From Wikipedia, the free encyclopedia
Merkuri və ya Ütarid — Günəş sistemində yerləşən ən kiçik və Günəşə ən yaxın olan planet. Yer qrupu planetlərə aid olan Merkuri Günəş ətrafında ən sürətlə dövr edən planetdir və 88 günə tam bir dəfə dövr edir. Buna baxmayaraq Merkuri öz oxu ətrafında çox yavaş hərəkət edir. 1 Merkuri günü Yerdə keçən 116 günə bərabərdir. Merkuri planetinin təbii peyki yoxdur. Planetin adı Roma mifologiyasında gəlir, ticarət və xəbər tanrısı hesab olunan Merkuridən qaynaqlanır.
Kəşf edən | bilinmir | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Kəşf yeri | bilinmir | ||||||||
Kəşf tarixi | bilinmir | ||||||||
Şərəfinə adlandırılıb | Merkuri | ||||||||
Orbital xarakteristikası[1] | |||||||||
Afelisi | 69816900 km. 0.466 697 AV | ||||||||
Perigelisi | 46001200 km 0.307 499 AV | ||||||||
Periapsidi | 46.001.270.441,315 m, 46.001.009 km | ||||||||
Apoapsidi | 69.817.445.933,987 m, 69.817.445 km | ||||||||
Böyük yarımoxu | 57909050 km. 0.387 098 AV | ||||||||
Orbitinin ekssentrisiteti | 0.205630[2] | ||||||||
Sinodik fırlanma dövrü | 10.012.032 san.[3] | ||||||||
Orta anomaliyası | 3,1 radian | ||||||||
Əyilməsi | 0,12226 radian[4] | ||||||||
Qalxan milinin uzunluğu | 0,843531 radian[4] | ||||||||
Perisentr arqumenti | 0,51 radian[4] | ||||||||
Nəyin peykidir | Günəş | ||||||||
Kəşf edilmiş peykləri | yoxdur | ||||||||
Özünə xas ekssentrisitet | 0,20563593[4] | ||||||||
Fiziki xarakteristikaları | |||||||||
Ekvator radiusu | 4879,4 km (0,38 x Yer) | ||||||||
Qütb sıxılması | 0 | ||||||||
Səthinin sahəsi |
| ||||||||
Həcmi | 0,056 x Yer[6] | ||||||||
Kütləsi | 0,0553 x Yer[7] | ||||||||
Orta sıxlığı | 5,427 g/cm3 (0,98 x Yer)[6] | ||||||||
3,7 m/s2 (0,38 x Yer)[6] | |||||||||
58,646 gün[6] | |||||||||
Ekvatorial fırlanma sürəti | 47,362 km/saniyə[2] | ||||||||
Oxunun maililiyi | 0,0324o[2] | ||||||||
Şimal qütbünün meyllənməsi | +61° 24′ 100″[8] | ||||||||
Albedo | 0,142[9] | ||||||||
Temperatur | min. 100 K, 440 K, maks. 700 K[8] | ||||||||
| |||||||||
Görünən ulduz həcmi | 1,9[8] | ||||||||
Atmosfer[11] | |||||||||
0,005 pikobar[12] | |||||||||
Atmosfer tərkibi | Molekulyar oksigen 42% Natrium 29% Hidrogen 22% Helium 6% Kalium 0.5% Az miqdarda Arqon, Azot, Karbon dioksid, Su buxarı, Ksenon, Kripton və Neon | ||||||||
Merkuri demək olar ki, istiliyi qoruya bilməyəcək dərəcədə çox nazik atmosfer qatına sahibdir. Bu səbəbdən də gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik −173 °C-yə qədər düşə bilir. Merkurinin qütb bölgələrində istilik həmişə −93 °C-dən aşağı olur. Merkuri Günəş sistemi planetləri arasında ən az meyilliyə sahib olandır. Buna baxmayaraq orbiti ellips formasındadır və Günəş sisteminə daxil olan planetlər içində ən kənarmərkəzli orbitə malikdir. O, Günəş ətrafında orbit üzrə bir dəfə keçdiyi yolu ikinci dəfə keçmir. Planetin orbitinin zamanla daha da kənarmərkəzli olacağı və kənarmərkəzlilik dərəcəsinin hal hazırkı göstərici olan 0,21-dən 0,5-ə yüksələcəyi düşünülür. Merkurinin Günəşə ən uzaq məsafəsi ən yaxın məsafəsindən təxminən 1,5 dəfə çoxdur. Merkurinin səthi ağır zərbə kraterləri ilə örtülmüşdür və bu baxımdan Ayla oxşarlığı vardır. Səthində milyard illərdir ki, geoloji aktivlik dayanmışdır.
Merkurinin Günəş ətrafında hərəkəti ilə öz oxu ətrafında hərəkəti 3:2-yə rezonansdadır, yəni Günəş ətrafında hər üç dəfə dönməsi, öz oxu ətrafında iki dəfə dönməsinə bərabərdir.[13] Bu səbəbdən də planet Günəş ətrafında iki dəfə dönərkən, Yerdən baxan müşahidəçi bir gün görmüş olacaqdır.[14]
Merkuri də Venera kimi Yer səmasında sübh vaxtı və axşamçağı görünür, ancaq gecə görünmür. Merkuri də Ay və Venera kimi fazalara sahibdir. Günəşə Veneradan daha yaxın olmasında baxmayaraq, üzərinə düşən Günəş işığının cəmi 10%-ni əks etdirdiyindən Veneradan daha az parlaq görünür. Günəşə yaxınlığı səbəbindən Merkurini Yerdən müşahidə etmək çətindir. Merkurini müşahidə etmək üçün iki kosmik missiya təşkil olunmuşdur. Bunlardan ilki olan Mariner-10 kosmik gəmisi Merkurinin quruluşu, atmosferi və mühiti haqqında məlumatlar toplamışdır. 2008-ci ilin avqust ayında kosmosa buraxılan MESSENGER kosmik gəmisinin (ing. Mercury Surface, Space ENvironment, GEochemistry and Ranging) vəzifəsi planetin maqnit sahəsi, kimyəvi tərkibi və geologiyası haqqında məlumat toplamaqdır.[15][16][17]
Merkuri Günəş sistemindəki dörd Yer qrupu planetlərdən biridir. O, qayalıq quruluşu ilə Yeri xatırladır. Merkuri Günəş sistemindəki ən kiçik planetdir. Onun radiusu 2439,7 km-dir.[2] Günəş sisteminin ən böyük iki təbii peyki olan Qanimed və Titan ölçüsünə görə Merkuridən daha böyükdür. Merkurinin təxminən 70%-i metal, 30%-i isə silikat materiallarından ibarətdir.[18] Merkuri Günəş sistemində 5,427 g/sm³ sıxlıq göstəricisi ilə 5,515 g/sm³ sıxlığa malik olan Yerdən sonra ikinci yerdədir.[2] Əgər cazibə qüvvəsinin təzyiq effekti nəzərə alınmasa, təzyiqsiz sıxlıq Merkuridə 5,3 g/sm³, Yerdə isə 4,4 g/sm³ olardı.[19]
Merkurinin sıxlığı onun daxili quruluşu haqqında nəticə çıxarmağa imkan verir. Yerin yüksək sıxlığa malik olmasına (xüsusən də nüvə) cazibə qüvvəsi təzyiqinin əsaslı təsiri olsa da, Merkuri çox kiçikdir və daxili zonaları təzyiq səbəbindən o qədər də sıxışmır. Buna görə də onun belə bir yüksək sıxlığa sahib olması üçün böyük və dəmirlə zəngin nüvəsinin olması lazımdır.[20]
Geoloqlar belə hesab edir ki, Merkurinin nüvəsi planetin həcminin 42%-ni təşkil edir. Misal üçün deyək ki, bu göstərici Yerdə 17%-ə bərabərdir. Merkuri haqqında 2007-ci ildə dərc olunan tədqiqat yazısında onun ərimiş nüvəyə malik olduğu qeyd olunmuşdur.[21][22] Nüvə təqribən 500–700 km qalınlığında olan silikat tərkibli mantiya ilə əhatələnmişdir.[23][24] Mariner 10 kosmik gəmisi və Yerdən aparılan müşahidələrdən əldə olunan məlumatlar Merkurinin təqribən 100–300 km qalınlığa malik olan qabığının olduğunu göstərmişdir.[25] Merkurinin səthinin fərqləndirici bir xüsusiyyəti də vardır ki, səth üzərində yüzlərlə kilometr uzanan bir neçə dar silsilələr vardır. Bunun Merkurinin nüvə və mantiyasının soyuması səbəbindən formalaşdığı düşünülür. Soyuma baş verdikcə qabıq büzülmüş və dar silsilələr formalaşmışdır.[26]
Merkurinin nüvəsində Günəş sisteminin digər böyük planetlərinin nüvəsində olandan daha çox dəmir tərkibi vardır. Bunun səbəbi bir sıra nəzəriyyələrlə izah olunmuşdur. Ən çox qəbul olunan nəzəriyyəyə görə Merkuri əvvəllər Günəş sisteminin qayalıq maddələrindən olan silikat-metal tərkibli kondrit meteorlarla eyni nisbətdə maddələrə malik idi və indiki kütləsindən təqribən 2,25 dəfə artıq kütləsi vardı.[27] Günəş sisteminin ilkin dövrlərində Merkuri təqribən kütləsinin 6-da 1-i qədər kütləyə malik olan bir neçə min kilometr ölçüsündə planetlə toqquşmuşdur.[27] Bu toqquşma nəticəsində planetin əsas hissəsi olan nüvə yerində qalsa da, qabıq və mantiyanın böyük hissəsi qoparaq planetdən ayrılmışdır. Oxşar yanaşmaya Ayın formalaşması ilə bağlı ortaya atılan Böyük toqquşma fərziyyəsində də rast gəlmək olur.[27] Bu fərziyyəyə görə Ay Yerin ilkin dövrlərində onunla toqquşan təqribən Mars böyüklüyündə olan planetin Yerin qabıq və mantiyasından hissələr qoparması və bu hissələrin Yerin orbiti ətrafında hərəkət edərək tədricən Ayı meydana gətirməsi şəklində meydana gəlmişdir.[27]
Digər nəzəriyyəyə görə Merkuri Günəşin enerji istehsalı sabitləşməzdən əvvəl molekulyar buluddan meydana gəlmişdir. İlkin dövrlərində Merkuri indiki kütləsindən iki dəfə daha artıq kütləyə sahib olmuşdur. Daha sonra Günəş ilkin ulduz mərhələsinə daxil olarkən istilik 2500–3500 Kelvinə (hətta 10000 Kelvin) qədər yüksəlmişdir.[28] Yüksək istilik səbəbindən planetin səthindəki qaya buxarlaşmağa başlamışdır. Günəş küləyi planetin səthindən ayrılan qaya buxarını sovuraraq planetlərarası mühitə saçmışdır. Bu səbəbdən də tədricən Merkurinin xarici təbəqələri nazikləşmiş və nüvə planetin həcmində böyük paya sahib olmuşdur.[28]
Üçüncü nəzəriyyəyə görə Merkuri molekulyar buluddan formalaşan zaman yüngül hissəcik və materialları özünə toplaya bilməmişdir.[29] Bütün nəzəriyyələr planetin səthinin tərkibinə əsaslanaraq verilmişdi. MESSENGER və BepiKolombo kosmik missiyalarının qarşısına bu nəzəriyyələrin doğruluğunu yoxlamaq üçün müşahidələr aparmaq vəzifələri də qoyulmuşdu.[30][31] MESSENGER kosmik gəmisi planetin səthində daha çox Kalium və Kükürd miqdarı müəyyən etdi. Belə olan halda Böyük toqquşma və qabıqla mantiyanın buxarlaşması nəzəriyyələri baş verə bilməzdi, çünki Kalium və Kükürd yüksək istilikdən təsirlənərdi. Bu tapıntıların nəticəsi üçüncü nəzəriyyəyə üstünlük versə də, məlumatların daha dəqiq təhlilinə ehtiyac vardır.[32]
Merkurinin səthi görünüş baxımından Ayın səthinə oxşayır. Burada da Aydakı kimi geniş bazalt dənizləri və ağır zərbə kraterləri vardır. Merkurinin səthində milyard illərdir ki, geoloji aktivlik dayanmışdır. Merkurinin geologiyası ilə bağlı əsas məlumatlar ilk dəfə 1975-ci ildə Mariner 10 kosmik gəmisinin uçuşu və Yerdən aparılan müşahidələr əsasında ətraflı öyrənilmişdi. Bu vaxta qədər Merkuri daxili planetlər arasında ən az öyrənilən planetdi.[22] Daha sonra MESSENGER kosmik gəmisi tərəfindən aparılan müşahidələr nəticəsində Merkurinin səth geologiyası ilə bağlı yeni məlumatlar əldə olundu. Misal olaraq radiasiya yayan qeyri-adi zərbə krateri kəşf olunmuşdur. Bu krater görünüşü səbəbindən alimlər tərəfindən Hörümçək olaraq adlandırılsa da,[33] daha sonra kraterə Apollodorus adı verilmişdir.[34]
Teleskopla aparılan müşahidələr nəticəsində Merkuri səthində albedosu fərqli olan bölgələrin olduğu məlum olmuşdur. Merkurinin səthində dar və qırışıq silsilələr, Aydakına bənzər dağlar, düzənliklər, dik yamaclı uçurumlar və vadilər vardır.[35][36]
Merkuridəki adlar müxtəlif mənbələrdən gəlir. Adların çox az sayda hissəsi görkəmli insanların adları ilə bağlıdır. Kraterlərə öz sahəsində görkəmli olan və başlıca töhfələr verən rəssamların, musiqiçilərin və yazıçıların adları verilmişdir. Silsilələrə Merkurinin öyrənilməsində əməyi olan alimlərin adları verilmişdir. Çökəklik və şırımlara memarların adları verilmişdir. Dağlar fərqli dillərdəki "isti" sözünün qarşılıqları ilə adlandırılmışdır. Düzənliklərə Roma mifologiyasındakı Merkurinin fərqli mifologiyalardakı qarşılıqlarının adları verilmişdir. Dik yamaclı uçurumlara elmi tədqiqatlarda iştirak edən gəmilərin adları verilmişdir. Vadilərə radio teleskopların adları verilmişdir.[37]
Merkurinin səthi təqribən 4,6 milyard il bundan əvvəldən etibarən kometa və asteroidlərin ağır zərbələrinə məruz qalmağa başlamış və bu toqquşmalar Son dövr ağır toqquşmalarına, yəni 3,8 milyard il bundan əvvələ qədər davam etmişdir.[38] Bu toqquşmalar nəticəsində Merkurinin səthində görünən irili-xırdalı zərbə kraterləri formalaşmışdır.[36] Merkurinin sürtünmə təsiri yaradacaq qədər ciddi atmosferi olmadığı üçün bu proses daha da asanlaşmışdır.[39] Bu müddət ərzində Merkuri vulkanik cəhətdən aktiv idi. Kaloris hövzəsi kimi Aydakı bazalt dənizlərinə bənzəyən yerlər maqma tərəfindən örtülmüşdür.[40][41]
2008-ci ilin oktyabr ayında MESSENGER kosmik gəmisinin Merkurinin səthinin mürəkkəb quruluşu haqqında göndərdiyi məlumatlar tədqiqatçılar tərəfindən yüksək qiymətləndirildi. Merkurinin səthi Mars və Ayın səthinə nəzərən daha heterogendir. Buna baxmayaraq Mars və Ayın səthində də, oxşar yaylaq və bazalt dənizləri vardır.[42]
Merkurinin səthində kiçik kasa böyüklüyündə olan çuxurlardan tutmuş yüzlərlə kilometr diametrə sahib olan zərbə hövzələrinə qədər müxtəlif ölçülərdə kraterlər vardır. Merkurinin bütün bölgələrində həddən artıq sıradan çıxmış qədim krater qalıqları ilə yanaşı, hələ də şüalanmalar müşahidə olunan nisbətən gənc kraterlər müşahidə etmək mümkündür. Merkurinin kraterləri ilə Ayın kraterləri arasında fərqlər vardır. Merkurinin kraterləri ecekta ilə örtülmüşdür və Merkurinin Aydan daha güclü olan cazibə qüvvəsi səbəbindən kraterlər nisbətən kiçikdir.[43] Beynəlxalq Astronomiya İttifaqının qaydalarına görə yeni kəşf olunmuş kraterlərə ən azı üç il əvvəl dünyasını dəyişmiş və 50 il məşhur rəssam olmuş şəxslərin adları verilə bilər.[44]
Merkurinin səthində məlum olan ən böyük krater 1550 km diametrə malik Kaloris hövzəsidir.[45] Zərbə o qədər güclü olmuşdur ki, Kaloris hövzəsi yaranarkən lava püskürmələri baş vermiş və kraterin ətrafı 2 km hündürlüyündə konsentrik halqa ilə əhatə olunmuşdur. Kaloris hövzəsinin yerləşdiyi yarımkürədəki mövqeyinə uyğun olan əks yarımkürədəki yerdə Qəribə ərazi olaraq tanınan qeyri-adi dağlıq ərazi vardır. Bir nəzəriyyəyə görə Kaloris hövzəsini yaradan zərbənin səbəb olduğu şok dalğaları planetin səthi üzərində hərəkət edərək əks tərəfdə qabığın qırışmasına və bu Qəribə ərazinin yaranmasına səbəb olmuşdur.[46] Başqa nəzəriyyəyə görə isə Qəribə ərazinin yaranmasına Kaloris hövzəsindəki ecekta səbəb olmuşdur.[47]
Ümumiyyətlə, Merkuri səthində 15 zərbə hövzəsi müəyyən olunmuşdur. Görkəmli hövzələrdən birinin ölçüsü 400 km-ə çatır. Çoxhalqalı Tolstoy hövzəsinin ölçüsü 500 km-ə çatır və onun səthi hamar maddələrlə örtülmüşdür. 625 km diametrə sahib olan Bethoven hövzəsinin də səthi ecekta ilə örtülmüşdür.[43] Ay kimi Merkurinin səthi də böyük ehtimalla Günəş küləyi, mikrometeoridlər və kosmik aşınmanın təsirlərinə məruz qalmışdır.[48]
Merkuridə geoloji cəhətdən iki növ fərqli düzənlik zonalar vardır.[43][49] Bunlardan birincisi kraterlərin daxilində olan düzənliklərdir.[43] İkinci növ olan hamar düzənliklər isə müxtəlif ölçülərdə çökəkliklərin lava ilə doldurulması nəticəsində yaranmışdır və Aydakı bazalt dənizlərinə oxşayır. Xüsusilə də, Kaloris hövzəsinin ətrafı geniş ölçülü halqa ilə əhatələnmişdir. Aydakı bazalt dənizlərindən fərqli olaraq Merkurinin krater içində yerləşən düzənlikləri ilə hamar düzənliklər eyni albedoya malikdir. Bütün xüsusiyyətlərinin vulkanik olmamasına baxmayaraq yerləşməsi, quruluşu və yuvarlaqlığı vulkanik mənşəli olmasını deməyə əsas verir.[43] Merkurinin bütün hamar düzənlikləri Kaloris hövzəsindən əhəmiyyətli dərəcədə gec formalaşıb. Kaloris hövzəsinin səthində geoloji olaraq ayrı dövrlərə aid mərtəbəli yerlər vardır. Bura çoxbucaqlı naxışlı silsilələr və qırıqlar tərəfindən hissələrə ayrılmışdır. Bunların vulkanik lavalar yoxsa zərbənin gücü səbəbindən formalaşması məsələsi dəqiq deyildir.[43]
Merkurinin səthinin qeyri-adi xüsusiyyətlərindən biri də düzənliklərdə çoxlu sayda çarpaz qırışıqlıqların olmasıdır. Bu qırışıqlıqların Merkurinin daxilinin soyuması nəticəsində səthin büzüşməsi səbəbindən yarandığı düşünülür. Qırışıqlıqlar hamar düzənliklər və kraterlər ətrafında da görünür. Bu da onların nisbətən yeni formalaşdığını göstərir.[50] Merkurinin səthi Günəş tərəfindən Ayın Yerdə səbəb olduğu qabarma və çəkilmə təsirindən 17 dəfə daha güclü təsirlərə məruz qalır.[51] Ay tədqiqat kosmik gəmisi tərəfindən Ay səthində də oxşar relyef formaları müəyyən olunmuşdur.
MESSENGER tərəfindən çəkilən şəkillər nəticəsində Merkuri səthindəki piroklastik axınlara alçaq profilli qalxanvari vulkanların səbəb olduğu məlum olmuşdur.[52][53][54] MESSENGER 51 piroklastik axın müəyyən etməyə nail olmuşdur. Bu kəşflərin 90%-i zərbə kraterlərinin yaxınlığında olmuşdur. Piroklastik axınlar nəticəsində bəzi zərbə kraterlərinin formasının pozulması bu axıntıların qədimdə uzun müddət baş verdiyini göstərir.[55]
Kaloris hövzəsinin cənub qərbində yerləşən əhatəsiz təzyiq bölgəsində diametri 8 km olan və 9 vulkan kraterinə malik olan yer vardır.[56] Bu səbəbdən də bura kompleks vulkandır. Alimlər vulkanların dəqiq yaşını bilməsə də, onların milyardlarla il əvvəl formalaşdığı ehtimal olunur.[56]
Merkurinin səth istiliyi orta enliklərdə −173 °C-dən 427 °C-yə qədər dəyişir.[57] Heç vaxt Günəş işığı düşməyən yerlərdə istilik −136 °C-yə qədər düşür.[10] Bu qədər kəskin istilik fərqinin olmasının səbəbi Merkurinin istiliyi saxlaya biləcək dərəcədə sıx atmosferə malik olmamasıdır. Merkuridə gündüz olduğu zaman səth həddən artıq isinir, gecə olduqda isə kəskin soyuyur. Qeydə alınmış ən yüksək istilik göstəricisi olan 427 °C-yə Merkuri gündüz vaxtı Günəşə ən yaxın olduğu zaman çatır.[58] Merkurinin səthinə düşən Günəş işığı miqdarı 4,59–10,61 arasında dəyişir.[59]
Merkuri səthindəki gündüz istiliyinin çox yüksək olmasına baxmayaraq, müşahidələr Merkuridə böyük ehtimalla buz ola biləcəyini göstərdi. Merkurinin qütb ərazilərində Günəş işığının heç vaxt birbaşa düşmədiyi dərin kraterlər vardır. Bu bölgələrdə istilik təqribən −170 °C-dən aşağıdır ki, bu da Yerin orta istilik göstəricisindən çox aşağı bir göstəricidir.[60] Buz radarın göndərdiyi dalğaları yüksək əks etdirmə xüsusiyyətinə malikdir. 1990-cı illərin əvvəllərində 70 metrlik Qoldston Günəş Sistemi Radarı və VLA (ing. Very Large Array) tərəfindən aparılan müşahidələr nəticəsində qütblərə yaxın yerlərdə radar dalğalarını yüksək əks etdirmə xüsusiyyətinə sahib yerlər olduğu məlum olmuşdur.[61] Bu əks etdirmənin tək səbəbi buzun mövcudluğu ehtimalı olmasa da, astronomlar tərəfindən buzun olması ehtimalı yüksək qiymətləndirilir.[62]
Buzlu yerlərdə təqribən 1014–1015 kq[64] buz olduğu və bu buzun reqolit qatı ilə örtüldüyü təxmin olunur.[65] Buna qarşılıq olaraq Antarktidada təqribən 4×1018 kq, Marsın cənub qütbündə isə təqribən 1016 kq buz vardır.[64] Merkuridəki buzun mənbəyi dəqiq bilinməsə də, iki güclü ehtimal vardır. Bunlardan birincisi Merkurinin daxilindən qaynaqlandığı, ikincisi isə planetlə toqquşan buzlu kometaların səbəb olması yönündədir.[64]
Merkuri uzun müddət ərzində əhəmiyyətli səviyyədə atmosferi saxlaya bilməyəcək qədər isti və kiçik cazibə qüvvəsinə malik olan planetdir. Planetin malik olduğu incə ekzosfer təqribən 0,005 pikobar atmosfer təzyiqinə sahibdir[12] və tərkibində Hidrogen, Helium, Oksigen, Natrium, Kalsium, Kalium və az sayda digər maddələr vardır.[66] Merkurinin ekzosferi sabit deyildir. Malik olduğu maddələri daima itirir və itirilən maddələr müxtəlif mənbələrdən yenidən daxil olur. Hidrogen və Helium böyük ehtimalla Günəş küləyindən qaynaqlanır. Merkurinin qabığı içindəki radioaktiv maddələr zamanla çevrilərək Natrium və Kalium kimi maddələri əmələ gətirir. MESSENGER kosmik gəmisi tərəfindən yüksək miqdarda Kalsium, Helium, Hidroksid, Maqnezium, Oksigen, Kalium, Silisium və Natrium müəyyən edilmişdir. Su buxarının kometalardan gəldiyi düşünülən buz, qayalardan ayrılan Oksigen və Günəş küləyinin təsirindən formalaşdığı ehtimal olunur. Merkuridə su ilə bağlı olan O+, OH−, and H2O+ ionlarının yüksək miqdarda müşahidə olunması təəccüblə qarşılanmışdır.[67][68] Çünki alimlər bu ionların Günəş küləyi tərəfindən Merkuridən uzaqlaşdırıldığını düşünürdü.[69][70]
Natrium, Kalium və Kalsium 1980–1990-cı illər ərzində kəşf edilmişdir. 2008-ci ildə MESSENGER kosmik gəmisi tərəfindən Merkuridə Maqnezium aşkarlandı.[71] Tədqiqatlar nəticəsində Natrium emissiyalarının planetin maqnit qütblərinə uyğun olan bölgələrində cəmləşdiyi məlum oldu. Bu da planetin Maqnitosferi və səthi arasında qarşılıqlı əlaqənin olduğunu göstərir.[72] 29 noyabr 2012-ci ildə MESSENGER kosmik gəmisinin göndərdiyi şəkillər əsasında şimal qütbündəki kraterlərdə buz olduğu NASA tərəfindən təsdiqləndi.[63]
Merkuri kiçik ölçüsü və yavaş hərəkətinə baxmayaraq əhəmiyyətli və kürəvi maqnit sahəsinə malikdir. Mariner 10 kosmik gəmisinin apardığı müşahidələr nəticəsində Merkurinin maqnit sahəsinin Yerin maqnit sahəsinin 1,1%-i gücündə olduğu məlum olmuşdur. Maqnit sahəsinin gücü Merkurinin ekvatorial bölgələrində 300 nT-ya bərabərdir.[73][74] Yerin maqnit sahəsində olduğu kimi, Merkurinin maqnit sahəsi də ikiqütblüdür.[72] Yerdən fərqli olaraq Merkurinin maqnit qütbləri demək olar ki, planetin öz oxu ətrafında fırlanması ilə nizamlanır.[75] Həm Mariner 10, həm də MESSENGER kosmik gəmisinin apardığı müşahidələr nəticəsində Merkurinin maqnit sahəsinin güc və forma cəhətdən sabit olduğu məlum olmuşdur.[75]
Merkurinin maqnit sahəsinin Yerin maqnit sahəsində olduğu kimi dinamo təsirindən formalaşması ehtimal olunur.[76][77] Dinamo effekti planetin dəmir cəhətdən zəngin olan maye nüvəsinin təsirindən yaranır. Xüsusən də planetin elliptik orbiti güclü qabarma və çəkilmə təsiri yaradaraq dinamo təsirinin mövcud olması üçün lazım olan maye dəmir nüvənin mövcudluğuna imkan yaranır.[78]
Merkurinin maqnit sahəsinin formalaşdırdığı maqnitosfer Günəş küləyinə ciddi şəkildə təsir edəcək dərəcədə güclü deyildir. Bu səbəbdən də planetin səthi kosmik aşınmaya məruz qalır.[75] Mariner 10 kosmik gəmisi tərəfindən aparılan müşahidələr nəticəsində planetin gecə olan hissəsində aşağı səviyyəli plazma aşkarlandı.[72]
6 oktyabr 2008-ci ildə MESSENGER kosmik gəmisi planet üzərindən ikinci keçişi zamanı Merkurinin maqnitosferinin keçirgən olduğunu aşkarladı. MESSENGER təqribən diametri planetin diametrinin üçdə ikisi ölçüsündə olan maqnit qasırğası müəyyən etdi. Maqnitosferdəki bu kimi boşluqlardan keçən Günəş küləyi Merkurinin səthinə təsir göstərə bilir. Bu kimi hadisələr Yerin maqnit sahəsində də meydana gəlir.[79]
Merkuri Günəş sisteminə daxil olan planetlər içərisində ən elliptik orbitə sahib olandır. Merkurinin Günəşə ən yaxın olduğu nöqtədə Günəşlə arasında 46 milyon km, ən uzaq olduğu nöqtədə isə 70 milyon km məsafə vardır. Merkuri Günəş ətrafında 87,969 günə (~88 gün) hərəkət edir. Merkuri öz oxu ətrafında Günəş ətrafındakı hərəkətinə nəzərən yavaş hərəkət edir. Merkurinin Günəş ətrafındakı hərəkəti öz oxu ətrafındakı hərəkəti ilə 3:2 nisbətində rezonansdadır.[18] Merkuri öz oxu ətrafında 176 Yer gününə uyğun olan bir vaxtda hərəkət edir və yavaş hərəkət kəskin istilik fərqinə səbəb olur.[80] Merkuri ekliptikin müstəvisi ilə 7°-li bucaq əmələ gətirir.[81]
Merkurinin meyillik göstəricisi 0,027 kimi çox aşağı bir qiymətdir[82] və demək olar ki, sıfıra bərabərdir.[83] Misal üçün deyək ki, Merkuridən sonra ən az meyilliyə malik olan Yupiterdə bu göstəricidi 3,1-ə bərabərdir. Bu səbəbdən də Merkurinin qütbləri ətrafındakı 2,1°-lik yerə heç vaxt Günəş işığı düşmür.[82]
Merkurinin qəribə fırlanmasının maraqlı nəticələri vardır. Planet öz oxu ətrafında fırlanmasını tamamladığı 58,7 günlük müddətdə Günəş ətrafındakı hərəkətinin də ⅔-ni tamamladığı üçün Günəşin görünən hərəkəti daha yavaşdır.[18] Bu səbəbdən də Merkuridə Günəşin batdığı yerdə yenidən görünməsi üçün 176 Yer gününə bərabər bir müddət lazımdır.[18] Bir Yer ili iki Merkuri gününə bərabərdir. Bundan başqa həddən artıq elliptik orbit səbəbindən dəyişən orbit sürəti planetin Günəş ətrafındakı bucaq sürətinin bəzən öz oxu ətrafındakı bucaq sürətini keçməsinə, yəni Günəşin görünən hərəkətinin əks yönə dönməsinə səbəb olur. Planetin bu cür elliptik orbitə malik olması səbəbindən Merkuri Günəş ətrafında dönərkən Günəşin görünən ölçüsü də dəyişir. Bu səbəbdən Merkuridən keçən bir gün daha da mürəkkəb xarakter daşıyır.[84]
Kaloris hövzəsi Günəşin meridiandan keçişi ilə Merkurinin Günəşə ən yaxın nöqtədən keçişinə uyğun gələn yerdədir. Merkuridə hər iki ildə bir bu bölgə günorta ilə yayın ortasını eyni vaxtda yaşayır və Merkuridə ən isti tempratur bu dövrdə qeydə alınır. Əgər müşahidəçi Kaloris hövzəsindən Günəşi izləmə imkanına sahib olsaydı Günəşin şərqdən yüksəkdikcə böyüdüyünü və qərbə hərəkətinin getdikcə yavaşladığını görərdi. Günəş ən yüksək nöqtəni keçdikdən sonra dayanır və bir müddət sonra Merkuridən baxan müşahidəçi üçün əksinə hərəkət edirmiş kimi görünür. Ən yüksək nöqtədən tərs istiqamətdə ikinci keçişdə Günəş ən böyük şəkildə görünür və qərbdən şərqə doğru yenidən hərəkət edərək kiçilməyə başlayır. Bir müddət sonra yenidən yavaşlayaraq dayanır və şərqdən qərbə doğru yenidən hərəkət etməyə başlayır. Günəş günorta xəttindən üçüncü dəfə keçir və qərbə doğru alçalarkən kiçilməyə davam edir. Günəş batarkən bir Merkuri ili tamam olur. İkinci il Kaloris hövzəsinin gecəsi boyunca davam edir. Günəş Kaloris hövzəsinin şərqindən yüksəlməyə başlayarkən ⅓ Merkuri ili keçmiş olur.[84]
Kaloris hövzəsinin 90° şərqində olan müşahidəçi üçün gün fərqli başlayır. Böyük və isti Günəş şərqdən tədricən yüksəlməyə başlayır, ancaq bir müddət sonra dayanaraq yenidən alçalır və batarkən ən kiçik ölçüsünə çatır. 2 Yer günü müddəti ərzində yenidən Günəş çıxır və yüksəldikcə görünən böyüklüyünün azaldığı müşahidə olunur. Günəş günorta xəttini keçərkən ən kiçik ölçüdə görünür və qərbə doğru alçalarkən yenidən böyüməyə başlayır. Günəş qərbdə batdıqdan qısa müddət sonra yenidən eyni nöqtədən ən böyük ölçüdə görünür. Günəş yüksəldikdən sonra yenidən alçalır və bir Merkuri ili ərzində görünmür.[84]
Merkuri Günəş ətrafında təqribən 88 günlük hərəkəti və 116 günlük qovuşma dövrü ilə göydəki görünən hərəkətini ildə üç dəfə təkrarlayır. Merkuri Günəşə yaxın olduğu üçün parlaq işıq səbəbindən onu müşahidə etmək çətindir. Merkuri −1,9 görünən ulduz ölçüsünə çata bilən parlaqlığı ilə bəzən parlaq ulduzlar, Saturn, Mars və hətta Yupiterdən də daha işıqlı görünə bilməsinə baxmayaraq, heç vaxt qaranlıq göydə görülə bilmədiyi üçün hər qovuşma dövrünün ən çox bir neçə gün davam edən hissəsində adi gözlə müşahidə oluna bilir. Bu müşahidə şəraiti şərq uzunluğunda Günəşin batışına uyğun olan, qərb uzunluğunda isə Günəşin çıxmasından bir az əvvəlki vaxta uyğun olan müddətdə həyata keçir.[85] Bu səbəbdən də hər 116 günlük müddətdə Merkuri bir dəfə göydə "axşam ulduzu", bir dəfə də "səhər ulduzu" kimi görünür.[86] Merkurinin orbitinin ekssentrikliyinin çox olması səbəbindən Yerdən ən yüksəkdə göründüyü enliklər 17,9°-27,8° arasında dəyişir. Buna baxmayaraq 28° belə rahat müşahidə üçün yetərli deyildir.[87][88] Xüsusilə də ekliptikin üfüqə daha yaxın olduğu qütb sahələrinə yaxın enliklərdən Merkurinin görülməsi çox çətindir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi ekvatora yaxınlaşdıqca Merkurinin Yer səmasından görünən yüksəkliyi də artmış olur. Merkurinin orbitinin olduqca elliptik olması səbəbindən Yerin cənub yarımkürəsində payızın başlanğıcına uyğun olan vaxtda, planetin mümkün ən yüksək qərb uzunluğu ilə 7°-lik meyilliyinin üst-üstə düşməsinə görə Merkurini müşahidə etmək üçün ən əlverişli vəziyyət yaranır. Eyni zamanda ən yüksək şərq uzunluğu ilə orbit meyilliyinin üst-üstə düşməsi cənub yarımkürəsində qış aylarında Merkurinin daha rahat müşahidə olunmasına imkan verir. Merkurinin orbitinin olduqca ekssentrik olması səbəbindən orbit sürəti hərəkət ərzində çox dəyişir və qovuşma dövrü Yerin Merkurinin orbitinə nəzərən vəziyyətinə görə bir neçə gün fərqlənə bilir.
Merkurinin müşahidəsi zamanı Yer atmosferinin mənfi təsirlərini maksimum azalatmaq üçün teleskopla aparılan müşahidələr Merkurinin üfüqdən yetərincə yüksəkdə olduğu günorta həyata keçirilir. Tam Günəş tutulmaları az davam etsə də, günorta Merkurinin adi gözlə görünməsinə imkan yaradır. Merkurinin Yerdən müşahidəsini çətinləşdirən səbəblərə görə ən güclü teleskoplardan istifadə olunaraq əldə olunan kadrlarda belə Merkurinin səthi haqqında yetərli məlumat əldə oluna bilməmişdir.[89] Bu səbəbdən də Merkuri ilə bağlı əldə olunan əsas məlumatlar planetə təşkil olunmuş kosmik missiyalarla bağlıdır.[90][91]
Yerdən teleskopla baxıldığı zaman Merkuridə də Ay və Veneradakı kimi fazalar olduğu müşahidə olunur. Günəşin Yer və Merkuri arasında olduğu müddət ərzində Merkurinin bütün səthi aydınlandığından səthi bədirlənmiş fazada olur. Bu müddət həm də uzaqlıq səbəbindən Merkurinin görünən ulduz ölçüsünün ən kiçik olduğu dövrdür. Planetin Yerdən ən əlverişli şəkildə müşahidə olunduğu dövrdə Merkuri yarım dairə formasında görünür. Merkuri Günəş və Yer arasında qaldığı dövrdə isə qaranlıq üzünü göstərərək aypara şəklində müşahidə olunur. Ayparanın ən incə olduğu dövrlər Merkurinin Yerə ən yaxın olduğu və görünən ulduz ölçüsünün ən böyük olduğu dövrlərdir. Buna baxmayaraq bu dövrdə Günəş şüaları Merkurinin görünməsinə əngəl törədir.[92][93]
Merkuriyə aid məlum olan ən qədim yazılı məlumatlar Mul.Apin mixi yazılı gil lövhəciklərində tapılmışdır. Ehtimal olunur ki, bu tapıntı e.ə. XIV əsrə aid Assuriya astronomlarının müşahidələrinə əsaslanır.[94] Mul. Apin gil lövhəciklərində Merkurini ifadə etmək üçün Udu. İdim. Gu\u4. Ud mixi yazılarından istifadə olunur ki, bu da tullanan planet mənasını verir.[95] Merkuri haqqında Babil astronomlarının qeydləri e.ə. I minilliyə aiddir. Babil mifologiyasında Merkuri Nabu adlanırdı və onun tanrılardan xəbər gətirdiyinə inanılırdı.[96]
Qədim yunan mənbələrində Merkurinin adına Hermaon (yun. Ἑρμάων), Hermes (yun. Ἑρμής) və parlaq mənasında işlənən Stilbon (yun. Στίλβων) şəkillərində rast gəlmək mümkündür.[97] Çağdaş yunanca Merkuri Ermis (yun. Ερμής) olaraq adlanır. Eyni zamanda Hermes yunan mifologiyasında Zevsin xəbərçisi olduğuna inanılan tanrıdır.[98] Qədim Romada planet Merkuri (lat. Mercurius) olaraq adlanırdı. Merkuri Roma mifologiyasında yunan mifologiyasında olduğu kimi xəbər tanrısı idi.[99][100] Merkurinin astronomik simvolu Hermesin əlində tutduğu qızıl əsanın görünüşü ilə bağlıdır.[101]
Qədim Çində Merkuri Saat ulduzu (çin. Chen-xing; 辰星) olaraq adlanırdı. Qədim Çində Merkuri şimal istiqaməti və metafizikanın Beş element sistemində su fazası ilə bağlı idi.[102] Çağdaş Çin, Koreya, Vyetnam və Yapon mədəniyyətlərində Merkuri Beş element sisteminə əsaslanaraq Su ulduzu (çin. 水星) olaraq tanınır.[103][104][105] Hind mifologiyasında Merkuri Budha olaraq adlandırılırdı və Çərşənbə günü bu tanrıya aid edilirdi.[106] Germanların mifologiyasında Merkuri Odin və Çərşənbə günü ilə bağlı idi.[107] Mayyalar Merkurini bayquş kimi təsvir edirdi və onun Yerin altından xəbər gətirdiyinə inanırdılar.[108]
Orta əsrlərin İslam astronomlarından olan Əndəlüslü Əbu İshaq İbrahim Əl Zərqali XI əsrdə Merkurinin ovala bənzər geosentrik orbitinin müxtəlif təsvirlərini vermişdir. Buna baxmayaraq onun hesablamaları astronomik nəzəriyyələrə təsir etməmişdir.[109][110] XII əsrdə müşahidələr aparan İbn Badca Günəşin səthindən iki qara ləkənin keçdiyini bildirmişdir. XIII əsrdə Marağa şəhərində müşahidələr aparan Qütbəddin Şirazi bu hadisəni Merkuri və Veneranın tranziti olaraq qiymətləndirmişdir.[111] Orta əsrlərdə Günəş ləkələrinin görünməsinə planetlərin Günəşin önündən keçməsinin səbəb olduğu düşünülürdü.[112]
XV əsrdə Hindistanda Kerala məktəbinə aid olan Nilakanta Merkurinin orbitinin qismən heliosentrik sistemə bənzəyən modelini inkişaf etdirmişdir. Bu model XVI əsrdə Tixo Brahe tərəfindən ortaya atılan Tixonik sistemə bənzəyir.[113]
Merkurinin teleskopla ilk müşahidəsi XVII əsrin əvvəllərində Qalileo Qaliley tərəfindən həyata keçirilmişdir. Qaliley teleskopla Veneraya baxaraq onun fazalarını görsə də, onun teleskopu Merkurinin fazalarını görə biləcək qədər güclü deyildi. 1631-ci ildə Pyer Qassendi ilk dəfə planetlərin tranzitini müşahidə edərkən İohann Kepler tərəfindən proqnozlaşdırılan Merkurinin tranzitini gördü. 1639-cu ildə Covanni Zupi teleskopdan istifadə edərək ilk dəfə Merkurinin də Ay və Venera kimi fazaları olduğunu gördü. Bu müşahidə Merkurinin Günəş ətrafında hərəkət etdiyini qəti şəkildə sübut etdi.[18]
Bir planetin digər planetin önündən keçməsinin Yerdən müşahidə olunması nadir hadisələrdəndir. 28 may 1737-ci ildə Con Bevis tərəfindən Qrinviç rəsədxanasında Merkuri və Veneranın hər bir neçə yüz ildə bir baş verən bir-birinin önündən keçməsi müşahidə olunmuşdur.[114] Növbəti belə keçidin 3 dekabr 2133-cü ildə baş verəcəyi proqnozlaşdırılır.[115]
Merkurinin Yerdən müşahidəsinin çətin olması səbəbindən digər planetlərə nəzərən az öyrənilmişdi. 1800-cü ildə İohann Şrote Merkurinin səthinin xüsusiyyətlərini və yüksəkliyi 20 kilometrdən çox olan dağları müşahidə etdiyini iddia etdi. Fridrix Bessel Şrotenin qeydlərinə əsasən səhvən Merkurinin 24 saatlıq perioda və 70°-lik meyilliyə sahib olduğunu təxmin etdi.[116] 1880-ci illərdə Covanni Skiaparelli daha dəqiq müşahidələr apararaq Merkurinin Günəş ətrafında 88 günə hərəkət etdiyini qeyd etmişdir.[117] Merkurinin səthinin xəritəsini hazırlama cəhdləri Evgeni Antoniadi tərəfindən davam etdirildi. O, 1934-cü ildə müşahidələrinə əsaslanaraq Merkuri səthinin xəritəsi ilə bağlı kitab çap etdi.[72] Merkurinin səth xüsusiyyətlərinin çoxu, xüsusən də albedo xüsusiyyətləri ilə bağlı olan adlar Antoniadinin xəritəsinə əsaslanır.[118]
1962-ci ilin iyun ayında USSR Elmlər Akademiyasının Radio mühəndislik və Elektronika İnstitutunun üzvü olan Vladimir Kotelnikov tərəfindən Merkuriyə ilk dəfə radar siqnalları göndərildi. Bununla da planetlərin radarla müşahidəsinə başlanıldı.[119][120][121] 1965-ci ildə Qordon Pettengil və R. Days Puerto-Rikoda yerləşən Aresibo radio teleskopundan istifadə edərək Merkuridə radar müşahidələri apardı. Bunun nəticəsində Merkurinin dönmə periodunun 59 gün olduğu dəqiq şəkildə müəyyən olundu.[122][123] Merkurinin dönüşünün sinxronizə olunması ilə bağlı nəzəriyyə geniş yayılmışdı və bu radio teleskop müşahidələrinin nəticələrinin açıqlanması astronomlar tərəfindən təəccüblə qarşılandı. Əgər Merkurinin dönüşü sinxronizə olsaydı, bu zaman onun qaranlıq tərəfi həddən artıq soyuq olmalı idi. Buna baxmayaraq aparılan radio emissiya müşahidələri nəticəsində istiliyin gözlənən dərəcədən çox yüksək olduğu məlum oldu. Astronomlar sinxron dönmə nəzəriyyəsindən imtina etmək istəmirdilər. Bu səbəbdən də müşahidələrin nəticələrini izah etmək üçün istiliyi güclü şəkildə yayan küləklərin olması kimi alternativ nəzəriyyələr ortaya atdılar.[124]
İtalyan astronomu Cüzeppe Kolombo tərəfindən Merkurinin hərəkəti ilə bağlı yeni nəzəriyyə ortaya atıldı. Belə ki, o, 1:1 rezonansın yerinə 3:2 rezonansının olduğunu qeyd etdi, yəni Merkurinin Günəş ətrafında üç dəfə dönməsi, öz oxu ətrafında iki dəfə dönməsi ilə bərabər müddətdə baş verirdi.[125] Bu nəzəriyyə Mariner 10 kosmik gəmisinin apardığı müşahidələr nəticəsində öz təsdiqini tapdı.[126] Bu da Covanni Skiaparelli və Evgeni Antoniadinin hazırlamış olduqları xəritələrin səhv olması mənasına gəlirdi.[116]
Yerüstü optik müşahidələrlə Merkurinin səthi ilə bağlı daha çox məlumatlar əldə oluna bilmədi, ancaq radio astronomlar mikrodalğa tezliyində interferometrik metoddan istifadə edərək Günəş radiasiyasının səbəb olduğu təsirlərin qarşısını aldılar. Bu yolla Merkurinin səthinin metrlərlə dərinliyinə qədər olan hissəsinin fiziki və kimyəvi tərkibi haqqında məlumatlar əldə etməyi bacardılar.[127][128] Buna baxmayaraq Merkurinin morfoloji xüsusiyyətləri haqqında çoxlu məlumatlar ilk kosmik missiyaya qədər məlum deyildi. Bundan başqa son texnoloji uğurlar Yerüstü müşahidələrdə inkişafa səbəb olmuşdur. 2000-ci ildə Vilson dağı rəsədxanasının yüksək dəqiqliyə sahib olan 1,5 metrlik Heyl teleskopu ilə Merkuri müşahidə olunmuşdur. Bu müşahidə nəticəsində Mariner 10 kosmik missiyası zamanı müşahidə oluna bilməyən ərazilər görüldü.[129] Aresibo radio teleskopundan istifadə olunaraq Merkurinin şimal qütbündə Günəş işığı düşməyən kraterlərdə buz ola biləcəyi məlum oldu.[130]
Merkurinin orbitinin Yerə nəzərən Günəşə çox yaxın olması kosmik gəmilərlə öyrənilməsinə çətinliklər törətdir. Yerdən kosmosa buraxılan kosmik gəmi Günəşin cazibə qüvvəsinə əsaslanaraq Merkuriyə çatması üçün 91 milyon km məsafə qət etməlidir. Merkurinin orbit sürəti 48 km/saniyə, Yerin orbit sürəti isə 30 km/saniyəyə bərabərdir. Bu səbəbdən də digər planetlərə təşkil olunan kosmik missiyalardakı sürət göstəriciləri ilə qarşılaşdırıldığında Merkuri yaxınlığından keçən kosmik gəminin Hohman keçid orbitinə daxil olması üçün daha çox sürət lazımdır.[132]
Merkurinin cüzi atmosferi vardır və atmosferə daxil olmağa çalışan kosmik gəminin sürtünməsinə səbəb olacaq səviyyədə deyildir. Merkuriyə kosmik missiya təşkil etmək üçün tələb olunan yanacaq miqdarı Günəşin cazibəsini tərk etmək üçün tələb olunan yanacaq miqdarından daha çoxdur. Nəticədə Merkuriyə indiyə qədər iki kosmik missiya təşkil olunmuşdur.[133] Təklif olunan alternativ yanaşmaya görə Merkuriyə təşkil olunacaq kosmik missiyalar üçün Günəş yelkənlərindən istifadə edən kosmik gəmilər hazırlamaq lazımdır.[134]
Mariner 10 Merkuriyə göndərilən ilk kosmik gəmidir.[99] Mariner 10 Merkuriyə yaxınlaşmaq üçün Veneranın cazibə qüvvəsindən istifədə etdi. Mariner 10 başqa planetin cazibə qüvvəsindən istifadə edərək hərəkət edən NASA tərəfindən hazırlanmış ilk kosmik gəmidir.[132] Mariner 10 Merkurinin səthinin yaxından çəkilmiş ilk şəkillərini göndərərək planetin sıx kraterli təbiətinin xüsusiyyətlərini aşkarlamışdır. Eyni zamanda Mariner 10 tərəfindən Merkurinin ölçülərinə görə böyük olan dəmir nüvəsi aşkarlanmışdır.[135] Mariner 10 kosmik gəmisinin orbit hərəkəti uzun müddət davam etdiyi üçün kosmik gəmi Merkuriyə hər dəfə yaxınlaşanda planetin eyni üzü görünürdü.[136] Bu səbəbdən də Merkurinin səthinin ancaq 45%-lik görülən hissəsinin ətraflı xəritəsini hazırlamaq mümkün oldu.[137]
Mariner 10 kosmik gəmisi Merkurinin yaxınlığından üç dəfə keçdi və planetin səthinə 327 km-ə qədər yaxınlaşdı.[138] Kosmik gəmi Merkurinin yaxınlığından ilk dəfə keçərkən planetin maqnit sahəsinin olduğunu aşkara çıxardı. Bu göstəricilər astronomlar tərəfindən təəccüblə qarşılandı. Çünki astronomlar Merkurinin maqnit sahəsi yaratmağa yetərli olacaq qədər dinamo təsiri yaratmadığını düşünürdülər. Mariner 10 kosmik gəmisi ikinci dəfə Merkurinin yaxınlığından keçərkən əsas diqqət səthdən şəkillərin əldə olunmasına yönəldi, ancaq üçüncü keçişdə maqnit sahəsi ilə bağlı çoxlu yeni məlumatlar əldə olundu. Mariner 10 kosmik gəmisinin əldə etdiyi məlumatlar Merkuridə Günəş küləyinin təsirindən Yerdəkinə bənzər qütb parıltılarının meydana gəldiyini müəyyən etdi.[139]
24 mart 1975-ci ildə Mariner 10 kosmik gəmisinin yanacağı üçüncü yaxınlaşmadan səkkiz gün sonra tükəndi. Bundan sonra kosmik gəmi ilə əlaqə sonlandırılmışdır və Mariner 10 kosmik gəmisinin hələ də Günəş ətrafındakı orbitində hərəkət etdiyi düşünülür.[140][141]
MESSENGER kosmik gəmisi (ing. MErcury Surface, Space ENvironment, GEochemistry, and Ranging) NASA tərəfindən Merkuriyə təşkil olunan ikinci kosmik missiyadır.[142] MESSENGER kosmik gəmisinin Merkurinin yaxınlığından ilk uçuşu 14 yanvar 2008-ci ildə, ikinci uçuşu 6 oktyabr 2008-ci ildə,[143] üçüncü uçuşu isə 29 sentyabr 2009-cu ildə baş vermişdir.[144] Bu uçuşlar nəticəsində Merkurinin Mariner 10 kosmik gəmisi tərəfindən şəkili çəkilə bilməyən ərazilərinin şəkilləri çəkilmişdir və bunun əsasında bu ərazilərin xəritəsi hazırlanmışdır. 18 mart 2011-ci ildə MESSENGER kosmik gəmisi planetin ətrafındakı elliptik orbitə uğurla daxil oldu. Orbitə daxil olduqdan sonra ilk şəkil 29 mart 2011-ci ildə əldə edilmişdir. MESSENGER kosmik gəmisi bir il ərzində Merkurinin səthinin xəritəsinin hazırlanması missiyasını tamamladı[143] və onun missiyasının müddəti 2013-cü ilə qədər uzadıldı. Merkurinin səthinin xəritəsini hazırlamaq missiyası ilə yanaşı MESSENGER tərəfindən 2012-ci ildə Günəşin aktivliyinin maksimum olduğu dövr müşahidə olundu.[145]
MESSENGER kosmik gəmisi Merkurinin qütblərində buzun mövcudluğu, planetin yüksək sıxlığı və geoloji tarixi, zəif atmosferinin mənbəyi, maqnit sahəsinin təbiəti və dəmir nüvəsinin xüsusiyyətləri məsələlərini öyrənmək üçün göndərilmişdir. Bu səbəbdən də Merkuridəki yüklü zərrəciklərin sürətini ölçmək, spektr analizləri aparmaq kimi tədqiqatlar üçün MESSENGER kosmik gəmisi Mariner 10 kosmik gəmisinə nəzərən daha yüksək dəqiqlikli cihazlara sahibdi. MESSENGER kosmik gəmisinin orbit sürətinin dəyişməsi göstəricilərinin planetin daxili quruluşu haqqında məlumat verəcəyi düşünülürdü.[30] MESSENGER kosmik gəmisinin sonuncu dönüşü 24 aprel 2015-ci ildə həyata keçirildi və 30 aprel 2015-ci ildə kosmik gəmi Merkurinin səthinə çırpıldı.[146][147][148] Kosmik gəminin Merkuri ilə toqquşması nəticəsində planetin səthində diametri 16 metr olan zərbə krateri meydana gəldi.[149]
Avropa Kosmik Agentliyi və Yaponiya tərəfindən ortaq şəkildə həyata keçirilməsi düşünülən BepiKolombo missiyası çərçivəsində Merkuriyə iki kosmik gəminin göndərilməsi planlaşdırılır. Bu kosmik gəmilərdən biri planetin maqnit sahəsini, digəri isə səthini tədqiq etmək üçün nəzərdə tutulmuşdur.[150] BepiKolombo missiyasına 20 oktyabr 2018-ci ildə başlanmişdir və onun 2025-ci ildə Merkuriyə çatacağı gözlənilir.[151] Kosmik gəmilər Yerdən bir olaraq kosmosa buraxılmış və daha sonra ayrılaraq missiyalarını həyata keçirməyə başlayacaqlar. Hər iki kosmik gəmi də Yer ili əsasında fəaliyyət göstərəcək.[150] Merkurinin səthini müşahidə etmək üçün nəzərdə tutulan kosmik gəmi MESSENGER kosmik gəmisinə bənzər cihazlara sahib olacaq və planetin səthini infraqırmızı, ultrabənövşəyi, qamma və Rentgen şüaları daxil olmaqla fərqli dalğa tezliklərində tədqiq edəcək.[152]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.