Sərkərdə, İrəvan xanı. From Wikipedia, the free encyclopedia
Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742[5]—1831[4]) — Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı. Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur.[5]
Bu məqalə İrəvan xanı haqqındadır. Digər mövzular üçün Hüseynqulu xan səhifəsinə baxın. |
Hüseynqulu xan Sərdar | |
---|---|
fars. حسین خان سردار | |
| |
Xorasan Sərhəd Qoşunlarının komandanı | |
1796 (yaxud 1802)[q 1][1] – 1806[1] | |
Əvvəlki | Əhməd xan Müqəddəm |
İrəvan xanlığının IX xanı | |
1806[2] – 1827[3] | |
Əvvəlki | Əhməd xan Müqəddəm |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qəzvin, Qacarlar imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Məhəmməd xan Qacar[4][q 2] |
Uşağı | Məhəmməd |
Ailəsi | Qacarlar |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir.[5]
Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir. Habelə, vəliəhd Abbas mirzənin qızı Hüseynqulu xanın oğlu Məhəmməd ilə evlənmişdir.[5]
I Rusiya-Qacar müharibəsi zamanı Qacar sarayının etibarlı sərkərdələrindən olan, İrəvan xanı Əhməd xan Müqəddəmin ölümündən sonra 1806-cı ildə Fətəli şah İrəvana yeni xan kimi Hüseynqulu xanı təyin etdi.[6] İvan Şopen bu haqda yazırdı: "...nəhayət şah sarayı İrəvana sərhəd qoşun başçılarından biri Hüseynqulu xan Qacarı ildə 600 tümən, eyni zamanda xərcləri üçün xanlığın vergisindən 6000 tümən məvacib verərək onu sərdar təyin etdi. Hüseynqulu xan özünün bacarığı və cəsurluğu ilə aşağı rütbədən bu vəzifəyə yüksəlmişdi".[7]
Hüseynqulu xanın İrəvana hakim təyin edildiyi dövrdə Cənubi Qafqazda siyasi vəziyyət gərgin idi. Qacarlar İranı və Rusiya arasında müharibələr davam edirdi. Müharibənin gedişatında 1808-ci ildə İrəvan xanılğı Qafqazdakı rus qoşunlarının baş komandanı İvan Qudoviçin hücumuna məruz qaldı. Hüseynqulu xan qalanı möhkəmləndirdi və həmçinin qarnizonun sayını artırdı.[8]
1808-ci il noyabrın 17-si rus qoşunları İrəvan qalasına hücuma keçdilər. Lakin ruslar ciddi müqavimətinə rast gəldilər. Qala qarnizonu top atəşləri ilə rusları geri oturtdular. Qudoviç mühasirə və hücumdan əl çəkib Tiflisə qayıtmaq haqqında əmr verdi.[8]
1813-cü ildə Gülüstan müqaviləsi bağlandıqdan sonra İrəvana məxsus Göyçə gölünün şimal və şərq hissələri Rusiya tərəfinin əlində idi. Hüseynqulu xan bu ərazilərin İrəvana aid olduğunu yeni baş komandan Aleksey Yermolova bildirmişdi. Rusiya komandanlığının bu torpaqları qaytarmaq istəmədiyini görən Hüseynqulu xan 1825-ci ildə ruslara məxsus gözətçi məntəqələrinə hücumlar təşkil etməyə başladı.[9] 1826-cı ildə iki piyada rus alayı İrəvana Mirək kəndinə hücum edərək onu işğal etdi. Bu isə münasibətləri daha da gərginləşdirdi. Beləliklə, 1826-cı ilin iyununda ikinci Rusiya-Qacar müharibəsi başlandı.[9][10]
Müharibənin ilk illərində Abbas mirzə və Hüseynqulu xanın qüvvələri müvəffəqiyyət əldə etdilər. Əvvəlcədən hazırlanmış plana uyğun olaraq Hüseynqulu xan Pəmbək və Şörəyelə daxil oldu.[11] Abbas mirzə isə Şəmkirə qədər irəlilədi. Lakin müharibənin sonrakı gedişində Qacar qoşunları ard-arda bir məğlubiyyətə uğradılar və Cənubi Azərbaycana çəkildilər. Bu səbəbdən İrəvan qoşunları qalaya doğru geri çəkilərək tutduqları əraziləri boşaltdılar.[12]
1827-ci ildə rus qoşunlarının baş komandanı İvan Paskeviç İrəvana hücum haqqında əmr verdi. Rusların əvvəlki hücumlarından fərqli olaraq bu hücumda qaladağıdıcı toplardan da istifadə edilirdi.[13] İlk öncə rus qoşunları xanlıqda ikinci böyük qala olan Sərdərabad qalasına hücuma keçdilər. 1827-ci ilin senytabrın 18-də Sərdərabad qalası güclü top atəşinə məruz qaldı. Bombardman nəticəsində qalanın dördkünc qülləsi dağıldı. Aramsız bombardmana məruz qalan Sərdərabad qarnizonu sentyabrın 19-u isə təslim oldu.[13]
Sərdərabad qalasının işğalından sonra Paskeviç İrəvan qalasına doğru hərəkətə başladı. İrəvanı mühasirəyə aldıqdan sonra sentyabrın 26-dan başlayaraq İrəvan qalası da qaladağıdıcı toplardan güclü atəşə tutuldu. İrəvan qalasının qarnizonu top atəşi ilə cavab versə də, təcrübəli topçuların olmaması səbəbindən heç bir nəticəsi olmadı.[14] Rus qoşunu qalanın bombardmanını daha da gücləndirdi. Bombardman nəticəsində qalanın qapısının sıradan çıxması ilə rus qoşunu qalaya daxil ola bildi. Beləliklə, 1827-ci ilin oktyabrında İrəvan qalası ruslar tərəfindən işğal edildi.[15] İrəvanın işğalından sonra Hüseynqulu xan Tehrana qayıtdı. Fətəli şah onu Xorasana hakim təyin etdi. 1831-ci ildə Hüseynqulu xan vəfat etdi.[4]
Hüseynqulu xan dövründə İrəvan memarlığına Abbas mirzə məscidi və Sərdərabad qalası kimi memarlıq abidələri daxil edilmişdi. İqtisadi cəhətən xanlıq Mehdiqulu xanın dövründən sonra sabitlik qazana bilmişdi. Həmçinin sarayın Güzgülü salonu bərpa edilmişdi. Güzgülü salona yeni rəsmlər və əlavə tikililər əlavə edilmişdi.[16]
Xan tərəfindən inşasına əmr verilmiş Sərdarabad qalası, habelə xanın əsasını qoyduğu yeni mahalda Sərdarabad mahalında tikilmişdir.[17] Qalanın tikintisi 1815-ci ildə başa çatmışdı. Qalanın cənub hissəsində geniş bağ salınmışdı. Abbas mirzə məscidi isə Qacar şahzadəsi və vəliəhdi Abbas mirzənin şərəfinə adlandırılmışdı. Məscidin fasadı göy və yaşıl kaşılarla bəzədilmiş, mərkəzi hissəsi gözəl gümbəzlə örtülmüşdü.[18]
Hüseynqulu xan 1742-ci ildə anadan olmuşdur. Güman edilir ki, Hüseynqulu xan Qəzvində anadan olmuşdur.[5] Hüseynqulu xanın gəncliyi haqqında heç bir dəqiq məlumat yoxdur. O, Fətəli şah Qacarın yaxın adamı olmuş və onun hakimiyyətə gəlməsində böyük rol oynamışdı. Ağa Məhəmməd şah Qacarın sui-qəsdində iştirak etmiş əsas simalardan biri Sadıq xan Şəqaqiyə qarşı mübarizədə Fətəli şahın yanında olan Hüseynqulu xan, Sadıq xan Şəqaqinin məğlubiyyətində fəal iştirak etmişdi. Bu fəaliyyətinə görə, şahın yanında böyük hörməti qazanmış və hətta şah onun bacısı ilə evlənmişdi.[19]
1800 - 1802-ci illərdə Qəzvində paytaxta gedən yolun mühafizə dəstəsinin rəisi olmuş, şəxsi igidliyinə görə "Qəzvini" təxəllüsü almışdı. Bir müddət sonra isə Fətəli şahın əmri ilə Hüseynqulu xan Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdi.[2]
1806-cı ilin avqustunda irəvanlılar əhali üzərinə ağır vergilər qoyan Mehdiqulu xana qarşı üsyan qaldırdılar. Həmin ilin avqustunda Mehdiqulu xan Qacarı Təbriz və Marağa xanı Əhməd xan əvəz etdi. Əhməd xan Təbrizdən çoxsaylı piyada və süvari qoşunla İrəvana gəldi və hakimiyyətdə Mehdiqulu xanı əvəz etdi. O, əhalinin rəğbətini qazansa da, cəmi üç aya yaxın hakimiyyətdə oldu.[2] İrəvanda epidemiya baş qaldırdığı üçün xan ağır xəstələndi və dövlət işlərini lazımi şəkildə icra edə bilmədi. Əhməd xan Marağalı 1806-cı il oktyabrın 17-də vəfat etdi. Fətəli şahın tələbi ilə xanlıqdan uzaqlaşdırılan Məhəmməd xan Qacar yenidən İrəvan xanlığına geri qayıtsa da, hakimiyyətini davam etdirə bilmədi.[2]
1806-cı ildə Fətəli şah Hüseynqulu xanı İrəvana yeni hakim təyin etdi. Hüseynqulu xan Qacara "sərdar" — yəni, Araz çayının sol sahilindəki bütün hərbi qüvvələrin sərkərdəsi titulunu verdi. İrəvan sərdarı təyin edilən Hüseynqulu xan Qacara vilayətin bütün hərbi və mülki hakimiyyəti verilməklə yanaşı, o, çoxsaylı süvari və piyada qoşunla da təmin edildi. Məhz buna görə də dövrün mənbələrində sonuncu İrəvan xanı Hüseynqulu xan Qacar "İrəvan sərdarı" kimi qeyd olunur.[2]
1806-cı ilin əvvəllərində Sisianov İrəvan istiqamətində hərəkət etməyi qərara aldı. Lakin Bakı qalası yaxınlığında qətlə yetirilməsi bu tədbirin həyata keçirilməsinə mane oldu. 1806-cı ilin iyun ayında öldürülmüş Sisianovun yerinə İ.V.Qudoviç təyin edildi.[20]
1806-cı dekabrında Osmanlı Rusiyaya müharibə elan etdi. Osmanlıların Rusiya ilə müharibəyə başlaması Qacar İranını yeni hücumlara ruhlandırdı. Abbas mirzə Rusiyanın iki cəbhədə - həm Qacar və həm də Osmanlı ilə - çətinliklə müharibə apara biləcəyinə ümid bəsləyərək, on minlik qoşunla Qarabağ xanlığının ərazisinə hücuma keçdi.[20] Həmçinin 1807-ci ilin mayın 4-də Qacarlar ilə Fransa arasında müqavilə imzalandı. Həmin müqavilənin şərtlərinə əsasən Fransa İranın ərazisini qorumağı, Gürcüstanın İrana tabe olmasına nail olmağı, habelə Gürcüstanı ruslardan "təmizləməyi" öhdəsinə götürdü.[20] Fransa həmçinin Qacarları silahla təmin etməyə və qoşunu yenidən qurmağa söz verdi. Fransa – İran müqaviləsi bağlandıqdan sonra, 1807-ci ildə İrana Fransadan general Qardanın başçılığı altında bir dəstə mühəndis gəldi. Onlardan bir qismi şahın xahişi ilə İrəvana gələrək qalanın müdafiə qabiliyyətini möhkəmlətməyə başladı.[21] Bu barədə general Qudoviç yazırdı:[20]
İrəvan qalası Avropa hərbi qaydaları üzrə möhkəmlənmiş, iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddi var. Təpənin üstünə əvvəllər burada yerli hərbiçilər tərəfindən tətbiq edilməyən Kirteçlə işləyən toplar qoyulmuşdur. İrəvanlılar fuqas bombalardan istifadə edidilər ki, bu da fransız mühəndislərinin fəaliyyətinin bəhrəsidir. |
Rusiya Qacarlarla diplomatik əlaqələr yaratmağa çalışsa da bunun heçbir nəticəsi olmadı.[22] Bu səbəbdən 1808-ci ilin sentyabrın əvvəllərində rus qoşunu İrəvan sərhəddinə doğru hərəkət edərək Pəmbəkdə düşərgə saldı. Bu xəbərdə yerli əhali bərk təşvişə düşdü. Xanlığın əksər bölgəsində əhali qalalara, dağlara və Araz çayının cənubuna çəkilirdi. Rusiya komandanlığı şah qoşunlarının diqqətini İrəvandan yayındırmaq üçün Naxçıvana da hücum planı hazırlamışdı. Bu planı Qarabağda Tərtər çayı sahilində dayanmış general Nebolsin icra etməli idi. Onun sərəncamında 78 zabit və 3062 əsgər vardı. Bu qoşuna Şəki hakimi Cəfərqulu xanın dəstəsi də qoşulmuşdu.[23]
Hüseynqulu xan müəyyən müdafiə tədbirləri görə bilmişdi. O, İrəvanda hakimiyyətə gələn kimi, qalanın müdafiəsini gücləndirərək, Zəngiçaydan başlayan və qalanın ətrafını əhatə edən xəndəyi daha da dərinləşdirmiş və qala qarnizonunun tərkibini artırmışdı.[24] Bundan əlavə Hüseynqulu xan öz əmlakının təhlükəsizliyinin də qayğısına qalmışdı. Xan mülkiyyətinin böyük və qiymətli hissəsini Xoya göndərmiş, az bir hissəsini arvadı ilə birlikdə İrəvanda saxlamışdı. Hüseynqulu xan silahlı qüvvələrin sayını artırmaq və rus qoşunlarının hərəkətini izləmək üçün başqa o cümlədən hərbi xarakterli tədbirlər də görmüşdü. Onun göstərişi ilə 600 nəfərlik İrəvan süvari dəstəsi Abaran düzündə, 15 nəfərdən ibarət süvari dəstə isə Sudakənd kəndində keşik çəkirdi. Hüseynqulu xan kəndlərə adamlar göndərərək silahlı qüvvə toplamağa başlamışdı. Əli silah tutan yerli əhali orduya cəlb olunurdu. Hüseynqulu xanın 6 min nəfərlik silahlı süvari dəstəsi vardı.[25]
Rus qoşunlarının hərəkəti İrəvanın yeni sərdarı Hüseynqulu xanı narahat etdi. O, təcili surətdə dəstələri ilə Abarana gedib rus qoşunlarının qarşısını almağı qərara aldı. Lakin Əştərəkdə məğlub olan İrəvan xanı geri çəkildi. 1808-ci il sentyabrın 26-da baş verən toqquşma zamanı İrəvandan gələn döyüşçülər məğlub olub geri çəkildilər.[26] Ertəsi günü şəxsən Qudoviçin başçılıq etdiyi rus qoşunlarının bir dəstəsi asanlıqla Üçkilsə monastırını işğal edərək, İrəvan yaxınlığındakı Qarabağ kəndində düşərgə salmağa müvəffəq oldu. Belə olduqda, sərdar Hüseynqulu xan qardaşı Həsən xanın komandası altında qalada iki minlik qarnizon qoyaraq, özü beş min döyüşçü ilə qaladan çıxdı və Heydər çay sahilində düşərgə saldı.[23]
Artıq oktyabrın 3-də Qudoviçin rəhbərlik etdiyi rus qoşunları Zəngiçayı keçərək İrəvan qalasını mühasirəyə aldı. Qudoviç şəhər əhalisindən və İrəvan qalasının komendantı Həsən xan Qacardan təslim olmağı tələb etdi. Qraf Qudoviç oktyabrın 4-də öncə İrəvan əhalisinə məktubla müraciət edərək onları könüllü olaraq rus qoşunlarına tabe olmağa çağırdı, özlərinin və əmlaklarının toxunulmazlığına söz verdi. Müqavimət göstərəcəkləri halda isə aman verilməyəcəyi ilə hədələdi.[24]
Həmin vaxtdan etibarən Hüseynqulu xan bir neçə dəfə öz düşərgəsindən İrəvan istiqamətinə qoşun göndərərək düşmənin fikrini dağıtmağa və bundan istifadə edərək, qalaya daxil olmağa səy göstərdi. Lakin bundan xəbər tutan Qudoviç Hüseynqulu xanın planlarını pozdu. Onun podpolkovnik Podlustskinin başçılığı altında göndərdiyi döyüşçülərlə döyüşdə irəvanlılar məğlubiyyətə uğradılar.[27]
Hüseynqulu xanın məğlub olduğunu eşidən Fətəli şah Fərəculla xanın başçılığı ilə 5 min nəfərlik qoşunu irəvanlıların köməyinə göndərdi. Qraf Qudoviç bu təhlükənin qarşısını almaq üçün general mayor Portnyagini əlavə qoşunla Podlutskinin dəstəsinə köməyə göndərdi. Qoşuna ümumi rəhbərlik etməyi Portnyaginə tapşırıldı. Lakin rus qoşunu İrəvan hakimini açıq döyüşə cəlb edə bilmədi.[28] Heç bir yerdə müqavimətə rast gəlməyən general-mayor Portnyagin Arazın sol sahilinə keçərək Şadlı kəndində düşərgə saldı. Burada general-mayor Portnyaginə xəbər gəldi ki, generalmayor Nebolsinin komandanlığı altında olan rus qoşunu artıq Naxçıvan xanlığının ərazisinə hücuma başlamışdı.[28] Bu xəbəri eşidən Abbas mirzə 12 top, 60 falkonetə malik 3 min nəfərlik piyada və 10 min nəfərlik süvari dəstədən ibarət qoşunla oraya tələsdi. 1808-ci ilin oktyabrın 28-də Naxçıvandan 18 verst[q 3] aralıda yerləşən Qarababa kəndində polkovniklər Lisaneviçin və Kotlyarevskinin komandanlığı altında olan rus qoşununun ön dəstəsi ilə şahzadənin qoşunu arasında döyüş baş verdi. Bu döyüşdə şah qoşunu məğlubiyyətə uğrayaraq geri çəkildi. Noyabrın 1-də Naxçıvan hakiminin oğlu Şıxəli bəyin köməkliyi ilə rus qoşunu Naxçıvanı döyüşsüz işğal etdi. Beləliklə, qraf Qudoviçin planının birinci hissəsi həyata keçdi.[28]
Naxçıvanın rus qoşunları tərəfindən işğal olunmasına baxmayaraq, Qudoviç İrəvan qalasını ələ keçirmək üçün hücuma keçməmişdi. Qudoviç Həsən xanla məktublaşır və ondan İrəvan qalasını təhvil verməsini tələb edirdi. Bundan istifadə edən Həsən xan rədd cavabı verməklə vaxt qazanır və qalanın müdafiəsini daha da möhkəmləndirirdi. Mühasirənin uzanması, soyuqların düşməsi və ərzaq çatışmazlığı rus qoşunlarının vəziyyətini getdikcə ağırlaşdırırdı.[29] Nəhayət, Qudoviç qalanı hücumla ələ keçirməyi qərara aldı. İrəvan qalasına hücum 1808-ci il noyabrın 17-si səhər saat 5-ə təyin edildi. Rus qoşunları beş kalona bölündü. Dörd kalon müxtəlif istiqamətlərdən hücum etməli, beşinci kalon isə ehtiyatda dayanmalı idi. Lakin ruslar ciddi müqavimətinə rast gəldilər. Hücum başlanan kimi İrəvanın qala qarnizonu top atəşləri ilə rusları geri oturtdular.[29]
Şəhərə daxil ola bilməyəcəyinə əmin olan Qudoviç mühasirə və hücumdan əl çəkib Tiflisə qayıtmaq haqqında əmr verdi. Dekabrın 1-də general Nebolsində Naxçıvanı tərk edərək Qarabağa qayıtmalı oldu. Rus höküməti Qafqazdakı ali baş komandanı – Qudoviçi vəzifədən azad etdi. Tezliklə onun yerinə vəzifəyə general Tormosov təyin olundu.[8]
1809-cu il iyunun axırlarında şahın böyük oğlu Məhəmmədəli xanın başçılığı ilə 15.000 nəfərlik Qacar qoşunu İrəvana gəldi. Bu qoşunun məqsədi Pəmbək və Şörəyeldə yerləşən rus sərhəd məntəqələrinə hücum etmək idi. İrəvanda bu qoşun üçün 1000 xalvar, digər xanlıqlardan isə 7000 xalvar ərzaq tədarük edilmişdi. Bundan əlavə Hüseynqulu xan xanlığın taxıl ehtiyatını qorumaq üçün onun qonşu dövlətlərə satışını qadağan etmişdi. O, əhali arasında yayılan xəstəliyi bəhanə gətirərək rusların nəzarəti altında olan Şörəyel əyalətinə taxıl ixracını dayandırmışdı. Bu hücumunda da qarşısı rus qoşunları tərəfindən alındı.[30]
Məğlubiyyətə baxmayaraq, Hüseynqulu xanın dəstələri yenə də tez-tez rus qoşununun işğalı altında olan ərazilərə hücumlarını davam etdirirdi. Onun göstərişinə əsasən, 1810-cu il iyunun əvvəllərində Nağı bəyin başçılığı altında iki minlik İrəvan qoşunu Qazax sultanlığına göndərildi.[30] Bu yürüşdə İrəvan qoşunu çoxlu xırda və iribuynuzlu mal-qara və at qənimət ələ keçirməyə nail oldu. Lakin irəvanlılar bu qələbədən faydalana bilmədilər. Belə ki, mayor Corayevin başçılığı altında bir dəstə rus qoşunu yolda ikən irəvanlılara hücum edərək, qənimətin böyük əksəriyyətini geri qaytara bildi.[30]
Rusiyanın Cənubi Qafqazdakı uğursuzluqları regionda ingilislərin fəallaşmasına səbəb oldu. Rusiya imperiyasının əleyhinə kampaniyaya başlamaq istəyən ingilislər İranın xarici siyasətində mühüm rol oynamağa başladılar. Bu məqsədlə ingilis hərbi mütəxəssislərinin bir dəstəsi Osmanlı ərazisindən İrəvana gəldi. Onların təkidi ilə İrəvan xanı Hüseynqulu xan 20 minlik qoşunla Osmanlı ərazisindən Gürcüstana hücum etdi. Lakin o, bu yürüşdə uğurlu nəticə əldə edə bilmədi.[31]
Osmanlı ərazisindən keçməklə Pəmbək və Şörəyelə hücum planı boşa çıxdıqdan sonra Hüseynqulu xan Abbas mirzədən ehtiyat edərək İrəvana qayıtmadı. O, dəstəsi ilə Arpaçayın Araza töküldüyü bölgədə yerləşən Hacıbayramlı kəndində düşərgə saldı. Hüseynqulu xan buradan Koroğlu qalasına getmək niyyətində idi.[32] Bu vaxt Hamamlı döyüşündə məğlub olmuş şah qoşunu Abbas mirzənin komandanlığı altında İrəvanda mövqe tutmuşdu. Abbas mirzə, İrəvanı tərk etməmişdən əvvəl Hacıbayramlı kəndində dayanmış Hüseynqulu xana geri qayıtmağa icazə verdi. Xan isə ancaq ona üç dəfə xəbər yollandıqdan sonra İrəvana qayıtmışdı.[33]
Şah qoşunları cənub istiqamətində geri çəkilsə də, İrəvan xanı rus qoşununa qarşı mübarizəni davam etdirirdi. Hüseynqulu xan İrəvana qayıtdıqdan sonra da Osmanlı paşaları ilə birlikdə Şörəyelə və Pəmbəyə hücum planından əl çəkmədi. O, tezliklə Ərzurum hakimi Emin paşa ilə əlaqə yarada bildi. Hücum planını müzakirə etmək üçün onlar arasında görüş təyin edildi. Bu görüş 1811-ci il avqustun 30-da Arpaçayın sağ sahilində yerləşən Mağizberd qalasının yaxınlığında olmalı idi. Lakin Emin paşa buraya yaxınlaşarkən sui-qəsd nəticəsində öldürüldüyündən görüş baş tutmadı. Nəticədə Hüseynqulu xan İrəvana əliboş qayıtdı.[33]
1810-cu ilin aprelində şahın təklifi ilə Əsgəranda Rusiya ilə Qacarlar İranı arasında danışıqların aparıldığı dövrdə Rusiya İrəvanı öz himayəsinə girməyə məcbur etmək üçün bir-birinin ardınca İrəvana qarətçi və dağıdıcı hərbi yürüşlər təşkil etməyə başladı. Baş komandanın belə yürüşlərdən birinə hazırlaşan Lisaneviçə verdiyi göstərişdə deyilirdi: "Bu ekspedisiya ilə onlara qarşı güclü dəhşət və dağıntılar törədin ki, bu, heç vaxt onların yadından çıxmasın. Bacardıqca çoxlu ailə əsir götürün".[34] 4 tabor və 200 atlı ilə qəfil hücum edən Lisaneviçin başçılığı ilə 10 gün ərzində İrəvanda çoxlu dinc əhali qətlə yetirildi, kəndlər dağıdıldı. 1813-cü ilin martında polkovnik Pestel İrəvan xanlığına qarşı yeni yürüşə başladı. Xeyli canlı qüvvə və 6 topla hücum edən rus qoşunları xanlığın əhalisinə ağır zərbə vurdu. Baş komandan həmin yürüşdəki "şücaətinə" görə Pestelə 11 dərəcəli Anna ordenini təqdim etdi.[34]
1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-Qacar müharibəsinin qurtarmasını bildirən müqavilə imzalandı. Müqaviləni Qacarlar tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzaladı.[35] Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.[36][37][38]
1814-cü il noyabrın 25-də İngiltərə hökuməti Qacar İranı arasında yeni bağlandı. Sazişdən sonra şah hökuməti İngiltərədən maddi və hərbi kömək alaraq, ingilis mütəxəssislərinin köməyi ilə ordusunu Avropa hərbi qaydası ilə yenidən təşkil etməyə başladı. Qacarlar bundan sonra Rusiyadan Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb etdilər. Lakin aparılan danışıqların heç bir nəticəsi olmadı.[39] Mübahisəli məsələlərin həllində razılıq əldə edilmədiyindən Rusiya imperiyası sərhəd qoşunları ilə İrəvan xanlığı arasında gərgin vəziyyət yarandı. Rusiya qoşunları Göyçə gölünün şimal və şimal-şərq hissəsindəki əraziləri işğal altında saxlamaqda davam edirdi. Rusiya komandanlığının İrəvana məxsus torpaqların geri qaytarmaması Hüseynqulu xanın onlarla münasibətlərini pisləşdirmişdi.[40]
1822-ci ilin yanvarında Üçmüəzzin katolikosu Yefrem Hüseynqulu xanın ağır vergi siyasətini bəhanə gətirərək, Qarabağda yerləşən Gülüstana gəldi. O, burada A.P.Yermolovun qəbuluna düşməklə xandan şikayət etmək qərarına gəlmişdi. Lakin baş komandan şah hökuməti ilə münasibətləri daha da gərginləşdirməkdən ehtiyat edərək katolikosu qəbul etmədi. Lakin Yefrem Üçmüəzzinə qayıtmadı və 1822-ci il iyunun 20-də katolikosluqdan əl çəkdi.[40] Hüseynqulu xanı bundan narazılığını bildirdi və katolikosun geri qayıtmasını tələb etdi. Katolikos geri qayıtmadıqda Hüseynqulu xan həm Üçmüəzzinə, həm də sərhəddə yerləşən rus qoşunlarının gözətçi məntəqələrinə hücumlar təşkil etməyə başladı. Rus komandanlığı Abbas mirzədən bu cür halların dayandırılmasını tələb etdi.[40] Hüseynqulu xanın geri çəkilməməsi və sərhəddə yerləşən rus gözətçi məntəqələrinə təzyiqlərin güclənməsi rus komandanlığını güzəştə getməyə məcbur etdi. Nəticədə, 1821-ci ildə İrəvan əhalisinə Göyçənin onlara məxsus örüş yerində mal-qara otarmağa icazə verildi. Bundan əlavə, A.P.Yermolov İrəvan xanlığı tərəfdən sərhəd xəttinin müəyyən olunması üçün danışıqlara başlamağa razılaşdı. Bu məqsədlə Təbriz hakimi Fətəli xan şah tərəfindən Tiflisə göndərildi. Danışıqlarda Rusiya tərəfi Arpaçay çayı tərəfdən Abarana məxsus Karvansara kəndindən Şörəyelə uzanan əraziləri tələb etməkdən əl çəkdi.[40]
"Hər şeydən əvvəl, Rusiya hökumətinin mühəndisləri göstərirlər ki, guya Göyçə gölünün şərq sahilləri Gəncə və Qarabağ xanlıqlarının sərhədindədir. Bilməlisiniz ki, Dərələyəzdən Eşşəkmeydana qədər ərazi, həmçinin İrəvan sərhəddi sülh müqaviləsində Gəncə və Qarabağ xanlıqları ilə qarışdırılıb. Lakin əldə olunan sənədlərdə (qəbalə), həmçinin əvvəlki şahların fərman və əmrlərinə görə, Göyçənin ətrafında yerləşən torpaqlar İrəvan ağaları tərəfindən alınıb-satılırdı. Vəziyyət belədir və siz göstərirsiniz ki, guya Göyçə və Abaran sərhədinə heç bir iddianız yoxdur, Mehri və Qapanı əldə etmək istəyirsiniz. Bu məqsədlə siz bəylərbəyi Fətəli xana elan etmisiniz ki, «əgər Abbas mirzə Göyçənin şərq tərəfini bizə güzəştə gedərsə, biz də Mehri və Qapandan imtina edəcəyik». Bu məsələ həll edilməmiş qaldı. Fətəli xan ikinci dəfə sizin yanınızda olanda danışıqlarda Şeytanağacdan Gədikbarata qədər ərazini tələb etməklə, Gil ərazisinin bir hissəsini güzəşt edərək burada siz məntəqə yaratmaq istəyirsiniz".[41] |
1825-ci ilin martında danışıqlar yenidən bərpa olundu. Danışıqlar zamanı A.P.Yermolov bir daha Qarabağ xanlığına məxsus Mehri və Qapan ərazilərini güzəştə getməklə, Göyçə gölü ətrafındakı əraziləri Rusiyaya verilməsini tələb etdi. Tərəflər yenə də, razılığa gələ bilmədilər və 1825-ci il martın 28-də Qacarlar və Rusiya arasında xüsusi akt tərtib olundu. Akta görə Qacar hökuməti sərhəd xəttinin çəkilməsində mübahisəyə səbəb olan əraziləri Rusiyaya güzəştə getmişdi. Bu ərazilərdən biri də İrəvan xanlığına məxsus Göyçə gölünün şimal və şərq sahilləri idi. Hüseynqulu xan bu sənədə qarşı olması haqqında baş komandana xüsusi məktub yazaraq narazılığını bildirdi.[40]
İrəvana məxsus torpaqların əldən çıxmasını istəməyən Hüseynqulu xan ayrı-ayrı tayfaları sərhəddə yerləşdirməklə sərhəd xəttini onların vasitəsilə gücləndirmək niyyətində idi.[42] Hüseynqulu xan Qars paşalığı tərəfdən Şörəyellə sərhəddə Qafar xanın başçılığı ilə ayrımları və talınları, Abaran sərhəddində İsmayıl xanın başçılığı ilə seyidli və ağsaqqallı tayfalarını, Pəmbək sultanlığı və Qazax distansiyaları ilə sərhəd xətti boyunca İsmayıl xanın və Mərdan xanın başçılığı ilə qarapapaq tayfasını, Göyçə mahalı tərəfdən, Şəmşəddil distansiyası, Yelizavetpol dairəsi və Qarabağla sərhəd boyunca Nağı xanın başçılığı ilə digər qarapapaqları yerləşdirmişdi.[42] Hüseynqulu xan Göyçə ətrafı Gildə yerləşən gözətçi rus dəstələrini oradan qovdu. Xana yazdığı məktubunda knyaz Sevarsamidze bu məsələyə toxunaraq öz narazılığını bildirmişdi. Lakin bu ərazilərin qanunla İrəvana məxsusluğunu bəyan edən Hüseynqulu xan onun narazılığını əsassız saymışdı.[43]
Rusiya komandanlığının Göyçə ətrafı torpaqları əldən vermək istəmədiyini görən Hüseynqulu xan ruslara məxsus gözətçi məntəqələrinə hücum etməyə başladı. 1825-ci il noyabrın əvvəlində irəvanlıların kiçik süvari dəstəsi Göyçə ətrafında yerləşən rus gözətçi məntəqəsinə qəflətən hücum etdi.[9] Burada yerləşən rus dəstələri geri çəkilsələr də, A.P. Yermolovun əmrinə əsasən, oraya topla təhciz edilmiş piyada alayı göndərildi. Bundan sonra rus qoşunu Göyçə sahilindəki gözətçi məntəqəsini yenidən geri qaytarmağa nail oldu. Belə olduqda Hüseynqulu xan hiyləyə əl ataraq polkovnik knyaz Sevarsamidze ilə danışığa girdi və ondan ancaq Göyçə ətrafında süvarilərdən ibarət gözətçilərin saxlanılmasını xahiş etdi. Polkovnik onunla razılaşaraq piyada alayını oradan çəkib apardı. Bundan istifadə edən dörd topa malik iki batalyonluq nizami İrəvan qoşunu yenidən hücuma keçdi. Lakin bu xəbəri eşidən polkovnik qoşunla geri qayıtdı.[9] A.P.Yermolovun əmrinə əsasən, Qazax pristavı polkovnik Saqinov Dilican dərəsində yerləşən keşikçi məntəqəsini gücləndirərək, bu məntəqəni irəvanlıların yaşayış məntəqəsinə daha da yaxınlaşdırdı. Balıqçay çayı ətrafında isə artilleriyası olan bir alay yerləşdirildi. 1826-cı ilin yazında isə iki piyada rus alayı Mirək kəndinə hücum edərək onu işğal etdi və burada hərbi istehkam xətti qurmağa başladı.[10] Bu hadisə tərəflər arasında münasibətləri daha da gərginləşdirdi. Hüseynqulu xan bu haqda Abbas mirzəyə xəbər verdi.[9]
Mirək kəndinin işğalı tərəflər arasındakı müharibə vəziyyətini daha da alovlandırdı. Tehrana danışıqlara göndərilmiş Menşikovun da missiyasının heç bir nəticəsi olmadı. Beləliklə, 1826-cı ilin iyun ayında ikinci Rusiya-Qacar müharibəsi başlandı.[44] Qacar qoşununun tərtib olunan hücum planına görə İran qoşunları tədricən Qarabağa doğru irəliləməli, Şuşa qalasını, sonra isə Tiflis istiqamətində hərəkət etmək üçün Gəncəni tutmalı idilər.[45] İkinci müharibədə ilk olaraq İrəvan sərkərdəsi İrəvan sərdarı Hüseynqulu xan isə Şörəyel və Pəmbəyə hərəkət edib, orada şərqdən Abbas mirzənin ümumi hücumunu gözləməli idi. Abbas mirzə Şuşanı tutduqdan sonra onlar birləşməliydilər. Gürcü şahzadəsi Aleksandr isə Qacar ordusu ilə Kaxetiyaya hücum edib şimali – şərqdən Tiflisə yaxınlaşaraq birləşib, ümumi qüvvə ilə hücuma keçməli idilər. Sol cinah istiqamətində vəziyyət daha ciddi və mürəkkəb idi. Bu istiqamətdə başlıca olaraq İrana qaçmış Şimali Azərbaycan xanları hərəkət etməli idilər.[45][46]
1826-cı il iyulun 16-da İrəvan xanının qoşunları hücuma keçərək Mirəkə, qardaşı Həsən xanın qüvvələri isə Şörəyelə daxil oldular. Xeyli itki verən rus qoşunları geri çəkildilər. İyulun 16-da İrəvan xanı 5 minlik qoşunla sərhədi keçərək Tiflis piyada alayının komandiri knyaz Seversamidzeni Mirək düşərgəsindən Gümrü məntəqəsinə tərəf geri çəkilməyə məcbur etdi.[11] Rusiya qoşunlarının əlində olan Balıqçay, Sadağaçay, Qarakilsə və başqa keşikçi məntəqələri darmadağın edildi. Həsən xanın qoşunları Gümrü yolunu nəzarətə götürdü. Beləliklə, qısa müddət ərzində Pəmbək və Şörəyel ələ keçirildi.[11] Mirzə Adıgözəl bəy bu haqda yazır: "Knyaz Səvirzə mirzə (Savarsamidze) Pənbək və Şoragildən çıxdıqdan sonra, Hüseyn xan və Həsən xan İrəvan tərəfindən gəlib, Rusiya hökumətinə aid dam-daşı yıxıb od vurdular və oralara yiyələndilər".[47] Ümumiyyətlə, Hüseynqulu xanının rəhbərliyi altında iyunun 16-dan sentyabrın 21-dək Pəmbək və Şörəyelin azad olunması uğrunda gedən döyüşlərdə 92 nəfər Rusiya əsgəri öldürülmüş, 2 zabit və 37 sıravi yaralanmış, 2 zabit və 25 sıravi əsir götürülmüşdü.[11]
A.P.Yermolov iyulun 26-da Tiflis alayının 160 nəfərdən ibarət bir dəstəsini kapitan Voronkovun başçılığı ilə Balıqçaya göndərdi. Bu dəstə oraya ərzaq və artilleriya aparırdı. İyulun 27-də onlar məntəqəyə çatmamış min nəfərdən ibarət İrəvan süvarisi tərəfindən mühasirəyə alındı. Döyüş nəticəsində kapitan Voronkovun dəstəsi irəvanlılar tərəfindən məhv edildi. Onlardan 17 nəfər yaralanaraq əsir düşdü, cəmisi 38 nəfər qaça bildi, qalanları isə məhv edildi.[48]
Kapitan Voronkovun dəstəsinin məhv edilməsi, ərzaq və sursatın irəvanlılar tərəfindən ələ keçirilməsi Balıqçayda olan rus dəstəsini çıxılmaz vəziyyətə saldı. Kapitan Pereverzyev əmri ilə Rusiya qoşunları Balıqçayı tərk etdilər. Onun əmri ilə ruslar 2 topa malik 300 nəfər piyada dəstə iyulun 28-də gecə ikən Balıqçayı tərk edərək Böyük Qarakilsə kəndinə çəkildilər. Çox qısa vaxt ərzində Hüseynqulu xanın qoşunu Böyük Qarakilsəni çıxmaqla, sərhəd boyu bütün rus gözətçi məntəqələrini ələ keçirdi. Lakin Hüseynqulu xan bu qələbəni axıra çatdıra bilmədi. Belə ki, İrəvan hakimi Göyçə ətrafında dayanaraq, Abbas mirzəni gözləməyə başladı.[48] Şahzadə Gəncəni geri alacağı təqdirdə Hüseynqulu xan qoşunu ilə onunla birləşərək, Tiflisə yürüş etməli idi. Bundan istifadə edən rus dəstələri vaxt əldə etdilər və ciddi itkilərə baxmayaraq birləşə bildilər. Beləliklə, rusların bütün qüvvəsi Böyük Qarakilsə kəndində cəmləşdi. Burada 4 batalion, 20 topa malik əlavə 3 bölük və 370 nəfərdən ibarət süvari dəstə vardı. İyulun 29-da Sevarsamidze əlavə kömək alsa da rus qoşunlarının vəziyyəti acınacaqlı olaraq qalırdı.[48] Kənd hər tərəfdən İrəvan qoşunu tərəfindən güclü mühasirəyə alınmışdı. Bir tərəfdən irəvanlıların təzyiqi, digər tərəfdən ərzaq çatışmazlığı rus qoşununu əldən salmışdı. Vəziyyətin acınacaqlı olduğunu görən A.P.Yermolov bütün qüvvələrin Cəlaloğlu qalasına çəkilməsini əmr etdi. Avqustun 1-də rus qoşunu tikililəri yandıraraq geri çəkildi.[48]
İrəvan xanına məxsus atlı dəstə 1826-cı il iyulun 14-də vaxtilə rus komandanlığı tərəfindən Tiflis yaxınlığında salınmış alman məskənini, sentyabrın 1-dən 2-sinə keçən gecə isə Həsən xan 3 min nəfərdən çox süvari dəstəsi ilə Loridə yaradılmış yunan məskənini ələ keçirdi.[12] Lakin Cəlaloğluda yerləşən 3 rus taqımı və artilleriyasının bir hissəsi onları geri oturdaraq təqib etməyə başladı. Hüseynqulu xan isə Göyçə gölü tərəfdən Şəmşəddil distansiyasına yönəldi. General Yermolov öz dəstəsilə onun qarşısını almaq üçün hərəkət etdi. Rus hərbi qüvvələri alman və yunan məskənlərini geri aldılar.[12]
1826-cı il avqustun 1-də çar I Nikolay İrəvana qarşı hərbi yürüşə başlamaq və burada iştirak edəcək qoşunların sayı barədə fərman verdi. General Yermolova göndərilmiş həmin fərmanda deyilirdi: "Təcili İrəvan sərdarı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab gözləyirəm: Tanrının köməkliyi ilə sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə tutulub - Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir". Lakin avqustun 1-də verilmiş bu göstərişi general Yermolov yerinə yetirə bilmədi. Çünki bütün Şimali Azərbaycan xanlıqları üzərində nəzarət itirildiyindən rus qoşunlarının İrəvana doğru hərəkət etməsi mümkün deyildi.[12]
Müharibənin ilk dövründə təşşəbbüsə yiyələnmələrinə baxmayaraq Qacar qoşunlarının Şəmkir və Gəncə döyüşlərindəki məğlubiyyətləri İrəvan xanlığına da öz təsirini göstərdi. Xan qoşunları geri çəkilməyə başladı. Pəmbək və Şörəyel, demək olar ki, yenidən boşaldıldı. Rus qoşunları irəliləyərək sentyabrın 21-də Cəlaloğluya gəlib çıxaraq burada düşərgə saldılar.[12]
İrəvan qoşun birləşmələri Cəlaloğlu qalasına sığınan rus hərbi dəstələri üzərinə tez-tez hücumlar təşkil edirdilər. A.P.Yermolovun əmri ilə general-mayor D.Davudov 1826-cı il sentyabrın 15-də 1000 nəfər gürcü süvarisinin müşayiətilə Cəlaloğlu qalasına göndərildi. O, qalada 3 topa malik 4 piyada bölüyü, 400 süvari qoyaraq, 12 topa malik 3 batalyon və 900 süvari dəstəsi ilə Həsən xana qarşı hücuma keçdi.[49] Yolda rus qoşununa erməni könüllüləri də qoşulmağa başladılar. Sentyabrın 19-da rus qoşunu Mirək kəndinə doğru hərəkət etdi. Həsən xan öz süvari dəstəsilə döyüşdən yayınaraq geri çəkildi. Rus qoşunlarının bu yürüşü sərhəddə yerləşən kəndlərdə böyük dağıntılara gətirib çıxardı. Həmçinin geri qayıdan rus qoşunu 8 kəndi qarət edərək tamamilə dağıtmışdı. Rus qoşunu sentyabrın 23-də Gümrüyə, 29-da isə oradan Cəlaloğlu qalasına qayıtdı.[49]
1827-ci ilin əvvəli üçün, demək olar ki, Şimali Azərbaycanın bütün əyalətlərində Qacarlar İranın orduları məğlub olaraq geri çəkildilər.[50] Habelə, I Nikolay Cənubi Qafqazda rus qoşunlarının baş komandanı Aleksey Yermolovu İvan Fyodoroviç Paskeviçlə əvəz etdi. General – adyutant İ.F.Paskeviç komandanlığı, 1827-ci il mart ayının 29-da xüsusi Qafqaz korpusunun komandan heyətini qəbul etdi.[50][51]
1827-ci il martın 26-da baron Dibiç İrəvan xanlığına hərbi əməliyyatların başlandığını elan etdi. Aprelin əvvəlində general Paskeviçin əmri ilə rus qoşunlarının ön dəstəsi general Benkendorfun komandanlığı altında, erməni arxiyepiskopu Nersesin də müşayiəti ilə İrəvana doğru hərəkətə başladı. Aprelin 11-də Benkendorf Üçkilsənin 40 verstliyində yerləşən Sudakəndə yaxınlaşdı.[52] Bu zaman ruslar üçün əlverişsiz şərait yarandı. İrəvanın bütün əhalisi Arazdan cənuba köçürülmüş, xanlığın ərazisi boşaldılmışdı; rus qoşunlarını ərzaqla təchiz etmək mümkün deyildi. Aprelin 13-də müqavimətə rast gəlmədən Üçkilsə monastırına səlib çatan rus komandanlığı[53] burada ermənilər tərəfindən təntənə ilə qarşılansa da, tezliklə ağır vəziyyətə düşdüyünü və ermənilər tərəfinədən aldadıldığını anladı. Aclıqdan əziyyət çəkən rus əsgərləri hətta bitki kökləri ilə qidalanmağa başlamışdı.[52]
Hüseynqulu xan rus qoşunlarına qarşı müqaviməti asanlaşdırmaq üçün müvafiq müdafiə hazırlığı görmüşdü. İrəvan qalası dahada möhkəmləndirilmişdi. Bu məqsədlə ingilis mühəndislərinin məsləhətlərindən də istifadə edilmişdi. Xanın əmri ilə kəndlərdən qalaya taxıl ehtiyatı daşınmışdı. Yalnız İrəvan qalasında olan qarnizon qüvvələrinin sayı 5000 nəfərə çatırdı.[54] Qalada 26 top yerləşdirilmişdi. Yerli əhalinin bir hissəsi Arazdan cənuba köçürülmüş, bir hissəsi dağlara çəkilmiş, digər hissəsi isə qalalara sığınmışdı. Məhz bu səbəbdən rus qoşununun İrəvan kəndlərindən ərzaq toplamaq cəhdləri heç bir nəticə vermədi. Digər tərəfdən, ayrı-ayrı çevik dəstələrə bölünmüş xan qüvvələri general-adyutant K.X.Benkendorfun dəstəsinə qəfil hücumlar edərək onların yürüşünə çətinlik yaradırdı.[54]
Rus qoşunlarının əraz probleminin qarşısını almaq üçün general-adyutant K.X.Benkendorf Sərdarabad qalasına hücum etməyi qərara aldı. Sərdarabad qalası xanlıqda ikinci ən böyük qala idi. Ətrafı quru xəndəklə əhatə olunan Sərdarabad qalası 22 topa malik idi. Qala qarnizonunun sayı 3000 nəfərə çatırdı.[55] Qalanın rəisi İrəvan sərdarının qardaşı Həsən xan və nəvəsi Fətəli xan idi. Sərdarabad qalasını qəfil həmlə ilə ələ keçirməyə çalışan general Benkendorf aprelin 16-da səhər 5 taqım və 4 topla qalaya hücum etsə də, yalnız axşam gizlicə qalaya yaxınlaşa bildi.[55] Lakin qaladakılar rusların gəlişindən xəbər tutdular və onlara toplardan atəş açmaqla rusları geri otuzdurmağa nail oldular. Benkendorf qaladakıların könüllü təslim olması üçün qala rəisinin yanına elçi göndərdi. Fətəli xan Benkendorfun bu tələbini rədd edərək "qalanı təslim etməkdənsə onun dağıntıları altında ölməyim yaxşıdı" cavabını verdi. Benkendorf aprelin 16-dan 17-nə keçən gecə qalanı güclü top atəşinə tutmağı əmr etdi.[55] Lakin qala qarnizonun əks zərbəsi nəticəsində heç bir nəticə əldə edilə bilmədi. Həmçinin aclıqdan əziyyət çəkən rus qoşunlarının ətraf kəndlərdən ərzaq toplamaq cəhdi də boşa çıxdı. Beləliklə, rus qoşunları aprelin 17-də yenidən Üçkilsə monastırına çəkildilər. Aprelin 23-də Tiflisdən rus qoşunlarına göndərilən ərzaqla dolu araba karvanı düşərgəyə gəlib çatdı. Bu ərzaq rus qoşunlarını yalnız 10 gün təmin edə bilərdi.[55]
Aclıq problemini müvəqqəti həll edən K.X.Benkendorf İrəvan qalasına hücum etməyi qərara aldı. Rus qoşunları müxtəlif dəstələrə bölünüb aprelin 24-də Zəngiçayı keçərək cənubi-şərq istiqamətində yürüşə başladılar. Qalaya yaxınlaşan bu alaylar onun cənubi-şərqində yerləşən "Müxənnət təpə" adlanan kurqanı ələ keçirdilər. Hüseynqulu xan rus qoşunlarının irəlilədiyini görərək qalanın cənub və şərq qapıları tərəfində yerləşən bağları əldə saxlamaq üçün piyada və süvarilərdən ibarət iki sərbaz batalyonunu oraya göndərdi. Döyüş nəticəsində İrəvan qoşunu məğlub edildi.[56] General Benkendorf iki karabiner alayını "Müxənnət təpə"də, gürcü alayını isə bağlarda yerləşdirərək, özü digər dəstələrlə qalanın cənub hissəsində düşərgə saldı. 1827-ci il aprelin 25-də podpolkovnik Aristovun başçılığı ilə "Şirvan batalyonu" qalanın qərb tərəfində yerləşən "İrakli təpəsi"ni[q 4] ələ keçirərək burada artilleriya quraşdırdı. Burada yerləşdirilmiş toplardan İrəvan qalası güclü atəşə tutulmağa başladı.[56] Günortaya yaxın atəş səngidi, "Şirvan batalyonu" düşərgəyə qayıtdı, mayor Xamutskinin başçılığı altında iki karabiner alayı isə 4 topla "İrakli təpəsi"ndə saxlanıldı. Şərq tərəfdən İrəvanın şəhərətrafı hissəsi açıq qalırdı. Burada bazar, məscid və Zəngiçaya doğru uzanan mülklər yerləşirdi. Aprelin 27-də şəhərin bu hissəsi də rus qoşunu tərəfindən ələ keçirildi. Beləliklə, həmin gün İrəvan qalası ətrafında rusların qurduqları mühasirə dairəsi qapandı [56]
Qalanın tam mühasirəsi başa çatdıqdan sonra general Benkendorf qala rəisi Sübhanqulu xan[q 5] xan vasitəsilə Hüseynqulu xanla danışıqlar aparmağa başladı. General əvvəlcə xanı pulla ələ almaq istədi, bunun nəticəsiz olduğunu gördükdə xana könüllü təslim olacağı təqdirdə onun Rusiya dövləti tərəfindən hakimiyyətində saxlanacağına və əvvəlki gəlirlərinin özünə qaytarılacağına söz verdi.[57] Lakin Hüseynqulu xan Qacar generalın təklifini qəbul etmədi. Hüseynqulu xanın əmri ilə Aprelin 29-dan 30-na keçən gecə İrəvan süvariləri Zəngiçayın üstündən keçən körpünü qoruyan düşmən gözətçi dəstələrinə qəflətən hücum edərək onlara zərbə endirdilər. Məqsəd düşmən mühasirəsini yarıb İrəvan qalasına daxil olmaq idi. Lakin rus qoşununun güclü top atəşləri bu hücumun axıradək davam etdirilməsinə mane oldu.[57]
Hüseynqulu xanın qardaşı Həsən xan Qacar mayın 7-də 4 minlik qoşunla yürüşə başlayaraq, Zəngiçayın Araz çayına tökülən yerdə düşərgə saldı. Bu xəbəri eşidən K.X.Benkendorf ilk növbədə poruçik Kotsebu İrəvan qoşunu haqqında məlumat toplamaq üçün kəşfiyyata göndərildi.[58] General isə mayın 8-də axşam 1200 nəfərlik kazak süvarisi, 1 topa malik iki bölüklə gizli olaraq irəvanlıların düşərgəsinə doğru hərəkətə başladı. Rus qoşunu səhər tezdən Zəngiçayın mənsəbinə gəlib çataraq İrəvan qoşununa hücum etdi. Qəflətən yaxalanmış Həsən xanın dəstəsi böyük itki verdi. Həsən xan Sərdarabad istiqamətində geri çəkildi.[58]
1827-ci il mayın 12-də Paskeviçin başçılığı ilə əsas rusların qüvvələrinin, habelə 500 nəfər gürcü və erməni əyanının müşayiəti ilə İrəvan istiqamətində yürüşü başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə təşkil edilən ilk erməni atlı alayı mayın 17-də İrəvan xanlığının ərazisinə doğru hərəkət etdi. İyunun 8-də Üçkilsədən İrəvan qalasına doğru yönələn Paskeviç İrəvan xanlığına məxsus qalalar haqqında kəşfiyyat məlumatları toplamağa başladı.[59]
Paskeviç İrəvan qalasının ətrafına çatanda Benkendorfun Sübhanqulu xanla danışıqlar apardığını öyrəndi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə rus qoşunlarının baş komandanı ilə görüşmək istədiyini bildirmişdi.[59] Paskeviç qalanın komendantına öz gəlişi barədə xəbər göndərəndə, Hüseynqulu xan knyaz Seversamidzeyə bildirmişdi: "Əgər söhbət qalanın təslim edilməsindən getmirsə, onda qalanın komendantına Paskeviçlə görüşməyə icazə verirəm. Əks halda bu, mənasızdır - çünki mən qalanı heç vaxt təslim etməyəcəyəm". Bundan sonra Paskeviç qala ilə bütün əlaqələri kəsməyi əmr etdi.[59]
Döyüşlərin ilk mərhələsində Paskeviç heç bir müvəffəqiyyət qazana bilmədi. Ona görə ki, bir tərəfdən şah İrəvanda ingilis silahı ilə silahlanmış qarnizon saxlamışdı, digər tərəfdən isə rus ordusunun arxasında soyğunçuluqla məşğul olan kürd tayfaları, komandanlığın diqqətini yayındırırdı. Həmçinin iqlimin sərtliyi də rus əsgərlərinə mənfi təsir edirdi. Vəziyyəti nəzərə alaraq, general-adyutant Paskeviç İrəvan qalasının mühasirəsindən müvəqqəti olaraq əl çəkdi və əsas gücünü səfərbər edərək Naxçıvan istiqamətində hücuma keçdi.[60] Baş komandan cənuba yürüşdən əvvəl mühasirə başçısı K.X.Benkendorf general-leytenant Krasovski ilə əvəz etdi. Krasovskinin başçılıq etdiyi 20-ci piyada diviziyası, Sevastapol, Krım piyada alayları, 39 və 40-cı yeger alayları, 6-cı batalyon 38 topla qalanın mühasirəsində saxlanıldı.[61]
Paskeviç Naxçıvanda müvəffəqiyyət əldə etsə də, İrəvandakı rus qoşunlarının vəziyyəti ağır idi. Havaların isti keçməsi və əsgərlər arasında yayılan xəstəliklər rus qoşunlarının vəziyyətini günbəgün ağırlaşdırırdı. Paskeviçdən İrəvanın mühasirəsindən əl çəkməyə icazə alan Krasovski iyunun 21-də[q 6] gecə yarısı Üçkilsəyə doğru geri çəkildi.[62]
Hüseynqulu xan rus qoşununun əsas qüvvələrinin geri çəkilməsindən istifadə edərək, kiçik qarnizonla müdafiə olunan Üçmüəzzin kilsəsini ələ keçirmək üçün yürüşə başladı. İyulun 2-də Hüseynqulu xan Üçmüəzzinə doğru hərəkət edərək bölgəni mühasirəyə aldı. Xan əvvəlcə kilsənin könüllü şəkildə təslim edilməsinə nail olmaq üçün danışıqlara başladı. Lakin qarnizon rəisi xanın könüllü təslim olmaq tələbini rədd etdi.[63] Mənfi cavab alan Hüseynqulu xan kilsənin ətraf aləmlə əlaqəsini kəsmək üçün bütün yol və cığırları nəzarətə götürdü. Bu xəbəri eşidən general-leytenant Krasovski iyulun 3-də Üçmüəzzinə doğru hərəkət etdi. Rus qoşununun yaxınlaşdığını eşidən Hüseynqulu xan mühasirəni götürərək İrəvan qalasına çəkildi. Avqustun 1-də isə xanın başçılığı ilə 4 min nəfərlik qoşun, habelə 6 topla Uşaqan kəndi yaxınlığında xəstələrlə dolu rusların yük arabalarına hücum edərək, onlara ağır zərbə vurdu. Lakin o, general-leytenant Krasovskinin əlavə qoşunla köməyə gəldiyini eşidərək yenidən İrəvan qalasına qayıtdı.[63]
Üçkilsədə yerləşən rus qoşunu iyulun 1-dək buranın müdafiəsini möhkəmləndirməklə məşğul oldu və qoşunun müəyyən hissəsini burada qoyaraq Üçkilsədən 35 verst aralı, Abaran çayı sahilində yerləşən Çınqıllı kəndində düşərgə saldı.[64] Rus qoşunlarını təqib edən İrəvan qoşunları isə onların düşərgəsindən 10 verst aralı Alagöz dağının ətəyində onlara nəzarət edirdi. Hüseynqulu xan Abbas mirzəyə məktub yazaraq ondan kömək istədi. Abbas mirzə öz qüvvələrini cəmləşdirib, avqustun 17-də Uşağa vuruşmasında Krasovskinin başçılıq etdiyi rus qoşunlarına ağır zərbə endirdi. Səhər saat 7-dən gündüz saat 4-dək davam edən döyüş Üçkilsənin 2 verstliyində başa çatdı.[64]
Avqustun 19-da gecə Abbas mirzə qoşunu ilə Uşaqanı tərk edərək İrəvandan 20 verst aralı, Zəngiçayın sağ sahilində düşərgə saldı. Həmin vaxt rusların gözlədiyi mühasirə üçün olan qaladağıdıcı toplar Cəngiyə gəlib çatmışdı. Avqustun 19-u axşamı general-mayor Laptev general-leytenant Krasovskinin dəstəsi ilə birləşmək üçün 4 topa malik Kabardin alayı ilə Uşaqana gəldi.[65] Artıq Abbas mirzə qoşunu ilə buranı tərk etmişdi. Avqustun 20-si səhər general-leytenant Krasovski Üçmüəzzindən çıxaraq mayorun dəstəsilə birləşdi. Paskeviç 1827-ci il avqustun 20-də İrəvana doğru hərəkət etdi. Sentyabrın 3-də rus qoşunu Gərni çaya gəlib çatarkən, Abbas mirzə Sərdarabaddan 15 verst aralıda yerləşən Qaraqala qalasına, sonra isə Makuya çəkildi. Rus qoşununun əsas qüvvələri sentyabrın 5-də Üçmüəzzinə çatdılar.[65]
1827-ci il avqustun 29-da Üçkilsədə toplaşan rus qoşunları bu dəfə Sərdarabad qalasını hədəf seçdilər. General Paskeviçin qalada çoxlu ərzaq ehtiyatının olması haqda məlumatı vardı və rus qoşunlarının gələcək yürüşünü təmin etmək üçün bu qalanın alınması zəruri idi.[66] Sentyabrın 11-də general Paskeviç birləşmiş qüvvələrlə Sərdarabada doğru yürüşə başladı və səhəri gün qalaya yaxınlaşdı. Sərdarabad qalası İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən xanın öz qüvvələri ilə müdafiə olunurdu. Sentyabrın 14-də Krasovskinin başçılıq etdiyi qoşun Sərdarabad qalasını mühasirəyə aldı.[66]
Sərdarabad qalasının qarnizonu 14 topdan və 1500 nəfərlik dəstədən ibarət idi. Sentyabrın 16-da dövrün güclü silahlarından olan mühasirə topları Sərdarabada gətirildikdən sonra vəziyyət kəskin şəkildə dəyişdi. Sentyabrın 18-də toplar qalanı bombardman etməyə başladılar.[13] Həmin gün qalaya 500 mərmi atıldı. Bombardman nəticəsində qalanın dördkünc qülləsi dağıdıldı. Aramsız atəşə məruz qalan müdafiəçilər sentyabrın 19-u saat 5-də təslim oldular. Paskeviçlə danışıqlara əsasən müdafiəçilərə təslim olmaq üçün 24 saat vaxt verildi. Eyni zamanda qalanın bombardmanı daha da gücləndirildi. Sentyabrın 19-u axşam qaranlıqda İrəvan qarnizonu qalanı tərk etdi. Beləliklə Sərdərabad qalası rus qoşunları tərəfindən tutuldu.[13][67]
Uşağa döyüşündən sonra İrəvan hakimi Hüseynqulu xan Abbas mirzə ilə birgə Araz çayını keçərək Maku qalasına çəkilmişdi. İrəvan qalasına isə Sərdərabad qalasının işğalından sonra Həsən xan Qacar başçılıq edirdi. Qacarlar İranının hərbi uğursuzluqlarına baxmayaraq, Hüseynqulu xanın İrəvandakı qüvvələri Rusiyaya müqavimət göstərməkdə davam edirdi. Paskeviçin əsas diqqəti İrəvan qalasının tutulmasına yönəldilmişdi.[68] Sərdarabadın mühasirəsindən çıxa bilən Həsən xan İrəvan qalasını möhkəmləndirməkdə idi. Sentyabrın 21-də Paskeviç mühasirə artilleriyasını Üçkilsəyə yola saldı. Ertəsi gün bütün dəstə İrəvana doğru yola düşməli idi. Sərdarabada polkovnik Xomutov komendant təyin edildi. Qala qarnizonu Krım alayından bir tabor, iki top, erməni və kazak dəstələrindən ibarət idi. Sentyabrın 23-də Paskeviçin hərbi qüvvələri İrəvan qalasının 2 verstliyində düşərgə salaraq qala divarlarından 750 sajen[q 7] məsafədə yerləşən Muğanlıtəpə kurqanını tutdu və İrəvan qalasına baxış keçirdi.[68]
Sentyabrın 25-i İrəvanın şərq tərəfində yerləşən "Müxənnət təpəsi"ndə top yerləşdirən rus qoşunu qalaya bir neçə mərmi atdı. Beləliklə, qalanın rus artilleriyası tərəfindən bombardman edilməsi başladı. Səhərisi gün qalanın şərq hissəsində yerləşən şəhər ətrafında qala divarlarından 300 sajen aralıda yerləşən təpədə yeni 6 top və 4 mortir[q 8] quraşdırıld. Sentyabrın 26-sı səhər qala həmin toplardan güclü atəşə tutuldu. Qala qarnizonu də toplardan rus qoşununa cavab verirdilər.[14] Lakin təcrübəli topçuların olmaması üzündən onların atdığı mərmilər rus qoşununu bir o qədər də narahat etmirdi. Sentyabrın 27-si gecə birinci batareyaya paralel sağ tərəfdə yeni 12, sol tərəfdə isə 6 top yerləşdirildi. Həmin gün qala 18 topdan güclü atəşə tutuldu. Atılan top mərmiləri qala divarlarını zədələdi. Lakin irəvanlılar dağılmış yeri vaxtında hörə bildilər. Səhəri günü həmin toplardan qalanın bombardmanı davam etdirildi. Top mərmiləri qala daxilində böyük dağıntı törətmişdi. Bombardman nəticəsində qalanın divarına, qüllə və tikililərə böyük ziyan dəydi və ruslara əks-cavab verən bir neçə top sıradan çıxdı.[14]
Sentyabrın 30-da qalanın mühasirəsi daha da daraldıldı. Toplar yeni, daha yaxın mövqelərə gətirildi. Qala divarları bütün mövqelərdən atəşə tutuldu. Həsən xanın əmrilə oktyabrın 1-nə keçən gecə qala müdafiəçiləri rus qoşunlarını yenidən güclü atəşə tutdu. Lakin bu təşşəbbüsün heç bir nəticəsi olmadı.[69] Oktyabrın 1-də səhər saat 8-də qalanın şərq tərəfində yerləşən qüllədən bir neçə nəfər ağ bayraq qaldıraraq, təslim olmaq istədiklərini bildirdilər. Lakin təslim məsələsinə münasibətdə qalada iki qruplaşma var idi. Qala müdafiəçilərinin bir hissəsi təslim olmaq istəsə də, digər hissəsi Həsən xanın başçılığı ilə müqavimət göstərmək fikirində idi. Ağ bayraq qaldırılsa da qalanın bir sıra yerlərində müqavimət davam edirdi.[70]
İrəvan qalasından hər cür qaçışın qarşısını almaq üçün rus komandanlığı butün çıxışları nəzarətə götürməyi qərara almışdı. Qalanın şimal qapısı tərəfdə Zəngiçay üzərində bir ulan[q 9] diviziyası və 100 kazak dəstəsi yerləşdirilmişdi. İki bölük yeger dəstəsi isə qərb tərəfdə qaladan çıxışı nəzarətə götürmüşdü.[70] Bundan əlavə, rus qoşunu qalanın çöl qapısının qarşısında olan xəndəyi təmizləyərək içəridə olan qapıya yaxınlaşmışdı. Azərbaycan türkcəsində irəvanlıları təslim olmağa çağıran Belov buradaca şəxsən Həsən xanın açdığı tüfəng gülləsindən öldü. Rus qoşunu qalanın bombardmanını daha da gücləndirdi. Bombardman nəticəsində qalanın qapısı sıradan çıxdı və rus qoşunu qalaya daxil ola bildi.[70]
200-dək əyanla qaladakı məscidlərin birinə çəkilən Həsən xan Qacar müqavimət göstərməkdə yenə də davam edirdi. Axşama yaxın İrəvan qalası işğalçıların əlinə keçdi. Həsən xan Qacarla bərabər qalanın Komendantı Sübhanqulu xan, xüsusi tabor komandiri Qasım xan, Mərəndli Cəfərqulu xan, Təbrizli Əlimərdan xan, Əhərli Aslan xarı Fətəli xan və başqaları ələ keçirildilər. Beləliklə, İrəvan qalası 13 oktyabrda işğal edildi.[15]
İrəvanın işğalından sonra rus qoşunu cənub istiqamətində yürüşə başlayaraq, Xoy, Mərənd, Səlmas, Marağa və digər yerlər də daxil olmaqla Təbrizə qədər əraziləri işğal etdi.[71] Rus qoşununu paytaxta yürüş edəcəyindən qorxan Qacar hökuməti danışıqlara başlamağa məcbur oldu. Uzun danışıqlardan sonra 1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Türkmənçay kəndində Rusiya ilə Qacar dövləti arasında 16 maddədən ibarət müqavilə imzalandı.[72] Bu müqavilənin üçüncü bəndinə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyanın ixtiyarına keçdi.[73][74][75][76]
İrəvan xanlığı işğal olunduqdan sonra Qacar şah sarayına getmiş Hüseynqulu xanın sonrakı taleyi haqqında məlumatlar çox azdır. A.Qriboyedovun 1828-ci il sentyabrın 23-də qraf Paskeviçə yazdığı məktubu xanın sonrakı həyatını öyrənmək üçün dəyərli məlumatlardan biridir.[77] Məktubda göstərilirdi ki, "İrəvanın keçmiş sərdarı Xorasanın hakimi təyin olunub, bu zərərli adamın bizim sərhəddən uzaqlaşmasına yetərincə sevinməmək mümkün deyil. Ümumiyyətlə, yazırlar ki, üsyan şahın oğlu Həsənəli mirzənin zülmünə qarşı olmuşdu. Ümid edirlər ki, sərdarın gəlməsilə tezliklə sakitlik bərqərar olunacaqdı". Həmçinin İrəvandan əlavə, Qəzvin şəhəri ətrafında da Hüseynqulu xana məxsus kəndlər olmuşdu.[77] İrəvan qalasının işğalından 4 il sonra 1831-ci ildə vəfat etmişdir.[4]
İrəvan xanlığından ixrac olunan mallar əsasən kənd təsərrüfatı məhsulları idi. Bu məhsullar içərisində buğda və arpa istehsalı başlıca yer tuturdu. İrəvan ətrafındakı bölgələr, Qırxbulaq, Sərdarabad, Şörəyel, Pəmbək taxıl istehsalı ilə məşhur idi. Əkin sahələri əsasən yazlıq və payızlıq olurdu.[78] Taxıl məhsulları dağlıq yerlərdə əsasən payızda, aran yerlərində isə yazda əkilirdi. Hüseynqulu xan Qacarın zamanında İrəvan xanlığında hər il 34. 185 xalvar[q 10] buğda, 11.500 xalvar arpa, 12 xalvar kətan toxumu, 24 xalvar küncüt istehsal olunurdu.[78]
Hüseynqulu xan isə pambığı tamamilə öz inhisarına almışdı. Onun fərmanına əsasən, pambıqçılıqla məşğul olan sadə kəndlilər, bəylər və mülkədarlar bu məhsulu yalnız xana satmalı idilər. Xan pambığı onlardan hər xalvarını 0, 1 tümənə[q 11] alırdı. O, əhalidən ucuz qiymətə aldığı pambığın bir xalvarını 12 tümənə sataraq küllü miqdarda gəlir əldə edirdi. Bu dövrdə əhali hər il orta hesabla 2100 xalvar pambıq yığırdı.[79]
İ.Şopen yazır ki, duza tələbat çox olduğundan Qulp[q 12] dağının ətəyində bir-birindən 50 sajen məsafədə yerləşən iki mədən fəaliyyət göstərirdi. Bu mədənlərə nəzarət etmək üçün Hüseynqulu xan Qacar özünün yaxın adamlarından üç nəfər ayırmış və onlara yaxşı məvacib təyin etmişdi. İ.Şopen Hüseynqulu xanın dövründə duz istehsalından külli miqdarda - ildə 14.000 gümüş rubl dəyərində gəlir əldə edildiyini yazırdı.[80]
Hüseynqulu xanın vəziri Mirzə İsmayılın rus məmurlarına verdiyi vergi siyahısı üzrə müəyyən edilmişdi. Lakin bu məlumatın dəqiqliyinə şübhə edildiyindən, 1829-cu ildə yenidən ümumi gəlir haqqında yoxlama keçirilmiş və çox az fərqli nəticə əldə olunmuşdu. Belə ki, vəzir Mirzə İsmayılın vergi cədvəlinə əsasən, Hüseynqulu xanın dövründə dövlət xəzinəsinə hər il vergi kimi gələn kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 305.218 rubl, 51 qəpik, 1829-cu ildə keçirilən kameral təsvirə görə isə bu növ verginin məbləği 314.027 rubl 4 qəpik olmuşdu.[81] 1813-cü ildə İrəvanda olan ingilis səfirliyinin katibi Moryer də ildə xəzinəyə daxil olan verginin ümumi miqdarı haqqında məlumat vermişdi. O, verginin miqdarını belə göstərmişdi: hər iki növ pul vergisi 150.000 tümən, rəhdar vergisi 12.000 tümən, duzdan 6.000 tümən, şahın fövqəladə vəziyyətlə əlaqədar verdiyi xərc 6.000 tümən və sərdarın özünün məvacibi 600 tümən. Yekunda bütün xanlığın ümumi gəliri 174.000 tümən və yaxud 696.000 gümüş rubl təşkil etmişdi.[81]
İrəvan xanlığının ərazisi əvvəllər inzibati cəhətdən 12 mahala bölünmüşdü. Sonralar Hüseynqulu xan Qacar daha 3 yeni mahal yaradaraq mahalların sayını 15-ə çatdırdı. Xanlıq mahallara bölünərkən xanlıq ərazisindəki suvarma sistemindən bütün mahalların istifadə edə bilməsi nəzərə alınmışdı. Bu da xanlıq ərazisində kənd təsərrüfatının inkişafı üçün həlledici əhəmiyyətə malik idi.[82]
XIX əsrin əvvəlində Hüseynqulu xan dövründə tikilmiş və Qacar şahzadəsinin şərəfinə Abbas mirzə məscidi adlandırılmışdı. İrəvanın Rusiya imperiyası tərəfindən işğalından sonra ruslar tərəfindən silah anbarına çevrilmişdi.[83][84]
İrəvan xanlığının ikinci böyük qalası olan Sərdarabad qalasının Hüseynqulu xanın əmri ilə 1810-cu ildə tikilməsinə başlanılmış, 1815-ci ildə isə onun tikilməsi başa çatdırılmışdı.[85] Qala Arazın sol sahilində, dördbucaqlı formada düzən yerdə salınmışdı. Dairəsi 4 verst, üç tərəfdə qülləsi olan, çiy kərpicdən tikilmiş bu qala ikiqat divarla əhatə olunmuşdu. Çöl divarı daha qalın və hündür idi. Qüllələrdən 6-ı çöl, 4-ü isə iç divarda yerləşirdi. Qalanın cənub tərəfi birqat divara malik idi.[17] Bu tərəfdə salınmış bağ geniş və sıx olduğundan qalaya yaxınlaşmaq çətin olurdu. Bütün hərbi qalalarda olduğu kimi, Sərdərabad qalasının ətrafı da xəndəklə əhatə olunmuşdu. Qalada xan sarayı və 700 ev vardı. Burada 22 top və 3 min nəfərlik qarnizon saxlanılırdı. Qalanın rəisi Həsən xan idi. Həsən xan qalada olmadıqda onu nəvəsi azyaşlı Fətəli xan əvəz edirdi.[17]
Qalaya Araz çayından çəkilmiş su kanalı buranı həm suvarma suyu, həm də əhalini içməli su ilə təchiz edirdi. Bundan əlavə, mühasirə dövründə bu kanalın qarşısını kəsmək və yönünü dəyişmək mümkün olduğundan, hər etimala qarşı bir neçə quyu və çarhovuz kanalın suyu ilə doldurularaq ehtiyat saxlanılırdı.[17]
Hüseynqulu xan həmçinin İrəvan qalasının memarlığı üçün də bir sıra işlər görmüşdür. Xarici hücumlar zamanı qala tez-tez qala təmir edilir, habelə təkmilləşdirilirdi. Fransa və İngiltərə Qacarlarla bağlanmış müqavilələrə uyğun olaraq öz mütəxəssizlərini qalanın təkmilləşməsi üçün göndərmişlər.[21][31]
Müharibələr dövründə hərbi əməliyyatların getdiyi ərazilərdə meyvə bağlarına güclü ziyan dəysə də, İrəvan hakimləri bu sahənin inkişafına xüsusi fikir verirdilər. Onlar bağ sahələrini genişləndirir və bu sahələri müxtəlif ölkələrdən gətirilmiş meyvə ağacları ilə zənginləşdirirdilər. Sonuncu İrəvan hakimi Hüseynqulu xan İrandan və Hindistandan meyvə ağacları gətizdirmişdi. Xana və xəzinəyə məxsus bağlara bağbanbaşı nəzarət edirdi. O, həmişə bu bağların abadlığına diqqət edər, müəyyən fəsillərdə ağaclar və güllər əkərdi.[86]
Rusiya yazıçısı və diplomatı Aleksandr Sergeyeviç Qriboyedov Rusiyanın İrandakı nümayəndəliyinin katibi kimi, 1819-cu ilin fevralında İrəvan xanının sarayında olmuşdur. Hüseynqulu xan mövcud ənənəyə görə, qonaqların şərəfinə ziyafət təşkil etmişdir.[87] Qriboyedov Hüseynqulu xanın qonaqları qəbul etdiyi Güzgülü salonu ətraflı təsvir etmişdir. O, salonun döşəməsinin bahalı, naxışlı xalçalarla döşəndiyini, tavanının və salonunun divarlarının yapon naxışları ilə bəzədildiyini, bütöv divar boyu olan pəncərəsinin çərçivəsinin şəbəkə üslubunda işləndiyini və onlara rəngli şüşələrin pərçimləndiyini, salonun girişi ilə üzbəüz buxarının yerləşdiyini, qabarıq şəkilli tavanın kiçik güzgü parçaları ilə örtüldüyünü, bütün divarların iki cərgə ilə şəkillərlə bəzədildiyini yazır. Hüseynqulu xanın dövründə saray müasir görkəmə malik idi.[87]
Saray kompleksi 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı təmir edilmiş və ona bir sıra yeni tikililər əlavə edilmişdir. Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Əbdürrza Xan sarayının divarlarındakı rəsmləri 1815-ci ildə tamamlamışdır.[16]
İrəvan xanlığının süqutundan sonra Mirzə Qədim İrəvani tərəfindən Sərdar sarayının divar rəsmlərini bərpa edilmişdir. Mirzə Qədim İrəvani 1825-ci ildə, Hüseynqulu xanın hakimiyyəti dövründə İrəvanda anadan olmuşdur. Burada rəssam sarayın otaqlarını, xüsusən güzgülü zalın divarlarını bəzəyən köhnə dekorativ pannoları və süjetli kompozisiyaları yenidən bərpa etməklə bərabər, bir neçə orijinal əsər, o cümlədən konkret tarixi şəxslərin portret təsvirlərini çəkmişdir. Bu portret Fətəli şahın, Abbas mirzənin, Həsən xanın və Hüseynqulu xanın rəsmləri daxildir.[87]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.