Azərbaycan feodal dövləti From Wikipedia, the free encyclopedia
Şirvanşahlar dövləti[10] (az.-əski. شیروانشاهلار دؤولتی, fars. شروانشاهان, translit. Shīrwān Shāh) — 861–1538-ci illərdə Cənub-şərqi Qafqazda, əsasən indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində, vaxtilə mövcud olmuş və sonradan Azərbaycanlılaşmış dövlətdir.[11] Ərazisi şərqdə Dərbənddən Kür çayı mənsəbinə qədər Xəzər dənizi sahilərindən başlayaraq, Şirvan tarixi vilayəti ilə yanaşı, qərbdə bəzən Gəncə şəhərinə qədər uzanmış, ayrı-ayrı vaxtlarda Şəki və Qarabağı o cümlədən Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı, bəzən isə Bakı şəhəri olmuşdur.
Şahlıq | |||||
Şirvanşahlar dövləti | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt |
Şirvan (861-918)[1] Şamaxı (Yəzidiyyə[2]) (918-1192)[1][3] Bakı və Şamaxı[4] (1192-1538) |
||||
Ən böyük şəhər | Şamaxı, Bakı, Dərbənd, Şabran, Mahmudabad, Qəbələ, Cavad | ||||
Dilləri |
Fars dili (rəsmi)[5] Qədim və orta azərbaycanca (canlı danışıq dili[6], ədəbiyyat dili[7][8]) |
||||
Dövlət dini | Sünni İslam | ||||
Əhalisi | Türklər[9], tatlar, kürdlər, ərəblər | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Sülalə |
Şirvanşahlar Məzyədilər (861-1027) Kəsranilər (1027-1382) Dərbəndilər (1382-1538) |
||||
Davamiyyət | |||||
→ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şirvanşahlar dövlətinin banisi Heysam ibn Xalid, son hökmdarı isə Şahrux ibn Fərrux Yasar hesab edilir. Şirvanşahlar dövlətinin varlığına Səfəvi hökmdarı I Təhmasibin Şirvana yürüşləri nəticəsində son qoyulmuşdur.
Şirvanşahlar dövləti təxminən 7 əsr mövcud olmuş və həmin müddət ərzində dövlətin banisi hesab edilən Heysəm ibn Xalidin nəslindən olan şahlar — Şirvanşahlar sülaləsi, bu dövləti idarə etmişdir. Bəzi tarixçilər Şirvanşahlar sülaləsinin hakimiyyət dövrünü 3 mərhələyə — Məzyədilər, Kəsranilər və Dərbəndilər dövrünə bölürlər və hesab edirlər ki, əgər Məzyədilər özlərinin ərəb mənşələrini qoruyub saxlaya bilmişdilərsə, Kəsranilər özlərini daha çox Sasani şahlarının nəslindən hesab etmiş və İran mədəniyyətinə[12][13] meyl göstərmişdilər. Dərbəndilər isə ənənəvi "Şirvanşah" titulu ilə yanaşı həm də "Xan" və "Xaqan" titulları da daşımış[14] və türk mədəniyyətinin təsiri altında olmuşdur.[15][16]
Şirvanşahların himayəsi altında Azərbaycan mədəniyyəti zənginləşdirilmiş, inkişaf etdirilmiş, Azərbaycan ədəbiyyatının Əbülüla Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassikləri yaşayıb yaratmışlar. Şirvanşahlardan dövrümüzə Şirvanşahlar sarayı, Bibiheybət məscidi, Bakı qalası, Pirsaatçay xanəgahı kimi onlarla dəyərli tarixi-memarlıq abidəsi qalmışdır.Şirvanşah Əbu Tahir dövlətin ərazisini cənubda Kür çayına,şimalda Dərbəndə kimi genişləndirdi. 918-ci ildə qədim Şamaxını bərpa etdirərək paytaxtı bu şəhərə köçürdü.
Lua xətası modul Modul:Əsas_məqalə, sətir 50: attempt to call field 'define_categories' (a nil value). Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad yalnız Sasanilər dövründən məlumdur. Şirvan, bir vilayət kimi VI əsrin I yarısında Şabran və Gilgil çayları arasında Sasanilər tərəfindən yaradılmışdı. Sasani hökmdarı I Xosrov şimal sərhədlərini qorumaq üçün sərhəd boyunda yerləşən ayrı-ayrı əyalətlərə qohumlarından hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında digərləri ilə yanaşı Şirvanşahların da adları sadalanır.[17] Bu vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövrundə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkibinə daxil idi. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir.[18] İbn Xordadbeh ilk Sasani şahənşahı Ərdəşirin (224–241-ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) titulunun adını çəkir.[19]
Şirvan ölkəsinin adı çəkilən ən qədim mənbə elə həmin "Erməni coğrafiyası"dır. Burada Şirvanın coğrafı mövqeyi verilmişdir:
"Qafqaz dağları iki silsiləyə bölünür: biri düz istiqamətdə Şirvan ölkəsinə və Xsrvana tərəf ta Xorsvemədək gedib çıxır[20] ikincisindən isə şimala Atil çayına doğru axan Zərm çayı başlanır. Bu silsilə sonra şimala doğru yönəlir… Əlgminon bataqlığına və dənizin içərilərinə qədər gedib çıxan və Əbzud Qubad adlanan uzun sədd onun davamıdır. Bu dənizin şimal tərəfində massagetlər yaşayır. Vardan düzündə Qafqaz sıra dağlarının gəlib çatdığı və Dəmirqapı Dərbənd divarının uzandığı Xəzər dənizinə qədər dənizin içində iri qala tikilmişdir. Şimal tərəfdə (Dərbənddən) dənizin yaxınlığında hun məmləkəti yerləşir…"[21]
Bu lokallaşdırmaya görə VII əsrin əvvəllərində Şirvan vilayətinin ərazisi Dərbənddən Qafqaz sıra dağları boyunca Xorsvemə, yəni Xursan qalasına, xurs tayfası ölkəsinin (indiki Xızı rayonu) sərhədlərinədək və ehtimal ki, Abşeron da daxil olmaqla Kür çayının mənsəibnədək uzanırdı. "Əlgminon bataqlığı və dənizə qədər" sözləri, görünür, Kür çayının geniş bataqlıq və qamışlıqla örtülmüş mənsəibnə və deltasına işarədir.[22]
Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə (VIII–IX əsrlər) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx çayına kimi idi. XIV əsrin birinci yarısında (1340-cı il) Həmdullah Qəzvini yazırdı: "Şirvan ölkəsi Kür sahillərindən Dərbəndə (Bab əl-Əbvab) qədər uzanır."[23]
Lua xətası modul Modul:Əsas_məqalə, sətir 50: attempt to call field 'define_categories' (a nil value). Şirvan hələ qədimdən müxtəlif yerli və gəlmə tayfalarla məskunlaşmışdı. Bunu yazılı mənbələrlə yanaşı, arxeoloji və toponimik materiallar da sübut edir. V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir.[24] VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar.[25]
Orta əsr müəllifləri eramızın başlanğıcından Şirvana türkdilli hunlar, sabirlər və xəzərlərin yürüşləri barədə məlumat verirlər. Köçərilərin basqınlarından qorumaq məqsədi ilə Sasani hökmdarları I Qubad və I Xosrov Ənuşirəvan Şirvana Lahican, Təbəristan, Gilan və sair əyalətlərindən irandilli tayfa köçürmüşdü. Türkdilli tayfaların Şirvana axını VI əsrdə xüsusilə güclənmişdi. Həmin dövrdə Qafqazda ən qüdürətli tayfa birliyi Dağıstan ərazisində yaşayan sabirlərə məxsus idi. Onlar Şirvanı və Arranı tutub keçmiş məkanları olan Dərbənd–Qəbələ zonasına yayılmışdılar. Təqribən I əsrdə orada yaşayan sabirlərin bir qismi yeli əhali ilə qaynayıb qarışaraq oturaq həyata keçmişdir. Şimali Qafqazda yaşayan türk tayfa ittifaqına qalib gələn I Xosrov Ənuşirəvan əsir alınmış 3 min hərbi başçını, o cümlədən ailələri ilə birlikdə 50 min nəfərdən ibarət türk döyüşçüsünü Arran və Şirvanda yerləşdirdi. Türkdilli tayfaların Şirvanda məskunlaşması prosesi intensiv olaraq davam etmişdir. VII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd əsir aldığı 40 min xəzəri Samur və Şabran arasındakı əraziyə köçürmüşdü.
Şirvanşahlar dövlətində iki dənə rəsmi dillər var idi. Ərəb dili və Pəhləvi dili. Ərəb dili daha çox ilahiyyatda və elmi işlərdə istifadə olunurdu. Pəhləvi dili isə şəirlərdə, ədəbiyyatdə və xalq arası danışılırdı. Bügünkü Tat dili, Pəhləvi dilinin, Şirvan şivəsinin qalığıdır.
Lua xətası modul Modul:Əsas_məqalə, sətir 50: attempt to call field 'define_categories' (a nil value).
Tədqiqatçılar Şirvanşahlar tarixini dörd dövrə bölürlər: ilk Şivanşahlar, Məzyədilər, elmi ədəbiyyatda Kəsranilər adlandırılan XI–XIV əsr Şirvanşahları və Dərbəndilər. İlk Şirvanşahların şah titulu daşımaları onları müəyyən dərəcədə müstəqil olmalarını göstərir. İlk Şirvanşahlar barədə məlumat yox dərəcəsindədir.
Ərəb işğalının əvvəllərində İlk Şivanşahlar hakimiyyətdə saxlanılmışdı. Lakin, ərəblər Zaqafqaziyada möhkəmləndikdən (VIII əsrin sonu) sonra Şirvanşahların hakimiyyəti ləğv olundu; Şirvanı ərəb hakimləri idarə etməyə başladı. XIX əsr ərəb tarixçisi Bəlazuri 797–798-ci illərdə Şirvan hakimi olmuş əş-Şəmax ibn Şücanın adını çəkir. 799-cu ildə Yəzid ibn Məzyəd əş-Şeybani Şirvan və Bab əl-Əbvabın hakimi təyin olundu.
Xəlifə Mütəvəkkilin (841–861) ölümündən sonra qarışıqlıqlardan istifadə edən Şirvan hakimi Heysəm İbn Xalid ibn Yəzid Şirvanşahlar titulunu qəbul edib müstəqil siyasət yürütməyə başladı. Beləliklə də Şirvanşahların Məzyədilər sülaləsinin əsası qoyuldu. Ərəb mənşəli Məzyədilər sonralar farslaşmışlar.
Yəzid ibn Əhməddən sonra ərəb adlarından qədim Sasani adlarına dönüş başlamışdır. Şirvanşah Yəzid ibn Əhmədin oğulları Ənuşirəvan, Mənuçöhr adlanırdı. Artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələri ilə qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi h.332 (943) – ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi.[26] Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilir.[27]
Xilafətin tənəzzülü və Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə nəzəriyyə ortaya çıxdı, onların Şeyban tayfası ilə bağlılığı isə arxa plana çəkildi…"[28]
Kəsranilər sülaləsinin banisi Yəzid ibn Əhmədin oğlu Mənuçöhr ibn Yəziddir. Əslində ərəb mənşəli olan və Məzyədilər sülaləsinin davamı olan bu sülalədən olan hökmdarlar qədim fars hakimiyyət ənənələrinə meyl etdiklərindən və özlərini Sasani şahlarına bənzətməyə çalışdıqlarından tarixşünaslıqda ayrıca sülalə kimi götürülürlər.
Üçüncü (Minorski bir – biri ilə qohumluq telləri vasitəsiylə bağlı olan bu üç sülaləni eyni bir sülalə hesab edir.[29]) Şirvanşah sülaləsi – Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi isə etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi ilə qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. Dərbəndilərin hakimiyyət başına gəlməsi ilə Şirvanşahlar ənənəvi "şah" titulu ilə yanaşı sırf türk xalqlarının əsilzadələrinə məxsus olan "xan" titulunu da daşımağa başlamışlar.
IX əsrin II yarısından Abbasilər xilafətinin zəifləməsi, habelə mərkəzi hakimiyyətə tabe olmamaq meyllərinin güclənməsi nəticəsində bəzi əyalətlər müstəqil hökmdarlıqlara çevrilərək Xilafətdən ayrıldılar. Həmin dövrdə Şirvanda feodal torpaq mülkiyyəti möhkəmləndi. Şirvanşahların ilk müsəlman sülaləsi olan Məzyədilər əvvəllər xilafətin Bərdədəki canişininə (əmirə) tabe idilər. Tam mülki və hərbi hakimiyyətə malik olan əmirlər yerli hakimlərin fəaliyyətinə, vergilərin (cizyə, xərac və s.) yığılmasına nəzarət edirdilər.
Şirvanşahlar dövlətinin əsasını Heysam ibn Xalid qoymuşdur. Heysam ərəb mənşəli Şeybanilər sülaləsinin bir qolu olan Məzyədilər sülaləsindən olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibində olduğu dövrdə xəlifələr uzun müddət Azərbaycan hakimlərini bu sülalədən təyin edirdilər. Məzyədilər sülaləsinin banisi Yəzid ibn Məzyəddir. Ondan sonra oğlu Xalid ibn Yəzid və Məhəmməd ibn Xalid Azərbaycan hakimi olmuşdur.
Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil. Görünür, o, az müddət hakimiyyət sürmüşdür.[30]
"Tarix-i əl-Bab"a görə Məhəmməd ibn Xalid Gəncənin əsasını qoyan, yəni Arran şəhərlərindən birinin hakimi olmuşdur. Onun qardaşı Heysəm ibn Xalid həmin vaxt Şirvanın hakimi idi və müstəqillik qazanaraq, Şirvanşah titulu qəbul etmişdi. "Tarix-i əl- Bab"da sonra deyilir:
"…Heysəm ibn Xalid Şirvanda müstəqillik əldə edəndə onun qardaşı Yəzid ibn Xalid də Layzanda müstəqillik qazandı. Heysəm Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı".[31]
Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin ölümündən sonra onun qardaşı Heysem ibn Xalid Şirvanın hakimi oldu. H. 247-ci (861) ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, tək hakimiyyətliliyə nail olaraq və Şirvanşah titulunu qəbul etdi.[32][33] Heysam ərəblərin təyin etdiyi Şirvanşahlarının hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk Şirvan hökmdarıdır. V. F. Minorskinin qeyd edir ki, həmin vaxtdan etibarən "…Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər…"[34]
Heysamdan sonra Məhəmməd ibn Heysam, Heysam ibn Məhəmməd Şirvanşah olmuşdur. Şirvanşah Məhəmməd ibn Heysamın ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmiş, Şəndanın qapıları qarşısında məğlub olmuşdur. Əli və əl-Babın əmiri 10 min müsəlmanla əsir düşmüşdü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi.
İki şir və onların arasında bir öküz başının təsviri Şirvanşahlar dövlətinin gerbi olmuşdur. Təsvirdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz başı isə ölkədəki bolluğun rəmzi idi.[35]
Əli ibn Heysəmin hakimiyyəti dövründə əl-Məsudinin bəhs etdiyi başqa hadisə də olmuşdur. Xəzərlərlə yanaşı, Şirvana ruslar da dəfələrlə dənizdən basqınlar edirdilər. Şirvanşahlar və Dərbənd əmirləri bu basqınlara qarşı mübarizə aparırdılar. Ruslar təqribən 914-cü ildə Bakı sahillərinə hücum etmişdilər. İbn Misqəveyh qeyd edir ki, "Rus drujinaları buraya ilk dəfə gəlmirdilər. Onlar qədimdən şərqi Avropa ölkələri, Qafqaz və İran arasında qızğın ticarət gedən yaxşı bələd olduqları yolla irəliləyirdilər".[36][37]
Rusların bu səfəri haqqında əl-Məsudi də məlumat vermişdir. O göstərir ki, "h.300 (912–13)-cü ildən sonra rusların hərəsində 100 adam olan təqribən 500 gəmisi Don çayı ilə Xəzər kanalına qədər gəldi. Rusların gəmiləri kanalın ağzını qoruyan Xəzər gözətçi dəstələrinin durduğu yerə çatdıqda ruslar bu dənizin ətrafinda yaşayan xalqlardan zəbt etdikləri qənimətin yarısını xəzər xaqanına verməyi vəd edib, ondan bütün ölkəni keçərək Volqa çayına, sonra isə üzüaşağı üzüb çayın mənsəibnə və Xəzər dənizinə çıxmağa razılıq aldılar. Xaqan onların bu qanunsuz işi etməsinə icazə verdi və ruslar körfəzə girib, çayın (Donun) mənsəibnə yetişdilər və onun vasitəsilə üzüyuxarı üzməyə başladılar. Nəhayət, Xəzər çayına (Volqaya) çatdılar və bu çayla Atil şəhərinədək endilər, onun yanından ötərək, çayın Xəzər dənizinə töküldüyü yerdə mənsəbinə yetişdilər, oradan isə (Təbəristandakı) Amul şəhərinə doğru (üzdülər). Rusların gəmiləri dənizə səpələndi və Gilana, Deyləmə, Təbəristana, Curcan sahilindəki Abeskuna neft verən vilayətə (iləd ən-nəffətə — Abşeron) və Azərbaycan istiqamətində yerləşən (bütün torpaqlara) basqın etdilər… bu dənizin ətrafında yaşayan xalqlar özlərini itirdilər, çünki keçmişdə onların üzərinə dənizdən basqın edən düşmən görməmişdilər. Dənizdə yalnız ticarət və balıqçı gəmiləri üzərdi. Ruslar gilanlılarla, deyləmlilərlə və İbn Əbu əs-Sacın sərkərdələrindən biri ilə vuruşdular. Sonra onlar Şirvan şahlığının Bakuh adı ilə tanınmış neft verən sahilinə gəlib çıxdılar. (Sahilboyundan) qayıdarkən ruslar neftverən (vilayətdən) cəmi bir neçə mil aralı olan adalarda daldalandılar. O vaxtlar (təqr. 914-cü il) Şirvanım şahı Əli ibn əl-Heysəm idi. Əhali hazırlıq gördü, qayıqlarına (kəvarib) minib, həmin adalara qədər üzdü. Ruslar onların qarşısına çıxdılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu."[38][39]
Azərbaycanın cənubunun, Arranın, Beyləqanın, Bərdə vilayətinin və başqa şəhərlərin, habelə onlarla birlikdə Deyləm, Gilan və Təbəristanın əhalisi qaçmağa üz qoymuşdular, çünki onlar dənizdən hücum gözləmirdilər və qəfil basqına məruz qalmışdılar. Ruslar bu dənizdə bir neçə ay qaldılar, belə ki, dənizlə qonşuluq edən heç bir xalq bir ölkədən başqasına gedib-gələb bilmirdi. Ruslar böyük qənimət əldə etdikdən sonra yenidən xəzər torpaqlarına qayıtdılar. Lakin burada onlar müsəlmanların hücumuna məruz qaldılar. Onların böyük hissəsi (30 000 yaxın) qırıldı və yalnız cüzi bir qismi (5 minə yaxm) xilas olub vətənə qayıda bildi.[40][41]
Şirvanşahlar qısa bir müddət – 908–909-cu illərdə Cənubi Azərbaycanın ərazisində Sacoğulları sülaləsinin yaratdığı Sacilər dövlətindən vassal asılılığı vəziyyətində olmuşlar. Şirvan şahları Sacilərlə yaxşı münasibətləri qoruyub saxlamağa çalışırdılar. Belə ki, Şirvanşah Yəzid h.320 (932)-ci ildə Yusif ibn Əbu Sacın Azərbaycan əmiri Balduyədən qaçaraq, ondan sığınacaq istəyən qulamı Müflihi həbs edib Balduyəyə göndərmişdi. Deylemlilərlə sülh bağladıqdan sonra Şirvanşah onlarla birgə bizanslılara, gürcülərə və digər xristian xalqlara hücum etməyə razılıq vermişdi.
Şirvanşah Əbu Tahir Yəzidin hakimiyyəti dövründə Azərbaycanda Sacilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Onları Deyləmli Salarilər sülaləsi əvəz etdi. Şirvanşahların Salarilərdən vassal asılığında olması haqqında mənbələrdə məlumat saxlanmışdır. İbn Havqəlin h.344 (955)-cü ildə Müsafir Mərzubana vergi verən məlikliklər haqqında məlumatı Şirvanşah Məhəmməd ibn Yəzidin hakimiyyəti dövrünə aiddir. İbn Havqəlin dediyinə görə, "Şirvanşahın (yəni, Şirvanın) şahı və hökmdarı Məhəmməd ibn Əhməd Əzdiyə" qoyulan təzminat bir milyon dirhəm idi.[42]
H.333 (944)-cü ildə Dərbənd əhalisi Əbdülməlik əl-Haşiminin oğlu əmir Əhməd əleyhinə üsyan qaldırdılar və onu şəhərdən qovdular. Onlar Şirvanşah Əbu Tahir Yəzidin yanına adamlar göndərərək, onu əl-Bab hakimliyinə dəvət etdilər. "Əbu Tahir Yəzid oğlu Əhmədi əl-Baba göndərdi və əhali ona öz əmiri kimi sədaqət andı içdi. Əhməd bir qədər orada qaldıqdan sonra əhali onu qovub, Əhməd əl-Haşimini hakimiyyətə qaytardı. Əbu Tahir Yəzid əl-Baibın ətrafına hücum çəkib, oraları qarət etdi".[43]
Sasanilərin hakimiyyəti dövründən ənənəvi olaraq Dərbəndi özünün irsi mülkiyyəti sayan Şirvanşahlar bu iddia ilə dəfələrlə hücum edib oranı tutmuşdular. Lakin həmin vaxt Dərbənddə artıq başqa sülalə — Ərəb Xilafəti tərəfindən təyin edilmiş, ərəb mənşəli Haşimilər hakimiyyətdə idi.
Xəlifələr, Sasanilər dövründə olduğu kimi, sərhəd məntəqəsi olan Dərbəndə böyük əhəmiyyət verərək, onu varlı Şirvan vilayətinə aramsız basqınlar edən xəzərlərdən, köçəri türklərdən və digər xalqlardan müdafiə məqsədi ilə möhkəmləndirirdilər. Onlar Dərbənddəki ərəb qarnizonunun saxlanmasına külli miqdarda vəsait sərf edir, bu xərcləri isə neft hasilatından böyük gəlir götürən Bakıdan və duz mədənlərindən çıxarırdılar. Şirvanşahlar neft quyularının və duz mədənlərinin mədaxilini toplamaq üçün xüsusi vergiyığanlar təyin etmişdilər.
Toplanan gəlir xəlifənin fərmanı ilə vəqf kimi Dərbəndin müdafiəçilərinə ənam verilmək üçün oraya göndərilirdi."Dərbəndnamə"nin verdiyi məlumata görə xəlifə Mütəmid h.276 (883/4)-cı ildə Məhəmməd ibn Əmmarəni həmin mədənlərin rəisi təyin etdi ki, o, toplanan bütün gəliri keçidləri qoruyan əsgərlərə paylamaq üçün Dərbəndə göndərsin.[44]
Əsərini h.332 (943)-ci ildə tamamlamış əl-Məsudi xəbər verir ki, bu vaxt Şirvanın hakimi h.318 (930)-ci ildə[45] aralarında toqquşma olmuş kürəkəni Əbd əl-Məlik ibn Haşimin ölümündən (h.327 (939)-ci il)[26] sonra Xursanı, Vardanı və Dərbəndi zəbt etmiş Məhəmməd ibn Yəzid idi. Məhəmməd ibn Yəzid bütün sadalanan əraziləri Şirvan və Layzanla birləşdirmişdi. Beləliklə, Məhəmməd ibn Yəzidin hakimiyyəti dövründə Dərbənd birdəfəlik Şirvanşahlar dövlətinin ərazisinə qatılmış, Haşimilər sülaləsinin hakimiyyətinə son qoyulmuşdu.
Kiyev knyazı Svyatoslavın 965-ci ildə Volqaya və Şimali Qafqaza səfəri barədə İbn Havqəlin h.358 (969)-ci ildə verdiyi məlumat da Əhməd ibn Məhəmmədin hakimiyyət vaxtına təsadüf edir. İbn Havqəlin sözlərindən görünür ki, ruslar, Səməndər də daxil olmaqla, bütün Xəzər torpaqlarını tutmuş və vaxtı ilə qüdrətli olan Xəzər dövləti ehtimal ki, bu sarsıntıdan sonra bir daha özünə gələ bilməmişdi. Xəzər xaqanlığından qaçanlar Abşeron və Manqışlaq yarımadalarında sığınacaq tapdılar. İbn Havqəlin dediyinə görə bəzi qaçqınlar Şirvanşah Məhəmməd ibn Əhməd əl-Əzdinin köməyilə Xəzər paytaxtlarına (İtil, Xəzəran) qayıtmağa başlamışdılar. Şirvanşah onlara öz qoşunu və adamları ilə yardım göstərmişdir.[46][47][48]
Şirvanşah Əhmədin ölümündən sonra taxta onun oğlu Məhəmməd ibn Əhməd çıxdı. O, qonşu feodallara qarşı təcavüzkar siyasət yeridir və öz ərazisini bir sıra şəhərləri ilhaq etmək hesabına genişləndirməyə çalışırdı. H.371 (981/2)-ci ildə o, Qəbələ şəhərini onun əmiri Əbd ül- Bərr Ənbəsədən tutub aldı.
Təqribən h.372 (982)-ci ildə isə Bərdəni tabe edib Musa ibn Əlini özünün canişini təyin etdi. Şirvanşah Əhməd eyni zamanda öz şəhərlərini də möhkəmləndirirdi. Belə ki, h.373 (983)-cü ildə o, Şabranın, hərbi əməliyyatlar nəticəsində dağıdılmış hasarlarını bərpa etdirdi.
H.372 (982)-ci ildə babası II Məhəmməd ibn Yəzidin Layzana (V. F. Minorskiyə görə Lahıc) birləşdirdiyi Xursan və Şirvan məliklikləri artıq Şirvanşah Əhmədi taxtda əvəz etmiş Məhəmməd ibn Əhmədin mülklərinə daxil idi.[49]
Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yəzid ibn Əhmədin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər[50]) arasında şiddətli vuruşma baş vermişdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu.
H.389 (999)-cu ildə Şirvanşah Yəzid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə) mülkünə sahib olmaq üstündə Dərbənd hakimi Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi. Lakin Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. Dərbənd qoşunu ağır məğlubiyyətə uğradı, döyüşdə Ləşkərinin qardaşı Əbu Nəsr ibn Məymun əsir alındı. Şirvanşah onu həbsxanaya saldırdı, barışıq bağlandıqdan sonra o, girov saxlandı. H.391 (1001)-ci ildə Ləşkərinin ölümündən sonra Dərbənd əhalisi Şirvanşah Yəziddən özlərinə əmir seçmək istədikləri Əbu Nəsrin azad olunmasını tələb etdilər. Lakin Yəzid qızını Əbu Nəsrə ərə vermək istəməsi bəhanəsilə bundan boyun qaçırdı və şərt qoydu ki, Əbu Nəsri o zaman buraxar ki, Dərbənd camaatı Dərbənd və Sull (Çul) qalalarının tikilməsinə (daha doğrusu, bərpa olunmasına) razılıq versinlər. Dərbəndlilər bu təklifi rədd etdilər və Yəzid heç bir günahı olmayan Əbu Nəsri edam etdi. Əbu Nəsr Şabran qalasının həbsxanasında saxlanırdı və Şirvanşah onu həmin şəhərin qapıları qarşısında dəfn etdirdi. Bu hadisə h.392 (1002)-ci ildə olmuşdur. Dərbənd əhalisi Əbu Nəsrin qardaşı Mənsuru əmir seçdi. Şirvanşah Dərbəndi tutmaq üçün müharibəni davam etdirdi. Döyüşlər gah bu, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. H.410 (1019)-cu ildə sərhəd vilayətinin (səqr), Dərbəndin əhalisi öz əmiri Mənsurun əleyhinə üsyan qaldırdı, onu şəhərdən qovub hakimiyyəti Şirvanşah Yəzid ibn Əhmədə təslim etdi.
Yəzid ibn Əhmədin hökmranhğı dövründə Şirvanşah xanədanında ilkin mənbələrdə əksini tapmayan hansısa hadisələr baş vermişdir. Həmin dövrdən Şirvanşahların adları dəyişmişdir — Yəzid ibn Əhməddən sonra ərəb adlarından qədim Sasani adlarına dönüş başlamışdır. Şirvanşah Yəzid ibn Əhmədin oğulları Ənuşirəvan və Mənuçöhr adlanırdı. Artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələri ilə qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi h.332 (943)-ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi.[51] Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilir.
Xilafətin tənəzzülü və Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə nəzəriyyə ortaya çıxdı, onların ərəb mənşəli Şeyban tayfası ilə bağlılığı isə arxa plana çəkildi…"[52]
H.421 (1030)-ci ildə Bakı yenidən otuz səkkiz gəmi ilə yürüş edən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr ibn Yəzid onları Bakuya (Bakı) yaxınlığında qarşıladı. Ruslarla vuruşmada çoxlu Şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin (Xasstəkin) həlak oldu. Sonra ruslar Kürlə üzüyuxarı üzərək Araza çatdılar. Mənuçöhr rusların hərəkətini dayandırmağa çalışaraq, Arazın qabağını bəndlə kəsib, onların irəliləməsinə mane olmağa cəhd göstərdi. Lakin ruslar Şirvanşahın dəstəsini çayda batırdılar. Bununla belə, onların Arazla irəliləməsi dayandırıldı.[53][54]
H. 421-ci ilin zilhiccə ayında (noyabr 1031) ruslar, yenidən Azərbaycana gəldilər. Bu dəfə Şirvanşahın qaynı olan Şəddadi hökmdarı Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd ibn Şəddad ruslara hücum etdi. Bakuya yaxınlığında onlarla vuruşdu, düşməni ölkədən sıxışdırıb çıxararaq xeyli hissəsini qırdı.[55] "Tarix-i əl-Bab"da xəbər verilir ki, h.423 (1032)- ci ildə alanlar və sərirlilər ruslarla birlikdə Şirvana hücum edərək Yəzidiyyəni zorla ələ keçirdilər.[56] Mənbədə sonra göstərilir ki, onlar Şirvanı qarət edib, əsirlərlə birlikdə öz ölkələrinə qayıdarkən əl-Babın taxta (əl-xəşab) qapılarına çatdılar, lakin sərhəd vilayətlərinin əhalisi əmir Mənsurun başçılığı ilə onlara hücum etdi və çoxunu məhv edərək Şirvandan qarət etdikləri hər şeyi əllərindən aldı.
Fəribürz ibn Saların hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını — mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı".[57]
Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala bilməyib üç aydan sonra əliboş geri qayıtdı. H.456-cı ilin məhərrəm ayında (yanvar, 1064) Arran hakimi Əbüləsvar Şavur ibn Fəzl dördüncü dəfə Şirvana basqın edib, bir sıra kənd və məntəqələri tutdu. Sonra Şavur qoşununun bir hissəsini bəzi əmirləri ilə burada qoyub Şirvanı tərk etdi.
Şirvanşah Fəribürz rəcəb ayında (iyun-iyul, 1064-cü il) onunla sülh müqaviləsi bağladı. Bu müqaviləyə əsasən Şavur Şirvanşahdan 40 min dinar alıb, əvəzində Quylamiyan qalasını ona qaytardı.[58]
H.458 (1066)-ci ildə oğuzlar ilk dəfə Şirvana yürüş etdilər, yaşayış yerlərini talan edərək çoxlu qənimət — insan, mal-qara və əmlak apardılar. Şirvanşah I Fəribürz ibn Salar oğuzları Şirvandan gətməyə məcbur etmək üçün böyük təzminat verməli oldu. H.459-cu il məhərrəm ayının birində (22 noyabr 1066) oğuzların başçısı Qaratəkin Şirvana ikinci dəfə Fəribürzün onunla ittifaq bağlamış əmisi Məmlan ibn Yəzidlə birlikdə hücum etdi. Qaratəkin Şamaxı şəhərini mühasirəyə alaraq, onun ətrafındakı yərləri viran etdi. Oradan Bakıya enən Qaratəkin burada əhalinin xeyli hissəsini qırdı, qadın və uşaqları, sürüləri qovub apardı. Vəziyyət qorxulu hal alanda Şirvanşah 4000 çox madyandan ibarət cins at ilxısını Məsqətə göndərdi. Qaratəkinin dəstələri Bakıdan Şabranadək qabaqlarına çıxan hər şeyi qarət edib dağıdırdılar. Oğuzlar dağlara qalxdılar və oradan Məsqət üzərinə hücuma keçdilər. Sonra Qaratəkin yenidən Yəzidiyyəni mühasirəyə aldı. Şirvanşahın vəziyyəti daha da ağırlaşdı. Bələ ki, Qaratəkinə 2000 türk döyüşçüsündən ibarət kömək gəlib çatmışdı. Türklərin Fəribürzü aldadaraq qaladan çıxmağa məcbur etmək cəhdləri baş tutmadı.[59] Onlar çayı keçib, topladıqları qənimətlə çıxıb getdilər.
Səlcuqlulardan vassal asılılığı H.459 (1067)-cu ilin sonunda səlcuq sultanı Alp Arslan Arrana daxil oldu. Böyük diplomatik bacarığa malik olan Şirvanşah Fəribürz qiymətli hədiyyələrlə onun yanına gedərək öz xidmətini (əl-hədiyyə vəlxidmə) təklif etdi və h.460 (1068)-cı ildə onunla birlikdə səfərə çıxdı. Şəddadi Fəzl ibn Şavur Fəribürzü itaətlə qarşılayıb, xəzinəsinin açarını ona verdi. Şirvanşah sultanın nüfuzundan öz şəxsi düşmənlərini cəzalandırmaq üçün istifadə etdi. O, h.459-cu ilin şəban ayında (iyun, 1067) Qəbələnin qapısı qarşısında kunililər (ehtimal ki, burada məskən salmış xəzərlər)[60][61] tərəfindən öldürülmüş dayısı oğlu Ləşkəristanın intiqamını almaq üçün Kuni üzərinə hücum etdi. Alp Arslan (1068)-cı il Gürcüstan səfərindən qayıdaraq, Gəncədən keçib Bərdəyə gedərkən əl-Bab əhalisi şəhərin bir neçə rəisini həbs etmiş Şirvanşahdan ona şikayət etmişdi. Fəribürz şəhəri müstəqil idarə etməyə çalışan itaətsiz rəislərlə mübarizəni davam etdirirdi. Sultan onların azad olunmasını əmr etdi. Fəribürz onun əmrini yerinə yetirdi. Lakin sultan Şirvanşahla münasibətini dəyişdi və onu həbsxanaya salmaq əmri verdi. Bir müddətdən sonra sultan Şirvanşahı azad edib Şirvana gönədərərək, onu hər il böyük məbləğdə xərac verməyə məcbur etdi.
Səlcuqlar artıq XI əsrin birinci yarısının axırlarında İranı, İraqı, Suriyanı, Cənubi Azərbaycanı, Ermənistanı, Gürcüstanı və digər ölkələri zəbt etmişdilər. XI əsrin son rübündə türk-səlcuqlar nəinki Zaqafqaziyada, həm də, bütün Yaxın Şərqdə başlıca və hakim qüvvəyə çevrildilər. Gürcü hökmdarı IV David Qurucu qızı Tamarı Şirvanşahın oğlu Mənuçöhrə ərə verməklə Şirvanşahların simasında səlcuqlara qarşı mübarizədə müttəfıq qazanırdı. Digər tərəfdən, IV Davidin özünün möhtəşəm qıpçaq məliki Şəraqənin oğlu Ətrəkin qızı Quranduxtla evlənməsi və sonra 40 000 qıpçağı ailəsi ilə birlikdə Gürcüstana köçürməsi ona səlcuqlarla və öz qonşuları ilə müharibə aparmaq üçün güclü ordu yaratmağa və qıpçaqlar tərəfindən ola biləcək təhlükəni aradan qaldırmağa imkan verdi. Şirvanşah Əfridun IV Davidin qızı Taman oğluna almaqla səlcuqların hücum təhlükəsi qarşısında gürcü hökmdar evi ilə qohumluq münasibətləri yaratmaq kimi siyasi məqsədlər güdürdü. Bu nikahla, göründüyü kimi, Əfridun eləcə də hərbi cəhətdən çox güclü olan və Şirvanın özü üçün Gürcüstandan az təhlükə doğurmayan qıpçaqları neytrallaşdırmaq və öz tərəfinə çəkmək istəyirdi.
Lakin sonralar Əfridun qüvvələr nisbətini və səlcuqların daha təhlükəli olduğunu görüb, Gürcüstanla ittifaqı pozdu və Şirvanşahların hələ I Fəribürz dövründən bəri sonralar da yeritdikləri ənənəvi siyasət daha güclü düşmənə meyl göstərmək və təhlükə qarşısında gözləmə siyasətini davam etdirdi. Buna cavab olaraq IV David 1117-ci ildə Mənuçöhrün evlənməsindən bir az keçmiş Şirvana qarşı təcavüzkar hərəkətlər etməyə başladı, oğlu Demetri Şirvana hücum edib Kaladzor qalasını tutmasını tutdu, sonralar, 1120-ci ildə IV Davidin özü Şirvana iki dəfə hücum çəkərək, Qəbələni və Azərbaycanın digər şəhərləri talan etdi.
Əfridunun ölümündən sonra onun oğlu III Mənuçöhrün hakimiyyəti dövründə vəziyyət dəyişdi. Səlcuq sultanının koalision qoşunu 1121-ci ildə Trialetidəki Didqoru vuruşmasında məğlub edildikdən və IV David 1122-ci ildə Tiflisi və Dmanisini tutduqdan sonra[62] Mənuçöhr sultandan uzaqlaşdı və həmin vaxtlar çox güclənmiş Gürcüstanın tərəfinə keçdi. Şirvanşah Mənuçöhrün siyasətinin dəyişməsində və səlcuq sultanının vassalı və müttəfiqi olmaqdan imtina etməsində, Şirvanşahın arvadı — əri üzərində güclü nüfuza malik olan gürcü şahzadəsi Tamar və onun gürcü əhatəsinin də böyük rolu olmuşdur. "Türklər və digər müsəlman hökmdarları Gürcüstana qarşı uğursuz mübarizə apardıqları bir vaxtda yeni Şirvanşah artıq Gürcüstanın tərəfində idi. Bu səbəbdən qisas məqsədilə Gürcüstana gələn sultan Mahmud öncə Şirvanşahı cəzalandırmaq üçün Şirvana soxulmuşdu".[63]
1220-ci ildən etibarən bütün YaxınŞərq üçün yeni təhlükəolan monqollar, Şirvanı da hədələməyə başlamışdılar. Monqollar Azərbaycan və Şirvan ərazisinə ilk dəfə h.617 (1220/l)-ci ildə I Gərşəsb ibn I Fərruxzadın hakimiyyəti dövründə daxil oldular.[64] Cəbə Noyonun və Sabutay Bahadurun başçılığı ilə otuz minlik monqol ordusu 1221-ci ildə gürcü qoşunlarını məğlub edib qışı Muğanda qışladı[65], sonra isə Ərdəbilə qayıtdı, şəhəri dağıdaraq zəbt etdi.[66][67]
1221-ci ildə Təbriz, Sərab, Beyləqan, Gəncə və Tiflis şəhərlərinə hücum etdikdən sonra monqolların növbəti hədəfi Şirvan və onun mərkəzi Şamaxı şəhəri oldu. İbn əl-Əsir (1160–1234) monqolların şəhəri almasının və onun sakinlərinin qəhrəmanlıqla müdafıə olunmasının təfərrüatını xəbər verir "…tatarlar nərdivanlarla şəhərin divarlarına çıxdılar, başqalarının sözlərinə görə isə onlar çoxlu dəvə, inək, davar və s.yığdılar, habelə, həm özlərindən, həm də düşmən tərəfdən öldürülənləri bir-birinin üstünə qalayaraq, təpəyə bənzər bir şey düzəltdilər, onun üstünə çıxaraq, şəhər üzərində hakim mövqe qazandılar və şəhər əhalisi ilə döyüşə girdilər. Şəhər sakinləri üç gün ərzində ən ağır vuruşmaya tab gətirdilər və nəhayət, bir dəfə az qala məğlub olduqda öz-özlərinə dedilər: "Onsuz da qılıncdan xilas ola bilməyəcəyik, elə isə yaxşısı budur, möhkəm dayanıb, heç olmasa, şərəflə ölək".[68] Şamaxı alınaraq qarət edildi və əhalisinin çoxu qırıldı.
Monqollar Şamaxını tutub qarət etdikdən sonra Dərbənd keçidindən keçib Monqolustana qayıtmaq üçün Dərbəndə yönəldilər. Lakin Dərbənd son dərəcə möhkəmləndirildiyindən onlar buna müvəffəq ola bilmədilər. Onda monqol sərkərdələri hiyləyə əl atdılar. Onlar Şirvanşah Gərşəsbə müraciət edərək, sülh sazişi bağlamaq üçün elçi göndərməyi təklif etdilər. Şirvanşah monqollara inanıb, Cəbə və Sabutayın ordugahına on nəfər əyan göndərdi. Monqollar onların birini öldürüb, qalanlarını ölümlə hədələyərək Dərbəndin yanından keçən dağ yolu ilə Azərbaycanı tərk etdilər.[69][70]
III Fəribürzün hakimiyyəti dövründə, h.629 (1231/2)-cu ildə Azərbaycan ikinci dəfə 8 il ərzində Qafqaz ölkələrini, o cümlədən Şirvanı işğal etmiş monqolların hücumuna məruz qaldı. Numizmatik və epiqrafik məlumatlar ölkənin monqol işğalı dövründə Şirvanşahın real vəziyyətini əks etdirir. III Fəribürzün də, atası kimi, bir neçə sikkəsi qalmışdır. Onlardan ən qədimi h.622 (1225)-ci ilə aiddir. Onların bir tərəfındə "əl-məlik əl-müəzzəm Fəribürz ibn Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr", digər tərəfındə isə həmişəki kimi din rəmzi və xəlifə ən-Nəsirin (h.572–622 (1180–1225)-ci illər) adı var. İkinci növ sikkədə "əl-məlik əl-müəzzəm Əlaəd-Dünya və-d-Din Fəribürz ibn Gərşəsb, Nasir əmir əl-möminin" sözləri və xəlifə əl-Müstənsir-billah əmir əlmöminin (h.623–640 (1226–1242)-cı illər) adı, həmçinin ənənəvi dini rəmzi var. Üçüncü növ sikkənin üz tərəfində sonuncu Abbasi xəlifəsi əl-Müstəsim-billahın (h.640–656 (1242–1258)-ci illər) adı, əks üzündə isə "əl-məlik əl-müəzzəm Əlaəd-Dünya və-d-Din Əbü-1 Müzəffər Fəribürz ibn Gərşəsb ibn Fərruxzad, Nasir əmir əl-mömininin" sözləri həkk olunmuşdur.[71]
1225-ci ildə, Xarəzmşah Cəlal əd-Din Məngburni böyük ordu ilə Cənubi Qafqaz ölkələrinə soxuldu. O, yetmiş minlik gürcü ordusunu darmadağın edərək, qaçmağa məcbur etdi və ölkələrini viran qoydu. Sonra o, Azərbaycanı və Gəncəni zəbt etdi. Hələ I Axsitan dövründən Xarəzmşahların artmaqda olan qüdrətini görən Şirvanşahlar onlarla dostluq münasibətləri yaratmağa çalışırdılar. Cəlal əd-Dinin atası Əlaəddin Məhəmmədin (1200–1220) Şirvana hücumundan qorxuya düşən I Gərşəsb ta Dərbəndə qədər Şirvan şəhərlərinin məscidlərində sultanın şərəfinə xütbə oxunmasını əmr etmişdi.[72]
1226-cı ildə Tiflis səfərindən qayıdan Xarəzmşah Cəlaləddinin Şirvana soxula biləcəyini düşünən Şirvanşah III Fəribürz "Sultanın xalçasına ayaq basmasının onun üçün şərəf sayılacağını, taleyin dönüklüyündən qoruyacağını, qara gün üçün ehtiyat alacağını" fikirləşərək sultanın qərərgahına gəldi. Şirvanşah sultana 500, vəzir Şərəf əl-Mülkə isə 50 türk atı hədiyyə verdi. Bəxşişin azlığından narazı qalan vəzir sultana Şirvanşahı həbs etməyi və ölkəsini sultanın onunla qonşu olan torpaqlarına birləşdirməyi məsləhət gördü. Lakin sultan vəzirinin məsləhətinə baxmayaraq Şirvanşaha fəxri geyim bağışladı və ona "hakimliyinin təsdiq olunması və (xəzinə üçün) nəzərdə tutulan məbləğin iyirmi min dinar azaldılması" barədə fərman (tayki) verilməsini əmr etdi. Şirvanşah da fərmanın tərtibinə görə vəzirə min dinar bağışladı. Bu siyasəti ilə Şirvanşah III Fəribürz ölkəsinin müstəqilliyini qoruyub saxlaya bildi.
1256-cı ildə Hülakü xan iri bir dövlət yaradaraq, Cənubi Azərbaycanda monqol mənşəli Hülakülər, yaxud Elxanilər sülaləsinin əsasını qoydu.[73] Elxanilər Azərbaycanın təbii ehtiyatlar və otlaqlarla zəngin olan şimal vilayətlərini, habelə Ermənistan və Gürcüstanı işğal etdilər. Onlar Cucilərin bu vilayətlər barəsində iddialarını rədd etdilər ki, bu da Qızıl Orda ilə Elxanilər dövləti arasında toqquşmaya səbəb oldu. 1260-cı ildə Cucilərin qoşunları Şamaxıya yaxınlaşdı. Lakin Hülakü xan onları məğlub edib Dərbəndi tutdu və şimala doğru hərəkət etdi. Tezliklə Hülakü xan özü də Terek çayı yaxınlığında Bərkə xan tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndi və Şirvanı itirdi.[74]
1265-ci ildə Bərkə yenidən Şirvana soxuldu və Kür çayının sahilinə qədər gəldi, lakin bu vaxt xəstələnərək öldü.[75] Yüz ilə qədər davam edən hərbi əməliyyatlarla əlaqədar iki dövlət arasındakı sərhədlər tez-tez dəyişərək, gah Dərbənd, gah da Bakının yaxınlığından keçirdi. Şirvan da, vassal ölkə kimi Elxanilər dövlətinin tərkibinə qatıldı. Hülakü xan 1258-ci ildə Şirvan və Arranı tutarkən Bakı Azərbaycanda möhkəmlənən Elxanilərin hakimiyyəti altına düşdü. II Axsitan tam itaətkarlıq göstərməklə Şirvanı dağıntıdan xilas etdi. Elxanilər dövründə öz torpaqlarında vassal kimi hakimiyyət sürən Şirvanşahlar öz adlarından pul kəsdirməkdə davam etsələr də, artıq təmtəraqlı titullarını göstərmir, öncə monqol xanının adını çəkirdilər. Şirvanşahlar Elxani hökmdarlarının bütün səfərlərində qeyri-nizami qoşun dəstələri ilə iştirak etməli və öz süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirməli idi.[76]
I Keykavusun hakimiyyət dövrü — 1294-cü il Arqunun oğlu Keyxatu xanın hakimiyyətinin sonuna (1291–1295-ci illər) təsadüf edir. Bu dövrdə Elxanilər dövləti iqtisadi tənəzzül keçirirdi. Xəzinə boşalmış, qızıl və gümüş sikkə əvəzinə tezliklə xalq iğtişaşları nəticəsində ləğv edilmiş "çao" deyilən kağız pul buraxılmışdı. Görünür, bu vəziyyət Şirvana da aid idi. Belə ki, mənbələr Elxan Qazan xanın h.697 (1297)-ci ildə Şirvana və Bakıya gəldiyini xəbər verirlər. Rəşidəddin Arranda qışlamaq niyyətində olan Qazan xanın Təbrizdən h.697-ci il məhərrəm ayının 20-də (7 noyabr 1297) çıxdığını göstərir.[77] Qazan xan yolda ikən əmir Qutluqşahı Gürcüstana göndərdi. O, ölkədəki iğtişaşı yatırdıb, gürcü hökmdarı David Vaxtanqın qardaşını bəxşiş verilmək üçün Qazan xanın qərərgahına gətirdi. "Dövlət bayraqları Bakıya yollandı və Qazan xan bir neçə gündən sonra orada oldu".[78] Qazan xanın Bakıya səfəri Bibiheybət məbədinə ziyarətlə də bağlı idi. Belə ki, o hakimiyyətə gəldikdən sonra islamı qəbul etmiş və Qazan Mahmud adı götürmüşdü.
Qazan xanın və onun varisi Olcaytu xanın hakimiyyəti dövründə yerli əyanların, o cümlədən mövqeləri möhkəmlənən Şirvanşahların hüquqları bərpa edildi. Yerli feodal zadəganları ilə Elxanilər dövləti nümayəndələri arasında yaxınlaşma baş verdi. Belə ki, Elxanilərin dövlət xadimi vəziri Rəşidəddinin (1297–1318-ci illər) məktublaşmasından bəlli olur ki, o, Şirvanşahlarla qohum olmuşdur. Rəşiddədin Təbriz şəhərindən "böyük mövlana Məcid əd-Din İsmayıl Faliyə" yazdığı məktubda onu oğlanlarının toyuna dəvət edərək gəlinlərinin adlı-sanlı ailələrdən olduğunu qeyd edir, o cümlədən göstərir ki, oğlu Əmir Əlinin nişanlısının atası Şirvanşah, "Dərbənd hökmdarı sülaləsindən olan Şabran və Şamaxı hökmdarıdır. (Artıq) iki min ilə yaxındır ki, sultan (taxtı) onların nəslinə məxsusdur və onlar indiyədək Dərbənd və Şabran hökmdarlarıdırlar". Şirvanşaha — "Şabran və Şamaxı hökmdarına" göndərdiyi digər bir məktubunda Rəşadəddin onu çox nəzakətli tərzdə, ehtiramla özünün yeni bağı Fəxtəbada dəvət edir.[79]
Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində yaşayırdılar.[80]
Şeyx İbrahim dövlət adamı zəkasına sahib müdrik hökmdar olmuşdur. İbrahim Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi dövrdə hökmranlıq etmişdir.[81]
Bu dövrdə Cənubi Azərbaycanda və digər vilayətlərdə Cəlairilər sülaləsi hökmdarlarından olan sultan Əhməd hökmranlıq edirdi.[82] Şimaldan Şirvan Qızıl Orda xanı Toxtamış təhdid edirdi. Teymur Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını başa düşən, Şirvanın viran ediləcəyini və əhalisinin qırılacağını görən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı.[83]
Əmir Teymurun Azərbaycana yürüşlərindən sonra Şirvan Teymurilərdən asılı vəziyyətə düşmüşdü. Lakin, Şirvanşah İbrahim, Əmir Teymurun Azərbaycan hakimliyini oğlu Miranşaha həvalə etdiyi vaxtda belə öz mövqeyini qoruyub saxlaya bilmişdi.[84] Teymurun vassalı olan İbrahim onun adından sikkə kəsdirirdi. XIV əsrin sonlarında Şirvanın bir sıra şəhərlərinin — Bakının Dərbəndin, Şamaxının, Güştəsbinin zərbxanalarında Teymurun adından sikkə zərb olunurdu.[85]
Teymur dəfələrlə Azərbaycandan, Dərbənddən keçərək Gürcüstana və şimala getmiş və həmin səfərlərdə Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət etmişdir. Mənbələrin məlumatına görə h.790 (1396)-cı ilin baharında Həştərxana səfərdən geri qayıdarkən Teymur Dərbəndə gəlib çıxır. Teymurun salnaməçisi Şərəf əd-Din Əli Yəzdi Teymurun əmri ilə şəhərin qala divarlarının bərpa olunduğunu xəbər verir. "Dünyanın fatehi, comərd hökmdar Allahın köməyilə Dərbənddən keçdi və İçqalanın bərpa olunmasını əmr etdi. Onun əmri ilə işə başlanıldı. Onun xoşbəxt və əzəmətlə qayıtması xəbəri aləmə yayıldı".[86]
Şeyx İbrahim bir neçə dəfə Şirvana basqın edərək onu böyük dağıntıya məruz qoyan Toxtamışa qarşı mübarizədə Teymura kömək edirdi. Toxtamış h.789 (1387)-cu ildə yenidən Şirvana soxulub Kür çayına çatdıqda Teymur əmirlərinin başçılığı ilə qoşun göndərərək Şirvanşaha kömək göstərdi. Teymurun oğlu Miranşah atasının və Şirvanşahın qoşunlarının köməyinə çataraq Toxtamışı məğlubiyyətə uğratdı, onu qaçmağa vadar etdi və Dərbənddən qovub çıxardı. Teymur h.797 (1395)-ci ildə Dərbənddən keçərək Toxtamış üzərinə yürüşə gedərkən Şeyx İbrahim Şirvan qoşunları ilə onu müşayiət edirdi. Teymur böyük qələbə qazandı. Toxtamış qaçdı. Qızıl Ordanın ərazisi Teymurun qoşunları tərəfindən dağıdıldı və qarət edildi.[87]
1406-cı ilin baharında Əbu Bəkr Xoca Məhəmməd Dəvani və Zeynəddin Qəzvininin müvəkkillərinin şəhərin bürclərini və istehkamlarını bərpa etmək üçün şəhər əhalisindən böyük məbləğdə pul tələb etmələri ilə əlaqədar Təbrizdə üsyan baş verdi. Bu vaxt Teymuri Əbu Bəkr Təbrizi tərk etmişdi və başı qardaşı Ömərlə müharibəyə qarışmışdı. Üsyanın başında şəhər tamğası (şəhərin baş vergi yığanı) Şeyx Əxi Qəssab və sənətkar karxanalarının digər rəisləri dururdu.
Bu zaman xəbər gəldi ki, əmir-Bəstam Cəyir Təbrizdə iğtişaşlar baş verdiyini bilib ora yollanmışdı Hadisələrdən istifadə edən Şeyx İbrahim də öz qoşunları ilə Təbrizə doğru hərəkət etdi. Teymurilərin asılılığından çıxmış Şeyx İbrahim ölkəni vahid bir dövlətdə birləşdirmək məqsədilə Cənubi Azərbaycanı ilhaq etməyə can atırdı. Bəstam 1406-cı ilin aprelində Təbrizə girdi. Bu, Bəstamla Şeyx İbrahim arasında düşmənçiliyə səbəb oldu. Bəstamın yaxın adamları İbrahimin gəlməsi xəbərini eşidib onun tərəfinə keçdilər. Şeyx İbrahimin Təbriz üzərinə gəldiyini bilən Bəstam şəhəri tərk edərək Ərdəbilə çəkildi. Əbu Bəkr Məhəmməd Devani və Məhəmməd Keçəçi müvəkkillərini Şirvanşahların ordugahına göndərərək itaət etdiklərini bildirdilər. Şirvanşah İbrahim bundan əvvəl şəhər əhalisindən yığılmış böyük məbləğin geri verilməsini tələb etdi.
Şeyx İbrahim mayın axırlarında Təbrizə daxil oldu. O, burada özünü ədalətli və müdrik hökmdar kimi göstərdi. İbrahim tezliklə Uçana tərəf yollandı. Bu vaxt Cəlairi sultanı Əhmədin başına topladığı çoxlu tərəfdarları ilə Azərbaycana gəldiyini eşidən Şirvanşah əmirlərini yığıb dedi: "Biz bu əlahəzrət xanədanla (Cəlarilərlə) uzun müddət dostluq etmişik. Ölkə (Azərbaycan) başçısız qaldığından və Azərbaycan sultan Əhmədin əcdadlarının iqamətgahı olduğundan biz bura yalnız zalımlar təbəələri incitdiklərinə görə gəlmiş və onları məmurların azğınlığından xilas etmişik. İndi isə evin əsl sahibi gəldiyi üçün biz öz ölkəmizə qayıdırıq".[88] Sultan Əhməd h.809-cu il məhərrəm ayının (iyun, 1406-cı il) ortalarında Təbrizə girdi.
Lua xətası modul Modul:Əsas_məqalə, sətir 50: attempt to call field 'define_categories' (a nil value).
Qaraqoyunlu Qara Yusiflə qarşıdurma vəziyyətində olan Cəlairi Sultan Əhməd Təbrizi tərk etməzdən əvvəl Şirvanşah İbrahimdən yardım istəmiş, o isə dərhal oğlu Kəyumərsin (mənbələrdə həm də Gövhərşah adı ilə qeyd edilir) başçılığı ilə Şirvan qoşunlarını köməyə göndərmişdi. Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatdı. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alındı. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasına salındı. Vəziyyətin belə olduğunu görən Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etdi.[89] Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxdı və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərdi. Şirvanşah I İbrahim oğlu Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirdi.[90]
Kəyumərsin edam olunması xəbərini alan Qara Yusif Təbrizdən çıxaraq Qarabağa gəldi. Sonra o, Şeyx İbrahimin yanına elçi göndərərək tabe olmasını təklif etdi. Müstəqilliyini itirmək istəməyən Şirvanşah İbrahim isə Şirvanda böyük ordu toplayaraq Şəki hakimi Sidi Əhməd və gürcü hökmdarı II Konstantinlə ittifaqda on iki minlik süvari ilə Qara Yusifin üzərinə yeridi. Tarixə Kür döyüşü kimi daxil olmuş döyüş h.815-ci ilin şaban ayında (1412-ci il noyabrın 6-dan dekabrın 4-dək) oldu. Şirvanşahın qoşunları məğlubiyyətə uğrayıb qaçdı. Döyüşü öz qoşunları ilə gürcü hökmdarı davam etdirirdi. Tezliklə müttəfiqlərin birləşmiş qoşunu Qara Yusifin qoşunları tərəfindən mühasirəyə alınaraq əsir götürüldü. Şirvanşah İbrahimi, onun oğullarını məiyyəti ilə birlikdə zəncirlənmiş halda Təbrizə göndərib zindana saldılar.[91]
Təbrizdə Qara Yusif əsir Şirvanşah İbrahimlə danışıqlar aparmağa başladı. O, İbrahimdən 1200 İraq tüməni, Şeyx Bəhluldan 200 tümən, qazı Mövlana Zahirəddindən 100 tümən məbləğində can bahası tələb etdi. Sonra Qara Yusif Şirvanşahdan sarayda (ehtimal ki, Bakıdakı Şirvanşahlar sarayında) saxlanılan cavahiratın və qızılın öz xəzinəsinə gətirilməsi tələbini irəli sürdü. Lakin bu zaman Təbrizin tacir və sənətkar rəisləri, başda Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifin divanına gələrək əgər Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq verərsə, Şirvanşahın can bahasını dərhal ödəməyə hazır olduqlarını bildirdilər. Qara Yusif buna razı oldu və təbrizlilər Qara Yusifın divanına 1200 tümən məbləğində mal verdilər, əvəzində isə Şeyx İbrahim həmin məbləği Şirvan divanından almaq üçün Əxi Qəssabın və tacirlərin adına bərat kağızları verdi.[92]
Bundan sonra Qara Yusif İbrahimi buxovdan azad edib ziyafətdə öz yanında oturtdu. Şirvanşah Qara Yusifin vassallığını qəbul etdi və ondan Şirvan vilayətini Şəki hüdudlarından Dərbəndə qədər bütün şəhərləri ilə birlikdə əvvəlki qaydada idarə etmək hüququnu təsdiq edən fərman aldı.[93][94]
Qaraqoyunlu Cahanşah Həqiqi tərəfindən Azərbaycandan qovulmuş Səfəvi xanədanının varisi Şeyx Cüneyd Ağqoyunlu Uzun Həsənin dərin rəğbətini qazanmışdı. Hətta, Uzun Həsən bacısı Xədicəni Cüneydə ərə vermişdi. Cüneyd öz dövlətini yaratmaq məqsədilə Azərbaycanın inkişaf etmiş vilayətlərindən olan Şirvanı zəbt etmək fikrində idi. Bu məqsədlə o, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10000 tərəfdarları ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Şirvandakı şiə tərəfdarları da ona qoşuldular. Çərkəzlərlə dini müharibə basqını üçün bəhanə oldu.
Şeyx Cüneydin siyasətini anlayan və təbərsəranlılar tərəfindən təhrik edilən Şirvanşah I Xəlilullah Qaraqoyunlu Cahanşahın yardımı ilə böyük qoşunla onun qabağına çıxdı. 1460-cı ildə Samurçayın sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi. Bir versiyaya görə Cüneyd əsir alınaraq Şirvanşahın əmri ilə edam olunmuş, başqa mənbələrə görə isə döyüş meydanında oxla vurulub, öldürülmüşdür.[95][96]
Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə Cüneydin müridləri onun meyitini Samurçayın sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər.[97]
Ağqoyunlu Uzun Həsən Şirvanşah I Fərrux yasarla və Səfəvi Şeyx Heydərlə müttəfiqlik münasibətlərini ömrünün sonunadək davam etdirmişdi. Uzun Həsənin h.883 (1478)-cü ilin ramazan ayında ölümündən sonra da Şirvanşahın Ağqoyunlu xanədanı ilə münasibətləri dəyişmədi. Uzun Həsənin oğlu və varisi Yaqub bəy (h.883–896 (1478–1490)-cı illər) xarici düşmənlərlə mübarizədə Şirvanşahın dayağı idi. O, Fərrux Yasarın Qaytaq usmisi Adil bəyin bacısından doğulan qızı Gövhər Sultana evlənmişdi. Yaqub bəyin ondan Baysunqur Mirzə və Murad Mirzə adlı iki oğlu olmuşdu.[98] Şeyx Heydərin 1483-cü ildə Şirvan yürüşü zamanı da Yaqub bəy qayınatası Şirvanşah Fərrux Yasara hərbi yardım göstərmişdi.
1489-cu ildə öz möhürü ilə təsdiq etdiyi şərtnamədə Şirvanşah I Fərrux Yasar bir sıra vassal təəhhüdləri götürdü. Lakin bir ildən, Sultan Yaqub 1490-cı ildə öldükdən sonra onun yerinə keçən oğlu və varisi, Şirvanşahın nəvəsi Baysunqur babasının təsiri altına düşdü və Şirvan dövləti yenidən müstəqil oldu.[99] Baysunqur Mirzə (1490–1492) Təbrizdə taxta çıxarkən babası Fərrux Yasardan yardım istədi[100] və uzun sürməyən hakimiyyətdən sonra Maqsud bəyin oğlu, Uzun Həsənin nəvəsi Rüstəm bəy tərəfindən qovularaq Şirvana, Şirvanşahın yanına qaçdı. Baysunqur Mirzə, Fərrux Yasarın və Şirvan qoşunlarının köməyi ilə öz hüquqlarını bərpa etməyə cəhd göstərsə də, h.898 (1492/3)-ci ildə Bərdə ilə Gəncə arasında Rüstəm bəylə vuruşmada həlak oldu.[101]
Dayısı Uzun Həsənin dəstəyi ilə müridlər və sufilər üzərində nüfuzunu gücləndirmiş Səfəvi Şeyx Heydər, atası Şeyx Cüneydin siyasətini izləyərək Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Şeyx Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Sultan Yaqubdan Şirvanşah Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvanşahlar dövlətinin ərazisinə daxil olan Dərbənddən keçməklə, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. H.892 (1487)-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü.[102][103][104] H.893 (1488)-cü ildə Şeyx Heydər çərkəzlər üzərinə üçüncü basqına icazə almaq üçün anası — Uzun Həsənin bacısı Xədicə xatunu Quma, Sultan Yaqubun sarayına göndərdi. Sultan Yaqub Şirvanşah Fərrux Yasara çərkəzlərlə müharibədə Heydərə yardım göstərməyi xahiş etdi.
Üçüncü yürüşü zamanı Şeyx Heydər sazişi pozdu və Şirvanşah I Xəlilullah tərəfindən göndərilmiş elçi ilə kobud rəftar etdi. O, elçiyə dedi: "Geri qayıt və əmirinə de ki, biz onunla müharibə etməyə gəlirik. Atamın hər bir damla qanı üçün bütün dünyanın başını vuracağıq. Vuruşma filan gündə olacaq və Səfəvi qoşunları ləngimədən Şamaxıya hücum edəcəkdir".[105] Şeyx Heydər öz qoşunları ilə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan şeyx heç kəsə aman vermədən Şamaxı əhalisini qırmağa başladı.
Bu xəbər şeyxin hərəkətlərində özü üçün də müəyyən təhlükə görən Sultan Yaqubu qəzəbləndirdi O, müsəlmanların tökülmüş qanının qisasını almaq və oğlu, Fərrux Yasarın nəvəsi Baysunqur xan vasitəsilə qohumluq əlaqələri ilə bağlı olduğu Şirvanşaha yardım etmək qərarına gəldi. Sultan Yaqub Şirvanşaha tərəfdar olan fəqihlərin təsirilə Şirvanşaha kömək üçün Sultaniyyədən Ərdəbil yolu ilə təcili Şirvana getdi və h.893-cü il cəmadiyülaxir ayının 28-də (9 iyun 1488-ci il) ora çatdı. Şeyx Heydər isə Şamaxını tərk edərək Dərbəndə tərəf çəkildi. H.893-cü il rəcəb ayının 29-da (9 iyul 1488-ci il) çərşənbə günü Şirvanşahın və Ağqoyunlu əmirlərinin birləşmiş qoşunları Şeyx Heydərin qızılbaşlarına hücum etdi. Döyüş zamanı Şeyx Heydər oxla boynundan ölümcül yaralandı. Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Şeyxin həlak olduğunu görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular. Lakin əmirlərin və Şirvanşahların qoşunları onları məğlub və məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə yanaşı, Şeyx Heydərin başını da apardı O, h.893-cü il şaban ayının 6-da (16 iyul 1488-ci il) çərşənbə axşamı Ərvanəguh adlı yerə çatdı. Sultan Yaqub şeyxin başını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anası Xədicə Sultana (Uzun Həsənin bacısına) verməyi əmr etdi. Ertəsi gün şah alayı paytaxt Təbrizə daxil oldu. Sultan Yaqub əmirlərə düşməndən tutulub alınmış Şirvan şəhərləri, Dərbənd və Mahmudabad Şirvanşah Fərrux Yasara qaytarıldı.[106][107][108]
Lua xətası modul Modul:Əsas_məqalə, sətir 50: attempt to call field 'define_categories' (a nil value). 1500-cü ildə qızılbaş əmirlərinin İsmayılın qışladığı Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni olan Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı.[109][110][111] Şirvanşahlar tərəfindən öldürülən atası və babasının intiqamını almaq istəyi ilə yaşayan İsmayıl, əmirlərinin Gürcüstana və Ermənistana bir neçə basqınından sonra h.906 (1500)-cı ildə Fərrux Yasara qarşı 7 min qızılbaşla hücuma keçdi. Lakin İsmayıl Şamaxıya daxil olanda, öyrəndi ki, bütün əhali şəhəri tərk edərək dağlarda gizlənmiş, Şirvanşah Fərrux Yasar isə Qəbələ qalasına çəkilmişdir. Lakin Qəbələyə hücum etmək fikrində olan İsmayıl, Şirvanşahın Gülüstan qalasına üz tutduğunu öyrəndi. Lakin Şirvanşah qalaya yetişə bilmədi, İsmayıl qızılbaş qoşunu ilə Cabanı adlanan yerdə onu haqladı. H.906 (1500)-ci ilin payızında burada Şirvanşah və Şirvanlılar üçün fəlakətlə qurtaran ən qanlı vuruşmalardan biri baş verdi.
Bütün qoşunları məğlub olub qaçdıqda, sərkərdələri isə döyüş meydanında həlak olduqdan sonra tək qalan Şirvanşah atla Buğrut qalasına tərəf qaçmağa başladı, lakin qızılbaş dəstəsi Gülüstan qalasının yaxınlığında onu haqladı. Onlar tanımadıqları Şirvanşahı atdan saldılar, qoşqunu əlindən aldılar. Qızılbaşlardan biri, Hüseyn bəy Lələnin Şirvanşahı atdan çəkib salmış cilovdarı Şahgəldi ağa Fərrux Yasarın başını kəsərək İsmayıla gətirdi. Əsir Şirvanlılar Fərrux Yasarın meyitini tanıyıb onu dəfn etdilər.[112][113][114][115]
Cabanı döyüşündən sonra, İsmayılın əmri ilə sərkərdələrdən Məhəmməd xan Ustaclı və İlyas bəy Ayqutoğlu Xunuslu qoşunların başında Bakı qalasını almağa göndərilmişdilər. Həmin dövrdə Bakı, Mahmudabad və Salyanın hakimi Şirvanşah Fərrux Yasarın oğlu Qazı bəy idi. İsmayılın yürüşü zamanı Qazı bəy Bakıda olmadığından Bakı qalasının müdafiəsinə onun mənbələrdə adı çəkilməyən arvadı başçılıq edirdi.[116] Uzun müddət müqavimətdən sonra Bakı qalası fəth edildi. Hülafə bəy Bakının adlı-sanlı sakinlərini özü ilə götürdü və sarayda çoxlu qızıl ələ keçirib, Şirvanşahların bütün sərvətini bakılıların qiymətli hədiyyələri ilə birlikdə İsmayıla göndərdi. Həsən Rumlunun məlumatına görə qızılbaşlar Şirvanşah Mirzə Xəlilüllahın cənazəsinin qalıqlarını tapıb yandırdılar. Həsən bəy Rumlu və Xondəmirin məlumatına görə, İsmayıl Şeyx Cüneyd öldürülməsində iştirak edənlərin qəbirlərini qazıb, sümüklərini odda yandırmağı əmr etmişdir.[117][118][119] Qızılbaşlar Şirvanı tərk edərkən burada Səfəvilərin nümayəndələrini qoyub getdilər. İsmayıl öz dayəsi Hüseyn bəy Lələ Şamlunu Şirvana canişin təyin etdi, o isə öz yerində cilovdarı Şahgəldi ağanı qoydu.[120]
S. Aşurbəyliyə görə, Sultan Mahmud öldürüldükdən sonra Şeyxşah Şirvan taxtında ancaq Şah İsmayılın ali hakimiyyətini qəbul etmək və onun adından pul kəsdirməklə möhkəmlənə bilmişdi. Lakin Şirvanşah Şeyxşah Şirvanı müstəqil idarə etmək fikrindən əl çəkməmişdi. Şah İsmayılın h.913 (1507/8)-cü ildə zülqədərlər tayfasının iğtişaşını yatırtmaq üçün Maraş vilayətinə işğalçılıq yürüşündən istifadə edən Şeyxşah İsmayıla ödəməli olduğu xəracı verməkdən boyun qaçırdı və onun elçilərinə ehtiram göstərmədi. 1507-ci ildən Şeyxşah yeniden öz adından sikkə zərb etdirməyə başladı. Şah İsmayıl Şeyxşahın xərac vermək istəməməsi ilə əlaqədar h.915 (1509)-ci ilin sonlarında ikinci dəfə Şirvana yürüş etdi. O, Kür çayına çatıb onu ponton körpülərlə keçdi. Şahın gəlməsini eşidən Şeyxşah qüvvələr nisbətini nəzərə alıb Buğurt qalasına çəkildi. İsmayıl əmirlərini Şamaxını tutmağa göndərdi, özü isə qoşunlarının bir hissəsi ilə Bakıya yollandı. Bakı qalasının kütüvalı hədiyyələrlə şahın qərargahına gələrək itaət göstərdi və şəhərin açarlarını ona təqdim etdi. İsmayıl Bakıdan Şəbərana getdi. Bu vilayətin valisi və digər Şirvan qalalarının hakimləri də şahın hüzuruna tələsərək, öz itaətlərini bildirdilər və buna görə mükafata və fəxri paltara layiq görüldülər. Şah həmin qalaların idarə olunmasını Lələ bəy Şamluya həvalə etdi.
Bakının fəthindən sonra İsmayıl Dərbəndə yaxınlaşdı. Dərbənd istehkamlarının möhkəmliyinə güvənən əmirlər Yar Əhməd ağa və Məhəmməd bəy əvvəlcə müqavimət göstərmək fikrində olsalar da, qısa müddət sonra qalanı təslim etdilər. Şah Mənsur bəyi Dərbənd hakimi təyin etdi. İsmayıl Şeyx Heydərin 22 il Təbərsəranda qalmış cənazəsinin qalıqlarını Ərdəbilə köçürüb orada ailəvi türbədə dəfn etməyi əmr etdi. Şirvana səfərindən sonra şahın uğurlarını və qələbələrini görən Şirvanşah Şeyxşah onunla yaxınlaşmaq qərarına gəldi və xərac verməyə razı oldu.
Şah İsmayıl h.916 (1510/11)-cı ildə Xorasanda Şeybək xana qalib gəldikdə Şeyxşah, digər hakimlər kimi, İsmayılın sarayına səfirlik göndərərək, onu təbrik etdi. Həmin vaxtdan şahla dostluq münasibətləri kəsilmirdi. 1518-ci ildə şahzadə Sam Mirzənin doğulması təntənəli şəkildə qeyd edilərkən Şah İsmayıl əmirləri Mirzə şah Hüseyni və Cəmaləddin Məhəmmədi Şirvana göndərdi. Onlar Şirvanşahı İsmayılın ona yaxşı münasibət bəslədiyinə əmin etdilər və Təbrizə gəlmək dəvətini yetirdilər. Şeyxşah cavabında onlarla birlikdə İsmayıla cins atlar, Bərdə qatırları, türk və Avropa parçaları, çoxlu pul, daş-qaş yolladı və oğlunu səfəvi sarayına göndərməyi, əgər şah əmr edərsə, şəxsən özünün gəlməsini vəd etdi.[121]
Şirvanşah söz verdiyi kimi oğlu, Sultan Xəlili qiymətli hədiyyələrlə Təbrizə, İsmayılın sarayına göndərdi və dostluq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə şahın qızını oğluna istədi. Təklif qəbul edildi və İsmayıl qızı Pərixan xanımı Şirvanşahın oğlu sultan Xəlilə nişanladı. H.919 (1523)-cu ildə Şah İsmayıl Şirvanşah Şeyxşahın qızı ilə evlənmək istədiyini bildirdi. O, həmin məqsədlə əmir Cəlaləddin Məhəmmədi və Dəmir bəyi qiymətli hədiyyələrlə Şamaxıya göndərdi. Bu təklifdən son dərəcə məmnun qalan Şeyxşah şahın elçilərini böyük ehtiramla qəbul edib, qızını onlarla və məiyyətin müşayiətilə şaha göndərdi. H.929-cu il zilhiccə ayının 25-də (5 noyabr 1523-cü il) Təbriz yaxınlığında Şah İsmayılla Şirvanşahın qızının dəbdəbəli toyu oldu.[122][123]
Şirvanşah Şahrux hakimiyyətə gəldiyi dövrdən Osmanlı xanədanı ilə əlaqəyə girərək Sultan I Süleymana məktub göndərərək ona sadiq olduğunu bildirmişdi.[124] Şirvanşah Şahruxa qarşı üsyanların baş verdiyi bir dövrdə Şirvanı çoxdan bəri Səfəvilər dövlətinə birləşdirmək fikrinə düşən şah I Təhmasib əlverişli bəhanə tapdı. H.945 (1538)-ci ilin baharında Əlqas Mirzə, Qorçubaşı Padarın müşayiətilə Kürü keçdi, Şirvana girərək, 300 nəfər qarnizonla birlikdə Surxab və Qəbələ qalalarını tutdu. Sonra onlar Şirvanın ən möhtəşəm qalası olan Gülüstanı mühasirəyə alındı. Eyni zamanda Buğurt qalası da mühasirəyə alındı. Şirvanşah Şahrux doqquz ay Buğurt qalasında mübarizə apardı. Cənnabinin məlumatına görə Buğurta gələn şah Təhmasib adamlarını Şahruxun yanına göndərərək, ona aman, böyük iqta və müxtəlif hədiyyələr veriləcəyini vəd etdi. Lakin bunların hamısı yalan çıxdı. Sonra şah Şamaxının bütün sərkərdələrinə və rəislərinə hər cür nemətlər vəd edərək onlara xəyanət edərək aldatdı. O, şəhərin yüksək rütbəli sakinlərindən zorla iri məbləğdə pul alaraq, sonra onların çoxunun edam olunmasını əmr etdi. Ertəsi gün Şahrux Hüseyn bəy, Məhəmməd bəy və Şirvan əmirləri hədiyyələrlə Təhmasibin hüzuruna gələrək saraylarının və xəzinələrinin açarlarını itaətlə şahın vəkillərinə təqdim etdilər.[125][126][127][128] Şirvanşahların hələ XIII əsrdən Buğurt qalasında saxlanılan xəzinəsinə I Təhmasib sahib oldu.[129]
Qəley-Buğurt qalasının süqutundan sonra, Şahrux, Hüseyn bəy və Məhəmməd bəy həbsxanaya salındı. Buğurt qalasını uçurmaq əmr edildi. H.945-ci il cəmadiyüləvvəl ayının üçündə cümə günü (27 sentyabr 1538-ci il) Gülüstan qalasının kütvalı Nemətulla bəy şahın hüzuruna gəlib qalanı ona təslim etdi. Ayın on yeddinci günü Hüseyn bəy Lələ edam olundu.
Şah Təhmasib Şirvanı iqta kimi qardaşı Əlqas Mirzəyə verdi, Şirvanşah Şahruxu da əsl qul kimi qandalladaraq özü ilə götürüb Təbrizə qayıtdı və h.946 (1539)-cı ildə onu gizlincə edam etdirdi, "onun həyatı şahın əmri ilə söndü".[130][131][132][133] Təhmasib Şirvanı tutduqdan sonra Şirvanşahlar xanədanın devrildiyini elan etdi və Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Ölkə şahın qardaşı bəylərbəyi Əlqas Mirzənin idarə etdiyi vilayətə çevrildi. Şirvanın, demək olar ki, bütün zadəganları məhv edildi, onun torpaqları qızılbaş tayfalarının başçılarına, əmirlərə paylandı.[134][135][136][137]
Arxeoloji qazıntılar politeizmlə bağlı inancların məcmusu kimi paqan təsəvvürlərinin köklərinin Şirvanda çox qədim zamanlara gedib çıxdığını göstərir. Şərq xalqları arasında geniş yayılmış dörd əsas ünsürdən biri kimi oda sitayiş, atəşpərəstlik geniş yayılmışdır. Atəşpərəst məbədləri olan atəşgahlar Bakıda, Şamaxıda, Qəbələdə tikilmişdir. Atəşpərəstliklə bağlı olan Zərdüştilik dini Şirvanda yayılmışdır.
Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmışdı.
I əsrdən etibarən isə Şirvanda xristianlıq yayılmış, III əsrdən dövlət dini səviyyəsinə qalxmışdır. VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Şirvan ərəblər tərəfindən fəth edildi, bölgədə islam yayılmağa başladı. Paqan dinlər, zərdüştilik, xristianlıq əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır.
VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsi ilə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.
Səlcuqlular dövründə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Sufi təriqətləri geniş yayılır. Monqol istilaları dövründə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyid Yəhya Bakuvi Şirvanda çox məşhur olmuşdur.
Şirvanşahların hakim sülalələrinin nümayəndələri sünni müsəlman olmuşlar. Lakin əhali arasında islamla yanaşı digər dinlər – xüsusilə xristianlıq, yəhudilik və zərdüştülük də az miqdarda olsa belə yaylmışdır.
Şirvanşahlar Şirvanda dini tikililərin — Navahı kəndi yaxınlığındakı Pirsaatçay xanəgahı, Bakı yaxınlığındakı Bibiheybət türbəsi, Şamaxı yaxınlığındakı Göylər kəndindəki Madəkani piri və s. – tikilməsinə və onların bəzədilməsinə böyük əhəmiyyət verirdilər.
Osmanlı və Ağqoyunlu sultanları kimi Şirvanşahlar da təsəvvüfə xüsusi maraq göstərmiş, sufi şeyxlərini himayə etmişlər. Xüsusilə I İbrahim və I Xəlilulahın bu istiqamətdə fəaliyyəti haqqında tarixi mənbələrdə çoxlu məlumatlar vardır. Həmin şirvanşahlardan birincisinin Hürufi, ikincisinin isə Xəlvəti xanəgahlarına bağlı olduğunu zənn edən tədqiqatçılar da vardır. Səfəvilər hakimiyyəti dövründə bölgədə şiəlik yayılmağa başlayır.
Lua xətası modul Modul:Əsas_məqalə, sətir 50: attempt to call field 'define_categories' (a nil value).
Xl-XIII əsrlərdə bütün Yaxın Şərqdə olduğu kimi, Şirvanda da poeziya yüksək səviyyəyə çatmışdı. Fars dili ədəbiyyatda, o cümlədən şeirdə üstün yer tutaraq, ərəb dilini, demək olar ki, tamamilə sıxışdırmışdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı türk dildə də əsərlər yazırdılar. XIII əsrin sonlarında şair Həsənoğlu Azərbaycan və fars dilində lirik şeirləri ilə şöhrət qazandı.[138] Həsənoğlunun müasiri, Bakı şairi Nəsirin (XIV əsrin əvvəlləri) bakılıları bir sıra vergilərdən azad edən və şəhərin abadlaşdırılmasına dair fərmanlar verən Məhəmməd Xudabəndə Olcaytuya ithaf olunmuş azərbaycanca müxəmməsi də dövrümüzədək gəlib çatmışdır.[139]
Orta əsrlər Azərbaycan poeziyasının əsas janrları, bütün Yaxın və Orta Şərqdə olduğu kimi qəsidə, qəzəl və rübai idi. Şahları və feodalları mədh edən dəbdəbəli qəsidə Şirvanın saray şairləri arasında dəbdə idi. Mənbələr xəbər verirlər ki, XI əsrin sonlarında Şirvanşah I Fəribürzün sarayında Şirvanşaha ərəb dilində mədhiyyələr yazan şairlər toplaşmışdı.[140] Ərəb şairi əl-Qəzzinin Azərbaycanda və Arranda yazdığı şeirlər burada ərəbdilli poeziyanın ənənəvi janrlarının geniş yayıldığı ədəbi mühitin mövcud olduğunu göstərir. Əl-Qəzzinin Şirvanşah I Fəribürzün xəsisliyinin və digər qüsurlarının məxsərəyə qoyulduğu zərif ədəbi formada yazılmış həcvi dövrümüzə çatmışdır. Ehtimal ki, əl-Qəzzi Şirvanşaha həcv olan qəsidəsini Fəribürz gəlmə şairin mədhiyyələrini dinləmək istəmədikdə Şirvanı tərk edib getdikdən sonra yazmışdır.[141]
XII əsr klassik Azərbaycan poeziyasında lirik janrlarla yanaşı, dahi Azərbaycan şairi[142][143][144][145][146] Nizami Gəncəvinin qələmindən çıxan gözəl epik əsərlər də yaranmışdı. Nizaminin yaradıcılığının bir hissəsi də Şirvnşahların (I Axsitanın) adı il bağlıdır. XI əsrin əvvəllərindən, Arran və Şirvan da daxil olmaqla, Azərbaycanda fars dilində yazan tam bir nəsil görkəmli saray şairi meydana gəlmişdi.
X əsrin ikinci yarısı – XI əsrin birinci yarısında ilk Azərbaycan sufi şair və filosoflarından biri dövrümüzədək gəlib çatmış ən qədim sufi divanının müəllifi ibn Bakuyə və ya Baba Kuhi təxəllüsləri ilə tanınmış Əbu Abdullah Əli ibn Məhəmməd Şirazi idi.
XII əsrdə Şirvanşahlar III Mənuçöhrün və I Axsitanın sarayında Azərbaycanın farsdilli şeir məktəbi yaranmışdı. Onun başında məlik üş-şüəra (şairlər şahı) Nizaməddin Əbülüla Gəncəvi dururdu. Saray şairi olan Əbülüla Gəncəvi, eyni zamanda, nədimlərin – Şirvanşahın şəxsi müsahiblərinin başçısı idi. Əbülüla gəncəli olub, XI əsrin son rübündə orada doğulub, təhsil almışdı. O, Şirvanın görkəmli şairləri Fələkinin və Xaqaninin müəllimi idi.[147]
Şirvanın digər bir istedadlı şairi İzzəddin Şirvani haqqında məlumat çox azdır. Yalnız onun Əbülüla və Xaqaninin müasiri olub, onlarla görüşdüyü məlumdur. Şeirlərindən bizə gəlib çatan bir yarımçıq qəsidəsi və bir rübaisi onun poeziyasının gözəllik və zərifliyindən xəbər verir.[148]
Şirvan məktəbinin məşhur şairlərindən biri də Əbülülanın tələbəsi Əbu Nizam Məhəmməd Fələki Şirvanidir (1108–1145). Fələki Şamaxıda doğulmuşdur. O, dostu Xaqaninin köməyilə Şirvanşahlar sarayına gəlmiş, burada III Mənuçöhrü Şirvanda abadlıq və mədəniyyətin tərəqqisi üçün çox iş görmüş ağıllı hökmdar kimi vəsf edən qəsidələr yazmağa başlamışdır.[149]
XII əsrdə Şirvanşahların saray şairlərinin ən görkəmlisi Əfzələddin İbrahim ibn Əli Xaqani (h.515–595 (1121/2–1199)-ci illər) idi. O, Şamaxı yaxınlığındakı Məlhəm kəndində dülgər Əlinin ailəsində anadan olmuşdur. Xaqani son dərəcə cilalanmış kamil şeir texnikasına, valehedici sənətkarlığa malik şair kimi məşhurdur. Xaqani dövrünün ən təhsilli adamlarından biri olub, ərəb dilini, fəlsəfəni, ilahiyyatı, təbabəti, ədəbiyyatı öyrənmişdi. Ona əmisi – həkim və alim Kafiəddin Ömər təlim-tərbiyə vermişdi. Xaqaninin parlaq poetik istedadı erkən aşkar olmuş və tam şəkildə onu böyük mesenat olan Şirvanşah III Mənuçöhrün saray şairləri sırasına daxil edən müəllimi Əbülüla Gəncəvinin təsiri altında formalaşmışdır.[150][151] H.552 (1157/8)-ci ildə ziyarətdən qayıdan Xaqani Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılmış ilk əsər kimi dəyərləndirilən, yeganə poeması "Töhfətül-İraqeyn" əsərini tamamlayır.[152] Xaqaninin yaradıcılığı təkcə Azərbaycan şeirinə deyil, Yaxın Şərqin bütün farsdilli poeziyasına güclü təsir göstərmişdir.
Əsas poetik janr olan qəsidə ilə yanaşı, humanist dünyəvi poeziya da inkişaf edirdi. Onun parlaq nümayəndəsi XII əsrin dahi şairi dünya ədəbiyyatının korifeylərindən biri Nizami Gəncəvi idi. Mənbələrə görə, şair sufi dairələri və əxi təşkilatı ilə əlaqə saxlamışdır. O, ərəb, xüsusilə fars dillərini mükəmməl bilirdi. Nizamidə Axsitan "divan sahibi" kimi xatırlanır; ehtimal ki, şair özünün lirik şeirlər məcmuəsini ona təqdim etmişdir.
Nizami məhəbbət mövzusuna həsr olunmuş üçüncü poeması "Leyli və Məcnun"u fars və ərəb dilləri ilə bəzəməyi xüsusi qeyd edən I Axsitanın sifarişi ilə yazmışdı. Axsitanın bu tələbi Nizaminin fars dili ilə yanaşı Azərbaycan-türk dilində də şeirlər yazdığını ehtimal etməyə imkan verir.[153] Axsitanın Nizamiyə məktubunda aşağıdakı misralar vardır:
Orijinal mətn | Azərbaycanca | ||
---|---|---|---|
Nizami poemanı 4 aya yazaraq, onu 1188-ci il sentyabrın 24-də başa çatdırdı. Nizaminin poeması bütün Şərqdə böyük uğur qazanaraq məşhurlaşmışdı. "Leyli və Məcnun" poeması XII əsr romantik Azərbaycan şerinin zirvəsi və məhəbbət haqqında ən möhtəşəm əsərlərdəndir.[155]
Dahi şairlər Nizami və Xaqaninin Azərbaycan xalqının mədəniyyətini, tarixini və həyat tərzini əks etdirən yaradıcılığı XII əsr Azərbaycan ədəbiyyatının ən yüksək zirvəsi, onun "qızıl dövrü"dür. Həmin dövrdə ədəbiyyatın və elmin inkişafı birtərəfli xarakter daşımırdı. Bu, orta əsrlər Azərbaycan cəmiyyətində mədəniyyətin ümumi yüksəlişinin tərkib hissəsi idi.
XV əsrdə yaşamış yəhudi lüğətçi Moisey ben Aaron da Şirvanşahlar dövlətində yaşayıb yaratmışdır.
Ölkədə bədii mədəniyyətin ümumi yüksəlişi ilə bağlı tətbiqi sənət xeyli inkişaf etmişdi. İncəsənət əsərləri səviyyəsində olan bir sıra bədii sənətkarlıq məmulatı – Şamaxı və Şəkinin ipək parçaları, metal qabları və zərgərlik məmulatı, Beyləqanın gözəl şirli saxsı qabları, Şirvanın bir sıra şəhərlərinin gözəl naxışlı xalçaları və sair incəsənət əşyaları Yaxın Şərq ölkələrinə ixrac edilirdi. Ermitajın zəngin kolleksiyası içərisində tuncdan tökülmüş Şirvan lüləyinin heykəl qrupu diqqəti cəlb edir. Bu nəfis su qabı donqarlı inək və onu əmən buzov təsvirindən ibarətdir. İnəyin belinə sıçrayıb onu parçalayan şir dəstək rolunu oynayır. Qab gümüşlə inkrustasiya edilmiş, üzərində nəbati naxışlar, insan və heyvan fiqurları təsvir olunan haşiyələrlə bəzədilmişdir. İnəyin boynundakı kitabədə yazılır: "Bu inək, buzov və şirin hər üçü bütöv şəkildə tökülmüşdür…" Kitabədə sifarişçinin, sahibinin, habelə nəqqaşın – Əli ibn Məhəmməd ibn Əbdül Qasımın adları çəkilir və h.603 (1206)-cü il məhərrəm ayı tarixi göstərilir. Son dərəcə ifadəli, dinamik və orijinal əsər olan bu heykəlcik onun yaradıcısının yüksək bədii sənətkarlığını göstərir.[156]
Şirvanşahlar sarayında XII əsrə aid edilən təbəqədəki quyuların birində bədii cəhətdən orijinal şəkildə işlənmiş tunc çıraq tapılmışdır. Çıraq bədii tökmə şəklində təsvir olunan süvari, ata hücum edən yırtıcı heyvan, iki öküz başı, pişikkimilər fəsiləsindən on dörd iri vəhşi heyvan başı, iki relyefli insan üzü və digər detallarla bəzədilmişdir. Çırağın uzunluğu 18 sm, hündürlüyü təqribən 8,5 sm-dir. O, əridilmiş mum texnikası əsasında düzəldilmişdir.[157] Bədii sənətkarlıq növlərindən biri də şirli keramikadır. Tədqiqatçılar Beyləqan keramikasının gözəlliyini, bariz ifadə olunmuş özülülüyünü və orijinallığını, habelə, Beyləqan dulusçularının, xüsusilə XI–XIII əsrin birinci rübündə tətbiqi sənət sahəsində yüksək səviyyəyə nail olduqlarını qeyd edirlər. XII əsrin məharətlə işlənmiş relyefli nəbati dairələr fonunda yaşıl zolaqlı boşqab və kasaları, parlaq polixrom naxışları, Beyləqanda işlənib hazırlanmış texniki üsulla manqan şiri üzərində incə və zərif naxışçəkmə həmin dövrdə başqa incəsənət sahələri kimi bədii keramika sənətinin də inkişaf etdiyini göstərir. Bu və ya digər məmulatları istehsal edən karxanalar onlara öz möhürlərini vururdular. Dulusçular bəzi qablarda öz imzalarını gizli şəkildə naxışlarla həkk edirdilər.[158]
Bir sıra şirli keramika məmulatını üzərində lirik xarakterli farsca poetik nümunələr, yaxud ərəbcə xoşbəxtlik arzuları bildirən kitabələr vardır.[159] Sonrakı əsrlərdə şirli eramikanın inkişafına təkrar rast gəlinmir. Şirvan və Arran əhalisinin məişətində geniş yayılmış xalq tətbiqi sənət növlərindən biri də xalçaçılıq idi. Azərbaycanda xalça hələ eramızdan xeyli əvvəl toxunmuşdur. Mingəçevirdəki katakomba qəbirində palaz qalıqları aşkar olunmuşdur. X əsrin anonim əlyazmasında Şirvan və Xursan vilayətlərində (Quba və Bakı şəhəri ilə birlikdə Abşeron da bu zonaya daxil idi) müxtəlif çeşidli məxfuri-xovlu xalçalar, palazlar toxunduğuna dair məlumat verilir.[160] "Əcaib əd-Dünya" adlı XIII əsr mənbəsində müasir Quba rayonu ərazisindəki Abxaz şəhərində zili xalçalar və yaxşı corablar toxunduğu xatırlanır.[161] Quba-Şirvan qrupuna məxsus Şirvan tipli həndəsi naxışlı xovlu xalça dövrümüzədək gəlib çatmışdır. Bu xalça XlII – XIVəsrlərə aid edilir.[162] XV əsrdə Şirvandan və Arrandan Qərbi Avropa ölkələrinə çoxlu miqdarda xalça ixrac olunduğu qeyd edilir.[163]
Lua xətası modul Modul:Əsas_məqalə, sətir 50: attempt to call field 'define_categories' (a nil value). Şirvanda şəhərlərin və şəhər mədəniyyətinin inkişafı ilə bağlı memarlıq və şəhərsalma da inkişaf edirdi. Həmin dövrdə Azərbaycanın yüksək memarlıq sənəti, memarlıq formalarının özünəməxsusluğu, bəzək işlərinin zənginliyi yerli memarlığın çoxəsrlik inkişaf və təkmilləşmə dövrünün yekunu idi. IX–XI əsrlərə aid memarlıq abidələrinin cüzi bir hissəsi dövrümüzə çatmışdır. Bu dövrdə daha çox ibadətxanalar, əsasən, hakim islam dini ilə bağlı olan məscidlər tikilirdi.
XI–XIII əsrlər Azərbaycan memarlıq abidələri onun yüksək inkişaf səviyyəsini göstərir və qonşu ölkələrin, Yaxın Şərqin həmhüdud ölkələrinin memarlığından fərqlənən özünəməxsus yerli xüsusiyyətləri ilə səciyyələnir. Onlarda bədii və tikinti ənənələrinin sabitliyi müşahidə olunur. Bu dövrdə Azərbaycan memarlığında dörd istiqamət (memarlıq məktəbi) yaranmışdı. Azərbaycan memarlığının gələcək inkişafında mühüm rol oynamış yerli Naxçıvan-Marağa və Şirvan -Abşeron, Arran və Həmədan-Qəzvin memarlıq məktəblərinin təşəkkül prosesi başa çatmışdı. Memarlıq binalarının daş hörməsinin xarakter və quruluşu ilə müəyyənləşən bədii obrazının bütövlüyü, hörgünün hamar fonunda relyeflə işıq-kölgə effekti yaradan plastik cəhətdən zəngin dekor ünsürlərinin yerləşdirilməsi Şirvan-Abşeron memarlıq məktəbinin xüsusiyyətlərindəndir.[164]
XI–XIII əsrlərdə şəhərsalmanın inkişafı ilə əlaqədar olaraq Azərbaycan memarları ifadəliliyi və gözəlliyi ilə seçilən saraylar qəsrlər, karvansaralar, məscidlər, körpülər və s.tikirdilər. Bakı və Abşeronun memarlıq abidələri tikinti materialına, gözəl yonulmuş sarıya çalan, ağ xırda dənəvər yerli badamdar əhəngdaşına, ciddi və lakonik formalı bədii-memarlıq üslubuna görə Şirvan – Abşeron qrupunda birləşir. XI əsrin ibadətxana tikililərinə Bakının İçərişəhər hissəsindəki Sınıqqala adı ilə tanınan Məhəmməd ibn Əbubəkr məscidi aiddir. Məscid çatma tağlı, mehrabı olan düzbucaqlı otaqdan ibarətdir; məscidin şimal divarındakı ərəbcə kitabədə məscidin "əl-ustad əl-rəis Məhəmməd ibn Əbubəkr tərəfindən "h.471 (1078/9)-ci ildə" tikildiyi xəbər verilir.[165]
Yadelli basqınlar və siyasi şəraitin mürəkkəbliyi müdafiə istehkamlarının inşasını şərtləndirirdi. Abşerondakı bir sıra qalalar və feodal qəsrləri XII–XIII əsrlərə aiddir. Ə. Ə. Ələsgərzadənin fikrincə Şirvanşah I Axsitanın hökmranlığı dövründə h.583 (1187)-cü ildə Mərdəkan kəndində yuxarı hissəsi maşikullar və merlon dişcikləri ilə bəzənmiş divarla dövrələnən və tinlərində yarımbürcləri olan düzbucaqlı həyətin ortasındakı iyirmi iki metrlik prizmaşəkilli möhtəşəm dördkünc qülləli qala tikilmişdir. Onun yaxınlığında h.600 (1204)-cü ildə memar Əbdülməcid ibn Məsud tərəfindən tikilmiş və yerli memarlıq tipinin sabitliyini göstərən başqa bir qala ucalır, onun donjonu yuxarı hissəsi maşikul və merlonlarla bəzədilmiş azacıq nazikləşən daş silindir olub daha zərif formaya malikdir.[166][167] Şirvan-Abşeron məktəbinin müdafiə tikililərinin memarlığında Bakının İçərişəhər hişsəsində, dənizə doğru dikinə uzanan sahil qayasının çıxıntısı üzərində inşa edilmiş Qız qalası qeyri-adi görkəmilə xüsusi yer tutur. Onun islamaqədərki dövrdə ibadətgah kimi tikildiyi,[168] XII əsrin son rübündə (ehtimal ki, 1175-ci ildə) Şirvanşah I Axsitan Abşeronu və Bakını fortifikasiya istehkamları ilə möhkəmləndirərkən tikintisinin başa çatdırıldığına və dəyişdirilərək müdafiə qalasına çevrildiyinə dair mülahizə irəli sürülmüşdür.
Xaqaninin (XI əsr) Şirvanşah I Axsitan ibn Mənuçöhrü mədh edən məşhur qəsidəsində Xorasanın yenilməz Bestam şəhəri ilə müqayisə edilən Bakının alınmaz qala kimi əhəmiyyəti qeyd olunur.[169] Şeirdə Xaqani Şirvanşah I Axsitanın inşa etdirdiyi qala tikililərinə işarə edir.
XII–XIII əsrin əvvəllərində istedadlı memar və sənətkarların yaşayıb yaratdığı Şirvanda memarlıq inkişaf edirdi. Mənbələrdə Şamaxının yaxınlığındakı XII əsrdən xeyli əvvəl tikilmiş və o vaxtlar inşası başa çatdırılan Gülüstan qalası,[170] Buğurt qalası və bir sıra digər qala və bürclər qeyd olunur. Zəkəriyyə əl-Qəzvini Şirvan vilayətində möhkəmləndirilmiş Buğurt qalasından danışır: "Bu qalada daş təsvirlər və heykəllər var. Onlar çox qədim olduqlarından mənaları aydın deyil. Qalada hökumet evi (dar əl-imarə) var. Onun qapısında yazılmışdır: "Bu evdə on bir otaq var. Lakin buraya girən çox cəhd göstərsə, onlardan (yalnız) onunu görə bilər. On birincinin yerini isə heç kim bilə bilməz, çünki hökmdarın xəzinəsi oradadır".[155]
Şiddətli dağııntıya uğradığından Gülüstan qalasının bütöv qapalı quruluşundan dövrümüzə dağ relyefində pərən-pərən düşmüş, tək-tək bürc və divar bölümləri qalmışdır. Ən monumental bürclər qalaya qalxan cığırın başında, dağılıb aradan getmiş giriş darvazasının yanlarındadır. Onlardan qərbdə isə daha bir yarımdairəvi bürcün qalıqları yüksəlir. Planda düzbucaqlı biçimdə olan bu bürc dağın qərb yamacındadır. Dağın dərəyə baxan alt terrasında da divar uçuqları var. Bütün bu divar və bürc qalıqları vaxtilə dağ belinə qurşaq kimi dolanan möhkəm qala divarları içərisində olmuşdur. Yaxın keçmişdə isə Gülüstan qalasının daha çox tikintisi gözə dəyir və onun memarlığı haqqında daha dolğun təsəvvür yaradırdı.
Şirvanşahlar öz xəzinələrini zəif müdafiə olunan Şamaxıdan uzaqda, əlçatmaz Buğurt qalasında saxlayırdılar. Bu parçada Buğurt qalasını bəzəyən barelyef və daş heykəllər haqqında məlumat diqqətəlayiqdir. Buna bənzər heykəltəraşlıq təsvirləri Şamaxıdakı Gülüstan qalasında, Bayıl buxtasındakı qalada da var idi. Ehtimal ki, bu heykəltəraşlıq təsvirləri, qədim ənənəyə görə, dövlət idarəsinin "dar əl-imarə"nin, yaxud Şirvanşahın iqamətgahının yerləşdiyi qalaları bəzəyirdi. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.
Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarışıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234–1235-ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır.[171]
Monqol istilasından sonra (təqribən 1239-cu il) Şirvanda XIII əsrin sonlarınadək əhəmiyyətli tikililərə rast gəlinmir ki, bu da ölkənin hərbi əməliyyatlar nəticəsində dağıntıya məruz qaldığını göstərir. Lakin artıq XIV əsrin əvvəllərindən bütün ölkədə yenidən iri müdafiə tikililəri, ibadətgahlar inşa edilməyə başlayır (Nardaran, Ramana qalaları və s.)
Şirvanşahlar dövrü Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri Şirvanşahların Bakı iqamətgahı olan Şirvanşahlar sarayıdır. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435–1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və ovdan daxildir.
Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaratmışdır. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin Şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olmuşdur. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilmişdir.
Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və Şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülmüşdür. Şimal tərəfdəki otaqda dama apran dolama pilləkənlər yerləşdirilmişdir. Daxili quruluşun əsas hissəsi salona verilmişdir. Salonun divarlarında çatmatağlı dərin taxçalar yerləşdirilmişdir. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülmüşdür. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilmişdir. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanmışdır. Salonun Qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olmuşdur.
Şirvanşahlar saray kompleksinin Şimal-Qərb hissəsində, divarla əhatə edilmiş kvadrat həyətdə Divanxana yerləşir. Həyətin ortasında 1,5 metr hündürlüyündə olan bünövrənin üstündə divanxananın səkkizgüşəli mərkəzi pavilyonu ucaldılmışdır. Bu pavilyonun mərkəzi salonu beş tərəfdən açıq eyvana baxır. Divanxananı təşkil edən xüsusi formalı sütunlar və onların yaratdığı çatmatağlı arka abidənin mərdlik, qüvvət və müdriklik ifadə edən memarlıq obrazını yaratmışdır.
XII–XIII əsrlərdə Şirvanda dekorativ və plastik sənət xeyli inkişaf etmişdi. Sənətkarların abidələr üzərində qalmış adları bir sıra istedadlı heykəltəraşların olduğunu göstərir. Bakı buxtasında, XIV əsrdə su altında qalmış uzunsov düzbucaqlı formalı qala tipli tikilinin yerində (Bayıl daşları deyilən yerdə) üzərində ərəb əlifbası ilə kitabələr həkk olunmuş səkkiz yüzədək sal daş tapılmışdır. Fars dilindəki bu kitabələr vaxtilə abidənin divarlarını yuxarıdan dövrələyən frizdə yerləşdirilmişdir. Salların kitabələrdən boş qalan yerlərində qabarıq şəkildə müxtəlif heyvan, əfsanəvi varlıq, bəzilərində tac olan insan başları təsvir olunmuşdur. Bu qabartmaların bir çoxu böyük sənətkarlıqla, realist səpkidə işlənmiş, bu və ya digər heyvana məxsus hərəkətlər düzgün təcəssüm etdirilmişdir. Ehtimal ki, daha erkən dövrə aid olan natural ölçülü iki at barelyefinin parçaları diqqəti cəlb edir. Bir neçə daşda memar Zeynəddin ibn Əbu Rəşidin, nəqqaş Rəşidin adları çəkilir, abidənin h.632 (1234/5)-ci ildə tikildiyi göstərilir[172].
Zəkəriyyə əl-Qəzvininin 1275-ci ildə yazdığına görə Şirvanşahın Şamaxı yaxınlığındakı Buğurt qalasındakı iqamətgahının divarlarında insan heykəl təsvirləri var idi.[173][174] XIV əsrin ikinci yarısının müəllifi Arif Ərdəbili xəbər verir ki, Şirvanşah Axsitan (XII əsr) Şamaxı yaxınlığında dağda daş hasarla dövrələnmiş əlçatmaz Gülüstan qalasını tikdirmişdi. Qalanın yuxarı hissəsində daşdan yonulmuş çox gözəl qabarıq insan üzləri təsvir olunmuşdur.[175] XVII əsrdə Şamaxıda olmuş səyyah Adam Oleari qala divarında daşdan yonulmuş insan üzləri gördüyünü yazırdı[176]. Görünür, bu nadir bəzək abidələri Şirvan-Abşeron memarlıq məktəbində islamaqədərki qədim yerli ənənələr əsasında yaradılırdı.
X əsr ərəb müəllifləri Dərbənddə şirlərin və insanların daş heykəl təsvirlərinin mövcudluğunu qeyd etmişlər.[177] Şirvanın bir sıra rayonlarında qoyun və at şəklində başdaşılarına, habelə üzərində məişət, ov və ziyafət səhnələrinin və i.a. barelyef formasında təsvir edildiyi daş sallara təsadüf olunur. İslam dininin insanın və heyvanların təsvirini qadağan etməsinə baxmayaraq, Azərbaycanda təsviri sənətin bu növü aradan çıxmamışdı.[178] IX–XIII əsrlərə aid freskalar və boyakarlıq əsərləri dövrümüzədək gəlib çatmışdır. Mənbələrin verdiyi məlumatlar bu dövrdə təsviri sənətin mövcud olduğunu göstərir. Müqəddəsi (X əsr) xəbər verir ki, Muğandan bir mərhələ aralı quş və heyvan rəsmləri çəkilmiş əl-Həsrə adlı böyük bir qala var.[179]
XII–XIII əsrlərdə memarlıq abidələrində dekorativ sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatdı. Həndəsi və nəbati ornamentlə yanaşı, "çiçəklənən kufi", yaxud nəsx xətləri ilə məharətlə hörülmüş kitabələr yaradılırdı. Pirsaatçay xanəgahı məscidinin cənub divarındakı mehrab, habelə onun hər iki tərəfindəki kiçik həcmli panno gəc üzərində bədii oyma ilə bəzədilmişdi. Mehrabın düzbucaqlı və pannoların səthi "çiçəklənən kufi" kitabələrlə və nəbati naxışlarla örtülmüş, üzərinə xırda rəngarəng kaşılar səpələnmişdir. Pirhüseynin türbəsinin və qəbirdaşının kaşı bəzəyi xüsusilə böyük bədii dəyərə malikdir. Zərnaxışla örtülmüş kaşı lövhələri kobalt və yaşılı füruzəyi rəngli naxışlarla bəzədilmişdir. V. A. Kraçkovskayanın fikrincə, kaşılar Kaşan şəhərində hazırlanmışdır.[180][181][182]
Azərbaycan təsviri sənəti ilk nümunələri XIII əsrin əvvəllərinə aid edilən miniatür rəssamlığında da təcəssüm etmişdir. Bu incəsənət növünün sonrakı inkişafı XIII əsrin sonu – XIV əsr miniatürlərində nəzərə çarpır.
Azərbaycanda əlyazması kitabı, bütün müsəlman Şərqində olduğu kimi, tam bir sıra sənətkarın əməyi ilə yaradılan əsl bədii sənət əsəri idi. Əlyazma kitabının kağızı xüsusi üsulla hazırlanır və cilalanırdı. Sonra mahir xəttatlar hüsnxətlə əlyazmasının mətnini köçürürdülər. Ən qədim xətt kufi xətti idi. Sonralar nəsx, süls və s. xətlər yarandı. Kitabın yaradılmasında gözəl xətlə yazan xəttatların rolu xüsusilə böyük idi. Xəttatın adı, adətən, əlyazmasının kolofonunda göstərilirdi. Yazı texnikasının bədii keyfiyyətləri uzunmüddətli təcrübə sayəsində əldə edilirdi. Mətn köçürüldükdən sonra əlyazması illüstrasiya üçün ayrılmış yerlər və ayrı-ayrı səhifələr üzərində işləyən miniatürçü rəssama verilirdi. Kitabın bəzədilməsində müzəhhiblər, naxış ustaları da işləyirdilər. Əlyazma kitabı üzərində son işi cildçilər görürdülər. Onlar kitaba dəridən basmanaxışlı, yaxud lak boyalı üz çəkirdilər.[183][184]
Teymurilər sülaləsinin Min sülaləsi ilə ticari əlaqələrə girməsindən sonra Çindən keyfiyyətli kağızlar gətirilməyə başlandı, həmin dövrdə Şirvanşahlar dövlətində də əlyazma sənəti inkişaf etmişdi.[185] Belə ki, Kamal Xocəndinin "Divan"ı 1468-ci ilin oktyabrda Fərrux Yasarın saray rəssamı Şərəf əl-Din Hüseyn Sultani tərəfindən Şamaxıda yenidən qələmə alınmış, 1468-ci ildəki bir divan kitabının girişində isə Fərrux Yasarın özü rəsm edilmişdir. Əlyazmaların hər ikisi Britaniya Kitabxanasında saxlanılır.
Şirvanşahlar dövlətində sosial münasibətlər, sinfi mübarizələri və şəhər quruluşunu öyrənmək baxımından yazılı mənbələrin verdiyi məlumatlar dağınıq və cüzidır. Bu boşluğu, əsasən, Bakı və Abşeronda, Şamaxıda, Dərbənddə və Şirvanın digər şəhər və yaşayış yerlərindəki çoxlu memarlıq abidələrindəki daş kitabələr, habelə həmin dövr Şirvan hakimlərinə məxsus numizmatik məlumatlar doldurur. XI–XIV əsrlərə aid narrativ mənbələrdə, XII əsr şairlərinin (Nizami Gəncəvi, Fələki Şirvani, Xaqani və b.) əsərlərində müxtəlif sosial terminlərin, epiqrafik abidələrdə və sikkə legendalarında Şirvanşah, əmir, xaqan, xan, sultan, məlik, vəzir, hacib, sədr, sipahsalar, şeyx, qazi, əlquzat, rəis, amid, amil və s.titul və rütbələrin xatırlanması göstərir ki, həmin dövrdə Şirvanın şəhərlərində inkişaf etmiş feodal cəmiyyətinə məxsus mürəkkəb sosial struktur mövcud olmuşdur. Bu cəmiyyətin əsas sinifləri feodallar, kəndlilər və sənətkarlar idi. Böyük şəhərlərin əhalisi dəqiq şəkildə bir tərəfdən əyanlara və iri tacirlərə, digər tərəfdən isə xırda alverçilərə və sənətkarlara bölünürdü. Hakim feodal təbəqəsinin başında Şirvanşahlar dövlətinin başçısı – Şirvanın paytaxtı Şamaxıda, şəhər zəlzələdən dağıldıqdan sonra isə 1192-ci ildən Bakıda yaşayan Şirvanşah dururdu.[186] Şirvanşah öz dövlətində istər hərbi baxımdan, istərsə də rəiyyət üzərində qeyri-məhdud hakimiyyətə malik idi. O, feodal qayda-qanunlarının rəmzi və dayağı, əmirlərin mərkəzə itaət etməmək cəhdlərinin qarşısını alan qüvvə idi.
XII əsrdə Şirvanşahların Arran ərazisini işğal etməyə çalışan türk və türkmən qoşun başçılarına münasibəti pis idi. Şirvanşah belə hesab edirdi ki, yalnız yerli sülalərdən biri hakimiyyət hüququna malikdir. "Siz Yəzid nəslindən deyilsiniz, nə Rəvvadilərin varisisiniz, nə də Şəddadilərin xələfləri saylırsınız".[187][188]
Şirvanın feodal zadəganlarının neft quyuları və duz mədənləri, əkin yerləri və bostanları, üzümlükləri, mal-qarası, qəsrləri, evləri, karvansaraları və s.var idi. Dövlətdə və şəhərlərdə ali inzibati hakimiyyət hərbi və yüksək mənsəbli dövlət məmurlarının, ali rütbəli ruhanilərin əlində idi. Şirvanın hərbi əyanları, yerlərdə bütün hərbi və inzibati hakimiyyəti əllərində toplamış hərbi rəislər — əmirlər idi. Əmirlər Şirvanın vilayət, şəhər və kəndlərində hakimilik edir, müdafiə istehkamlarının tikilməsi işlərinə baxırdılar. XI XII əsrin əvvəllərində qoşun rəisinə, sərkərdəyə sahib əl-cəyş (ərəbcə) deyilirdi. Sipəhsalar – hərbi rəis, baş sərkərdə rütbəsi XIII əsrin əvvəllərində də ən yüksək hərbi rütbə idi. Şirvanşah və əmirlərin yanında onların şəxsi mühafizəsi vəzifəsini daşıyan qulamlar olurdu. Onlar Şirvanşahın tapşırığı ilə onun qohumlarını öldürüb, qan intiqamını alır və digər qorxulu tapşırıqları yerinə yetirirdilər.[189]
Şirvanın vəziri — Şirvanşahın iltifatı ilə olsa da, dövlətin tam səlahiyyətli hakimi idi. Vəzirlərin hakimiyyəti, ilk növbədə, məmur təbəqəsinin nümayəndələri üçün bəxşiş mənbəyi idi. Əhalidən vergi yığmaq icazəsini (daman) vəzir verirdi. Bakı qalasındakı Cümə məscidi minarəsinin bünövrə daşındakı farsca kitabəyə görə Şirvanda, ehtimal ki, XI–XII əsrlərdə Şamaxıda, XIII–XIV əsrlərdə isə Bakıda vəzirlər divanı (divan əl-vüzəra) mövcud olmuşdur.[190] Sultan Məhəmməd Olcaytunun (1304–1316) yarlığının mətnindən ibarət olan bu kitabədə Bakıdakı divan xatırlanır.[191][192]
Şəhər idarəsində məmurlar mühüm vəzifə tuturdular. Məsud ibn Namdar Şirvanda müstövfi — vergilərin mədaxil və məxaricinin uçotunu aparan, şəhərin mədaxil və məxaric dəftərini tərtib edən maliyyəmühasibat idarəsinin məsul məmuru vəzifəsində işləmişdir. O, həmçinin, özünün müşrif — nəzarət məmuru vəzifəsinin də adını çəkir. Onun məktubları arasında Beyləqanın müşrifi vəzifəsinə təyin olunmaq barədə ərizəsi var. Bu məmurun vəzifəsi əhalinin gəliri haqqında məlumat toplamaq idi.[193][194][195]
Şəhərlərdə vergi və rüsumları amillər yığırdılar.[196] Qoşunların uçotu və onların məvacibinin ödənilməsi ilə məşğul olan məmur arid adlanırdı.[197] Amidin və şəhər rəisinin yanında katib vəzifəsi də var idi. Feodal şəhər inzibati idarəsinin mühüm simalarından biri şəhərin bazarlarına, ticarət-sənətkarlıq məhəllələrinə, məhsulların keyfiyyətinə, təmizliyə və qayda-qanuna, ölçü və çəki vasitələrindən düzgün istifadə olunmasına nəzarət edən mühtəsib idi. O, polis funksiyasını da — şəhərdə ictimai asayişin qorunması, cinayət işlərini və cinayətkarlığın tədqiqi, sərxoşların və iğtişaşçıların cəzalandırılması — icra edirdi. Mühtəsib, həmçinin, şəhər sakinlərinin Quranın göstərişlərinə və islam dini ayinlərinə riayət etmələrini nəzarətdə saxlayırdı.[198][199] Şəhnə XI–XII əsrlərdə sultanın hərbi canişin idi. Şəhərdə tikinti işlərinə memar başçılıq edirdi. Bu adı daşıyan sənətkar binanın tikilməsində iştirak edən inşaatçı-sənətkarlar -bənna, mühəndis, sərkar, həkkak və başqaları arasında məsul şəxs olduğundan kitabələrdə də yalnız onun adı çəkilir.[200] Mirab şəhərin su ilə təchiz olunması və onun şəhər sakinləri arasında bölüşdürülməsi ilə məşğul olur, suvarma kanallarının saz olmasına, bulaq və su quyularının təmizliyinə nəzarət edirdi.
Feodal sinfinin digər mühüm qrupunu ali ruhanilər — şeyxülislam, qazı və qazı əl-quzzat, yəni vilayətin əsas şəhərinin qazısı təşkil edirdi. Onlar mülkiyyət hüququnu ləğv edə bilir, şəriət qanunları əsasında məhkəmə icraatını həyata keçirirdilər. Onlar, həmçinin, mirası bölüşdürür, kəbin kəsir və digər müxtəlif mülki işlərlə məşğul olurdular.[201][202] Vergi yığmaq hüququ verilən şəxsə damin deyilirdi. Vergi yığanın hüququ şəhərin mülki hakiminin vəzifələrinə uyğun gəlirdisə, icarədar hakim amid adlanır və bu vəzifə şərəfli sayılırdı.[203] Şəhərlərin vergi verən əhalisini təşkil edən rəiyyət — şəhər sənətkarları feodallardan asılı olan kəndlilər isə istismara məruz qalırdılar. Mənbələr Şirvanda monqol istilasına qədər qul olduğunu xəbər verirlər. XIII əsrin 20-ci illərində yazmış naməlum müəllif Şirvanın mallarını sadalayarkan ilk növbədə "cariyə qızların, türk qullarının" adını çəkir.[204] XI–XIV əsrlərdə feodal Şirvan cəmiyyətində müharibədə qoşunlar tərəfindən ələ keçirilib aparılmış əsirlərdən ibarət qullar müəyyən yer tuturdu. Qulları torpaqlara təhkim edirdilər. Qul əməyindən məişətdə və kənd təsərrüfatında ucuz işçi qüvvəsi kimi istifadə olunurdu. Qul bol olduğundan Dərbəndin məşhur qul bazarında onlar çox ucuz satılırdı.
Şirvanşahlar dövlətinin hərbi sistemi haqqında məlumatlar azdır. 1066-cı ildə Əbüləsvar Şavur Şirvana yürüş edərkən "Ləkz zorbaları və Diduvan əyanları"ndan 50 nəfəri öldürmüşdü. Normal əsgərlərdən əlavə şəhərlərdə hər ayda bir dəfə dəyişən növbətiyyə adlı şəhər keşikçiləri qüvvəsi vardı. Şahların və şahzadələrin şəxsi cangüdənləri qulam adlanırdı.[205]
XIII əsrin sonu və XIV əsrin əvvəlləri Azərbaycanın beynəlxalq ticarətəlaqələrinin xeyli genişləndiyi dövrdür.İçərişəhərdə XIV əsrə aid edilən köhnə Buxara karvansarası dövrümüzə çatmışdır. Bu, Bakının Orta Asiya şəhərləri ilə ticarət əlaqələri saxladığını təsdiqləyir. Şirvanşahlar sarayı ərazisində XIV əsrə aid bürünc Kubaçi çıraqlarının və Rey keramikasının tapılması Dağıstan və İranla ticarət və iqtisadi əlaqələrin olduğunu göstərir.[206] Şirvanşahların hakimiyyəti dövründə Xəzər dənizi vasitəsilə dəniz ticarəti böyük vüsət alır. Gəmiləri Qara dənizdə üzən Genuya və Venesiya tacirlərinin sahillərində faktoriyalar təşkil etdikləri Xəzər dənizində də donanmaları olmasına dair məlumatlar vardır. 1293-cü ildə İranda və Cənubi Azərbaycanda olmuş Venesiya səyyahı Marko Polo Gürcüstanın və Şirvanın şəhərlərini təsvir edir. O məlumat verir ki, genuyalılar Xəzər dənizində bir az əvvəl üzməyə, Gelli (Gilan) ipəyi adlanan ipək gətirməyə başlamışlar. "Burada şəhərlər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zərxara parçalan toxunur; belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən".[207]
Marko Polonun xəritəsində Xəzər dənizinin sahilində, ticarət yolunun üstündəki gəmi dayanacağı olan şəhər və yerlər də qeyd olunmuşdur: Mahmudabad (Mamutaga), Güştəsbi (Gostazz), Pirallahı (Cap de Preala).[208] Həmdullah Qəzvini 1340-cı ildə xəbər verir: "Bakının qənşərindəki Allah Əkbər adası hal-hazırda məskundur və bu dənizin limanıdır".[209] XIII əsrdən İtaliya və Fransaya böyük miqdarda Gilan və Şirvan ipəyi ixrac olunurdu.[210]
Rəşidəddinin məlumatına görə Şirvan şəhərləri ilə Rus ölkəsi arasında ticarət əlaqələri XIV əsrin əvvəllərindən müşahidə olunur. Bu dövrdə Şirvan şəhərlərində, xüsusilə Şamaxıda Rus ölkəsindən gətirilən müxtəlif qiymətli xəzlərdən çoxlu məmulatlar — samur yaxalıq, kürk üçün vaşaq, sincab, dələ və tülkü xəzindən astarlıq hazırlanırdı.[211]
Abdullah ibn Məhəmməd ibn Kiya əl-Mazandaraninin XIV–XV əsrlərdə Yaxın Şərq və Zaqafqaziya ölkələrinin dövlət və maliyyə idarəçiliyinə dair geniş material toplanmış "Risaleyi-fələkiyyə" əsərinin 8-ci fəslində h.751 (1350)-ci ildə Elxanilər divanının xəzinəsinə bir sıra vilayətlərdən daxil olmuş varidatın qeyd olunduğu "Yekun haqqhesabına dair dəftər nümunəsi" bölməsində yazılmışdır: "Arran, Muğan, Qəvbəri (Mahmudabad və Bakuyə şəhərləri, yaxud neft mənbələri ilə birlikdə) və Şirvanın Dəmirqapıya qədər müqatiəyə (vergi toplama hüququ) görə Hüca Fəsihi Şirvaninin cavabdehliyində olan mədaxili sənəd üzrə 82 tümən — 820000 dinardır".[212]
Monqolların Azərbaycana yürüşü dövründə Beyləqan, Şəbəran, Bacərvan, Güştəsbi və digər bu kimi mühüm iqtisadi və mədəni mərkəzlər güclü dağıntıya məruz qalaraq öz əhəmiyyətlərini itirdilər və nəhayət, süquta uğradılar. Beynəlxalq ticarət yollarının üstündəki Dərbənd, Şamaxı, Bakı və digər şəhərlər monqol talanlarından sonra, XIII əsrin son rübündə tədricən bərpa edilməyə və ticarət mübadiləsinə cəlb olunmağa başladı. Lakin mənbələrin məlumatına görə onlar, hətta, XIV əsrdə belə bu şəhərlərin Şirvanşahların XII–XIII əsrlərdəki hakimiyyəti dövründə mövcud olan iqtisadi və mədəni inkişaf səviyyəsinə çata bilməmişdilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.