I Karl (ing. Charles I of England) (19 (29) noyabr 1600[1][2][…], Danfermlin sarayı[d], Fayf[d] və ya Danfermlin[d], Fayf[d][3] – 30 yanvar (9 fevral) 1649[1][2][…], London) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, Şotlandiya kralı VI Ceymsin oğlu olaraq Danfermlin sarayında dünyaya gəldi. 1603-cü ildə atasının taxta çıxmasıyla İngiltərəyə gətirildi və bundan sonrakı həyatını burada yaşadı. Uels şahzadəsi olan qardaşı Henri Frederikin tifus xəstəliyi səbəbilə vəfatının ardından 1612-ci ildə İngiltərə, İrlandiya və Şotlandiya taxtlarının varisi elan olundu. 1623-cü ildə baş tutan və 8 ay davam edən İspaniya səyahəti əsnasında kralın bacısı Mariya Anna ilə evlənməsi müzakirə edilsə də, bu cəhd nəticəsiz qaldı. Səyahətdən 2 il sonra Burbon ailəsindən Henretta Mariya ilə evləndirildi.
I Karl | |
---|---|
ing. Charles I of England | |
Şotlandiya monarxı[d] | |
27 mart 1625 – 30 yanvar 1649 | |
Əvvəlki | I Yakov |
Sonrakı | II Karl |
6 yanvar 1605 – 27 mart 1625 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 (29) noyabr 1600[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 yanvar (9 fevral) 1649[1][2][…] (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Dəfn yeri |
|
Atası | I Yakov[4][3] |
Anası | Danimarkalı Anna[4][3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
|
|
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
1625-ci ildə taxta keçdikdən sonra monarxın səlahiyyətlərini məhdudlaşdıran İngiltərə parlamenti ilə münasibətləri pisləşdi. I Karl ölkəni öz vicdanıyla idarə etmək arzusunda idi və bu səbəblə ölkəni ikiyə ayırdı. Katolik bir xanımla evlənməsi və katolik məzhəbinə bəzi dini azadlıqlar verməsi ölkədəki digər dini qrupları qorxuya saldı. Buna baxmayaraq, onun səltənəti dönəmində bir çox adlı-sanlı Anqlikan din adamı yetişmişdir.
1642-ci ildə başlayan İngiltərə vətəndaş müharibəsi boyunca I Karl parlament orduları ilə mübarizə apardı. 1645-ci ildə şotland qoşunlarına məğlub olan kral İngiltərə parlamentinə təhvil verildi. Həbsi əsnasında konstitusional monarxiyanı qəbul etməsi şərtilə azad buraxılacağı təklif edilsə də, bu təklifi qəbul etmədi və 1647-ci ilin noyabrında qısa müddətliyinə də olsa azadlığa buraxıldı. Ardından Vayt adasına həbs olunan I Karl Şotlandiya ilə ittifaq qurmağa çalışsa da, Oliver Kromvelin 1648-ci ilin sonunda topladığı yeni tip ordu ölkənin idarəsini ələ aldı. 1649-cu ilin yanvarında məhkəməyə çıxarılan I Karl vətənə xəyanətlə təqsirləndirilərək edam olundu. Monarxiya ləğv edildi və İngiltərədə respublika elan olundu. İngiltərədə monarxiya yalnız II Karl dönəmində geri qaytarıldı.
Həyatı
Uşaqlıq illəri
Şotlandiya kralı VI Ceymsin və xanımı Danimarkalı Annanın ikinci oğlu olan Karl 19 noyabr 1600-cü ildə Danfermlin sarayında dünyaya gəldi. 23 dekabrda Edinburqdakı Holirud sarayında baş tutan protestan mərasimiylə Ross yepiskopu tərəfindən vəftiz edildi və ənənəyə görə, Şotlandiya krallarının ikinci oğullarına verilən Albani hersoqluğu ilə təltif olundu.
Atası VI Ceyms İngiltərə kraliçası I Elizabetin həyatda qalan yeganə kişi qohumu idi (onun babası V Ceyms kraliçanın bibisi oğlu idi) və bu səbəblə kraliça 1603-cü ilin martında vəfat etdikdən sonra I Ceyms adıyla İngiltərə taxtına əyləşdi. Ardından bütün ailəsiylə birlikdə aprel ayında Londona gələn I Ceyms, o ərəfədə hələ 3 yaşında olan kiçik oğlu Karlı həssas səhhəti səbəbilə Şotlandiyadakı yaxın dostu Aleksandr Setona əmanət etdi.
1604-cü ilin iyulunda yetəricə böyüyən və artıq yeriməyə başlayan Karl doğulduğu Danfermlin sarayından həyatının geri qalanını keçirəcəyi Londona doğru yola çıxdı. Burada saray mənsublarından Robert Kareyin xanımı Leydi Elizabetin himayəsinə verildi. Danışma qabiliyyəti olduqca zəif idi və həyatı boyunca kəkələməyə davam etdi.
1605-ci ilin yanvarında ənənəyə uyğun olaraq, İngiltərə kralının ikinci oğlu olması səbəbilə Bat cəngavəri və York hersoqu ünvanlarını aldı. Kalvinist bir şotland olan Tomas Murey balaca uşağa müəllim təyin edildi və din, riyaziyyat, ədəbiyyat və fərqli dillər üzrə dərslər almağa başladı. 1611-ci ildə Müqəddəs Qarter ordeni ilə təltif olundu.
Sarayda aldığı dərslərin ardından əsl şahzadə kimi böyüsə də, böyük qardaşı Uels şahzadəsi Henri Frederik qədər məşhur və nüfuzlu deyildi. Ancaq 1612-ci ilin noyabrında qardaşı anidən vəfat etdi. Ölüm səbəbi olaraq tifus epidemiyası göstərilir. Bundan 2 həftə sonra 12 yaşına qədəm qoyan Karl İngiltərə taxtının yeganə varisi elan olundu. Kralın ən böyük oğlu olması səbəbilə Karl avtomatik olaraq bir çox ünvan aldı. 4 il sonra 1616-cı ilin noyabrında Uels şahzadəsi və Çester qrafı elan edildi.
Vəliəhd illəri
1613-cü ildə Karlın bacısı Elizabet alman elektor V Frederiklə evləndi və Heydelberqə köçdü. 1617-ci ildə katolik olan Avstriya hersoqu Ferdinandın Bohemiya kralı seçilməsi bölgədəki protestant-katolik qarşıdurmasını daha da alovlandırdı. Belə ki, ertəsi il Bohemiyalılar katolik rəhbərlərinə qarşı ayaqlandılar. Nəticədə 1619-cu ilin avqustunda Bohemiya parlament məclisi V Frederiki Bohemiya kralı, 2 gün sonra isə Ferdinandı Müqəddəs Roma imperatoru olaraq seçdi. Frederikin imperatora qarşı çıxaraq onun taxtını əlindən alması Otuzillik müharibə adlanacaq uzun qarışıqlıq dövrünün başlanğıcı oldu. İlk illərdə yalnız Bohemiya taxt-tacı uğrunda gedən döyüşlər daha sonra İngiltərə parlamentinin də bölgədə nüfuz qazanma niyyəti səbəbilə bütöv Avropanı əhatə etdi. 1620-ci ildə V Frederik Praqa yaxınlığında məğlub edildi və onun ata-baba torpaqları Habsburqlar tərəfindən işğal olundu. I Ceyms isə bütün bunları uzaqdan izləyirdi və yenicə Uels şahzadəsi olan oğlu Karlla İspaniya infantası olan Mariya Anna arasında siyasi evlilik planlaşdırırdı. Eyni zamanda imperator II Ferdinandın bacısı qızı olan Mariya Anna ilə baş tutacaq nikah Avropada başlayan bu müharibənin ən qısa diplomatik həlli yolu idi.
Ancaq təəssüf ki, I Ceyms nə İspaniya sarayında, nə də öz sarayında bu fikrinə yetərincə dəstəkçi toplaya bilmədi. İngiltərə parlamenti qəti katolik və ispan düşmənçiliyini davam etdirirdi və bu səbəblə, 1621-ci ildə yenidən çağırılan parlament vəliəhdin protestant bir xanımla evlənməsini və İspaniyaya qarşı yeni bir dəniz səfərinin təşkil edilməsi fikrini irəli sürdü. Lord-kansler Frensis Bekon Lordlar palatası önündə korrupsiya ilə mühakimə olundu və bu impiçment 1459-cu ildən bəri kralın rəsmi sanksiyası olmadan edilən ilk mühakimə idi. Bu hadisə sonrakı illərdə Karl və onun dəstəkçilərinə — Bukingem hersoqu Corc Villers, Arxiyepiskop Uilyam Laud və Stafford qrafı Tomas Venvorta qarşı sui-istifadə edildi. I Ceyms hər nə qədər buna etiraz etsə də, parlament Uels şahzadəsinin dərhal İspaniyaya qarşı yeni bir hərbi səfərə göndərilməsini tələb etdi. Ancaq onların bu tələbi Karl tərəfindən də hədsizlik olaraq qəbul edildi. 1622-ci ilin yanvarında I Ceyms parlament üzvlərinin özbaşınalığı və krala qarşı çıxışlarını bəhanə göstərərək parlamenti istehfaya göndərdi.
1623-cü ilin fevralında Karl, Bukingem hersoqu və vəliəhdin yaxın adamlarından biri İspaniya ilə planlaşdırılan siyasi evlilik məsələsini müzakirə etmək məqsədilə gizlicə İspaniyaya getdilər. Ancaq onların bu gizli səyahəti uğursuzluqla nəticələndi. Belə ki, infanta Karlın öz inancına görə kafir olduğunu, bu evliliyin əsas şərti olaraq İngiltərə vəliəhdinin Roma-Katolik kilsəsinə dönməsini tələb etdi. Bundan başqa, ispanlar İngiltərədəki katolik inancının bərpasını və baş tutacaq nikahın ardından gəlinin İngiltərəyə getməyəcəyini irəli sürdülər. Müzakirələr əsnasında Bukingem hersoqu ilə dönəmin İspaniya baş naziri arasında münasibətlərin pisləşməsinin ardından müzakirələr bilavasitə Karl tərəfindən aparıldı. Həmin ilin oktyabrında heç bir nəticə əldə edə bilməyən Karl və adamları Londona geri döndülər və döndükdən sonra, I Ceymsə İspaniyaya müharibə elan etmək üzrə təzyiq göstərməyə başladılar.
1624-cü ildə I Ceyms protestant müşavirlərinin məsləhətiylə İngiltərə parlamentini yenidən çağırdı. Məqsəd isə hazırlıq görülən yeni müharibədə hökumətdən maliyyə subsidiyası almaq idi. Ancaq qurulan yeni hökumətin maliyyə naziri Lionel Qranfild yaranacaq maliyyə məsrəfləri səbəbilə müharibə təklifini qəbul etmədi və onun bu qərarı vəzifədən alınmasına səbəb oldu. Ernst von Mansfeld idarəsindəki zəif təchizatlı ordu V Frederikin işğal edilmiş mülklərini azad etmək üçün yola çıxsa da, Hollandiya sahillərindən irəli gedə bilmədi. O illərdə səhhəti və yaşlılığı səbəbilə parlamentlə mübarizə apara bilməyən I Ceyms 1625-ci ilin martında vəfat etdiyi əsnada Karl və Bukingem hersoqu çoxdan real hakimiyyəti əlinə almışdı.
Səltənət illəri
İspaniyanın etirazından sonra I Karl və yaxın müşaviri Bukingem hersoqu gözünü Fransaya dikdi. Bu dəfəki gəlin namizədi isə Fransa kralı XIII Lüdoviqin bacısı Henretta Mariya idi. Karl 15 yaşlı qızı İspaniya səfəri əsnasında görmüşdü. Cütlüyün nikahı 1 may 1625-ci ildə Paris Notr-Dam kilsəsində qiyabi olaraq baş tutdu. Evli cütlük ilk dəfə 13 iyun 1625-ci ildə Kanterburidə bir araya gəldilər. Karl çağıracağı ilk parlamenti, evliliyə etiraz etməmələri üçün toy mərasimindən sonraya təxirə salmışdı. Parlamentin İcmalar palatasındakı bir çox üzvü İngiltərə kilsəsinə zərər verəcəyi və ölkədəki katolik nüfuzunun artacağı qorxusuyla, kralın bir katoliklə evlənməsinə qarşı çıxırdı. Karl parlamentə ölkədəki dini nizam-intimazın pozulmaması barədə təminat versə də, qaynı olan XIII Lüdoviqlə bağladığı gizli nikah sazişində bunun tam əksini irəli sürürdü. Üstəlik, bu sazişə əsasən İngiltərə donanmasına aid 7 döyüş gəmisi fransızlara La Roşeldə çıxan protestant üsyanınn yatırılmasında kömək edəcəkdi. I Karlın tacqoyma mərasimi 2 fevral 1626-cı ildə Vestminster abbadlığında keçirildi. Ancaq xanımı protestant dini mərasimində iştirak etməkdən imtina etdi.
Həmçinin baxın
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.