Remove ads
müqavimət hərəkatının üzvü From Wikipedia, the free encyclopedia
Partizan (it. partigiano — müəyyən sosial qrupun, partiyanın tərəfdarı) — düşmənin işğal etdiyi (və ya müxalif siyasi qüvvələrin nəzarəti altında olan) ərazidə partizan müharibəsi üsullarından istifadə etməklə silahlı mütəşəkkil partizan qüvvələrinin tərkibində könüllü olaraq öz ölkəsinin azadlığı və müstəqilliyi uğrunda silahlı mübarizəyə rəhbərlik edən şəxs, partizan dəstəsi.[1]
Bu termin müqavimət hərəkətlərinin sahə elementinə şamil edilə bilər. Bir neçə dildə ən çox yayılmış müasir istifadə İkinci Dünya müharibəsi zamanı, xüsusən də Yuqoslaviya partizan lideri İosip Broz Titonun rəhbərliyi altında işğala qarşı müqavimət döyüşçülərinə aiddir. Burda yerli əhalinin dəstəyi müəyyən edici amildir. Çünki, əks halda "partizan" sözü deyil, "quldurlar", "təxribat qrupları" və s. işlədilir. Bu birləşmələrin qeyri-rəsmi olması çox vaxt onunla bağlıdır ki, onların məqsədi hakimiyyət ölkəsində mövcud olan (siyasi və ya hərbi rejim) və ya düşmən ölkənin işğal rejimi ilə mübarizə aparmaqdır. Üstəlik, əsasən hərbi yolla, düşmən xəttinin arxasında partizan müharibəsi üsulları ilə — təxribat, terror, polis qüvvələri, nizami ordu, yerli idarəetmə orqanları ilə silahlı toqquşmalar və s. Burda əsas məqamlardan biri də ərazi boyu kamuflyajlı hərəkətdən istifadə edərək və üstün düşmən qüvvələri ilə cəbhədə toqquşmalardan yayınmaqla mübarizə üsuludur.
Partizan müharibəsinin ilkin konsepsiyası döyüş bölgəsindəki yerli əhalidən cəlb edilmiş qoşunların (və ya bəzi hallarda nizami qüvvələr) düşmən xəttinin arxasında əlaqəni kəsmək, postları və ya kəndləri ələ keçirmək üçün istifadəsini nəzərdə tuturdu. Həmçinin qoşunların əməliyyatları zamanı bazaları dağıtmaq, konvoyları pusquya salmaq, müharibə vergiləri və ya ianələr toplamaq, logistika anbarlarına basqın etmək və düşmən qüvvələrini dağıtmağa və əməliyyat bazalarını müdafiə etməyə məcbur etmək məqsədi də əsas məram idi. Partizan dəstələri və düşmən xətti arxasında partizan döyüşü taktikasından bir çox müharibələr və lokal münaqişələr zamanı geniş istifadə olunur.
Corc Satterfild 1672–1678-ci illər Fransa-Hollandiya müharibəsi zamanı 1673–1678-ci illərdə Aşağı Ölkələr kampaniyalarında "partizan müharibəsi"ni (Fransızca petite guerre, tərcümədə "kiçik müharibə") təhlil etmişdir.[2] Feodal Yaponiyada bəzi nindza təcrübələri qeyri-müntəzəm partizan müharibəsinə bənzəyirdi.
1756–1763-cü illər Yeddiillik müharibə zamanı Prussiya ordusunda hərbi mühəndislərin kapitanı kimi xidmət etmiş macar hərbi zabit De Genay XVIII əsrdə partizan taktikası ilə bağlı ilk dərsliklərdən birini hazırlayıb. Əsər "Partizan və ya Müharibə aparmağın incəsənəti". "Dəstədə müharibə aparmaq…" adlanır. Əsər ingilis dilinə tərcümə edilərək 1760-cı ildə Londonda nəşr olunub.[3] İohan fon Evald 1875-ci ildə çap olunmuş özünün "Abhandlung über den kleinen Krieg" ("Kiçik müharibə haqqında traktat") əsərində partizan müharibəsi üsullarını ətraflı təsvir etmişdir.[4][5]
Partizan müharibəsi konsepsiyası daha sonra 1861-1865-ci illər Amerika vətəndaş müharibəsinin "Partizan Reyncerləri"nin əsasını təşkil etdi.[6][7] Həmin müharibədə Con S.Mosbi, Cessi Ceyms, Vilyam Quantrill və ya Qanlı Bill Anderson kimi Amerika Konfederativ Ştatları Ordusunun partizan liderləri fon Evaldın (daha sonra Jomini (1779-1869) və Klauzevitsin (1780-1831)) təsvir etdiyi prinsiplərə uyğun hərəkət edirdilər.[8][9] Əslində isə XIX əsrin amerikalı partizanları nasistlər tərəfindən işğal edilmiş Avropada fəaliyyət göstərəcək partizan qüvvələrindən daha çox II Dünya müharibəsi zamanı yetişdirilmiş komandos və ya mühafizəçi qüvvələrinə yaxın idilər. Mosbi tipli döyüşçülər qanuni olaraq dövlətlərinin silahlı qüvvələrinin uniformalı üzvləri hesab olunurdu.
XIX əsrin ortalarında partizanlar basqın edən süvarilərdən və ya qeyri-mütəşəkkil/yarımütəşəkkil partizan qüvvələrindən əhəmiyyətli dərəcədə fərqlənirdilər.
Rus partizanları Napoleonun Rusiya səfərində məğlub olmasında mühüm rol oynadılar. Onların şiddətli müqaviməti və davamlı hücumları Fransa imperatorunu 1812-ci ildə Fransanın Rusiyaya hücumu və işğaldan sonra Rusiyadan geri çəkilməyə məcbur etdi. Rus ordusu qusarı Denis Davydovun fəaliyyəti xüsusilə partizan müharibələrinin qaydalarına çox uyğun gəlirdi.[10][11]
Burlar həmçinin 1899-1902-ci illər İkinci Bur müharibəsi zamanı komandoları ilə partizan müharibəsi konsepsiyasını tətbiq etmişdilər.[12]
Rusiya imperiyası da Birinci Dünya müharibəsində partizanlardan aktiv istifadə etmiş. Xüsusən Belarus ərazisində Stanislav Bulak-Balaçoviç dəstəsi ilə aktiv partizan müharibəsi aparmışdır.[13]
Partizan müharibəsi üsulları xüsusilə İkinci Dünya müharibəsi illərində geniş vüsət almışdır. SSRİ ərazisində müharibə illərində nizami qüvvələr kortəbii şəkildə yaradılmış döyüş qruplarına (əhalinin özünütəşkili, mühasirəyə alınmış hərbi qulluqçu qrupları) həm hərbi materialların, həm də mütəxəssislərin verilməsi, həm də təşkilati qrupların və nizami döyüş hissələrinin, hissələrin atılması ilə məşğul olurdular. Avropada Üçüncü Reyxin işğalına qarşı İtaliya,[14] Fransa, [15][16]Yuqoslaviya, Polşa[17][18] ərazisində aktiv partizan dəstələri fəaliyyət göstərirdi.
Xüsusilə Yuqoslaviya Partizanları və ya Milli Azadlıq Ordusu (rəsmi olaraq Milli Azadlıq Ordusu və Yuqoslaviyanın Partizan Dəstələri) Avropanın ən təsirli anti-nasist müqavimət hərəkatı idi.[19][20] Yuqoslaviya partizanlarına İosip Broz Tito rəhbərlik edirdi.[21] 1944-cü ilin sonlarına qədər Yuqoslaviyada partizanların ümumi qüvvələri 650.000 kişi və qadından ibarət dörd səhra ordusunda və şərti döyüşlərdə iştirak edən 52 diviziyada təşkil edilmişdi. 1945-ci ilin aprelinə qədər partizanların sayı 800.000 nəfərdən çox idi.[22]
Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatı geniş vüsət almışdı. Sovet hərbçisi və dövlət xadimi, general-mayor və iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1942, 1944) Sidor Kovpak Ukraynada partizan hərəkatının əsas təşkilatçılarından biri idi.[23] O, Spadşçanski meşəsindəki partizan dəstəsinə, birləşmiş Putivl partizan dəstəsinə və Sumı vilayətinin partizan dəstələrinə komandanlıq edib.[24] Partizan müharibəsinin basqın taktikasının tərəfdarı olub. Sumı vilayətinin şimal bölgələrində iki dəfə yürüşə, Ukraynanın Sağ Sahilinə və Karpatlara basqınlar təşkil edib.[25][26]
İspaniyada vətəndaş müharibəsi zamanı, Çində vətəndaş müharibəsi və Yaponiya ilə müharibədə, Koreyada Koreya müharibəsi illərində,[27] Yaponiya işğalı zamanı partizan hərəkatı geniş yayılmışdır. İkinci Dünya müharibəsi bitdikdən sonra Ukrayna[28][29][30][31] və Litva[32] ərazisində Sovet işğalına qarşı aktiv partizan müharibəsi olmuşdur. "Meşə qardaşları" adlanan partizan hərəkatı 1950-ci illərin ortalarına qədər davam etmişdir.[33]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.