Remove ads
2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlər From Wikipedia, the free encyclopedia
Tovuz döyüşləri[22][a] — 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzinin Mosesgeğ kəndi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlər.[24]
Tovuz döyüşləri | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
| |||
Yeri | |||
Səbəbi | Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları | ||
Nəticəsi | atəşkəs bərpa olundu, mövqelərdə əhəmiyyətli dəyişiklik olmadı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bu döyüşlərdən sonra da iki tərəf arasında gərginlik davam etmiş və 27 sentyabr 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır.[25]
Həmçinin hər il 12 iyul Azərbaycan xalqı tərəfindən Tovuz döyüşləri şəhidlərinin Anım Günü kimi qeyd olunur.[26]
İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar.[27]
Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, "Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən saat 12:30 radələrində "UAZ" markalı avtomobil ilə Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkiliblər və daha sonra saat 13:45 radələrində artilleriya atəşinə başlayıblar".[28][29]
Azərbaycan tərəfi bunu inkar edərək bildirib ki, "Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsə idi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi.[30] Həmçinin, 2018-ci ildən etibarən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhəddinə nəzarətin Müdafiə Nazirliyindən alınaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Azərbaycan Respublikasının Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini təsdiq edir".[31][32]
12 iyulda Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyini müşahidə etdi. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasının sübutu kimi göstərilir.[33]
Döyüşlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayıb. Meydan TV-nin müxbiri Həbib Müntəzir artilleriya qurğularından Goranboy rayonu istiqamətində də istifadə edildiyini bildirsə də, bu məlumat rəsmi mənbələr tərəfindən öz təsdiqini tapmadı.[34] Ermənistanın keçmiş prezidenti Robert Köçəryan dekabr ayında verdiyi açıqlamada Tovuz döyüşlərinin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində başladığını bildirib.[35]
Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.[36] Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər yaralanıb. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki verib.[30] Azərbaycan Ordusunun yaralı əsgərlərindən biri daha sonra aldığı yaralardan dünyasını dəyişib.[37]
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Azərbaycan tərəfinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Müdafiə Nazirliyi düşmənə qarşı cəza tədbirləri həyata keçirildiyini, qarşı tərəfin itkiləri barədə məlumatları gizlətdiyini qeyd edib.[38]
İyulun 13-də Tovuz istiqamətində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında artilleriya qurğuları yenidən işə düşüb, tərəflər bir-birinə qarşılıqlı zərbələr endiriblər. Ermənistan kütləvi informasiya vasitələri Ermənistan hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumat yaysalar da, Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatları təkzib edib və heç bir ərazi itkisinin olmadığını, mövqelərin əvvəlki qaydada qaldığını bildirib.[39] Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutmağa başlayıb.[40]
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.[41] Erməni Ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçu da həlak olub.[42] Bundan başqa döyüşlərdə Azərbaycan tərəfdən əlavə yaralananların da olduğu bildirilib. Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak olub.[43] Azərbaycan tərəfi isə gəzən sursat vasitəsilə Ermənistanın komanda məntəqəsinə hücum həyata keçirib. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan Silahlı Qüvvələrinə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvə məhv edildi.[44]
Bu hadisədən sonra Azərbaycan Prezidenti tərəfindən Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verilib. Azərbaycan prezidenti əməliyyatın böyük hissəsinin hərbi sirr kimi saxlandığını, ictimaiyyətə açıqlanmayacağını bildirib. İlham Əliyev həmçinin döyüşlərin başlanmasına səbəb olan postun tamamilə məhv edildiyini qeyd edib.[45] Həmçinin, bu döyüşlərdə Ermənistan Ordusunun hərbi qulluqçuları mayor Qaruş Vemir Hambardzumyan və kapitan Sos Paylak Elbakyan həlak olmuşdur. Azərbaycan tərəfi Ermənistan hərbi-siyasi rəhbərliyini çoxsaylı itkiləri gizlətməkdə ittiham edib.[46]
Ermənistan tərəfi döyüşlərdə Azərbaycana məxsus, artilleriya atəşini korrektə edən pilotsuz uçuş aparatını vurduğunu bildirib.[47] Həmçinin Azərbaycanın hücum dronları ilə sərhəddəki Berd şəhərini bombaladığını iddia edib.[48] Azərbaycan tərəfi isə bunu inkar edərək, Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vurduğunu və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv etdiyini bildirib.[49] Ermənistanın Tavuş mərzi istiqamətində eskalasiya səbəbindən sərhəd kəndlərinin qaz kəmərləri şəbəkələri sıradan çıxıb, nəticədə sərhəddə yerləşən Aygepar, Nerkin Karmiraxpyur və Çinari kəndlərində qaz təchizatı qismən dayandırılıb.[50]
Axşam saatlarında döyüşlər səngiyib və cəbhədə nisbi sakitlik yaranıb. Erməni tərəfi axşam saatlarında Azərbaycana məxsus daha 2 hücum PUA-nı vurduğunu iddia edib. Ermənistan ümumilikdə döyüşlər zamanı Azərbaycanın 13 pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirib, iddiaya görə onlardan 10-u zərbə, 3-ü kəşfiyyat olub.[51] Lakin Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edib və bildirib ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, heç bir itki olmayıb.[52]
İyulun 15-də toqquşmalar səngisə də, iyulun 16-sı səhər saatlarında döyüşlər bərpa olunub. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovanisyan bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin "Yaşma" xüsusi təyinatlı bölməsinin 100-ə yaxın hərbçisi Ermənistan Silahlı Qüvvələrinin şimal-şərqindəki sərhəd mövqelərini ələ keçirməyə cəhd göstərib. Lakin Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir təxribat fəaliyyəti həyata keçirməyib, Ermənistan tərəfinin bütün bu açıqlamaları növbəti dezinformasiyadır. Azərbaycan xüsusi təyinatlıları arasında ümumiyyətlə, heç bir itki ola bilməz, çünki onlar Ermənistanla sərhəddəki hərbi əməliyyatlarda iştirak etmirlər.[53]
16 iyul tarixində Ermənistan tərəfi döyüş bölgəsinə əlavə qüvvələr göndərməyə başlamışdır. Vanadzordan 3 AK 63853 nömrəli ayrıca motoatıcı briqada, Razdan 96583 ayrıca motoatıcı briqadası və Dilicandakı briqada tamamilə döyüş zonasına yeridildi. Ermənistan ordusunun rəhbərliyi sərhəddə şəxsi heyəti sırasında böyük boşluqlar yarandığı üçün keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər edib.[54]
Sözügedən tarixdə gecə saat 4 radələrindən başlayaraq Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacıalılı kəndlərini ağır artilleriya silahlarından atəşə tutmağa başlayıblar. Daha intensiv atəş Ağdam kəndi istiqamətində olmuşdur. Dondar Quşçu kəndinin ərazisinə isə 20-dək top mərmisi düşmüşdür. Mərmilərdən ikisi dinc əhalinin yaşadığı əraziyə düşüb. Top mərmilərindən biri vətəndaşın həyətinə, digəri isə digər həyətyanı sahəyə düşərək köməkçi tikilini dağıdıb.[55]
Azərbaycan tərəfi döyüşlərdə Ermənistana aid "X-55" taktiki pilotsuz uçuş aparatını vurduğunu bildirib.[56] Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycana məxsus tank, artilleriya və minaatan batareyalarını vurduğunu iddia edib.[57] Lakin Azərbaycan tərəfi bu məlumatı təkzib edib. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir.[58]
Bundan başqa Ermənistan tərəfi Mingəçevir Su Anbarını vuracaqları barədə iddialar səsləndirib. Azərbaycan Müdafiə Nazirliyi isə Azərbaycan Ordusunun silahlanmasında olan ən yeni raket sistemlərinin Metsamor AES-i yüksək dəqiqliklə vurmaq imkanının olduğu ilə bağlı Ermənistana xəbərdarlıq edib.[59]
Axşama yaxın verilən məlumata görə davam edən döyüşlərdə Ermənistanın 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi Azərbaycan Ordusunun atəşi ilə məhv edilib. Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən bir hərbi qulluqçusu həlak olub.[60]
Ermənistan Respublikası Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitenin Komandanlıq və Kadr fakültəsinin rəhbəri Arçrun Ovanisyan Saat 11:00 radələrində keçirilmiş gündəlik brifinqdə iddia edib ki, Azərbaycan Silahlı Qüvvələri "sərhədin perimetri boyunca atəşkəs rejimini təxminən 120 dəfə pozub". Həmçinin Ovannisyan artıq artilleriyadan istifadə etmədiklərini bildirib.[61]
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən 17 iyul tarixində Tovuz rayonu istiqamətində nisbi sakitlik höküm sürsə də, ümumilikdə gərginlik davam etmişdir. Müdafiə Nazirliyi əlavə olaraq qeyd edir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozmuşdur. Atəşkəs rejiminin pozulduğu bölgələrə Tovuz rayonunun Ağdam və Muncuqlu kəndləri də aiddir.[62]
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində 53 dəfə pozulub. Tovuz rayonunun Ağdam kəndi və Gədəbəy rayonunun Göyəlli kəndindəki mövqelər də buraya daxildir.[63]
Erməni tərəfinin iddiasına görə isə sərhəddə gecə olduqca sakit keçib, lakin Azərbaycan tərəfi Ermənistan Ordusunun mövqelərinə atəş açaraq atəşkəsi bir neçə dəfə pozub.[64]
Azərbaycan tərəfi qeyd edib ki, Tovuz istiqamətində nisbi sakitlikdir və bu istiqamətdəki Azərbaycan mövqeləri atəşə tutulmayıb. Lakin ümumilikdə Ermənistan Silahlı Qüvvələri atəşkəsi 70 dəfə pozub.[65]
Ermənistan Müdafiə Nazirliyi isə sərhəddə gecənin nisbətən sakit keçdiyini bildirdi. Erməni tərəfinin iddiasına görə Azərbaycan qoşunları təxminən 70 dəfə atəşkəsi pozub.[66]
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub. Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndləri və Gədəbəy rayonunun Zamanlı kəndi də atəşkəs rejiminin pozulduğu mövqelərə daxildir.[67]
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 62 dəfə pozub. Gədəbəy rayonunun Zamanlı və Göyəlli kəndi də atəşkəs rejiminin pozulduğu mövqelərə daxildir.[68]
Həmçinin Azərbaycan tərəfi Ermənistana məxsus iki ədəd taktiki PUA-nın vurulması barədə məlumat yayıb. Məlumata görə, iyulun 21-i Ermənistan Silahlı Qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00:30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08:45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki PUA aşkarlanaraq vurulub.[19]
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub. Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndləri və Gədəbəy rayonunun Zamanlı kəndi də atəşkəs rejiminin pozulduğu mövqelərə daxildir.[69] Həmçinin Azərbaycan Müdafiə Nazirliyi əlavə edir ki, 22 iyul tarixində Ağdam kəndi istiqamətində Ermənistana məxsus növbəti taktiki PUA vurulub.[70]
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 47 dəfə pozub. Tovuz rayonunun Ağdam kəndi və Gədəbəy rayonu da atəşkəs rejiminin pozulduğu mövqelərə daxildir.[71]
Azərbaycan hakerləri 30-dan çox erməni saytlarını sındıraraq "Azərbaycan əsgəri", "Qarabağ Azərbaycandır və Nida işarəsi" lozunqunu yerləşdiriblər. Dağıdılan veb resurslar içərisində həm dövlət qurumlarının, həm də bir sıra şirkətlərin rəsmi saytları, həmçinin Ermənistanda ən çox izlənilən media resurslarından olan "Ermənistanın səsi" saytı mövcuddur. Azərbaycanlı hakerlər habelə Ermənistanın baş naziri Nikol Paşinyanın da saytını dağıdıblar.[72]
Döyüşlər zamanı Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılıb.[73]
Rütbəsi | Tam adı | Doğum tarixi | Ölüm tarixi | Dəfn tarixi | Dəfn yeri |
---|---|---|---|---|---|
Əsgər | Xəyyam Məhəmməd oğlu Daşdəmirov | 2002[74] | 12 iyul | 13 iyul[75][76][77][78] | Balik[75] |
Baş əsgər | Elşad Dönməz oğlu Məmmədov | 1996[79] | Ağdam[76] | ||
Çavuş | Vüqar Lətif oğlu Sadıqov | 1987[80] | Yuxarı Göycəli[77] | ||
Baş leytenant | Rəşad Rəşid oğlu Mahmudov | 1992[81] | 13 iyul[82] | Aşağı Cürəli[78] | |
Polkovnik | İlqar Anzor oğlu Mirzəyev | 1973 | 14 iyul | 15 iyul[83] | İkinci Fəxri Xiyaban, Bakı[83] |
Mayor | Anar Gülverdi oğlu Novruzov | 1976 | 14 iyul[84][85] | Masallı[84] | |
Mayor | Namiq Hajan oğlu Əhmədov | 1984[85] | Yuxarı Salahlı[85] | ||
General-mayor | Polad İsrayıl oğlu Həşimov | 1975[86] | 15 iyul[83] | İkinci Fəxri Xiyaban, Bakı[83] | |
Əsgər | Elçin Arif oğlu Mustafazadə | 1992[87] | 14 iyul[87][88] | Həsənsu[87] | |
Gizir | İlqar Ayaz oğlu Zeynallı | 1995[88] | Cəlilli[88] | ||
Gizir | Yaşar Vasif oğlu Babayev | 1987[89] | 15 iyul[89] | Köçəsgər[89] | |
Əsgər | Nazim Əfqan oğlu İsmalıyov | 1996[90] | 16 iyul | 16 iyul[91] | Kolxəlfəli[91] |
Rütbəsi | Tam adı | Doğum tarixi | Ölüm tarixi | Dəfn tarixi | Dəfn yeri |
---|---|---|---|---|---|
Kapitan | Sos Elbakyan | 1992[93] | 14 iyul | 15 iyul[94] | Yuxarı Qanlıca[94] |
Kiçik serjant | Smbat Qabrielyan | ||||
Kiçik serjant | Qrişa Matevosyan | ||||
Mayor | Qaruş Hambardzumyan | 1989[93] | 16 iyul[95] | Yerablur[95] | |
Əsgər | Artur Muradyan[96] | 2001[96] | 23 iyul[96] | ||
Aşot Mikaelyan[97] | 27 iyul[97] |
Ermənistan tərəfi 18 iyulda 2000-ci il təvəllüdlü Alik Manukyan adlı daha bir əsgərinin odlu silahla öldürüldüyünü bəyan edib.[98]
Döyüşlər zamanı Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində, həmçinin ölkənin digər şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyaları keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq "Qarabağ", "Qarabağa azadlıq" şüarlarını səsləndiriblər. Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. İyulun 14-də baş tutan aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib.[99] Lakin aksiya zamanı bir qrup təxribatçılar Milli Məclisin binasına daxil olublar.[100]
Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram" çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.
İyulun 14-də Azərbaycanın Fransadakı Səfirliyinin binasına qarşı vandalizm aktı törədilməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılaraq qarşı tərəfə etiraz bildirilib. Vandalizm aktının erməni radikal gənclər təşkilatının bir qrup üzvü tərəfindən törədildiyi ehtimal olunur.[101]
Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Polis yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb. Aksiyanın dağıdılması zamanı bir neçə polis əməkdaşı yaralanıb və xidməti avtomobillərə ciddi ziyan vurulub.[102]
İyulun 13-də Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şübhəli şəxs qismində saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə cinayət işi başlanılıb.[103]
İyulun 15-də baş tutan Nazirlər Kabinetinin iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyev döyüşlər zamanı Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun göstərdiyi fəaliyyəti sərt tənqid edib.[104] İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Məmmədyarov xarici işlər naziri vəzifəsindən azad edilib.[105]
Toqquşmalar başa çatandan sonra iyulun 17-dən avqustun ortalarına kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınması intensiv xarakter alıb. Baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək İl-76 hərbi-nəqliyyat təyyarələri ilə Ermənistana 400 tondan artıq həcmdə hərbi təyinatlı yük daşınıb. Təyyarələr Ermənistana "Krasuxa" radioelektron mübarizə vasitələri, "Nebo-M" radar kompleksləri və digər hərbi texnika çatdırıb. Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edərək bunun Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu bildirib.[106] Daha sonra müdafiə naziri Sergey Şoyqu Rusiyanın hər il təşkil etdiyi ordu oyunlarının dəniz mərhələsi ilə əlaqəli olaraq Bakıya gələrkən təyyarələrin guya "inşaat materialları" daşıdığı şəklində gülünc izahat vermişdi. Rəsmi Bakı isə bəyan etdi ki, Rusiya tərəfinin bu izahatını inandırıcı hesab etmir və daha tutarlı izahat gözləyir. Ermənistana silah daşınması avqustun 25-dən etibarən hər gün Mozdok (Rusiya)-Aktau (Qazaxıstan)-Türkmənbaşı (Türkmənistan)-Nevşəhr (İran)-Rəşt (İran)-Mehri (Ermənistan)-Yerevan marşrutu ilə İl-76 hərbi-nəqliyyat təyyarələri ilə yenidən davam etdirilib.[107]
Hərbi əməliyyatların başlamasından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yoluyla, Gürcüstan üzərindən Ermənistana keçirilib. Habelə bu ərəfələrdə Gürcüstan üzərindən Ermənistana "KamAZ" avtomobilləri ilə Rusiyadan digər hərbi ləvazimatlar, o cümlədən minatanlar və "Qrad" qurğuları üçün launçerlərin daşındığı haqda məlumatlar yayılıb. Bu faktlar Azərbaycan tərəfinin ciddi narahatlığına və hiddətinə səbəb olub.[108] Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç bununla əlaqədar 20 iyulda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və izahat tələb olunub. Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib.[109] Serbiya Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç (Serbiya qanunlarına əsasən, silah ixracına icazə verən bu nazirlikdir) silahların Ermənistana verilməsini qismən etiraf edib və Ermənistana qarşı sanksiyaların olmadığını və bu vəziyyətdə bir alıcıya imtina etməyin çətin olduğunu əlavə edib.[110]
İyulun 15-də "Daşnaksütun" partiyasının Erməni İnqilabi Federasiyası Gənclər Təşkilatı fəalları ölkənin Ukraynanın Ermənistandakı səfirliyi qarşısında Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə görə etiraz aksiyası keçiriblər, "Bişirdiyiniz borşı özünüz də yeyin" deyərək səfirliyin divarına borş töküblər.[111]
Ermənistan ordusunun döyüşlərdə iştirak etmiş 71 hərbçisi müxtəlif medal və ordenlərlə təltif edilib, onlardan biri, kapitan rütbəsində olan və general Polad Həşimovun öldürülməsi əməliyyatına rəhbərlik etmiş Ruben Sanamyana isə Ermənistan Milli Qəhrəmanı adı verilib. Bununla Ruben Sanamyan bu ada layiq görülmüş sayca 18-ci şəxs olub. Ruben Sanamyanın həmçinin 2012-ci ildə Qazaxda 3 Azərbaycan hərbçisinin şəhid olduğu və 6-nın da yaralandığı diversiya hücumunda da şəxsən iştirak etmiş və buna görə "Döyüş Xaçı" ordeni ilə təltif olunmuşdu.[112][113][114]
BMT-yə üzv ölkələr
Beynəlxalq təşkilatlar
İnsidentlər
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.