Türkiyə memarlığı
From Wikipedia, the free encyclopedia
Türk memarlığı, Türkiyədə memarlıq və ya Türkiyə Respublikası dövrü memarlığı — 1923-cü ildə qurulan, Türkiyə Respublikası ərazisində davam edən memarlıq prosesi.[1][2] Mövcud memarlıq üslubu, müəyyən dövrlərdə Türkiyə tarixi boyunca yaşanan xüsusi problemlər, qarşıdurma, müharibə və mitinqlərdən meydana gəlmişdir. Bu ziddiyyətlər arasında ən başlıcası, xüsusilə respublikanın ilk dövrlərində gündəmə gələn Şərq-Qərb dilemmasıdır. Bundan əlavə, milli-ümumbəşəri, ənənəvi-modern, dindarlıq-dünyəvilik və fərqli siyasi baxışlar kimi dilemmalar, memarlıq təcrübələrinin gedişatına da mühüm təsir göstərən faktorlardan olmuşdur.[3] Bu dövrləri bir-birindən ayırmaq mümkün deyil. Bir dövrün və ya bir üslubun təmsilçisi kimi xarakterizə olunan bəzi türk memarlar, karyeralarının sonrakı dövrlərində də fərqli üslublarda da əsərlər dizayn etmişdir.
|
Türkiyənin qurulduğu ilk illərdə, memarlığa dəstək verəcək və dövlət dəstəyi təmin edəcək muxtar burjuaziya olmamışdır.[4] Bu səbəbdən də Osmanlı İmperiyası dövründə elitist bir məzmuna sahib olan və yalnız saraya bağlı olan memarlar, yeni dövrdə də dövlət rəhbərliyinə bağlı qalmışdır.[5] Bu vəziyyət 1950-ci illərdən başlayaraq dəyişməyə başlasa da, özəl sektorun inkişafı və memarlıq sahəsinin meydana çıxaraq dominant hala gəlməsi çox sonralar baş vermişdir.[6]
Müasir Türkiyə memarlığı, Osmanlı memarlığından böyük təsir almışdır. Bu təsirləri xüsusilə 1920-ci illərdə hakim olan Birinci Milli Memarlıq Hərəkatında müşahidə etmək mümkündür. 1930–1940-cı illərdə Almaniya, Avstriya və İsveçrədə yüksək nüfuza malik memarlar Türkiyəyə dəvət olunmuş və bir çox ictimai binalar onların dəstəyi ilə tikilmişdir. 1940-cı ildə başlayan II Dünya Müharibəsindən sonra Türkiyə, xarici dünyadan təcrid olunmuş, 1950-ci il İkinci Milli Memarlıq Hərəkatına qədər bu vəziyyət davam etmişdir.[7] Türkiyədəki memarlıq üslubları, xüsusilə 1970-ci illərədək, yerli memarlar tərəfindən inkişaf etdirilmişdir. Bu memarlıq üslubları xaricdə daim inkişaf edən modern və postmodern üslublarından təsirlənmişdir. İlk dövr podratçıları və Türkiyədəki memarlıq üslublarının inkişafı prosesi 1980-ci illərdən başlayaraq özəl sektorun payını artmasına səbəb olmuşdur.[3][8]