From Wikipedia, the free encyclopedia
Con Lennonun qətli — bazar ertəsi, 8 dekabr 1980-ci ildə Nyu Yorkda, Con həyat yoldaşı Yoko Ono ilə birlikdə səsyazma studiyasından qayıtdığı zaman, yaşadığı binanın girişində pərəstişkarı Mark Çepmen tərəfindən törədilib. Britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, rəssam, yazıçı, beynəlxalq şöhrətli "The Beatles" qrupunun yaradıcılarından biri, XX əsrin məşhur müğənnisi olan Con Lennonun qətl zamanı 40 yaşı var idi.[1][2][3]
Con Lennonun qətli | |
---|---|
Hücum yeri |
Manhetten, Nyu York |
Hücum hədəfi | Con Lennon |
Vaxt |
10:50 pm, 8 dekabr 1980 (Şərqi saat qurşağı) |
Silah | Revolver |
Həlak olanlar | 1 |
Qatil sayı | 1 |
Qatillər | Mark Çepmen |
Lennon Ruzvelt xəstəxanasına gətirilərkən artıq ölmüş elan olunmuşdu. Ölümünə səbəb kimi şok və çoxlu qan itirmə göstərilib. Xəstəxanadan bildirilib ki, belə xəsarətlər aldıqdan sonra bəlkə də, heç kim bir neçə dəqiqədən artıq yaşaya bilməzdi. Tezliklə yerli radiostansiyalar baş verənlər barədə məlumat verib, bundan sonra Ruzvelt xəstəxanasının yanında və Lennonun yaşadığı binanın önündə insanlar dəstə-dəstə toplaşmağa başlayıb. Conun cəsədi 1980-ci il dekabrın 10-da Qrinburqda, Fernkliff qəbiristanlığında kremasiya olunub və külü Yoko Onoya verilib, o isə öz növbəsində Con üçün dəfn mərasimi keçirməmək qərarını qəbul edib. Lennonun ölümü barəsində geniş ictimaiyyətə ilk məlumatı ABC kanalında "Monday Night Football" verilişinin yayımı zamanı idman jurnalisti Hovard Kosell verib.
Conun qatili Mark Çepmen 24 avqust 1981-ci ildə keçirilmiş məhkəmədə yalnız 20 ildən sonra əfv olunma məsələsinə baxılması şərti ilə ömürlük həbs cəzasına məhkum edilib. 2000-ci ildən başlayaraq Mark Devid Çepmen vaxtından əvvəl şərti olaraq azad olunma hüququna malikdir, lakin onun azad olunması ilə bağlı müxtəlif illərdə keçirilən dinləmələrin hamısı nəticəsiz keçib. 2014-cü ilin avqustundakı dinləmələr zamanı üç nəfərdən ibarət komissiya üzvləri hesab ediblər ki, Lennonun qatili azadlığa buraxıla bilməz, çünki o, hələ də ətrafdakılar üçün təhlükə törədir və yeni cinayətlər törədə bilər.
Dekabrın 8-də Rolling Stone jurnalının fotoqrafı Enni Leybovitz fotosessiya etmək üçün Lennonların mənzilinə gəlib.[4] Leybovitz Cona söz verib ki, onun Ono ilə birgə şəkli jurnalın üz qabığına düşəcək, halbuki fotoqraf əvvəlcə yalnız onun tək şəklini əldə etmək istəyirdi.[5] Enninin xatirələrinə görə: "Heç kim onu (Ono) üz qabığında görmək istəmirdi", lakin Con üz qabığında onların birlikdə şəklinin olmasını təkid edirdi.[6] Leybovitz çəkilişlər bitdikdən sonra 3:30-da mənzili tərk edib.[4] Fotosessiyadan sonra Lennon və Yoko öz mənzillərində, Deyv Şolin, Lori Key, Ron Hummel və Bert Kinə RKO Radio Network musiqili şousu üçün Con üçün sonuncu olacaq müsahibəsini veriblər.[7] Con və Yoko saat 5:40 radələrində evdən çıxıblar, onlar limuzinə minərək Record Plant Studio səsyazma studiyasına "Walking on Thin Ice" (Ononun mahnısı, Lennonun solo-gitara müşayiəti ilə) mahnısının yazılışlarına getməli idilər.[8][9]
Lakin Limuzin gəlməyib, Con və Yoko studiyaya RKO Radio Network komandasının avtomobili ilə gedəsi olublar.[4] Onlar avtomobilə oturmazdan əvvəl küçədən keçən bir neçə nəfər Lennondan avtoqraf istəyib (Conun pərəstişkarları müğənninin yaşadığı binanın önündə tez-tez onunla söhbət etmək və ya avtoqraf götürmək üçün gözləyirdilər[10]) — bu dəfə Mark Çepmen də onların arasında olub.[11]
Honolulu, Havay ştatından olan 25 yaşlı gözətçi Çepmen, qətl törətmə planlarına qətlin baş verdiyi andan üç ay əvvəl başlayıb.[12] O, əvvəlcə həmin il oktyabrın sonunda (Double Fantasy albomunun buraxılışına qədər) Lennonu öldürmək üçün Nyu-Yorka gəlmişdi, səfər xərclərini və dostundan silah ala bilmək üçün o, Norman Rokvellin "Üçqat avtoportret" litoqrafiyasını satıb.[13][14] Lakin Nyu-Yorkda ona lazım olan patronları qanuni şəkildə almaq mümkün olmadığından, o, noyabrın 5-də Atlantaya uçası olub. Bir neçə gündən sonra o geri qayıdıb, amma "Adi adamlar" filminin təsiri altında Lennonun həyatına qəsd etmək fikrindən daşınıb və noyabrın ortalarında Havay adalarına qayıdıb. Çepmen öz planları barəsində həyat yoldaşı Qloriya Hirokiyə (Lennonun qatı pərəstişkarı olduğundan Mark da onun kimi milliyyətcə yapon[15] olan xanımla evlənib) danışıb, lakin o, deyilənləri ciddi qəbul etməyib və onu müalicə olunmaq üçün psixiatra müraciət etməsini məsləhət görüb, hətta bundan sonra Mark psixiatr ilə görüş təyin edib.[16][17] Lakin sonda o yoldaşını, silahlarından xilas olduğunu, qətl törətmək fikrindən daşındığını və Nyu Yorka uşaq kitabı yazmaq üçün getdiyinə inandırmağı bacarıb.[18] O, Nyu-Yorka 6 dekabrda cinayətə iki gün qalmış qayıdıb.[14][17]
Təsvir edilən gecə Çepmen kömək üçün həvəskar-fotoqaf, onun kimi eks The Beatles qrupunun pərəstişkarı olan Pol Horeşə Lennondan avtoqraf almaq üçün kömək istəmiş və ona 50 dollar pul vermişdir ki, Conla onun birgə şəklini çəksin, çünki onun sözlərinə görə, əks təqdirdə Havay adalarında ona heç kim inanmazdı. Lennon, Yoko və RKO Radio Network komandası onun yanından keçdiyi an, gələcək qatil Double Fantasy albomunun nüsxəsini və qələmi sakitcə Cona uzadıb. Con gülümsünüb və nümunəyə "John Lennon, December 1980" yazıb.[19] Conun: "Bu siz istədiklərinizin hamısıdırmı?"[Ş 1] sualına Çepmen "Bəli. Çox sağol, Con"[Ş 2] cavabını verib.
Bundan sonra o, hətta Lennonlar ailəsinin dayəsi olan Helen Simen ilə birgə evə qayıdan Lennonun beş yaşında olan oğlu Şona yaxınlaşıb. Çepmen onun əllərinə toxunub və söyləyib ki, bu görüş onun üçün şərəf idi.[20][17] Axşam saat 8-də fotoqraf Pol Horeş bildirib ki, o evinə — Nyu-Cersiyə qayıtmalıdır, çünki aydın idi ki, Lennonlar yalnız gecə yarısına yaxın geri dönəcəklər. Çepmen ondan qalmağını xahiş edib və söyləyib ki: "Mən gözləyəcəyəm. Sən heç vaxt bilmirsən ki, onu yenə görəcəksən". Pol Horeş işarədən anlamayıb, Mark isə qapıçı Xose Perdomo ilə söhbət edərək Lennonları gözləməyə davam edib.[21]
Təxminən saat 22:30-da "Walking On Thin Ice" mahnısı üzərində dörd saatlıq işdən sonra Lennonlar studiyanı tərk ediblər. Evə qayıdarkən onlar yolüstü Stage Deli restoranında qəlyanaltı etmək istəyiblər, ancaq sonradan fikirlərini dəyişiblər, belə ki, onlar ilk öncə evə qayıtmaq və Şona şirin yuxular arzulamaq qərarını veriblər.[4][22] Lennona onunla şəkil çəkdirmək və ya avtoqraf götürmək üçün uzun müddət onu gözləyən pərəstişkarlarına yarınmaq xoş gəlirdi. Belə ki, o, ölümündən iki gün əvvəl BBC Radio 1 və Endi Piblza olan müsahibəsində bildirib ki, insanlar ona yaxınlaşıb avtoqraf istəyir və ya sadəcə "Salam" verirlər, lakin bu zaman sataşmır və yormurlar.[4] Lennonlar Limuzini yaşadıqları binanın qorunan həyətində tərk etmək əvəzinə, onu düz 72-ci küçədə tərk ediblər.[23]
Con Yokonun bir az arxası ilə gəlirdi. O, Çepmenin yanından keçərkən ona gözucu baxmış və yoluna davam etmişdir.[24] Bir neçə saniyə sonra Lennonlar binanın girişindəki tağa yaşınlaşarkən, Mark cəld şəkildə özünün 38 kalibrlik Charter Arms revolverindən Cona beş dəfə atəş açıb.[4]. Həmin gecə Nyu-York polis detektivi Ceyms Sallivanın verdiyi ərizə əsasında bir çox radio, televiziya və qəzetlər öz reportajlarında bildiriblər ki, Çepmen atəş açmamışdan əvvəl Conu "Cənab Lennon" deyə səsləmiş və atəş vəziyyətini almışdır.[25] Sonradan Çepmen özü bildirib ki, atəş açmamışdan əvvəl Conun soyadını necə söylədiyini xatırlamır,[26] ancaq atəş vəziyyəti almasını o, 1992-ci ildə Barbara Voltersə müsahibəsində təsdiqləyib.[27] Birinci güllə Lennonun başının üstündən keçib və binanın pəncərələrindən birinə dəyib, iki güllə kürəyinin sol hissəsinə, qalanları isə onun sol çiyninə dəyib. Güllələrdən ən azı biri Conun aortasına dəyib.[22] O çətinliklə altı addım ataraq binanın qəbul otağına yaxınlaşıb və "Mən güllələnmişəm"[Ş 3] deyərək, əlindəki Yoko ilə olan yekun studiya səsyazmalarını yerə salaraq yıxılıb.[4][21][22] Konsyerj Cey Qastinqs əvvəlcə Cona turna ilə müdaxilə etmək istəyib, amma bunun faydasız olduğunu başa düşüb, bundan sonra o, Conun qana bulaşmış köynəyini cırıb və öz jaketi ilə Lennonun sinəsini örtüb, daha sonra isə Conun qanlı eynəklərini çıxararaq polisə zəng etmək qərarına gəlib.[28][4].
Bu zaman binanın çöl tərəfində qapıçı Xose Perdomo tapançanı qatilin əlindən vurub salaraq onu itələyib. Çepmen şlyapasını və paltosunu soyunaraq səkiyə əyləşib: O bilirdi ki, polis tezliklə gələcək və özünün silahsız olduğunu göstərmək istəyirdi. Perdomo onun üstünə qışqıraraq: "Bilirsən, sən nə etdin?"[Ş 4] deməsinə, o sakitcə: "Bəli, mən indicə Con Lennonu güllələdim"[Ş 5] cavabını verib. O, heç gizlənməyə belə çalışmayıb, baxmayaraq ki bir küçə aralıqda metroya giriş olub.[21] Hadisə yerinə ilkin olaraq gəlmiş polislər, çağırış zamanı Brodvey ilə 72-ci küçənin kəsişməsində olan, Stiv Spiro və Piter Kallen olub. Onlar gəldikdən sonra ilk növbədə qatili həbs etməli idilər. Polislər ilk olaraq səhvən cinayətkarın həmin an dizi üstə qan içində dayanmış Cey Hastinqs olduğunu sanıblar, amma digər qapıçı Hastinqsin yerli işçi olduğunu bildirib və polislərə Çepmeni işarə edib. Çepmen həmin an 72-ci küçənin səkisində əyləşərək titul vərəqində "Holden Kolfildə. Holden Kolfilddən. Bu mənim ifadəmdir"[Ş 6] sözləri yazılmış Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" kitabını oxuyurdu.[22][29] Spiro və Kallen onu saxlayıb və üzü divara dayayıblar. Çepmen müqavimət göstərmirdi, yalnız onu vurmamağı xahiş edib ki, buna da Kallen: "Heç kim sizə ağrı vermək fikrində deyil. Əllərinlə divara söykən, ayaqlarını isə ayrılıqda tut" cavabını verib.[Ş 7] Çepmenin üzərində axtarış zamanı polislər yalnız açar, yuxarıda qeyd olunmuş kitab və içərisində 2000 dollar olan pul kisəsi aşkar ediblər. Stiv ona qandal taxıb, binanın liftçisi isə, Kallenə kolluqda Lennonun imzalamış olduğu Double Fantasy albomunun nüsxəsi ilə bir yerdə olan silahı gətirib.[4]
Bir neçə dəqiqə sonra cinayət yerinə 82-ci küçədən, 20 saylı polis məntəqəsindən olan ikinci patrul maşını gəlib. Polislər Bill Qembl və Ceyms Moran onların həmkarlarının şübhəlini nəzarətdə saxladığını gördükdən sonra Con tərəfə cumublar. Yokonun xahişlərinə baxmayaraq Qembl, yaraların nə dərəcədə ciddi olmasını müəyyənləşdirmək üçün Conun bədənini çevirib və soruşub: "Adınız nədir"?[30] Con tərəddüdlə cavab verib: "Lennon". Onun vəziyyəti get-gedə pisləşirdi, Qembl Morana təcili yardımı gözləməyin düzgün olmadığını və yaralını özlərinin xəstəxanaya çatdırmalı olduqlarını bildirib. Ceyms Lennonun ayaqlarından, Bill isə qoltuğundan tutaraq onu öz maşınlarına qədər aparıb və arxa oturacağa uzadıblar.[31] Moran sükan arxasına keçərək qəza işıqlandırılması və sirenanı yandırıb, Qembl isə arxa oturacaqda Conla qalıb. Moran avtomobili 80 km/s sürətlə ən yaxınlıqda yerləşən hospitala, 59-cu küçədəki Ruzvelt xəstəxanasına sürüb. Cinayət yerindən xəstəxanaya qədər olan məsafə 14 məhəllə, hardasa 800 metrdən bir qədər çox məsafə təşkil edirdi. Moran ratsiya vasitəsilə xəstəxana işçilərinə onların gəlişinə qədər təcili xərək hazırlanmasının zəruriliyi barəsində məlumat bildirib.[4]
Bu arada Qembl, Lennonu ayıq saxlamağa çalışaraq, ondan soruşmağa başlayıb: Əminsən ki, sən Con Lennonsan? Con "mən" söyləyərək, daha artıq huşunu itirməyə başlayıb. Qemblın növbəti: "Özünüzü necə hiss edirsiniz?" sualına Con: "Mən ağrı içindəyəm" cavabını verib.[4]
Polis zabiti Entoni Palmer və Conun həyat yoldaşı Yoko Ononunda içərisində olduğu digər polis avtomobili onların ardınca gedirdi, Yoko baş verənlərə inana bilməyərək qışqırmağa davam edirdi. Üç dəqiqə sonra Conun olduğu polis maşını xəstəxanaya çatdı, burada tez bir şəkildə Conu təcili yardım şöbəsinə aparıblar. Əməliyyata təcili yardım üzrə xəstəxananın birinci həkimi Stefan Linn rəhbərlik edirdi. Yoko Şonun necə olması barəsində yaşadıqları evə zəng edib məlumat alarkən, həkimlər Conun yaşaması uğrunda mübarizə aparırdılar. Əməliyyat zamanı Conun nəbzi yox idi və o, nəfəs almırdı, amma həkim Linn və daha iki yüksək ixtisaslı həkim 20 dəqiqə ərzində əməliyyat aparıblar. Onlar Conun qan dövranını bərpa etmək üçün, onun döş qəfəsini açaraq birbaşa ürək masajı ediblər.[4][32]
Qanköçürmə, əməliyyat və xəstəxana personalının cəhdlərinə baxmayaraq Conun həyatını xilas etmək mümkün olmayıb. Həkim Stefan Linn Conun Ruzvelt xəstəxanasına gətirilərkən, 8 dekabr 1980-ci il saat 23:07-də artıq ölmüş olduğunu elan edib.[4][32] Bu zaman xəstəxanada radio ilə "The Beatles"ın "All My Loving" mahnısı səslənməkdə idi.[28][33] Yokoya ərinin ölümü barədə məlumat saat 23:15-də verilmişdir.[4][32] Linn Yokoya söyləyib: "Onun heç bir şansı yox idi. Biz sizin ərinizin xilası üçün heç nə edə bilmədik. Düşünürük ki, birinci güllə onu öldürüb. Belə ki, güllə Conun sinəsini parçalayıb və başlıca arteriyasına düzəlməz zərərlər verib".[Ş 8][4] Bundan sonra Yoko hönkürərək: "Ah, yox, yox, yox"[Ş 9] sözlərini təkrar etməyə başlayıb. O, yalnız tibb bacısının ona Conun nişan üzüyünü verməsindən sonra sakitləşib. Yoko xəstəxanada olanlardan Conun ölüm xəbərinin yayılmasının 20–25 dəqiqə gecikdirilməsini xahiş edib. O, bu addımını oğlu Şonun hələ yatmayaraq televizora baxması ilə izah edib və əlavə edib ki: "İstəməzdim ki, oğlum atasının ölüm xəbərini televiziyadan eşitsin". Bununla belə, bu xahiş ABC[28] telekanalı tərəfindən pozulmuşdur. Yoko xəstəxananı sarsıdılmış şəkildə Devid Qeffen, Cek Duqlas və polis əməkdaşı ilə birlikdə tərk edib.[4]
Nyu Yorkun məhkəmə tibbi ekspertizasının başçısı Elliot M Qross ertəsi gün Conun meyitinin yarılma prosesini yerinə yetirib. Ekspertiza Conun şokdan və çoxlu qan itkisindən öldüyünü müəyyən edib. Dörd ekspansiv güllə (hansılar ki, canlı bədənə dəydiyi zaman öz formasını dəyişərək ləçəklər şəklində açılır və bunun hesabına tez bir şəkildə yavaşlayaraq[34] ani ağrılı şok doğurur[35]) Conun daxili orqanlarına, o cümlədən sol ağciyərinə və aortasına ciddi şəkildə zərər vurub. Bundan başqa, şok həm də orqanların kifayət qədər qan və oksigen ala bilməməsinə səbəb ola bilərdi.[36][32][37]
Həkimlər Conun həyatını xilas etməyə çalışdıqları müddətdə, təcili yardımın qonşu bölməsində bir az əvvəl öz motosikletində qəzaya uğramış, ABC kanalının gənc jurnalisti yerləşmişdi. O, əməliyyat olunan adamın Con Lennon olduğunu bildikdən sonra, axsayaraq tələsik telefon köşkünə gedib və gördükləri barədə ABC xəbərlər şöbəsinə məlumat verib. Orada öz növbəsində xəbər kanalın rəhbərliyinə qədər gedib çatıb. Həmin axşam ABC kanalında Monday Night Football verilişi yayımlanırdı (Milli futbol liqasının canlı efiri): "Miami Dolphins" və "New England Patriots" klubları arasında qarşılaşma (hesab həmin ana qədər 13:13 idi). Qarşılaşmada fasilə zamanı şərhçi Hovard Kosell görüşü şərh edən digər şərhçi Frenk Hifford ilə danışaraq Conun ölümü barəsində xəbəri ilk dəfə geniş ictimaiyyətə elan edib.[28][38] Yoko Ononun xoşbəxtliyindən, bu zaman Şon Monday Night Football verilişinə baxmırdı və Yokonun istədiyi kimi o, atasının ölümü haqqında məlumatı televiziyadan almayıb.[38]
Monday Night Football verilişinin canlı yayımı zamanı görüşü şərh edən iki şərhçidən biri olan Frenk Hifford digər şərhçi Hovard Kosellə səslənərək ona bildirib: "Hovard, vacib deyil indi orada – meydanda nə baş verir, sən gərək bizim indicə mətbuat lojasında öyrəndiyimiz xəbəri deyəsən". Kosell cavab olaraq bildirib ki: "Hə, deməliyəm. Yadda saxlayın ki, bu yalnız futbol oyunudur, vacib deyil ki, kim qalib gəldi və ya məğlub oldu. Bizə son dərəcə böyük faciə ilə bağlı məlumatı Nyu-Yorkdakı ABC News məlumat verib: Yəqin ki, "The Beatles" qrupunun bütün iştirakçıları arasında ən məşhuru olan Con Lennon, Vest-Saydda yerləşən evinin qarşısında iki güllə yarası alıb, təcili olaraq Ruzvelt xəstəxanasına göndərilsə də, xəstəxanaya çatmamış yolda dünyasını dəyişib".[32]
Sonralar Kosell xatırlayırdı:
Monday Night Football yayımının sonuna yaxın mənim prodüserim Bob Hudriç bildirdi ki: "Runi Arlic indicə mənə zəng edib və bildirib ki, Con Lennon güllələnib və təcili xəstəxanaya yerləşdirilib. ABC News tərəfindən təfərrüatları gözləyirik". Mən buna inana bilmirdim. Hudriç sonra mənə dedi ki, Con xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mən çox pis olmuşdum. Biz overtayma yaxınlaşan futbol oyunun qızğın yerindəydik və mən özümlə mübarizə aparırdım, bilmirdim ki, bu təcili xəbəri televiziya vasitəsi ilə çatdırım, yoxsa yox, düşünürdüm ki, hətta bu xəstə, idmanla mübtəla olan ölkədə bu xəbər nə vaxtsa olacaq istənilən lənətə gəlmiş futbol oyunundan daha vacibdir. Mən efirə çıxdım və dedim ki, bu, sadəcə oyundur və özümü baş verənlər barəsində danışmalı olduğumu hiss etdim.[39][4] |
Mən heç vaxt heç kimə zərər vermək istəməmişəm. Dostlarım təsdiq edərlər ki, mənim içimdə iki ayrı hissələr yaşayır. Böyük hissə çox mehribandır; birlikdə işlədiyim uşaqlar bununla razılaşarlar. Ancaq məndə böyük olmayan hissə də var ki, böyük dünyanı və orada baş verənləri anlaya bilmir. Mən heç kəsi öldürmək istəmirdim və mən həqiqətən bilmirəm niyə bunu etdim. Mən uzun müddət ərzində içimdəki kiçik hissə ilə mübarizə apardım. Ancaq bir neçə saniyəlik böyük olmayan hissə qalib gəldi. Mən tanrıdan kömək üçün xahiş etdim, lakin biz etdiyimiz hərəkətlərə görə özümüz cavabdehik. Mən Con Lennona qarşı deyiləm və ya onun yaradıcılığına və şəxsi inanclarına heç bir etirazım yoxdur…[36]
Çepmen cinayət yerində tutulduqdan sonra polis əməkdaşları Stiv Spiro və Piter Kallen tərəfindən Nyu-Yorkun 20-ci polis məntəqəsinə gətirilib. Qətldən iki saat sonra, dekabrın 9-u təxminən gecə saat birdə Çepmen ərizə yazıb. Ərizədə o bildirib ki, onun içində iki ayrı hissələr yaşayır: böyük hissə çox mehribandır; az, ətraf aləmi başa düşməyən hissə isə iblisdir. O, həmçinin heç kəsi öldürmək istəmədiyini və Con Lennona qarşı heç bir şəxsi qərəzi olmadığını, ancaq onun içindəki az hissənin mübarizədə qalib gəldiyini və qətli törətdiyini yazıb.[36]
Çepmen bütün gecəni polis məntəqəsinin ikinci mərtəbəsində əlləri qandallı vəziyyətdə keçirib. Səhər tezdən isə polislər problem ilə üzləşiblər: onlar Çepmenə qətldə ittiham irəli sürülməsi üçün məhkəməyə təqdim etməli idilər, lakin KİV nümayəndələri qatili görmək arzusunda idilər, bu səbəbdən polis məntəqəsinin qarşısında böyük izdiham toplaşmışdı. Polis hər hansısa Con Lennon pərəstişkarının Çepmeni öldürə biləcəyindən narahat idi. Onlar Çepmenə zirehli jilet geyindiriblər, onun üzünü heç kəs görməsin deyə isə başını palto ilə örtüblər. Bundan sonra polislər Çepmeni furqona əyləşdirib və Nyu-Yorkun cinayət məhkəməsinə aparıblar.[36][40]
Çepmen ikinci dərəcəli qətldə ittiham olunub.[41] Məhkəmə Çepmenə vəkil olaraq öz işinin "veteranı" olan və təxminən 20 bu cür qətllərlə işləmiş, təcrübəli Herbert Adlerberqi təyin edib. Çepmen ilə söhbət etdikdən sonra, Adlerberq Markın psixi sağlam olmadığını ehtimal edib. O, Çepmenin psixi vəziyyətinin xəstəxanada dəqiqləşdirilməsi üçün məhkəməyə təkid edib. Çepmen müayinə üçün Belvyu xəstəxanasına göndərilib,[42] lakin sonradan onu adada yerləşən Rikers həbsxanasına köçürüblər, səbəb kimi isə Con Lennonun pərəstişkarları tərəfindən xəstəxana binasına mümkün ola biləcək hücum təhlükəsi göstərilib.[41] Maraqlıdır ki, polislər həmçinin Çepmeni mümkün ola biləcək snayper təhlükəsindən qorumaq üçün onun yatdığı otağın pəncərələrini qara rənglə rəngləmişdilər.[40][41] Həbsxanada onu həkimlər ziyarət ediblər, ümumilikdə Çepmen onu ziyarət edən həkimlərə 150 saat müsahibə verib.[42] Bu müsahibələrin birində Mark Lennonun qətlindən əvvəl bir çox digər tanınmış şəxslərin həyatına sui-qəsd etməyi planlaşdırdığını söyləyib, tanınmış şəxslər arasında Pol Makkartni, Elizabet Teylor, Jaklin Kennedi, Corc Skott, Ronald Reyqan, Conni Karson və Corc Ariyoşi olub.[40] Həkimlər Çepmendə psixi problemlərin olduğunu, lakin təqsirləndirilən şəxsin məhkəmə qarşısında dayanmağa hazır olduğu qənaətinə gəliblər. Doqquz psixiatr və klinika psixoloqları ifadə veriblər: həkimlərdən altısı Çepmenin psixi xəstə olduğunu, üçü isə onun vəziyyətinin psixoz diaqnozu ilə uyğun gəlmədiyini bildirib.[41]
1981-ci ilin fevralında Çepmen The New York Times qəzetinin redaksiyasına məktub göndərib, məktubda Çepmen tamamilə hər kəsi Cerom Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" kitabını oxumağa çağırıb.[43] Çepmenin vəkili Herbert Adlerberq sonradan işi aparmaqdan imtina edib və onun yerinə ABŞ-nin federal prokurorunun sabiq köməkçisi gənc Conatan Marks təyin olunub.[40] Marks hesab edirdi ki, Çepmendə psixi problemlər olduğuna görə o günahsız hesab olunacaq və belə olan halda onu müalicə olunmaq üçün dövlət psixiatriya xəstəxanasına göndərəcəklər.[44] Çepmen özü həkimlərə verdiyi çoxsaylı müsahibələr boyu hər zaman etdiyi hərəkətdə özünü haqlı saydığını, yoxsa hadisə zamanı özünü idarə etmə imkanına malik olmaması arasında tərəddüd edib.[42] Nəhayət, 22 iyun 1981-ci ildə Mark Çepmen məhkəmə iclasında özünün qətldə təqsirli olmasını etiraf edib. Onun sözlərinə görə, etiraf etməyi ona Tanrı tapşırıb. Onun vəkili Conatan Marks müştərisinin hərəkətlərindən hiddətlənib və məhkəmədən Çepmenin belə qərarlar verməkdə səriştəsi olmasından əmin olmaq üçün onun təkrar müayinədən keçməsini tələb edib, ancaq Mark buna etiraz edib və onunla razılaşmayıb. Hakim Dennis Edvards Çepmenin qərarı öz iradəsi ilə qəbul etdiyini və özünü təqsirli bilməkdə səriştəli olduğunu elan edib.[45][46]
24 avqust 1981-ci ildə hakim Çepmeni həbsxanada psixiatriya müalicəsinin aparılması və yalnız 20 ildən sonra əfv olunma məsələsinə baxılması şərti ilə ömürlük həbs cəzasına məhkum edib.[47] Hökm oxunduqdan sonra Çepmen cəzasını çəkmək üçün Nyu-York ştatında yerləşən Attika həbsxanasına göndərilib. 2012-ci ildə, Attika həbsxanasında 31 il cəza çəkdikdən sonra Mark Uend cəzaçəkmə müəssisəsinə köçürülüb.[48][49] 2000-ci ildən başlayaraq Mark Devid Çepmen vaxtından əvvəl şərti olaraq azad olunma hüququna malikdir, lakin onun azad olunması ilə bağlı 2000, 2002, 2004, 2006, 2008, 2010, 2012 və 2014-cü illərdə keçirilən dinləmələrin hamısı nəticəsiz keçib. 2012-ci ildə Çepmenin vaxtından əvvəl şərti olaraq azad olunması ilə bağlı əfv komissiyası bəyanat yayıb: "Sizin cəzaçəkmə müddəti zamanı müsbət səylərinizə baxmayaraq, hazırda sizin azad olunmağınız xeyli dərəcədə qanuna hörmətsizlik olardı, belə ki, sizin azad olunmağınız heç bir səbəbsiz, zorakı, soyuqqanlı və qəsdən törətmiş olduğunuz cinayətdəki insan ölümü faciəsini adi hal etmiş olar".[50] Lennonun həyat yoldaşı Yoko Ono Çepmenin azad olacağı təqdirdə özünü və oğlunu təhlükəsiz hiss etməyəcəyini dəfələrlə bəyan edib və əfv komissiyasından onun bağışlanmaması barədə xahiş edib.[51][52] 2014-cü ilin avqustundakı dinləmələr zamanı üç nəfərdən ibarət komissiya üzvləri hesab ediblər ki, Lennonun qatili azadlığa buraxıla bilməz, çünki o, hələ də ətrafdakılar üçün təhlükə törədir və yeni cinayətlər törədə bilər: "Komissiya belə qənaətə gəlib ki, ehtimal böyükdür ki, siz azad olunacağınız halda azadlıqda yeni qanun pozuntularını törətmədən yaşaya və qala bilməyəcəksiniz".[53]
Nəticə olaraq Çepmen Con Lennonun qətlinə əsas səbəb kimi, musiqiçinin "şöhrətini oğurlamaq" və məşhur olmaq istəyi olduğunu bildirib, Çepmenin söylədiyinə görə ona özünü "böyük heç kim" və "böyük boş yer" kimi hiss etmək çətin idi.[54] Sonralar o etiraf edib ki, eqoistlik səbəbindən dəhşətli qərar qəbul edib: "Mən düşünürdüm ki, Con Lennonu öldürərək, kimsə olacağam. Bunun əvəzinə mən qatil oldum, qatillər isə kimsə deyil".[55]
Həmçinin məlumdur ki, Çepmen Lennonu bəzi digər məşhurlar kimi "yalançı" hesab edirdi.[56] Belə ki, Markın həyat yoldaşı Qloriya onu Lennon haqqında kitab oxuyarkən belə xatırlayırdı: "O hirsləndi və Lennonu alçaq adlandırdı. O, Lennonun məhəbbət və sülh təbliğ etməsinə baxmayaraq eyni zamanda milyonlara sahib olmasına hirsli idi". Qətlə bir neçə saat qalmış Çepmen Lennonun Playboy jurnalının cari buraxılışına verdiyi müsahibəsini oxuyub və yenidən "Lennonun yalançı hesab etməkdə nə qədər haqlı olduğunu və onu öldürməyin nə dərəcədə düzgün olmasını" dərk edib. Elə həmin zaman, qətldən bir az əvvəl, Mark oteldə televizoru yandırıb və Conun qətlindən sonra, onun haqqında KİV-lərdə reportajların nə qədər çox olacağını və hamının onun niyə eks The Beatles qrupunun üzvünü öldürməsi barəsində suallar verəcəyini xəyal edib.[57]
Enni Leybovitzin qətl günü çəkdiyi (Con Lennon çılpaq vəziyyətdə yanında paltarda uzanmış Yoko Ononu öpür) fotoşəkil, "Rolling Stone" jurnalının 22 yanvar 1981-ci il sayının üz qabığı olub. Jurnalın bu sayının böyük hissəsi, Lennonun həyatını və ölümünü əhatə edən məqalələrə, məktublara və fotoşəkillərə həsr olunub.[58] 2005-ci ildə Amerika jurnal redaktorları ictimaiyyəti, jurnalın bu sayındakı üz qabığını, son 40 ilin ən yaxşı üz qabığı kimi qiymətləndirib.[59]
Corc Harrison özünün 1981-ci ildə çıxmış "Somewhere in England" albomundakı "All Those Years Ago" mahnısını Conun xatirəsinə həsr edib. Mahnının yazılışları zamanı keçmiş "The Beatles" qrupunun üzvləri Pol Makkartni və Rinqo Star da iştirak edib.[60] Pol Makkartni 1982-ci ildə çıxmış "Tug of War" albomundakı, özünün bəstələmiş olduğu "Here Today" mahnısını Con ilə olmuş dostluğuna həsr edib.[61] Britaniyalı musiqiçi və Lennonun dostu olmuş Elton Con özünün 1982-ci ildə çıxmış "Jump Up!" albomundakı "Empty Garden (Hey Hey Johnny)" mahnısını bəstəkar Berni Topin ilə birlikdə bəstələmiş və Lennonun xatirəsinə həsr etmişdir. Mahnı 1982-ci ildə Billboard Hot 100 hit-paradında 13-cü yeri tutmuşdur.[62][63] Elton Con 1982-ci ilin avqustunda Madison Square Garden-da izdihamla keçən konserti zamanı bu mahnını ifa edərkən səhnədə ona Conun həyat yoldaşı Yoko Ono və oğlu Şon Lennonda qoşulub.[64] Conun ölümündən sonra İngiltərə rok qrupu olan Queen özünün Game Tour konsertləri çərçivəsində Conun "Imagine" mahnısını oxuyaraq onun xatirəsini yad etmişdir. Bundan başqa Queen qrupunun 1982-ci ildə çıxmış "Hot Space" albomundakı "Life Is Real" mahnısı Conun şərəfinə yazılıb.[65] Bu mahnı qrupun solisti Freddi Merkuri tərəfindən yazılıb.[66] Amerikalı müğənni Bob Dilan 10 sentyabr 2012-ci ildə buraxdığı "Tempest" albomundakı "Roll on John" mahnısını Con Lennona həsr edib.[67]
Roxy Music qrupu Lennonun ölümündən sonra, Almaniyada konsert turu zamanı "Jealous Guy" mahnısının öz kaver versiyasını yaradıblar. Bu versiyanı onlar sinql kimi 1981-ci ilin fevralında[68] yazıb və buraxıblar. Mahnı mart ayında qrupun bütün mahnıları arasında "UK Singles Chart"ın siyahısında 1 nömrə olan yeganə mahnı olub.[69]
Lennonla 1970-ci illərin ortalarında tanış olmuş və onunla birgə işləmiş Devid Boui, (Lennon Bouininin 1975-ci ildə Billboard Hot 100 hit-paradında birinci olmuş "Fame" mahnısının həmmüəllifi olmuş və eyni zamanda mahnıda kiçik ifa etmişdir.) Lennonun 3-cü ildönümündə, 8 dekabr 1983-cü ildə Honkonq-da yerləşən Hong Kong Coliseum idman-əyləncə kompleksində keçirilən "Serious Moonlight Tour" konserti çərçivəsində Lennonun xatirəsini yad etmişdir. Boui bildirib ki, Lennonu sonuncu dəfə burada Honkonqda görüb və daha sonra elan edib: "Bu gün, 8 dekabr 1980-ci ildə Con Lennon Nyu-York-da yaşadığı binanın qarşısında güllələnib və qətlə yetirilib." Daha sonra Boui Lennonun "Imagine" mahnısını ifa edib.[70] İngiltərənin Pink Floyd qrupunun vokalisti və gitaraçısı olmuş Devid Gilmor Lennonun xatirəsinə "Murder" mahnısını yazmışdır; bu mahnı Gilmorun 1984-cü ildə çıxmış "About Face" adlı solo albomuna daxil edilmişdir.[71]
9 oktyabr 1985-ci ildə Nyu-Yorkda, Lennonların yaşadıqları binanın yaxınlığında yerləşən və Conun sağlığında tez-tez getdiyi Mərkəzi Parkda Conun xatirəsinə Çiyələk meydançası adlı bölmə yaradılıb. Memorialın adı Conun eyniadlı "Strawberry Fields Forever" mahnısından götürülüb. Memorial üçbucaq formasındadır. Üçbucağın mərkəzi hissəsi dairəvi mozaika şəklindədir. Mozaikanın içərisində isə "Imagine" sözü yazılıb.[72] Birliyin simvolik nümayişi zamanı, dünyanın müxtəlif ölkələri parka ağac, İtaliyanın Neapol şəhəri isə üzərində "Imagine" yazısı olan mozaikanı hədiyyə edib.[73] Praqanın "Mala Strana" meydanında Lennon üçün simvolik qəbir ucaldılmışdır. Bu meydan Çexoslovakiyada kommunist rejiminin süqutu ərzində nümayişlər keçirilən məkan olmuşdur.[74] Lennonun xatirəsinə dünyanın müxtəlif ölkələrində abidələr ucaldılıb, belə şəhərlərə misal olaraq İngiltərənin Liverpul,[75] Albaniyanın Durres,[76] Litvanın Vilnüs,[77] Polşanın Kelse,[78] Perunun Lima,[79] İspaniyanın Almeria[80] şəhərlərini göstərmək olar. 30 sentyabr 1988-ci ildə Hollivudda, Şöhrət xiyabanında Con Lennonun ulduzunun açılışı olub.[81] Hər il dekabrın 8-də Con Lennon pərəstişkarları Lennonun xiyabandakı ulduzunun qarşısında şam yandırırlar.[82]
Lennon 1991-ci ildə "Grammy Lifetime Achievement Award" mükafatına layiq görülüb.[83] 1994-cü ildə Gürcüstanın Abxaziya Muxtar Respublikası özünün kommunist keçmişini istehza edən poçt markaları buraxıb, markaların üzərində Vladimir Lenin və Karl Marksın şəkilləri əvəzinə Qrauço Marks və Con Lennonun şəkilləri təsvir olunub.[84] 8 dekabr 2000-ci ildə Kuba prezidenti Fidel Kastro Havanada yerləşən Con Lennon Parkında Conun bürüncdən hazırlanmış heykəlinin açılışını edib.[85] 2000-ci ilin oktyabr ayında Yaponiyanın Saytama şəhərində Lennonun muzeyi açılıb. Muzeyin ekspozisiyasında 130-dən çox əşya o cümlədən gitara və səhnə kostyumları nümayiş olunub. Muzey 30 sentyabr 2010-cu ildə bağlanıb.[86][87] 2002-ci ildə Liverpul hava limanı öz adını Con Lennon adına Liverpul Hava Limanına dəyişib. Hava limanının şüarı isə Conun "Imagine" mahnısından hissə olan "Üstümüzdə sadəcə səma var" (ing. Above us only sky) cümləsi seçilib.[88] 12 yanvar 1983-cü ildə amerikalı astronom Brayan Skiff tərəfindən Anderson-Mesa rəsədxanasında aşkar olunmuş, asteroid qurşağında yerləşən (4147) Lennon asteroidi Con Lennonun şərəfinə adlandırılıb,[89][90] bundan başqa Merkuri planetində krater Lennonun şərəfinə adlandırılıb.[91] 9 dekabr 2006-cı ildə Meksikanın Puebla şəhərində musiqi, mədəniyyət və sülhə töhfəsinə görə Lennonun şərəfinə xatirə lövhəsi açılıb.[92] 9 oktyabr 2007-ci ildə Yoko Ono İslandiyanın paytaxtı Reykyavikin yaxınlığında yerləşən Videy adalarında özünün müəllifi olduğu və "Imagine Peace Tower" adı verilən abidənin açılışını edib. Abidə hər il oktyabrın 9-dan (Lennonun doğum günü) dekabrın 8-dək (Lennonun ölüm günü) bəzən isə bəzi bayramlar və əlamətdar tarixlər günü səmaya işıq saçır.[93][94][95] 1990-cı ildə Varşavada bir qrup vətəndaş küçələrin birinin adının Con Lennonun şərəfinə dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib. Vəsatəti dəstəkləyən təxminən 5000 imza toplanılıb və şəhər şurası buna etiraz etməyib.[96]
Bu günə qədər Con Lennonun qətlini təsvir edən iki film çəkilib, bu filmlər bir-birinə yaxın zamanda, hadisənin üzərindən 25 il keçdikdən sonra istehsal olunub. 7 dekabr 2007-ci ildə bu iki filmdən birincisi, "Con Lennonun qətli" filmi nümayiş olunub. Rejissoru Endrü Piddinqton olan filmdə, Mark Devid Çepmen rolunu aktyor Conas Boll canlandırıb.[97] İkinci film 28 mart 2008-ci ildə nümayiş olunmuş və rejissoru Cared Şefer olan "Fəsil 27" filmi olub. Filmdə Mark Devid Çepmen rolunu amerikalı aktyor və rok musiqiçi Cared Leto canlandırıb. Con Lennon rolunu isə Conun qatili ilə eyni ada və soyada malik aktyor Mark Lindsi Çepmen canlandırıb. Mark Lindsi Çepmen buna qədər Lennon roluna əvvəllər bir dəfə, NBC telekanalının çəkdiyi bioqrafik filmdə namizəd olub, lakin o zaman çəkiliş qrupu və Yoko Ono onun namizədliyindən imtina etmiş və bildirmişdirlər ki: "Con Lennonun rolunda Mark Çepmen" hörmətsiz səslənir.[98]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.