Türkiyədə din
From Wikipedia, the free encyclopedia
Türkiyədə din — Türkiyə Respublikasının Konstitusiyasına əsasən Türkiyə dünyəvi dövlətdir. Bu səbəbdən də din və dövlət işləri ayrılmışdır. Konstitusiyaya görə dini və ya etnik bir siyasi partiyanın yaradılması qadağandır. Respublikanın ilk illərində dinin dövlətin nəzarəti xaricində aparılmaması və dövlət tərəfindən xüsusi orqanlar vasitəsilə nəzarət edilməsinə qərar verilmişdir. Bu qərara əsasən Diyanət İşləri Nazirliyi, 3 mart 1924-cü ildə Baş Nazirliyə bağlı bir təşkilat olaraq qurulmuşdur. Bu orqan fərdlərə dini xidmətlər göstərmək və məscidlər kimi müsəlman ibadət yerlərini idarə etməkdən məsul tutulmuşdur.
|
Dini etiqad və inamsızlıq, dini qaydaları fərdi olaraq tətbiq etmə və ya etməmə azadlığı konstitusiya ilə qorunur. 1923-cü ildən əvvəl qüvvədə olan dini qanunlar tamamilə ləğv edildi. Osmanlı Dövlətində rəsmi mənsubiyyət elementi olan "Müsəlman" konsepsiyası 1923-cü ildən bəri istifadə edilməmişdir və bu mənsubluğu "Türk" konsepsiyası əvəz etmişdir.[1] Qeyri-müsəlmanlar, ümumi əhalinin çox az bir hissəsini (0,2%-dən az) təşkil edir. Qeyri-müsəlmanların 30,524 nəfəri erməni qriqorian, 25,114 nəfəri yəhudi, 17.194 nəfəri suriyalı, 2270 nəfəri yunan pravoslav və 5628 nəfəri isə müxtəlif din və məzhəblərə etiqad edən insanlardan təşkil olunmuşdur. Türkiyədəki yunan pravoslavlarının böyük əksəriyyəti Lozanna müqaviləsi çərçivəsində Yunanıstana köçmüşdür. Qərbi Frakiyada yaşayan müsəlmanlar və İstanbulda yaşayan yunanlar əhali mübadiləsindən iştirak etməmişdir. Balkan yarımadası və Şimali Qafqazda yaşayan müsəlmanların böyük bir qismi, Serbiya və Çar Rusiyası ordusu tərəfindən Türkiyəyə sürgün edilmişdir. Bugünkü yunan əhalisinin təqribən yarısı Mərkəzi Asiyadan köç etmiş yunanlardan ibarətdir. Bu mühacirlərdən bəziləri qaraman adlanan yunan dilində danışa bilməyən, lakin yazıda yunan əlifbasından istifadə edən xristianlaşmış səlcuqlu türkləri olmuşdur.[2][3]
Türkiyə Respublikası vətəndaşlarının əksəriyyəti müsəlmandır. Müsəlman vətəndaşların əksəriyyəti sünni məzhəbindəndir və sünnilərin əksəriyyəti hənəfidir. Türkiyədə sünni müsəlmanlarından sonra ən çox şiələr yayılmışdır. Türkiyədə şiələrə əsasən Sivas, Çorum, Tokat, Ərzincan, Malatya və Tunceli vilayətlərində rast gəlmək mümkündür. Bunlardan başqa Şafi və Cəfəri kimi digər məzhəblərə mənsub vətəndaşlar da var. Cəfəri müsəlmanlarının böyük bir hissəsi İğdırda yayılmışdır.[4]
Türkiyədəki ümumi xristian əhalisi 320.000 nəfərdir. Həmçinin, Türkiyə əhalisinin 2%-ni ateistlər, 3%-ni aqnostiklər 1%-ni isə deistlər təşkil edir.[5]