![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a4/Emblem_of_Turkey.svg/langaz-640px-Emblem_of_Turkey.svg.png&w=640&q=50)
Türkiyənin təhsil sistemi
From Wikipedia, the free encyclopedia
Türkiyənin təhsil sistemi — Türkiyə Respublikası sərhədləri daxilində fəaliyyət göstərən ibtidai, orta, tam orta və ali təhsil müəssisələrində tədris edilən təhsil sistemi. Təhsil Nazirliyi, Türkiyə Respublikası Konstitusiyasında qəbul edilmiş mərkəzi hökumət siyasətinə uyğun olaraq bütün təhsil fəaliyyətlərinin həyata keçirilməsindən məsuldur.
|
1923-cü ildə Türkiyə Respublikasının, 1924-cü ildə Konstitusiyasının yaradılmasından sonra, təhsilin hər iki cins üçün icbari və pulsuz olmasını göstərən qanun qəbul edildi. Respublika dövründə təhsil sistemi hökumətin xüsusi nəzarəti altında olmuş, daim inkişaf etdirilmişdir. 1924-cü ildə qəbul edilmiş Təhsil Birliyi Qanunu ilə birlikdə Təhsil Nazirliyi yaradılmış və ölkədəki bütün elmi və təhsil müəssisələrini bir yerə toplanmış, bütün dini məktəblər ləğv edilmiş və xarici məktəblər dövlət nəzarətinə keçmiş və Qərbi Avropa modelinə əsaslanan yerli təhsil sistemi qurulmuşdur. 2012—13 tədris ilindən bəri Türkiyədə məcburi təhsil 12 ilə qaldırılmışdır.
Təhsil səviyyələri məktəbəqədər, ibtidai, orta və tam orta təhsildən ibarətdir. Birinci səviyyə 4 illik ibtidai məktəb (1, 2, 3 və 4-cü siniflər), ikinci səviyyə 4 illik orta məktəb (5, 6, 7 və 8-ci siniflər) və üçüncü səviyyə 4 illik tam orta məktəb (9, 10, 11 və 12-ci sinif). İbtidai, orta və tam orta məktəb səviyyələrindən əlavə, xüsusi təhsil ehtiyacı olan şəxslər üçün məktəbəqədər təhsil səviyyəsi də məcburidir.
Türkiyə Təhsil Nazirliyi tərəfindən 2017—18 tədris ilində ilk dəfə YKS adlı yeni bir ali məktəbə keçid imtahanı təqdim edilmişdir. İmtahan 2 seansdan ibarət olmuş, abituriyentlərin bilik və bacarıqlarının daha açıq şəkildə aydınlaşdırılmasına şərait yaratmışdır. İmtahan nəticəsi 100–500 ballıq sistem ilə hesablanır. 150 balı keçən hər bir abituriyent qəbul müsabiqəsində iştirak haqqı qazanır və ümumilikdə 30 ədəd ixtisas yaza bilir. Ali təhsil müəssisələrində fakültə və kollec olaraq iki bölmə ayrılır. Fakültələr adətən dörd il, kolleclər isə iki illik təhsil verillər. Türkiyədə universitetdən qovulmaq yoxdur.
Türkiyənin rəsmi dili türk dilidir. Təhsil və təlim dili ilə əlaqədar olaraq, Konstitusiyanın 42-ci maddəsində "Təhsil və tədris müəssisələrində türk dilindən başqa heç bir dil ana dil olaraq türk vətəndaşlarına öyrədilə bilməz. Təhsil və tədris müəssisələrində tədris ediləcək xarici dillər və xarici dildə təhsil verən məktəblərə tabe olan prinsiplər qanunla tənzimlənir. Beynəlxalq müqavilələrin müddəaları qorunur." qanunu fəaliyyətdədir.
2002-ci ildə Türkiyədə Təhsil Nazirliyi və xüsusi və beynəlxalq fondlar vasitəsi ilə ayrılan dövlət büdcəsi də daxil olmaqla təhsilə ayrılan ümumi xərclər 13,4 milyard dollar təşkil etmişdir. Bu göstərici, digər illərə nisbətən 2,5% daha çox olmuşdur.