From Wikipedia, the free encyclopedia
I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir.
I Trdat | |
---|---|
Ermənistan çarı | |
54 – 58 | |
Əvvəlki | Radamist |
Sonrakı | VI Tiqran |
63 – 72 | |
Əvvəlki | VI Tiqran |
Sonrakı | I Sanatruk |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 88 |
Fəaliyyəti | baş kahin[d], suveren[d] |
Atası | II Vonon |
Ailəsi | Arsax krallığı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi.[1] Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.[2]
Trdat həm də zərdüşti kahini idi, 66-cı ildə Romada olarkən o, digər zərdüşti maqlar ilə birlikdə qalır. XX əsrin əvvəllərində bəzi tarixçilər onun zərdüştiliyin romalaşdırılmış versiyası hesab olunan mitraizmin inkişafında rol oynadığını düşünürdülər.[3] O vaxtdan bu nəzəriyyə geniş şəkildə təkzib edilmişdir.[4]
Onun dəqiq doğum və ölüm tarixi məlum deyil.
Trdat Parfiya çarı II Vononun və onun yunan konkubinasının oğlu idi.[a] O, gəncliyini atasının çar II Qotarzın adına idarə etdiyi Midiyada keçirmişdi, lakin onun gəncliyi haqqında çox şey məlum deyil. Trdat adı "Tir tərəfindən verilmiş" deməkdir. Tir zərdüştilikdə Avesta Tiştriyasına əsaslanan ədəbiyyat, elm və incəsənət tanrısı idi və yunan mifologiyasındakı Apollon ilə eyniləşdirilmişdir.[6]
51-ci ildə Kappadokiyanın Roma prokuratoru Yuli Peliqn o zaman iberiyalı Radamistin idarə etdiyi Ermənistanı işğal və ölkəni talan etmişdir. Radamist Qorneya qalasını qoruyan Roma qarnizonunun diqqətini cəlb etdikdən sonra Trdatın əmisi çar Mitridatı öldürmüşdür.[7][8] Təlimatlar olmadan hərəkət edən Peliqn Radamisti Ermənistanın yeni çarı kimi tanımışdır. Suriya qubernatoru Qay Ummidi Durmi Kvadrat ardınca bu qarışıqlığı aradan qaldıraraq normal vəziyyəti bərpa etsin deyə Qay Helvidi Priski bir legionun komandanlığına təyin edərək onu Ermənistana göndərmiş, lakin Parfiya ilə müharibəyə səbəb olmamaq üçün sonda geri çağırmışdır.[7]
Buna baxmayaraq, 52-ci ildə I Vologez fürsətdən istifadə edərək öz növbəsində Artaşatı tutaraq Ermənistanı işğal etmiş və kiçik qardaşı Trdatı çar elan etmişdir.[9] Bu, Roma imperatoru Avqust ilə Parfiya çarı IV Fraat arasında bağlanmış, Ermənistan çarlarını təyin etmək və taclandırmaq hüququnu Romaya verən müqaviləni pozurdu.[10] Vologez hesab edirdi ki, Ermənistan taxt-tacı vaxtilə onun əcdadlarının mülkü olmuş və indi bu taxt cinayətin ardınca qəsbkarlar tərəfindən zəbt olunmuşdu.[b] Hərçənd, qış epidemiyası və oğlu Vardanın başçılığı altındakı üsyan onu qoşunlarını Ermənistandan geri çəkməyə məcbur etmişdir.[11] Bunun ardınca Radamist Ermənistana qayıtmış və yerliləri xəyanətlə ittiham edərək cəzalandırmağa başlamışdır, lakin 55-ci ilin əvvəlində yerli əhali üsyan qaldırmış və onu devirərək Trdatı hakimiyyətini bərpa etmişdir. Radamist hamilə olan arvadı Zenobiya ilə qaçmağa çalışmış, lakin qaçmağa davam edə bilməyən Zenobiya ərindən əsir düşməkdənsə həyatına son qoymasını istəmişdir. Radamist onu xəncərlə vuraraq cəsədini Araz çayına atmışdır, lakin Zenobiya ölümcül xəsarət almamış və yerli çobanlar tərəfindən Trdatın iqamətgahına aparılmışdır.[8][12] Trdat onu mehribanlıqla qəbul etmiş və ona monarxiyanın üzvü kimi yanaşmışdır. Radamist sonradan İberiyaya qayıtmış, lakin bir müddət sonra atası I Parsmana sui-qəsd təşkil etdiyinə görə ölümə məhkum edilmişdir.[7]
İmperiyanın sərhəd ərazilərində artan Parfiya təsirindən narazı qalmış[12] Neron Romanın vassal padşahlarının hakimiyyətini bərpa etmək missiyası ilə legat Qney Domisi Korbulonu böyük bir ordunun başçısı təyin edərək regiona göndərmişdir.[12][13] Xalkisli Aristobulu Kiçik Ermənistan (Nikopol və Satala), Emesalı Soem isə Sofenaya (60-cı ildən sonra; yəqin ki, 63-cü ildə imzalanmış Randeya müqaviləsinə əsasən Ermənistana qayıdana qədər) təyin etmişdir.[14] 58-ci ilin yazında Korbulon Kappadokiyadan Böyük Ermənistana daxil olmuş və Artaşata doğru irəliləmişdir. Eyni zamanda I Parsman şimaldan, Kommagenalı IV Antiox isə cənub-qərbdən hücuma keçmişdir. Trdat qardaşının köməyi ilə Roma ordusunu sıxışdırmaq üçün çevik qüvvələr göndərmiş, Korbulon da eyni taktikadan istifadə edərək muşkları Ermənistanın periferik rayonlarını qarət etmək üçün göndərmişdir.[12] Trdat paytaxtdan qaçmış, Korbulon isə oranı yandırmışdır.[8] Yayda Korbulon Tarodan keçərək Tiqranakertə yaxınlaşmış, burada onun sərkərdələrindən bir neçəsi pusquda öldürülmüşdür. Buna baxmayaraq, şəhərin biri istisna olmaqla bütün qalalarının qapıları Roma ordusuna açılmışdır.[15] Bu zaman Ermənistan əhalisinin əksəriyyəti müqaviməti dayandıraraq Romanın vassallığını qəbul etmişdir.[16] Neron tacı Kappadokiya padşahlarının son davamçıları olan Qlafiranın (Arxelay Filopatorun qızı) nəvəsi və İudeyalı İskəndərin (I Böyük İrodun oğlu) oğluna təqdim etmişdir.[17] O, adını erməniləşdirərək VI Tiqran (əmisi V Tiqran idi) adını qəbul etmişdir.[18] Neron bu ilkin qələbəyə görə ictimaiyyət tərəfindən bəyənilmiş[19] və Korbulon mükafat olaraq Suriyanın qubernatoru təyin edilmişdir.[20] Ölkəni müdafiə etmək üçün min legioner, üç köməkçi koqorta və iki kavaleriya qanadı Tiqrana buraxılmışdır. Sərhəd əraziləri Romanın II Polemon, I Parsman, Aristobulu və IV Antiox kimi Korbulona kömək edən müttəfiqlərinə həvalə edilmişdir.[15]
Vologez bir yadellinin Ermənistan taxt-tacına sahib olmasından qəzəblənmişdi, lakin üsyançı hirkanlılarla münaqişəyə girdiyi üçün qardaşının hakimiyyətini bərpa etməkdən çəkinmişdir.[15] Tiqran 61-ci ildə Adiabenanın şimalını işğal etmişdir. Onun padşahı II Monobaz qanunla Ermənistanın vassalı idi, əslində isə müstəqil siyasət aparırdı[21] və bu hücumun qisasını almaq üçün Parfiyadan kömək istəmişdir. Vologez bu hərəkəti Romanın təcavüzü kimi qiymətləndirmiş və Trdatın Ermənistan taxtına qaytarılması üçün yürüşə başlamışdır. O, spahbed Monezin komandanlığı altında Tiqranı Ermənistandan qovmaq hədəfi ilə katafraktlardan ibarət nizami qüvvə, eləcə də Adiabenadan köməkçi qüvvə qoymuşdur. O, Hirkan üsyanını yatırdıqdan sonra qüvvələrini toplayıb Ermənistan üzərinə yürüş etmişdir. Bundan xəbərdar olan Korbulon Tiqrana kömək etmək üçün Lusi Verulan Sever və Mark Vetti Bolanın komandanlığı altında iki legion göndərmişdir. O həmçinin, Nerona xəbər göndərmiş və artıq Suriyanın da eyni dərəcədə təhlükə altında olduğunu nəzərə alaraq ondan Ermənistanı müdafiə etmək üçün ikinci bir sərkərdə göndərməsini xahiş etmişdir. Korbulonun qalan legionları Fərat çayı sahillərində yerləşdirilmişdi və ona bitişik regionlarda nizamsız qoşunları silahlandırırdı. O, ərazidə su çatışmazlığı olduğundan bulaqların üstündə qalalar uzaltmış, çayları qumla doldurmuşdur. Monez Tiqranakert üzərinə yürüş etmiş, lakin onun qoşunları uzunmüddətli mühasirə üçün təchiz olunmadığından şəhərin istehkamlarını keçə bilməmişdir. Bundan sonra Korbulon şansını sınamaq fikrinə düşmüş və Kasperi adlı senturionu mühasirənin qaldırılmasını xahiş etsin deyə Vologezin Nüseybindəki düşərgəsinə göndərmişdir. Bu yaxınlarda baş vermiş çəyirtkə tufanı və atları üçün yem çatışmazlığı səbəbindən Vologez bununla razılaşmış, lakin davamlı sülhün bərqərar olması üçün bir sıra tələblər irəli sürmüşdür.[15] O, Roma və Parfiya qoşunlarının regiondan çıxarılmasını, Tiqranın taxtdan salınmasını və Trdatın padşah kimi tanınmasını tələb etmişdir. Roma bu təklifi rədd etmiş və Kappadokiyanın qubernatoru Lusi Yuni Sezenni Peti Ermənistanı bilavasitə Romanın idarəsinə salmaq üçün göndərmişdir.[22][23][24] Buna baxmayaraq, Pet pis bir sərkərdə olduğunu sübut etmiş və 62-ci ildə Randeya döyüşündə alçaldıcı məğlubiyyətə uğramışdır. Burada Kalvisi Sabinin komandanlıq etdiyi XII Fulminata legionu və Funisulan Vettonyanın komandanlıq etdiyi III Skif legionu tamamilə məhv olmuşdur.[8]
Qoşunların komandirliyi daha sonra Korbulona qayıtmışdır. Növbəti il Melitena və Ermənistana güclü ordu gətirən Korbulon burada Parfiya tərəfdarı olmaqda şübhəli bilinən bütün regional qubernatorları sıradan çıxarmışdır. O, Trdat ilə Randeyada görüşmüş və sülh danışıqlarına başlamışdır. Trdat Roma düşərgəsinə gəldikdən sonra kral diademanı çıxararaq yerə, Neron heykəlinin yanına qoymuş[25] və romalılıların xahişi ilə onu yalnız Romada məhz imperatorun əlindən geri almağa razı olmuşdur.[8] Trdat Ermənistanın vassal padşahı kimi tanınmış, Roma qarnizonu Ermənistan və Sofenaya yerləşdirilmişdir, Artaşatanın bərpa edilməsi vəd olunmuşdur. Korbulon kürəkəni Anni Vinisiana Romaya səfərində Trdatı müşayiət etməyi və onun Nerona sadiqliyinə şəhadət verməyi tapşırmışdır.[22]
Trdat Romaya səfər etməzdən əvvəl Atropat Midiyası və Parfiyada anasını, eləcə də iki qardaşını ziyarət etmişdir.[26] Romaya səfərində onla birlikdə ailəsi, həmçinin çoxsaylı vassallar və 3 min atlıdan ibarət böyük qarovul dəstəsi iştirak etmişdir. Onun yolu Frakiyadan, Adriatik dənizinin şərq sahilində İlliriyadan və İtaliyanın şimal-şərqində Pisendən keçmişdir. Trdatın övladları və çariça ilə birlikdə at belində etdiyi səyahət doqquz ay çəkmişdir.[27] Onunla birlikdə digər övladları Vologez, Monobaz və Pakor da bu səyahətdə iştirak etmişdir.[28] Trdatın bir maq kimi vəzifəsi ilə bağlı qadağalar səbəbindən səyahət zamanı dəniz nəqliyyatından istifadə edilməmişdir.[8]
III əsrin əvvəllərində yaşamış Roma tarixçisi Dion Kassi Trdatın gəlişini müsbət çərçivədə təsvir etmişdir. "Trdat özü həyatının əvvəlində idi, cavanlığı, yaraşığı, əsli və zəkasına görə görkəmli şəxsiyyət idi".[28] Neron Trdatı oktyabr ayında Neapolda qarşılamış və şəhərə çox qalmamış onun üçün rəsmi bir araba göndərmişdir. İmperatora silahlı şəkildə yaxınlaşmağa heç kim icazə verilmirdi, lakin Trdat tərksilah etməkdən imtina etmişdir. O, sonda qılıncını qınına bağlamaq şərtilə güzəştə getmişdir. Neron Puteolda (indiki Pottsuoli) özü də yaxşı oxatan olan Trdatın şərəfinə oyunlar təşkil etmişdir.[8] Bu epizodda tarixdə ilk dəfə qadın qladiatorlar haqqında məlumat verilmişdir. Kassi qeyd edir ki, "Neron bu hərəkətinə görə (Trdatın qılıncını buraxmaması) ona heyran qalmışdı və onu bir çox cəhətdən əyləndirmiş, Puteolda onun üçün qladiator yarışı təşkil etmişdir. Çıxışı onun azad edilmiş qullarından Patrobi idarə edirdi. O, bunu çox parlaq və dəyərli bir hadisəyə çevirməyi nail olmuşdu".[29]
Bayram şənliklərinin zirvəsi paytaxt Romada baş tutmuşdu. Şəhər bayraqlar, məşəllər, çələnglər və bannerlərlə təmtəraqla bəzədilmişdi, gecələr isə çoxlu sayda insan tərəfindən işıqlandırılırdı.[30] Neron Trdatın şəhərə gəldiyi gün bahalı triumf geyimində, parlaq zirehlə, nüfuzlu qonaqlar və döyüşçülərin əhatəsində Roma forumuna enmişdir. Neron imperator taxtına oturan zaman Trdat və onun qarovul dəstəsi iki sıra əsgərlər arasından irəliləməyə başlamışdır. Kafedraya yaxınlaşan Trdat diz çökmüş, qollarını sinəsinə qatlamışdır. Bundan sonra sükut hökm sürmüş, Trdat ilə Neron arasında aşağıdakı danışıq baş tutmuşdur:[8][31]
Trdat: Ey ağa, Arşakuni nəslinin nümayəndəsi və padşahlar Vologez ilə Pakorun qardaşı, mən özümü sənin qulun kimi tanıyıram. Ey tanrım, mən Mitraya ibadət etdiyim kimi sənə də ibadət edim deyə bura təşrif buyurdum. Mənim üçün yaratdığın tale mənə nəsib olacaq, çünki sən mənim bəxtim və qismətim olacaqsan.
Neron: Bəli, mənim yanıma şəxsən gəlməyin yaxşı oldu. Məhz belə bir üz-üzə görüşdə mən sənə lütfkarlığımı bağışlaya bilərəm. Atanın və qardaşlarının sənə vəsiyyət etmədiklərini, vermədiklərini sənə lütf edirəm. Səni Ermənistan çarı elan edirəm ki, sən və sənin xalqın mənim səltənət bəxt etməyə, onu almağa gücümün olduğunu başa düşsün. |
Bundan sonra Trdat platformanın pilləkənləri ilə qalxaraq yerə diz çökmüş, Neron padşah diademini onun başına qoymuş, Trdatı qaldırmış, öpmüş və özünkündən aşağı səviyyədə olan oturacaqda oturtmuşdur. Bu vaxt pretor yunan dilində danışan Trdatın sözlərini tərcümə etmiş, camaat hökmdarları alqışlamışdır.[32] Böyük Plininin qeydlərinə görə, Trdatın maqilərin mərasimlərdə iştirak edirdi.[33] Korneli Tasit Ermənistan hökmdarının Romanın adət-ənənələri ilə maraqlandığını da əlavə etmişdir.[34]
Şənlik bir müddət davam etmişdir. Pompey teatrının interyeri və onun əşyaları bu münasibətlə xüsusi olaraq qızılla örtülmüşdü, buna görə də bu dövr sonralar "qızıl günlər" adlandırılmışdır. Gündüzlər Roma günəşdən qorunmaq üçün bənövşəyi rəngə bürünmüşdü və Neron döyüş arabaları ilə yarışırdı. O, axşam vaxtlarında sitra və lira çalır, mahnı oxuyurdu. Trdat heyranlıq bəslədiyi Korbulona imperatorun təkəbbürünə təəccüblü qaldığına və onda ikrah hissi yaratdığını bildirmişdi.[35]
Bu hadisələr xatırlansın deyə senat Nerona dəfnə yarpağı və imperator titulu vermişdi. Roma tarixində belə böyüklükdə və əzəmətdə heç bir bayrama rast gəlinməmişdi. Xəzinə şənliklər səbəbindən yaranan böyük xərclərdən əlavə, Trdatın səyahət və şəhərdə yaşayış xərclərini öz üzərinə götürmüşdü. Bundan əlavə, Neron Trdata əlli milyon sestersi təklif etmişdi.[36][c]
Bundan sonra Roma imperiyasında sülh hökm sürmüşdü və Neron ümumbəşəri sülhün əlaməti olaraq Yanus məbədinin qapılarını bağlamışdır. Ermənistana yola düşən Trdat Artaşatın yenidən qurulması üçün Romadan çoxlu sayda memar və sənətkarı özü ilə aparmışdır. Bundan əlavə, o, Artaşat şəhərini imperator Neronun şərəfinə Neroniya adlandırmışdır.[8][38] Trdat həmçinin, Qarninin (indiki Baş Gərni) kral iqamətgahını sütunlarla və zəngin abidələrlə bəzətmiş, həmçinin burada yeni məbəd tikdirmişdir. Ermənistanda ticarət güclənmiş, bu da öz növbəsində ölkənin Romadan öz müstəqilliyini möhkəmlətməyə imkan yaratmışdır. Roma hətta Neronun ölümündən sonra və şərqdə Vespasianın hakimiyyəti dövründə belə Ermənistanı sadiq müttəfiq hesab edirdi.[38]
Sülh Neron üçün mühüm siyasi qələbə idi.[39] Roma Parfiya tərəfindən tanınan Ermənistan üzərində hakimiyyəti saxlaya bilmiş və taxt-tacı da Arşakuni sülaləsinə həvalə etmişdi.[8] Məhz bu səbəbdən Roma bütün diqqətini İudeyada artan problemlərə yönəldə bilmişdi. Odur ki, Trdatın tacqoymasından bir il sonra Birinci Yəhudi müharibəsi başlamışdır. Roma hakimiyyəti müharibə zamanı Suriyadakı bir neçə legionu İudeyaya köçürmüşdü və Ermənistanla sülh olmasaydı, bu, mümkünsüz olardı.[40] Buna baxmayaraq, bu sülh dövrü əlli il sonra – 114-cü ildə imperator Trayanın Ermənistanı işğal etməsi ilə başa çatmışdır.[41]
Trdat hakimiyyətinin son dövrlərində yeni təhlükə ilə üzləşməli olmuşdur. 72-ci ildə skif əsilli köçəri alan atlıları Midiya Atropatenası və Ermənistanın şimalındakı müxtəlif bölgələrinə basqınlar təşkil etmişdir. Trdat və onun qardaşı, Midiyası Atropatenasının hakimi Pakor bir neçə döyüşdə onlarla qarşılaşmışdır. Trdat bu döyüşlərin birində əsir düşmək təhlükəsi ilə üzləşmiş, lakin onu əhatə edən lassodan qaçmağı bacarmışdır. Alanlar xeyli qənimətlə öz torpaqlarına geri çəkilmişdilər.[42] Bu, onun haqqında mənbələrdə sonuncu qeyddir.[43]
Trdatın hakimiyyətinin dəqiq olaraq nə vaxt bitməsi məlum deyil. Onun varisliyi də məlum deyil, lakin son antik dövrlərə aid bəzi mənbələrdə müəyyən bir I Sanatruk adlı şəxsin Trdatın varisi olduğu qeyd edilir.[44] Digər tərəfdən, 110-cu ildə Trdatın qohumu Aşxadarın Ermənistanın hökmdarı olduğu müəyyən edilmişdir.[43]
Trdat Georq Fridrix Hendelin "Radamisto" və Raynhard Kayzerin "Oktaviya" operalarının əsas personajlarından biridir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.