From Wikipedia, the free encyclopedia
İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi (ing. Pacific War; rus. Тихоокеанский театр военных действий Второй мировой войны) — Sakit okean cəbhəsi (bəzən Asiya-Sakit okean cəbhəsi adlandırılır),[2] İkinci Dünya müharibəsi illərində Sakit okeanda və Şərqi Asiyada baş vermişdir. Sakit okean və adaları, Sakit okeanın cənub-qərbi, Cənub-Şərqi Asiya və Çin kimi əraziləri əhatə etmişdir (1945-ci il Sovet-yapon münaqişəsi daxil olmaqla).
İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
Tarix | 7 dekabr 1941 – 2 sentyabr 1945 | ||
Yeri | Şərqi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya, Qərbi Sakit okean və Hind okeanı | ||
Nəticəsi |
Antihitler koalisiyasının qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Əsasən, Sakit okean cəbhəsində hərbi əməliyyatlar, 1941-ci il 7–8 dekabr tarixində Yaponiyanın Tailandı işğalı və Britaniya müstəmləkələri olan Malayya, Sinqapur və Honkonqa, eləcə də ABŞ-nin Havay adasında dislokasiya edilmiş Pörl Harbor hərbi bazasına, Ueyk adası, Quam və Filippinə hücumu ilə başlanmışdır. Bəzi tarixçilər, Asiyada münaqişəni 1937-ci il 7 iyul tarixində Yaponiya imperiyası və Çin Respublikası arasında baş vermiş İkinci çin–yapon müharibəsinin başlanğıcından və ya 1931-ci ilin 19 sentyabrında Mancuriyanın Yaponiya tərəfindən işğalı tarixindən götürürlər.[3] Əsas etibarilə, Sakit okean cəbhəsində hərbi əməliyyatlar 1941-ci ilin dekabr ayının əvvəllərində başlamışdır (İkinci çin–yapon müharibəsi daxil olmaqla).
Sakit okean cəbhəsində hadisələr, antihitler koalisiyasının Yaponiyaya qarşı döyüşləri ilə cərəyan etmişdir. Yaponiyanın müttəfiqi kimi Tailand böyük rol göstərsə də, əsas müttəfiqləri olan Almaniya və İtaliya hərbi yardım edə bilməmişdir. Məhz, İkinci Dünya müharibəsi bu regionda ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Xirosima və Naqasaki şəhərlərinə atom bombası atılması, 1945-ci ilin 8 avqustunda Mancuriyanın Sovet ordusu tərəfindən işğalı və Yaponiyanın 1945-ci il 15 avqust tarixində təslim olması ilə bitmişdir. Yaponiyanın rəsmi formada təslim olması, 1945-ci il 2 sentyabr tarixində Missuri xətt gəmisində baş vermişdir. Bu məğlubiyyətdən sonra, Yaponiya imperatorunun bir sıra səlahiyyətləri əlindən alındı,[4] çünki antihitler koalisiyası ölkələri Yaponiyanın müharibəyə başlamasında əsas siyasi səbəb kimi hərbi aqressiyanı görürdülər və tezliklə Yaponiyanın yeni liberal-demokratik konstitusiyası qəbul edildi.[5]
Müharibə ərzində antihitler koalisiyası ölkələrində "Sakit okean cəbhəsi" əsasən, İkinci Dünya müharibəsindən ayrılmırdı və ya sadəcə Yaponiya əleyhinə müharibə kimi bilinirdi. Birləşmiş Ştatlarda Sakit okean cəbhəsi ifadəsi geniş istifadə edilirdi, baxmayaraq ki, əslində cənub-qərbi Sakit okean cəbhəsini (General Duqlas Makarturun rəhbərliyi altında), Çin-Birma-Hindistan cəbhəsi və ya Cənub-Şərqi Asiya cəbhəsini əhatə etmirdi. Halbuki, ABŞ-nin Sakit okean donanmasının aviadaşıyıcıları 1945-ci ilin əvvəllərində Vyetnamda — Xayfon, Kamran körfəzində və Sayqonda irimiqyaslı hava reydləri etmişdilər.
Yaponiya, 1941-ci il 10 dekabr tarixində müttəfiqlərlə və Çində davam edən müharibə ilə əlaqədar Böyük Şərqi Asiya Müharibəsi (大東亜戦争 Dai Tō-A Sensō) ifadəsindən istifadə edirdi. Bu ifadə, 12 dekabrda ictimaiyyətə bildirilmişdi və bu ifadənin belə səsləndirilməsi onunla izah edilmişdir ki, buraya Böyük Şərqi Asiya ortaq rifahı sahəsinin hərbi qüvvələri vasitəsilə, qərb qüvvələrindən öz azadlığına nail olmuş Asiya xalqları daxildir. Yapon rəsmiləri, Yapon-Çin münaqişəsini (日支事変 Nisshi Jihen) Böyük Şərqi Asiya müharibəsinə aid edirdilər.
Yaponiyanın Amerikan işğalı ərzində (1945–1952), bu yapon ifadələri rəsmi sənədlərdə qadağan edilmişdi, baxmayaraq ki, formal olaraq istifadə davam edirdi və regiondakı müharibə rəsmən Sakit okean cəbhəsi (太平洋戦争 Taiheiyō Sensō) kimi tanındı. Yaponiyada həmçinin 1931-ci ildə baş vermiş Mukden hadisəsindən 1945-ci ilə qədər dövrü əhatə edən 15 illik müharibə kimi də qeyd edilirdi.
İkinci Dünya müharibəsində 1941-ci ildəki Tailand ilə Yaponiya arasında razılaşdırılmış hərbi ittifaq, artıq Cənubi Tailandın işğalını həyata keçirmişdi. Phayap ordusu, Britaniya ordusunun nəzarətində olan, keçmiş Tailand ərazisi hesab edilən şimal-şərqi Birmanı işğal etdi. Həmçinin yaponlar, Mançjou-qo və Mençzyan kukla dövlətlərini (Mancuriyanın və Monqolustanın ərazilərinin çox hissəsini əhatə edirdi) və kollaborasionist Vanq Cinqvey rejimini (Çinin ərazilərindən ibarət idi) qurmuşdular.
ABŞ-nin rəsmi siyasəti o idi ki, Tailand düşmən tərəfdə olmasın və bununla da, Birləşmiş Ştatlar Tailandla müharibə etmədi. ABŞ federal hökumətinin Tailandla müqavilə bağlamaq istəməsi bu ölkənin Yaponiya tərəfindən işğal edilməmişdən öncə, yaponların xeyli təhdidinə məruz qalmasına səbəb oldu. Tailand, Birləşmiş Ştatlar ilə digər işğala məruz qalmış Belçika, Çexoslovakiya, Danimarka, Yunanıstan, Norveç, Polşa və Hollandiya ölkələri kimi müqavilə bağladı.
Yaponiya öz müstəmləkələri olan Koreya və Formosadan (Tayvan) çoxlu əsgərlər toplamışdı. Vişi Fransası, Hind Milli Ordusu və Birma Milli Ordusu qüvvələri Sakit okean cəbhəsində fəal olmuşdular. Honkonq, Filippin, Hollandiya Qvineyası, Britaniya Malayyası, Monqolustan və keçmiş Fransa Hind-Çinindən (Vişi Fransası hökumətinin nəzarətinə keçəndən sonra) və Timordan kollaborasionist birliklər Yaponiya İmperiya Quru Qoşunlarında xidmət etmişdilər.
Almaniya və İtaliya demək olar ki, Sakit okean cəbhəsində iştirak etmirdi, lakin alman və italyan donanmasına məxsus sualtı qayıqlar və bir sıra gəmilər Hind və Sakit okeanlarına nəzarət edirdi. İtalyanların Çindəki güzəşt edilmiş ərazilərdə dəniz bazaları var idi, lakin almanların heç bir bazası yox idi. Yaponların Pörl Harbora hücumundan və dövlətlərin bir-birilərinə müharibə elan etmələrindən sonra, bu hərbi bazalar yapon donanmasına keçdi.
Antihitler koalisiyasının tərəfində ABŞ, Çin, Böyük Britaniya (Britaniya Hindistanı, Fici, Samoa və s. ölkələrin hərbi qüvvələri daxil olmaqla), Avstraliya, Filippin, Hollandiya (Hollandiya Ost-Hindi və Yeni Qvineyanın qərb hissəsinin sahibi kimi), Yeni Zelandiya, Kanada və Sakit okean cəbhəsi Şurasının bütün üzv dövlətləri iştirak edirdi.[6] Meksika, Azad Fransa və digər ölkələr, xüsusilə də Britaniya müstəmləkələrindən qüvvələr də iştirak etmişdi.
SSRİ və Yaponiya arasında 2 qısa elan edilməmiş sərhəd münaqişələri 1938–1939-cu illərdə baş vermiş, sonra isə vəziyyət 1945-ci ilin avqustuna qədər stabil qalmışdı. 1945-ci ilin avqustundan isə sovet ordusu Mançjou-qonu, Çini, Daxili Monqolustan Muxtar Rayonunu, Yaponiya protektoratı Koreyanı və Saxalin adalarını tutdu.
1942–1945-ci illərdə Sakit okean cəbhəsində 4 əsas ərazi var idi: Çin, Sakit okeanın mərkəzi, Cənub-Şərqi Asiya və Sakit okeanın cənub-qərb hissəsi.[7] ABŞ mənbələri Sakit okean cəbhəsi ilə bağlı, 2 ərazini irəli sürür: Sakit okean və Çin-Birma-Hindistan əraziləri. Sakit okeanda antihitler koalisiyası öz qüvvələrini 2 ərazidə bölüşdürmüşdü: Sakit okean və onun cənub-qərb hissəsi. 1945-ci ildə — Yaponiyanın təslim olmasından əvvəlki dövrdə, SSRİ və Monqolustan yaponlara qarşı Mancuriyada və şimal-şərqi Çində mübarizə aparmışdı.
1937-ci ildən Yaponiya Mancuriyaya nəzarət edirdi və Çinin içərilərinə doğru hərəkət etməyə hazır idi. 1937-ci ilin 7 iyulunda baş vermiş Marko Polo körpüsündəki hadisə, Çin və Yaponiya arasında irimiqyaslı müharibəyə səbəb oldu. Homindançı və kommunist çinlilər vətəndaş müharibəsini dayandırdılar və yapon işğalına qarşı vahid cəbhədə birləşdilər. SSRİ, bu müharibədə Çin qüvvələrinə hərbi yardım etmişdi. Yaponlar Şanxay, Nankin və Uxanda mühüm hərbi qələbələr qazandı, lakin dünya ölkələri, əsas da ABŞ xüsusilə Panay hadisəsinə görə Yaponiyanın təcavüzkar siyasətini pislədi.
1939-cu ildə yaponlar, SSRİ-ni Uzaq Şərqdən, xüsusilə də Mancuriyadan çıxarmağa çalışırdılar. Onlar, marşal Georgi Jukovun rəhbərliyi altındakı sovet və monqol hərbi qüvvələri tərəfindən Xalxin–Qol döyüşündə məğlub edildilər. Bu şimala olan yapon hücumunu və SSRİ-nin Almaniyaya qarşı müharibənin əvvəlində sovet–yapon bitərəflik paktının imzalanmasının nəticəsi kimi Çinə edilən yardımını dayandırdı.[8]
1940-cı ilin sentyabrında Yaponiya Vişi Fransası tərəfindən nəzarət edilən Hind-Çin istiqamətindən Çinin əsas ərazilərini tutaraq, onun dünya ilə əlaqəsini kəsdi. Yaponlar, Vişi hökuməti ilə olan sazişlərini pozdular və öz məqsədlərinə çatdılar. 27 sentyabrda Yaponiya, Almaniya və İtaliya ilə hərbi müttəfiqlik barədə müqavilə imzaladı. ABŞ, Yaponiya və Almaniya arasında olmuş gizli diplomatik yazışmanı bilənə, yəni 1944-cü ilə qədər bu ölkələrin az olsa da, əlaqələri var idi.[9]
1941-ci ildən münaqişə zəifləmişdi. Baxmayaraq ki, Yaponiya Çinin şimal, mərkəzi və sahilyanı ərazilərinin çox hissəsini işğal etmişdi, lakin Homindan hökuməti Çinin içərilərinə doğru geri çəkilmişdi. Eyni zamanda, Çinin şimal və mərkəzi hissələrinin yaponlar tərəfindən nəzarət olunması bir az seyrək idi, belə ki Yaponiya adətən dəmiryollarına və əsas şəhərlərə nəzarət edirdi, lakin geniş Çin vilayətlərində əsas hərbi və inzibati idarələr yox idi. Yaponlar, cənub-qərbi Çində dağlara çəkilən Çin ordusuna və kommunist çinlilərin şimali və şərqi Çində formalaşdırdığı partizan hərəkatına qarşı mübarizə aparırdılar.
Yaponiya, bir neçə kukla dövlətlər qurmuşdu və bunlardan biri də Vanq Cinqveyin rəhbərlik etdiyi hökumət idi. Halbuki, Çin əhalisinə qarşı zalım siyasətləri bu hökumətlərə hər hansı real güc gətirmədi və bir neçə rəqib hökumətlər Çan Kayşinin rəhbərliyi ilə Homindan hökuməti tərəfindən məğlub edildi. Çinli kommunist və homindançı hərbi qüvvələrin düşmən xəttləri arxasında ərazi nəzarəti üçün mübarizələri, 1941-ci ilin yanvarında mühüm hərbi toqquşma ilə əməkdaşlıqlarının bitməsinə səbəb oldu.[10]
Yaponlar Şanxay, Uxan və Chongqing kimi Çin şəhərlərini bombalamış və 1938-ci ilin fevralından 1943-cü ilin avqustuna qədər 5000-ə yaxın hava reydləri həyata keçirmişdilər. Yaponiyanın intensiv olaraq Çin şəhərlərini bombalaması 260.000–350.934 nəfər dinc insanın ölümünə səbəb olmuşdu.[11][12]
1935-ci ilin əvvəllərindən Yaponiya hərbi dairələri, Hollandiyanın müstəmləkəsi olan Hollandiya Ost-Hindini tutmağı qərara almışdı, səbəbi isə buranın neft resurslarının Yaponiya üçün əhəmiyyətli olması idi. 1940-cı ildə onlar Böyük Şərqi Asiya ortaq rifah sahəsi adlı konsepsiyalarına Hollandiya Ost-Hindi, Malayya və Filippin kimi əraziləri daxil etdilər. Yaponlar Haynan, Tayvan və Xayfon kimi ərazilərdə möhkəmlənir və Yaponiya İmperiya Quru Qoşunlarının zabitləri qaçılmaz müharibə haqqında danışırdılar. Xüsusilə də, Admiral Sankiçi Takahaşi ABŞ ilə üz-üzə qaldıqlarını bildirirdi.[13]
Yapon militarizmini çaşdırmaq səyi ilə Avstraliya, ABŞ, Böyük Britaniya və Hind-Çin adalarında zəngin neft yataqlarına nəzarət edən, mühacirətdə olan Hollandiya hökuməti daxil olmaqla qərb gücləri Yaponiyaya dəmir filizi, polad və neft ixracını dayandırmış və Yaponiya xam resurslarla özlərini Çin və Fransa Hind-Çinində fəaliyyətləri ilə təmin etmişdilər. Yaponiyada hökumət və millətçilər bu embarqoları aqressiyanın nəticəsi kimi qiymətləndirirdilər. Bu ölkəyə idxal edilən neft, daxili istehlakın 80%-ni ödəyirdi və ən çox hərbi sahəyə sərf edilirdi. Yapon mətbuatı, hərbi təbliğatçıların təsiri ilə embarqoları "ABCD" blokadası termini ilə istinad eləməyə başlamışdı.
İqtisadi tənəzzül və son istilalardan uzaqlaşma arasında seçim qarşısında qalan Yaponiya İmperiya Qərargahı, 1941-ci ilin aprel və may aylarında qərb qüvvələri ilə müharibə etməyi planlaşdırmağa başladı.
Münaqişənin ilk dövründə Yaponiyanın əsas məqsədi antihitler koalisiyası ölkələrinin embarqosunun təsirindən xilas olmaq üçün Hollandiya müstəmləkəsi olan Hollandiya Ost-Hindini və Malayyanı işğal etmək idi. Bu, cənub planı kimi bilinirdi. Bu plan, Böyük Britaniya və ABŞ arasındakı yaxın əlaqələrin olması ucbatından qərara alınmışdı və Yaponiya şərq planını da hazırlamağa məcbur oldu.[14][15]
Şərq planında aşağıdakı prioritet məsələlər nəzərdə tutulurdu:
1. ABŞ-nin Havay adasındakı Pörl Harbor hərbi bazasına hücum
2. Filippinin zəbti
3. Quam və Ueyk adalarının işğalı ilə ABŞ-nin əlaqəsini kəsmək
Cənub planında isə aşağıdakı prioritet məsələlər nəzərdə tutulurdu:
1. Malayya və Honkonqa hücum
2. Bismark arxipelaqı, Yava və Sumatra adalarına hücum
3. Avstraliya və Yeni Zelandiyanı blokadaya salmaq
Bu əməliyyatlar gerçəkləşdikdən sonra isə sülh danışıqlarına başlamaq planlaşdırılırdı. Noyabrda bu planlar mahiyyətcə tamamlandı və növbəti aya təyin edildi. Yapon hərbi dairələrinin hücum üçün əmr verməməsi və gözləməsi Böyük Britaniya üçün yaxşı oldu və SSRİ baş verə biləcək hər hansı Almaniya hücumuna görə Yaponiyaya effektiv cavab vermək iqtidarında deyildi. Bir sıra yapon rəhbərləri, ABŞ-yə qarşı ümumi hərbi qələbə düşüncəsinin mümkünsüz olduğunun fərqindəydilər, alternativ olaraq Yaponiya hegemonluğunu Asiyada tanıtdıqdan sonra sülh danışıqları üçün addım ata bilərdi.[16] Yaponiya İmperiya Qərargahı amerikanlarla bir sıra danışıqlar aparmışdı, lakin yaponların Çin (1894–1895) və Rusiya (1904–1905) əleyhinə uğurlu müharibələrinin tarixi təcrübələri ABŞ-yə qarşı savaşa başlamaq fikrinin meydana gəlməsinə səbəb olmuşdu.
1941-ci ilin 7 dekabrında yaponlar Pörl Harbor, Quam və Ueyk adalarındakı amerikanların hərbi bazalarına hücum etdilər. Eyni gün Britaniya müstəmləkəsi Honkonqa hücum edilmiş, ABŞ nəzarətindəki Filippin, Tailand və Malayya işğal edilmişdi.
Dekabrın 7-si səhər saatlarında Yaponiya gözlənilmədən Pörl Harbora havadan hücuma başladı. Bu hücum zamanı ABŞ hərbi donanması böyük zərər gördü, belə ki 8 xətt gəmisi zədələnmiş, 188 hərbi təyyarə məhv edilmiş və 2403 amerikan vətəndaşı həlak olmuşdu. Hücumdan öncə ABŞ, İkinci Dünya müharibəsində deyildi və bu o demək idi ki, Yaponiya müharibə elan etmədən Pörl Harbora hücum etmişdi. Amerikanların itkisi, o qədər də çox olmadı: Hərbi Dəniz Qüvvələrində əsas hesab olunan aviadaşıyıcı gəmilər hücum zamanı dənizə açılmışdılar və mühüm donanma infrastrukturuna zərər dəyməmişdi.[17]
Pörl Harbora hücumdan əvvəl ABŞ ictimaiyyəti, dövlətin Avropadakı müharibəyə müdaxiləsinə qarşı idi, amma ABŞ hökuməti Lend-liz proqramına əsasən, Böyük Britaniyaya və SSRİ-yə hərbi yardım edirdi. 8 dekabrda ABŞ,[18] Böyük Britaniya,[19] Kanada[20] və Hollandiya[21] növbəti günü isə Avstraliya Yaponiyaya müharibə elan etdi. Pörl Harbora hücumdan 4 gün sonra Almaniya və İtaliya ABŞ-yə müharibə elan etdi, amma bu böyük strateji səhv idi. Yaranmış vəziyyət Yaponiyanın ABŞ-ni yayındırması üstünlüyünü Almaniyanın əlindən aldı.
Böyük Britaniya, Avstraliya və Hollandiya artıq 2 il idi ki, Almaniya ilə müharibə edirdi. Sakit okean cəbhəsindəki döyüşlərin ilk 6 ayında müttəfiqlər yaponlar qarşısında ağır məğlubiyyətlərə məruz qalmışdılar.
Tailand, 24 saat içində yapon işğalına boyun əydi və formal olaraq 21 dekabrda Yaponiya ilə müttəfiq oldu. Honkonqa 8 dekabrda hücum edilmiş və 25 dekabrda süqut etmişdi. Honkonqun müdafiəsində yerli əhali və kanadalı əsgərlər əsas rol oynamışdı. Həmin vaxtı Quam və Ueyk adaları işğal edildi. 1942-ci ilin 1 yanvarında, antihitler koalisiyası ölkələrinin dövlət başçıları Cənub-Şərqi Asiyanın müdafiəsi üçün General Arçibald Ueyvelli öz ordularına Ali Baş Komandan təyin etdilər. Yanvarda yaponlar Birma, Hollandiya Şərqi Hind adaları, Yeni Qvineya, Solomon adaları, Manila, Kuala-Lumpur və Rabaulu tutdu. Bu işğallardan sonra antihitler koalisiyası orduları, Sinqapurda yaponlara müqavimət göstərsələr də, 1942-ci ilin 15 fevralında təslim oldular. Təxminən 130.000 nəfər hind, ingilis, avstraliyalı və holland əsgər hərbi əsirlərə çevrildilər.[22] İşğal sürətlənərək Bali[23] və Timora[24] çatdı. Məğlubiyyətlərin nəticəsi olaraq, Ueyvell ali komandanlıq vəzifəsindən istefa verdi.
Yaponlar, artıq Avstraliyanın şimalına hava hücumları etməyə başlamışdı. Fevralın 19-da Darvin şəhərinin bombalanması zamanı ən azı 243 nəfər insan həlak oldu.
Fevralın sonu və martın əvvəlində Yava dənizindəki döyüşdə yapon donanması Admiral Karel Doormanın rəhbərliyi altındakı donanmanı məğlub etdi.[25] Bununla da, Cənub-Şərqi Asiyadakı döyüşlər antihitler koalisiyasının Yava[26] və Sumatra adalarındakı məğlubiyyətləri ilə bitdi.[27]
Mart və apreldə güclü yapon donanması, Hind okeanına istiqamətləndi. Krallıq donanmasının Seylondakı bazaları atəşə tutuldu və bir neçə Britaniya gəmisi batırıldı. Şiddətli hücuma məruz qalan Krallıq donanması Hind okeanının qərb hissəsinə geri çəkildi. Birma və Hindistana yapon basqını üçün şərait yarandı. Bu döyüşlərdə ingilislər, Ranqundan Hindistan-Birma sərhədinə geri çəkilmiş və yaponlar çinli homindançılar üçün təchizat xətti olan strateji əhəmiyyətli Birma yolunu nəzarət altına götürmüşdülər.
Filippin 1942-ci ilin 8 mayına qədər müqavimət göstərsə də, sonda təslim oldu və 80.000-dən çox əsgər əsir götürüldü. Bundan sonra general Duqlas Makartur Avstraliyaya getməli oldu. Admiral Çester Nimitsin rəhbərliyi ilə ABŞ donanması Sakit okeanda nəzarəti öz üzərinə götürdü.[28]
1941-ci ilin sonunda yaponların Pörl Harbora hücumu zamanı avstraliyalı əsgərlər Aralıq dənizi və Yaxın Şərq cəbhəsində döyüşürdülər. Avstraliya mümkün yapon hücumuna qarşı müqavimət göstərməyə hazırlıqsız idi. Bu ölkə Britaniya Malayyasının, Sinqapurun işğalı və 15.000 əsgərinin əsir düşməsilə sarsılmışdı. Yaponlar 1942-ci ilin əvvəllərində Yeni Qvineya Ərazisində əsas hərbi bazalarını yaratdılar.[29] Fevralın 19-da Darvin şəhəri yaponların hava hücumuna məruz qaldı (Bu, yaponların Avstraliya ərazisinə ilk hücumu idi). Sonrakı 19 ay ərzində Avstraliyaya 100 dəfə havadan hücum edildi. Yaponlar üçün Port Morsbi şəhərinin işğalı əsas məqsəd idi. Çünki, bu şəhər işğal edilsəydi, Avstraliyaya hücumlar etmək asanlaşacaqdı.[30]
Franklin Ruzvelt, Avstraliya ilə Sakit okean hövzəsinin müdafiə planını gerçəkləşdirmək üçün general Duqlas Makarturu Ali Komandan təyin etdi. Baş nazir Con Kertin, Avstraliya Silahlı Qüvvələrinin hazırlığı baxımından bu təklifi qəbul etdi. Duqlas Makartur, öz qərargahını 1942-ci ilin martında Melburn şəhərinə köçürdü və Sakit okean cəbhəsindəki əməliyyatlara silahlı qüvvələri buradan yönəltməyə başladı. Düşmən donanması, 1942-ci ilin may ayının sonunda Sidney şəhərinə çatdı. 8 iyunda 2 yapon sualtı qayığı Sidney və Nyukasl şəhərlərinin sahillərini atəşə tutdu.[31]
Yaponlar, 1942-ci ilin ortalarında Sakit okeanın cənub və mərkəzi hissələrində əlavə hücumlar etməyi qərara aldılar. Antihitler koalisiyası, yaponların gizli yazışmalarını açaraq Port Morsbi şəhərinə ediləcək hücumu müəyyən etmişdilər. Əgər bu şəhər tutulsaydı, yaponlar Avstraliyanın şimal və qərb hissələrindəki dənizlərə nəzarət edə və həmin ölkəni təcrid edə bilərdi. Lakin admiral Fletçerin rəhbərliyi altındakı ABŞ və Avstraliya donanmaları yaponların qarşısını kəsdi. 1942-ci ilin mayında Mərcan dənizində baş vermiş döyüş nəticəsində antihitler koalisiyası çoxlu itkilər verdi, ancaq Port Morsbi şəhərinin işğalı baş tutmadı və yaponlar məğlub olaraq geri çəkildilər. Bu, Sakit okean cəbhəsində baş tutan ilk dəniz döyüşü idi. Yaponların növbəti hədəfi Miduey adasını işğal etmək idi və bu admiral Çester Nimitsin aviadaşıyıcı gəmilərini məhv etməyə imkan verirdi. Yaponlar, 2 aviadaşıyıcı gəmini Aleut adalarına göndərməklə amerikanları şimala olan hücumları ilə yayındırmaq istəyirdilər. Həmin vaxt antihitler koalisiyasının yaponların gizli yazışmalarını açması Miduey adasına gerçəkləşəcək hücumu müəyyən etməyə şərait yaratdı.[32] Çuiçi Naqumo Miduey adasının işğalı üçün taktiki komandanlığa gətirildi, İsoroku Yamamotonun kompleks planında Çester Nimits tərəfindən ediləcək hər hansı müdaxilə üçün kifayət qədər döyüş gəmiləri yox idi. Çester Nimitsin uzaqgörənliyi, yaponların Miduey adasına gəlib çatmasına mane oldu və məğlub olan yaponlar bir daha hücum etməyərək müdafiəyə çəkildilər. Miduey döyüşü, Sakit okean cəbhəsində geriyə dönüşün başlanğıcı oldu.
Tarava döyüşü, Gilbert adalarında yerləşən Tarava adasında 20–23 noyabr 1943-cü il tarixində baş vermişdir. Döyüş 76 saat davam etməsinə baxmayaraq, 6.000 — yaxın əsgər ölmüş, 2.2969 əsgər yaralanmışdır.
Makin döyüşü, Gilbert adalarında yerləşən Makin adasında 20–24 noyabr 1943-cü il tarixində baş vermişdir. Aleut adalarındakı əməliyyatın bitməsi və Solomon adalarına doğru gerçəkləşən irəliləmə, əsgər və təchizat baxımından vəziyyət yüksək səviyyəyə çatandan sonra, 1943-cü ilin sonlarında ABŞ hərbi donanmasının Sakit okeanın mərkəzinə hücum etməsinə imkan yaratdı. Admiral Çester Nimits bu hücumun 1943-cü ildən əvvəl baş tutmasının tərəfdarıydı, lakin Bismark arxipelaqına edilən hücum və Rabaul şəhərinin mühasirəsiylə əlaqədar bu gerçəkləşmədi. Bu adaya hücum, amerikanların qələbəsi ilə nəticələnmişdir.
Quadalkanal döyüşü, İkinci Dünya müharibəsində Yaponiyanın 3-cü əsas müdafiə xəttinin yerləşdiyi bölgə olaraq tanınır. ABŞ hərbi donanması, Miduey zəfərindən sonra Quadalkanalı ələ keçirməyi planlaşdırırdı. Desant əməliyyatı zamanı çətinlik çəkəcəklərini düşünürdülər, lakin yapon əsgərləri tərəfindən desant əməliyyatı zamanı müqavimət olmadı. O an amerikan əsgərləri özlərini şanslı hesab etdilər. Quadalkanalda yaşayan yerli əhalinin köməyi ilə amerikan əsgərləri, yaponların yerləşdiyi mövqelərə qədər irəlilədilər. Quadalkanal əməliyyatı, olduqca yaşıllıq bir yerdə gerçəkləşdi. Yaponlar, bundan yararlanaraq amerikan əsgərlərini asanlıqla uzaqlaşdıra bildilər. Bəzi amerikan əsgərləri, irəliləyərkən qəflətən otların arasından çıxan yapon əsgərlərini görüncə ölməkdən qurtula bilmədilər. ABŞ Silahlı Qüvvələri, topçu və təyyarə bombardmanları sayəsində yaponların Quadalkanaldakı mövqelərini qısa müddət ərzində ələ keçirməyi bacardı.
İvodzima döyüşü, 16 fevral 1945 – 26 mart 1945 tarixlərində Sakit okeanda yerləşən İvodzima adlı kiçik bir adada Yaponiya və ABŞ arasında baş vermişdir. 1945-ci ilin fevral ayında amerikanlar Yaponiyadan sadəcə 1200 km uzaqlıqda yerləşən bir adaya toplanmışdı. İvodzima adası, Yaponiyanın istilası üçün əhəmiyyət kəsb edən 2 hava limanına malik idi. İkinci Dünya müharibəsinin simvolu olan ABŞ əsgərlərinin bayraqlarını təpəyə qaldırmalarını göstərən fotoşəkil, bu döyüş əsnasında çəkilmişdir. ABŞ-nin hərbi dəniz və hava qüvvələrinin üstünlüyü ilə mühasirəyə aldığı adayı yaponlara ağır itkilər verdirərək almışdır. Yaponlar, bu kiçik adaya əsgər yığmış, tunellər və mağaralar qazmışdı. Amma heç biri ABŞ hərbi dəniz qüvvələrinin açdığı atəşdən qurtula bilmədi.[33]
Okinava döyüşü, Sakit okean cəbhəsindəki döyüşlərin son mərhələsində ABŞ-nin Okinava adasına desant çıxarması ilə meydana gəlmişdir. Bu döyüş, Yaponiyada mülki əhalinin də öldürülmüş olduğu ən böyük quru döyüşü və ABŞ ilə Yaponiya arasındakı son böyük döyüş olmuşdur. Dəniz hərəkatları 18 mart 1945-ci ildə, quru döyüşü isə ABŞ-nin desant çıxarmasıyla 1 apreldə başlanmışdır.[34] Amerikanlar, 1 aprel 1945-ci ildə Yontan və Kadena hava limanlarının yerləşdiyi bölgəyə desant çıxarması etmişdir. Adanın 80%-i, sadəcə 15 gün ərzində alınmışdır. Yaponlar, bu döyüş ərzində kamikadzelərdən çox istifadə etmişdir. Bu döyüş, 23 iyunda yaponların məğlubiyyəti ilə bitmişdir. Döyüşdə əsas məqsəd, Yaponiyaya hücum etmək üçün hərbi bazaların ələ keçirilməsi idi. Bu döyüş ilə Sakit okean cəbhəsindəki ABŞ zəfəri gerçəkləşdi.[35]
1943-cü ilin 22–26 noyabr tarixləri arasında ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin prezidenti Çan Kayşi Misirin paytaxtı Qahirə şəhərində görüşdülər və keçirilən konfransın əsas mövzusu Yaponiyanın məğlub edilməsi barədə idi. O cümlədən, yaponlar tərəfindən işğal edilmiş Çin ərazilərinin (Mancuriya və Tayvan daxil olmaqla) qaytarılması və Koreyanın azad edilərək müstəqil dövlət olması kimi əsas məsələləri əks etdirən Qahirə bəyannaməsi qəbul edilmişdir.
1945-ci ilin 3 fevralında SSRİ, Franklin Ruzveltlə razılaşaraq Sakit okean cəbhəsindəki döyüşlərə qatıldı. Bu, Avropada müharibənin bitməsindən 90 gün sonra baş verdi. 9 avqustda Mancuriyanın işğalı başladı və yaponlar məğlub edildi. Bu işğal, yaponların qurduğu kukla dövlət olan Mançjou-qonun süqutu ilə başladı və SSRİ-Yaponiya müqaviləsindən 6 il sonra ən böyük və İkinci Dünya müharibəsinin son döyüşü idi. Bu hücumla Mançjou-qo, Mençzyan və Koreyanın şimalı ələ keçirildi.
1945-ci ilin 6 avqustunda ABŞ-nin Enola Gay adlı B-29 hərbi təyyarəsi ilk atom bombasını Xirosima şəhərinə atdı. Digər atom bombası isə, 9 avqustda Naqasaki şəhərinə atıldı.[36] 140.000–240.000-dən çox insan həlak oldu. 15 avqustda Yaponiya imperatoru Hirohito təslim olduqları barədə xalqa mürəciət etdi. 2 sentyabr tarixində Yaponiya, Missuri xətt gəmisində təslim aktını imzaladı.[37]
1941-ci ilin 7 dekabrında yaponların Pörl Harbora hücumu zamanı 2403 nəfər həlak olmuş və 1247 nəfər yaralanmışdı. Yaponlar, bu hücumu müharibə elan etmədən həyata keçirmişdilər və Uzaq Şərq beynəlxalq hərbi tribunalı, bu hadisəni müharibə cinayəti kimi qəbul etmişdi.[38][39] Sakit okean cəbhəsindəki döyüşlər zamanı yapon əsgərlər hərbi əsirlər daxil olmaqla, milyonlarla insanı öldürmüşdülər.[40] Çin-Yapon müharibəsi (1937–1945) ərzində ən azı 20 milyon çinli həlak oldu.[41][42] Döyüşlərdə kimyəvi və bioloji silahlardan istifadə edilmiş və bu da 400.000 çinlinin ölümünə səbəb olmuşdu.[43] Nankin soyqırımı zamanı yaponlar, 300.000 nəfərə yaxın dinc insanı amansızlıqla öldürmüşdülər.[44] Uzaq Şərq beynəlxalq hərbi tribunalının verdiyi məlumata əsasən, hərbi əsirlərin öldürülməsi 27,1%, yəni almanların və italyanların ördürdükləri əsirlərin sayından 7 dəfə çox idi.[45] 1536-ya yaxın ABŞ vətəndaşı həbs düşərgələrində öldürülmüşdü, lakin almanların həbs düşərgələrində 883 amerikalı öldürülmüşdü.[46]
Yaponiyanın məğlubiyyətindən sonra, imperator Hirohito və şahzadə Yasuhiko Asakadan başqa bütün yüksək rütbəli yaponlar mühakimə edildi. 1946-cı ilin 29 aprel tarixində başlayan Uzaq Şərq beynəlxalq hərbi tribunalı 1948-ci ilin 12 noyabr tarixinə qədər davam etmiş və çıxarılan qərarlar nəticəsində Baş Nazir Hideki Todzyo və bir çox yüksək rütbəli hərbçi edam edilmişdir.
Seişiro İtaqaki: Hərbi nazir
Heitaro Kimura: Birma Bölgə Ordular Qrupu baş komandanı
Kenji Doihara: Çin Ordular Qrupu baş komandanı
Hideki Todzyo: 40-cı baş nazir
Akira Muto: Filippin Ordular Qrupu baş komandanı
Koki Hirota: 32-ci baş nazir
Sadao Araki: Təhsil və Mədəniyyət naziri
Yoşijiro Umezu
Hiroşi Oşima: Almaniya səfiri
Takazumi Oka
Okinori Kaya: Maliyyə naziri
Koiçi Kido: Daxili İşlər naziri
Kuniaki Koiso: 41-ci baş nazir
Kenryö Sato: Quru qoşunları nazirliyi hərbi işlər şöbəsinin sədri
Jotarö Şimada: Hərbi Dəniz naziri
Toşio Şiratori: İtaliya səfiri
Teiçi Suzuki
Kinqoro Haşimoto
Şunroku Hata: Quru qoşunları naziri
Kiiçiro Hiranuma: 35-ci baş nazir
Naoki Hoşino
Jiro Minami: Koreya valisi
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.