Remove ads
From Wikipedia, the free encyclopedia
Totemizmin əlamətlərinin meydana gəlməsi insanın mədəni inkişafa doğru atdığı ən uğurlu addımlardan biridir. Qədimlərdə totem heyvanları qəbilə üzvləri özləri ilə aparırdılar, onun xasiyyət və davranışlarını yamsılamağa çalışır, elə zənn edirdilər ki, bu davranış və hərəkətlər vasitəsilə qeyri-adi gücə malik olurlar. Totem heyvanın xasiyyətini, səsini daha düzgün icra edən icmada ən hörmətli şəxs sayılırdı. Totem ulu əcdad üçün ətraf mühitə münasibətdə indiqator rolunu oynayır, əxlaq və etik normaları tənzimləyirdi.
|
Tarixəqədərki bütün inkişaf mərhələlərində – istər nitq qabiliyyətinə çatmamış, şüuru oyanmamış olsun, istər barbarlıqda öz övladının ətini yediyi anlarını yaşasın, istər heyvanlar kimi təbiətin yazılmamış qanunlarıyla, gücün, qol zorunun hesabına dövran sürsün, istərsə də də bir kökdən, eyni totemdən törədiyini zənn edib ailə, tayfa çərçivəsində birləşməklə başqa canlılara düşmən kəsilsin – insanın keçdiyi müəmmalı, qaranlıq yolları ilk növbədə arxeoloji qazıntılarda tapılan əşya və ləvazimatlarla öyrənmək mümkündür. Bəşər övladı evsiz, ocaqsız çöldə-biyabanda ömür-gün keçirdiyi çağlarda ancaq qidasını tapmaq uğrunda çalışmış, yağışdan, soyuqdan qorunmaq üçün isə təbii mağaralara sığınmışdı. Əlinə keçən primitiv daş alətlər, üstündə gəzdirdiyi elementar əşya və ləvazimatlar nə yollasa, ölümündən sonra qalıb bizim zamanəmizə çatıbsa, onlar vasitəsilə onun mədəni səviyyəsi, incəsənəti (var idisə), dünyagörüşü, dini inamı (formalaşmışdısa) barədə məlumat əldə etmək imkanı yaranır.
Keçmişin dərin qatlarına doğru uzanan bilinməz yolu tapmağın ikinci ənənəvi üsulu arxaik mif, əfsanə, nağıl, dastan və digər folklor qaynaqlarını saf-çürük etməkdir. Çünki həmin bədii yaradıcılıq məhsulları şifahi şəkildə uzun əsrləri adlasa da, ulu əcdadın lap başlanğıcdakı düşüncələrinə, dünyabaxışına, adət-ənənələrinə və əxlaqına aid ən incə nöqtələri içərisində qoruyub saxlayır.
Görkəmli psixoanalitik Z.Freyd bu sıraya apardığı eksperimetlərin nəticəsi olaraq bir də onu əlavə edir ki, "İbtidai insan həm də məlum mənada müasirimizdir". Doğrudan da, dünyamızda bizimlə yanaşı elə insanlar yaşayırlar ki, ibtidai icma dövrünün sakinlərinə çox yaxındırlar. Mədəni xalqlar bu toplumlara baxanda əcdadlarını görürlər. Ona görə də vəhşi və yarım vəhşi halda yaşayan eskimosların, aborogenlərin və b. məişəti, təfəkkür tərzi, adət-ənənələri, folkloru diqqətlə araşdırılmalıdır. Geri qalmış insan dəstələrinin fəaliyyət dairəsinin ruhi aləmə güzgü tutan mənəvi tərəfləri – dünyaanlamı, mərasimləri, ayinləri, incəsənəti daha böyük maraq doğurur. Çünki geri qalmış toplumların həyatı, məişət tərzi, davranışlarında bəşəriyyətin yaranıb inkişafa başladığı ilkin pillələrin ən ümumi cəhətlərini görə bilərik. Z.Freyd və K.Yunq belə hesab edirdilər ki, arxeoloji qazıntılarda əldə edilən materiallarla hələ mədəni səviyyəyə çatmamış xalqların həyatında baş verənlərin müqayisəsini aparıb məhz "ibtidai insanların psixologiyası"nı müəyyənləşdirmək olar.
Göstərilən üç üsulun tətbiqi ilə aydınlaşdırılmışdır ki, ilkin dövrlərdə, inkişafın çox aşağı mərhələsində kortəbii şüura malik insanlar kiçik toplum (ailə, klan, tayfa) halında yaşayırdılar və hər dəstə öz totemi ilə adlanırdı: bozqurdlar, ağilanlar, maralbuynuzlular, şahingözlülər, şirpəncəlilər və s.
Bəs totem nədir? Bu suala ilk əvvəl belə cavab vermək olar: totem – hamının yaxşı tanıdığı, ən adi, südü və əti ilə qidalandığımız, mülayim, ziyansız, yaxud qorxu yaradan, vəhşi heyvandır (quşdur, yer üzünün hər hansı bir maddi varlığıdır). Eləcə də bəzi hallarda bitkilər, təbiət hadisələridir (su, yağış). Lakin onun mahiyyəti adiliyində deyil, ancaq təsəvvürə gətirilən, gerçəkliklə əlaqəsi təsadüflər üzərində anılan fövqəltəbiiliklə müəyyənləşir və totem seçilən hər hansı bir canlı-cansız varlıqda elə əlamətlər tapılır ki, bütün ailə üzvləri ilə müəyyən bağlılığı "əsaslandırılır". Təbii ki, təfəkkürdə, insan düşüncəsində o cür qəbul edilməsi nəzərdə tutulur. Reallıqda isə ailə (tayfa, klan) üzvlərinin zahiri cizgiləri, xasiyyəti və davranışları ilə totem arasında elementar oxşarlıqlar göstərilir. Məsələn, filan heyvan kimi sürətli qaçırlar, yaxud uzağı görəndirlər, cəlddirlər və s.
Dünyagörüşü etibarı ilə dinin ərəfəsi kimi qəbul edilən totemizmdə bütün ailənin (tayfanın, klanın) mütləq inamı ona köklənir ki, ulu əcdadları sayılan heyvan, yaxud başqa varlıq adi görünsə də, qeyri-adi gücə, yaradıcı qüdrətə malikdir. İnsanları, həm də həmin nəslə məxsus hər şeyi törədən də, himayə edən də odur.
Totem həmişə öz "törəmələrinin" (ona inanan insan nəsli nəzərdə tutulur) gələcəyini təyin edir, onları fəlakətlərdən, quraqlıqdan, xəstəliklərdən qoruyur, çətinə düşənlərin köməyinə çatır. Əlbəttə, o, bütün işlərini gözəgörünməz vasitələrlə həyata keçirir. Başqaları üçün təhlükəli, qorxulu sayılsa da, bir çox vəhşi heyvanlar totem funksiyasını yerinə yetirəndə ona inananlar tərəfindən əzizlənir, müqəddəslik səviyyəsinə yüksəldilir. Bu səbəbdən də totem öldürülmür, əti yeyilmir. Eləcə də onun əlamətləri təkcə bir nəfərə aid edilmir, hamının ondan yaranmasını əsaslandıran bir ümumi cəhət üzə çıxarılır. Həmçinin təkcə insanlar deyil, toplumun tanıdığı, özününkü bildiyi hər şeyin – göyün, yerin, torpağın, yağışın, qarın da yaranmasını totemlə əlaqələndirirlər. Onun şərəfinə vaxtaşırı mərasimlər, bayramlar keçirilir. Bir totemin timsalında (məsələn, adi keçini, yaxud qoçu cürbəcür bəzəklərlə bəzəyir, çələnglərə tuturlar) yaradıcıya xas sitayişkarlıq edir, qurbanlar kəsir, xüsusi nəğmələr oxuyurdular. Totemə həsr olunan rituallarda yırtıcı, vəhşi heyvan və quşların özünü meydana gətirmək mümkün olmadıqda ya başını ağaca keçirir, ya da dərisini bir şəxsə – başçıya geyindirib, totemin hərəkətlərini təqlid etməklə rəqslər qurur və səsini yamsılayırdılar.
Totemdə varislik əsas götürülür, irsən ya ana, ya da ata xətti ilə bir nəsildən başqasına keçir. Ola bilsin ki, cəmiyyətin qurulmasında hakimiyyətin rolu müəyyənləşəndə xanlığın, sultanlığın nəsil şəcərəsiylə ötürülməsi prinsipi totemizmdən qalmışdır. Güman edilir ki, lap başlanğıcda insanı doğan qadına üstünlük verilmiş, totemin ana olduğu zənn edilmişdir. Türk xalqlarında "Buznuzlu Ana maral" haqqında totemin izləri əfsanələrdə bügünədək yaşamaqdadır. Sonra isə ikincilərin məişətdə, sosial həyatda, primitiv istesalatda – ovçuluqda, silahların düzəldilməsində, maldarlıqda, əkinçilikdə, eləcə də xarici mühitlə, başqa toplumlarla münasibətlərin qurulmasında rolunun çoxaldığınə əsasən totemə inamda da köklü dəyişikliklər baş vermiş, ailənin davamlılığının səbəbi ata – kişi qanadı ilə bağlanmışdır. Maraqlıdır ki, bütün sosial və əxlaqi öhdəliklərin əsasında totemə məxsusluq öndə durur. Getdikcə, totem aid olduğu tayfanın sərhədlərini aşır, öz ətrafında çoxsaylı insan dəstələri toplayır və prinsipcə ilkin anlamdakı qan qohumluğunu arxa plana atırdı. C.Frezer "Totemism and Exogamy" əsərində yazır ki, insanlar "nəinki müasir mənada başa düşdüyümüz nəsil və qan qohumluğu ilə, totemlə daha sıx bağlanırdılar".
Bir cəhət də maraqlıdır ki, totemi dar çərçivədə götürüb hər hansı bir konkret ərazidə yerləşdirmirdilər. Başqa sözlə, o, məlum məkana aid deyildi. Hansısa heyvan (quş və s.) totemləşirdisə, sürü, dəstə halında deyil, əlahiddə, ayrılıqda, müstəqil, eyni zamanda başqa totemlərlə və onun tərəfdarlarıyla sülh şəraitində yaşadığı zənn edilirdi. Totemistik sistemin bu ən yığcam xülasəsi anlayışın özünün meydana gəlməsi ilə izah edilir. Z.Freydin yazdığına görə, "Totem" – Totam formasında ilk dəfə 1791-ci ildə ingilis alimi C.Lonq tərəfindən Şimali Amerika qızıldərililərinin dilindən götürülüb işlənmişdir. Totemizm bir dünyagörüşü kimi böyük marağa səbəb olmuş və çoxsaylı elmi ədəbiyyatın meydana gəlməsinə təkan vermişdir. Onların içərisində C.Frezerin "Totemizm və ekzoqamiya" (1910) adlı dördcildlik əsas əsərinin xüsusi yeri və çəkisi vardır... İnsanlığın tarixəqədərki inkişaf dövründə totemizmin əhəmiyyətinin olduğunu kəşf etmək isə şotlandiyalı C.Ferquson M.Lennanın (1869-70) əvəzsiz xidmətidir".
Totemistin müəyyənləşməyə indi avtraliyalılardan başqa, Şimali Amerika hindularında, Okean adalarında, Ost-Hindistanda və Afrikanın böyük hissəsində müşahidə olunur. Qədim mədəniyyətə malik xalqların ilkin yazılı abidələrində, başqa tarixi materiallarda izahı tapılmamış bir çox obrazların izləri və qalıqları əsasında nəticə çıxarmaq məcburiyyətində qalırıq ki, haçansa totemizm Avropa və Asiyanın arilər, semitlər kimi qədim xalqları arasında da geniş yayılmışdır. Son illərin araşdırmaları nəticəsində bir çox tədqiqatçılar ona meyillidirlər ki, totemizm dünyanın hər yerində bəşəriyyətin müəyyən zaman aşırımlarında keçdiyi mühüm inkişaf mərhələsindən biridir.
Tədqiqatçıların fikrincə, totemlərdən müxtəlif dinlərdə geniş istifadə olunur. Bəzi dinlərdə totem sisteminin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada antitotemlər, totemə əks olan heyvanlar da mövcuddur. Məsələn, atəşpərəstlik görüşlərinin yaradıcıları qədim midiyalıların gen yaddaşlarında yaşatdıqları bir çox heyvanlara – it, xoruz, tüklü, ağ dəli ayı, tovuz quşu, köpək balığı, şir və s. nəslin başlanğıcında duran varlıq kimi baxılmışlar. Müqəddəs heyvan, bitki, minerallar ibarət totemlər zoroastrizmdə mühüm əhəmiyyət kəsb etmişdir. Totem kimi çox hallarda uğurlu ev heyvanları çıxış edirdi ki, onlar vasitəsilə işıqlı qüvvələr fəaliyyət göstərirdi. Məlikməmmədin quyuda ağ qoça minməyə çalışması, lakin qara qoçun belinə düşməklə qaranlıq dünyaya yollanması məhz atəşpərəstlik təsəvvürlərinin qalığıdır. Totemlər dinamik və statistik şəkildə insanlara dünyada öz yerini dərk etdirən rəmzlərdir. Və Ağ-qara qoç qarşılaşması məhz totem-anti totem mübarizəsi kimi başa düşülməlidir. Azərbaycan atalar sözlərində işlənən "Qurd üzü mübarəkdir", inamlarımızdakı "Yoluna qurd çıxanlar uğur qazanarlar, qara pişiklə rastlaşanların isə işləri nəs gətirər" isə daha əvvəlki təsəvvürlərlə səsləşir. Qurd işığı, günəşi – uğuru, pişik – qaranlığı, şəri, bədbəxtliyi bildirir.
Beləliklə, tarixəqədərki insan o yerə çatıb ki, özünə totem seçməklə sosial öhdəliklərinin əsasını qoymuş, "özünün bu və başqa heyvandan yarandığına inanıb seksual məhdudiyyətə" (Z.Freyd) başlamış və ilkin əxlaq normalarını meydana gətirmişdir.
Totemlərlə əlaqədar mifoloji toponimlər — totemizm türk xalqlarının mifoloji dünyagörüşündə bütöv bir sistem təşkil etdiyi kimi, həmin xalqların dilində də xüsusi adların yaranmasında və formalaşmasında mühüm rolu olan faktlardandır. «Məlum olduğu kimi, qədim dövrlərdən hər bir tayfanın özünə məxsus totemi olmuşdur».
M.Seyidov totemizmin mahiyyətindən danışarkən yazır: «Yeri gəlmişkən qeyd etmək lazımdır ki, vəhşi, yırtıcı və əhilləşdirilmiş heyvanlara, hər cür quşlara, bitkilərə, barlı, barsız ağaclara, təbiətin bəzi hadisələrinə, göy cisimlərinə - Günəşə, Aya, oda (bununla əlaqədar olaraq işığa) əfsanəvi heyvana və quşa sitayiş edən əski dünya xalqlarının, o sıradan türkdilli xalqların ulu babaları bəzən həmin quşlarla, heyvanlarla, ağaclarla, bitkilərlə və s. ilə yaranışlarında, soylarında qohumluq bağları olduğunu iddia etmişlər. Onlar özlərinin totemlərini (onqonlarını) hər şeydən qabil və güclü sayır, tapındıqlarını hər şeyin – həyatın, insanların, öz qəbilələrinin yaradıcısı kimi qəbul edirdilər. Elə buna görə də bəzən adi bir quş, başı göyləri dələn dağ, gözəl, zərif bir çiçək, dadlı meyvələrin ağırlığından budaqlarını aşağı əymiş ağac, əhilləşmiş və ya vəhşi heyvan bu geniş kainatın yaradıcısı, ulu babası saymışlar». Türk xalqlarında qurd, ilan, qartal, geyik, göyərçin, inək və s. heyvanlar zaman-zaman ayrı-ayrı tayfaların totemi (onqonu) olmuş və həmin heyvanlar müqəddəsləşdirilmişdir. Digər miflərlə əlaqədar formalaşan toponimlərdə olduğu kimi, zoomorfik (totemik) miflərlə bağlı əmələ gələn antrorotoponimlərdə də yaranma mexanizmi eynidir. Belə ki, həmin miflərlə əlaqədar formalaşan toponimlər də ilk əvvəl mifoloji obraz-totem adı, toponim, etnonim və toponim istiqamətində inkişaf xətti keçmişdir. Zoomorfik-totomik miflərələ əlaqədar formalaşan mifoloji toponimlər. Zoomorfik miflər digər mif kateqoriyaları içərisində xüsusi yerlərdən birini tutur. Bu miflər qəbilə, tayfa quruluşunun hökm sürdüyü cəmiyyətdə totemik etiqad və mərasimlər kompleksinin əsas hissəsini təşkil edir. «Həmin miflərin əsasında müəyyən adamlar qrupunun totemlərlə - heyvan və bitki növləri ilə fantastik və fövqəladə qohumluğu ilə əlaqədar baxışlar məsələsi durur» [1]. Öz məzmun və mahiyyətlərinə görə zoomorfik (totemik) miflər olduqca sadə təsir bağışlayır və buradakı hadisələr bir az da primitiv görünür. Həmin miflərdə əsas obrazlar həm insan, həm də heyvan cizgiləri ilə təqdim olunur. Ancaq nəzərə almaq lazımdır ki, «totemizmin özü tarixi bir mərhələdir» və türk xalqları da bu tarixi mərhələdən yan keçə bilməzdi. Bunu türklərin hal-hazırda adət-ənənələri, etnoqrafiyası, yaşayış tərzi və s. amillər də təsdiq edir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, Azərbaycanın milli koloritinə uyğun gələn, Azərbaycan xalqının ilk dini təsəvvürlərinin formalaşmasında rol oynayan yerli totemlərimiz həmişə mövcud olmuşdur [2]. Zoomorfik miflərin əsasını təşkil edən totemizmin mahiyyəti ondan ibarətdir ki, burada qədim insanlar bəzi heyvan, bitki və digər varlıqlara yaradıcı kimi, müqəddəs kimi yanaşırlar. Bu da bir sistem halında bütün sivilizasiyalı xalqlarda mövcud olmuşdur. Hər bir xalqın totemlər sistemi isə həmin xalqın yaşadığı coğrafi mühiti və adət-ənənəsi ilə sıx bağlıdır. Doğrudan da, elə bir istər sivilizasiyalı, istərsə də sivilizasiyasız xalq yoxdur ki, onların mifik dünyagörüşündə hansısa heyvan totemlər mühüm rol oynamasın. Məsələn, türklərdə qurd, geyik, maral, qartal, ayı, ilan və s. hindlilərdə inək, camış, keçi, Afrika xalqlarında inək, qədim misirlilərdə aslan, inək, ilan, romalılarda canavar və s. Deyilənlərin hamısı bir daha sübut edir ki, qədim insanların həyatında heyvanlar mühüm rol oynamışdır.
Qurd, börü, yalquzaq – bunların hamısı eyni xarakterli, eyni görünüşlü eyni xüsusiyyətə malik olan vəhşi heyvanlardır. Ərazi və dövrlə bağlı olaraq onları yuxarıda gördüyümüz kimi adlandırmışlar. Canavar da qurd qrupuna daxil olan vəhşidir. Lakin o cəsurluğu,güclülüyü, sürü halında gəzməsi, boyunun kiçikliyi ilə qurddan tamam fərqlənir. Qurd, boz qurd, börü, yalquzaq adı ilə tanınan bu heyvan böyüklüyünə, qüvvətliliyinə, boynu göy, qalan yerləri boz olduğuna, nəsil artırmasına, yaşayış tərzinə, tək gəzməsinə, bir ovla kifayətlənməsinə, ölüm qaydasına, təmizlik xüsusiyyətlərinə görə canavar tipli heyvandan tam şəkildə seçilir. Qurd türk mifologiyasının ən mühüm totemlərindən biri, bəlkə də birincisidir. «Ərgənəkon» dastanında göstərilir ki, türklərin ulu babaları dişi qurdla oğlan uşağından törəmişdir [3]. Törəniş dastanında isə qurd ata kimi təsvir olunur. Qədim türklər qurda «kök böri», yəni göy qurd demişlər və bunun da səbəbi var. Kök, yəni göy, göyün rəngi olan mavilik idi. Əslində, türklər göyə kök tegri, yəni mavi göy deyirdilər. Göy rəng müqəddəs göyün olduğu qədər tanrının da simvolu idi. Bir şeyi göy rənginə büründürmək və ya göy sözü ilə bərabər demək, o şeyi müqəddəs saymaq və ya aralarında tanrı ilə əlaqədar bir rabitə yaratmaq istəyindən irəli gəlməli idi. «Kitabi-Dədə Qorqud» dastanlarında Qazan xanın dilindən qurdun totem olmasına bir neçə dəfə eyham vurulur: «Qurd üzü mübarəkdir, qurddan bir xəbərləşəyin», «Ayvaz qurd əniyi erkəgində bir köküm var», «Qara başım qurban olsun qurdum, sana» və s. Göstərilən həmin ifadələrdən də aydınlaşır ki, qurd qədim türklərdə ilk çağlarda totem olmuşdur. Mənbələrin verdiyi məlumata görə kəngərli tayfasının tirələrindən biri qurd adlanmışdır. Naxçıvan MR ərazisində Ordubad rayonunda Düylün və Vənənd çaylarının suayrıcında yerləşən Qurd adlı dağ və Ağdam, Bərdə rayonlarında yerləşən Qurdlar yaşayış məntəqələri Gədəbəydə Qurdlar kəndi məhz həmin tayfanın adı ilə bağlıdır ki, bu da özlüyündə qurd totemi ilə əlaqədardır. A.Bayramov və İ.Bayramov Qərbi Azərbaycanın türk mənşəlı toponimlərindən danışarkən, Qurd qulu, Qurd çulu, Qurdqulaq Qurd kənd və s. qurd totemi ilə əlaqədar yer-yurd adlarının indiki Ermənistan ərazisində də olduğunu qeyd edirlər. T.Xalisbəyli də Azərbaycan və Orta Asiya respublikalarında qeydə alınan qurd sözü ilə bağlı həm şəxs adlarının, həm də yer-yurd adlarının «qurd» totemi ilə bağlılığını göstərir. Biz də yuxarıda deyilən fikirlərlə razıyıq. Ancaq burada bir məsələ var ki, qurd sözü ilə bağlı bütün yer adlarını totemik ad hesab etmək olmaz. Çünki onların bir hissəsi sırf təsviri mahiyyət kəsb edir Məs: Şəki rayonu ərazisində Qurddağ oronimi və Bakı şəhəri ərazi vahidliyində Qurdyalı dağı, Qurd qapısı məhz həmin yerlərdə qurdun (canavarın) tez-tez və ya hərdən görünməsi ilə adlandırılmışdır. M.Adilov qurdla bağlı totemlərdən bəhs edərkən yazır: «Türk xalqlarında totem hesab olunan qurd gah ilk ata, gah da ana kimi təsvir və təsəvvür edilir» [4]. Əksər mənbələrdə türk xalqlarında totem hesab olunan boz qurdun ilk ana kimi formalaşdığını həqiqətə daha uyğun hesab edirlər. Biz də öz növbəmizdə müəllifin həmin fikri ilə razıyıq. Türklərin yaradılış dastanların¬dan olan «Ərgənəkon»da qurd ilk ana kimi təsvir olunur. Maraqlıdır ki, qədim romalıların da ilk əcdadı – anası dişi qurd hesab edilir. «Kitabi-Dədə Qorqud» dastanında qurd totemizmi hiss olunacaq dərəcədədir. Məsələn, Qazan xanın dilindən qurd totemi dəfələrlə səslənir: «Qurd üzü mübarəkdir, qurddan bir xəbərləşin», «Ayvan qurd əniyi erkəgində bu köküm var», «Qara başım qurban olsun qurdum sana» və s. A.Bayramov «Kitabi-Dədə Qorqud» dastanında işlənmiş toponimlərin Qafqaz arealından danışarkən qeyd edir ki, «qurdun müqəddəs, xilaskar, mübarək, zoomorfik heyvan olması digər türk dastanlarında da əks olunmuşdur. Bu inanış qurdun adının zaman-zaman şəxs, tayfa və qəbilə adına, daha sonra isə toponimiyaya keçməsinə səbəb olmuşdur». M.Adilov türk xalqlarında qurd sözünün bir forması olan «börü» ilə bağlı çoxlu toponimlər olduğunu qeyd edir və onlara misal olaraq Bııri, Buriboy, Burioy, Bure, Qurt, Bori, Byori və s. sözləri göstərir. «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinən Baybura şəxs adı da heç şübhəsiz qurdla əlaqədar toponimlərdəndir. Bunları deməkdə məqsədimiz odur ki, həm abidələrin, həm də müasir səviyyədə mövcud olan toponimlər bir daha sübut edir ki, qurd, totemi ilə bağlı meydana çıxan toponimlər məhz həmin totem əsasında formalaşan etnonimlərdən yaranmışdır. Qurd sözü ilə əlaqədar Azərbaycanda qeydə alınan toponim formalaşma yollarına görə iki növə ayırmaq olar: 1. Qurd sözü ilə bağlı meydana çıxan toponimlərin bir qrupu sırf təsviri mahiyyət daşıyır və onların «qurd» totemizmi ilə heç bir əlaqəsi yoxdur. Məsələn, Naxçıvan MR, Ordubad rayonu ərazisində yerləşən «Qurq» dağı, Abşeron rayonunda «Qurd keçidi» adlı keçid, Ağsu rayonu ərazisində «Qurdqobu» hidronimi, Bakı şəhərində «Qurdyalı» adlı oronim və digər bu tipli toponimlər həmin ərazidə qurdun ya çox olması və ya onun tez-tez görünməsi ilə əlaqədar olaraq adlandırılmışdır ki, bunların da mifotoponimlərlə əlaqəsi yoxdur. 2. Ancaq «qurd» adı ilə əlaqədar meydana çıxan digər bir qrup toponimlər də vardır ki, onlar təsviri mahiyyət daşımır, qədim türklərin mifik dünyagörüşü – totemik inamları ilə bağlıdır. Bizim üçün məhz həmin qrup toponimlər maraqlıdır. Qurdlar – Bərdə, Ağdam rayonları ərazisində kənd. Mənbələrin verdiyi məlumatlara görə, hər iki kəndin adı kəngərlilərin «qurd» adlı tirəsi ilə bağlı meydana çıxmışdır. Ordubad, Gəncə, Şamaxı və Şuşa şəhərlərində «Qurdlar» məhəlləsi də totemizmlə əlaqədar meydana çıxmışdır. Gürcüstan (Borçalı) və Ermənistan (Qərbi Azərbaycan) ərazilərində də eyni adlı toponimlər mövcud olmuşdur. Mənbələrə nəzər saldıqda görürük ki, Anadoluda və Cənubi Azərbaycan ərazisində də «Qurdlar//Kurtlar» adlı kəndlər mövcuddur. Qələybuğart – Şamaxı rayonunda qədim kəndlərdən birinin adıdır. T.Xalisbəyli «Qələybuğart» toponiminin etimologiyasını araşdırararq qeyd edir ki, «Qələybuğart» tarixi mənbələrdə Bəy qurd adı ilə yazıya alınmış, zaman keçdikcə təhrif edilərək bu şəklə düşmüşdür. Tarixən Şamaxının üç ağaclıq şimalında yerləşən, çətin keçirilən yerdə Bey qurd qalası ən möhkəm qayalardan olmuşdur. Bu da indi təhrif olunaraq Bəy qurd əvəzinə, heç bir mənası olmayan Buğart qalası kimi tanınır. Biz də müəllifin fikri ilə razıyıq və elə hesab edirik ki, Qeleybuğart toponimi tarixən qurda olan inamla əlaqədar formalaşan toponim olmuş və sonradan etnonim və toponim istiqamətində dəyişmişdir. Qeleybuğart toponimi mürəkkəb quruluşludur, bəy və qurd sözlərinin birləşməsi nəticəsində əmələ gəlmişdir. Qurd totemi ilə əlaqədar Azərbaycan ərazisində qeydə alınan mifoloji toponimləri araşdırdıqca məlum olur ki, həmin adların arealı kifayət qədər genişdir. Ancaq burada «qurdla» əlaqədar təsviri toponimlər, mifoloji köklərlə bağlı olan toponimləri qarışdırmaq olmaz. Məlum olduğu kimi, mifologiyanın əsas bölgülərindən biri də totemlə əlaqədar yaranan ilkin xalq təsəvvürüdür. Hər bir xalqın həyat tərzindən, adət-ənənəsindən, coğrafi şəraitindən asılı olaraq ayrı-ayrı canlılar totem (onqon) kimi çıxış edir. Türkdilli xalqların qədim dastanlarında, qurd və ya Boz qurd xilaskar, türkdilli tayfaların hamisi və onların əcdadı kimi təqdim olunur. Dastanların bəzilərində Boz qurd göylərin iradəsini həyata keçirir. Məsələn, «Törəyiş» əfsanəsi və «Köç» dastanında bu mənzərə daha aydın təsvir olunur: «Qədim hun hökmdarlarından birinin iki gözəl qızı var imiş. Sanki bu qızlar allahlar üçün yaranmışlar. Ataları bu qızları insanlardan kənarda tikdirdiyi möhtəşəm bir qalada saxlayırdı. Tanrı Boz qurd cildində gəlib qızlarla evlənir. Doğulan uşaqlar Boz qurd ruhunda böyüyürlər». Beləliklə, məlum olur ki, qədim türklərin yaranış dastanlarında Boz qurdun totem olması açıq-aydın təsvir olunur, bundan sonra yaranan dastan və nağıllarda qurda totem (onqon) kimi müraciət olunmaqla, bir çox qəhrəmanların adı, davranışı, xarakteri qurd kimi verilir. Qorqud, Bəybura kimi obrazların adının da «Boz qurd» olduğu mülahizələri türkdilli xalqların filologiyasında özünə yer etməkdədir. At totemi ilə əlaqədar toponimlər. Qədim türklərin mifologiyasında bir neçə heyvan və bitki totem (onqon) kimi təsvir olunur. Ancaq elə canlılar da vardır ki, onlar qədim insanların, bəşəriyyətin keçdiyi çətin inkişaf yollarında əvəzsiz xidmət göstərmiş, sözün əsil mənasında insanlara dayaq olmuşlar. Həmin canlılardan biri, bəlkə də birincisi atdır. At haqqında əfsanə və rəvayətlərdə, hətta sehirli nağıllarda mövcud epizodlar təsdiq edir ki, vaxtilə atla bağlı inanışlar olmuşdur. Tədqiqatlar göstərir ki, sonrakı dövrlərdə mifoloji elementlər nağıl və dastanlara səpələnmiş və həmin nümunələrin ana xəttini təşkil etmişdir. V.Vəliyev Azərbaycan mifologiyasında atın yerindən, mifoloji simvolikasından danışarkən yazır: «Türkdilli xalqların əfsanə və rəvayətlərində ölməz atlar vardır. Guya Xızır atı özü kimi «Abi-həyat»dan içmiş, o da ölməzlər sırasına keçmişdir. Koroğlu haqqında olan əlavə rəvayətlərin birində deyilir ki, guya Koroğlu öləndən sonra Qırat göyə uçmuşdur». Türk xalqlarının dastan yaradıcılığında yarımmifoloji, yarıməfsanəvi atlar da vardır. «Manas» dastanında Ak Kunyas, «Kitabi-Dədə Qorqud»da Beyrəyin Boz atı, «Şah İsmayıl» dastanında Qəmərday, Dürat və s. «Şamanlığı qəbul edən türklərlə monqolların inamına görə at göydən enmişdir. Yakutlara görə qəhrəmanların atları günəş aləmindən gəlmişdir. Guya qanadlı və kürəkli atlar da vardır ki, onlar həm uçur, həm də üzürlər. Bu atlar Qaf dağının ətəklərində «Süd gölü» ətrafında durmuşlar. Xızır ölümünə çarə axtararkən bu atları görmüş, lakin tuta bilməmiş, odur ki, «süd gölü»nə şərab töküb, onları kefləndirdikdən sonra bir cütünü tutub qanadlarını kəsib, beləliklə də at nəslini çoxaltmışdır. Xızırın özünün ağ atı da qanadlı imiş. Ömrü at üstündə, atla bərabər keçən, hər işini onunla görən bir millətin atı sevməsi, ona hörmət göstərməsi, hətta onu uğurlu sayması təbiidir. Bəzi dövrlərdə, bəzi türk boyları ata heykəl, ata məzar yapmışlar. Hələ də yapırlar. Türklər bütün heyvanlar arasında ən çox ata üstünlük veriblər. Qəbirlərindən də görünür ki, onu ilahiləşdiriblər. Türkə görə, yer üzündə atdan təmiz varlıq yoxdur, ondan ulu heç nə yoxdur. Təkcə onun qoxusu Türk-qıpçaq üçün abi-həyatdan (dirilik suyundan) qiymətli olub. Atın yalnız rəngini göstərmək üçün türkcədə qırx təyin sayıblar. At bütünlüklə qıpçağın canına-qanına daxil olub. At da öz xidməti ilə qıpçağın borcundan çıxır: onu çölə çıxarıb, bu çölün heyrətli genişliklərini onun qarşısında açıb. Hər halda ən azı Hun dövründən bütün həyatı at belində və ya atla keçib. «Atlı həyat tərzi» üçün qıpçaqlar özlərinə xüsusi paltarlar fikirləşiblər. «Şalvar» kişi geyimi, dünyada ilk uzunboğaz çəkmə (sapoq) at üstündə oturmaq üçün düşünülüb. At türklər arasında misilsiz hörmət və məhəbbətə layiq olmuşdur. Təsadüfi deyildir ki, «Qan tarixi»ndə Çində atlar¬dan tam asılılıq açıq şəkildə elan olunmuşdu. Atın qədim türklərdə, həm də qıpçaq türklərində totem olduğunu sübut edən kifayət qədər dəlillər vardır. «Kitabi-Dədə Qorqud» dastanlarında belə bir ifadə vardır: «Qazan bəyin tayısı At ağızlı Uruz Qoca çapar yetdi». Dastanın məzmunundan məlumdur ki, «At ağızlı» ləqəbi igidlik, mərdlik rəmzidir. Deməli, bu ifadə təsadüfi işlənməyib, atın qədim türklərdə ilahi gücə, qüvvəyə malik olmasından xəbər verir ki, bu da «Kitabi-Dədə Qorqud» dastanlarında ötəri də olsa mühafizə olunmuşdur. «Koroğlu» dastanında da Koroğlunun gücünün bir qaynağı Qıratdır. Dastanda Qıratın adi bir at olmadığı, onun möcüzəli bir şəkildə törədiyi və bir növ mifoloji simvolikası ştrixlərlə göstərilmişdir. Ancaq M.Seyidov öz araşdırmalarında birmənalı şəkildə sübut etmişdir ki, Koroğlunun qılıncı, nərəsi, adı və digər atributları kimi atı da qədim türklərin totemistik dünyagörüşü ilə əlaqədardır [3]. Qeyd etmək lazımdır ki, at kultu ilə bağlı mifik-totemistik baxışlar sistemi əksər sivilizasiyalı xalqlarda da mövcud olmuşdur. Eyni zamanda aparılan arxeoloji qazıntılar bir daha sübut edir ki, atın totem hesab olunması qədim türklərdə təbii və qanunauyğun bir haldır. Hal-hazırda təzə inşa edilmiş evlərin qapısından və pəncərəsindən at nalının asılması, «at muraddır» deyimi, məhsulu bol olan bağ və bostanlardan at kəlləsinin asılması və s. bu kimi xüsusiyyətlər bu heyvanın türk xalqlarında, o cümlədən azərbaycanlılarda müqəddəs, ilahi qüvvəyə malik heyvan hesab edilməsindən xəbər verir. Atın qədim türklərdə totem olmasını faktlaşdıran məsələlərdən biri də bu heyvanla bağlı yer-yurd adlarının ölkəmizdə və digər türk xalqlarında geniş yayılmışlar: Atyaldağ, Atbulaq, Atcıl, Atağzı, Atlı, Atdaşı, Qıratın naldaşı, Ayğırgöl və s. bu kimi yer-yurd adlarının həm Azərbaycanda, həm də digər türk xalqlarında yayılma arealı genişdir və bu toponimlər qədim türklərin ata olan inamı, mifik dünyagörüşü ilə bağlıdır.
İlan sivilizasiyalı bütün qədim xalqlarda o cümlədən türklərdə bir zamanlar müqəddəs heyvanlardan hesab olun¬muşdur. Azərbaycan nağılları və bir çox əfsanələr ilanın qədim türklərdə – azərbaycanlılarda totem hesab olunmasını göstərir. «İlan və qız», «Ovçu pirim və ilanlar padşahı», «Padşahla oğlu» və s. nağıllar ilanın totem olunduğunu faktlaşdıran nümunələrdəndir. Dədə Qorqudun ölümünün ilanla əlaqələndirilməsi də dolayısı ilə ilanın totem hesab edilməsi ilə əlaqədardır. Maraqlıdır ki, Qədim Misirdə də ilan uzun müddət müqəddəs heyvanlardan hesab olunaraq, həmişə firon saraylarında adı çəkilmişdir [5]. Fironların məbədlərində ən çox rəsmi və heykəli olan heyvanlardan biri məhz ilandır. Misir şahzadəsi Kleopatra sarayında zəhərli ilan saxlayırdı. Ona görə ki, nə isə bir təhlükə olanda ələ keçməmək üçün ilan vasitəsilə özünü öldürsün. Elə bu cür də olur. Deməli, Qədim Misirdə ilan həm də mənəvi xilaskar imiş. İlanın qədim türklərdə, o cümlədən digər qədim xalqlarda totem (onqon) hesab edilməsi haqqında xeyli elmi məlumatlar vardır. B.Ögəl yazır ki, «Sibirdəki xalqlar ilan və digər təhlükəli, qorxunc heyvanların fiqurlarını qayıraraq bunları gizlədirdilər. Bununla həmin heyvanların onlara kömək edəcəklərinə inanırdılar». M.Seyidov qədim türklərin – azərbaycanlıların totemlərindən söhbət açarkən qeyd edir ki, «Azərbaycan xalqının soykökündə iştirak etmiş oğuzlar, qıpçaqlar və bu kimi qəbilələr bəzən öz qəbilə birləşməsinin onqonunu və ya sitayiş etdiyi mifin adını həmin qəbilə birləşməsinin bilicisinə – dini başçısına, xaqanına, böyüklərinə də verirmişlər. Bu baxımdan «tengri» (tanrı) sözünə ötəri də olsa diqqət yetirdikdə məlum olur ki, bu sözün mənası «ata tanrı», «xan tanrı» anlamlarına gəlir. Türklərdə müsəlmanlığa qədər mövcud olmuş «buka» sözü də həmin qəbildən olan sözlərdəndir. O, həm qəbilə onqonunun adı, həm də həmin qəbilənin dini və dünyəvi rəhbərinə, hətta igidlərinə verilən ad olmuşdur. Əjdaha mənasını verən Astiaqın adının bu cür adlanması da, ehtimal ki, ilana sitayişlə bağlıdır. İlana tapınmanın izləri son zamanlara qədər bir çox türkdilli qəbilə, etnik qrup və xalqlarda müşahidə olunur. Tükdilli tayfalardan biri olan qızılların əsas etiqad etdikləri totem ilandır. Ancaq bir çox nağıl və əfsanələrdə ilanın mənfi (əjdaha) bir obraz kimi canlanması isə, sonrakı dövrlərdə artıq ilan toteminin zəifləməsi ilə əlaqədardır. İlan totemi öz əksini yer-yurd adlarında da tapmışdır ki, bu onun qədim türklərdə onqon olduğunu bir daha təsdiqləyir. E.Əhmədova totemlərlə əlaqədar meydana gələn etnonimlərdən danışarkən, ilan totemini də qeyd edir. İlanla bağlı formalaşan toponimləri araşdırdıqca məlum olur ki, onların bir qismi ilam totemi ilə mifik dünyagörüşlə bağlı olduğu halda, digər bir qrupu sırf təsviri mahiyyət kəsb edir. Yəni, ikinci qrup toponimlər həmin yerdə ya ilanın çox olması, ya da orada tez-tez görünməsi ilə əlaqədardır. Ancaq təsviri mahiyyət daşıyan və ilanla əlaqədar toponimlərdə vəziyyət başqa cürdür. Belə ki, onların hamısı oronimlərdən ibarətdir. İlanlı – Qobustan rayonunda kənd. Əksər mənbələrdə bu toponimin etimologiyasını ilanlı etnonimi ilə əlaqələndirirlər. S.Ataniyazov türklərin ersarı tayfasının bir qolu olan «ilanlı» etnoniminin etomalogiyasından danışarkən onun ilk öncə toponim kimi formalaşdığını göstərir [6]. İ.Cəfərsoylu öz kitabında «ilanlı» adından söhbət açarkən, bu adın türklərin qədim «ilanlı» etnoslarının adı ilə başlandığını qeyd edir. Ancaq o, həmin komponentli bütün toponimləri etnonimlə bağlayır. Cənubi Sibirdə, Orta Asiyada və indiki Ermənistan (Qərbi Azərbaycan ərazisində «ilanlı» adında yaşayış məntəqələrinin olması da, bu toponimin etnonim mənşəli olmasını sübut edən faktlardandır. Biz də elə hesab edirik ki, Qərbi Azərbaycanda Amasi¬ya rayonu ərazisində və Qobustandakı ilanlı oykonimləri kökü totemizmə söykənən eyni adlı tayfanın (ilanlı) adını əks etdirir. Füzuli rayonu ərazisində İlanlı dağ, Şəmkir rayonunda «İlanlıca» və İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Qəmərli rayonunda «İlançalan» toponimləri isə həmin yerlərdə ilanın çox olması ilə əlaqədar belə adlandırılmışdır. Laçın rayonu ərazisində Sus kəndinin yaxınlığında yerləşən Mərkiz dağının da adı ilan – mar heyvanı ilə bığlıdır. Mar – ilan, «kiz» isə Azərbaycan dilində heyvan¬darlıq termini olan və «quzuların saxlandığı yer» mənasına gələn «küz» sözü ilə bağlıdır. Deməli, Mərkiz sözü «İlanların çox olduğu yer» anlamını verir. Türkiyə Cümhuriyyətinin ərazisində də həm mifik təfəkkürümüzlə bağlı ilanlı, yer-yurd adlarına, eyni zamanda sırf təsviri mahiyyət daşıyan eyni adlı toponimə rast gəlinir.
Samurlu – Qızılqoç rayonunda kənd adı idi. A.Qurbanov «Samur» leksik vahidini saxur dili ilə əlaqələndirir, «iti, sürətlə axan çay» mənasında işləndiyini qeyd edir. Bəzi mənbələrdə isə fars dilində Azərbaycan mənşəli sözlərdən danışarkən «samur» sözü Azərbaycan mənşəli hesab edilir [7]. IX-XII əsr ərəb mənbələrində Sammur, Samur, Sandur, Sambur kimi xatırlanır. Samur sözünün yayılma arealı onun türk mənşəli olduğunu göstərir (Uroldu X əsrdə Samur, Cənubi Azərbaycan ərazisində Qarasu çayının sağ qolu Samuoçay, Samur qalası, Tambov dairəsində Samursk. Lvov vilayətində Sambur, XIX əsrdə Kubanda Samburlu kəndi, Ermənistanda Samurlu və Samburlu kəndləri). Toponimin Sammur və Sambur formaları «m» səsinin qoşalaşması və «mm» səs birləşməsinin «mb» formasına keçməsinin nəticəsidir. Samur sözü yalnız hidronim deyil, həm də yaşayış məntəqələrinin adını bildirdiyi üçün toponim olduğu güman edilir ki, bu da Samur adlı türk etnonimi ilə bağlıdır. E.Əhmədova da totemlərdən bəhs edərkən Samurun qədim türklərdə – azərbaycanlılarda, onların mifik inamlarında mühüm yerlərdən birini tutduğunu göstərir. Q.Qeybullayev ətraflı tədqiqat apararaq belə bir nəticəyə gəlir ki, «Samur qədim türklərin totem heyvanlarından olmuş və həmin totemin adı ilə Samurlu etnonimi formalaşmışdır». İ.Bayramov da öz əsərində Samurlu toponimini etnotoponim olaraq izah edir. A.Bayramov zoonimlərdən törənən oykonimlərdən danışarkən ayrı-ayrı tədqiqatçıların fikrini ümumiləşdirərək yazır; «Doğrudan da, gur axan suların kənarında olan Samurlu kəndi həmin sularda yaşayan, indi isə kökü kəsilməkdə olan samurla əlaqədardır. Lakin onu da unutmaq lazım deyil ki, elə qədim dövrlərdə hər heyvanın, hər quşun adı yaşayış məntəqəsinə verilməzdi. Bu adqoyma türk xalqının mifik görüşləri, su heyvanının totemliyi əsasında formalaşmışdır». İ.Cəfərsoylu Altay ovçularının indi də Samura böyük bir sayğı ilə yanaşdıqlarını və hətta onu öz adıyla yox, totem adı ilə «Al buğa»çağırdıqlarını qeyd edir. Bütün deyilənlər bir daha sübut edir ki, Samur türk xalqlarında totem olmuş və ondan da Samurlu toponimi əmələ gəlmişdir. Çox güman ki, Samur inzibati vahidliyi də həmin totem heyvanın adı ilə bağlıdır. Samur toponimi haqqındakı mövcud fikirləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olar ki, bu ad – Samur heyvanı adı ilə əlaqələndirilməlidir.
Quş onqonlarının müasir dövrdəki izlərinin araşdırılması xalqın qədim tarixinin, inam və məişətinin öyrənilməsi üçün mühüm mənbələrdən biri kimi maraqlıdır. Azərbaycan mifik təfəkküründə digər heyvanlar kimi, quş onqanları mühüm yerlərdən birini tutur. Oğuznamələrdə quşlara çox böyük yer verilmişdi. Hər bir qəbilə bir quşu özü üçün simvol və yaxud onqon seçirdi. B.Ögəl qədim türklərin quş onqonlarından daşınarkən qartal, doğan, qırğı çalağan, qarğa, durna, qu, sunqur və s. quşları misal gətirir və hal-hazırda əksər Sibir xalqlarında onların bəzilərinin müqəddəs hesab olunduğunu qeyd edir. Azərbaycan nağıl və dastanlarında adları çəkilən və qeyri-adi xüsusiyyətlərə malik Hüma, Simurq, Səməndər və s. quşlar quş onqoanlarının qədim əcdadlarımızda mövcudluğunu bir daha faktlaşdırır. Ancaq burada bir məsələni də qeyd etmək lazımdır ki, türk xalqlarında əsasən yırtıcı quşlar, həmçinin bəzi ev quşları onqon (totem) kimi seçilirdi, nəinki, ev quşları. Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, türk xalqlarında ev quşları bir sistem şəklində totem hesab olunmamışdır. Yuxarıda qeyd etdik ki, nağıl və dastanlarımızda bir neçə müqəddəs hesab olunan quşun adının çəkilməsi azərbaycanlılarda onların qədimdə totem hesab olunmasına işarədir. Azərbaycan ərazisində quşlarla bağlı saysız-hesabsız insan adının və toponimlərin də mövcudluğu həmin fikri bir daha təsdiqləyir. İndi isə toponimlərin ayrı-ayrılıqda izahına nəzər salaq. Bozdoğan//Toğan. Laçın rayonu və Qərbi Azərbaycanın Şörəyel mahalında yerləşən qədim kəndlərdən hesab olunan Bozdağan adı haqqında Q.Məşədiyev yazır ki, «Bozdoğanlı 300-500 min nəfərdən ibarət olan yürüklərin tirələrindən biridir». A.Bayramov Şörəyel vadisində Boz Doğan adlı bir qədim kəndin olduğunu və 1850-ci illərdə oradan azərbaycanlıların qovulduğunu və həmin yerdə ermənilərin yerləşdiyini yazır [8]. «Kitabi-Dədə Qorqud» dastanlarında və «Oğuznamə»lərdə yırtıcı quş kimi, eyni zamanda qayı, bayat, alaevli və qaraevli tayfa birliklərinin onqon quşu kimi xatırlanır. A.Bayramov yazır ki, «N.Əsgərov Bolqarıstan ərazisində 2 Doğanlar, 5 Doğançı, 3 Doğançılar, 3 Doğanoba kəndinin olduğunu göstərir və oda bu kənd adlarının Oğuz tayfa adından törədiyini göstərir. Toğanalı – Xanlar rayonunda kənd. Toponim regionda Toğana kimi məşhurdur. Yerli məlumata görə, toponim özündə toğanlı nəslinin adını əks etdirir. Qıpçaqların qədim tayfalarından birinin Adı toğ olmuşdur. Bəzi tədqiqatçılara görə, toponim həmin tayfaların adı ilə bağlıdır (11, 468). Ancaq araşdırmalar göstərir ki, toğan // toğana doğan sözü¬nün fonetik variantıdır və bu ad – toponimin mənşəyi qıpçaqların Toğ tayfası ilə deyil, Oğuzların «doğan» onqon quşu ilə bağlıdır. Həqiqətən də həm qədim mənbələr, həm də tədqiqat əsərləri göstərir ki, «doğan» müqəddəs quş adı kimi, əvvəlcə hər hansı şəxsə verilmiş sonra isə şəxs adından etnonim və toponimlər yaranmışdır. Laçın: Bu adda həm rayon, həm də rayon mərkəzi olan şəhər vardır. Bundan başqa Laçın onomastik vahidi Laçınkənd (Laçın rayonu), Laçın (Kəlbəcər rayonunda kənd), Laçınlar (Şuşada kənd) Laçın qayası (Ağdam, Kəlbəcər, Ağdərə və Şuşa rayonlarında), Laçın dağı (Oğuz rayonunda), Laçın dərəsi (Kəlbəcər) və s. yer adlarında yaşamaqdadır [9]. Laçın toponiminin etimologiyası haqqında müxtəlif mülahizələrə vardır. Bir mülahizəyə görə, «Laçın sözü türk dillərindəki yalçın (sıldırım) sözünün təhrif edilmiş fonetik formasıdır. Kəlbəcər rayonundakı dağın da Laçıntaxtı ad-lanması onun zirvəsinin sıldırım olmasından irəli gəlir» (11, 334). Q.Qeybullayev Kəlbəcər rayonu ərazisində qeydə alınan və yerli əhali arasında Laçınqaya kimi adlandırılan Levqalanın qədimlərə aid olması haqqında məlumat verir. N.Əsgərov son dövrlər nəşr olunan əsərində Laçın adının işlənmə arealını tədqiq edərək belə qərara gəlir ki, türk xalqları, eləcə də qədim azərbaycanlılar bəzi heyvan və quş ailələrinə inanmış, onlara tapınmışlar. Bu təsəvvürlər sonradan şəxs, tayfa, yer adına keçmiş və geniş işləklik dairəsi qazanmışdır. E.Abışov da N.Əsgərovun fikrinə şərik çıxır. Biz də öz növbəmizdə elə düşünürük ki, Laçın onomastik vahidi məhz qədim türklərin onqonu hesab olunan laçın quşu ilə əlaqədardır. B.Ögəl də oğuz tayfasının onqon quşlarından danışarkən onların içərisində Şahinin erkəyi olan Laçının da admı qeyd edir (82, 369). Şonqar // Sunqur – Qaradağ rayonunda şəhər tipli qəsəbə və yüksəklik. Toponim şonqar – quş adı ilə bağlıdır. Klassik Azərbaycan ədəbiyyatında (Vidadi, Vaqif və b.) şahin – şonqar sözü qoşa işlənmişdir. Şahin quşu türkdilli bayat tayfalarının totemi olmuşdur. XII-XIII əsrlərdə Marağada hakimlik etmiş ağşonqurilər sülaləSinin, XII əsr Gəncə əmiri Qarasonqurun adlarında da sonqur//şonqar komponenti iştirak edir. Məhz buna görə də bəzi tədqiqatçılara görə, şonqar quşu totem olmuş, sonralar tayfa adına çevrilmişdir [10]. Şonqar // Sunqur quşunun onqon olması heç kimdə şüb¬hə doğurmur. Ancaq onun hansı tayfaların onqonu olması mübahisəlidir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, «Azərbaycan toponimləri» kitabında şonqor quşunun bayat tayfasının onqonu olduğu halda, İ.Bayramov həmin quşunbayandır; beçənə, çavuldar, çəpni tayfalarının onqonu olduğunu yazır. B.Ögəl isə Oğuz boylarının onqon quşlarından danışarkən Qayı boyunun onqonu kimi suqar quşunun adını qeyd edərək yazır: «Şunqar» sözünün əsli türk dilində sonqkurdur. Bu quşun adı türklərin təsiri ilə Abbasilərdən sonra ərəb mənbələrində şunqar/şunkar kimi görünməyə başlamışdır. Elə düşünürük ki, türk xalqlarının mifik düyagörüşünü sistemli araşdıran B.Ögəlin mülahizəsi daha həqiqətə uyğundur. İ.Bayramov Qərbi Azərbaycanm İrəvan quberniyasının Aleksandropol qəzasında Sonqurlu adlı toponimin olduğunu yazır və «İrəvan əyalətinin icmal dəftəri»ndə həmin kənd adının çəkildiyini göstərir. Cürə-laçın quşu Oğuz boylarından olan avşarların onqon quşu olmuşdur. B.Ögəl Laçın quşundan danışarkən yazır: «Ablı, qırmızı ayaqlı şahin. Yalçın, sərt və şiddətli mənası verildiyindən ağ şahinə ad olmuşdur. Laçın sözü Şimali Altaydakı türk ləhcələrində də doğan (şahin) mənasına gəlir. Osmanlı mənbələri Laçının ağ şahin olduğunu açıq şəkildə göstərirlər». Elə hesab edirik ki, Laçın adlı yer-yurd adları yuxarıda göstərilən həmin onqon Laçın quşu ilə əlaqədardır və onları mifotoponim adlandırmaq lazımdır. Beləliklə, zoomorfik miflərlə (totemlərlə) əlaqədar toponimlərin etimologiyasını araşdırdıqca məlum olur ki, qədim türklərin müqəddəs hesab etdikləri heyvanların adı bir sistem şəklində yer-yurd adlarında mühafizə olunmuşdur. Eyni zamanda həmin mifoloji toponimlərin işlənmə arealı kifayət qədər genişdir. Tülü – Balakən və Lerik rayonları ərazisində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Bəzi tədqiqatçılar Tülü oykonimini qədim türkdilli dulu etnonimi ilə bağlayır. Dulu tayfaları II əsrdə hunlarla birgə Tyanşan və Altay arasındakı ərazidə yaşayırdılar. IV əsrdə Qərbi Türk Xaqanlığının tərkibinə daxil idilər. Dulu etnonimi tolo formasında müasir qırğızlar arasında qalmışdır; bu Azərbaycan dilində Tulu//tülü etnoniminə uyğundur. Bildiyimiz kimi tulu quşu qədim türklərin onqon quşlarındandır. «Kitabi-Dədə Qorqud» dastanlarında Qazan xanın adı «Tulu quşunun yavrusu» kimi çəkilir. B.Ögəl, və digər tədqiqatçılar da Tulu quşunun türklərin totemlərindən biri olduğunu qeyd edirlər. Həqiqətən də mənbələrdə Tulu toponiminin etnonimdən törəmiş və bu onomastik vahid qədimlərlə səsləşir. Ancaq heç bir yerdə qeyd olunmur ki, həmin ad qədim türklərin zoomorfik mifləri ilə əlaqədardır. Apardığımız araşdırmalar göstərir ki, Tulu toponimi Tulu onqon quşu ilə əlaqədar olaraq formalaşmışdır. Toponim quruluşca sadədir və bir kökdən ibarətdir. Ola bilər ki, həmin toponimin tərkibindəki «lu» morfemi tarixən «Tu» hissəsinə leksik şəkilçi kimi birləşib, ancaq bu məsələnin araşdırılması xüsusi tədqiqat tələb edir. Ağbaba – İrəvan xanlığının Türkiyə ilə sərhəd böl¬gəsində dağ adıdır. Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Ağbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Keçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Taya - qaya və b. zirvələrdən ibarətdir. Böyük Ağbaba və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan Mets və Qukasyan Pokr adları verilmişdir. «Əxi baba» adından təhrifdir. Kəlbəcər rayonunda Ağbaba adlı kənd «Azərbaycan toponimləri» kitabında Ağababa formasında qeyd olunmuşdur. Qədim türklər uca dağları, sıldırım qayaları müqəddəs saymışlar. Sitayiş yeri olan Ağababa pirinin adı ilə əlaqə¬dardır. Qərbi Azərbaycanda (indiki Ermənistanda) Amasiya rayonunda böyük bir ərazi də Ağababa adlanır [11]. Ancaq araşdırmalar göstərir ki, həmin onovahid səhv olaraq Ağababa formasında göstərilmişdir. Yəni düzgün variant Ağbabadır. Ağbaba adlı bir kənd Tiflis əyalətində də mövcud olmuşdur. Ağbaba dağı haqqında A.Ağbabalı yazır: «Ağbaba toponiminin tərkibindəki «ağ» sözünün ən uca, yüksək mənasında işlənməsi ehtimal ki, buranın (Ağbabanın) coğrafi mövqeyinin dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşməsi və qarlı uca dağlarla əhatə olunması ilə əlaqədardır. B.Budaqovla, Q.Qeybullayev isə yazır ki, «Ağbaba toponimi» «Əxi baba» adının təhrif olunmuş formasıdır». «Əxi» fars dilində bəş (suvarılan yer, əkin yeri) adının təhrifidir. «Əxiyə məxsus əkin yeri» mənasındadır. İ.Bayramov Ağbaba toponimindən bəhs edərkən qeyd edir ki, «toponim ağbaba quş adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir». Biz isə elə hesab edirik ki, A.Ağbabalının mülahizəsini doğru saymaq olardı. O halda ki, Ağbaba toponimi geniş işləklik dairəsinə malik olmasın. Ancaq həmin adda yer-yurd adına həm Cənubi Azərbaycan ərazisində, həm də Azərbaycanın Kəlbəcər rayonunda və Tiflis əyalətində rast gəlinir. Yənimüəllifin Ağbaba toponiminin etimologiyası haqqındakı fikri özünü doğrultmur. «Əxi baba» adının da nə demək olduğu və bu adın hansı fonetik qanunauyğunluqla Ağbaba toponiminə keçməsi izah olunmur. Bizə görə, Ağbaba toponiminin etimologiyası haqqında A.Bayramovun qənaəti daha ağlabatandır. Belə ki, o, müxtəlif mənbələri araşdıraraq belə nəticəyə gəlir ki, ağbaba bozdağan, sonqur/sonqon/ quşları tək qədim türklərin, oğuzların zoomorfik onqonudur. Zənnimizcə, həmin toponim də qədim türklərin onqonu ilə ilişkilidir». Göyərçinli – 1728-ci ildə İrəvanın Karbi nahiyəsində kənd idi. Peçeneqlərin Kuyerçi tayfasının adını əks etdirir. Göyərçin Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasındakı kənd adı 1950-ci ildə ləğv edilmiş, əhalisi qonşu Salah kəndinə və Azərbaycana köçürülmüşdür. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsində iki Göyərçin kəndi və Göyərçin dağı, Azərbaycanda Göyərçin-Veysəlli (Cəbrayıl r-nu) toponimləri ilə mənşəcə eynidir. XIX əsrdə Qafqazda Göyərçin adlı altı kənd vardı. Toponimlərdə «Göyərçin» sözü iki mənalıdır. Bəzi kiçik, qayalı dağ adlarında bu söz məhz göyərçin quşunun adı ilə bağlıdır. 2. Qədim türk mənşəli tayfa adıdır. IX əsrdə Cənubi Şərqi Avropada peçeneqlərin Göyərçi tayfasının adı məlum olduğuna görə belə nəticəyə gəlmək olur ki, eranın əvvəllərində hunların tərkibində Cənubi Qafqaza gəlmiş peçeneqlərin içərisində Kuyərçi tayfası da vardı. Demək olar ki, bütün mənbələrdə Göyərçin, Göyərçinli toponimi haqqında ya təsviri, ya da etnonim mənşəli ad olmasından bəhs olunmuşdur. Ancaq bu onomastik vahidin etimologiyası haqqında lazımi elmi məlumatı İ.Cəfərsoylu vermişdir. O, yazır: «Göyərçin Tanrı quşları ağ və göy göyərçin şəklində təsəvvür olunur. (Keçmiş Poltava torpaqlarından Polşaya köçən, oradan Rusiyaya qayıdan qöqel türk nəsli öz gerbində əskidən sitayiş etdiyi göyərçinin təsvirini saxlamışdı. Məşhur türk soylu rus yazıçısı N.V.Qoqol həmin nəsildəndir)». B.Ögəl öz əsərində qeyd edir ki, Tanrı dağlarındakı ibadət yerlərindən biri Gügçinli adlanır və indinin özündə də ora insanlar ibadətə gəlirlər. Həmin ibadət yerindən qazıntı zamanı Xun/Hun dövrünə aid əşyalar tapılmışdır (87, 199-224). O, fikrini davam etdirərək bildirir ki, Anadoluya gələn türkman dərvişlərindən bir çoxu göyərçin cildinə girərdilər. Yəni, həmin quşun lələklərindən hazırlanmış əbalarına bürünüb müxtəlif ayinləri icra edərdilər. Azərbaycanda insanlarda belə bir inam var ki, göyərçini öldürməzlər. Onun öldürülməsi insana bədbəxtlik gətirər. Göyərçin türk xalqlarında qədimlərdən xoş xəbər müjdəçisi kimi tanınmışdır. Bu mülahizələrin hamısı o fikri təsdiqləyir ki, göyərçin türklərin əskidən onqon quşlarından biri olmuşdur. Bunu respublikamızın, Qərbi Azərbaycan və Borçalı nahiyələrində qeydə alınan Göyərçin və Göyərçinli toponimləri də təsdiq edir. Göyərçin və Göyərçinli oronim və oykonimlərinin yerləşdiyi coğrafi şərait də göstərir ki, onlar təsviri mahiyyət daşıya bilməzdi. Göyərçin adlı toponimlər eyni adlı onqon quşun adını birbaşa əks etdirdikləri halda, Göyərçinli onomastik vahidində isə vəziyyət fərqlidir. Belə ki, Şonqarlu, Qurdlar, Laçınlar və s. mifoloji toponimlərdə olduğu kimi, Göyərçinli toponimi də əvvəl onqon quş adı, sonra etnonim və toponim istiqamətində inkişaf yolu keçmişdir. Kükü – Şahbuz r-nu (Nax.MR) ərazisində dağ. Naxçıvan MR ilə Ermənistan sərhədindədir. Vaxtilə dağın ərazisində kəngərli tayfasına məxsus ailələrin saldıqları Kükü adlı kənd mövcud olmuşdur. XX əsrin əvvəllərinə aid ədəbiyyatda Kuki dağı (Quba qəzası), Kuki gölü (Tiflis qəzası), Kukulu totemik inamla bağlıdır. Türk xalqları, o cümlədən də Azərbaycan xalqının mifik təfəkkürünü əks etdirir.
Qədim türklərin mifoloji dünyagörüşünü araşdırarkən məlum olur ki, onların ən çox kultlaşdırdıqları, müqəddəs hesab etdikləri obrazlardan biri də ağacdır. «Ağac – bütün dünyada qədim mifologiyanın universal obrazıdır». Burada bir məsələni xüsusi qeyd etmək lazımdır ki, əgər at kultu köçəri və əsasən çölçü türk tayfalarına aid idisə, ağac kultu bütün türk xalqlarının hamısında mövcud olmuş universal bir obrazdır. Qədim türklərdə ağac ana totem, totemlərin anası, bəzən isə insanların, qəbilələrin, xalqların ulu babalarının anası kimi qələmə verilir. Azərbaycanın bir çox folklor məkanlarında ağac pirlərinin olması həm də təhlil predmetinə çevrilən Dünya ağacının birbaşa kult semantikasını ortaya qoyur. Pir – tapmaq, ocaqdır. Ağac piri də bu halda ağaca tapınmanı, pərəstişin mərkəzində ağac kultunun dayandığını göstərir. Əski hunlarda gözəl qayınağacı vətəni qoruyan zoomorfik onqon olmuşdur. Onun şərəfinə qurbanlar kəsmişlər [12]. Əski bir türkdilli qəbilənin əsatirində deyilir ki, kainatda baş tanrı Qudyal, kişi və su vardı. Baş tanrı Qudyal torpaq və sonra şam ağacı yaratdı. Tanırının yaratdığı hər budağın kökündən bir adam yaratdı və bunlardan hərəsi bir soyun-boyun-qəbilənin ulu babası oldu. Bütün dünya xalqlarının miflərində, o cümlədən də türk xalqlarının yaradılış miflərində uşaqları ağac doğur. «Oğuznamə»lərdə də bu məsələ açıq şəkildə öz əksini tapmışdır. Ümumilikdə, qədim türklərdə tanrı-yaradan onların gözünə müxtəlif şəkildə görünmüşdür və onlardan da biri «həyat ağacı», «dünya ağacı» adlandırılan ağacdır. Türk xalqlarının möhtəşəm abidəsi «Kitabi-Dədə Qorqud» dastanında «Basat Təpəgözü öldürdüyü boyu bəyan edər, xanım, hey!» boyunda Basatın dediyi aşağıdakı sözlər olduqca maraqlıdır:
Qalarda-qoparda yerim Günortac! Qaranqu dün içrə yol azsam, umum allah! Qaba aləm götürən xanımız – Bayandır xan! Qırış güni ögdin dəpən alpımız – Salur oğlu Qazan! Anam adın sorar olsan, – Qaba Ağac! Atam adın dersən, – Qağan Aslan!
Göründüyü kimi, Basat anasının ağac olduğunu söyləyir və ən maraqlısı isə budur ki, «Basatın Təpəgözü öldürdüyü boy» «Dədə Qorqud» boyları içərisində qədim dövrlərlə səsləşdiyinə görə xüsusi yer tutur. Bunun özü də göstərir ki, ağac qədim türklərdə onqon hesab olunmuşdur. B.Ögəl türk xalqlarının mifologiyasından danışarkən yazır: «Cənubi Sibirdə olan Abakan tatarlarının əfsanələrində bu görüş (ağacdan törəniş – A.T.) bir az dəyişmişdir. Onlara görə, dünyanın ortasında göylərə qədər yüksələn böyük bir dəmir dağ vardır. Bu dağın üzərində də yeddi budaqlı bir qayın ağacı var idi. Kaç tatarları onu altun yarpaqlı, səkkiz-doqquz kölgəli, müqəddəs qayın adlandırırlar». Qayın ağacı qədim türklərin gündəlik həyatlarında da çox vacib yer tutmuşdur. Türklər ən iri və möhtəşəm oxlarını qayın ağacından hazırlayır və toz dedikləri yay qılıflarını da qayın ağacının qabığından düzəldirdilər. Ən yaxşı yəhər və səmər ağacları da yenə qayından düzəldilirdi. Araşdırma göstərir ki, hər bir türk xalqının özünün müqəddəs saydığı, totem hesab etdiyi ağac olmuşdur. Bunların hamısı əsaslandırır ki, ağacın törəmə-ağacın totem hesab olunması qədim türklərdə bir sistem halında mövcud olmuşdur. Bu fikri təsdiqləyən ən əhəmiyyətli faktlardan biri də ağac kultu ilə bağlı yer-yurd adlarının türk dillərinin toponimik sistemində mövcud olmasıdır. B.Ögəl qeyd edir ki, qədim orta Asiyada Bay Ağac, Ala ağac, Qara Ağac yer və boy adlarına rast gəlmək mümkündür. İndi isə ağac kultu ilə əlaqədar mifotoponimlərin izahına nəzər salaq. Ağacəri – Tovuz rayonu ərazisində dağ adıdır. Dağ qədim türk mənşəli ağacəri tayfasının adı ilə adlanmışdır. Erkən orta əsrlərdə Cənub-Şərqi Avropa çöllərində yaşayan ağacərilər hun tayfa ittifaqına daxil idilər. V-VI əsr Bizans mənbələrində aktsir//akalsir kimi adları çəkilən ağacərilərin V əsrdən Azərbaycanda yaşamaları məlumdur. Sonralar səlcuqlar, monqollar və qaraqoyunlular dövründəki siyasi hadisələrdə fəal iştirak edən ağacərilərin böyük əksəriyyəti hazırda İranın müxtəlif ərazilərində yaşayır. F.Cəlilov qədim türk etnoslarından söhbət açarkən yazır: Heredot göstərir ki, aqathirslər (ağacərilər) Cənub-Şərqi Avropa və Şimali Qafqaz çöllərində skiflər arasında yaşamışlar və onlar tatar mənşəlidirlər. Qeyd etmək lazımdır ki, Heredot skifləri tatar (türk) adlandırmışdır. Q.Qeybullayev Cənubi Azərbaycanda da qeydə alınan Ağacəri/Ağaceri toponimlərinin «meşəlikdə yaşayanlar» kimi izah edərək göstərir ki, onlar qədim oğuz qəbilələ¬rindən biridir və ehtimal ki, XI əsrdə indiki yaşadıqları yerə səlcuqlarla birlikdə gəlmişlər. Qədim Şərq və Azərbaycan ərazisində erkən çağlarda meydana gələn dövlətlərdən danışan tədqiqatçılar belə qənaətə gəlirlər ki, ağacərilər Azərbaycana V əsrdə hunlarla gəlmişlər. F.Sümər də bu etnonimin adını ağac əri kimi izah etmişdir. Müəllif həmin onomastik vahid haqqında yazır: «Bu söz heyvandarlıq və əkinçilik əvəzinə ağacdan biçmək, kərən düzəltmək işləri ilə məşğul olan bir türk zümrəsinə verilir. Bunlar ağac əri türkmənlərinin nəvələri olub qızılbaşlarla inamları eynidir. Çox çalışan adamlardır, kəndləri bir qayda olaraq meşə ətəklərində yerləşir». Ağacəri oronimi haqqında N.Məmmədov, R.Hümmətova da maraqlı fikirlər söyləmişlər. Ancaq həmin müəlliflər Ağacəri toponiminin etimoloji xüsusiyyətlərinə yox, daha çox digər linqvistik xüsusiyyətlərinin araşdırılmasına diqqət yetirmişlər. Z.Xasıyev Tovuzun toponimlərindən danışarkən Ağa¬cəri oroniminin izahına geniş yer ayıraraq yazır: «Tədqiqatçılar göstərir ki, XV əsrə kimi bu tayfa Azərbaycanda məskunlaşmışdır. XV əsr Qaraqoyunlular hakimiyyəti dövründə (1410-1468) dövlət qoşunları arasında ağacərilər də olmuşdur. 1468-ci ildə Qaraqoyunlular dövləti dağıldıqdan sonra bu tayfa iki yerə bölünmüş, bir hissəsi Şimali Azərbaycanda, bir hissəsi isə Cənubi Azərbaycanda yurdlaşmışdır. Lakin ağacərilər çox olmadıqları üçün daxil olduqları tayfalar içərisində əriyib getmişlər»Əliyev V.H. Azərbaycan toponimiyası. Bakı, 1999, 276 s. Bütün deyilənləri nəzərə alaraq, o nəticəyə gəlirik ki, Ağacəri etnonim olmuş və bu onomastik vahid qədim türklərin «Dünya ağacı», «həyat ağacı» totemi ilə bağlı olmuşdur. Yəni Ağacəri adının «meşəlik yerdə yaşayanlar» mənasında deyil, «ağacdan törəyənlər, doğulanlar» mənasında izah olunması daha doğru olardı Düzdür, Ağacəri sözü «ağac» və «əri» komponentlərindən ibarətdir və bu da «ağac kişisi», «ağac insanı, əri» mənalarına gəlir. Deməli, Ağacəri adı mürəkkəb sözdür və ikinci növ təyini söz birləşməsi modelində formalaşmışdır.
Qalaqayın – Sabirabad rayonunda kənd. Mugan düzündədir. Toponim qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, «qayınların qalası» mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tyfa başqa türkdilli xalqların tərkibində də vardır. Söhbətimizin əvvəlində də qeyd etdik Qayın ağacı türk xalqlarında qədimlərdə müqəddəs – totem hesab olunmuşdur və A.Şükürov haqlı olaraq yazır ki, «Qalaqayın – yəni qayın onqonunun qalası, qoruduğu yer, yaşayış məntəqəsi demək¬dir». Ancaq burada bir məsələni unutmaq olmaz ki, Qayın totemi birbaşa toponimə keçməyib, əvvəlcə toponim-etnonim sonra isə toponim kimi formalaşmışdır. Qaraağac – Qubadlı, Zaqatala, Tərtər, Sabirabad, Cəlilabad rayonlarında kənd və Zaqatala rayonunda çay. Toponim haqqında iki fikir var. Onlardan biri ondan ibarətdir ki, Qaraağacı kəndi qaraağac çox olan yerdə salındığı üçün belə adlanmışdır. Digər bir fikir isə həmin adın Qarahacı toponimilə bağlı olmasıdır (103, 58). Digər ədəbiyyatlarda da qaraağacı toponiminin təsviri mahiyyət daşıması haqqında məlumatlar vardır. Ancaq Qaraağacı toponiminin təsviri mahiyyət daşıması haqqındakı fikirlər özünü doğrultmur. Belə ki, həmin kəndlərin yerləşdiyi coğrafi mövqelər heç də qarağacla zəngin deyil. Eyni zamanda respublikamızın müxtəlif bölgələrində həmin adda yayılmış məntəqələrin olması və digər türkdilli xalqlarda da Qaraağacı adlı yer-yurd adlarının mövcudluğu təsdiqləyir ki, bu onomastik vahid etnonimlə əlaqədardır və həmin etnonim də özlüyündə qədim türklərin ağaca olan inamları ilə bağlıdır. Qızılagac – Göyçay, Salyan rayonlarında kənd. Göyçay çayının sahilində, Şirvan düzündədir. Bəzi tədqiqatçılara görə, toponim öz adında türk mənşəli qızılağac tayfasının adını əks etdirir. Türkiyənin Antalya, Budur və İsparta əyalətlərində yaşayan tayfalardan biri qızılağac adlanır. Yerli məlumata görə, kənd vaxtilə Qızılağac meşəsinin yanında salındığına görə belə adlanmışdır, lakin sonralar meşə tələf olmuşdur. Bu toponimə Masallı rayonunda kənd, Lənkəranda ovalıq kimi təsadüf olunur. Azərbaycanın qədim yaşayış məntəqələrindəndir. Orta əsrlərdə Qızılağac Xəzər limanları ilə ticarət əlaqələri saxlayırdı. Əhali, əsasən, gəmiçiliklə, balıqçılıqla məşğul olurdu. Gilan və Mazandarana gedən karvan yolu da Qızılağacdan keçirdi. 1614-cü ildə Rus elçisi M.İ.Tixonov Səfəvi hökmdarı I Şah Abbasla burada görüşmüşdü. Bir sıra orta əsr Avropa səyyah və diplomatları Qızılağac haqqında məlumat vermişlər. Yaşayış məntəqəsinin adı da Qızılağac körfəzinin adı ilə bağlıdır. Masallı və Salyan rayonlarında olan Qızılağac toponimlərinin eyni adlı körfəzlə bağlanması fikrimizcə doğru deyil. Ola bilsin ki, körfəz Qızılağac kəndinin adı ilə bağlıdır. Qızılağac toponimi birinci növ təyini söz birləşməsi modeli əsasında əmələ gəlmiş, qızıl və ağac sözlərinin birləşməsi əsasında formalaşan mürəkkəb quruluşlu sözdür. Qızılağac toponiminin etimologiyası haqqında bizim fikrimiz belədir ki, Qaraağac toponimində olduğu kimi, burada da «qızıl» sözü «ağac» sözünə yanaşmışdır və müəyyən bir əlamətin göstəricisidir. Ağac sözü təsviri planda ağac bitkisi ilə bağlı olmayıb, mifologiyamızdan gələn «həyat ağacı», «dünya ağacı» mifi ilə əlaqədardır. Yəni həmin toponimlərdə «ağac» morfem kökü miflə bağlı olan tayfa adında formalaşmışdır. Altıağac – Xızı rayonunda kənd. Altaçayın sahilindədir, adı ilk dəfə 1823-cü ilə aid mənbədə çəkilmişdir. Toponim altı (miqdar sayı) və ağac (qədim uzunluq, ölçü vahidi; mərq: 6–7 km) sözlərindən yaranmışdır. Altıağac Şamaxıdan altı ağaclıq məsafədə yerləşdiyi üçün belə adlanmışdır. Ancaq Xızı rayonunun onomastik vahidləri üzərində aparılan son tədqiqatlar göstərir ki, Altıağac toponiminin ikinci komponenti ölçü vahidi olan «ağac» sözü ilə bağlı deyildir [13]. Bu fikri xalq etimologiyası da təsdiq edir. Altıağac toponiminin etimologiyası haqqında ümumi qənaətimiz belədir ki, bu onomastik vahidin ikinci komponenti olan «ağac» morfemi xalqımızın «dünya, həyat ağacına olan» inamı ilə bağlıdır.
Türk xalqlarının mifoloji sistemində mühüm yerlərdən birini də dağlar tutur. Qədim türklərin təsəvvürlərində sakral dəyər qazanmış dağ VI əsrə aid çin mənbələrində «yer tanrısı» (ruhu) adlandırılır. Bu fakta istinad edən M.Seyidova görə «müqəddəs başlanğıc hesab edilən dağ, eləcə də torpaq və xüsusilə onlarla bağlı Günəş bütün varlığın, həyatın, tanrıların, insanların, nemətlərin yaradıcısı, anası-atası kimi qəbul olunur». M.Seyidovun bu fikrini, eyni zamanda türk mifologiyasında dağla bağlı təsəvvürləri ümumiləşdirdikdə dağın dünya modelinin Ata-Ana strukturunda Ana tərəfinə daxil olan ünsür olduğunu görürük. Belə olduqda Göy və onunla bağlı olan kosmoqonik elementlər Ata kompleksinə, yer və onunla bağlı olan elementlər, o cümlədən dağ ana kompleksinə aiddir. Türk mifologiyasında dağın ana rolundan çıxış etməsinə, bir çox qəhrəmanların sakral valideyni olmasına dair faktlar vardır. «Oğuz Xaqan» dastanında Oğuzun oğlanlarından birinin adı Dağ xandır. Deməli, 24 Oğuz tayfasının birinin əcdadı dağdır. «Kitabi-Dədə Qorqud» dastanında dağ müqəddəs, xilasedici bir varlıq kimi bir neçə dəfə xatırlanır: məs; «Aqan türk sularından xəbər keçsə, arqurı yatan Ala tağdan dəbər aşa, xanlar xanı Bayandıra xəbər varsa», «Oğlan anda yıqıldıqda Boz atlu Xızır oğlana hazır oldu. Üç qatla yarasın əlilə sığadı: «Sana bu yaradan, qorxma, oğlan, ölüm yoqdur. Tağ çiçəgi anan südlə sənin yarana məlhəmdir» - dedi, qaib oldu» [14]. Şaman dualarında və ayinlərdə də dağ müqəddəs, insanları şər qüvvədən qoruyan totemik bir varlıq kimi təsvir olunur. Hətta indinin özündə də Sibirdə yaşayan türk xalqlarının bəziləri dağa «ata», bəziləri isə ona «ana» kimi müraciət edirlər. F.Xalıqov qeyd edir ki, Altay, Tanrı dağları, Alatan, Qaratay və s. dağlarının adı məhz türklərin dağa olan inamı ilə əlaqədardır. Bütün türk xalqlarında dağla, onun hissələri ilə əlaqədar müxtəlif deyimlər və duyumlar da onun müqəddəs - onqon-xilasedici olduğunu əsaslandıran cəhətlərdəndir. Məsələn, azərbaycanlılarda «dağ vüqarlı», «dağ qürurlu», «dağlar oğlu», «Qoşqar haqqı», «Kəpəz haqqı» və s. ifadələr dağ kultunun türk xalqlarında qədimdən önəmli yer tutduğunu göstərir. Dağ kultunun türklərdə mühüm yerlərdən birini tutduğunu göstərən cəhətlərdən biri də onunla və onun hissələri ilə bağlı yer-yurd adlarının geniş yayılmasıdır. Qaradaglı – Ağdam rayonunda iki kənd. Ağdaş, Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz, Şəki rayonlarında yaşayış məntəqəsinin adı. Yaşayış məntəqələri Səfəvilərin hakimiyyəti uğrunda mübarizədə böyük rol oynamış qızılbaşların qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. Qaradağlı oykoniminin etnonim mənşəli olması heç kimdə şübhə doğurmur və Azərbaycan dilinin onomastikasına həsr olunan ayrı-ayrı əsərlərdə həmin etnonim olması haqqında kifayət qədər məlumatlar verilmişdir. Ancaq Qaradağlı və Qaradağ adının etimologiyası haqqında ətraflı elmi məlumat verilməmişdir. Ə.Cavadov qeyd edir ki, «qara» sözü qədimdə getdikcə böyük mənasında işlənir və bu da dağla bağlı olaraq meydana gəlmişdir. «Kitabi-Dədə Qorqud» dastanında «qara» sözünün «böyük» mənasında dağla əlaqədar tez-tez işlənməsi də, Ə.Cavadovun yuxarıdakı mülahizəsini bir daha təsdiqləyir. Məs: «Qarlı qara tağların, yıqılmasın! Kölgəlicə qaba ağacın, kəsilməsin!» «Kitabi-Dədə Qorqud» dastanından gətirdiyimiz nümu¬nədə də dağın qədim türklərdə kultlaşdırılmış, müqəddəs bir varlıq olduğu aydın görünür. Dünya xalqlarında da dağın kultlaşdırılmasının şahidi oluruq. Məsələn: ərəblərdə Qaf, Hirə, yunanlarda Olimp, türklərdə Altay, Tanrı dağları (Tyan-Şan) Qafqaz Azərbaycanda və s. bu kimi adları göstərmək olar. Qafqaz dağının müxtəlif variantları olub. Yunan tarixçisi Eratosfen (e.ə. III əsr) Qafqaz dağının adını Kaspi kimi yazmışdır. Dədə Qorqud dastanında Qazılıq dağı kimi, fars mənbələrində Kapgoh, Qaf, ərəblərdə Qabq, türklərdə Əlbürz və s. kimi adı çəkilən Qafqaz toponimi haqqında müxtəlif mülahizələr mövcuddur. Antik mənbələrdə Qafqaz dağı bəzən Kroukas adlandırılmış və «qardan ağarmış» kimi mənalandırılmışdır. Bəzi tədqiqatçılara görə, toponim guh (farsca «dağ») və kaspi (etnonim) komponentlərindən ibarət olub, «Kasp dağı» mənasındadır. Toponim qədim fars dilindəki qanfa (dağ) və Kapı (keçid) və kas (etnonim) sözlərindən ibarət olub, «kaskeçidi», «kas qabısı» mənasındadır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.