From Wikipedia, the free encyclopedia
II Şah Təhmasib (farsca: طهماسب) və ya Şah II Təhmasib (3 dekabr 1704, İsfahan – 11 fevral 1740[1][2], Səbzivar[d], Rəzəvi Xorasan ostanı) — Səfəvilər xanədanlığından olan X şahı (1722-1732). Səfəvilər xanədanlığından olan IX şah Sultan Hüseynin 3-cü oğlu.
II Təhmasib | |
---|---|
II Şah Təhmasib | |
| |
1722 mart – 1732 avqust | |
Əvvəlki | Sultan Hüseyn |
Sonrakı | III Şah Abbas |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 dekabr 1704 |
Doğum yeri |
|
Vəfat tarixi | 11 fevral 1740[1][2] (35 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | Boğularaq |
Dəfn yeri | İran, Xorasan, Məşhəd |
Fəaliyyəti | suveren[d] |
Atası | Şah Sultan Hüseyn |
Anası | Şahbanu Həlimə sultan |
Uşağı | İsmayıl mirzə |
Ailəsi | Səfəvilər |
Dini | Şiə (İslam) |
Vikianbarda əlaqəli mediafayllar |
1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəvi dövlətinin hərbi qüvvələrini məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə alırlar.[3] 8 ay davam edən mühasirə zamanı şəhərdə aclıq başlayır. Mühasirənin sonuna yaxın artıq şəhərdə küçə itləri belə qalmamışdı. Şah Hüseyn, bütün saray əyanları ilə Mir Mahmud Hotakinin qərargahına gedərək hakimiyyətdən əl çəkdiyini bildirir və şahlıq tacını Mir Mahmud Hotakinin başına qoyur. Qarşılığında isə ona sülalə üzvlərinin sağ qalacağına, özünə ehtiramla yanaşılacağına dair söz verilir. Lakin İsfahan hələ mühasirədə olarkən, şəhərdən kənarda olan Səfəvi qoşunlarından birinin başçısı Luristan valisi Əlimərdan xan Şah Hüseynə məktub yazaraq taxtdan imtina etməsini, qardaşı Abbas Mirzəni şah elan etməsini, Səfəvi qoşunun baş komandanı təyin etdiyi Ərəbistan valisi Seyid Abdullanın vəzifədən kənar edilməsini xahiş edir. Şah bütün tələbləri rədd edir. Əlimərdan xanın ikinci məktubunda şahdan şahzadələrdən birini ona qoşulması üçün göndərməsini xahiş edir. Şah bu təklifi qəbul edir. Şah Hüseynin ən çox sevdiyi oğlu böyük oğlu Səfi Mirzə idi. Buna görə onu hərəmdən çıxardaraq, öz yanına gətirdir və vəliəhd elan edir. Lakin Səfi Mirzənin saraydakı xacə və əyanlar arasında gedən mübarizəyə müdaxilə etməsi və buna son qoymaq cəhdlərinə görə xacələr onu şahın gözündən salırlar. Bilinməyən fransız müəllifin məlumatına görə şah oğlunun gözünü çıxartdırır və hərəmxanaya geri qaytarır.[4] Bundan sonra müzakirələr qızışır və qərara alınır ki, 18 yaşlı Təhmasib Mirzə şəhərin müdafiəsini kənardan təşkil etmək və yeni ordu toplamaq üçün şəhərdən çıxarılsın. Təhmasib Mirzə bir qrup şəxslə əfqan patrulların hücumunu dəf edərək şəhərdən çıxa bilir və Kaşana çatır. Maraqlısı budur ki, əfqan patrulların rəisi Mir Mahmud Hotakinin əmisi oğlu və ondan sonrakı Hotaki şahı Əşrəf xan idi. Bu məsuliyyətsizliyinə görə Əşrəf xan həbs edilir.[5]
1722-ci ilin oktyabr ayının 23-də Şah Hüseynin Mir Mahmud Hotakiyə təslim olmasından sonra noyabr ayında Təhmasib Mirzə özünü şah elan edir.[6]
Təhmasib şah elan olunduqdan sonra onun qarşısında çətin vəzifə qoyulmuşdu. O, ölkəni işğal edən əfqanlarla, ruslarla, osmanlılarla və daxildəki separat qüvvələrlə mübarizə aparmalı idi. Lakin onda bu mübarizə əzmi yox idi. Buna görə də əvvəlcə Fətəli xan Qacarın, ondan sonra isə Təhmasibqulu xanın təsirinə düşdü.
İlk əvvəllər II Təhmasib Fətəli xanla yaxınlaşdı və əfqanlarla mübarizəyə başladı. Lakin sonra Fətəli xan ona qarşı çıxaraq, onun bəzi sərkərdələrini məğlub etdi. Əşrəf xan tərəfindən də məğlub edilən II Təhmasibin vəziyyəti çox çətin idi. Bu zaman Təhmasib, Səfəvi dövlətinin yaranış zamanında olduğu kimi, türk tayfalarının yardımına arxalanmaq, onlardan hərbi dəstək almaq üçün Qullarağası Məhəmməd Əli xanı və digər hərbi xadimlərini Astarabada ezam edir, onlara paylamaq üçün 40.000 rubl (mənbə rus mənbəsi olduğu üçün pulun miqdarı rus rublu ilə verilmişdir ) məbləğində vəsait verir.[7] Fətəli xan bu aksiyadan xəbər tutanda narahat olur və məhz bu vaxt öz taktikasında dəyişiklik etməyi qərarlaşdırır; əlində Quran, itaət əlaməti olaraq, qılıncı (sabre) boynundan asılı vəziyyətdə Təhmasibin hüzuruna Mazandaranın o zamankı paytaxtı Sarı şəhərinə gəlir, Fətəli xan öz əvvəlki davranışına görə üzr istəyərək, özünün və tayfadaşlarının xidmətini II Təhmasibə təklif edir, onunla sülh əldə edir. Tarixçilərin fikrincə Fətəli xanın bunda məqsədi Şah Təhmasibi öz təsirinə salacağını inamı olmuşdur. Beləki o, II Təhmasibi öz təsirinə salmaqla bütün Səfəvi torpaqlarını idarə etməyi planlaşdırırdı. Təhmasibin vəziyyətindəki müsbət dəyişikliklərin də Fətəli xanın seçiminə təsir göstərdiyini vurğulayan L.Lokhart göstərir ki, əfqanlarla Osmanlı arasında 1726-cı ilin martından başlanan müharibə səbəbindən nə osmanlılar, nə də əfqanlar Təhmasibə əhəmiyyətli diqqət yetirmirdilər; Əşrəf Mahmudu öldürdüyünə (hər halda Qəndəharlı Hüseyn belə hesab edirdi) görə, sonuncunun qardaşı - Qəndəharda hakimiyyəti ələ keçirmiş Hüseynlə münasibətləri gərgin olduğundan vətənindən heç bir yardıma ümid bəsləmirdi. I Pyotrun ölümündən sonra Rusiya daha az aqressivlik nümayiş etdirirdi; daxili düşmənlərdən ən önəmlisi Məlik Mahmuda gəlincə isə, Fətəli xanın fikrincə, o, "Səfəvi sülaləsinin hakimiyyətdə bərpa edilməsi lehinə qalxan böyük, kütləvi hərəkat qarşısında müqavimət göstərmək iqtidarında olmayacaqdı".[5] Güclü şəxsiyyət olan Fətəli xanın zəif, iradəsiz şahzadə üzərində nəzarəti ələ keçirməsinə dair məlumatlara S.Avramovun qeydlərində rast gəlinir; belə ki, 1726-cı ilin 29 mayında Təhmasiblə görüşən S.Avramov onun çox təəssüfdoğuracaq halda, məhbus vəziyyətində olduğunu vurğulayır.[7]
Artıq şahzadənin nisbətən zəif düşməni Məlik Mahmud üzərinə yürüş zamanı (Astrabadda müəyyən qədər rekrut toplandıqdan sonra bu yürüş 1726-cı ilin iyununda başlanır) da Fətəli xan Təhmasib üzərində böyük səlahiyyətə, təsir gücünə malik olduğunu nümayiş etdirərək, 3 iyulda özünün şahzadə tərəfindən Vəkil əl-Dövlə, digər qacar liderlərinin isə nisbətən az əhəmiyyətli vəzifələrə təyin olunmasına nail olur.[7] Şərq mənbələrindən məlum olduğu kimi, 1726-cı ilin əvvəlində Təhmasibin Nadirin (Təhmasibqulu xan) uğurları, bacarığı və zirəkliyi barədə, Müəyyürül-Məmlük Həsənəli bəyin raportlarına əsasən məlumatı var idi. Məhəmməd Möhsün göstərir ki, Nadir haqqında yüksək fikir və təəssürata malik Həsənəli bəy Təhmasibi Nadiri Abivard hakimi təyin etməyə razı salır. Mirzə Mehdi isə Nadirin Həsənəli bəydən Təhmasibi Xorasana gəlməyə razı salmağı xahiş etdiyini bildirir.[8] Mərvdə yerli qacarlarla türkmənlər arasında baş vermiş həyəcanları yatırdıqdan sonra Nadir Məlik Mahmuda qarşı mübarizəsini davam etdirməyi qərarlaşdırır. "Zübdətül-Təvarix" dən məlumdur ki, Təhmasibin qarşısına çıxmaq üçün Məşhədi tərk etmiş Məlik Mahmud məhz Nadirin Məşhəd üzərinə yeriməyi planlaşdırdığından narahat olub, paytaxta geri çəkilir. Lakin Məşhəd yaxınlığında olarkən, Həsənəli bəy Təhmasibdən xəbər gətirir ki, şahzadə ona əməkdaşlıq təklif edir, "yoldadır və onu görmək arzusundadır".[8] L.Lokhartın fikrincə, Təhmasib "Nadirin timsalında Fətəli xana qarşı müqavimət göstərə biləcək, onun qüvvəsini tarazlaşdıracaq bir şəxs qazanmaq istəyirdi".[5] Təklifi alıb, Məşhədə irəliləmək ideyasından əl çəkən Nadir 8 sentyabr 1726-cı ildə Xabuşana yetişir. Bu zaman Nadirin əfşar və kürdlərdən ibarət yaxşı təlim görmüş 5000-lik seçmə qoşunu var idi ki, bu da Fətəli xanın qüvvələrindən sayca çox idi. Şahzadə tərəfindən hörmətlə qəbul edilən Nadirə Təhmasibqulu xan titulu verilir.
Xorasandakı ilk günlərdən etibarən Fətəli xan və Təhmasibqulu (Nadir şah) xan arasında açıq və gizli şəkildə mübarizə gedirdi. Məşhəd şəhərinə hücum zamanı hücuma kimin rəhbərlik edəcəyi, hücum uğursuzluqla bitdikdən sonra isə mühasirəyə kimin rəhbərlik edəcəyi məsələsində Təhmasibqulu xanla Fətəli xan arasında gərgin mübarizə gedirdi. II Təhmasib isə bütün mübahisələrdə Təhmasibqulu xana üstünlük verirdi. Güman edilir ki, II Təhmasib Təhmasibqulu xana Fətəli xanı neytrallaşdırmaq üçün qüvvə kimi baxırdı və onu dəstəkləyirdi. L.Lokhart, Fətəli xanın məhz bu səbəbdən "Nadirlə mübarizə aparmağın onun üçün (təklikdə) çətin olacağını nəzərə alaraq... Təhmasibi tərk edib, Məlik Mahmudla birləşməyi düşündüyünə" şübhə etmədiyini bildirir.[5] Fətəli xanın sonu isə onun məktubunu Məlik Mahmuda aparan şəxsin Təhmasibqulu xan tərəfindən yaxalanması ilə gəlir. II Təhmasib onu dərhal edam etdirmək istəsə də, Təhmasibqulu xan onu bu fikrindən daşındırır (orduda olan Qacar əsgərlərinin üsyan edəcəyindən qorxduğuna görə), lakin o düşərgədə olmayan zaman II Təhmasib Fətəli xanla düşmənçiliyi olan 2 Qacar əsgəri vasitəsilə Fətəli xanı öldürtdürür.
Məlumdur ki, Fətəli xanın ölümü ilə bağlı Nadir və Qacar dövrünün tarixşünasları arasında mübahisə mövcuddur. Belə ki, Qacar dövrü tarixçiləri (Rzaqulu xan, Əbdül Rəzzaq və s.) Nadirin Fətəli xanı böhtanladığını və Fətəli xanın şəhid olduğu ideyasını irəli sürdükləri halda (Ser Bridjs də Nadirin bu işdə əli olduğu fikri ilə razıdır) Nadir dövrünün tarixçiləri sübuta yetirməyə çalışırlar ki, Fətəli xan Nadir səhnəyə çıxmamışdan xeyli əvvəl Təhmasibə qarşı intriqa yeridirdi; şahzadə onu öldürtmək istədikdə Nadir buna qarşı çıxıb. S.Avramovun gündəliyində və Məhəmməd Möhsünün narrativində Fətəli xanın öldürülməsi səbəbi kimi, onun Məlik Mahmuda göndərdiyi məktubun ələ keçməsi və onun xəyanətkar məqsədlərinin faş olması göstərilir. C.Hanveyə görə isə bu insident zamanı "Nadirin davranışı günaha bərabərdir". L.Lokhart isə Fətəli xanın şahzadə üzərində Nadirdən daha çox nüfuz və təsir qüvvəsinə malik olmuş olduğu təqdirdə "ölüm deyil, cəzalandırmaya" layiq görüləcəyini ehtimal edir (245, s. 26). Hər halda Fətəli xanın öldürülməsi xəbəri Qacarların düşərgəsinə müəyyən qarışıqlıq salır; Fətəli xanın oğlu Məhəmməd Həsən qaçaraq yamut türkmənlərinə qoşulur. Təhlükəsizlik tədbiri kimi, Fətəli xanın bir sıra qacar silahdaşları da həbs olunur, lakin bu güclü tayfa ilə qarşıdurma ehtimalının aradan qaldırılması məqsədilə onlar əfv olunurlar.
Təhmasibqulu xanın bütün cəhdlərinə baxmayaraq, Məşhəd şəhərini tuta bilmir. 1726-cı ilin noyabr ayında yalnız Məlik Mahmudun qoşunlarının komandanı ona xəyanət edəndən sonra şəhər Səfəvi qoşunları tərəfindən tutuldu. Təhmasibqulu xan Xorasanın canışını təyin edildi.
Təhmasib nazirlərinin əks təbliğatı öz işini görür: Təhmasiblə Nadir arasındakı münasibətlər çat verir. Məlum olduğu kimi, 1727-ci ilin fevralında şahzadə və onun ətrafı Məşhədi tərk edib, Xabuşana, oradakı kürdləri və digər radikal tayfaları Nadirə qarşı qızışdırmaq məqsədilə gedirlər; Təhmasib nazirlərinin təkidi ilə Astarabad, Mazandaran, Giraylı bölgələrinə xüsusi manifest göndərib, oradakıları "xəyanətkar" Nadirə qarşı mübarizəm üçün onun (Təhmasibin) köməyinə gəlməyə çağırır.[5][8] Təhmasibqulu xan vaxt itirmədən Təhmasibin xəzinəsini və Məşhəddə qoyub getdiyi bütün əmlakı, şahzadənin at və dəvələrini ələ keçirir, şahzadənin Məşhəddəki tərəfdarları nəzarət altına alınır, hökumət idarələri, Etimadül-Dövlə və Qullarağasının iqamətgahları möhürlənir. Qardaşı İbrahim xanı Məşhədə komandan qoyub, yol boyunca üsyankar kürdləri geri oturdan Nadirin Təhmasibin olduğu Xabuşana yetişməsi, təbii ki, şahzadə üçün gözlənilməz olur. S.Avramovun qeydlərindən məlum olduğu kimi, Təhmasibin barışıq danışıqları üçün göndərdiyi Mollabaşı ilə mükaliməsində Nadirin Təhmasibə olan münasibəti öz əksini tapır; belə ki, Nadirin Təhmasibin onu öldürəcəyindən ehtiyat etdiyi barədə fikrinə etiraz edən Mollabaşı Məhəmməd Hüseyn şahzadənin ona heç bir xətər yetirməyəcəyinə Allaha and içdiyini bildirdikdə, Nadir istehza ilə deyir:[7]
Mən şahı çox yaxşı tanıyıram. O, çox inamlı, etibarlı adamdır. Səhər Fətəli xana dəyməyəcəyinə söz verib, axşam onun başının kəsilməsi barədə əmr vermişdi. |
Nadirin şahzadəyə inanmadığı halda onunla barışığa gəlməsi faktını L.Lokhart belə səciyyələndirir ki, Nadirə "...öz planlarını gerçəkləşdirmək üçün ən azı şahzadənin nominal olaraq onun tərəfində olması vacib idi" Məşhəddə Təhmasibin Novruz bayramı ərəfəsində qəbulu üçün Nadirin böyük hazırlıqlar görməsi, təntənəli mərasimlər hazırlatması elə təsəvvür yaradırdı ki, sanki Nadirlə Təhmasib arasında münasibətlər bərpa olunub. L.Lokhart düzgün olaraq qeyd edir ki, Nadirin əfqanlara qarşı həlledici çıxışını yubadan əsas səbəb silsilə üsyan və həyəcanlar idi.
Nadirlə Təhmasib arasında hökm sürən ziddiyyətli, qəliz münasibətlər barədə S. Avramovun qeydlərinə, habelə Mirzə Mehdi, Məhəmməd Möhsün kimi müəlliflərin verdikləri məlumatlara istinad edən L.Lokhart Nadirin həyata keçirdiyi fəvqəladə tədbirlərin, məsələn, Təhmasibin möhürünü ələ keçirib, şahın adından əmr və sərəncamlar verməsi və s., "...əfqanlara ...qarşı dəfələrlə arxa plana keçirməli olduğu hərbi əməliyyatları reallaşdırmaq üçün öz düşərgəsində birliyə nail olmaq məqsədinə xidmət etdiyini" vurğulayaraq, bir növ ona bəraət qazandırır. Belə ki, Təhmasibin başına gələnlərdə Təhmasibin özünün günahkar olduğuna diqqəti çəkən L.Lokhart bu əziyyətlərin, şahın "Nadirə qarşı intriqalar yeritməsi" səbəbindən törədiyini vurğulayır. Nadirin həyata keçirdiyi ehtiyat tədbirlərinə baxmayaraq, Təhmasib İran-İraqındakı sərkərdəsi Məhəmmədəli xanı üsyana qaldırmağa müvəffəq olduqda, kürd tayfalarının da qoşulması səbəbindən üsyan ciddi xarakter aldıqda, habelə 1728-ci ilin oktyabrında Zülfüqar xanın 8000-lik qacar və türkmənlərdən ibarət qüvvə ilə Astrabadı ələ keçirib, Təhmasibi Nadirdən müdafiə məqsədilə Məşhədə doğru irəliləməsi barədə xəbər aldıqda Nadirin buna reaksiyasını təsəvvür etmək çətin deyil. Hər halda Təhmasib Nadirə qarşı intriqalarının heç bir nəticə verməyəcəyini anladıqdan sonra L.Lokhartın sözləri ilə desək, "onların arasında qeyri-bərabər, mürəkkəb əməkdaşlıq formalaşır".[5]
Təhmasibqulu xanla II Təhmasib arasında münaqişə yoluna qoyulduqdan sonra II Təhmasib israrla İsfahana yürüş etmənin lazım olduğunu bildirir. Lakin Təhmasibqulu xan Səfəvi dövlətini yenidən birləşdirmək üçün ilk addım kimi əfqanlarla mübarizə aparmağı seçir. Bir-biriləri mübarizə aparan iki əfqan tayfalarından abdalilər ilk qurban kimi seçilir. çünki onlar uzun illər idi ki, parçalanmış və bir-biriləri ilə müharibə halında idilər. Herat üzərinə yerimək ərəfəsində Nadirlə Təhmasib arasında "əməkdaşlıq" münasibətlərinə yeni bir zərbə Səbzəvar insidenti ilə dəyir. Belə ki, məlum olduğu kimi, Təhmasib, nazirlərinin məsləhəti ilə, Nadirlə birgə Herata yürüşə çıxmaqdan boyun qaçıraraq, özünün Mazandarana getmək fikrində olduğunu, qüvvələrini isə abdalilərə qarşı əlbəttə ki, Nadirin komandanlığı altında göndərməyə razılığını bildirir. Lakin Nadir ona qarşı düşmən münasibətdə olan nazir və digər rəsmilərin ordu içərisində ona (Nadirə) tabe olmamaq fikirlərini yaydıqlarından xəbər tutduqda, Herata irəliləmək fikrindən daşınaraq, Məşhədə qayıdır. Təhmasibin Nadirə dost münasibətdə olan buğayri türklərinə hücuma keçdiyindən təəssüflənən Nadir abdalilərin Biyarcumand bölgəsinə hücumunun qarşısının alınması məqsədilə yürüşündən Təhmasibə xəbər göndərir ki, bu əməlindən əl çəksin və ona (Nadirə) əfqanlara qarşı mübarizədə yardımçı olsun. Cavab olaraq Səbzəvara geri çağırılan Nadir, yol boyunca, Təhmasibin Xorasanın bütün yerlərinə xəbər göndərib Nadirin əmr və sərəncamlarına əməl edilməməsini təlqin etdiyinin şahidi olur. Bu da azmış kimi, Səbzəvar darvazalarının üzünə bağlandığını görən Nadir radikal mövqe tutaraq şəhəri atəşə tutur. Şəhər təslim olduqdan sonra Nadir-Təhmasib münasibətləri yeni xarakter kəsb edir. İki gündən sonra Nadir şahzadəni artıq həbsdə olanlar kimi, xüsusi dəstənin müşayəti ilə Məşhədə göndərir. Təhmasibqulu xan II Təhmasiblə birgə Məşhədi 1729-cu ilin mayında tərk edir. "Tarixi-Nadir"dən məlum olduğu kimi, abdallarla Kafir qala yaxınlığında baş verən döyüşdə Təhmasibqulu xan şəxsən əfqan liderlərindən birinin başını kəsir; abdalilər Küsüyə yaxınlığında böyük itki verərək, bütün sursatlarını atıb, Herata üz tuturlar. Ribati-Paryandakı məğlubiyyətdən sonra Allahyar xan Təhmasibqulu xanın düşərgəsinə qasid göndərərək sülh təklif edir; lakin Təhmasibqulu xan, Allahyar xan və onun sərkərdələrinin onun hüzuruna şəxsən gəlmələrində israr edir. Allahyar xan Zülfüqarın onun köməyinə gəldiyini eşidib, sülh fikrindən əl çəkir. Nəticə etibarilə Təhmasibqulu xan hər iki abdal lideri üzərində qələbə əldə etdikdən sonra Təhmasibqulu xanın hüzuruna gəlmiş əfqan sərkərdələri öz hərəkətlərinə görə üzr istəməklə yanaşı, tabe olduqlarını və hətta gilzaylara qarşı mübarizədə iranlılarla əməkdaşlıq edəcəklərini bəyan edirlər. Bu zaman Təhmasib və onun nazirləri abdalilərin təkliflərinin qəbul edilməsi əleyhinə çıxırlarsa da, Təhmasibqulu xan sülhlə razılaşır. Səhəri gün abdali liderləri böyük hədiyyələrlə Təhmasibqulu xanın çadırına gəlir və əbalarla mükafatlandırılırlar. Bəzi abdali sərkərdələri II Təhmasibin xidmətinə daxil olur, abdalilərin rəhbəri Allahyar xan isə Herat hakimi vəzifəsində rəsmi təsdiq olunur.
İrandakı əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana, Nadirin üzərinə yeridir. 1729-cu ilin 30 sentyabrında Mimandost çayı sahilindəki döyüşdə (Mimandost döyüşü) Əşrəfin qoşunları darmadağın edilir. Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək, oradan da İsfahana yönəlirlər. Nadirin əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı, Əşrəfin köməyinə böyük bir ordu göndərir.
Nadirlə Əşrəf arasında Həlledici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığında (İsfahan döyüşü) baş verir. Bu dəfə Nadir birləşmiş əfqan-osmanlı qoşunları üzərində parlaq qələbə qazanır. Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan çəkilirlər. Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Qaçaqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir.
Nadir xan 1730-cu ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı. O zaman Osmanlılarla düşmən münasibətdə olan Rusiya bu müharibədə Səfəvilərin qalib gəlməsində maraqlı idi. Belə bir əlverişli şəraitdə II Təhmasib Osmanlılardan işğal edilmiş Səfəvi torpaqlarının geri qaytarılmasını tələb etdi. Lakin Osmanlıların rədd cavabı bu iki dövlət arasında müharibəyə səbəb oldu. Azərbaycan ərazisi yenidən müharibə meydanına çevrildi. Nadir xan Osmanlı qoşunu üzərində ilk böyük qələbəsini Marağada qazandı. 1730-cu ilin sentyabrında Ərdəbili, daha sonra Təbrizi Osmanlılardan azad etdi. 1730-cu ilin sentyabrında Osmanlı imperiyasında baş vermiş Patron Xəlilin üsyanı nəticəsində I Mahmud (1730-1754) hakimiyyətə gəldi. Osmanlı hakim dairələrinin başlarının ölkənin daxili işlərinə qarışmasından məharətlə istifadə edən Nadir xan Azərbaycanın digər ərazilərində olan türklərdən bu yerləri tərk etmələrini tələb etdi. Lakin İrəvana qarşı yürüşə hazırlaşarkən Xorasanda üsyanın baş verməsi xəbəri onu təcili qayıtmağa məcbur etdi. II Təhmasib öz nüfuzunu qaldırmaq məqsədilə Nadir xanın qayıtmasını gözləmədən 1731-ci ildə Naxçıvanı və İrəvanı Osmanlılardan geri almaq üçün hərbi əməliyyatlara başladı. Onun qoşunu Üçkilsə (Üçmüədzin) yaxınlığında müvəffəqiyyət qazansa da, İrəvan istiqamətində ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyətdən sonra II Təhmasibin qoşunu xeyli zəiflədi. Osmanlı komandanlığı yaranmış fürsətdən istifadə edərək, itirilmiş əraziləri qaytarmaq qərarına gəldi. 1731-ci ilin aprelində Qazıqumuqlu Surxay xan da Şirvandan öz dəstəsilə Təbrizə tərəf yeridi və Gəncədən göndərilən Osmanlı qoşunu ilə birləşdi. Osmanlılar əvvəlcə Urmiyanı, oktyabrın ortalarında Təbrizi, daha sonra Ərdəbili ələ keçirdilər. Həmədan yaxınlığındakı döyüşdən sonra Osmanlı qoşunları üçün İsfahana yol açılmış oldu. Lakin Səfəvi imperiyasının paytaxtını ələ keçirmək üçün kifayət qədər qüvvə olmadığından Osmanlılar tutduqları ərazilərlə kifayətləndilər.
Nadir xan tərəfindən geri alınan torpaqların da itirilməsindən qorxuya düşən II Təhmasib Osmanlılara sülh təklif etdi və Osmanlı komandanlığının düşərgəsinə nümayəndə göndərdi. Sülh müqaviləsininin mzalanmasında Osmanlı dövləti də maraqlı idi. İsfahandan xeyli uzaqda olan Nadir xan buna etiraz etsə də, 1732-ci il 16 yanvarda Kirmanşahda Səfəvilərlə Osmanlılar arasında sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə əsasən, İrəvan, Naxçıvan, Gəncə, Şamaxı və Şirvan bölgələri Osmanlılara verildi, Osmanlı dövləti Həmədan, Kirmanşah, Ərdəbil və Təbrizi Səfəvilərə qaytarmağa razılıq verdi. Araz çayı bu dövlətlər arasında sərhəd olmalı idi.
II Təhmasibin hakimiyyəti illərində I Pyotrun rəhbərliyi ilə Səfəvi dövlətinin Xəzəryani vilayətləri Rusiya çarlığı tərəfindən işğal edildi. Beləki Şirvanda Hacı Davudun üsyanı zamanı Şamaxıda olan bəzi rus tacirləri üsyançılar tərəfindən öldürülmüşdü. Bunu bəhanə edən I Pyotr Səfəvi dövləti ərazisinə yürüşə başladı. Yürüşə başlamamışdan əvvəl imzaladığı manifestdə işğalçılıq kimi bir niyətinin olmadığını bildirən I Pyotr məqsədinin yalnız rus tacirlərinin intiqamını almaq və bu torpaqlarda Səfəvi hakimiyyətini bərpa etmək olduğunu bildirirdi. Lakin reallıqda I Pyotrun məqsədi Xəzəryani vilayətləri Rusiyaya tab etmək, şərq-qərb ticarət yolunun Rusiyadan keçməsinə nail olmaq və Osmanlı imperiyasına qarşı bu regionda da üstünlük qazanmaq istəyi idi. Bu zaman İsfahan əfqanlara tabe olmuş və şahzadə II Təhmasib isə özünü yeni şah elan etmişdi.
II Təhmasibin elçisi İsmayıl Mirzə Peterburqda Rusiya müqavilə imzaladı. Müqaviləyə əsasən Səfəvi dövləti Dərbənddən Ənzəliyə qədərki Xəzəryani torpaqların Rusiyaya verilməsini qəbul edirdi. Qarşlığında isə Rusiya Səfəvilərə əfqanlara qarşı döyüşmək üçün hərbi yardım etməli idi. Lakin Rusiya hərbi yardımı etmədi, İsmayıl Mirzənin imzaladığı müqaviləni isə II Təhmasib tanımadı və qəbul etmədi. Osmanlı bu müqaviləni 1724-cü ildə qəbul etdi.
I Pyotrun ölümündən sonra Rusiyada daxili vəziyyət qəlizləşdi. Nəticədə Qafqaz siyasəti ikinci dərəcəli məsələyə çevrildi. Osmanlı imperiyası ilə əfqanların razılığa gəlməsi Rusiyanın təşvişinə səbəb oldu. Buna görə də Səfəvilərlə yaxınlaşmağa qərar verdilər və 1729-cu ildə Birinci Rəşt müqaviləsini imzaladılar. Bu müqaviləyə əsasən Rusiya, Peterburq müqaviləsi ilə Rusiyaya verildiyi bildirilən, ancaq heç vaxt rus qoşunu tərəfindən tutulmayan və Rusiyanın əlində olmayan iki Xəzəryani əyalətin: Astrabad və Mazandaranın (heç bir başqa dövlətə verməməmk şərtilə) Səfəvilərə qaytarılmasına razılıq verdi.
Təhmasibqulu xanın rəhbərliyi ilə Səfəvi-qızılbaş ordusunun Osmanlı dövləti üzərində qələbələrindən sonra Rusiya da Səfəvilərlə yeni müqavilə bağlamağa məcbur oldu. Bu müqaviləyə əsasən Rusiya Kürün Xəzərə töküldüyü yerdən cənubdakı Xəzəryani torpaqların Səfəvilərə verilməsinə razı olurdu. Səfəvilər isə bu torpaqlara Osmanlıları buraxmayacaqlarını öz öhdələrinə götürürdülər.
Təhmasibqulu xan Xorasandakı üsyanı yatırarkən, II Təhmasib aşağı düşmüş nüfuzunu qaldırmaq üçün Osmanlı əleyhinə hərbi əməliyatlara başladı. Hərbi əməliyatların gedişində məğlub olan II Təhmasib, Təhmasibqulu xanın Xorasandan etirazlarına baxmayaraq, Osmanlı imperiyası ilə sülh müqaviləsi imzalamağa məcbur oldu.[9] Bu müqaviləyə əsasən Səfəvi dövləti Arazdan şimaldakı Səfəvi ərazisinin Osmanlıya verilməsi ilə razılaşırdı. Lakin Xorasandakı üsyanı yatırıb geri dönən Təhmasibqulu xan II Təhmasibi hakimiyyətdən devrir və onun yerinə oğlu Abbas Mirzəni III Şah Abbas adı ilə şah elan edir.[10] Şah elan edilən zaman III Şah Abbasın hələ heç 1 yaşı da tamam olmamışdı.[11]
1738-ci ildə Nadir şah oğlu Rzaqulu xan Əfşarı naibus-səltənə təyin edib Əfqanıstan və Hindistana yürüşə gedir. H.Q. 1152-ci ilin baharında İraqda şayiə yayılır ki, Hindistanda Əfşar ordusuna qorxulu xəstəlik düşüb və Nadir şah özü də həlak olub. Sonradan Azərbaycanda olan hindlilər tərəfindən xalq arasında vahimə yaratmaq xatirinə, belə cürbəcür şayilər yayır. Həmin ilin axırlarında Nadir şahın ölüm xəbəri çox genişlənir. May və ya iyun 1739[12] və ya fevral 1740-cı ildə[13] Rzaqulu xanı yaxın adamlarından biri olan Məhəmməd Hüseyn xan Qacar onu təhrik edir ki, ehtiyatla hakimiyyətə ən əsas namizədlərdən olan II Təhmasib və iki oğlunu öldürsün.[14] Ona görə ki, Nadirin ölümü doğru olsa, Səbzivarda Səfəvi məhbuslarının xeyrinə qiyam atəşi alovlanacaq və onun da odu surətlə ölkənin hər yerinə yayıla bilər ki, bunun da nəticəsi naibus-səltənə üçün qorxulu ola bilər. Bəzi dövlət adamları, o cümlədən Rəhim sultan Mərvi Məhəmməd Hüseyn xanın dediklərini təsdiq edir. Rzaqulu mirzə iki gündən sonra sabiq Səfəvi şahı II Təhmasib və iki oğlunu öldürməyi qərara alır və Məhəmməd Hüseyn xanı bu işi yerinə yetirmək üçün Səbzivara göndərir.
Məhəmməd Hüseyn xan, II Təhmasib və ailəsi həbs olunan binaya daxil olan kimi II Təhmasib hadisəni ailəsinə bildirir. Ailə nalə çəkməyə və ağlaşmağa başlayır. Məhəmməd Hüseyn xan içəri girib gətirdiyi iplə II Təhmasibi boğur. Təhmasibin 8 yaşlı oğlu III Abbas ozünü atasının cənazəsinin üstünə atır. Məhəmməd Hüseyn xan onu da boğur. İkinci oğlu İsmayıl Mirzəni quyuya atır. Bir şəxs də onu quyudan çıxarır. İsmayıl Mirzə gəlib özünü ata və qardaşının cənazəsi üstünə yıxır. Məhəmməd Hüseyn xan İsmayıl Mirzənin başını kəsir.[12] Bu hadisə Səbzivarda böyük şivən və dəhşətə səbəb olur. Əhali bir neçə gün matəm saxlayır. Sonra öldürülənlərin üçünün də cənazəsi Məşhədə aparılıb, orada da dəfn edilir.[15]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.