From Wikipedia, the free encyclopedia
Azərbaycan köçəri həyatı — Azərbaycan mədəni mühitində tarixən və müasir dövrdə köçəri (tərəkəmə) və ya yarımköçəri (elat) həyat tərzi keçirən şəxs və ya icmaların tarixi, mədəniyyəti və adət-ənənələri. Azərbaycanda elatların istifadə etdiyi müvəqqəti yaşayış məskənlərinə oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. daxil idi. Yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir.
2023-cü ildə xınalıqların mədəni mühiti və Azərbaycandakı köç yolu Dünya irsi adına layiq görülmüşdür. Azərbaycan Macarıstanda keçirilən Böyük Hun-Türk Qurultayının və müxtəlif ölkələrdə keçirilən Dünya Köçəri Oyunlarının daimi iştirakçısıdır.
Digər türkdilli bölgələrdə olduğu kimi Azərbaycanda da köçəri heyvandarlıq üçün istifadə edilən yay otlaqları yaylaq adlanır. Bu yaylaqların çoxu dəniz səthindən 2800 metr orta hündürlükdə yerləşir. Qoyunların otarıldığı qədim yaylaqlar Böyük və Kiçik Qafqaz dağlarının alp və subalp çəmənliklərində yerləşən yaylaqlar hesab edilirdi.[6] Yaylaq maldarlığı kimi tanınan peşə Zaqafqaziya ərazisində, xüsusən də müasir Azərbaycan ərazisində Erkən Tunc dövründə yaranmış və nəhayət eramızdan əvvəl I minilliyin əvvəllərində formalaşmışdır.[7]
Yaylaq maldarlığı, əsasən, dağətəyi rayonların otlaq sahələrinə sahib olan əhali tərəfindən həyata keçirilirdi. Bunun sübutu mövsümi yaşayış üçün və mal-qaranı qonşu qəbilələrin qəfil hücumlarından qorumaq üçün tikilmiş, siklop tipli, güclü daş tikililərdir. Eramızdan əvvəl II minillikdə heyvandarlıqla məşğul olan şəxslərin oxşar tikililərinə Kiçik Qafqazın yaylaqlarında — Xaçbulaq, Kəlbəcər, Gədəbəy, Laçın, Batabatda, həmçinin Ordubad dağlarında tez-tez rast gəlmək mümkündür.[8] Azərbaycanda yaylaqlardan XX əsrin 80-ci illərinə qədər geniş istifadə olunurdu.[6]
Arxeoloji məlumatları Azərbaycanın etnoqrafiyası ilə müqayisə edərək yaylağa köçmə üsulu və qədim dövrlərdə yaylaqda yaşayış forması haqqında fikir söyləmək mümkündür. Belə ki, əhali mal-mülklərini arabalara yığaraq sürü ilə birlikdə hərəkət edirdi. Təkərli yolun cığırlara çevrildiyi yerdə əmlak yük heyvanlarına yüklənirdi. Tarixçi Teymur Bünyatovun fikrincə, yaylağa bu cür hərəkət Tunc dövründə də mövcud olmuşdur.[7]
Türklərin Azərbaycanda yerləşməsinin əsas səbəbi bu ölkədə otlaq, bağ-bağçaların çox olması, mal-qara bəsləmək üçün uyğun və əlverişli şəraitin olmasıdır.[9] Nəticə olaraq, Azərbaycan və İraq-i Əcəm ərazisi 2 milyon köçəri üçün yaylaq və qışlaq olmuşdur.[10]
Elxanilər dövründə köçəri yolları (köç yolları) indiki Azərbaycan, Ermənistan, şimal-qərbi İran və mərkəzi İraqı əhatə edirdi.[11] Elxanilər şimalda (Qarabağda) qışlamaq məqsədilə 11 tağlı Xudafərin körpüsünü bərpa edib istifadə etmişdir.[12]
Köç yolları Azərbaycanda daxili əlaqə yollarından biri olaraq aran və dağa köçüləndə istifadə edilirdi. Həmçinin oturaq həyat tərzi keçirən əhali köç yollarından istifadə edərək öz məhsullarını maldarlıq məhsulları ilə (ət, dəri, yun, yağ, pendir və s.) dəyişdirmək üçün yaylağa gedirdi.[13]
Azərbaycanın Qərb bölgəsinin köç yolları Kür çayı üzərindəki keçidlərdən başlamaq şərti ilə, düzənlik ərazilərdəki torpaq yollarında davam edir, yaylaqlara çatdıqca dağ çığır yolları əvəzlənirdi. Qərb bölgəsinin köç yollarının Kür çayından keçməsi səbəbi ilə mal-qara və qoyunlar balaca qayıqlar vasitəsilə çaydan keçirilirdi. Buna görə də çayın üzərində gəmiçilər olurdu. Qərb bölgəsinin qışlaqları Qarayazı və Ceyrançöldə, yaylaqları Şahdağ və Murğuz silsiləsində yerləşirdi. XIX əsrin sonlarında Qazax və Yelizavetpol qəzaları köçərilərinin bir yerdə istifadə etdikləri yollar əsasən Yasamal, Zəyəm dərəsi, Kiran, Sarı yoxuş, Qoşa dəyirman yolları, Qızılbulaq yaylağına gedən yol və Zada yolları idi. Qərb bölgəsində yaylaqlardan istifadə edən kənd əhaliləri (Poylu, Salahlı, Kəsəmən və Qarabağlı) Ceyrançöl-Qədili keçidi—Annenfeld—Alman koloniyası—Morul kəndinə kimi müstəqil hərəkət edir, buradan Yasamal yolu ilə yaylaqlara köçürdü. Şuşa qəzasında 2 köç yolu var idi: Kür sahilləri—Əsgəran vadisi—Qırxqız yaylağı və Xaçın yolu—Əylisli—Şuşa kəndi—Kirs dağı. İkinci yoldan Cavanşir qəzası əhalisi də yararlanırdı.[13]
Şirvan elatlarının köç yolları Küdrü qışlaqlarından Böyük Qafqaz yaylaqlarına qədər gedirdi. Köç yolları istiqamətləri bunlardır: Hərmidağ—Paşalı—Udulu—Yavannı dağı—Mərəzə—Hilmilli—Dibrar, Girdə-Pirsaat vadisi—Təsi kəndi—Sündüqozlu çayı—Dibrar, Kələqaya (Döymə yolu)—Ləngəbiz—Çarhan—Mərzəndigə—Kürdəmir—Astraxanka—Sarıdaş yaylağı (Dibrar), Gödəkambarə qışlağı—Kolanı—Göylər—Ortabulaq dərəsi—Şamaxı—Pirsaat vadisi—Çaylı kəndi—Kürdəmir—Astraxanka—Dibrar.[13]
Muğan elatlarının yaylaq yerləri Savalan, Qaradağ və Talış dağları idi. Savalan yaylaqlarına gedən miqrasiya yolları Biləsuvar—Bağrovdağ—Ağ evlər—Gəlin yurdu—Xatınbulaq—Qaraşıran istiqaməti idi. Şahsevən elatları, xüsusilə Meşkin icmaları yaylaqlara köçərkən bu yollardan istifadə edirdi: Araz çayının aşağısı—Xoruzlu dağ silsiləsi—Bərzəng çayı, Ziyvə kəndi (Muğan)—Sambur çayı—Ləngəndən—Savalan, Qarasu çayının yuxarı axarı boyu, Göytəpə-Səfidağ mahalı—Talış dağları—Çiçəkli dağ silsiləsi.[13]
Solda: Hökmdar olmasına baxmayaraq, İran Azərbaycanı və Ermənistanda köçəri həyatı keçirmiş Elxani Hülakü xan.[11] Sağda: Məhəmməd Siyah Qələmin köçəri həyatını təsvir edən rəsmi.[14] |
XI–XIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir.[15][16] Səlcuqlar dövründən bölgəyə gəlməyə başlayan köçəri oğuz tayfaları azərbaycanlıların mənşəyində əsas rolu oynamışdır.[17]
Monqol xaqanlığının parçalandığı dövlətlərdə türk və monqol elementlərinin rahat birləşməsinin səbəbi ümumi köçəri irsi və Mərkəzi Asiyada min illik simbiozis idi. Təəccüblü deyil ki, islamı qəbul etdikdən sonra monqolların əksəriyyəti farslara deyil, mədəni cəhətdən daha yaxın olduqları türklərə assimilyasiya olunublar. Monqollardan sayca çox olan və müsəlman olan türkmənlər ortaq köçəri həyat tərzinə görə monqolları tez bir zamanda öz içlərində əritdilər.[18] Monqol Elxani imperiyası dövründə hökmdar sülalə köçəri həyat tərzini tərk etməmişdir.[19]
Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur.[20] Türklüyü və müsəlmanlığı qəbul edən monqollar türk dilində danışan, ancaq monqol tarixi yaddaşına malik bir qrup olmuş, İran Azərbaycanında və Şərqi Anadoluda köçəri həyatını davam etdirmişdir. Türk-monqol köçəriləri köçəri həyatın vacib funksiyası olan hərbi xüsusiyyətləri itirməmişdir.[21]
XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir.[20] Köçəri zadəganlar arasında tayfanın ayrı-ayrı hissələrinin böyükləri ağsaqqal adlandırılırdı.[22] Ağsaqqallar maldarlıqda dölün başlanması, sürünün otlaması, dağa və arana miqrasiya məsələləri ilə bağlı öz fikirlərini deyir, məsləhət verirdilər.[23]
Ağqoyunlu hakimi Qara Yuluq Osman bəy bir tərəfindən fars-İslam administrasiyasının əsasını inşa etməyə başlayarkən, bir tərəfdən də öz köçəri köklərinə, Mərkəzi Asiyadakı türk köklərinə güclü bağlılıq nümayiş etdirirdi. Bunun sübutu Osman bəyin öz ardıcıllarını oğuz irsinin gücünə hörmətlə yanaşmağa çağırması, bu zaman yasaqdan (yazılmamış qanunların ənənəvi məcmuəsi) sitat gətirməsidir. Osman bəy ardıcıllarına oturaq həyata keçməməyi tənbehleyirdi. Çünki, onun fikrincə, oturaq həyata keçmək "suverenlik, türklük və azadlığ"ın itirilməsi deməkdir. Monqol hökmdarı Çingiz xan da vaxtilə öz monqol ardıcıllarına oxşar bir mesajla xəbərdarlıq etmişdir.[24] Ağqoyunlu hökmdarı Sultan Yaqubun dövründə (h.i. 1478–1490) Çingiz yasası (türklər və monqolların ənənəvi köçəri qanunları) ləğv edildi.[25]
Səfəvilər dövründə oturaq əhalinin mövqeyinin zəifliyi köçərilərin oturaq həyata keçməsini yavaşladırdı. XVII və XVIII əsrlər ərzində bəzi tayfalar yarımköçəri həyat tərzinə keçir, həm əkinçiliklə məşğul olur, həm də yayda sürüləri ilə yaylağa köçürdü.[26]
Əhməd bəy Cavanşirə görə Pənahəli xanın vaxtında (1747–1763) püsyan, qaraçarlı, cinli, dəmirçihəsənli, qızılhacılı, səfikürd, boyəhmədli saatlı, kəngərli və s. köçərilər Qarabağ xanlığına köçmüşdür.[27] Xanlığın vəziri Molla Pənah Vaqif Azərbaycanı yalnız köçəri tayfa qurumu olan elə görə bölürdü.[28]
XIX əsr əvvəllərindən başlayan Rusiya hakimiyyəti dövründə Azərbaycanın köçəriləri və elatları (yarımköçəri) ənənəvi otlaqlarını tərk etməyə məcbur edildilər. Bunun səbəbi satılmaq üçün əkilən kənd təsərrüfatı məhsullarının artması və oturaq əhalinin çoxalması (ermənilərin immiqrasiyası, İrandan türklərin və farsların gəlməsi, rusların məskunlaşması) idi. XIX əsrin sonunda köçərilər ancaq bəzi ərazilərdə qalmışdı. Lakin qaldıqları yerlərdə əhalinin 30–40 fazini təşkil edirdilər. Belə ərazilər Cavad qəzası (Bakı quberniyası, Muğan düzünə yaxın) və Qarabağın qərbi, dağlıq ərazilərindəki Şuşa və Cəbrayıl qəzaları idi.[29]
XIX əsr — XX əsrin əvvəllərində "tərəkəmə" sözü köçəri mənasında işlədilirdi.[3] A. D. Yeritsov qeyd edirdi ki, "tərəkəmə" sözü xüsusi bir milliyyət və ya tayfanı ifadə etmək üçün istifadə edilmir, bütün köçəri Azərbaycan türklərinə aid edilirdi. Onun Qazax qəzasında qeyd etdiyi və digər qəzalarda da qeydə alınan tərəkəmə (köçəri) tayfalar bunlar idi: ayrımlı, bayat, qədirli, qaraqoyunlu, qaraxanlı, kəngərli, salaxlı, sofulu, tatlı.[4] N. A. Abelova görə, yerli əhali köçəri tayfaları (Göyçay və Şamaxı qəzası azərbaycanlıları) tərəkəmə və ya köçəri adlandırırdı.[30]
Azərbaycan milli kimliyi ortaya çıxmazdan əvvəl yarımköçəri həyat tərzi keçirən və patriarxal-tayfa münasibətlərinin qalıqlarını qoruyub saxlayan sakinlər özlərini tayfa və ya əcdad mənsubiyyətinə görə (avşarlar, təkəllər, kəngərlilər, ayrumlar və s.) adlandırırdılar.[28] Sovet Azərbaycanında 4 köçəri qrup (ayrımlar, padarlar, şahsevənlər, qarapapaqlar) mövcud idi.[31] Ayrımlar Azərbaycanın qərbində, şahsevənlər isə Azərbaycanın cənubunda, İran sərhədi boyunca yaşayırlar.[32]
Saxurların yaylaqlarının Dağıstanda, qışlaqlarının Azərbaycanda olması Saxur-Azərbaycan ikidilliliyinə (saxurların öz dilləri ilə birlikdə Azərbaycanda dilində də danışması) səbəb olmuşdur.[33] Rus-isveçli zabit İvan Gerber Muğanda qış aylarında məskunlaşan köçəri ərəblərin "qarışıq türk-ərəb dilində" danışdığını qeyd etmişdir.[34][35]
Türk köçərilərinin XI əsrdə Cənubi Qafqaza gəlməsindən başlayaraq XX əsrin əvvəllərinə qədər Qarabağın dağlıq hissəsi onlar üçün yaylaq rolunu oynamışdır. Bu tayfalar ilin isti keçən 4–5 ayını burada keçirmiş və ərazi onların olmuşdur. Bu tayfalar qışı Mil-Qarabağ düzlərində keçirirdi. Beləliklə, Dağlıq Qarabağın köçəri türk və erməni əhalisi əsrlər boyunca birlikdə yaşamışdır. Bu köçərilərin nəslindən gələn azərbaycanlılar Qarabağa tarixi hüquqları olduğunu, buranın onların ata yurdu olduğunu qeyd edirlər.[36][37]
1593-cü il və 1727-ci illərə aid Osmanlı müfəssəl dəftərləri tarixi Dağlıq Qarabağda (Xaçın, Dizak, Vərəndə, Gülüstan) bir çox türk-Azərbaycan köçəri tayfalarını, aran Qarabağda isə onlarla köçəri tayfalarını qeydə almışdır.[38][39][40] Rus etnoloqu Anatoli N. Yamskov qeyd edir ki, aranda yaşayan tayfalar yayda Qarabağ düzünün otlaqlarından bölgənin dağlıq hissəsinə köçür və yay mövsümündə orada qalırdılar.[41] Bu ənənə köçəri çobanların bölgəyə nüfuz etdiyi dövrdən başlamış, XX əsrin əvvəllərinə qədər davam etmişdir.[36]
XX əsrin əvvəllərində Zəngəzur Şərqi Zaqafqaziya, İrəvan quberniyası və Naxçıvanı birləşdirən strateji dəhliz idi. 1916-cı ildə burada 120 min müsəlman və 101 min erməni (yayda Zəngəzurun dağlıq rayonlarının otlaqlarına köçən, düzənlik Qarabağın azərbaycanlı çobanları istisna olmaqla) yaşayırdı. Müsəlmanların əhəmiyyətli bir hissəsi qıraq ərazilərdə kompakt şəkildə məskunlaşmışdı. Erməni tərəfinin təklif etdiyi Zaqafqaziyanın inzibati-ərazi islahatı layihəsinə görə köçərilər istisna olmaqla 88 min erməni və 46 min müsəlmanın yaşadığı mərkəzi Zəngəzurun digər qıraq ərazilərdən ayrılması nəzərdə tutulurdu.[42][43]
Qarabağ köçəriləri çobanlıqla məşğul olduqlarına görə yaşayışları Qarabağın dağlıq hissələrinin yüksək dağ otlaqlarından asılı idi. Onlar yayda buralara dırmaşır, yerli əhalinin ərazisindən keçirdilər.[44] Qarabağın düzənlik və dağlıq hissələrinin Azərbaycan və Ermənistan arasında bölünməsi azərbaycanlı köçərilərinin yay otlaqlarından məhrum olması demək idi. Ermənistan tərəfinin təklif etdiyi həll yolları — Azərbaycanın çöllük bölgələrində suvarma işlərinin təşkili, Azərbaycanın şimalında yeni otlaqlara köçmə və ya köçərilərin "erməni" Qarabağında otlaqlardan istifadəsini nəzərdə tutan xüsusi dövlətlərarası müqavilə imzalanması Azərbaycan tərəfi üçün məqbul deyildi.[45]
Xosrov bəy Sultanovun 21 iyun 1919-cu il hesabatına görə, ermənilərin Dağlıq Qarabağda dağ keçidlərini tutmasına görə, 150 min mal-qarası olan 10 min müsəlman köçərinin yay otlaqlarına çıxışı yox idi. Sultanov 10 minlərlə insana olan vəzifə borcunu yerinə yetirmək üçün hökumətdən icazə tələb edirdi.[46] 1922-ci ildə Qəzənfər Musabəyovun hesabatına görə, 4 il boyunca Azərbaycan–Ermənistan müharibəsi (1918–1920) səbəbi ilə köçərilər yay otlaqlarından istifadə edə bilməmiş, bu, bir çox insanın və mal-qaranın malyariyadan ölməsinə gətirib çıxarmışdır.[47]
Elatların (yarımköçərilərin) istifadə etdiyi müvəqqəti yaşayış məskənlərinə oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. daxil idi.[48] Alaçıqların qurulması zamanı ortada tayfa başçısı və ya oba ağsaqqalının, onun ətrafında yaxın qohumların, qıraqlarda isə muzdla tutulmuş çobanların, kasıb ailələrin alaçıqları yerləşirdi.[49]
Oba maldarlıq təsərrüfatının qışlağa və yaylağa köçməsi ilə əlaqədar yaranmış, kiçik vahidlərə — dəngələrə bölünmüş, otarası adlanan mərzlərlə bir-birindən ayrılmışdır. XIX əsrdə oba həm maldarlar, həm də oturaq əhali tərəfindən istifadə edilsə də, getdikcə daimi yaşayış məskəninə — kəndə çevrilmişdir.[48]
XIX əsrin II yarısında N. A. Abelov qeyd edirdi ki, ayrı-ayrı nəsil və qrupların (tirə, oymaq) məskun olduğu köçəri icmalar müsəlmanlar tərəfindən şenlik olaraq adlandırılırdı. Şenlik nisbətən obadan balaca olurdu.[48]
XIX əsrdə Azərbaycanın dağlıq bölgələrindəki kəndlərin çoxunda mövcud olan binə təsərrüfat tikilisi (yataq, tövlə, pəyə, xalxal, at damı və s.) idi. Binə genişləndikcə burada yaşayış evləri tikilir, bura getdikcə daimi yaşayış məntəqəsi olurdu. Binə burada ilk məskunlaşmış adamın, ya da maldar təsərrüfat sahələrinin adı ilə adlandırılırdı (Qasımbinəsi, Malbinəsi, Qoyunbinəsi və s.).[48]
Maldar elatlar ilin 8–9 ayını qışlaqda, 3–4 ayını isə yaylaqda keçirirdi. Qışlaqlar digər yaşayış məskənləri ilə müqayisədə daimiliyi ilə fərqlənir, kənd həyatına keçidin son mərhələsi hesab edilirdi. Azərbaycanda Böyükqışlaq (Tovuz), Köhəqışlaq (Laçın), Qışlaq (Laçın), Köhəqışlaq (Qazax), Düzqışlaq (Qazax), Yayqışlaq (Daşkəsən), Günqışlaq (Zəngilan), Aydınqışlaq (Qəbələ), Başqışlaq (Goranboy) kəndləri bunun misalıdır.[48] Məsələn, Qubada Susay və Susayqışlaq kəndləri var. Susayqışlaq Susaydan gələnlərin qışlağı olmuşdur.[50]
Köçərilərin alaçıq və dəyələrdə qaldığı yaylaqlar isə su mənbələrinə yaxınlığa, qohumluq münasibətlərinə görə seçilirdi. Qohum ailələrin bir neçə il dalbadal qaldıqları yaylaqlar ailə başçısının, həmçinin köçərilərin gəldiyi kəndlərin adları ilə adlanırdı (Əmirəhmədin yurdu, Nəbi yurdu, Eldar yaylağı və s.).[48]
Azərbaycanda yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir. Bunlar arasında dəyə (Şirvanda qarakeçə adlanır) və alaçıq daha çox istifadə edilmişdir. İkisinin arasında ölçü və möhkəmlik fərqi var. Dəyənin ölçüsündən asılı olaraq onun quraşdırılmasında 30–50 çubuğa, 4–6 keçəyə (qəlib) ehtiyac duyulur. Keçə "həllac" adlı bacarıqlı ustalar tərəfindən düzəldilir.[51]
Xalça toxuma və yunun daranması |
XVII–XVIII əsrlərdə Azərbaycanda inkişaf edən dəvəçilik köçmə maldarlar tərəfindən geniş istifadə edilmişdir. Qoyunçuluğun inkişafı dəvəyə tələbatı artırmışdır.[52]
XIX əsrin ikinci yarısında Azərbaycanda köçmə və yarımköçəri maldarlar arasında xırdabuynuzlu heyvan vacib rol oynayırdı. Bu köçəri əhali əsasən qoyunçuluqla dolanırdı. XIX əsrin sonlarında qoyunçuluq sahəsində yaşanılan tənəzzül köçmə və yarımköçəri maldarlıqla dolanan əhalinin bir qisminin tədricən oturaq həyata keçişi ilə izah edilir.[53]
Elatlar arasında gəlin seçilərkən onun toxuculuq məharətləri xüsusilə nəzərə alınırdı.[54] Qışlaq və yaylaqlar arasında hərəkət edən elat məişəti üçün toxuculuqda istifadə edilən yer hanası ən uyğun dəzgah növü idi. Qılınc adlanan hissəsi istisna olmaqla yer hanasının qalan hissələrini budaqlar və əşyalar ilə əvəz etmək mümkün idi.[55]
Azərbaycanlıların etnoqrafik qrupu olan baharlıların Fars ostanı qrupu 1860-cı ilə qədər köçəri həyat tərzi keçirmiş, qətliamlara görə insan sayı azaldığından tayfa əhalisi sayının uzun mövsümi miqrasiyalara uyğun olmadığına qərar verilmişdir. Baharlılar qışlaqlarında yerləşmiş, əkinçilik və maldarlıqdan, həmçinin quldurluqdan gələn gəlirlə dolanmağa başlamışdılar.[56]
Azərbaycanın maddi mədəniyyəti əsrlər boyunca davam edən simbiozun, yerli elementlərin və köçərilərin töhfələrinin incə birləşməsinin nəticəsidir.[57] Azərbaycan xalçalarında qoyun ve keçi təsviri müəyyən tayfanın köçəri keçmişi ilə əlaqəsini göstərir.[58] Azərbaycan türkləri Türkiyə və Bolqarıstan türkləri, tatar, uyğur və özbəklər kimi erkən dövrdə oturaq həyata keçmişdir. Məsələn, müqayisə olaraq, Türkmənistan türkmənləri, qaraqalpaq, qırğız və qazaxlar köçəri həyatını daha çox, yeni dövrə qədər qorumuşdur.[59]
İran Azərbaycanında köçəri ilə kəndli arasında isə dialektdə, dini inanc və vərdişlərdə, şifahi ədəbiyyatda, insan həyatının müxtəlif dövrlərinə aid mərasimlər kimi adət-ənənələrdə kiçik fərqlər var.[5] Əslində, regional Azərbaycan türk ləhcələrinin sistematik müqayisəsi dərc edilməsə də, bəzi cəhətlərdən, məsələn, sait ahəngində, İran Azərbaycanında yaşayan köçəri şahsevənin oturaq türkdilli (tat) qonşularına nisbətən "daha təmiz" türkcə danışdığına dair sübutlar var.[5]
Azərbaycanda ziyanlıq adlandırılan qarşılıqlı yardım forması kənd icmalarında formalaşsa da, kasıblaşma ilə əlaqədar olaraq elat əhaliyə də keçmişdir.[60] Azərbaycan türklərinin məhərrəmlik adətlərini araşdıran İvar Lassi Azərbaycandakı pirləri Türküstan köçəriləri tərəfindən istifadə edilən günbəz-çadırlara bənzətmişdir. O, pirlərin formalarının və yuxarı hissələrindəki deşiklərin köçəri türklərin memarlığının qorunub-saxlanmasının bir sübutu olduğunu qeyd etmişdir.[61]
Azərbaycan köçəri rəqsi pastoral oyun elementlərini əks etdirir. Köçəri xoreoqrafiyasındakı totemizmlə bağlı, heyvanlara məxsus hərəkətlər və vərdişlər rəqsin arxaik təbiətini göstərir.[62] Müasir dövrdə Azərbaycanın yerli icmaları və köçəriləri arasında klassik Avropa və Asiya döyüş sənətlərindən təsirlənmiş yerli güləş ənənələri mövcuddur.[63]
Azərbaycan aşıq sənəti poetika, hekayə danışma, rəqs və vokal instrumental musiqinin vəhdətidir, ozan ənənəsinin davamıdır.[64] Köhnə dövrlərdə ozan, sonralar uyğur-monqol təsiri ilə bəxşi və nəhayət islam mədəniyyəti təsiri ilə aşıq adını daşıyan şair-çalğıçılar köçəri qədim oğuzlar arasında xalq ədəbiyyatı ənənəsini yaşada bilmişlər. Monqol işğalından sonra İran və Cənubi Qafqaz ərazilərinə oğuz tayfalarının gəlməsi bu ənənələrin daha da güclənməsinə gətirib çıxarmışdır. Köçəri həyatının bütün İran, İraq və Şərqi Anadolu Oğuzları arasında güclü olması köhnə rəvayət və ənənələrin canlılığı və təmizliyinə geniş şəkildə təsir etmişdir.[65]
"Kitabi-Dədə Qorqud" dastanı köçəri oğuz bahadırlarının ələ keçirdikləri Qafqaz torpaqlarında "kafirlərə qarşı" verdikləri müharibələr haqqındadır. Onun mənşəyi Mərkəzi Asiya olsa da, oğuzların sıx məskunlaşdığı Azərbaycan ərazisində formalaşıb.[66] Dastanın son forması XV əsrdə müasir Azərbaycan ərazisində yazıya alınmışdır.[67] Dastanın Drezden əlyazması azərbaycan dilində, Vatikan əlyazması isə Anadolu türkcəsindədir.[68]
Sayaçı sözləri Azərbaycan köçəri türkünün ən parlaq ədəbi yaradıcılığının bir nümunəsidir. Tərəkəmə qışda və payıza doğru kənd-kənd gəzərək sayaçı sözləri ilə maldarların ruhunu oxşayar, əvəzində onlardan un, pendir, buğda, arpa, quzu və s. toplayardı. Sayaçı sözləri köçərilər tərəfindən səadət və ya qut sayılmaqdadır.[69]
XVII əsr Azərbaycan şairi Rüknəddin Məsud Məsihinin "Vərqa və Gülşa" poemasında boyanmış keçədən çadırların bəzənməsi üçün istifadə edildiyini qeyd etmişdir. XIX əsr–XX əsrin əvvəllərində keçə alaçıq və dəyələrin üstünün və yanlarının örtülməsində tətbiq edilirdi. Qara keçə və qəlib alaçıq və dəyələrin üstünün örtülməsində, döşənməsində, qapı keçəsindən isə qapıların örtülməsində istifadə edilirdi. Elatlar arasında yük keçəsi geniş yayılmışdır, hansı ki, yağışdan və toz-torpaqdan yüklərin qorunması üçün tətbiq edilirdi.[70]
Təpmə keçədən hazırlanan məhsul olan qəlibin "baş qəlib", "yan qəlib", "qənşər qəlib" kimi növləri olmuşdur. Bir alaçığın üstünü örtmək üçün 6 qəlibə ehtiyac var idi (baş qəlib). Alaçığın qarşısına isə "qənşər qəlib" vurulurdu. Bir alaçıqa tətbiq edilən ümumi qəlib sayı 12–13 idi. Təpmə keçədən düzəldilən saçaqsız, həmçinin tikili yapıncı isə elatlar, çobanlar, yoxsul adamlar tərəfindən istifadə edilirdi.[70] Köçmə maldarların həyatında dəri qabları əvəz edilməz yer tuturdu.[71]
Maldar elatların paltarı olan geyinmə kürk 4–5 qaba aşılanmış qoyun dərisindən hazırlanır, bəzəksiz olurdu. Keçədən hazırlanan, kişi üst geyimi xillik mövsumi geyim forması olaraq yayılmışdı.[72] Boğazdı (uzunboğaz çəkmə) varlı elat kişiləri arasında dəbdə idi.[73]
Ata rahat minmək və köç yolunda rahat gəzmək üçün elat qadınları qatma (hörmə ip) vasitəsilə badışı (ayaqlığı olmayan toxunma corab) taylı tumanın balaqları içərisində olmaqla bağlayardılar.[74] Şirvanın elat qadınları at minmədə və yağışlı havada rahat olmaq üçün geniş tumanın arxa ətəyini parçanın arasından gətirib qabaq hissəyə sancmaqla süni cürbalaq tuman düzəldərdilər.[75] Varlı elat qadınları səfərə çıxarkən uzunboğaz çəkmə geyərdi.[76]
Dağlıq ərazilərdə yaşayan maldar elatların qidasında ət-süd yeməkləri bitki mənşəli yeməklərə nisbətən daha çox olurdu.[77] Onlar arasında ətin qovurma üsulu ilə saxlanması yayılmışdı.[78] Elatlarda tikə kabab, lülə kabab, sac kabab, basdırma kabab, tavakabab, soyutma, kələpır, pörtləmə, içalat qovurması, doldurma, qızartma, yəxni, bozbaş, piti, buğlama, daş kababı, tor kababı geniş yayılmışdı.[79]
Sac çörəklərinə üstünlük verilirdi.[80] Elatların xarakterik yeməyi suluq köçmə və sağılan süddən hazırlanan bulama idi.[81] Nahar yeməyi süd məhsulları (qatıq, pendir, şor, atlama), bəzən isə isti xörəklərlə qurtarırdı.[82]
Qarayaz dövrü yarımköçəri maldarlıqla məşğul olan əhali üçün asan keçmirdi. "Novruz günü yaz olar, 40 kötük də az olar", "Bayramdan sonra 40 kötük yanar" məsəllərinin bu dövrlə əlaqədar deyildiyi fikirləşilir. Elatlar Qarayaz dövrünü "yatar-durmaz", "gedər-gəlməz", "davardoymaz" adlanırdırırdılar. "Davardoymaz" adı otun az olması ilə əlaqədar olaraq mal-qaranın doya bilməməsi ilə əlaqədardır. "Yatar-durmaz" adının mənası isə kökəlməmiş mal-qaranın halsız olması, yatdığı yerdən dura bilməməsi ilə bağlıdır.[83]
Otun azlığına görə Qarıborcu dövründə köçəri maldarlar öz ehtiyatlarını (ərzaq, un, saman) qorumalı, çölə çıxmamalıdırlar. Belə bir məsəl vardır: "Qarayaz hirslənsə, 40 şələ odun və 40 çuval saman lazımdır". Bu haqda ifa edilən "Qarı ilə martın deyişməsi" mahnısına görə mart ayı çox sərt keçirdi, çovqun qopurdu. Belə vaxtlarda elat camaatı cənub yamaclarını qarlı görüb narahatlıqlarını ifadə edərdi.[83]
Quyruqdoğdu dövründə elatlar qoyunlarını arxacda və ya təpənin arxasında yatırır. Bunun səbəbi ulduzun işıqlarının heyvanlara düşməməsidir. Elat inamına görə, ulduzların işığı heyvanların tükünü tökür. Azərbaycan xalq təqvimində quyruqdoğdu dövrü "quyruqdondu" da adlandırılır. Bunun izahı ondadır ki, bu dövrdə yaylaqlarda çobanlar quyruq əridib çöldə saxlayırlar. Əgər sonrakı gün quyruq donubsa, dağlarda soyuq hava başlayır və istinin dövrü bitir.[84]
Elqovan dövrü yaylaqda qalanları arana qovduğu üçün belə adlandırılmışdır. "Elqovan gəlib, köçmək vaxtıdır" – deyimi burdan gəlir. Yaylaqdan arana köç zamanı, alaçıq və ya dəyəni sökəndə şirnilərdən ibarət xonça hazırlanır. Xonça 3 dəfə çadırın ətrafında fırladılır, əvvəl şirni atılar, sonra da onun üstünə su səpilər.[84]
Elat əhali tərəfindən qoçların sürüyə buraxıldığı dövr "Qoçqarışan" adlandırılır. Maldarlar bu zaman dölün qışın son ayına düşməsini nəzərə alırlar. Qoçlara baxış keçirilir, qoç döyüşü keçirilərək ən yaxşı qoç sahiblərinə hədiyyələr verilir. Daha sonra qoçlar sürülərə buraxılır. Sürüdən ağ qoyun ayrılıb qoçun yanına gələrsə, qış qarlı və soyuq olacaq, ala qoyun gələrsə, qış soyuq keçməyəcək, qara qoyun gələrsə, mülayim olacaq.[85]
İran azərbaycanlılarında Dağa köçdü, Dağa köçmə, Çoban bayramı, Quzu günü, Qoyunçular günü, Ot köçü, Qoç günü adı ilə mərasimlər keçirilir, şənlik edilir:[86]
Gürcüstanda Dmanisinin Armudlu kəndində azərbaycanlı köçərilərin dağdan düzlüyə qayıtdığı dövrdə, 26 iyulda Elat bayramı qeyd edilir. Bu zaman çadırlar qurulur, atların yarışı keçirilir, çörək hazırlanır. Yay mövsümündə arıçılar da yaylağa çıxır. Çünki xüsusi güllər yuxarıda, sərin yerlərdə yetişir.[87]
Azərbaycanda 2019-cu ildən etibarən Milli Yaylaq Festivalı keçirilir. Məqsəd yaylaq ənənələrinin və elat mədəniyyətinin yaşadılması, tanıdılması və təbliğidir. Festival üçün yaradılan etnoqəsəbədə yurdlar, Cıdır Meydanı, "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Yaylaq yatağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" kimi sahələr yaradılır.[88] Festivalın mədəni-etnoqrafik hissəsində aşıqların deyişməsi, yaylaq kulinariyasının təqdimatı, yaylaq məhsullarının (dağ müalicəvi bitkiləri, yun, keçə, bal, ət və süd məhsulları) yarmarkası, qoçların, çoban itlərinin və yerli yorğa atların müsabiqəsi kimi tədbirlər keçirilir.[89] Festivalda icra edilən milli yaylaq oyunları milli güləş yarışı, qurşaq güləşi, zorxana, oxatma, pəhləvanlıq, ağac çəkmə, kəmənd dartma və s.-dir.[90] Festival iştirakçıları gün ərzində köçəri həyatı yaşayır, ot biçmə, nehrə çalma, dəyədə gecələmə kimi fəaliyyətləri görürlər.[91]
Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan bu irs nümunələri "Köçərilər" və ya "Köçərilik" mövzusunda qeyd edilmişdir: 1) Azərbaycan aşıq sənəti, 2) Dədə Qorqud irsi, dastan mədəniyyəti, nağılları və musiqisi, 3) Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu, 4) Lavaş hazırlanması və paylaşılması mədəniyyəti.[93] 2018-ci ildə Azərbaycanın köçəri rəqsi Naxçıvanın ənənəvi qrup rəqslərinin tərkib hissəsi olaraq, UNESCO-nun təhlükə altındakı qeyri-maddi mədəni irsi seçilmişdir.[94]
2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. Bu mədəni mühitə Azərbaycanın şimalında dağlıq Xınalıq kəndi, Böyük Qafqaz dağlarında yaylaqlar və kənd təsərrüfatı əraziləri, mərkəzi Azərbaycandakı düzənlik ərazilərdə qışlaqlar və onları əlaqələndirilən 200 kilometrlik köç yolu daxildir. Xınalıq sakinlərinin yarımköçəri həyat tərzi və mədəniyyəti yaylaqlar və qışlaqlar arasında mövsumi miqrasiya ilə xarakterizə edilir. Bu köç şəbəkəsinə müvəqqəti otlaqlar və düşərgələr, türbə və məscidlər daxildir.[95][96]
Azərbaycan Macarıstanda keçirilən Böyük Hun-Türk Qurultayının iştirakçısıdır.[97] Azərbaycan qədim xalq çalğı alətləri ansamblı 2014-cü ildə keçirilən tədbirdə iştirak etmişdir.[98]
Azərbaycan Dünya Köçəri Oyunlarının keçirilməyə başlanmasından etibarən bu yarışların daimi iştirakçısıdır. Keçirilən tədbirlərdə Azərbaycanın iştirakı və nəticələri aşağıdakı kimidir:
Say | İl | Ev sahibliyi edən ölkə | Şəhər | Azərbaycanın iştirakçı komandası | Azərbaycanın qazandığı medallar | |||
---|---|---|---|---|---|---|---|---|
I | 2014 | Qırğızıstan | Çolpon-Ata | 0 | 0 | 0 | 0 | |
II | 2016 | Qırğızıstan | Çolpon-Ata | 9 yarış növü üzrə 38 idmançı, 5 məşqçi və 6 hakim[111] | 4 | 4 | 7 | 15 |
III | 2018 | Qırğızıstan | Çolpon-Ata | 1 | 6 | 8 | 15 | |
IV | 2022 | Türkiyə | İznik | 5 | 8 | 8 | 21 | |
V | 2024 | Qazaxıstan | Astana | 8 yarış növü üzrə 54 idmançı[110] | 0 | 2 | 5 | 7 |
Cəmi (ilk 5 tədbir) | 10 | 20 | 28 | 58 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.