From Wikipedia, the free encyclopedia
Türkiyə tarixi — Anadolunun türkləşməsindən sonra Anadoluda yaranan və sonra genişlənən türk dövlətçiliyinin tarixidir. İlk iki əsrində Səlcuqlular, XIII əsrin sonlarından isə Osmanoğullarının siyasi idarəçiliyi ilə davam edən bu dövlətçilik 1923-cü ildən başlayaraq Cumhuriyyət şəklində mövcuddur. Kiçik Asiyada bir çox mədəniyyət və qədim dövlətlər yaranmış, burada birbaşa və ya dolayısı yolla dünyaya təsir edəcək böyük güc mərkəzləri meydana gəlmişdir. Səlcuqlar XI əsrdə Bizans İmperiyasını çökdürən və bu ərazilərdə böyük kök salıb, regionu dünyanın ən böyük mədəni, elmi və siyasi mərkəzlərindən birinə çevirmiş ilk türk sülaləsidir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İkinci Dünya müharibəsi başlayanda Qərb dövlətləri SSRİ ilə Almaniyanı Türkiyə vasitəsilə toqquşdurmağa çalışırdılar. Buna görə də Türkiyə sovet hökumətinə qarşılıqlı yardım haqqında müqavilə imzalamağı təklif etdi. SSRİ bu müqavilə vasitəsilə Fransa və İngiltərə ilə əlaqə yarada bilərdi. Lakin özünü bitərəf elan edən SSRİ bu təklifi rədd etdi. O, əvəzində Türkiyəyə Qara dəniz və boğazlar rayonunda qarşılıqlı yardım haqqında ikitərəfli saziş təklifini irəli sürdü. Türkiyə isə bu təkliflə razılaşmadı. 1939-cu il oktyabrın 19-da, İkinci Dünya müharibəsinin başlanmasından bir ay sonra Türkiyə İngiltərə və Fransa ilə qarşılıqlı yardım haqqında hərbi müqavilə imzaladı.
1980–90-cı illərdə Türkiyənin xarici siyasətində ənənəvi kurs toxunulmaz olaraq saxlanılmışdır. Belə ki, 12 sentyabr 1980-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi K. Evrenin başçılığı ilə hərbi çevriliş baş verdi. Çevrilişdən sonra da Türkiyə NATO və digər müttəfiqlik müqavilə və sazişlərinə sadiq olaraq qalır, başda qonşular olmaqla bütün ölkələrlə qarşılıqlı suverenlik və hörmət, bir-birinin daxili işlərinə qarışmamaq əsasında və bərabər şərtlər daxilində iqtisadi, sosial və mədəni əlaqələri inkişaf etdirmək qərarındadır. Türkiyənin siyasi kursu Atatürkün müəyyən etdiyi sülhsevər kursa uyğun olaraq bütün ölkələrlə bağımsızlıq, suverenlik və ərazi toxunulmazlığına hörmət və bərabər hüquqlar əsasında münasibətlərin davam etdirilməsi, Türkiyənin iştirak etdiyi ikili və çoxtərəfli müqavilələrə sədaqət, NATO və ABŞ ilə əlaqələrin genişləndirilməsi, AİT daxilində tam üzvlük üçün çalışılması, ərəb ölkələri, İran və Pakistan ilə əlaqələrin qonşuluq və coğrafi yaxınlığın da tələb etdiyi bir düşüncə əsasında qurulması, Fələstin xalqının haqlı mübarizəsinin dəstəklənməsi, Sovet İttifaqı ilə olan dostluq münasibətlərinin inkişaf etdirilməsi, Yunanıstanla olan problemlərin ədalətli və qarşılıqlı maraqlara uyğun şəkildə həllinə cəhd göstərilməsi, Kiprdə iki bölgəli və iki icmalı federal bir rejimin yaradılmasına çalışılması və s.
Hakimiyyətin hərbçilərin əlinə keçməsi faktından bəzi xarici qüvvələr yararlanmağa təşəbbüslər etdilər. Məsələn, Türkiyə Avropa Şurasının üzvü olaraq qalsa da, o, təşkilatın ayrı-ayrı orqanlarında məhdud şəkildə təmsil olunurdu. Bu hal 1983-cü il seçkilərinin sonuna qədər davam etdi. Ölkənin Avropa İqtisadi Təşkilatına üzvlük cəhdləri bir qədər səngidi. Türkiyə ilə eyni vəziyyətdə olan Yunanıstan isə AB-ə qəbul olundu. Bəzi Avropa dövlətləri türk vətəndaşlarına viza verilməsini çətinləşdirdilər. Bunlara baxmayaraq, B. Ulusu hökuməti elan etdiyi proqramın həyata keçirilməsində qərarlı oldu və xeyli uğurlar qazandı. ABŞ ilə münasibətlər istər NATO çərçivəsində, istərsə də ikitərəfli qaydada inkişaf etməkdə idi. Hələ 29 mart 1980-ci ildə imzalanan "Müdafiə və iqtisadi sahədə əməkdaşlıq haqqında" saziş bu inkişafın təməlində dururdu. Sazişə görə ABŞ Türkiyəyə nəinki maliyyə və iqtisadi yardımlarını, silah və hərbi ləvazimat verilməsini davam etdirir, həm də müxtəlif kömək formalarını və Türkiyənin hərb sənayesini inkişaf etdirmək sahəsində onunla əməkdaşlığı genişləndirirdi. Sovet İttifaqı ilə münasibətlər rus-sovet qoşunlarının Əfqanıstanı işğal etməsi, eləcə də bu dövlətin Türkiyədəki bəzi separatçı qüvvələri dəstəkləməsi, hətta təşkilatlandırması və silahlandırması səbəbindən xeyli sərinləşsə də, ancaq B. Ulusu hökuməti qonşu dövlətə arxa çevirmədi, onunla münasibətlərdə olan gərginliklərin aradan qaldırılmasına səy və cəhdlər göstərdi. Yunanıstanla münasibətlərdə "xeyirxah" bir davranış göstərilirdi. Türkiyə hətta onun NATO-nun hərbi qanadına qayıtmasına qarşı çıxmadı. Lakin bu davranış adekvat cavab olmadı. Əksinə, 1981-ci ildə Panhellinik Sosialist Hərəkat Partiyasının (RASOK) və lideri Andreas Papandreunun iqtidara gəlməsindən sonra münasibətlər kifayət qədər gərgin bir məcraya girdi. Xüsusi ilə də Yunanıstan Avropa İqtisadi Təşkilatında antitürk ovqatının şişirdilməsi yolunda öz əməyini əsirgəmirdi. 1982-ci ildə BMT tərəfindən "Dəniz hüququ haqqında konvensiya"ya görə ərazi sularının qurudan 12 mil məsafədə müəyyənləşdirilməsi Yunanıstana Egey dənizində öz hüquqlarını genişləndirməyə şans yaradırdı. Lakin Türkiyə qəti şəkildə bildirdi ki, Yunanıstanın bu sahədə hər hansı bir təşəbbüsü tərəflər arasında savaşın səbəbi olacaqdır. Yunanıstan geri çəkildi, ancaq münasibətlər bir qədər də korlandı. Qərbi Frakiyada türklərə qarşı basqılar artdı. 1980-ci ildən Kiprdə ikitərəfli danışıqların dayandırılması, problemin həlli yolunda heç bir irəliləyişin olmaması səbəbindən və Yunanıstanın adada öz planlarının gerçəkləşməsi istiqamətində fəallaşmaq cəhdlərinə Kiprin türk icması 13 noyabr 1983-cü ildə Qüzey Kipr Türk Cümhuriyyəti adı altında öz bağımsızlığını elan etməklə cavab verdi. Üçüncü dünya və islam ölkələri ilə münasibətlərdə ciddi bir yüksəliş yarandı. Türkiyə istər Uzaq Şərq, istərsə də ərəb ölkələri ilə münasibətlərə önəm verir, onlarla hər cür iqtisadi əməkdaşlığa çalışırdı. İslam ölkələri ilə yaxınlaşmağın göstəricisi kimi Türkiyə İslam Konfransı Təşkilatının işində daha yaxından iştirak etməyə başladı. Doğrudur, İKT ilə əvvəllər də müəyyən təmaslar var idi. 1975-ci ildə xarici işlər naziri Çağlayangil Konfransın işinə qatılmış, sonrakı ildə Konfransa və onun yardımçı orqanlarına ev sahibliyi edilmişdi. Lakin Türkiyənin bu təşkilatın tam hüquqlu üzvünə çevrilməsi B. Ulusu iqtidarının dövrünə düşür.
T. Özal hökuməti də beynəlxalq miqyaslı məsələlərin çözülməsində ABŞ ilə olan bağlılığa bir təməl kimi yanaşmışdır. Təbiidir ki, ABŞ ilə münasibətlərin bu səviyyədə olması bir tərəfdən soyuq müharibənin davam etdiyi bir zamanda Türkiyənin təhlükəsizliyinin təmini üçün lazım olan hərbi və iqtisadi yardımlar almaq ehtiyacından irəli gəlirdisə, o biri tərəfdən ABŞ-nin strateji maraqlarından qaynaqlanırdı. Demək lazımdır ki, hər iki dövlət bu məqsədlə lazım olan hər şeyi edirdi. Türkiyədə hərbi obyektlərin və bazaların modernləşdirilməsi, yenilərinin tikilməsi, həmin məqsədlər üçün maliyyə yardımlarının verilməsi və s.-ni ABŞ edirdisə, hərbi baza və aerodromlardan, "müharibə və böhranlı vəziyyət yarandıqda" Türkiyə ərazisindəki ABŞ hərbi qüvvələrinin istifadəsinə icazə verilməsi, VI donanmanın yanacaqla təchizatı, gəmilərin təmiri və gəmi heyətinin istirahətinin təşkili Türkiyə tərəfindən edilirdi. Türkiyəyə göstərilən maliyyə yardımları xeyli artmışdır. 1978/79-cu maliyyə ilində alınan yardım 175 mln dollar məbləğində idisə, bu rəqəm 1984-cü ildə 718 mln, 1986-cı ildə 615 mln, 1988-ci ildə 490 mln dollar məbləğində olmuşdur. Ümumiyyətlə isə 1981–1988-ci illərdə edilən yardımların həcmi 4 mld dollardan artıq idi. Məhz bu yardımlar sayəsində Türkiyə haqqında danışılan dövrdə öz hərbi və iqtisadi potensialını xeyli möhkəmlədə bildi, istər 80-ci, istərsə də 90-cı illərdə qonşuları ilə münasibətlərdə daha inamlı oldu. Bu hal xüsusi ilə də 80-ci illərin sonlarında Sovetlər İttifaqı və onun başçılıq etdiyi sosializm sisteminin sarsılması və sonra isə ümumiyyətlə çöküşü zəminində dünya durumunda baş verən dəyişikliklər dövründə özünü çox açıq şəkildə göstərdi. Sovetlər İttifaqının dağılmasından sonra yeni yaranan türk dövlətləri ilə münasibətlər Türkiyə xarici siyasətinin ən fəal sahəsi oldu. 90-cı illərdə həmin dövlətlərlə Türkiyə arasında çoxsaylı səfərlər, yaxınlaşma və müxtəlif qayəli sənədlərin imzalanması davamlı xarakter aldı.
Haqqında danışılan dövrdə Türkiyənin strateji maraqlar baxımından əməkdaşlığa üstünlük verdiyi dövlət kimi Almaniya Federativ Respublikasını qeyd etmək istərdik. NATO üzvü olan hər iki dövlətin Varşava bloku ölkələrinin sərhədlərində yerləşməsi və oxşar geostrateji durumu bu əməkdaşlığın başlıca səbəbi idi və həmin baxımdan da, o, daha çox hərbi sahələri əhatə edirdi. Bəlli olduğu kimi Türkiyə -AFR hərbi iqtisadi əməkdaşlığının əsası 1964-cü ildə qoyulmuşdu və AFR hər il yarım üçün Türkiyəyə yardım verirdi. 1983-cü ildən onun ümumi məbləği 130 mln marka çatdırılmışdı. 1986-cı ildə həmin rəqəm artıq 1450 mln marka bərabər idi. 23 yanvar 1986-cı ildə bağlanan yeni sazişə görə AFR hərbi müdafiə sisteminin möhkəmləndirilməsi üçün Türkiyəyə tanklar, təyyarələr verməyi, hərbi texnikanın təmiri üzrə müəssisələrin və ehtiyat hissələr buraxan zavodların inşa edilməsini öz üzərinə götürdü. AFR hazırda da Türkiyəyə iqtisadi yardım göstərən əsas ölkələrdən birisidir və iki dövlət arasında xarici ticarət əlaqələri yüksək səviyyədədir. Almaniyada yaşayan və işləyən Türkiyə vətəndaşları ilə bağlı problemlər, xüsusi ilə də onların azad surətdə gəlib-getməsi və sosial vəziyyəti məsələləri iki dövlət rəhbərlərinin görüşlərində davamlı müzakirə edilmiş, lazımi tədbirlər görülmüşdür. Türkiyənin digər Avropa dövlətləri ilə münasibətləri də normal bir məcrada getmişdir. Lakin bununla yanaşı, Türkiyənin Avropa Birliyində tam üzv kimi təmsilçiliyi məsələsi bu gün də həmin münasibətlərin düyün nöqtəsi olaraq qalmaqdadır. Bu barədə Türkiyənin 14 aprel 1987-ci ildə Avropa İttifaqı Nazirlər Şurasına verdiyi ərizəyə 1989-cu ilin dekabr ayında cavab verildi ki, məsələni araşdıran komissiyanın verdiyi hesabat tam üzvlüyə imkan vermir və 1993-cü ilə qədər tam üzvlük məsələsinin həllinə qayıdılmayacaqdır. Sonrakı illərdə də məsələnin həlli başa çatmamışdır. Bu sahədə ən böyük uğur 1995-ci ilin əvvəlində Türkiyənin AB ilə gömrük birliyinə girməsi haqqında sənədin imzalanmasıdır.
Türkiyənin xarici siyasətində həlli ölkə üçün həyati məna kəsb edən bir sıra başqa problemlər də 80–90-cı illərdə xüsusi önəm verilən istiqamətlər olaraq qalmışdır. Bunlardan birisi Yunanıstanla olan mübahisəli məqamlardır. Kipr məsələsi həmin məqamların önündə gəlir. 1983-cü ildən sonrakı dövrdə də yaxşılığa doğru əsaslı bir dönüş olmamışdır. Əksinə, Qərbi Frakiyada türklərin vəziyyəti ilə bağlı iki dövlət arasında baş verən münaqişə qarşılıqlı olaraq Səlanik və İstanbul baş konsullarının "arzuolunmayan şəxs" elan edilməsi ilə nəticələndi. Doğrudur, T. Özal iqtidarı Yunanıstanın "türk düşmənçiliyi" kimi sərt siyasətinə qarşı daha çox "dostluq əli uzatmaq" siyasəti yürütməyə çalışırdı və bu baxımdan bəzi cəhdlər də göstərildi. Lakin A. Papandreunun 1989-cu ilin noyabrında hakimiyyətdən getməsinə qədər iki qonşu arasındakı gərginlik və böhranlar heç cür səngimədi. İlk böyük böhran 1984-cü ilin avqustunda baş verdi. Limni böhranı adı ilə tanınan bu məsələnin əsasında o dururdu ki, NATO-nun Baş Qərargah rəisi general Rocers Cənubi Egeydə Sovet İttifaqına qarşı bir müdafiə xətti yaradılmasını təklif etdi və bu məqsədlə Limni adasında hərbi bazalar inşa edilməsini istədi. Lakin Türkiyə təklifin Lozanna sazişinə uyğun olmaması səbəbindən ona qarşı çıxdı və nəticədə NATO-nun baş katibi və baş qərargah rəisinin güclü təzyiqlərinə məruz qaldı. Yunanıstan isə təklifi israrla müdafiə edir və dəstəkləyirdi. 1985-ci ilin martında T. Özal Yunanıstanı mübahisəli məsələlər ətrafında dialoqa çağırdıqda, Yunanıstan qəbulu hələlik mümkünsüz olan iki şərt irəli sürdü: birincisi, Şimali Kiprdəki türk qüvvələri (yunanların təbirincə, işğal qüvvələri) adadan çıxarılmalı və ikincisi, Türkiyə Egeydəki iddialarından əl çəkməlidir. Dialoq baş tutmadı. Yunanıstan 1987-ci ilin martında iki dövlət arasında az qala savaşa səbəb ola biləcək təşəbbüsə cəhd göstərdi. Belə ki, 6 martda Cənubi Egedə Taşoz adası sahillərində neft kəşfiyyatı işləri aparmaq üçün bir beynəlxalq konsorsiuma icazə verdi. Buna cavab olaraq Türkiyə də 25 martda Türkiyə Petrolları şirkətinə icazə verdi ki, Midilli-Limni-Semadirək üçbucağında beynəlxalq sularda neft axtarışı işlərinə başlasın. Yunanıstan Türkiyəni onun ərazi sularına girməkdə ittiham etdi və bildirdi ki, öz "suveren" hüquqlarını qorumaq üçün o, hər şeyə hazırdır. Baş nazir A. Papandreu 27 martda söylədiyi çıxışında "Türkiyə bu təcavüzkar hərəkətlərinə son qoymasa" yunan silahlı qüvvələrinin "türklərə çox ağır bir dərs verəcəyini" açıqladı. Elə həmin gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmin təhdidə verdiyi cavabda bildirdi ki, əgər neft axtarışı işləri aparacaq türk gəmisinin işinə hər hansı bir maneə olarsa, "tərəddüdsüz" adekvat reaksiya ilə qarşılanacaqdır. Gərginliyin son həddə çatdığı və silahların işə düşəcəyinə şübhə qalmadıqda NATO hərəkətə keçdi, onun vasitəçiliyi ilə böhranı aradan qaldırmaq mümkün oldu. Nəhayət, baş nazir T. Özalın ciddi cəhdləri nəticəsində iki ölkənin baş nazirləri 1988-ci ilin 30 və 31 yanvarında İsveçrənin Davos şəhərində bir araya gəldilər. Görüşün sonunda tərəflər doqquz maddədən ibarət sənəd imzaladılar. Orada deyilirdi ki, mübahisəli məsələlərin həlli mümkün olmasa da, iki dövlət arasında münasibətləri qaydaya salmaq üçün müəyyən prinsiplər qəbul edilir, tərəflər bir-birinə xoş niyyətlə yanaşacaq, ortaq bir zəmində hərəkət edəcək, iqtisadi iş birliyinə və problemlərin köklü həllinə yönəli yol tutacaqlar. Nəhayət, 1989-cu ildə Yunanıstanda Yeni Demokratiya Partiyasının iqtidara gəlməsindən sonra iki dövlət arasında münasibətlərdə bir dəyişiklik oldu. Yeni hökumət öz sələfinin "böhranlar yaratmaq" kursundan imtina etdi, münasibətlərdə müəyyən bir sükunət yaratdı. Tədqiqatçıların fikrinə görə 1990-cı ilin avqustunda baş verən Körfəz savaşı dövründə ABŞ-Türkiyə yaxınlaşmasının da bu məsələdə rolu böyük olmuşdur. Lakin 1992-ci ildən Balkan yarımadasında baş verən hadisələrə münasibətdə tərəflərin fərqli mövqe tutması, müşahidəçilərin təbirincə desək, Türkiyə ilə Yunanıstan arasında "suyun altında" bir "Balkanlar mübarizəsi" başlamasına gətirmişdir.
80–90-cı illərdə Türkiyə üçün yeni problem yarandı. Bu, həmin dövrdə Bolqarıstanda yaşayan türklərlə bağlı idi. Əvvəllər Bolqarıstanla münasibətlərdə bir yaxınlıq olmasa da, anormal hallar da yox idi. Lakin 1984-cü ildən T. Jivkovun kommunist rejiminin türklərə qarşı zorakı assimlyasiya siyasəti onların həyatını dözülməz etdi. Türklər "müsəlmanlaşdırılmış bolqar" adlandırılır, hər cür milli -mənəvi məhrumiyyətlərə məruz qoyulurdu. Türkiyə ATƏT çərçivəsində dəfələrlə Bolqarıstana notalar verdi. Lakin yaxşılığa doğru heç nə olmadı. Əksinə, Bolqarıstanda yaşayan türklər müxtəlif yollarla öz yurd-yuvalarından qovuldular və 1989-cu ilin ortalarında 300 min nəfərdən çox insan Türkiyəyə qaçmağa məcbur oldu. İki dövlət arasında münasibətlər xeyli gərginləşdi və bu hal Bolqarıstanda kommunist rejiminin yıxılmasına qədər davam etdi. Artıq 90-cı illərdə münasibətlər normal bir məcraya düşmüş, Bolqarıstan Türkiyə üçün yeni əhəmiyyət kəsb edən, müxtəlif qayəli əməkdaşlığın və yaxınlaşmanın inkişafında maraqlı olan bir qonşuya çevrilmişdir.
90-cı illərin əvvəli, bəlli olduğu kimi, Körfəz böhranının baş verməsi ilə əlamətdardır. 2 avqust 1990-cı ildə İraqın Küveyti işğal etməsi dünya birliyi tərəfindən kəskin etirazla qarşılandı. Türkiyə də bu böhranın həllində fəal iştirak edən dövlətlərdən oldu. 17 yanvar 1991-ci ildə İraqa qarşı NATO qüvvələri Səhra fırtınası adı altında hərəkata başladıqda Türkiyədəki hərbi bazalardan da istifadə edildi. Həmin vaxtdan Türkiyə xarici siyasətində İraqla bağlı yeni bir məsələ də özünə yer tapdı. Bu, İraqın şimalında kürd separatizmi və onun təmsilçiləri ilə Türkiyənin təmas yaratmasıdır. Türkiyə müstəqil bir kürd dövlətinin yaradılmasına qarşıdır və İraqın ərazi bütövlüyünü müdafiə edir. Bunun müqabilində İraq ərazisindəki PKK terrorçularının bazalarına Türkiyənin havadan zərbə endirməsinə icazə vermişdir. Həm də qeyd edək ki, İraqın kürd separatçılarına qarşı cəza tədbirlərindən qaçan 400 mindən çox kürd Türkiyəyə sığınmışdır. PKK terrorçularının yerləşdiyi mərkəzlərdən birisi də qonşu Suriyadadır və o, bu amildən Türkiyəyə qarşı siyasətində yararlanmağa çalışır. İstər Suriya, istərsə də İraqla münasibətlərə gərginlik gətirən amillərdən birisi də Dəclə və Fərat çaylarının suyundan istifadə ilə bağlıdır.
Ümumiyyətlə, 90-cı illərin əvvəllərindən Türkiyənin xarici siyasi kursunda iki cəhətə xüsusi önəm verilməsi ənənə halına gəlmişdir. Bunlardan birincisi onun dünya ölkələri ilə öz iqtisadi əlaqələrini eninə və dərininə inkişaf etdirmək, ikincisi isə Sovet İttifaqının çöküşü və həmin dövrdə dünyada baş verən bir sıra dəyişikliklər zəminində regionda öz mövqelərini gücləndirmək, orada hadisələrin gedişinə təsir göstərməkdə sözü və yeri olan dövlətə çevrilmək səyləridir.
Türkiyə xarici iqtisadi əlaqələrini genişləndirməyə əslində 80-ci illərin sonundan başlamışdır. O, T. Özalın sözləri ilə desək, "Avropa ilə müdafiə sahəsindəki əməkdaşlığın iqtisadi sahədə əməkdaşlıqla uyğunlaşdırmağın zərurətini" dilə gətirir, irəlidə göstərildiyi kimi, Avropa Birliyində tam təmsil olunmaq cəhdləri ilə yanaşı (1997-ci ildə Avropa İttifaqına üzvlüyü rədd edilən Türkiyə 1999-cu ildən həmin təşkilatın üzvlüyünə namizəd seçildi-müəl.) digər qonşu və uzaq ölkələrlə əlaqələrini genişləndirirdi. Bu baxımdan ABŞ, Orta Şərq regionu ölkələri, Sovet İttifaqı və onun dağılmasından sonra yaranmış müstəqil dövlətlərlə, xüsusi ilə Yaponiya və Cənubi Koreya kimi ölkələrlə əməkdaşlığın bütün 90-cı illər ərzində, elə bu gün də yüksələn xətlə inkişaf etdiyini qeyd etmək lazımdır. Ümumiyyətlə 90-cı illərdə Türkiyənin xarici siyasətində əvvəllər formalaşmış və dönməz xarakter almış başlıca prinsiplərə sədaqətlə əməl olunmasına önəm verilməsi ilə yanaşı bir sıra yeniləşmələrin də təzahür etdiyini söyləməliyik.
Birinci yenilik odur ki, "soyuq müharibə"nin başa çatması Türkiyənin Sovet İttifaqının varisi olan Rusiya Federasiyası ilə bütün sahələr üzrə əlaqələrinin canlanmasına güclü impuls verdi və bunun başlanğıcı 25 may 1992-ci ildə imzalanmış Türkiyə-Rusiya münasibətlərinin əsasları haqqında müqavilə ilə (müqavilə 1994-cü ildə hər iki dövlətin parlamentləri tərəfindən ratifikasiya edilmişdir-müəl.) qoyulmuşdur. Müşahidəçilər bu müqaviləni yeni eraya qədəm qoyan iki dövlət arasındakı münasibətlərdə keyfiyyətcə yeni səhifə kimi dəyərləndirirlər. Müqavilə iki dövlət arasında iqtisadi-ticarət əlaqələrinə geniş imkanlar yaratdı. Onların arasındakı mal dövriyyəsi son on ildə beş dəfədən çox artmış, 90-cı illərin sonlarında 10 mld dollar dəyərində olmuşdur. Bu rəqəm 2010-cu ildə 30–40 mld dollara çatdı. Hazırda Rusiyada yüzdən çox türk şirkəti çalışır və onların yerinə yetirdiyi işlərin ümumi dəyəri illik 6 mld dollar məbləğindədir. Hər iki dövlət Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcılarıdır və təşkilat çərçivəsində fəal işbirliyi göstərirlər. Müşahidəçilərin yekdil rəyinə görə 2000-ci ilə qədər iki dövlət arasındakı münasibətlər kifayət qədər normal məcrada olmuşdur və onun yeni əsrdə də belə qalacağı şübhə doğurmur.
İkinci yenilik odur ki, indiyə qədər bir qayda olaraq xaricdən maliyyə və iqtisadi texniki yardımlar alan, xarici mütəxəssislərin köməyi ilə ölkə iqtisadiyyatında müxtəlif istehsal sahələri quran Türkiyə 90-cı illərdə dünyanın 60-a yaxın ölkəsinə kapital qoyuluşunda və orada bir sıra iri layihələrin həyata keçirilməsində iştirak edir. Yalnız MDB ölkələrinə qoyulan kapitalın ümumi həcmi 27 mld dollardır ki, onun da çox böyük bir hissəsi RF-nin payına düşür.
Üçüncü yenilik odur ki, bir zamanlar öz müdafiə qabiliyyətini xaricdən alınan hərbi texnika və silahlar hesabına quran Türkiyə 90-cı illərdə dünyanın 50-dən çox ölkəsinə silah satır. Onların sırasında NATO üzvü olan ABŞ, Böyük Britaniya, İtaliya, Kanada, Çexiya və Polşa, eləcə də Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt və Liviya kimi ərəb dövlətləri və digərləri vardır.
Dördüncü yenilik odur ki, Türkiyə bu gün regionun böyük və güclü dövləti rolundadır. Əlverişli coğrafi vəziyyəti və dinamik inkişaf edən iqtisadi potensialı imkan verir ki, o, dünyanın bir sıra mühüm regionlarında öz təsirini və mövqeyini gücləndirmək üçün məqsədyönlü siyasət apara bilsin. Yaxın və Orta Şərq, Balkan, Qafqaz və Mərkəzi Asiya ölkələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Beşinci yenilik odur ki, Türkiyə bağımsız Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi türk dövlətləri ilə münasibətlərə bir türk məkanın yaradılmasının rəhni kimi yanaşır. Türkiyə bu dövlətlərin hərtərəfli inkişafı yolunda lazım olan hər şeyi etməyə hazır olduğunu dəfələrlə əməldə göstərə bilmişdir. Türk dövlətləri arasında həyatın bütün sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və inkişafı ilə bağlı olan bütün məsələlər dövlət başçılarının zirvə toplantısında müzakirə edilir və razılaşdırılır. İlk zirvə toplantısı 30–31 oktyabr 1992-ci ildə Ankarada keçirilmişdir. İndiyə qədər mütəmadi olaraq davam edən bu toplantıların altıncısı 8–9 aprel 2000-ci ildə Bakıda, axırıncı isə 26–27 aprel 2001-ci ildə İstanbulda olmuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.