From Wikipedia, the free encyclopedia
Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə (1879[1], Şamaxı – may 1920[1], Gəncə) — Azərbaycan şairi, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin ilk araşdırıcısı[3], Tatar süvari alayının imamı.[4][5]
Məhəmməd Hadi | |
---|---|
Məhəmməd Hacı Əbdülsəlimzadə (Şirvani) | |
Doğum adı | Ağa Məhəmməd Əbdülsəlimzadə |
Təxəllüsü | Hadi |
Doğum tarixi | 1879[1] |
Doğum yeri | |
Vəfat tarixi | may 1920[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | yazıçı, şair[2] |
Fəaliyyət illəri | 1905–1920 |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | romantizm |
Məhəmməd Hadi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. Öz əsərlərinin əksəriyyətində vətən, millət mövzusuna toxunan Məhəmməd Hadi Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olmuşdur.[6] Ona görə də Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində "bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan" istiqlal mövzusunda mübariz əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirirdi.[7]
Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür.[8] Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur.[9]
Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəb. doğru yol göstərən) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur.[10] İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Hələ uşaqkən atasını itirən Hadinin anası onu və bacıları Sahibə və Əsmanı ata qohumlarının himayəsinə buraxaraq Sulut kəndində varlı biri ilə evlənmiş, bundan sonra uşaqlara böyük nənələri Əbdülsəlimin anası Teyyibə xanım baxmışdır.[11]Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsində böyük əmək sərf etmişdir. Nənəsinin vəfatından sonra Məhəmməd Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir. Məhəmməd Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmişdi. Şair hələ gənc yaşlarından xaricdə təhsil almaq istəsə də, maddi imkanı olmadığından bu arzusu ürəyində qalmışdı. Ədibin yaxın dostu, məsləkdaşı Seyid Hüseyn şair haqqında yazırdı:
"O, oxuduğu elmlərin kəndisinə heç bir nəticə verməyəcəyini, olsa-olsa mömin bir molla əfəndidən fəzlə bir şey olmayacağına hissi-qəbləl-vüqu ilə anladığından İstambul və Əl-Qahirə kimi islam mədəniyyəti mərkəzlərinə gedib orada təhsil almaq fikrinə düşmüşdü. Mustafa Lütfi... Hadini xarici məmləkətlərə göndərəcək iqtidarı olmadığından Hadi bir neçə zəngin əqrəbasını müraciətdə bulunmuş, təhsil arzusunda olduğunu söyləyib müavinət istəmişsə də, sözünü dinləyən və yardımda bulunan olmamışdı" |
Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən əmisi oğlunun köməyi ilə ticarət işinə əl atmış, lakin bu işə marağı olmadığından işi tezliklə tərk etmişdir. 1902-ci ildə yanvar ayının son günündə Şamaxıda təbii fəlakət baş verir. Şamaxı zəlzələsindən sonra hamı kimi Məhəmməd Hadi də köçür. Bu haqda Ö.F.Nemanzadə öz xatirələrində yazır:[12]
"1902-ci il yanvarın 31-də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görünməmiş yer tərpənişi oldu. Bu gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü idi. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi Məhəmməd Hadi də doğma şəhərini tərk etməyə məcbur olmuş, evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq Kürdəmirə getmiş, ibtidaən bir əttar dükanı açmış isə də, ondan da bir şey çıxmadığını görüncə, ikincikərə olaraq zərər ilə dükanı qapamışdır" |
Kasıb olduğu üçün sevgilisi tərəfindən tərk edilən Məhəmməd Hadi ölənə qədər ailə qurmamışdır.[13]
Kürdəmirə köçən, tacirlik bacarmayan, iki dəfə dükan açsa da, iflasa uğrayan Məhəmməd Hadi özünü xarakterinə daha yaxın sahədə sınamaq qərarına gəlmiş və bəzi maarifpərvərlərin müavinəti ilə Kürdəmirdə yaşayan şamaxılı Ağa əfəndi ilə birlikdə məktəb açıb tədrisə başlamışdır. Çox keçmir ki, Məhəmməd Hadi Kürdəmir ziyalılarının nəzərini cəlb etmiş, onu Zaqafqaziya müəllimlər qurultayına Kürdəmir müəllimləri tərəfindən nümayəndə seçilmiş və 1904-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya müəllimlər qurultayında iştirak etmişdi. Məhəmməd Hadinin işlər[14]
1902-1906-cı illər Kürdəmirdə yaşadığı illərdə maddi imkanları nisbətən düzələn Məhəmməd Hadi yenə də əvvəlki qayda ilə mütaliəsini davam etdirir, Kəlküttədən Həblül-mətin", İstanbuldan "Sabah", Bakıdan "Həyat", Bağçasaraydan "Tərcüman" qəzetlərini gətirdib oxuyurdu.
25 yaşına qədər nə bir qəsidəsi, nə də bir aşiqanə qəzəli olan şairin mətbuata gəlişi 1905-ci ilin ortalarına təsadüf edir. Onu yaxından tanıyan, yaxın dostu Mustafa Lütfi Həştərxanda "Bürhani-Tərəqqi" qəzetini nəşr edirdi və onun Məhəmməd Hadi kimi qələm sahibinə ehtiyacı var idi. Onun çağırışına görə Məhəmməd Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. Məhəmməd Hadi "Həyat", "Füyuzat" və "Bürhani-Tərəqqi" qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. Məhəmməd Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib "Füyuzat" məcmuəsində çalışır, buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş nəşrinə çalışır. "Füyuzat" bağlandıqdan sonra o, "Təzə həyat" və "İttifaq" qəzetlərində işləyir.[15]
1907-1908-ci illərdə Məhəmməd Hadi artıq Azərbaycan şairləri arasında görkəmli simalarından sayılırdı. "Nəğmeyi-əhraranə", "Duşizeyi-hürriyətə", "Gül, sevdiyim, gül" ("Huriyi-hürriyətə"), "Ədvari-təcəddüd", "Əsari-inqilab" və s. şeirlərində Məhəmməd Hadi bilavasitə və ya dolayısı ilə azadlıqdan danışırdı.
1908-ci ildə çıxmış "Firdovsi-ilhamat" kitabına "Varmı bundan yuxarı uçmağa istedadım" misrası ilə başlanan "Cəhalətimdən şikayət", "Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız" misrası ilə başlanan "Bu da bir həqiqət", "Afərin olsun sənə, filusufi-zifunun" misrası ilə başlanan "Şeyxlərə-işanlara", "Sofi, gəl öyrən həyatın tərzini heyvandan" misrası ilə başlayan "Söfiyə-zahidə" və b. şeirləri, məqalələri, tərcümələri daxil edilmişdir.[16]
XX əsrin əvvəllərində Azərbaycandakı ictimai-siyasi durumu vaxtında, düzgün qiymətləndirən milli ziyalılar anadilli məktəb və mətbuat qıtlığından əziyyət çəkən azərbaycanlıları elmsizlik və məlumatsızlıqdan qurtarmaq üçün cəsarətli addımlar atdılar. Milllətin tərəqqi və özünüdərkinə gərəkli olan, illərdən bəri milli ziyalıların həsrətində olduqları qəzet və jurnallar ardıcıl şəkildə çap olunmağa başladı. Beləliklə, belə bir əlverişli vaxtda Azərbaycan Milli Mətbuatının bünövrəsi üçün "Əkinçi" qəzetinin (1875-1877) oynadığı rolu XX əsr milli mətbuatımız üçün oynaya biləcək bir mətbuat orqanı - "Həyat" qəzeti çap olunmağa başladı. Milyonçu, messenat H.Z.Tağıyevin maddi yardımı, gələcək Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcı və başçılarından biri Ə.Topçubaşovun naşirliyi, böyük fikir sahibləri olan Ə.Hüseynzadə və Ə.Ağayevin (Ağaoğlu) müştərək redaktorluğu ilə 1905-ci il iyun ayının 7-də Bakıda Azərbaycan türkcəsində fəaliyyətə başlayan bu qəzet Azərbaycan və Qafqaz həyatının güzgüsü rolunu oynuyurdu.[22]
Millətin məhrumiyyətlərə düçar olmasının əsas səbəbini maarif və mədəniyyətin yoxluğunda görən gənc Məhəmməd Hadinin "Bəyani-həqiqət" adlı ilk məqaləsi: "Həyat" qəzeti, 23 iyul 1905-ci il, №35 Elmsizlik millətin bərbad və pərişan olmasına ən kəskin bir vasitədir və bu fəna əhvalın məzərrəti kimə aiddir, kimə racedir, kimsəyə yox, kəndimizədir. "Ən əhsənətum la nəfsəkum", hərgah yaxşı eləsəniz kəndi nəfsinizə edəcəksiniz. Fənalıqda etsəniz, yenə nəfsinizə racedir, miləli-xariciyə məzərrət deyil. Bizim cahilanəmiz mocibi-mənfəət olur, olacaq və hala olmaqdadır. Xütteyi-Çində sərzədeyizühur olan bir ovuc yaponlardan dərsi-ibrət alalım. Baxınız, maarifləri sayəsində dərəceyi-kəmalə əcnihəkaşi-savad olublar. Cahani-vəhşəti deyil, aləmi-mədəniyyəti böylə heyrətə salıbar |
Maarif, mədəniyyət, milli oyanış, dil, din və s. bu kimi problemlərə yer ayıran qəzetdə Ə.Hüseynzadə, Ə.Ağayev, H.Zərdabi, N.Nərimanov, Ə.Haqverdiyev və b. nisbətən təcrübəli qələm sahiblərinin imzası ilə yanaşı yeni bir imza da görünməyə və dərhal da oxucuların diqqətini cəlb etməyə başladı. Bu imzanın sahibi Əbdülsəlimzadə Məhəmməd Hadi Şirvani idi. 1905-ci ilin yayında Kürdəmirdə yaşayan və yazılarını oradan Bakıya, "Həyat" qəzeti redaksiyasına göndərən Məhəmməd Hadi ilk yazılarında qəzetdə əsərlərini oxuduğu ziyalıların, daha çox Əli bəy Hüseynzadənin müzakirə obyektinə çevirdikləri məsələlərə münasibət bildirir və məqalələri içərisində bəzən mövzuya uyğun mənzum parçalar da verməsi Məhəmməd Hadinin eyni zamanda şeir yaradıcılığına böyük marağı olduğunu göstərirdi.[23] "Həyat" qəzetinin 23 iyul 1905-ci il tarixli 35-ci nömrəsində "Əbdülsəlimzadə Şamaxiyi" imzası ilə çap etdirdiyi "Bəyani-həqiqət" adlı məqaləsi ilə başlayan Məhəmməd Hadi qısa bir zamanda "Həyat"ın ən fəal yazarlarından birinə çevrilir.[24]
Başlıca mövzuları "mətbuatın, elm və mədəniyyətin faydası, sənaye, azadlıq hərəkatı, yeni nəslin tərbiyəsi, qadın azadlığı, dünyəvi elmlər, Vətənin tərəqqisi, cəhalətdən xilas olmaq, mədəniyyət səviyyəsini yüksəltmək, insani hisslərin müqəddəsiliyi və s." idi.
İlk yazılarında Məhəmməd Hadi belə düşünürdü ki, İslam millətinin firavan günə çıxmağının başlıca yollarından biri, bəlkə də birincisi maarifə tapınmaqda və Qurani-Kərimin göstərişlərinə əməl etməkdədir. Əsərlərində tez-tez "Utlubul elmu minəl-məhdi iləl-ləhdi" (Beşikdən məzara qədər elmi öyrənin) ayəsinə müraciət edən Məhəmməd Hadi "Həyat" qəzetində çap etdirdiyi məqalə, şeir və tərcümələrinin əksəriyyətində belə bir ideya irəli sürürdü ki, elm, maarif və mədəniyyət kəsb etmədən insanın xoşbəxliyi barədə düşünmək xoş xəyal, mənasız məşğuliyyətdir.[25]
Məhəmməd Hadi "Həyat" qəzetində 3 istiqamətdə fəaliyyət göstərmişdir:
"Həyat" qəzeti fəaliyyətini dayandırmasına qədər Məhəmməd Hadi qəzetin ən fəal yazarlarından biri olaraq qalmışdı.
XX əsrin əvvəllərindən Azərbaycan poeziyasının romantizm janrında yazılmış Məhəmməd Hadinin "Həyat" qəzetində, ümumən mətbuatda çap olunmuş ilk şeiri "Lövhi-məkatib" adlanır. Sərlövhədən sonra verilən "Övladi-millətə hədiyyeyi-kəmtəranəmdir" cümləsi ilə oxuculara təqdim olunan və şairin ölümündən sonra çap olunmuş kitablarının heç birinə düşməyən bu şeir qəzetin 29 noyabr 1905-ci il tarixli 109-cu nömrəsində çap olunmuşdu. İyirmi altı misradan ibarət olub, qəsidə formasında olan şeirdə şair məktəbi millətin yaşayışı, inkişaf və tərəqqisi üçün başlıca vasitə hesab edir. Şeirin bütün misraları "məkatib" sözü ilə başlayır:
Məkatib pərtovi-ənvari-şəmsi-sübhi-vəhdətdir
Məkatib bir behişti-ədəndir rizvani-mənayə,
Məkatib bir ədibi-tərcümani-sirri-xilqətdir.
...Məkatib baniyi-gülşənsərayi-dinü dünyadır,
"Lövhi-məkatib", Məhəmməd Hadi
Bundan başqa Məhəmməd Hadi bu qəzetdə müxtəlif şeirlər də dərc etdirmişdi:
Məhəmməd Hadi "Həyat" qəzetində ən çox publisistik yazılar və elmi məqalələrlə çıxış etmişdir. Məhəmməd Hadinin mətbuatda dərc olunan ilk yazısı "Bəyani-həqiqət" məqaləsidir ki, bu əsəri müəllif "Həyat" qəzetində dərc olunmuş bir yazının təsiri ilə yazmışdır. Məhəmməd Hadinin maraqla oxuduğu bu yazı bir şeirdir ki, burada islam ölkələrini bürüyən nadanlıq və elmsizlikdən bəhs olunmuş və müsəlmanların bədbəxtliklərinin başlıca səbəblərindən biri kimi şəriət qaydalarına yetərincə əməl olunmaması göstərilmişdir.
Məhəmməd Hadinin çap olunmuş 2-ci əsəri "Vətəsimu bihəblil-lahi cəmiən" adlı dərin məzmunlu məqaləsidir. Sərlövhədən əvvəl "Surətul-Əraf", ayə 103" qeydi verilmişdir ki, bunun da mənası sərlövhənin həmin ayədən olmasına işarədir. "Həyat" qəzetinin 103-cü nömrəsində müəllifin "ədibi-ləbib" (ağıllı, müdrik ədib) adlandırdığı E.İbrahimovun "İslamiyyət və abrazavonni müsəlmanlar" sərlövhəsi ilə dərc olunmuş yazısını oxuduqdan sonra qələmə alınmış "Əlhüriyyətül-şəxsiyyətə vəl-vicdaniyyə fi-islam" məqaləsi ruhu etibarilə ədibin əvvəlki məqalələrinə yaxın olsa da, problemin qoyuluşu və həlli baxımından onlardan əsaslı şəkildə fərqlənir.[27]
"Həyat" qəzetində dərc olunan yazılardan diqqəti cəlb edən, "Ə.H." imzalı "Bir balaca intiqad" adlı məqalədə əsərlərinə münasibət bildirilən, şeirlərində olduğu kimi publisistikasında da maarifçiliyə böyük önəm verən, İslamiyyəti tərifləyib Məhəmməd Peyğəmbəri ilahiləşdirməyə çalışan, "İslam dinini "müasirləşdirmək", elmlə dini barışdırmaq mövqeyində duran Məhəmməd Hadi maarifin yayılması sayəsində cəmiyyətdə köklü dəyişiliklərin baş verəcəyinə inanır və bu yolda mətbuatı başlıca vasitələrdən biri hesab edirdi. Müəllif "Aləmi-mətbuat və cəraidə bir nəzər" adlı məqaləsində qeyd edir ki, mətbuat azadlığını qazanmaq istəyində olan millətə "tərəqqiyyat, kamalat və ülum yollarını" göstərən "şöleyi-ümidi-ümmət" və "rəbəri-istiqbali-millət"dir.[28]
1906-cı ilin əvvəllərində Azərbaycan mətbuatında ədəbi dilin necə olması ətrafında qızğın mübahisələr gedir, "Həyat"ın səhifələrində H.Zərdabi, Ə.Hüseynzadə, Ə,Ağayev və başqalarının bu mövzu ilə bağlı yazıları dərc olunurdu. Məsələ ilə əlaqədar Məhəmməd Hadi də "Bəyani-təsəvvür fi xüsusil-lisan" adlı geniş bir məqalə yazaraq qəzetdə çap etdirmişdir.[29]
"Tərəqqiyi-millət nəyə vabəstədir" adlı iri həcmli məqaləsində Məhəmməd Hadi yenidən qəzetdə çap olunmuş ilk yazısı olan "Bəyani-həqiqət" məqaləsindəki mövqeyinə qayıtmışdır. Başqa bir məqaləsi olan "Fəryadi-dili-vətənpərəstan"da Kürdəmir qəsəbəsində məktəb və mədrəsələrin açılmasına zərurətin olması niyyəti ilə yazılmışdır. Şirvan və Kürdəmir əhalisinin maarifləndirilməsi yolunda yerli ziyalıların atdığı addımları alqışlayan müəllif qeyd edir ki, "ziyalı alimlərimizdən Ağa əfəndi Əfəndizadənin həmiyyəti-alicənabanə və məsaiyi-millətpərvəranəsi ilə bazarın yavuqunda bir camei-nuraniyyəti-lamə ilə üç mədrəsə vücuda gətirilmiş və bir mədrəsənin ilk baharda bina olunacağı dərkar bulunmuşdur"
Elm mövzusu şairin poeziyasında olduğu kimi məqalələrinin də baş mövzularından biridir. "Həyat"ın səhifələrində dərc etdirdiyi "Zəman daim təcəddüd edər", "Dəyanəti-islamiyyə və maarif", "Dəyanəti-islamiyyənin nisvanə bəxş etdiyi hüquqa bir nəzər" və s. bu kimi məqalələrində Məhəmməd Hadi bu mövzu ilə bağlı fikirlərini bir qədər də genişləndirir.
Məhəmməd Hadinin "Dəyanəti-islamiyyənin bina və əsası ülfət, ittifaq, ittifaddır" məzmunlu məqaləsinə qəzet "İdarədən" başlığı altında belə bir düşündürücü qeyd - sonluq vermişdir:
"Millətimizdə xəyali-ittifaqpərvəranə" məqaləsi də məhz bu düşüncə və qənaətlərin məhsulu kimi diqqəti cəlb edir.[30]
"İttihad və ittifaqə sadə təhsinxan olmaq kafi deyildir, gah-gah rəfiqi-möhtərəmimiz Əhməd bəy Ağayevin "İrşad" sütunlarında etdiyi kimi Yəzidə, ələlxüsus "əsrimizin yəzidlərinə" də lənət oxumaq lazımdır. O yəzidlər ki, elmi-heyvanatın (mimiyətizmə) qaidəsinə təbəiyyət, batinən şeytan olduqları halda zahirən insan və müsəlman qiyafətinə girib məmləkətimizin zülmət və qaranlıqda qalan bəzi köşə-bucaqlarına sünni və şiə naminə nifaq salmaq üçün pul qüvvəti ilə çıxmışlar" |
Göründüyü kimi, "Həyat"ın redaktoru Əli bəy Hüseynzadə və onun ətrafında toplaşanlar "Haqq verilməyəndə onu almaq lazımdır" devizinə daha çox üstünlük verirdilər.
Qadın azadlığı məsələsindən bəhs edən "Dəyanəti-islamiyyənin nisvana bəxş etdiyi hüquqa bir nəzər" adlı məqaləsində yazır: Məhəmməd Hadi "Dəyanəti-islamiyyənin nisvana bəxş etdiyi hüquqa bir nəzər" (məqalə), "Həyat" qəzeti, 2 mart 1906-ci il, №48 Gərək zükur və gərək ünas olsun, kəsbi-fəzail və təhsili-kəmalat etməyə və bu yolda təsfiyeyi-vicdan və tətəhhüri-əxlaq qılmağa şəriət nöqteyi-nəzərində bilafərq məmur və mükəlləfdirlər. Çirkabi-cəhalət və rəcəsi-qəflət ilə tərduman və aludə olanların xüsusında "Əlxəbisatül-xəbisin" buyurularaq şayani-təqbih və məzəmmət görülmüşkən, maarif və ülumsərçeşməsində içənlərin şənində "Əttəyyibatül-təyyibin" edənlər mühibbi-ilahiyəyə kəsbi-ləyaqət və edəcəkləri cahaniyanə bildirilmişdir. Bu ki ən böyük şərəfdir! |
Şeirlərində qadın azadlığını ön plana çəkən Məhəmməd Hadi "Dəyanəti-islamiyyənin nisvana bəxş etdiyi hüquqa bir nəzər" adlı məqaləsində də cəmiyyətdə qadının yeri və qadın azadlığı məsələsi mühüm yer tutur. Müsəlman ölkələrində qadınların cəhalət pərdəsi altında saxlanılmasını millətin tərəqqisinə mane olan bir əngəl kimi xarakterizə edən müəllif bunun İslam dininə heç bir aidiyyətı olmadığını Qurandan gətirdiyi ayələr və müxtəlif hədislərlə isbat edir.[31]
Məhəmməd Hadi əsrinin ziyalılarından fərqli olaraq bildirir və "qadınları cəhalət pərdəsi altında saxlamağı guya islam dini onlara məsləhət bilmişdir", - kimi əsası olmayan ifadələr işlətməyə çalışanlara Quran ayələri ilə şərh edir ki, Allah dərgahında kişi ilə qadının hüququ birdir və qadını hüquqsuz vəziyyətə salan din deyil, dindən öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə edən cəmiyyətin üzvləridir. Məhəmməd Hadi qeyd edir ki, bəzi oxumuşların "Xatunların oxumasına İslam dini müsaidə vermiyor", - demələri məhz iftira və böhtandır.
Məhəmməd Hadinin tərbiyə, əxlaq, cəmiyyətin inkişafı və təkamül barədəki fikirlərinin müəyyən qismi "Və innəkə li-əlaxəlqi-əzim" adlı məqaləsində öz əksini tapmışdır. Əsərlərində əxlaq məsələlərinə geniş yer ayıran, əxlaqa bir elm kimi yanaşaraq onun predmetini müəyyənləşdirməyə çalışan müəllifə görə əxlaq istər Allaha, istərsə də ətrafdakı başqa adamlara münasibətlərini tənzimləmək üçün insanların hüquq və vəzifələrinin ifadəçisidir.
Şairin "Kürdəmir"dən adlı yazısı zəmanəsi üçün çox gərəkli bir məsələ barəsindədir. Məqalədən aydın olur ki, bir neçə ay əvvəl Kürdəmir stansiyasında erməni keşişi yoxlanılarkən ondan silah-sursat müsadirə edilmişdir. Havadarlarına arxayn olduqlarından müsəlmanlarla sülh şəraitində yaşayacaqlarına söz vermiş ermənilər hələ də öz fitnəkar əməllərindən əl çəkmirlər. Keşişlərindən nümunə götürən ermənilər yenə də Şamaxının erməni kəndlərinə gizli yollarla silah daşıyır və müəllifin yazdığına görə bu işdə, deyəsən, ona "Göyçayın naçalniki" də yardım edir. Məhəmməd Hadi tam əminliklə qeyd edir ki, tutulan silahlar Şirvan torpaqlarına gətirilən silahların çox az qismi, bir qətrəsdir.[32]
Qəzetin səhifələrində Məhəmməd Hadinin bir-birinin ardınca "Verilən ehsan sədəqələrimizdən nə üçün səmərə hasil olmayır", "Tələbəlik xatiratımdan", "Qiraətxana darül-mərifətdir" məqalələri dərc olunur. Mövzu və problematikasına görə fərqlənən bu məqalələri ümumi bir xətt birləşdirir: hürriyyət, maarif və mədəniyyət istəyi. "Şəriəti-müqəddəseyi-islamiyyənin ən möhkəm və ən mətin bina və əsasından biri də zəkatdır" cümləsi ilə başlanan "Verilən ehsan sədəqələrimizdən nə üçün səmərə hasil olmayır?" adlı məqalə ilk baxışdan dini mövzulu əsər təsiri bağışlasa da, əslində çox böyük sosioloji və fəlsəfi mahiyyət daşıyır.
Məhəmməd Hadinin əsərləri içərisində əqidəsi ilə yanaşı, tərcümeyi-halı ilə də yaxından səsləşən əsərlərindən biri "Tələbəlik xatiratımdan" adlı iri həcmli məqaləsidir. Əsərin sərlövhəsində "xatirat" kəlməsi işlənsə də, bir neçə məqamı istisna edilməklə bu əsər xatirə, memuar deyil. Günün vacib məsələlərində bəhs edən ictimai və fəlsəfi bir əsərdir. Maarifçilik ideyalarına sadiq qalan Məhəmməd Hadi "Tələbəlik xatiratın"dan adlı məqaləsində millətə azadlıq, hürriyyətlə yanaşı məktəb və maarifin də çox gərəkli olduğunu bildirir.
Ruhu etibarı ilə Məhəmməd Hadinin qəzetdə çap olunan digər məqalələri ilə səsləşən "Qiraətxana darül-mərifətdir" əsərində müəllif bəşəriyyətin tərəqqi və təkamülündə məktəblə bərabər kitabxana, kitab, qəzet və jurnalların da mühüm əhəmiyyət daşıdığını ön plana çəkir. Məqalədəki digər maraqlı məqamlardan biri Məhəmməd Hadinin kitaba olan münasibətidir. Müəllifin nəzərində kitab ölü canlara ruh, can verən İsa nəfəsi kimi bir şeydir və dünyada elə bir qəm-qüssə yoxdur ki, mütaliə yolu ilə ondan uzaqlaşmaq olmasın.[33]
Qəzetin may ayında çıxmış 117-ci nömrəsində müəllifin "Hacıtərxandan məktub" adlı bir məqaləsi dərc olunur. Bu məqalə Məhəmməd Hadinin Həştərxana nə vaxt çatmasını dəqiqləşdirmək üçün ən tutarlı faktdır.
İyun ayının 1-də "Həyat"da Məhəmməd Hadinin "Vətənimizin temisbokl və Aristidlərinə nəsihət" adlı məqaləsi çap olunur. Əvvəlki yazılarında olduğu kimi, bu məqalədə də Məhəmməd Hadini düşündürən şəxsi məsələlər deyil, cəmiyyətin ümumi mənafeyidir. Məqalənin ilk cümləsində müəllif qeyd edir ki, şəxsi mənafe və nəfsimizə əsir olmağımızdandır ki, vətən və vətən əhli tərəqqi edib irəli getməkdənsə, tənəzzül edib günbəgün geri gedirlər.
Həştərxandan göndərdiyi yazılardan birinə "Övladi-vətən-baisi-ümrani-vətəndir" adını verən Məhəmməd Hadi millət övladlarını birliyə, vətəni sevməyə, digər mədəni millətlərdən nümunə götürməyə çağırır və yazır: "Dünyada ən müqəddəs və ən sevgili şeylərdən biri deyil, ən birincisi vətəndir"
"Məktəbi-darül-ədəb ətfalına tövziyi-mükafat" adlı məqalə Həştərxandan yazılmış və buradakı ibtidai məktəbin buraxılış günü, həmin gün məktəbdə baş verənlər barədə məlumat verilmişdir.
Qəzetdə çap etdirdiyi digər bir yazısında, "Qəməfza və möhnətamiz bir mənzərə" məqaləsində Məhəmməd Hadi yazır: "Hüquqi-şəxsiyyəsi və maliyyəsi iptal olunmuş bir millət və ya fərd məsud olamaz. Çünki o qövmün içərisində zülm hakimlik, hökmfərmanlıq edir. Zülm olan yerdə bəxtiyarlıq, məsudiyyət olarmı?" Məhəmməd Hadi publisistikasının dəyərli nümunələrindən olan bu məqaləni sənətkarın yaşadığı dövrün eybəcərliklərinə qarşı kəskin etirazı da adlandırmaq olar.
Qəzetin 18 iyul 1906-cı il 157-ci sayında Məhəmməd Hadinin "Qəflət və cəhalət aləmi-insaniyyətin ən böyük düşmənləridir" adlı məqaləsi dərc olunur. Müəllif bildirir ki, qara buludlar günəş şəfəqlərinin qarşısına səf çəkib yer üzünü qaranlıqlara qərq etdiyi kimi, qəflət də insanlığı yaxıb-yandırar, "hansı şəhərdə, hansı ölkədə yuva yapar isə, nəğməpərdazi-məşamət olar isə xarabazara döndərər"[34]
Xoşbəxt gələcək arzusu təkcə şeirlərində deyil, həm də zəngin publisistik əsərlərinin ana xəttini təşkil edən müəəlif yazır ki: "Səadət səyin aşiqidir, səy isə şövq və həvəsin yarı... Şövq işığı hansı millətin afaqını tənvir edərsə, oradan tənbəllik və qəflət zülməti qaçar, məhv olar..."
Məhəmməd Hadi "Həyat" qəzetində çap etdirdiyi əsərlərində maarifi tərəqqi və təkamülün əsas hərəkətverici qüvvəsi hesab edirdi. Məktəblərdə hansı elmlərin keçirilməsi ətrafında müzakirələr gedərkən "Həyat"da Məhəmməd Hadinin "Elmi-əbdanə həqiqi bir nəzər" [35] adlı irihəcmli bir əsəri çap olunur. Məhəmməd Hadinin "Həyat" qəzetində dərc olunmuş əsərlərindən ən irihəcmlisi olan bu fəlsəfi əsəri müəllifin elm, sənət və bunların cəmiyyətdə, insan həyatında oynadığı rolu barədə düşüncələri də adlandırmaq olar.
Elmi-publisistik məqalələr və orijinal şeirlərində başqa "Həyat" qəzetində Məhəmməd Hadinin bir sıra tərcümələri də nəşr olunmuşdur. Nizami Gəncəvi, Sənai Qəznəvi, Xacə Hafiz və Sədi Şirazidən etdiyi bu tərcümələr, məqalələrində Şərq klassiklərindən tərcüməsini verdiyi bəzi beyt və şeir parçaları istisna olmaqla, şairin tərçüməçilik fəaliyyətinin başlanğıc mərhəlisini təşkil edir və demək olar ki, Məhəmməd Hadi sonralar da yeri gəldikcə tərcüməçiliklə məşğul olmuş, yaxşı bildiyi ərəb və fars dillərindən bir sıra əsərləri Azərbaycan türkcəsinə tərcümə etmişdi.[36]
Məhəmməd Hadi Nizaminin "Xəmsə"sindən iki parçanı tərcümə edərək "Həyat"da nəşr etdirmiş, bunlardan biri "Sirlər xəzinəsi", digəri isə "Leyli və Məcnun" poemasındandır. "Xəmseyi-Nizamidən tərcümə" adı ilə bu ilk tərcümə 22 yanvar 1906-cı il tarixli 19-cu nömrəsində dərc olunmuşdur.[37] Məhəmməd Hadi "Sirlər Xəzinəsi" poemasının "Ədaləti qorumaq və insafa riayət etmək haqqında" adlı ikinci məqaləsinə əlavə olunmuş "Ədalətli Nuşiravan və vəzirin hekayəsi" mənzum hekayəsinin ilk 11 beytini 13 beyt şəklində tərcümə etmiş, vəzni qorumuş, məzmunu, demək olar ki, tamamilə saxlaya bilmişdir. Məhəmməd Hadi bu tərcümənin üzərində sonralar təkmilləşdirmə işi apararaq genişləndirmiş, məqalatın sonundakı dörd beyiti və mənzum hekayədəki daha on beyti tərcümə edərək "Ədl-zülm, yaxud bir xarabazarın mənzərəsi" adı ilə "Firdovsi-İlhamat"a daxil etmiş və "Firdovsi-ilhamat"dakı mətn eyni ilə sonrakı kitablara da salınmışdır.[38]
"Sirlər xəzinə"sindən olan filoloji tərcümədən ilk üç beyt belə tərcümə olunmuşdur:[39]
"Bir gün Nurişirəvan ov ovlayarkən atı Məiyyətindən, dəstəsindən uzaqlaşdı. Şahın yanında təkcə vəzir qalmışdı, Şah və vəzirdən başqa kimsə yox idi. Şah ov çox olan o nahiyədə, Düşmən ürəyi kimi xarab bir kənd gördü" |
Məhəmməd Hadi həmin beytləri belə tərcümə etmişdir:[40]
"Seyr edərək mərkəbi-Nüşirəvan, Düşdü uzaq kövkəbəsindən haman. Munisi-şahanəsi ancaq vəzir, Başqası yox, xah cavan, xah pir. Oldu müsadif nəzəri-şəhriyar, Nahiyədə qəryeyi-viranəzar. Qəlbi-ədu misli pərişan idi, Fikri-səfihan kimi viran idi" |
Bu üç beyti Süleyman Rüstəm isə belə tərcümə etmişdir:
"Nuşirəvan qoşunla bir gün çıxmışdı ova, Düşdü öz dəstəsindən uzaq at qova-qova, Padşaha bu səfərdə yoldaş ancaq vəzirdi, Hər ikisi at çapıb, axtarıb ov gəzirdi. Düşmənin qəlbi kimi uçuq xaraba bir kənd, Görüncə tacidarı bürüdü, aldı heyrət" |
Məhəmməd Hadinin Nizaminin "Leyli və Məcnun" əsərindən çevirdiyi iyirmi üç beytlik bir hissə "Ədib Nizaminin oğluna verdiyi nəsihəti-pədəranəsi" adı ilə "Həyat"ın aprel nömrələrində dərc olunmuşdur. Həmin tərcümə mətninin bəzi söz, ifadə və misralarında dəyişiklik edilərək "Nizaminin övladına nəsihəti" adı ilə "Füyuzat" jurnalının səhifələrində də dərc olunmuşdur. Məhəmməd Hadinin "Leyli və Məcnun"dan "Öz oğluna nəsihət haqqında" hissəsini tərcümə etməsi səbəbsiz deyil. N.Gəncəvi oğluna məsləhət görür ki, şairlik istedadına malik olduğunu görürəm, lakin bu sənətin dalınca getməsən yaxşıdır. Elm öyrən, xüsusilə o elmləri ki, onların cəmiyyətə xeyri var.[41]
Məhəmməd Hadinin əsərlərini tərcümə edib "Həyat" qəzetində nəşr etdirdiyi sənətkarlardan biri də fars şairi Şəmsəddin Məhəmməd Hafiz Şirazidir. Məhəmməd Hadinin "Həyat" qəzetində çıxmış məqalələrinin içərisində tərcüməsini verdiyi H.Şirazinin bir çox beyt və şeir parçaları nəzərə alınmazsa, qəzetdə H.Şirazidən üç tərcüməsi dərc edilmişdir. Qəzəl formasında olan bu əsərlərin ikisi aşiqanə, digəri isə ictimai məzmunlu şeirdir. Qəzetdə tərcüməçisi göstərilmədən çap olunan birinci şeir "Zümzümeyi-aşiqanə" adlanır. Yeddi beytlik qəzəl "Füyuzat" jurnalında da çap olunmuşdur. "Həyat" qəzetinin 1906-cı il 113-cü sayında dərc olunmuş tərcümələrindən biri də fars şairi Sənai Qəznəvinin əsərlərindən olan "Tövhid" adlı şeirdir.[42]
H.Şirazidən ikinci tərcümə qəzetdə "Nəsimi-səbayə iltifat" adı ilə dərc olunmuşdur. On iki beytlik bu əsər "Xacə Hafizdən tərcümə" adı ilə oxuculara təqdim olunmuş, sonunda isə bu sözlər verilmişdir: "Mütərcimi Məhəmmədül-Hadi əl-Hac Əbdülsəlimzadə Şirvani". Məhəmməd Hadinin H.Şirazidən etdiyi üçüncü tərcümə "Həyat" qəzetində "Ümidi-visali-canan" adı ilə dərc olunmuşdur.
Məhəmməd Hadinin "Həyat"da dərc etdirdiyi tərcümə əsərlərindən biri də "Vəhdaniyyət və maarif"dir. Fars şairi Sənai Qəznəvidən edilmiş bu tərcümə "Mütərcimi Məhəmmədül-Hadi" qeydi ilə qəzetin 1906-cı ildə çıxan 113-cü sayında işıq üzü görmüşdür. İyirmi doqquz beytdən ibarət olan bu tərcüməni Məhəmməd Hadi misra, ifadə və beytlərində müəyyən dəyişikliklər etməklə "Tövhid" adı ilə "Füyuzat" jurnalında, "Təraneyi-tövhid" sərlövhəsi ilə "Firdovsi-ilhamat" kitabında da çap etdirmişdi.[43]
1906-cı ilin yazında Məhəmməd Hadi yaxın qohumu və ağır günlərində ona himayədarlıq etmiş "Bürhani-tərəqqi" qəzetinin naşiri və redaktoru Mustafa Lütfi İsmayılzadə tərəfindən Həştərxana dəvət olunur. Bu barədə Seyid Hüseyn yazmışdır: "Məhəmməd Hadi Kürdəmirdə təhsilində davam edib durarkən Hacıtərxandan müəllimi Mustafa Lütfi İsmayılzadə əfəndidən bu məaldan bir məktub alar ki, "Həyat"da yazılarını oxuyuram. Mən burada bir qəzet çıxaracağam. Məktubumu aldıqda işlərini təsvih edib Hacıtərxana gəl.." Məhəmməd Hadi dəvəti qəbul edib ustadının yanına yollanır.[44] Həştərxana gedişindən sonra da onun "Həyat" qəzeti ilə əlaqələri kəsilmir və mütəmadi olaraq əsərləri "Həyat"ın səhifələrində dərc olunur. Qəzetin may ayında çıxmış 117-ci nömrəsində müəllifin "Hacıtərxandan məktub" adlı bir məqaləsi dərc olunur. Bu məqalə Məhəmməd Hadinin Həştərxana nə vaxt çatmasını dəqiqləşdirmək üçün ən tutarlı faktdır. Redaksiyaya göndərdiyi məktubunda Məhəmməd Hadi yazır:
"Mayıs ayının 11-ci günündə Hacıtərxan şəhərinə vasil olaraq "Şurayi-islami-Rusiya", "Darül-ədəb" və "Nümuneyi-tərəqqi" məktəbi, qız məktəbləri vücudlarının səbəbi ustadi-mümtazım Mustafa Lütfi cənablarının ziyarətinə nail oldum" |
Müəllif təəssüf hissi ilə qeyd edir ki, Həştərxandakı bir çox din xadimləri Mustafa Lütfiyə yardımçı olmaqdansa, ondan qubernatora şikayət edir, bunun da nəticəsində "Bürhani-tərəqqi" qəzeti təqiblərə məruz qalır.
May ayının 11-də Həştərxana çatan Məhəmməd Hadi payıza, Əli bəy Hüseynzadə tərəfindən "Füyuzat"da işləməyə dəvət olunana qədər orada yaşayır və "Bürhani-tərəqqi" qəzetində çalışır.
Tam 1 il - 1906-cı ilin 1 noyabrından 1907-ci ilin 1 noyabrına qədər Əli bəy Hüseynzadənin redaktorluğu, Hacı Zeynalabdin Tağıyevin maddi yardımı və imtiyaz sahibliyi ilə Bakıda, Nikolayevski küçəsindəki "Kaspi" məətbəsində çap olunan "Füyuzat" jurnalının ən fəal yazarlarından biri Məhəmməd Hadi olumuşdur. Həm jurnalın bədii-tənqidi materiallarının müəllifi,[45] həm də təmsil olunmaq baxımından ən çox əsərləri dərc olunan Məhəmməd Hadinin hər nömrəsi 16 səhifədən ibarət olan, cəmi 32 sayı işıq üzü görmüş bu məcmuənin 23, 24 və 31-ci nömrələri istisna olmaqla qalan 29 nömrəsində şeir, məqalə və tərcümələrdən ibarət əlli yazısı çap olunmuşdur.[46]Jurnalda çap etdirdiyi əsərlərində Məhəmməd Hadi əvvəlki fikrinə sadiq qalaraq, əsasən, maarif və mədəniyyəti, insana məhəbbəti təbliğ etmişdir.
Bir illik nəşri dövründə Azərbaycan və türk xalqlarının milli əsarətə qarşı mübarizə tarixinin siyasi və bədii səlnaməsinə çevrilən jurnalın çapına hazırlıq getdiyi ərəfədə Həştərxanda yaşayan Məhəmməd Hadi Əli bəy Hüseynzadədən bir məktub alır. Məktubda qeyd olunur ki:
Bəzi səbəblərdən dolayı "Həyat" qəzeti qapandı. Onun yerinə həftəlik "Füyuzat" namında ədəbi bir məcmuə çıxarırıq. Zati-alilərini də heyəti-təhririyə namına qeyd etmişik |
Bu məktubda 75 rüblə maaş təyin edildiyi də qeyd edilibmiş.
Əli bəy Hüseynzadə tərəfindən jurnalın redaksiya heyətinə dəvət edilən Məhəmməd Hadi "Həyat" qəzetində olduğu kimi "Füyuzat"da da üç istiqamətdə - şair, publisist, tərcüməçi kimi fəaliyyət göstərmişdir.[47]
"Füyuzat"ın ilk nömrəsindən son nömrəsinə qədər məcmuə ilə əməkdaşlıq etmiş Məhəmməd Hadinin jurnalın ilk sayında forma məzmunca fərqli dörd şeiri çap edilmişdi.[48] "Fünün və maarif" şeiri 17 beytdən ibarət olub qəsidə formasındadır. Bu əsər şairin 1908-ci ildə Bakıda çap etdirdiyi "Firdovsi-ilhamat" kitabı istisna olmaqla sonralar çap olunmuş heç bir kitabına düşməmişdir. Şeir mövzu etibarı ilə, demək olar ki, şairin bu əsərə qədər "Həyat" qəzetində və "Dəbistan" jurnalında dərc etdirdiyi "Məktəb", "Məktəb şərqisi", "İnsan nə ilə mükərrəm olur", "Lövheyi-təsviri-maarif", "Maarifə doğru" şeirləri ilə eynidir.[49]
Janrına görə müxəmməs olan "Amali-tərəqqi" əsəri beş bənddən ibarətdir. Azadlıq, istiqlal və maarifin təbliği niyyəti ilə yazılmış bu şeir mətnində heç bir dəyişiklik edilmədən həm "Firdovsi-ilhamat"da, həm də Məhəmməd Hadinin kitablarında çap olunmuşdur.
Azərbaycan romantizminin məşhur nümayəndəsi, ardıcıl füyuzatçı şair Məhəmməd Hadinin birinci nömrədə çıxan şeirlərindən biri də "Qələmə" adlanır. 14 beytlik bu şeir də ənənəvi mövzudadır, yəni qələmə xitabən yazılmış bu əsər də mədəniyyət, maarif və insanlığa çağırış motivləri ilə zəngindir.[50]
Məsnəvi formasında olan iyirmi beytlik "Şükufəzari-bənat və yaxud qızlar bağçası" adlı şeir[51] həm "Firdovsi-ilhamat"a, həm də sonrakı kitablara salınmışdır. Hüseyn Bayqaranın "Azərbaycan istiqlal mübarizəsi tarixində ilk milli şair" adlandırdığı Məhəmməd Hadinin "Füyuzat"ın noyabrın 13-də çıxan ikinci sayında iki şeiri dərc edilmişdir. "Bilməm ki?" rədifli "Təraneyi-qəmpərvəranə" şeiri on altı beytdən ibarətdir və qəsidə formasında yazılmışdır. Məzmun və ideya baxımından əvvəlki şeirlərindən fərqlənən bu əsəri şairin fəlsəfi lirikasının ən gözəl nümunələrindən biri hesab etmək olar. "Amali-istiqbal, yaxud ümid və əməllər" şeirini şair "Amali-istiqbal" adı ilə "Firdovsi-ilhamat" kitabına da salmışdır.[52]
Jurnalın 3-cü nömrəsində Məhəmməd Hadinin iki şeiri nəşr olunmuşdur. "Bədaye" adlanan birinci şeir on bir beytdən, "Kitabi-həyat" şeiri isə müxəmməs formasında olmaqla on üç bənddən ibarətdir.
Jurnalın 8 dekabrda çıxan dördüncü nömrəsində Məhəmməd Hadinin 26 beytdən ibarət olan bir şeiri - "Hissiyati-madəranə və yaxud övlad bəsləmək hissləri" çap olunmuşdur.[53] "Firdovsi-ilhamat" kitabına "Hissiyatı-madəranə" adı ilə daxil edilmiş bu şeirin əsas mövzusu ana-bala sevgisi, cəmiyyətin tərəqqisində anaların, qadınların roludur. Cəmiyyətin tərəqqisində anaların, qadınların rolunu yüksək qiymətləndirən şair yazır:
"Nə zaman kəsbi-ülum etsə nisa, Cismi-millət tapacaq onda şəfa. Elmlə ruha müdavat olunur, Elmlə kəsbi-füyuzat olunur. Elmdir şəmsi-səhabi-əzəli, Elm tənvir edər afaqi-dili |
Bundan əlavə "Füyuzat" jurnalında Məhəmməd Hadinin digər şeirləri də çap olunmuşdur:[54]
"Əbdülsəlimzadə Məhəmməd Hadi" imzası ilə yazılmış mürəbbe formasında olan 8 bəndlik "Əlvida, yaxud acı bir iqrar" adlı şeiri qəzetin son sayında, həmçinin "Bürhani-tərəqqi" qəzetinin 18 noyabr 1907-ci il I sayında və sonrakı kitablarında da çap olunmuşdur. "Ah, bədməstü xarabız cümləmiz bir camdan" misrası ilə başlanan bu şeir "Füyüzat"ın bağlanmasına etiraz kimi düşünülmüş, şeirdə Məhəmməd Hadi yenə də sadiq olduğu ideyaları tərənnüm etmişdi.[71]
"Düşməni-ənvar olur ol çeşm kim, binurdur, Nəzreyi-xəffaşda, əlbət, günəş mənfurdur, Didə görməz, guş eşitməz, fikrimiz məsturdur, Qəti-ümmid eylədik biz doğrusu islamdan. |
Məhəmməd Hadi ənənəsinə sadiq qalaraq poetik əsərlərində də Vətən, millət və insan, onun yaşam tərzi, keçmiş, bu gün, gələcək haqqında fikir və mülahizələrini irəli sürür.[72]
"Füyuzat"da Məhəmməd Hadinin şeirləri ilə bərabər onun inqilabi-ədəbi görüşlərini əks etdirən məqalələrinə və tərcümələrinə də geniş yer ayrılırdı. Jurnalın 3-cü nömrəsində çap olunan "Almaniyada darül-məlulin" məqaləsi Məhəmməd Hadinin orijinal əsəri deyil. Bu yazı jurnalın və müəllifin izahından aydın olunduğu kimi, "Kəlküttədə fars lisanında nəşr olunan "Həblül-mətin" cəridəsindən iqtibas olunmuşdur." "Həblül-mətin"in Almaniyadakı mənbələr əsasında nəşr etdiyi bu məqalədə Almaniyanın maarif sistemindən, əsasən buradakı şikəst, kimsəsiz uşaqların təlim-tərbiyəsindən bəhs olunur. Jurnalın 5-ci nömrəsində Qahirədə ərəb dilində çıxan "Əlməcəllətül-osmaniyyə" qəzetindən tərcümə olunmuş bir məqalə "Nidaül-vətən li əbnayi" ("Vətənin övladına nidası") adı ilə çap olunmuş, sonunda mütərcim imzası qoyulmuşdur.[73]
"Bakı tarixindən bir nəbzə" adlı məqalədə Məhəmməd Hadi cümə günü, dekabrın 22-də Bakı dəmir yol vağzalından general-qubernator Semyon Andreyeviç Fadeyevin Tiflisə yola salınma mərasimi və mərasimdə iştirak edənlər sırasında general M.İ.Kanevski, qubernator Alişevski, Bakı qazısı Mir Nəhəmməd Kərim ağa, Hacı Zeynalabdin Tağıyevin də olduğu barədə məlumat verdikdən sonra Bakının tarixi haqqında söz açır.[74]
"Füyuzat"ın 11-ci sayında Məhəmməd Hadinin dərc olunan ikinci əsəri "Məlumati-tarixiyyə"[75] məqaləsidir. Jurnalın 13-cü nömrəsində Məhəmməd Hadinin iki məqaləsi dərc olunmuşdur. Birinci məqalə "Çində asari-tərəqqi", ikincisi isə "Dövri-mədəniyyət" adlanır.[76]
Jurnalın 5-ci nömrəsində Qahirədə ərəb dilində çıxan "Əlməcəllətül-osmaniyyə" qəzetindən tərcümə olunmuş bir məqalə "Nidaül-vətən li əbnayi" ("Vətənin övladına nidası") adı ilə çap olunmuş, sonunda "mütərcim" imzası qoyulmuşdur. Məqaləni ərəbcədən Azərbaycan türkcəsinə çevirən Məhəmməd Hadidir. "Füyuzat"ın 15-ci sayında müəllifin Sədi Şirazinin "Bustan" əsərindən çevirdiyi "Cavanmərdlik və yaxud fəzaili-aliyyə" adlı bir tərcüməsi çap olunmuşdur "Füyuzat"ın 20-ci sayında Məhəmməd Hadinin "Nümuneyi-əsarət" adlı məqaləsi və "Zümzümeyi-aşiqanə" adı ilə Hafiz Şirazidən etdiyi bir tərcüməsi çap olunmuşdur. Həcmcə o qədər də böyük olmayan bu məqalə birbaşa şairin azadlıq idealları ilə səsləşir.
"Füyuzat"ın 23-24-cü saylarında əsər çap etdirməyən Məhəmməd Hadi 25-ci nömrədə 3 yazı ilə çıxış etmişdir. Bunlardan biri məqalə, biri şeir, digəri isə Sədi Şirazidən edilmiş tərcümədir. 386-388-ci səhifələrdə özünə yer almış "Amerikada üsuli-təlim və tərbiyyə" adlı məqalə "Məhəmməd Hadi" imzası ilə çap olunmuş, sərlövhəyə "Cərideyi-ərəbiyyədən tərcümə edilmişdir" qeydi verilmişdir. Məqalədə Amerika Birləşmiş Ştatlarında məktəb və maarif sistemindən ətraflı şəkildə bəhs edilmişdir. "Füyuzat" jurnalının 27-ci nömrəsində Məhəmməd Hadinin orijinal əsəri çap edilməsə də, "Nizaminin övladına nəsihəti" adlı bir tərcüməsi dərc olunmuşdur.[77]
Məhəmməd Hadi jurnalın 28-ci sayında "Səadət nədir?" adlı bir məqalə ilə çıxış etmişdir. Şairin qeydinə görə bu məqalə Qahirədə ərəbcə çıxan "Əl-Müəyyəd" qəzetindən tərcümə edilmişdir. Tərcümə etdiyi məqalədəki fikirlərə şərik çıxan Məhəmməd Hadi "Bədayeül-inşa" adlı bir kitabın 231 və 235-ci səhifələrindən Edison, Lok və Oskarın da səadət barəsindəki bəzi fikirlərini tərcümə edərək məqaləyə əlavə etmişdir. Jurnalın 30 nömrəsin də "Əbdülsəlimzadə Məhəmməd Hadi" imzası ilə "Hekayeyi-eşq" adlı bir şeir çap olunmuşdur. 7 beytlik bu şeirə Məhəmməd Hadi belə bir qeyd vermişdir: "Qailini məəttəssüf bilmədiyim hekayəyi-mənzumeyi-lətifəyi tərcümə etməkdən keçinmədik"[78]
Qəsidə formasında "Məhəmməd Hadi" imzası ilə çıxan "Tövhid" adlı 29 beytlik şeir şairin imzası ilə çap olunsa da, əslində Məhəmməd Hadinin orijinal əsəri deyil, fars şairi Sənai Qəznəvidən etdiyi tərcümədir. "Füyuzat"ın 25-ci sayında Məhəmməd Hadinin Sədi Şirazinin "Bustan" əsərindən tərcümə etdiyi "Mərəzi-ibrət, yaxud Şamda qəhətlik" adlı bir əsər də çap olunmuşdur.[79]
"Füyuzat" jurnalı bağlandıqdan sonra bir müddət "İrşad" korrektor vəzifəsində çalışan Məhəmməd Hadi 1907-ci il 1 aprel tarixində Bakıda Hacı Zeynalabdin Tağıyevin maddi yardımı və Haşım bəy Vəzirovun redaktorluğu ilə fəaliyyətə başlayan "Təzə-həyat" qəzetində çalışmaqla yanaşı, eyni zamanda əsərlərini ən çox bu qəzetdə çap etdirməyə başladı. Onun qəzetdə çıxan ilk yazısı 1907-ci il 17 dekabr tarixinə təsadüf edir. Məhəmməd Hadi "Təzə-həyat" qəzetində çap etdirdiyi publisistik yazılarında Qərb ölkələrindəki tərəqqi və maarifdən yazır, Qərbin Şərq siyasətini, xüsusilə müsəlman ölkələrinə olan münasibətini, bu ölkələri əsarəti altında saxlamaq istəklərini tənqid edirdi. Buna misal olaraq "Avropa-İslam-Mərakeş. Moizeyi-tarixiyyə" adlı məqaləsini göstərmək olar ki, burada o, Avropa ölkələrinin Şərq barədə yürütdükləri və fərqli yollarla həyata keçirdikləri siyasətin mahiyyətini şərh edir.
Qadının cəmiyyətdəki roluna böyük önəm verən ədib "Misirdə "Hürriyəti-nisvan cəmiyyəti" adlı məqaləsində qadın azadlığı və qadının cəmiyyətdəki yeri məsələsinə toxunmuşdu. "Mərəzimiz nədir?" adlı məqaləsi isə onu göstərir ki, o təkcə öz ölkəsini deyil, bütün müsəlman ölkələrinin ictimai və iqtisadi geriliyini bu ölkələrin bəlası sayır və xalqı buna qarşı mübarizəyə səsləyir. "Davamı var" qeydi ilə verilən bu məqalə ya tamamlanmamış, tamamlansa da, davamı qəzetdə dərc olunmamışdı. "Tərbiyeyi-ümmiyyə calibi-səadətdir" adlı əsərində ədib bəşər tarixində tənəzzül və tərəqqinin səbəblərini araşdırmışdı.
Məhəmməd Hadinin bəşəriyyət, insanlıq, bərabərlik kimi məsələlərə münasibət bildirmək nöqteyi-nəzərindən yazılmış əsərlərindən biri də "Budda kimdi?" adlı fəlsəfi əsəridir. Buddizm dininin yaradıcısının həyatını, yaşam tərzini və bu dinin fəlsəfi mahiyyətinin bir çox cəhətlərinin araşdırılması baxımından yazılmış bu əsər tarixi-fəlsəfi-dini mahiyyət daşısa da, əsas məğzi bu günlə, gələcəklə yaxından səsləşir. Müəllif bu dinin mahiyyəti barədə məlumat verərkən Buddanın təliminə görə qarşıya qoyulan vəzifəni icra etmək 10 maddəyə bağlıdır deyir və bunları aşağıdakılar kimi qeyd edir:
Yazıçı "Ah,kimsəsiz vətən!" şeirini isə zəlzələdən sonra Şamaxının viran vəziyyətə düşməsinə həsr etmişdi. Şeirin əvvəllində qeyd edilmiş "Şamaxıdan" adlı yazıda müəllif belə qeyd edir: "Şamaxıya daxil olduğum gündən bəri özümü şəhər deyil, adətən bir məzarstanda hiss eliyirəm. Fikrim hərəkətdən, hissim fəaliyyətdən, təbim qüdrətdən, əlahasil, bütün məmləkəti-mənəviyyəm ifayi-vəzifədən qalmışdır"
Bunlardan başqa şair "Həyati-səfilə, yaxud bəxtsiz bir ailə", "Misir mətbuatı: - Osmanlı Qanuni-əsasisinə dair "Əl-müəyyəd"dən", "Osmanlı mətbuatında parlaqlıq", "Hüluli-Ramazan, yaxud matəmli bir bayram", "Məmməd Səid Ordubadi cənablarına açıq məktub", "Maziyi-müzlimə ircayi-nəzər, halımız münəvvər, istiqbalımız parlaqdır" adlı məqalələlərini də məhz bu qəzetdə dərc etdirmişdi.
1908-ci ildə oktyabrın 7-də hökumət tərəfindən bağlanmış "Təzə həyat" qəzetinin nəşrini dayandırmasından iki ay sonra Haşım bəy Vəzirov və dostları Bakıda yeni bir qəzetin - "İttifaq"ın nəşrinə nail oldular. 1908-ci il dekabr ayının 1-də ilk nömrəsi çıxan qəzet cəmi 10 ay fəaliyyət göstərdi. 10 ay müddətində bir çox yazıçılar kimi Məhəmməd Hadi də bu qəzetdə poetik əsərləri ilə yanaşı bədii-publisitik əsərləri, elmi məqalələri və tərcümələri dərc etdirməyə başladı. Bu qəzetdə onun "Səadəti-zailə", "Maziyi-müzlimə ircayi-nəzər: halımız münəvvər, istiqbalımız yenə parlaqdır", "Balkan hadisatının hinddə əks-sədası" və digər adlı məqalə, tərcümə və iqtibasları nəşr olunmmağa başlamışdır ki, onun istər məqalələri, istərsə də Qahirədə ərəb dilində çap olunan "Əl-Müəyyəd" qəzetində çıxan "Balkan hadisatının hinddə əks-sədası" adlı məqaləsinin tərcüməsi, Hindistanda nəşr olunan "Vəkil" adlı qəzetdən olan məqalənin tərcüməsi onu göstərirdi ki, Məhəmməd Hadi digər qəzet və jurnallarda olduğu kimi "İttifaq" qəzetində də elə məqalələr yazır, yaxud tərcümə edir ki, o məqalələr millətə, türk və müsəlman xalqalarına, insanlığa faydası olsun.
1909-cu ilin yaz aylarından başlayaraq şair "İttifaq" qəzeti ilə yanaşı "Tərəqqi" qəzeti ilə də yaxından əməkdaşlıq etməyə başlayır. Əhməd bəy Ağayevin redaktoru olduğu və ilk nömrəsi 1908-ci ilin iyun ayının 3-də çıxan "Tərəqqi" qəzetində də Məhəmməd Hadi 3 istiqamətdə - həm, poetik, həm publisistik, həm də tərcümə əsərlərini dərc etdirməyə başlamışdı. Məhəmməd Hadinin bu qəzetdə çap etdirdiyi ilk bədii-publisistik yazısı "Aydınlıq gecədə" adlı əsəridir. Məhəmməd Hadinin "Tərəqqi"də nəşr olunan "İzhari-şükran və ixtari-lazım" adlı məqaləsi "Firdovsi-ilhamat" kitabı ilə bağlı şairə ünvanlanan məktublara cavab kimi yazılmışdır.[80]
"Tərəqqi" qəzeti 28 sentyabr 1909-cu il tarixli 219-cu sayında "Oxumalı kitablar" adlı xəbərdə Məhəmməd Hadinin ilk kitabı "Firdovsi-ilhamat"ın da adını çəkir. Onun "Pərdə dalında nələr varmış?" adlı məqaləsi isə 1909-cu ildə Sultan Əbdülhəmid rejiminə qarşı yönəlmiş Türkiyə inqilabını alqışlamaq niyyəti ilə yazılmışdır.
Məhəmməd Hadi qəzetin səhifələrində "Siyasət" rubrikasında "İranda Qanuni-əsasi, Şərqdə idareyi-məşrutə" adlı bir məqalənin də tərcüməsini dərc etdirmişdi. Bu tərcümə Məhəmməd Hadinin "İrani-növ" qəzetindən tərcümə etdiyi şeirlərlə eyni məzmundadır və burada şair inqilabın İran xalqlarına verdiyi azadlıqdan söhbət açmışdır.
Şairin "Şüuni-müxtəlifə və zamanın Qarunu" adlı məqaləsi, əslində tam şəkildə original məqalə deyil. Məqalədəki bir çox materiallar ərəb və fars dilli qəzetlərdən tərcümə olunmuş və müxtəlif bir çox məsələlərə şərh verməklə Şərq ölkələrində baş verənlərə münasibətini bildirmişdi. Bu qəzetdə dərc olunmuş əsərləri onu göstərir ki, həmin dövrdə Məhəmməd Hadini Şərqdə baş verən hadisələr, hürriyyət və bərabərlik problemləri daha çox narahat etmişdir.
1909-cu ildə oktyabrın 2-də hökumət tərəfindən bağlanmış "İttifaq" qəzetinin nəşrini dayandırmasından 10 gün sonra Haşım bəy Vəzirovun redaktorluğu ilə Bakıda yeni bir mətbuat orqanı "Səda" qəzetinin ilk nömrəsi nəşr olundu. "İttifaq" bağlandıqdan sonra Haşım bəy Vəzirov və digər qələm sahibləri kimi Məhəmməd Hadi də öz əsərlərini "Səda" qəzetində dərc etdirməyə başladı. Onun "Səda" qəzetində çap olunan ilk əsəri "Həqiqət, acımı dadlımı?" şeiri olmuşdur.[33][81] Qəzetin 1909-cu il 23, 26, 28 oktyabr tarixli 11, 13, 15-ci nömrələrində "Felyeton" rubrikası altında həm nəsr, həm nəzm hissələri olan "İki lövheyi-həyat" əsərini dərc edilmişdi.
Eyni zamanda Məhəmməd Hadinin publisistikasının dəyərli nümunələrində biri hesab olunan "Xurafat içində həqiqət" əsəri, "Düşünmüşdüm" başlıqlı məqalədən çox mənsur şeir adlandırılan "Duman süpürgəsi" əsəri, "Məktəblərimizi, kitablarımızı islah etməliyiz" adlı tərcüməsi də məhz "Səda" qəzetində dərc edilmişdi.
Məhəmməd Hadinin "Səda" qəzetində dərc etdirdiyi ən dəyərli məqalələrindən biri isə "Ədəbiyyat müştaqlarına bir bəşarət" adlı məqaləsidir. Bu əsəri o İstanbuldan, işlədiyi "Tənin" qəzetindən "Səda" qəzetinə göndərmiş və həm də qeyd etmişdir ki, bundan sonra mütəmadi olaraq Türkiyədən çap olunmaq üçün Bakıya məqalələr göndərəcək. Onun bu məqaləsi Tövfiq Fikrəti Azərbaycan oxucusuna tanıtdırır və həm də Azərbaycanda Tövfiq Fikrət haqqında yazılan ilk tədqiqlərdən biridir.
1910-cu ildə Məhəmməd Hadi Türkiyənin İstanbul şəhərinə getmiş, İstanbulda olarkən mütərəqqi türk şairlərinin köməyi ilə Tofiq Fikrətlə Hüseyn Cavidin birlikdə çıxarmağa başladığı, çox çəkmədən ölkənin məşhur qəzetlərindən biri olmuş "Tənin" qəzeti redaksiyasında işə düzəlmişdir. Şərq dillərini mükəmməl bildiyindən, tərcüməçi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu qəzetdə Məhəmməd Hadinin şeirləri ilə yanaşı, nəsr əsərlərindən etdiyi tərcümələr də çıxmağa başlamışdır. Özü demişkən "Aləmi alt-üst edib, inqilab yaratmaq üçün doğulmuş" şair Türkiyədə də inqilabçı ziyalılara qoşulmuşdur. Məhəmməd Hadinin tərəqqipərvərlik ruhunda yazdığı şeirlər bütün Yaxın Şərqdə oxunub yayılırdı. Hətta şairin "Fünun və maarif" adlı şeiri Hindistanda, "Həblülmətin" qəzetində farsca tərcümə olunub çap edilmişdi.[82]
1911-1912-ci illərdə Məhəmməd Hadi "Tənin" qəzeti ilə yanaşı, "Rübab", "Şahbal", "Məhtab", "Şahrahi-səbah" kimi müxtəlif mətbuat orqanlarında da şeirlər, məqalələr, tərcümələr çap etdirmişdi. Burada o Türkiyənin inqilabçı şairi Tofiq Fikrətə bir neçə şeir həsr etmişdir.[83]
Tezliklə "Tənin" qəzeti hakim dairələrin nəzərini cəlb edir. Bir sıra inqilabçı ilə yanaşı, 1913-cü ildə Osmanlı hökuməti Məhəmməd Hadini də həbs edir və Salonikiə sürgün edir. Orada da Məhəmməd Hadidən şübhələnir, onu incitməyə başlayırlar. Məhəmməd Hadi başına gələn ağır fəlakətlərdən sonra 1914-cü ildə Bakıya qayıtmağa müvəffəq olur. Bakıya qayıtdıqdan sonra həyatdan küsmüş şair bu dövrlərdə "Gözəl düşününüz", "Bariqeyi-inqilab", "Ədəbi-ziyafət", "Hərbi-müsəlləs", "Şərareyi-əfkar", "Həyat səhifələrindən", "Ümmid səhneyi-təmaşayihəyatın ruhudur", "Halımız", "Mən ağlayıram, sən gülməyirsən", "Rüfəqadən birinin məktubuna yazılan məhəbbətnamədir", "Əzrari-əfkar", "Ağlayan şeirlər", "Qüvvət, həyat, ümid", "Nasıl yüksəlməli?", "Cəhalət zənciri və kor gözlü rəhbər" kimi əsərlərini, "Söyləyirsən söz olur, gər söyləməzsən, dildə qəm!", "Eydi-hürriyəti kim etdi haram? biz də bir bayram istəriz, bayram", "Başdan ayağa qan yeridir kainatımız", "Mən ölmədən əvvəl vətənim oldu məzarım", "Şu uzaqlarda parlayan ulduz - Əl irişməz ümidlər kimidir", "Ey bağını xəzan görəcək susmuş əndəlib" kimi misralı şeirlərini yazmışdır. O, yenidən mətbuatla əlaqələrini bərpa edir, "Tatarski-polk"un tərkibində müharibəyə gedənə qədər əsərlərini "İqbal", "Sədayi-həqq" və "Bəsirət" qəzetlərində dərc etdirir.[13]
Türkiyə səfərindən qayıdan Məhəmməd Hadi Qara bəy Qarabəyov tərəfindən müalicə edildikdən sonra Seyid Hüseynin redaktoru olduğu "İqbal" qəzeti redaksiyasında işləməyə başlamışdır. Şair bu zaman Ömər Xəyyamın 20-ə qədər rübaisini azərbaycancaya çevirərək bu qəzetdə çap etdirir. "Eşqi-möhtəşəm, yaxud ana qucağı", "Şükufeyi-hikmət" adlı kitablarını 1914-cü ildə çap etdirir. Məhəmməd Hadinin "Ustad Əkrəmə" ithafı ilə görkəmli türk şairi Mahmud Əkrəm Rəcaizadənin ölümü münasibətilə qələmə alınmış ""Ağlayan şeirlər", 18 fevral 1914-cü ildə 581-ci nömrədə, qadın azadlığı mövzusunda çap olunmuş "Nisviyyət təranələri", şərq aləmi ilə qərb aləminin müqayisəsi kimi düşünülmüş "Əzhari-əfşar, neçin?", qadın azadlığı məsələsinə həsr olunan "Pəyami-dilaram", 28 fevral 1914-cü ildə "Rəsulzadə Məhəmməd Əmin qardaşıma" qeydi ilə yazılmış "Bahari-əfkar, qaçma",[84] 1914-cü il mart ayının 11-də "Hüseyn Sadiq qardaşıma" qeydi ilə yazılmış "Dün axşamın ilhami-yetimanəsi", 1 aprel nömrəsində 19 beytlik qəsidə formalı "Asi şeirlər" yaxın dostu Sabit Manafzadəyə həsr etdiyi "Qüvvət, həyat, ümid... Yaşamağı sevirəm", qadın və cəmiyyətdə onun yeri mövzulu "Növxəndə çiçəklər", "Yeni Füyuzat" jurnalının redaktoru Əlipaşa Hüseynzadə Səburə ithaf etdiyi "Xəluqun pədəri", "Xəndeyi-zəfər", qadın və cəmiyyətdə onun yeri, qadını sıxan mühit mövzusunda yazılmış "Timsali-məlal, hüsni-məhzun", "Şərareyi-əfkar", 1917-cü ilin ortalarına - hərbi xidmətə çağırılana qədər "İqbal" qəzetinin redaktoru olan Sənətula İbrahimova ithaf etdiyi "Xabgahi-mövta, ilhamati-əmvat", "Şeir necə olmalıdır və necə yazılmalıdır?" sualı barədə düşüncələrinin məhsulu olan "Açıq və aydın düşüncələr", "Cəmiyyətin işıqlı gələcəyi necə olacaq?" duyğularının bədii ifadəsi olan "Livayi-zəfərin tamaşası", "Vətənə və millətə necə xidmət edilməlidir?" sualının cavabı olan "Ümid səhneyi tamaşayi-həyatın ruhudur", Bağçasarayda "Tərcüman" qəzetini nəşr etdirən, türk dünyasına əvəzsiz xidmətləri olan İsmayıl bəy Qaspıralının vəfatı münasibətilə yazdığı altı bəndlik "Böyük İsmayıl bəy" və b. şeirlərini "İqbal" qəzetində çap etdirmişdir.[85]
Məhəmməd Hadinin "İqbal" qəzetində şeirləri ilə yanaşı, məqalə və tərcümələri də dərc olunmuşdur. "Türkiyədəki acı müşahidələrim" adlı məqaləsində böyük ümidlərlə getdiyi Türkiyədə gördüklərindən və başına gələnlərdən gileylənən Məhəmməd Hadi bu qəzetdə dərc etdirdiyi məqalələrində daha çox ədəbiyyat və sənət məsələləri ilə bağlı düşüncələrini qələmə almışdır. "Açıq məktub" adlı məqaləsi "İqbal" qəzetinin 698-ci nömrəsində Məhəmməd Hadinin əsərlərini daha çox cəmiyyətdə və insanlardakı mənfiliklərdən bəhs etməsində günahlandıran "M.M." imzalı bir məktuba cavab kimi yazılmışdır. Məhəmməd Hadi onu guya insanları sevməməkdə günahlandıran müəllifə cavab olaraq yazır:
"Əzizim, mən insanları ciddən sevənlərdənəm. Layəzəli və layəmut məsləkimdir. Bir məslək ki mənimlə bərabər yaşamaq üçün doğulmuşdur. Fəqət uzaqdan sevirəm. Gözlərində məali-istehfam görürəm. Cavab verəyim: İnsanlara yaxınlaşdıqca təbəqeyi-sinema kimi surətlərində bir qarşıqlıq, bir ədəm və büuhiyyət nümüyan olur. Əvvəlki zövqi-tamaşa qalmayıb. Bunun üçündür ki, nəcabəti-əxlaqiyyə və fikriyyəyə malik bulunan ən mümtaz simalar - əksəriyyət üzrə mərdümgürz, inzivanişin və güşəgüzin olaraq yaşayırlar, yaşamaq istəyirlər. Nə insanlara qarışayım, görəyim nə ürəyim bulansın." |
Məhəmməd Hadinin ədəbiyyatın nəzəri və əməli məsələlərinə dair məqalələrində onun Azərbaycan ədəbiyyatının gələcək inkişafı haqqında düşüncələri maraq doğurur. "Ədibi-şəhir Həsənbəyin ruhuna ithaf", "Seyid Əzim və asarı", "Məhəmməd Səid Ordubadi cənablarına açıq məktub" və digər əsərlərdə şairi ədəbiyyatın məqsəd və vəzifələri, sənətkar və mühit, satira, tənqid kimi məsələlər düşündürür. Məhəmməd Hadin Nizami, Füzuli, Hüqo, Namiq Kamal və başqaları haqda öz əsərlərində geniş danışırdı. O, Seyid Əzim və Abbas Səhhət kimi klassiklərə xüsusi məqalələr həsr etmişdir. "Seyid Əzim və asari" adlı məqaləsində onu "yaşayışları da bəxtləri kimi qaranlıq, küskün və əməlləri bir zilli girizan olan ədəbi simalardan, parlaq nasehlərdən biri" adlandıran Məhəmməd Hadi qeyd edir ki, Seyid Əzim kimi sənətkarların ədəbi irsi layiqincə təbliğ olunmadığından çoxlarının onlar haqqında fikirləri çox bəsitdir.
Məhəmməd Hadi "İqbal" qəzetinin 608, 703, 709, 715, 720 nömrələrinin səhifələrində "İlhami-Xəyyam" adlı silsilə tərcümələr nəşr etdirmişdir.[86]
"İqbal" qəzeti ilə yanaşı Məhəmməd Hadi 1914-cü il aprel ayının 12-də Hacı İbrahim Qasımovun redaktorluğu ilə nəşrə başlayan "Bəsirət" qəzeti ilə yaxından əlaqə saxlamış, həm müharibəyə gedənə qədər, həm müharibədə olduğu zaman, həm də cəbhədən qayıdandan sonra əsərlərini bu qəzetdə dərc etdirmişdir. Məhəmməd Hadinin "Bəsirət"lə əməkdaşlığı qəzetin redaktoru Hacı İbrahim Qasımova ithaf etdiyi "Yadi-vətən" şeiri ilə başlamışdır. Qəzetdə "Şirvanı Əbdülsəlimzadə Məhəmməd Hadi" imzası ilə çıxan bu şeir Məhəmməd Hadinin "Eşqi-möhtəşəm" kitabında da dərc olunmuşdur.
1915-ci ildə Qafqaz ordusunda feldşer kimi çalışdığı zaman Avstriya cəbhəsinə, Karpata getmiş, müsəlman əsgərləri arasında alay mollası vəzifəsini icra etmişdir. Şair cəbhədə ikən bir sıra xırda şeirləri ilə yanaşı tərcümeyi-halını əhatə edən "Sərgüzəşt"ini yazmağa başlamışdır. Müharibənin təsvirindən ibarət olub, Şərq ilə Qərbi müqayisə edən fəlsəfi poemanı da burada yazmışdır. 1918-ci ildə Qafqaz ordusundan qayıtdıqdan sonra Məhəmməd Hadi bir müddət Gəncədə qalır və sonra Bakıya gəlir. Bu zaman şair maddi ehtiyac içində idi. Yerli hökumət adamları şairin taleyi ilə maraqlanmırdılar. Mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün deyildi. Şair öz əsərlərini vərəq halında çap etdirərək satırdı. Abdulla Şaiq "Xatirələrim" kitabında yazır:
"Bir gün küçədə sərxoş halda mənə təsadüf etdi. "Hərarətli şeirlərim" sərlövhəli mənzuməsini mənə uzadaraq: "Al, beş manat ver!" - dedi. Mən cibimdə olan on manatımın hamısını ona verdim. O, diqqətlə üzümə baxdıqda məni tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi. "Şaiqciyim, bağışla, tanımadım" - dedi. Nə qədər israr etdim, pulu almadı. |
Hadi 1918-1919-cu illərdə yazdığı bütün əsərləri bir yerə toplayaraq dörd kitab halında çap etdirmişdir. Şairin ən iri əsəri "Əlvahi-intibah" lirik poemasıdır.[87]
Məhəmməd Hadinin əsərləri onun sağlığında dövri mətbuatda, eyni zamanda şairin böyük çətinliklə 1908-ci ildə "Firdovsi-ilhamat", 1914-cü ildə "Eşqi-möhtəşəm", "Şükufeyi-hikmət" və 1918-1919-cu illərdə çap olunmuş kitablarında toplanmışdır. Şairin əsərləri sonralar 1936, 1957, 1979, 1980-ci illərdə Bakıda nəşr olunmuş, əsərlərinin bir qismi Türkiyə mətbuatında dərc olunmuşdur.[88]
Məhəmməd Hadi əsərlərini əruz vəznində yazdığından şeirlərinin dili ərəb, fars sözləri ilə ağırlaşır, bu da şairin yaradıcılığının təsir dairəsini məhdudlaşdırır.
Məhəmməd Hadinin cəbhə həyatının ilk günləri 1914-cü ilin sonu, 1915-ci ilin əvvəllərinə təsadüf edir. Cəbhəyə gedişini "səyahət" adlandıran şair orada qaldığı 3 il müddətində də publisistik əsərlər yazmış, yazdığı əsərlərin bir qismini Bakıya, dostlarına göndərərək çapına çalışmıış, bir qismini isə ordudan qayıdandan sonra yayılmasına səy göstərmişdi. Onun müharibə dövrü yaradıcılığının nümunələrində biri 1 mart 1915-ci ildə Ukraynanın Stanislav şəhərində dostu, "Yeni füyüzat" jurnalının redaktoru olmuş Əlipaşa Hüseynzadəyə yazdığı "Məhəbbəti-səmimi, Əlipaşa qardaşım, tərk etmədin məni" adlı ədəbi məktubu olmuşdur. Məktubun şeirlə yazılmış hissəsi aşağıdakı kimidir:
Avarı idim, yalnız idim, kölgəsiz idim, Yurdumda yaşarkən, a Paşam, ölkəsiz idim. Həqq anladığımlar hamısı çıxdı həyula, Gec anladım əhbabı, fəqət anladım əla, Gördüm də pək əla! Dost anladığımlar bütün olmuşdu girizan, Olmaqda idim atəşi-əhzan ilə suzan. Ol gündə mənə yari-vəfadar sən oldun, Həmsöhbətü həmbəzmü həməfkar sən oldun! Sən atmadın iştə o zamanlar məni tutdun, Guya ki, yetim bir cocuq idim də ovutdun. Dəsti-əcəl ilə dəhənim olmasa xamuş, Dostum, yaşadıqca səni etməm ki fəramuş! |
Məhəmməd Hadi eyni zamanda cəbhədə olarkən "Açıq söz" qəzeti ilə də əlaqə saxlamış, qəzetin səhifələrində bir neçə müxbir məktubunu və "Dilək ölməz" adlı şeirini, 1917-ci ildə Bakıya - "Sovqat" qəzeti redaksiyasına bir neçə şeir və "Hürriyyət şənliyi və ülvi mənzərələr" adlı məqaləsini, Hacı İbrahim Qasımova - "Bəsirət" qəzetinə göndərdiyi "Sərgüzəşti-səyahətimdən bir yarpaq" və bir neçə başqa əsərlərini dərc etdirmişdi.
Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Böyük romantik şair, publisist Məhəmməd Hadi Azərbaycan Xalq Cümhuriyyətini sevinclə qarşılayaraq istiqlaliyyətin qorunub saxlanması mövzusunda bir sıra əsərlər yazmışdır.
Şairin cümhuriyyət dövrü yaradıcılığında "Türkün nəğməsi", "Zəfəri-nəhayəyə doğru", "Əsgərlərimizə-könüllülərimizə", "Azərbaycan dövləti-növzadına", "Vaxtın səsi və həyatın sözü" habelə başqa şeirləri və "İki simayi-siyasinin müharibə haqqında mütaliələri münasibətilə", "Zərbeyi-inqilab", "Ümid ilə yaşayın" adlı marş və hərbi vətənpərvərlik ruhlu məqalələri ilə diqqəti cəlb edir.
Son illər bu mövzuda olan əsərlərinə "Qəhrəman türk əsgərlərinə" şeiri də əlavə edilmişdir ki, bu şeiri tanınmış türk alimlərindən olan Əli Yavuz Akpınar görkəmli mütəfəkkirlərimizdən Əli bəy Hüseynzadənin Türkiyədəki arxivindən uzə çıxararaq "Kardeş kalemler" jurnalının 2007-ci il 7-ci sayında onun əslinin fotosu ilə birlikdə "Azerbaycanli şair Muhammed Hadinin bilinmeyen bir şeiri: "Kahraman türk asgerlerine" başlıqlı məqaləsi ilə çap etdirmişdir.
O dönəmlərdə Azərbaycanın köməyinə gələn Qafqaz İslam ordusunun baş qərargahı Gəncədə yerləşirdi. Həmin dövrlərdə Gəncədə olan Məhəmməd Hadi onların Azərbaycana köməyini sevinclə qarşılamış və 13 iyun 1918-ci ildə "Qəhrəman türk əsgərlərinə" şeirini burada yazmışdır.
Azərbaycan və Anadolu türkcəsinin ortaqlığından yaranmış, heca vəznində sadə dildə yazılmış bu şeirin iki bəndi aşağıdakı kimidir:[89]
Qorxmaz yürekli ərləriz, Həp əsgər oğlu əsgəriz. Türk oğlu qaçmaz hərbdən, Qeyrətliyiz, cəngavəriz. |
... Türk milləti, türk milləti, Qəhr etdi canlı zülməti. Əlhəmdüillah parladı Türkün hilalü şövkəti. |
Azərbaycan Demokratik Cümhuriyyətinin bir müddət Gəncədə fəaliyyət göstərməsi ilə əlaqədar olaraq Cümhuriyyətin rəsmi orqanı olan "Azərbaycan" qəzeti də Gəncədə nəşr olunmağa başlamış, paytaxt Bakıya köçürüləndən sonra isə fəaliyyətini Bakıda davam etdirmişdi. Məhəmməd Hadi "Həyat", "Füyuzat", "Tazə həyat", "Tərəqqi", "Səda" və b. mətbuat orqanlarında olduğu kimi Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəylinin ortaq redaktorluğu ilə çıxan "Azərbaycan" qəzetində də həm şeirləri, həm də kəskin publisistik yazıları ilə çıxış etmişdi. Məhəmməd Hadinin "Azərbaycan" qəzetində dərc olunmuş ilk məqaləsi "İki simayi-siyasinin müharibə haqqındakı mütaliələri münasibətilə" əsəridir. Bundan əlavə onun bu qəzetdə "Zərbeyi-inqilab", "Ümid ilə yaşayın!", "Abbas Səhhətin üfuli-əbədisi" adlı məqalələri də dərc olunmuşdu.
"Abbas Səhhətin üfuli-əbədisi" adlı məqaləsini Abbas Səhhətin Gəncə şəhərində ölümü münasibətilə qələmə almışdır. Bu məqalədə dostunun ölümündən sarsıntı keçirən Məhəmməd Hadini düşündürən Abbas Səhhətin əsərlərinin taleyi məsələsi olmuşdur. O bu narahatlığını oxuculara belə çatdırır:[90]
Səhhət öldü. Fəqət əsl düşünüləcək şurasıdır ki, şairi-mütəffəyatın qeyri-mətbu olan mətrukati-qələmiyyəsi nasıl oldu? Yoxsa Şirvan facieyi-əziməsində yanıb-yaxılan sərvətlər kimi Səhhətin də asari-qələmiyyəsi, sərvəti-fikriyyəsi ehraq olub getdimi? Məncə, şayani-əndişə burasıdır. Dünyamız hali-asayişə ovdət etdikdən sonra, ehtimal ki, bu həqiqət anlaşıla biləcəkdir. |
Ədibin bu qəzetdə çıxan ilk şeiri isə "Türkün nəğməsi" əsəri olmuşdur. "Türkün tökülən qanları bihudə gedərmi?" "Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?" - müraciəti ilə başlanan və himn təsiri bağışlayan "Türkün nəğməsi" şeiri həcmcə on doqquz misradan ibarətdir.[91]
Məhəmməd Hadinin "Azərbaycan" qəzeti ilə əlaqələri 1919-cu il may ayına şairin Bakını tərk etməsinə qədər davam etmişdir.
Şairin tarix etibarı ilə bizə məlum olan "Hərarətli şeir, yaxud qızdırmalı halımda saçmalarım" adlı[92] son məşhur əsərində, mövcud quruluşa qarşı son üsyan səsi "Kor soqqur" adlı şeiri olmuşdur:
Gözüm bir gülməyir bu ərzi-fəryadı görən gündən, Könül şad olmayır bu səhni-naşadı görən gündən. Ürək atəşli, göz pürab, yəni kiryəpərvərdir, Pərişanəm bu xakistani-bərbadı görən gündən... Xilas olmaq çətindir bəhri-çuşani-məsaibdən, İnandım mən buna əshabi-imdadi görən gündən... Cahan əhli uzaqlaşmış ümumi bir uxuvvətdən, Siyasiyyun əlqabında fəssadı görən gündən. Hələ rübahlər meydanıdır bu bişeyi-dünya, Bunu duymuş idim məhzun asadı görən gündən. |
"Kor soqqur" şeiri 2 may 1919-cu ildə, "Azərbaycan" qəzetinin 170-ci nömrəsində dərc olunmuşdur. Bu şeir Məhəmməd Hadinin "Bəsirət" qəzetində çap etdirdiyi "Bədbəxt kor çocuq" şeirinin bir növ genişləndirilmiş variantı hesab olunur.[91]
"Hadi qədər hürriyyətə həvəs göstərən bir şair olmamışdır... hər bir əsərində hürriyyəti oxşamadan keçməmişdir” |
"XX əsr Azərbaycan şeirində romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri Məhəmməd Hadidir. Keşməkeşli və faciəvi sonluqla bitən bir ömür sürmüş Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını, fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə əks etdirərək, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə yer tutmuşdur” |
Anar:
"Hadinin taleyindəki dəhşətli paradoks bundadır ki, nəhayət, sanki arzusu gerçəkləşdiyi, Azərbaycan öz müstəqilliyini bəyan edib, "xətti imzalar içində” yer aldığı zaman artıq qırx yaşı haqlayan Hadi bu sevinci sonadək duya bilmədi” |
"XX əsr Azərbaycan klassik poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə "vətən” və "millət” ifadələrini işlədən ikinci şair yoxdur və bu ifadələr onun poeziyasını tam, bütöv şəkildə müəyyənləşdirən obrazlara çevrilib” |
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən "Məhəməməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncamı imzalamışdı.[94] Bakı şəhərində yerləşən küçələrdən birinə, habelə Şamaxı şəhərində yerləşən 9 nömrəli tam orta məktəbə Məhəmməd Hadinin adı verilmişdir. Eyni zamanda Şamaxıdakı Tarix və Etnoqrafiya muzeyində Məhəmməd Hadinin büstü qoyulmuşdur.[95][96] 2012-ci ildən "Bakı Metropoliteni" QSC üç yeni metro stansiyasının tikintisinə başlayıb. Bakı Metropolitenin ikinci (Yaşıl) xəttində olan stansiyası Məhəmməd Hadi metrostansiyası adlandırılacaq.
Sakibə Ələsgərova, Rəsul Rza, İslam Qəribli, Rəfiq Zəka, Əziz Mirəhmədov və başqa tədqiqatçılar ədib haqda müxtəlif tədqiqatlar aparıb, kitablar yazıblar.
Əli Nəzminin öz xatirələrində yazdığına görə, həmin ilin yazında şair ağır maddi ehtiyacda idi. Gəncə üsyanından bir neçə gün sonra (1920-ci ili mayı) şair xəstəxanada ağır yatırmış, həmin günlərdə vəfat etdiyi güman olunur.[98]
Məhəmməd Hadi 1920-ci ilin mayında artıq bolşeviklərin əlinə keçmiş Gəncədəki xəstəxanaların birində vəfat etmişdir. Harada dəfn edildiyi barədə uzun müddət ictimaiyyət məlumatsız qalmışdır. Sonralar şairin nəşi Gəncədə dəfn edilmişdir.[99]
Məhəmməd Hadinin qəbrinin harada olması haqqında ilk məlumat “Bakı”(axşam) qəzetinin 4 iyun 1966-cl il tarixli 130-cu nömrəsində dərc olunmuşdur. Görkəmli alim, Məhəmməd Hadi yaradıcılığının tədqiqatçısı “Məhəmməd Hadinin xatirəsi” adlı məqalənin müəllifi Əziz Mirəhmədov 1966-cı ildə Gəncəyə gedib yerli ağsaqqalların köməyi ilə «Səbzkar» qəbristanlığında Məhəmməd Hadinin qəbrini tapmışdır. Bu barədə «Bakı» (axşam) qəzetinin 4 iyun 1966-cı il tarixli sayında məlumat dərc edərək yazır:
“Bu yaxınlarda Kirovabad (Gəncə - İ.Q.) müəllimlərindən Kərim Tağıyev təsadüfən keçmiş qəbirqazan, 90 yaşlı Məmməd Şahmar oğlu Rzayevlə görüşüb söhbət etdiyi zaman ondan Məhəmməd Hadini soruşmuşdur. Yaşına görə xeyli qıvraq olan M.Rzayev demişdir ki, bəli, bu “qərib şairi” mən özüm dəfn etmişəm. Sonra o, Hadinin qəbrini də göstərmişdir. |
Məhəmməd Hadi 1920-ci il mayın axırı – iyun ayının əvvəllərində Gəncədə vəfat edib, orada – A.Səhhət və A.Tofiqin basdırıldığı “Səbzkar qəbiristanlığı”nda dəfn olunmuşdur”.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.