. 2011-ci ildə Rusiyanın təşəbbüsü iə Kazanda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın işğal etdiyi 7 rayonu Azərbaycana qaytarmağa hazır olduğunu bildirən Kazan sənədini imzalamaqdan imtina etdi. Bunun səbəbi isə Azərbaycanın ətraf rayonlarla yanaşı, Dağlıq Qarabağ bölgəsinin də, Azərbaycandan kənarda istənilən statusunu qəbul etməməsi idi.[97] Formal olaraq, 2016-cı ildən sonra Madrid prinsipləri, yaxud konfiqurasiyaları əsasında davam edən sülh danışıqları prosesi, 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyanatları[98] və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri[99][100][101] kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.
Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-də rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi.[102] Tonoyanın bəyanatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi.[103] 23 iyulda isə Ermənistan Silahlı Qüvvələri, Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi.[104] Bunun ardınca, Azərbaycan ərazisində, Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi.[105][106] Avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.[107]
Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının,[108][109] o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı.[110][111][112][113] Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı.[114] Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.[115][116]
25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir.[117] Sözügedən tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar etmişdir.[118][119]
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır.[120] Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış[121] və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.[122]
Ermənistan ordusu Azərbaycan tərəfinin əsas zərbəni cəbhənin ortasında endirəcəyini gözləyirdi, buna görə də əsas qüvvələrini həmin istiqamətdə cəmləşdirmişdi. Azərbaycan ordusu isə döyüşlərin ilk günlərində cəbhənin şimal və orta hissəsində hücum edəcəyi imitasiyasını yaratmaqla Ermənistan ordusunun cəbhənin bir nöqtəsində cəmləşməsinin qarşısını aldıqdan sonra əsas zərbəni cəbhənin cənub hissəsində endirdi. 1990-cı illərdən bəri işğalçı ermənilərin cənub istehkamları cəbhədə ən zəif idi, həm də Araz boyunca irəlilədikdə, irəliləyən qrup nisbətən təhlükəsizlikdə olacaqdı, onlara hər iki tərəfdən deyil, yalnız bir tərəfdən atəş açılırdı, hətta həmin bir istiqamətdən də onlara İran ərazisini vurmamaq üçün ehtiyatla atəş açılacaqdı.[123]
Cəbhənin cənub hissəsinin kiçik bir hissəsini yaran Azərbaycan ordusu həmin hissədən istifadə edərək Qarabağın içərilərinə doğru irəliləməyə başladı. Döyüşlərin ilk günündə Azərbaycan ordusu 150 km² ərazini işğaldan azad etdi. Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Arazboyu vadidə irəliləyən Azərbaycan ordusunun yolunda erməni qüvvələri heç bir yeni müdafiə istehkamları qura bilmədi, əksinə, Ermənistan ordusunun bütün idarəetmə sistemi dağıldı və oktyabrın 6-da əks-hücum cəhdi ciddi müqavimətə qadir olan bütün erməni birləşmələrinin məhvi ilə nəticələndi. 4 oktyabrda Cəbrayıl azad edildikdən sonra Ermənistan ordusu cəbhənin cənub istiqamətində sonrakı döyüşlərin də gedişatına təsir edən uğursuz həmləyə, Azərbaycan ordusunun 2016-cı ilin aprelində azad etdiyi "Lələtəpə" yüksəkliyini geri almağa cəhd etdi. Lakin Azərbaycan ordusunun kəşfiyyat bölmələri erməni tərəfinin hücumu barədə əvvəlcədən məlumat topladığı üçün Azərbaycan tərəfi döyüş üçün lazımi tədbirləri aldı. Əks-hücum cəhdi nəticəsində Ermənistan ordusunun bir tank polku darmadağın edilib, 800-dən çox hərbçisi məhv olunub (ümumilikdə yaralılarla birlikdə 1500–2000-ə qədər itki verildi) və həmin uğursuz əks-hücum cəhdindən sonra Ermənistan qüvvələri cəbhənin cənub istiqamətində salamat qalan texnikanı da atıb qaçmağa üz tutdular.[124] Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Ən yaxın coğrafi yeniləmələr göstərirdi ki, həmin gün Azərbaycan qüvvələri Laçın magistral yolunu kəsmək üçün yalnız 10 km məsafədə idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi.[125]
Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl[126][127], 17 oktyabrda Füzuli[128][129], 20 oktyabrda Zəngilan[130][131], 25 oktyabrda Qubadlı[132][133] və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.[134][135][136] Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.[137] 11 dekabrda Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub. Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb. Nəticədə Azərbaycan ordusunun bir hərbçisi yaralanıb.
Hərbi əməliyyatlar zamanı tərəflər arasında Qarabağla bağlı danışıqlar davam edib. Oktyabrın 19-da "dqr" in rəhbəri Araik Arutyunyan Paşinyana zəng edib. O, nəinki öz fikrini, həm də Qarabağ separatçılarının sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyanın, həmçinin Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanın mövqelərini çatdırıb. Bundan sonra Paşinyan, Rusiyanın təkliflərinin məntiqinə uyğun olaraq, hərbi əməliyyatların dayandırılmalı olduğunu deyən Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Təklifə görə Qarabağın statusu məsələsinin həllini təxirə salınır, keçmiş DQMV ətrafındakı rayonlar Azərbaycana təhvil verilir və o vaxt səslənən təklifə görə, keçmiş DQMV-nin sərhədləri boyu və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilir. Baş nazir Paşinyan bu variantı Qarabağ separatçılarının başçısına çatdırıb və Araik Arutyunyan razılaşdığını bildirib. Bundan sonra Paşinyan parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə müşavirə çağırıb və qəbul etdiyi qərarı təqdim edib. Görüşün bir çox iştirakçıları narazılıqla reaksiya veriblər, müşavirədən sonra isə bəziləri sosial şəbəkələrdə yazıblar ki, Qarabağ uğrunda ümumxalq mübarizəsini əngəlləyənlər xəyanətkardırlar, başqa adları yoxdur. Elə həmin gün Paşinyan parlament fraksiyalarının nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının (TŞ) iclasını da toplayıb. İclasda respublikanın prezidenti və bütün ermənilərin katolikosu da iştirak ediblər.
TŞ-nin iclasından sonra Paşinyan Putinə zəng edib və bu təklifə razı olduğunu bildirib. Putin cavab verib ki, bu məsələləri səhərə qədər İlham Əliyevlə müzakirə edib nəticəsini Paşinyana deyəcək. Növbəti gün səhər Bako Saakyan və Arkadi Qukasyan Paşinyanla görüşdə bildiriblər ki, Qarabağın statusu dəqiqləşdirilmədən hər hansı Sazişə qarşı çıxırlar. Paşinyanın fikrincə onlar bunu həm də Ermənistanın keçmiş prezidentlərinin adından bəyan ediblər. Oktyabrın 20-də Rusiya Prezidenti, şərtləşdikləri kimi, zəng edib. O bildirib ki, Əliyev atəşkəsə razıdır, lakin sülhməramlılar keçmiş DQMV — nin sərhədləri boyu deyil, faktiki təmas xəttinin uzunluğu boyu yerləşdirilməlidir, çünki Hadrut və Talış Azərbaycanın nəzarəti altındadır və onlar tutduqları mövqedən geri çəkilməyə razı deyillər. Bundan başqa, Ermənistan tərəfi öhdəlik götürməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaqlar. Paşinyan bundan imtina edib. O deyib ki, Hadrutla razılaşsa belə, Şuşanın verilməsini təsəvvür edə bilmir. Rusiya Prezidenti təəccübləndi ki, Paşinyan nə üçün azərbaycanlıların qayıtmasının əleyhinədir. Paşinyan öz arqumentlərini təqdim etdi. Onun fikrincə bu halda şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olardı və Azərbaycan tərəfi Xankəndinə yolu kimin və necə idarə etməsi məsələsini qaldırardı. Paşinyan əmin olduğunu bildirib ki, əgər Şuşa ilə bağlı bu ssenariyə razılıq versəydi, Azərbaycan yeni şərt irəli sürərdi – Şuşadan Qırmızı Bazar kəndinə gedən yola nəzarətlə bağlı. Bununla da atəşkəsə nail olunmadı.[138]
9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən atəşkəs bəyanat imzalanır. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir.
Müharibənin əvvəlində erməni tərəfinin əhval-ruhiyyəsi daha yüksək idi, lakin tez bir zamanda pisləşməyə başladı. Ermənilər və münaqişəni izləyən bir çox beynəlxalq ekspertlər elə güman edirdilər ki, erməni qüvvələrinin hündürlükdə olmaları və uzun illər ərzində qurulmuş müdafiə səddlərinə nəzarəti onları Azərbaycanın yeni hücumundan qoruyacaq. Bunun illüziya olduğu tezliklə sübut edildi. Azərbaycanın döyüş taktikası tezliklə nəticə verdi. Erməni tərəfi nəinki itirdiyi əraziləri geri ala bilmirdi, həmçinin erməni ordusunda düzgün rotasiyanı da həyata keçirmək mümkün olmurdu.[77] Azərbaycan ordusu 44 günlük müharibə ərzində "Harop" zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan "Zərbə" dronlarından və digər PUA-lardan, o cümlədən "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib.[139] Azərbaycan pilotsuz An-2 təyyarələrini Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün fəal şəkildə tətbiq edirdi. Azərbaycan Ordusunun bu unikal fəndi dünya hərb tarixində yenilik kimi qəbul edilir. Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi az qala hər gün "Azərbaycan qırıcı-bombardmançılarının vurulduğu" haqda raportlar verirdi. Hərbi əməliyyatların ilk 2–3 həftəsindən sonra onların "vurduqları hərbi təyyarələrin" sayı onlarla ölçülürdü. Lakin daha sonra üzə çıxdı ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz An-2 təyyarələrini vurur və nəticədə öz mövqe rayonunu üzə çıxarır. Ardınca Azərbaycan Ordusu həmin hava hücumundan müdafiə sistemini məhv edir.[140]
Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Azərbaycan ordusu pilotsuz aparatlardan müxtəlif məqsədlər üçün istifadə edirdi. Onlar üç-dörd növ olurdu. Biriləri artilleriya atəşlərini yönləndirirdi, PUA-lar gəlirdi və 4 dəqiqə sonra artilleriya ermənilərin mövqelərinə dəqiq zərbələr endirirdi. Rus hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu qəti keyfiyyət texnoloji üstünlüyünə sahib idi. Bəzi mütəxəssislər isə Ermənistanın məğlub olmasında PUA-ların rolunun çox olmadığını, Ermənistanın itkilərinin əsasən "sehrli texnologiya" deyil, düzgün olmayan təlim və pis ərazi səbəbindən baş verdiyini iddia edirlər.[125]
Birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonu ərazisində diversiya-təxribat fəaliyyəti baş verib. Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan antiterror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanılıb.[141]
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2895 nəfər hərbi qulluqçusu həlak olmuşdur. 19 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçunun tibb müəssisələrində müalicəsi davam edir.[142]
Oktyabrın 6-na Ermənistan tərəfinin məlumatlarına əsasən döyüşlərdə 1120 hərbçi həlak olmuşdur.[143] İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü Ermənistana məxsus hərbi texnikanın dəyəri minimum qiymətləndirmə ssenarisi əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir. 44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah- sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub. Məhv edilən hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur. Belə silahlara örnək olaraq, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, "Elbrus" raket kompleksləri xüsusi qeyd olunmalıdır. Bu baxımdan, hərbi xərcləmələr üzrə hesablamalar və iqtisadi göstəricilər Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsilə hərbi infrastrukturu bərpa etməyə təxminən 38 il vaxt lazım olduğunu göstərir.[144]
Dağlıq Qarabağ münaqişəsinin coğrafiyası, tarixi və həssaslığı səbəbilə üçüncü tərəf və beynəlxalq aparıcı ölkələr tərəfindən, o cümlədən Suriya İnsan Haqları Monitorinq mərkəzi də daxil olmaqla çox sayda media təşkilatları müxtəlif ittihamlar, iddialar və ifadələr irəli sürmüşdür.
Münaqişə əsnasında Azərbaycan və İran mətbuatı Rusiya silah-sursat və hərbi texnikasının İran üzərindən Ermənistana daşındığını bildirdi. 29 sentyabrda İran Xarici İşlər Nazirliyi bu iddiaları rədd etdi.[145] Ertəsi gün Azərbaycan hökumətinə bağlı KİV-lər hərbi texnikanın İran üzərindən Ermənistana aparıldığını göstərən videogörüntüləri paylaşdı.[146][147][148] Azərbaycanlı millət vəkili Sabir Rüstəmxanlı İranın müxtəlif ölkələrdən Ermənistana silah daşınması ilə məşğul olduğunu bildirdi.[149] Bundan sonra Sabir Rüstəmxanlı Azərbaycan parlamentində İsraildə Azərbaycan səfirliyinin açılmasını təklif etdi.[150] İran Prezidentinin İşlər İdarəsinin rəisi Mahmud Vaezi, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında iddiaları rədd etdi və bu şayiələrin iki ölkə arasındaki münasibətləri pozmağa yönəldiyini bildirdi.[151][152][153] Əlavə olaraq, İran dövlətinə bağlı KİV-lər kadrlarda əks olunan yük maşınlarının Ermənistan hökumətinin əvvəllər Rusiyadan aldığı Kamaz yük maşınlarının daşınmalarından ibarət olduğunu bildirdi.[154]
Münaqişədən əvvəl türk mənbələri İraq və Suriyadan bir çox YPG və PKK üzvünün Azərbaycana qarşı erməni milisləri yetişdirmək üçün Dağlıq Qarabağa köçürüldüyünü iddia etmişdir.[155] 30 sentyabrda Türkiyə mənbələri 300-ə yaxın PKK döyüşçüsünün İran vasitəsilə Dağlıq Qarabağa köçürüldüyünü iddia etdi.[156] 28 sentyabrda Azərbaycan Silahlı Qüvvələrindən verilən məlumata görə, erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdlular var. 30 sentyabr tarixində Hikmət Hacıyev "beynəlxalq ictimaiyyətin Ermənistanın terrorçu qüvvələrini Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməli" olduğunu bildirdi.[157][158] Lakin Washington Post qəzetinin şərhçisinə görə, Türkiyənin keçmişdə PKK və YPG-nin fəaliyyəti ilə bağlı şübhəli açıqlamaları bu iddiaları da şübhə altında salıb.[159] The Jerusalem Post isə Daily Sabah qəzetinin PKK və YPG-nin Qarabağdakı müdaxiləsinə dair xəbərlərin bəhanə olmasını və Türkiyənin bu bəhanədən istifadə edərək Şimali İraqı və Suriyanı bombalayaraq "zərərsizləşdirəcəyini" iddia etdi.[160]
Müharibənin ilk günlərindən etibarən, bir sıra beynəlxalq mətbuat orqanlarında, dünyanın müxtəlif ölkələrinin vətəndaşları olan ermənilərin Qarabağdakı döyüşlərdə iştirak etmək üçün Ermənistana yollandığına dair məqalələr dərc olundu. Əsasən Livan,[161] Suriya,[162] Fransa[163] və bəzi Latın Amerikası[164][165] ölkələrində yaşayan erməni əsilli vətəndaşların erməni diasporunun çağırışları ilə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, döyüşlərdə iştirakı məlum olmuşdur.
Bundan əlavə, 1 oktyabr tarixində Suriya İnsan Haqları Monitorinq mərkəzi erməni əsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqləyib.[166]
Ermənistan və Azərbaycan, eləcə də onların müttəfiq ölkələrindən olan hakerlər kibermüharibə aparıblar, azərbaycanlı hakerlər erməni saytlarını hədəfə alıb, Əliyevin bəyanatlarını dərc ediblər,[167] və Yunan hakerlər Azərbaycanın hökumət saytlarını hədəfə alıblar.[168] Hər iki tərəfdən koordinasiyalı mesajlar göndərilib. Yanlış məlumat və köhnə hadisələrin və digər münaqişələrin videoları yeni kimi paylaşılıb. Ermənistan və Azərbaycanla bağlı yeni sosial media hesabları çoxalıb, onların çoxu həqiqi istifadəçilərdir, lakin bir çoxu da qeyri-müəyyəndir.[169][170]
27 sentyabr səhər saatlarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən məlumatlara görə Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün ölkə üzrə internetin verilişində bir sıra məhdudiyyətlər tətbiq olunmuşdur.[171][172] Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırmışdır.[173] Hərbi vəziyyətlə əlaqədar Milli Məclisdə keçirilən iclasda 27 sentyabr 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunması qərarı qəbul olunmuşdur.[174] Verilmiş sərəncama əsasən, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilmişdir.[175] Həmçinin, Azərbaycan Hava Yollarının mətbuat xidməti 30 sentyabr tarixinədək Azərbaycan Respublikasının bütün hava limanlarının müntəzəm sərnişin reysləri üçün bağlanacağını açıqladı.[176] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.[68][177] Sərəncam 28 sentyabr qüvvəyə minib.[178] Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərib.[179] Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ünvanına "ermənilərə qarşı döyüş əmri" gözləyən minlərlə Türkiyə vətəndaşı məktub göndərib, qardaş ölkənin işğalçılardan azad olunması üçün daim hazır olduqlarını bildirib.[180][181][182] Həmçinin, 27 sentyabrdan etibarən, Bakı şəhərinin küçələrində, yaşayış binalarının eyvanlarında, mağaza və digər obyektlərin fasadlarında üç rəngli Azərbaycan bayrağı dalğalanır. Əhali, cəbhədə qazanılan uğurlar və bəzi ərazilərin işğaldan azad edilməsinin şərəfinə evlərini bayraqlarla bəzəyir. Eyni zamanda avtomobillərdən də kiçik bayraqlar asılır.[183]
30 sentyabr tarixində Gənclər və İdman Nazirliyi, AFFA ilə birlikdə "Biz birlikdə güclüyük" adlı bayraq aksiyası təşkil edib.[184] Aksiya könüllüləri paytaxt Bakı şəhərinin 3 fərqli hissəsində yüzlərlə bayraq paylayıb.[185][186] Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlara görə sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593 AZN və 5102 ABŞ dolları vəsait daxil olub.[187]
Ermənistan Mülki Aviasiya Komitəsi 27 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş 1585N qərara uyğun olaraq 55 yaşdan aşağı şəxslər üçün çağırış elan edib. Bu çağırışlarla əlaqədər olaraq Ermənistanda 18 yaşdan 55 yaşınadək kişilər ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə bilərlər.[188] 29 sentyabr tarixində, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın cəbhə xəttinə getməsi ilə əlaqədər olaraq, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və 2008-ci il seçki sonrası iğtişaş iddiasında ittiham olunan digər keçmiş məmurların məhkəməsini təxirə salındı.[189] 1 oktyabr tarixində Ermənistanda TikTok proqramına giriş qadağan edilib.[190] Elə həmin gün, Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş yüksək rütbəli Ermənistan hərbi məmurunu Azərbaycan kəşfiyyat orqanlarına casusluq etməkdə şübhəli bilinərək həbs olunduğunu və xəyanətdə ittiham olunduğunu bildirdi.[191] 2 oktyabr tarixində Ermənistan Dağlıq Qarabağa gedən bütün avtomobil yollarını bağlamışdır. Yollar sadəcə hərbi yerdəyişmə məqsədilə istifadə ediləcək. Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrinin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsi səbəbilə Ermənistan Müdafiə Nazirliyi ölkə qadınlarına müraciət etməyə başlayıb. 2 oktyabr tarixində Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılıb və komplektləşdirilməyə başlanılıb.[192][193]
9 oktyabr tarixindən etibarən Ermənistanda səlahiyyətlilər Dağlıq Qarabağdakı münaqişənin artması səbəbindən sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti sərtləşdiriblər və məhdudiyyətlər əlavə ediblər. Ermənistan Nazirlər Kabinetinin qərarına görə, ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlərin yayımlanması qadağandır. Dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər də daxil olmaqla hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağan edilib.[194]
● 2021-ci il mayın 29-da Zəfər Günü münasibətilə ilə Bakı metropoliteninin "8 Noyabr metrostansiyası" istifadəyə verilib.[195]
● 2021-ci ilin aprelin 12-də Zəfər Günü münasibətilə Bakı şəhərinin Nobel prospektinin adı dəyişdirilərək 8 Noyabr prospekti adlandırılmışdır.[196]
● 2021-ci ilin aprelin 12-də Bakı bulvarında Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunmuş Hərbi Qənimətlər Parkının açılışı olmuşdur.[197]
● Zəfər Günü münasibətilə Bakı, Astara, Xaçmaz, Lerik və Naxçıvan şəhərlərində Zəfər Parkı açılmışdır.[198][199][200][201]
● Zəfər Günü münasibətilə Xocavənd şəhərinin Hadrut qəsəbəsi, Kəlbəcər, Bakı, Siyəzən və Naxçıvan şəhərlərində Dəmir Yumruq Abidəsi ucaldılmışdır.[202][203]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.