Remove ads
Azərbaycanın Milli Qəhrəmanı From Wikipedia, the free encyclopedia
İlqar Anzor oğlu Mirzəyev (8 may 1973, Qardabani, Gürcüstan SSR, SSRİ – 14 iyul 2020, Tovuz rayonu, Azərbaycan) — Azərbaycanın Milli Qəhrəmanı,[1] Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi (2019–2020).
İlqar Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | "Artilleriyanın atası" |
Doğum tarixi | 8 may 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2020 (47 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Güllü Mirzəyeva |
Uşaqları | Elvin, Gülnarə |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 3-cü Ordu Korpusu |
Xidmət illəri | 1991–2020 |
Rütbəsi | Polkovnik |
Döyüşlər |
Aprel döyüşləri Tovuz döyüşləri |
Təltifləri | |
|
2020-ci il iyulun 12–16-da baş verən döyüşlər zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev, iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun Komandir müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.[2]
İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olmuşdur.[3][4] Milliyyətcə azərbaycanlı idi.
İlqar Mirzəyev 1980–1990-cı illərdə Qardabani şəhərində tam orta məktəbdə təhsil almışdır.[5] 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) vermişdir.[5]
İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuş və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirmişdir.[5]
2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuşdur.[5] 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.[5]
İlqar Mirzəyev Güllü Mirzəyeva ilə ailəli olub. Elvin adında oğlu, Gülnarə adında qızı var
İlqar Mirzəyev 1995-ci il iyunun 17-dən 1995-ci il noyabrın 12-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taqımının Komandiri, 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tank Artilleriya Kursantları Taqımının Komandiri vəzifəsində xidmət eləmişdir.
Daha sonra o, 1997-ci il martın 3-dən 1998-ci il yavarın 20-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Taqım Komandiri, 1998-ci il yanvarın 20-dən 1998-ci il noyabrın 11-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Komandiri vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə ona Müdafiə Nazirliyinin 19 oktyabr 1997-ci il tarixli əmrinə əsasən "baş leytenant" hərbi rütbəsi verilmişdir.
İlqar Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tədris prosesinin təminatı Taborunun Artilleriya batareyasının Komandiri vəzifəsində xidmət eləmişdir və xidməti zamanı Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən "kapitan" hərbi rütbəsi almışdır.
2001-ci ildən başlayaraq isə İlqar Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət eləmişdir. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər "N" saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu Komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən "mayor" hərbi rütbəsi almışdır.[6]
İlqar Mirzəyev 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilmişdir. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.
Təhsilini başa vurduğdan sonra mayor İlqar Mirzəyev, 2005-ci il iyulun 2-dən 2007-ci il yanvarın 7-nə qədər "N" saylı hərbi hissə Komandirinin müavini vəzifəsində xidmət eləmişdir. Daha sonra isə o, 4 il ərzində — 2007-ci il yanvarın 7-dən 2011-ci il iyulun 29-na qədər "N" saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi — Qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsində xidmət etmişdir.
2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər "N" saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona "Polkovnik" hərbi rütbəsi verilmişdir.[6]
Daha sonra İlqar Mirzəyev 2012-ci il iyulun 7-dən 2013-cü il iyulun 4-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri və hərbi hissənin atəşə dəstək üzrə koordinatoru vəzifəsində, 2013-cü il iyulun 4-dən 2013-cü il dekabrın 28-nə qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət eləmişdir.
Növbəti 2 il ərzində o, xidmətini Müdafiə Nazirliyində davam eləmişdir. İlqar Mirzəyev 2013-cü il dekabrın 28-dən 2015-ci il avqustun 8-nə qədər Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət eləmişdir.
2 il ərzində Müdafiə Nazirliyində xidmət edəndən sonra o, 2015-ci il avqustun 14-dən 2015-ci il oktyabrın 28-nə qədər "N" saylı hərbi hissənin Komandir müavini və Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.
İlqar Mirzəyev 2015-ci il oktyabrın 28-də isə "N" saylı hərbi hissənin Komandiri idi.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilmişdir və 7 strateji nöqtə işğaldan azad edilmişdir.
İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub.[7] Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu.[8] Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.[8][9]
İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib.[10] 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimov və Artilleriya rəisi İlqar Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib.[10] İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib.[11] Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.[11]
İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.[12] Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.[12]
İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu.[13] Həmin gün saat 13:00-da müdafiə nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verdi:[14]
Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdu. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəsüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbir diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimiz, yaralıların qanı yerdə qalmayacaq.
— Müdafiə nazirinin müavini və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev
Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olmuşdur.[15] Həmin an onunla birgə olan 3-cü Ordu Korpusunun Komandir müavini olan general-mayor Polad İsrayıl oğlu Həşimov, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də şəhid olmuşdur.[15]
İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə gətirilmişdir. Axşamüstü İlqar Mirzəyevin nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilmişdir.
Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi eyni gündə, iyulun 15-də baş tutmuşdur.[16] II Fəxri Xiyabanda baş tutan vida mərasiminə müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini Yaşar Əliyev, Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov, Bakı şəhərinin icra başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, məhrumun xidmət yoldaşları şəhidlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı vermişdir.[16]
Abdulla Qurbani dəfn mərasimində çıxış edərkən Polad Həşimov və İlqar Mirzəyevin həyat və döyüş yolları barədə məlumat vermişdir.[16] Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları ilə Polad Həşimov və İlqar Mirzəyev hərbi ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınmışdır.[17]
Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Polad Həşimov və İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı vermişdir.[16] Sonda müdafiə naziri şəhidlərin tabutu üzərində olan Azərbaycan bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim etmişdir.[16]
Şəhid İlqar Mirzəyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.[18]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.[20]
2021-ci ilin aprel ayında İlqar Mirzəyevin Xətai rayonunda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulmuşdur və binanı həyəti abadlaşdırılaraq orada bağ salınmışdır.[21]
2021-ci il mayın 7-də İctimai TV-də İlqar Mirzəyevə həsr olunan sənədli filmi təqdim olunmuşdur. 22 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.[22]
2021-ci ildə Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin adı verilmişdir.[23][24]
2022-ci il iyulun 14-də Nizami Kino Mərkəzində Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş "Artilleriyanın atası" sənədli filminin təqdimatı olub.[25][26][27]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.