Remove ads
From Wikipedia, the free encyclopedia
Fərrux Yasar (2 iyun 1441, Bakı – 1500, Şamaxı) — Şirvanşahlar dövlətinin otuz altıncı hökmdarı, Şirvanşah I Xəlilullahın oğlu.
Fərrux Yasar ibn I Xəlilullah | |
---|---|
| |
Şirvanşahlar dövlətinin XXXVI hökmdarı | |
1465 – 1500 | |
Əvvəlki | I Xəlilullah |
Sonrakı | Bəhram bəy |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyun 1441 |
Doğum yeri | |
Vəfat tarixi | 1500 |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | I Xəlilullah |
Həyat yoldaşı | Qaytaq usmisi Adil bəyin bacısı |
Uşaqları |
oğlanları: Qazi bəy, Bəhram bəy, II Şeyx İbrahim qızı: Gövhər sultan |
Ailəsi | Dərbəndilər |
Dini | Sünni İslam |
I Fərrux Yasar çox qarışıq siyasi proseslərin baş verdiyi dövrdə hakimiyyətdə olmuşdur. Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büsbütün darmadağın edildikdən sonra onun yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu, Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi.
Fərrux Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451- 1481) ittifaq bağlamağa çalışırdı.
1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçisi "Xələf əl-üməra və-1-əkabir" (əmir və əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə İstanbula göndərmişdi. Şirvanşahın şəxsi taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd Şirvanidən 2 qızıl külçəsi almışdı. Şirvanşah sultana özünə zireh sifariş etmək üçün yuxarıda adı çəkilən tacirdən alınmış 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş göndərmişdi.[1][2]
Mənbələrin məlumatına görə 1465-ci ildə Şirvanşah Fərrux Yasarın elçisi Həsən bəy Moskvaya gəlmişdir. 1466-cı ildə çar III İvan buna cavab olaraq Vasili Papinin başçılığı altında Şirvanşaha qiymətli hədiyyələrlə birlikdə Şirvana səfarət göndərmişdi. Səfarətin məqsədi ticarətlə yanaşı, Moskva dövləti ilə Şirvan arasında Qızıl Ordaya qarşı ittifaq yaratmaq idi.[3][4][5]
Hakimiyyətinin lap əvvəlində Fərrux Yasar Teymuri sultanı Əbu Səidlə toqquşmalı oldu. Əbu Səid h.873 (1468)-cü ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Sonra o, Şirvanşahdan yardım almaq ümidilə Muğan, Mahmudabad və Qızılağaca, Xəzər dənizi sahillərinə keçib getdi. Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərərək, onun düşərgəsinə dəniz yolu ilə ərzaq göndərirdi. Lakin Uzun Həsənin hədələrindən qorxuya düşən Şirvanşah qəflətən Əbu Səidə yardım göstərməkdən və onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı.
Ağqoyunlu dövləti tərəfindən Şirvanşahlar dövlətinin müstəqilliyinə təminat verildi. Uzun Həsən Əbu Səidin düşərgəsinə gedən bütün böyük yolları və keçidləri kəsdi. Düşərgədə aclıq başladı. Teymuri qoşunlarındakı atlar yemsiz qalaraq, Muğan düzündəki zəhərli otları yeyib kütləvi surətdə qırılmağa başladılar. Uzun Həsən Ərdəbilin seyidi Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni sultanla sülh bağlamaq fıkrindən daşındırdı. Onda Uzun Həsən Əbu Səidin sülh bağlamaq üçün gəlmiş adamlarını geri qaytardı. Onlar sultanın ordugahına qayıdıb, məlumat verməyə macal tapmamış Uzun Həsənin və onun müttəfıqlərinin saysız-hesabsız qoşunu göründü. Əbu Səidin əmirlərinin bir qismi öz istehkamlarını tərk edib düşmənin tərəfinə keçdi. H.873-cü il rəcəb ayının 16-da (31 yanvar 1468-ci il) günorta Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı. Uzun Həsənin iki oğlu onu təqib edərək yaxaladı və atalarının qərargahına gətirdi. Müttəfıqlərin müşavirələrində Şirvan əmirləri və qazıları bundan əvvəl onlarla söhbətdə Şirvanşahı xəyanətdə və Teymuri qoşunlarının məhv olmasında təqsirləndirdiyi üçün Əbu Səidin edam olunmasını təkidlə tələb edirdilər. Azərbaycanın bütövlüyünü qoruyub saxlamaq və Əbu Səidin yenidən hücum edə bilməməsi üçün onun edam olunması qərara alındı. Rəcəb ayının 20-də sultan Əbu Səid "əzablı ölüm Şərbətini içdi".[6][7][8][9]
Uzun Həsən Şirvanşahla və Şeyx Heydərlə müttəfiqlik münasibətlərini ömrünün sonunadək davam etdirdi. Uzun Həsən Şeyx Heydərlə qohum idi, belə ki, Trapezund imperatoru Kalo İohann Komnenin qızı Katerinadan (Dəspinə xatun) doğulmuş qızını Şeyx Heydərə ərə vermişdi. Uzun Həsənin bu qızının adı Həlimə, eləcə də Marta idi. Ona Aləmşah bəyim və Baki ağa da deyirdilər.[10][11]
Uzun Həsən h.883 (1478)-cü ilin ramazan ayında öldükdən sonra Şirvanşahın müttəfıqləri ilə münasibətləri dəyişdi. Uzun Həsənin oğlu və varisi Yaqub bəy (h.883-896 (1478-1490)-cı illər) xarici düşmənlərlə mübarizədə Şirvanşahın dayağı idi. O, Fərrux Yasarın Qaytaq usmisi Adil bəyin bacısından doğulan qızı Gövhər Sultana evlənmişdi. Yaqub bəyin ondan Baysunqur Mirzə və Murad Mirzə, yaxud Sultan Murad adlı iki oğlu olmuşdu.[12][13] Sonralar onların hər ikisi babaları Şirvanşah Fərrux Yasardan sığınacaq istəmişdilər. Güclənmiş Şeyx Heydər 1483- cü ildə Şirvana yürüş edərkən Yaqub bəy qayınatası Fərrux Yasara hərbi yardım göstərmişdi.
Şirvanda müharibə zamanı həlak olmuş Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin köməyi sayəsində müridlər və sufilər üzərində nüfuzunu gücləndirmiş və mövqeyini möhkəmləndirmişdi. Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və sultan Yaqubdan Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. H.892 (1487)-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü.[14][15][16] H.893 (1488)-cü ildə Şeyx Heydər çərkəzlər üzərinə növbəti basqına icazə almaq üçün anası – Uzun Həsənin bacısı Xədicə xatunu Quma, sultan Yaqubun sarayına göndərdi. Sultan Yaqub Şirvanşah Fərrux Yasara (hədrət-ı səltənət pənah-i kamkar) çərkəzlərlə müharibədə Heydərə yardım göstərməyi xahiş etdi.
Şeyx Heydər anası qayıtdıqdan sonra döyüş dəstəsi ilə tələsik Ərdəbildən Şirvana yollandı. Yol boyu atası Cüneydin çoxlu "müridləri və sufiləri" ona qoşuldu. O, Araz sahillərinə çatanda Talış, Qarabağ əhalisindən və şamlılar tayfasından ibarət saysızhesabsız qoşuna malik idi. Qazı əl-Quzatın Bərdə ilə Gəncə arasındakı dağlıq hissədə yerləşən feodal mülki (ölkə) olan Calpert (Çarberd – Cerabert) qalasına yetişdikdə oranı talan etdi, cizyə və üşr ödəyib, dinc həyat sürən zimmiləri əsir aldı.[17][18] Şeyx çayı keçdikdən sonra Şirvanşahın yanına elçi göndərib Dərbənd yolunu açmağı və islam qoşunlarına yardım göstərməyi tələb etdi. Onun Fərrux Yasara elçi göndərməkdən məqsədi Şirvan və onun qoşunları haqqında məlumat almaq idi. Belə ki, bu ölkə uzun müddət sülh şəraitində yaşayırdı və onun qoşunları öz yerlərində arxayıncasına fəaliyyətsiz dayanmışdılar. Hökmdarın yanında isə yalnız sərkərdələri, əmirləri, əyanları və yaxın dostları qalmışdı. Elçi gələndə Şirvanşah övladlarından birinin toyun edir, günlərini qayğısız, asudə və şən keçirirdi. Şirvanşah elçini hörmətlə qəbul edib cihada kömək üçün öz elçisi ilə Şeyx Heydərə bir qədər zireh, at və hərbi ləvazimat göndərdi.
Şeyxin elçisi Şirvanşahın elçisi ilə birlikdə qayıdaraq Heydərə xəbər verdi ki, bu səfər Fərrux Yasar üçün gözlənilməz olmuşdur və əlverişli imkandan istifadə etməmək ağılsızlıq olardı. Şeyx sazişi pozdu və Şirvanşah haqqında pis fıkirdə olduğundan elçi ilə kobud rəftar etdi. O, elçiyə dedi: "Geri qayıt və əmirinə de ki, biz onunla müharibə etməyə gəlirik. Atamın hər bir damla qanı üçün bütün dünyanın başını vuracağıq. Vuruşma filan gündə olacaq və Səfəvi qoşunları ləngimədən Şamaxıya hücum edəcəkdir".[19] O, elçinin atını əlindən alıb, onu piyada yola saldı. Elçi yalnız təyin olunmuş döyüş gününə bir gün qalmış Şirvanşahın yanına qayıda bildi. O, vəziyyəti təsvir etdikdə şirvanlılar təlaşa düşdülər. Fərrux Yasar son dərəcə təşviş keçirdi, çünki Heydərin təcavüzkar niyyətləri və dəlisov şücaəti haqqında şayiələrə baxmayaraq, Şirvanşahın qoşunları pərakəndə halda olub, şeyxin hücumunu dəf etmək iqtidarında deyildi. Aydın idi ki, şeyx qalib gələrsə, Şamaxının meydan və məhəllələrində çoxlu qan axıdılacaqdı. Kiçik qoşunla müqavimət göstərmək mümkün olmadığından Şirvanşah qiymətli əmlakla ailəsini, habelə şəhər əhalisinin bir hissəsini Şamaxı yaxınlığındakı Gülüstan qalasına ötürdü. Səhərisi gün şeyx qızılbaşların böyük süvari qoşunu ilə döyüş meydanına yollandı. Döyüşə girməyi qərara alan Fərrux Yasar kiçik bir dəstə ilə şəhərin sağ tərəfində Gülüstan səmtində dayanmışdı. O, qüvvələrin bərabər olmadığını görürdü.
Şeyx Heydər öz qoşunları ilə rəqibin üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan şeyx heç kəsə aman vermədən şəhər əhalisini qırmağa başladı. Qızılbaşlar Şamaxıda çoxlu kişi, qadın və uşaq qırdılar. Nifrəti coşub-daşan şeyx bundan doymayaraq Şamaxını yandırdı. Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə alaraq, onun ətrafında çadırlar, mancanaq və toplar qurdurdu. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün sultan Yaquba və onun dövlətinin adlı-sanlı əyanlarına müraciət etdi. Onun qasidi sultanın Sultaniyyə yaxınlığındakı Gözəldərə yaylağındakı sarayına gəldi. Bu xəbər şeyxin hərəkətlərində özü üçün də müəyyən təhlükə görən sultan Yaqubu qəzəbləndirdi O, müsəlmanların tökülmüş qanının qisasını almaq və oğlu, Fərrux Yasarın nəvəsi Baysunqur xan vasitəsilə qohumluq əlaqələri ilə bağlı olduğu Şirvanşaha yardım etmək qərarına gəldi. Sultan Yaqub Şirvanşaha tərəfdar olan fəqihlərin təsirilə Şirvanşaha kömək üçün Sultaniyyədən Ərdəbil yolu ilə təcili Şirvana getdi və h.893-cü il cəmadiyülaxir ayının 28-də (9 iyun 1488-ci il) ora çatdı. Sultanın yaxınlaşması xəbərini eşidən Şeyx Heydər tələsik Şamaxının ətrafını tərk edərək Şamaxıdan 6 km şimal-şərqdə yerləşən Cabaniyə çəkildi və oradan Dərbəndə tərəf yollandı.
Ərdəbildən bir mərhələ aralı sultan Yaqub Şirvanşahın sədri və mühasibi Mövlana Şərafəddin Hüseyn katiblə qarşılaşdı. Şərafəddin öz hökmdarı adından kömək və himayədarlıq dilədi. Şeyx Heydər Gülüstan qalasını mühasirədə saxlayarkən, Şirvanın müxtəlif yerlərinə dağılmış əmirlər Şirvan əyanlarından Kiçi Bəyin başçılığı altında toplaşaraq, üləmaların və zahidlərin razılığı ilə Şirvan qoşunlarından və əhalisindən 1000000 nəfərədək adam yığıb şeyxə qarşı cihad elan etdilər. Onlar Gülüstana məktubla birlikdə qasid göndərərək, filan gün döyüş meydanına çıxacaqlarını xəbər verdilər və bildirdilər kı, onlar bayırdan hücuma keçəndə Şirvanşah da qalanın içərisindən həmlə etməlidir. Lakin bu plan şeyxin adamları tərəfindən tutulan Şirvan casusu vasitəsilə Heydərə məlum oldu. Şeyx təcili surətdə Gülüstan qalasını mühasirədən əl çəkib, əksərən Şirvan kəndlilərindən ibarət qeyri-nizami qoşunun üstünə düşdü. Bu döyüşdə şeyx onları darmadağın etdi. Mənbələrin verdiyi məlumata görə, 1000-ə yaxın adam qırıldı. Səfəvi qoşunlarının tələsik getmələrini görən Şirvanşah şeyxin qorxudan və ərzaq qıtlığından geri çəkildiyini güman etdi. Şirvanşah şeyxin qoşunlarını təqib etmək məqsədilə qaladan çıxdı. Lakin onun qələbə çaldığını və qayıdıb Gülüstanın mühasirəsini davam etdirmək niyyətində olduğunu bildi. Onda Şirvanşah Şamaxıdan 20 km şimal-qərbdə yüksəklikdə yerləşən əlçatmaz Sulut qalasına sığınmağa məcbur oldu. Bu vaxt başda sərkərdə əmir Süleyman bəy Bicək oğlu və Ayba Sultan Yaqub olmaqla böyük qoşun Şeyx Heydərlə müharibədə Fərrux Yasara kömək etmək üçün Şirvana yollandı. Darmadağın olunmaqdan qorxuya düşən şeyx Gülüstanı talan edib qoşunlarını Mahmudabada apardı, oranı da tutub dağıtdı, sonra Dərbəndə doğru hərəkət edərək, onu mühasirəyə aldı. Əmir əl-üməra Süleyman bəy Bicək oğlu qoşunları ilə viran edilmiş Şirvana daxil oldu. Fərrux Yasar Sulut qalasını tərk edərək, qoşunun qalan hissəsi ilə əmirlərə qoşuldu. Sabahısı gün əmirlər Samur çayını keçərək ləngimədən Dərbəndə tərəf irəlilədilər.[20][21][22][23]
Onlar şeyxin Təbərsəran və Zirehgəran istiqamətində hərəkət etdiyini eşitmişdilər. Süleyman bəy qoşunları ilə təcili onun ardınca düşərək Qafqaz dağlarının ətəklərində, Təbərsəranda haqladı. H.893-cü il rəcəb ayının 29-da (9 iyul 1488-ci il) çərşənbə günü Şirvanşahın və Ağqoyunlu əmirlərinin birləşmiş qoşunları Şeyx Heydərin qızılbaşlarına hücum etdi. Süleyman bəyin və Şirvanşahın başçılıq etdikləri qoşunlar ağır dağlıq yer şəraitində dərin dərənin qırağında vuruşurdular. Atlar və adamlar yıxılaraq uçuruma düşürdülər. Hər iki tərəf inadla vuruşurdu. Süleyman bəy vuruşmada yaralanıb, döyüşçüləri tərəfindən kənara çıxarıldı. Bu zaman Şeyx Heydər də oxla boynundan ölümcül yaralandı. Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Lakin qızılbaşların qüvvələri tükənmişdi və əmirin qoşunları onların cərgələrini pozdu. Qızılbaşlar can verməkdə olan şeyxi düşmənin əlində qoyaraq qaçdılar. Qapıçı Əli ağa Şeyx Heydərin başını kəsərək əmirə gətirdi. Şeyxin həlak olduğunu görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular. Lakin əmirlərin və Şirvanşahların qoşunları onları məğlub və məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə yanaşı, Şeyx Heydərin başını da apardı O, h.893-cü il şaban ayının 6-da (16 iyul 1488-ci il) çərşənbə axşamı Ərvanəguh adlı yerə çatdı. Sultan Yaqub şeyxin başını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anasına (Uzun Həsənin bacısına) verməyi əmr etdi. Ertəsi gün şah alayı paytaxta – Təbrizə daxil oldu. Sultan Yaqub əmirlərə düşməndən tutulub alınmış Şirvan şəhərlərini, Dərbənd və Mahmudabadı Fərrux Yasara qaytarmaq haqqında əmr verdi.[24][25][26][27][28][29]
Beləliklə, atası Cüneyd kimi, Şeyx Heydərin Şirvanı zəbt etrnək cəhdi baş tutmadı və onlar üçün fəlakətlə qurtardı.
Sultan Yaqub Şirvanşaha hərbi yardım göstərdi, lakin bunun müqabilində ondan Ağqoyunlu dövlətinin vassallığını tanımasını tələb etdi. 1489-cu ildə Şirvanşah öz möhürü ilə təsdiq etdiyi şərtnamədə öz üzərinə bir sıra vassal təəhhüdləri götürdü. Lakin bir ildən, Sultan Yaqub 1490-cı ildə öldükdən sonra onun yerinə keçən oğlu və varisi, Şirvanşahın nəvəsi Baysunqur babasının təsiri altına düşdü və Şirvan dövləti yenidən müstəqil oldu.[30] Baysunqur Mirzə (1490-1492) Təbrizdə taxta çıxarkən babası Fərrux Yasardan yardım istədi.[31][32][33] və uzun sürməyən hakimiyyətdən sonra Maqsud bəyin oğlu, Uzun Həsənin nəvəsi Rüstəm bəy tərəfindən qovularaq Şirvana, Şirvanşahın yanına qaçdı. Baysunqur Fərrux Yasarın və Şirvan qoşunlarının köməyi ilə öz hüquqlarını bərpa etməyə cəhd göstərsə də, h.898 (1492/3)-ci ildə Bərdə ilə Gəncə arasında Rüstəm bəylə vuruşmada həlak oldu.[34][35] Bu vuruşmada Rüstəm bəylə birlikdə Şeyx Heydərin böyük oğlu Sultanəli də iştirak edirdi. Baysunqurun tərəfində isə Fərrux Yasarın oğlu Şeyxşah, Şirvanın adlısanlı feodallarından olan Malik Səlim, habelə Şirvan qoşunları vuruşurdu.
Sultan Yaqubun digər oğlu Sultan Murad da qardaşı Baysunqurun ölümündən sonra babası Şirvanşah Fərrux Yasara sığınmış və h.903 (1497/8)-cü ilədək, Uzun Həsənin digər nəvəsi Əhməd Mirzənin hakimiyyətindən narazı olan Ağqoyunlu feodalları onu Təbrizə çağırana qədər onun yanında yaşamışdır.[36][37][38] Bu hadisələrdən sonra Şirvanşah Fərrux Yasar və Sultan Murad Səfəvilərin güclənmiş qüdrətinin qurbanları oldular.
Şeyx Heydər həlak olduqdan sonra Sultan Yaqub onun və Aləmşah bəyimin üç azyaşlı oğullarını – Sultanəli, İbrahim və İsmayılı tutub, əvvəl erməni monastırı Akdamar qalasına, sonra isə Şiraz yaxınlığındakı İstəxr qalasına göndərərək həbsə saldı. Onlar dörd il bu qalada qaldılar. Sultan Yaqubun ölümündən sonra h.897 (1492)-ci ildə hakimiyyətə keçən Rüstəm bəy Ağqoyunlu bibisi Aləmşah bəyimin xahişilə onları həbsdən azad edərək öz yanına – Təbrizə gətirdi.[39]
On üç yaşında ikən Səfəvi ordeninin şeyxi sayılan İsmayıl Ağqoyunlu dövlətində baş verən ara çəkişmələrindən istifadə edərək Gilandan Ərdəbilə qayıtdı. Onun ətrafına 300-ə yaxın döyüşçü mürid-qızılbaş toplandı. Fərrux Yasarın müttəfiqləri – cəyirli tayfasından olan Ərdəbil hakimi ƏIi bəy və Talış hakimi Məhəmməd ona qarşı çıxdılar. Onların niyyəti İsmayılı yaxalayıb Şirvanşaha göndərmək idi. Buna görə də ustaclı tayfasının əmirləri İsmayılla birlikdə Qarabağa getməyi qərara aldılar. İsmayıl oradan Gəncəyə, sonra isə Göyçə gölünün sahillərinə, Çuxursədə yollandı. 1499-cu ilin sonunda Ərzincanda onun bayrağı altında ustaclı, şamlı, rumlu, təkəli, zülqədər, afşar, qacar, varsaq, qızılbaş tayfalarından və Qaracadağ sufilərindən 7 min qazi toplandı. Qızılbaş əmirlərinin İsmayılın qışladığı Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı.[40][41][42][43][44]
Şirvanşahlar tərəfindən öldürülən atası və babasının intiqamını almaq hissilə yaşayan İsmayıl əmirlərinin Gürcüstana və Ermənistana bir neçə basqınından sonra h.906 (1500)-cı ildə Fərrux Yasara qarşı 7 min qızılbaşla hücuma keçdi. Qoşunun Əmir Bayram xan Qaramaninin başçılığı ilə təkəli və zülqədər tayfalarından olan döyüşçülərdən ibarət avanqard dəstəsi Qoyun ölümü deyilən yerdə Kürü keçməli idi. Lakin əmir çayı keçməyi mümkün hesab etmədi. Özünü yetirən İsmayıl birinci olaraq atın üstündə üzərək qarşı sahilə çıxdı. Onun ardınca bütün qızılbaş qoşunu çayı keçərək Şamaxıya doğru irəlilədi. Bu vaxt İsmayılın qarşısına çıxan Şəki hakiminin qoşunları qızılbaşlar tərəfindən darmadağın edildi. Şah İsmayıla Şirvan əhli olan bir nəfərdən xəbər çatır ki, Fərrux Yasar öz sarayında İsmayıla da atasının aqibətinin üz verəcəyini bildirmişdir. İsmayıl Kilid-i-Gilana yollandı və əhalidən öyrəndi ki, Şirvanşah onun yaxınlaşdığını eşidib, müharibəyə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Ona görə də İsmayıl Şamaxını tutmağı qərara aldı. O, əhalinin şəhərdən qaçmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək məqsədilə adamlarından Qulu bəyi Şamaxıya göndərdi. Lakin İsmayıl Şamaxıya daxil olanda, öyrəndi ki, bütün əhali şəhəri tərk edərək dağlarda gizlənmişdir. Bir neçə gün Şamaxıda dayanan İsmayıl Şirvanşahın öz qoşunları ilə Buğurt qalasının yaxınlığındakı meşədə düşərgə saldığını və onun ətrafına paya çəpər çəkdirdiyini öyrəndi. İsmayıl düşməni təqib etmək qərarına gəldi, lakin onu həmin yerdə tapmadı. Belə ki, qızılbaşların Şamaxını tutması xəbərini alan Fərrux Yasar Gülüstan qalasına çəkilməyi qərara almışdı. Lakin o, həmin qalaya çata bilmədi, İsmayıl qızılbaş qoşunu ilə Cabanı adlanan yerdə onu haqladı. H.906 (1500)-ci ilin payızında burada Şirvanşah və Şirvanlılar üçün fəlakətlə qurtaran ən qanlı vuruşmalardan biri baş verdi. Xondəmir və Həsən bəy Rumlu bu vuruşmanı müfəssəl təsvir etmişlər. İsmayıl 7 minlik süvarinin başında 20 min süvarisi və hərbi nizamla düzülmüş 6 min piyadası olan Şirvanşahı təqib etmişdir.
Ehtimal ki, göstərilən mənbələr qəsdən Şirvanşahın qoşunlarının sayını artırır. İsmayılın döyüşçülərinin sayını isə azaldırlar. Bu vuruşmada Fərrux Yasarın qoşunları darmadağın edildi və qaçdı. Şirvanşah qoşunlarının Cabanı yaxınlığındakı vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına çəkildi. Qızılbaşlar qənimət olaraq çoxlu əmlak və mal-qara ələ keçirdilər. Onlar öldürülənlərin başlarından qələbələrini təsdiq edən qala düzəltdilər. Lakin Şirvanşah qoşunları məğlubiyyətə uğrayandan sonra da mərdlik və inadkarlıqla vuruşaraq, süvarilər və piyadalarla birlikdə həmlələr edirdi. Bütün qoşunları məğlub olub qaçdıqda, sərkərdələri isə döyüş meydanında həlak olduqdan sonra tək qalan Şirvanşah atla Buğrut qalasına tərəf qaçmağa başladı. Lakin qızılbaş dəstəsi Gülüstan qalasının yaxınlığında onu haqladı. Onlar tanımadıqları Şirvanşahı atdan saldılar, qoşqunu əlindən aldılar. Qızılbaşlardan biri, Hüseyn bəy Lələnin Şirvanşahı atdan çəkib salmış cilovdarı Şahgəldi ağa Fərrux Yasarın başını kəsərək İsmayıla gətirdi. Əsir Şirvanlılar Fərrux Yasarın meyitini tanıyıb onu dəfn etdilər.[45][46][47][48][49][50] Münəccimbaşı Fərrux Yasarın həlak olmasını başqa cür təsvir edir: "Bəziləri deyir ki, o, əsir alınmış və sonra əlləri bağlı (səbran) öldürülmüşdür".[51]
Fərrux Yasar məğlub edilərək həlak olduqdan və Şamaxı alındıqdan sonra İsmayıl atasının və babasının qisasını almaq üçün tutduğu bütün əsirləri öldürtdü. O, üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşıladı. Cənnabinin (XVI əsr) məlumatına görə Şamaxıya girən İsmayıl taxta çıxdı. Lakin şəhərdə yalnız bircə gün qaldı.[52]
Fərrux Yasar mənbələrdə "öz yüksək əsil-nəsibi ilə digər sərhəd vilayətlərinin hakimlərini ötüb keçən və şöhrəti ilə ən böyük və möhtərəm şəxsiyyətləri kölgədə qoyan" [53] ədalətli və mərhərnətli hökmdar kimi səciyyələndirilir.
Fərrux Yasarın hakimiyyəti dövründə Şirvan dövləti feodal inkişafı və müstəqillik dövrü keçirirdi. Bunu Şirvanşah Fərrux Yasarın hakimiyyətinin birinci ilində – h.869 (1465)-cu ildə,[54][55] sonra isə h.888 (1483/4) [56] və h.905 (1499-1500)-ci [57] illərdə Şamaxıda onun adından kəsilmiş gümüş sikkələr – təngə də təsdiq edir. 1948-ci ildə İçərişəhərdə aşkar edilmiş böyük sikkə dəfinəsində Fərrux Yasarın adından Şamaxıda kəsilmiş azacıq qızıl qarışığı olan gümüş sikkələr də tapılmışdır. Həmin sikkələrin üzərində yazılmışdır: "Əzəmətli sultan, Şirvanşah Fərrux Yasar, Şamaxı zərbxanası". Sikkənin arxa tərəfində tarix, ənənəvi din rəmzi və dörd xəlifənin adı həkk olunmuşdur. Fərrux Yasarın adından zərb edilmiş bütün sikkələrdə hökmdarın adından əlavə Şiranşah (şirlər şahı) titulu da qeyd olunur.[58] Yalnız Fərrux Yasara aid edilən bu titul Dərbənddəki Cümə məscidinin mədrəsəsindəki kitabədə və Abşeronun Mərdəkan kəndindəki Tuba Şahi məscidindəki h.886 (1481/2)-cı ilə aid kitabədə rast gəlinir. İstər I İbrahim, istərsə də Xəlilüllahın zamanında sikkələr anonim, Şirvanşahların adları göstərilmədən zərb olunurdu. Onların hakimiyyəti dövründə Şirvan Cənubi Dağıstanın bir sıra iri yaşayış məntəqələrini öz nüfuz dairəsinə tabe etmişdi. Qaytaq usmisi, Şirvanın vassalı Məhəmməd bəyin varisləri Şirvanşah Şeyx İbrahimin ona bağışladığı bir sıra kəndə, habelə Kurak və Təbərsərana hakimliklərini davam etdirdilər.[59]
Fərrux Yasarın hakimiyyəti dövründə Dərbənd və Dağıstanın cənub əyalətləri Şirvanın tərkibinə daxil idi. Bunu Axtı kəndinin məscidindəki kitabə də təsdiq edir. "Bu qalanın sahibi Şirvanşah ibn Xəlilüllah" .[60] Fərrux Yasar Axtı kəndində qaladan başqa Dərbənd şəhərində mədrəsə binası da tikdirmişdi. Kitabədə bu barədə xəbər verilir: Uca və pak olan Allah dedi: "Elm verilmiş şəxslər üçün Allah yanında dərəcələr vardır". Allahın xalis bəndəsi və onun istəklərinə talib olan (razı olan) və onun qəzəbindən qaçan, dünyada gözəl əxlaq sahibi, zəmanə əmirlərinin ən ədalətlisi, Şirvanşah orada (mədrəsədə) qiyamət gününə qədər şəriət elmləri təhsil edən tələbələrin xatiri üçün bu mübarək mədrəsənin tikilməsindən ötrü hicri səkkiz yüz yetmiş doqquzuncu ildə əmr etmişdir (h.879 (18.V.1474-6.V.1475)-cu il).[61][62] Fərrux Yasar 1466-cı ildə qaytaqlıların tutub apardıqları əsirlərin və malların qaytarılmasını tələb etdiyi Qaytaq usmisi və qaynı Adil bəyi də öz iradəsinə tabe etdirmişdi.[12]
Məşhur şair Cami öz külliyyatını Fərrux Yasara göndərmişdi.[63] Həmçinin Baburun qeydlərinə görə Əlişir Nəvai Caminin Fərrux Yasara məktublarını toplayaraq saxlamışdır.[64] Fərrux Yasarın saray xəttatı Şərəfəddin Hüseyn Sultani tərəfindən 1468-ci ildə hazırlanan antologiya əsərində Kamal Xocəndinin divanı da köçürülmüş, Kəlilə və Dimnənin bir surəti hazırlanmışdır. Bu kitabda Hafiz, Əmir Xosrov, Katibi, Bisati, Cami, Tusi və Nasir Buxarai kimi şairlərin əsərləri toplanmışdır.[65]
1497-ci ildə Şəki hakimi Şah Hüseynlə Fərrux Yasar arasında hərbi toqquşmaya gətirib çıxaran narazılıq baş verdi. Şirvanşahın Şah Hüseyn tərəfindən qızışdırılan oğlu Şeyxşah da Fərrux Yasara qarşı çıxdı. Onlar 8 gün ərzində Şirvanın tərkibinə daxil olan Qəbələ mahalını viran və talan etdilər. Lakin digər oğulları və böyük qoşunla Qəbələ hakimi Əbülfət bəyin köməyinə gələn Fərrux Yasar Şah Hüseyn və Şeyxşahın qoşunlarını məğlub etdi. Bundan sonra Şeyxşah atası ilə barışdı.[66]
Fərrux Yasar dövlət idarəçiliyinə, Şirvanın şəhər və yerlərində rəiyyətin dolanışığına böyük diqqət yetirir, qanuna riayət olunmasını tələb edirdi. O, dövlət idarəçiliyinin mühüm məsələlərində alimlərin və ali rütbəli din xadimlərinin fikrilə hesablaşırdı. Şirvanşah onların rolunu yüksək qiymətləndirir, onlara dövlətin dayağı kimi baxır, rəiyyəti onların köməyi olmadan itaətdə saxlamağı mümkün saymırdı.[67] Fərrux Yasar dərvişlərə ehtiram göstərir, xeyriyyə işləri ilə məşğul olurdu. O, h.895 (1490)-cı ildə Bakıdakı Əbu Səid ibadətgahının vəqfinə Abşeronda neftli torpaqlar, əkin yerləri və üzümlüklər vermişdi.[68]
Fərrux Yasarın həlak olması ilə Şirvanşahlar dövlətinin tərəqqisinə və qüdrətinə son qoyuldu.
Fərrux Yasar Qaytaq Usmisi Adil bəyin bacısı ilə evlənmişdi. Övladları:
Fərrux Yassarın qəbri Şamaxının Cabanı kəndindədir, qəbir 1983-cü ildə kənd sakini Alxan Ömərov tərəfindən tapılıb. Lakin məzar baxımsız vəziyyətdədir və lazımi dəyər verilmir.[71]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.