Cuğa nekropolu
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն[1]) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.[2]
Cuğa nekropolu | |
---|---|
erm. Ջուղայի գերեզմանատուն | |
38°58′27″ şm. e. 45°33′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Cuğa şəhəri |
İstinad nöm. | 1920 |
Kateqoriya | nekropol |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur.[3]
Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi.[4] 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi.[5] Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır.[6]
Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir.[7]
Cuğa şəhəri Azərbaycan ərazisindəki kiçik orta əsr yaşayış məskənlərindən olmaqla ilkin dövrdə kənd kimi formalaşmış, orta əsrlərdə isə böyüyərək şəhərə çevirilmişdir. XVI əsrdə şəhərdə 20–40,000 erməninin məskunlaşması və onların ticarət və sənətkarlıqla məşğul olmaları bildirilir.[8] Qədim xaç daşların yerləşdiyi Cuğa nekropolu şəhərin qərb hissəsində yerləşir. Məzarlıqdakı ən qədim qəbirlər IX – X əsrlərə, son qəbirlər isə XVII əsrlərə aiddir. 1605-ci ildə I Şah Abbasın Naxçıvan əhalisinin bir hissəsini (xüsusilə xristian erməniləri) İranın içərilərinə doğru köçürməsindən sonra Cuğa şəhəri demək olar ki tamamilə boşalmış, burada yaşayış azalmışdı.[1]
Nekropolda yüzlərlə xaç daşından başqa çoxlu sayda üzəri müxtəlif xristian motivləriilə bəzədilmiş sənduqələr, Ağqoyunlu və Qaraqoyunlu dövrlərinə aid qoç və at formalı məzar daşları da vardır.[1] 1648-ci ildə Cuğaya səfər etmiş fransız səyyahı Aleksandr de Rodun qeyd etdiyinə görə hələ o zaman qəbirsanlıqda 10,000-ə qədər xaç daşı olmuşdur.[1] Lakin Naxçıvan ərazisi daim toqquşmalar meydanı olduğu üçün buradakı bir çox abidələr kimi Cuğa nekropolu da ziyan çəkmiş və 1903–1904-cü illərə həmin xaç daşlardan yalnız 5,000-i çatmışdır.[1]
Azərbaycan tədqiqatçıları Cuğa nekropolundakı xaçdaşların birmənalı olaraq Qafqaz albanlarına məxsus olduğunu və Cuğa şəhərinin xristian əhalisinin Qafqaz albanlarından ibarət olduğunu bildirirlər.[9][10]
Maraqlı və özümlü həllə malik Cuğa xaçdaşlarının böyük əksəriyyətində eyni bir təsvir təkrar olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür. Onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı halə və ya haləyə oxşar saçı olan kişi başı təsvir edilmişdir. İkonoqrafik əlamətlərinə görə o, İsanın (ə. s.) başına oxşayır.[11] Ümumiyyətlə bu mürəkkəb kompozisiyalarda müxtəlif din və etiqadların (zərdüştilik, mitraizm, xristianlıq və islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilmişdir. Təsvirlər xristian qəbir daşlarında – xaçdaşlarda yerləşdirilib – bir xaç və ya xaçlar bunu təsdiq edir. Xaçdaşlardakı İsa obrazını hələ də xalq arasında yaşayan obrazlar – xeyirxah əjdaha – nəhənglər mühafizə edirlər. Dişlərini qıcamadan ağızlarını bir az açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyini əks etdirən təsvirlər buna sübutdur.
Xaçdaşların yuxarısında İsanın başı göstərilən kompozisiyalar kimi eyni qanuna tabe olan bir neçə ikonoqrafik təsvirlər – özümlü sintez yolu ilə alınmış mitraist-xristian təsvirləri vardır. Onların birinci planında tanrı, ikinci öküz (bəzən maral), quş, üçüncü və dördüncü planlarda isə mələklər (əgər əshabələr olarsa) təsvir olunmuşdur. Xristian xaçdaşında Mitranın əbədi yol yoldaşları – şir, öküz və quşun təsvir edilməsi albanların bir hissəsinin xristianlığın yayıldığı dövrdə hələ də öz əsgi inamlarında qalmaları haqqında mənbələrdə verilən məlumatlarla üst-üstə düşür. İoanna Boqaslovun şərhində "…mələklər dörd canlı varlıq – qartal, buğa, şir və insan şəklində təsvir olunur. Qartal oxuyur, şir çığırır, buğa fəryad edir, insan danışır."[12] Lakin Cuğa xaç daşlarındakı təsvirlər göstərilən simvollarla uyğun gəlmir. Belə ki, Cuğa xaç daşlarında göstərilən quş və heyvan təsvirlərinin yanında mələklər də təsvir edilmişdir. Bundan başqa əksər xaç daşlarda quş əsasən tovuz quşu obrazında təsvir olunub, buğa isə tez-tez maralla əvəzlənir. Alban mədəniyyətində tovuzquşu təsvirləri çox tez-tez rastlaşılan obrazlardandır. Gəncəsər monastırında əsas monastır binasının fasadında bu obraza tez-tez təsadüf edilir, Mingəçevir kilsə kompleksində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan və hazırda Azərbaycan Tarix Muzeyində sərgilənən xaç altlığında da (bəzi tədqiqatçılara görə bu daş qurbangahdır) həyat ağacını qoruyan iki tovuz quşu təsvir edilmişdir.
Mütəxəssislər tərəfindən tədqiq edilən Cuğa xaç daşlarında Mitranın bu atributları xristian tanrısının ayaqları yanında yerləşdirilmişdir. Xaçdaşlardan birində mərkəzi tanrı fiquru sol əlində su ilə dolu kasa tutaraq sağ əlinin iki barmağı ilə onu göstərir. Tanrının başı ətrafında üzərində üç kürə geydirilmiş (biri başının üstündə, ikisi isə üzünün yanlarında) elliptik halqa təsvir olunmuşdur. Ondan başa doğru işıq şüaları gedir. Meridional şəkildə kürələr yerləşmiş – ellips Böyük Mitranın səciyyəvi təcəssüümü, sonsuz fəzanın, kosmosun simvolik təsviridir.[13] Kosmos mifologiyanın zeniti və onu tamamlayan kateqoriyadır.[14] Təsvir olunmuş kompozisiyanın hər iki yanında iki çatmatağlı tağça yerləşir. Onlarda diz çökmüş, əlləri və baxışları mərkəzi tanrı fiquruna yönəlmiş mələklər təsvir olunmuşdur.
Hələ SSRİ hakimiyyəti dövründə müxtəlif zamanlarda cuğa xaçdaşlarının bədii və elmi baxımdan ən dəyərliləri oğurlanaraq Ermənistana aparılmışdır və hal-hazırda da Üçmüədzin kafedralının həyətində erməni xaçkarları kimi sərgilənir. Üçmüədzinə aparılmış xaçdaşlar üzərində dəyişikliklər həyata keçirilmiş, onların alban yazılı hissələri silinmiş və ya tamamilə qırılmışdır, lakin Cuğada qalan bir çox xaçdaşların üstündə alban yazıları indi də qalmaqdadır.[11]
Culfa rayonunda Azərbaycan hökuməti tərəfindən erməni xaçkarlarının məhv edilməsi haqqında ilk dəfə olaraq Ermənistan 1998-ci ildə səsləndirmişdir. Bundan bir neçə il əvvəl isə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki etnik erməni vətəndaşları Azərbaycana qarşı qaldıraraq öz azadlıqları uğrunda müharibəyə səsləmiş və nəticədə Qarabağ müharibəsi baş vermişdi. Müharibə 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə edilməsi ilə dayandırılmışdı. Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazisinin iyirmi faizini itirmiş, Qarabağdakı ermənilər tanınmamış Dağlıq Qarabağ Respublikası qurmuş, Qarabağın türk kökənli sakinləri isə qaçqın vəziyyətinə düşmüşdür. Amerika Arxeologiya İnstitutundan Sara Pikman qeyd edir ki, "Qarabağın itirilməsi azərbaycanlıların Naxçıvandakı erməni abidələrini məhv etmək istəmələrində böyük rol oynamışdır."[3]
1998-ci ildə Azərbaycan Ermənistanın Culfada erməni xaçkarlarının məhv edilməsi ilə bağlı iddiasını rədd etmişdir. Bundan sonra Erməni Memarlığı Cəmiyyətinin İrandan olan üzvü Arpiayr Petrosyan qəbiristanlığın buldozerlərlə məhv edildiyini göstərən video kadrları yayımlamışdır.[3]
Bundan sonra İran hökuməti Naxçıvan Muxtar Respublikası rəhbərliyi ilə birgə abidələrin məhvini pisləyən bəyannamə yaymışdır. Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəsi Həsən Zeynalov, Culfada erməni xaçkarlarının məhv edilməsi iddiasını "ermənilərin növbəti çirkli yalanı" adlandırmışdır. Azərbaycan hökuməti ona qarşı yönəldilən iddialara birbaşa cavab verməsə də, "Azərbaycanlıların ruhunda vandalizmin olmaması"nı qeyd etmişdir.[15] Ermənistan tərəfinin ciddi reaksiya verməsi və Ermənistan Mədəniyyət Naziri Qagik Gurdiciyanın Azərbaycanın erməni abidələrini məhv etməsinin qarşısını almaq üçün beynəlxalq aləmə müraciət etməsindən sonra Azərbaycanın bu fəaliyyətini bir müddət dayandırdığı iddia edilir.[5]
Erməni arxeoloq qeyd edir ki, 1987-ci ildə onların Naxçıvana ilk səfəri zamanı bölgədə "27,000 monastır, kilsə, xaçkar və sənduqə" tipli abidə olmuşdur.[5] 1998-ci ildə isə xaçkarların saynın 2,700-ə düşdüyü bildirilir.[16]
2003-cü ildə ermənilər Azərbaycanın yenidən Naxçıvandakı erməni abidələrini məhv etməyə başlaması haqqında iddia ortaya atdılar. 4 dekabr, 2002-ci ildə erməni arxeoloq və tarixçilər görüşərək müzakirələr aparmış, nəticədə bir müraciət qəbul edərək bunu bütün beynəlxalq təşkilatlara və onların rəhbərliklərinə çatdırmışdılar.[16]
Qədim Cuğa nekropolunda 10,000-dən çox xaç daşı və digər məzar daşlarının olduğu, onların 2,000-ə qədərinin isə 2002-ci ilə kimi öz ilkin görünüşünü qoruduğu bildirilir.[3] 2005-ci ilin dekabrında İran erməniləri Arazın İran sahilindən Naxçıvanda Azərbaycan əsgərləri tərəfindən ağır texnikanın da istifadə edilməsi ilə Cuğa nekropolunun məhv edilməsinin tamamlandığını və bu prosesi əks etdirdiyi video və fotolar yaymışlar.[3]
Azərbaycan hökuməti 1998-ci ildə abidələrin məhv edilməsi ilə bağlı ilk iddiaların səsləndirildiyi dövrdən başlayaraq səsləndirilən fikirlərə ciddi cavab verməmişdir. 1998-ci ildə, "The United Nations Educational, Scientific and Cultural Organization" (UNESCO) Azərbaycan hökumətindən Culfada mədəni abidələrin məhv edilməsini dayandırmağı tələb etmişdir.[3] Azərbaycan hökumətinə qarşı eyni tələb "The International Council on Monuments and Sites" (ICOMOS) tərəfindən də səsləndirilmişdir.
Beynəlxalq təzyiqlərin çoxalmasından sonra Azərbaycan tərəfi Naxçıvan bölgəsində heç zaman ermənilərin yaşamadığını və buna görə də bölgədəheç bir erməni abidəsinin olmadığını bildirmişdir. 2005-ci ildə Naxçıvan MR-in Bakıdakı nümayəndəsi Həsən Zeynalov BBC-yə müsahibəsində qeyd edir ki, "ermənilər heç vaxt Naxçıvanda yaşamamışlar, həmin torpaqlar qədim dövrlərdən Azərbaycan torpaqlarıdır və bu səbəbdən də həmin ərazidə heç bir erməni qəbiristanlığı, erməni abidəsi olmamışdır."[3] Azərbaycan tərəfi Naxçıvandakı bu xristian abidələrinin ermənilərə yox, Qafqaz albanlarına məxsus olduğunu bildirmişdir.
Məsələyə münasibət bildirən Azərbaycanın ABŞ-dəki Fövqəladə və Səlahiyyətli Səfiri Hafiz Paşayev bildirmişdir ki, abidələrin dağıdıldığını sübut etdiyi iddia edilən videolarda insanların üzləri dəqiq görünmür, onların kimlər olduğu və nəyi dağıtdıqları bilinmir. Buna görə də həmin videolar heç nəyi sübut etmir. Səfir eyni zamanda qeyd etmişdir ki, Ermənistan tərəfi Ermənistan ərazisində məhv edilmiş Azərbaycan abidələrindən diqqəti yayındırmaq üçün Azərbaycana qarşı propaqanda ilə məşğuldur.[17] Məsələyə münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyev isə söylənilən iddiaları "provokasiya xarakterli yalanlar" adlandırmışdır.[5]
2006-cı ildə Azərbaycan hökuməti tərəfindən nekropolun yoxlanmasına maneələr törədilməsi və əlavə şərtlərin irəli sürülməsindən sonra Avropa Parlamenti nümayəndələri məsələylə bağlı Azərbaycanın tutduğu mövqeyə ilk dəfə etiraz etdilər.
Avstriya Sosialist Partiyasının üzvü və abidələri yoxlamaq üçün təşkil edilmiş qrupun nümayəndələrindən biri olan Hannes Svoboda qeyd edir ki, "əgər onlar həqiqətən də bizim abidələrə yerində baxış keçirməmizə imkan vermirlərsə, bu o deməkdir ki, həmin ərazidə həqiqətən də nəsə pis bir hadisə baş vermişdir. Əgər həmin abidələr həqiqətən də dağıdılıbsa, biz soruşmaq istəyirik, nəyə görə. Bu, yalnız hansısa həqiqətlərin gizlədilməsi məqsədi daşıya bilər."[4] Avropa Parlamentinin Böyük Londondan olan üzvü doktor Çarlz Tannok və digər parlament üzvləri Cuğa nekropolunun məhv edilməsini, 2001-ci ildə Əfqanıstanın Bamyan ərazisində Taliban tərəfindən qədim Budda heykəllərinin məhv edilməsi ilə müqayisə etmişlər.[4][6] Britaniyalı memar Stiven Sim isə İran sərhəddindən çəkildiyi iddia edilən videonun gerçəkləri əks etdirdiyini qeyd edir.[18]
Azərbaycan Avropa Parlamenti nümayəndələrinin bölgəyə səfər etmək təşəbbüsünün qarşısını alaraq, həmin nümayəndələrin yalnız Ermənistan nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinə baxış keçirdikdən sonra əraziyə səfər edə biləcəklərini bildirmişdi. "Bizim fikrimizcə, məsləyə genişmiqyaslı baxış ortaya qoyularsa yaranmış problem daha qısa zamanda aydınlaşar" deyə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Tağızadə qeyd etmiş və "əlbəttə ki, Azərbaycan ərazisində, o cümlədən, onun bir hissəsi olan Naxçıvan Muxtar Respublikasında xristian memarlıq abidələrinin öyrənilməsi və tədqiqini təşkil etmək mümkündür." deyə bildirmişdir.[4]
Bir neçə təxirə salınmış səfərdən sonra, 2007-ci ilin 29 avqust-6 sentyabr tarixlərində PACE nümayəndələrinin Böyük Britaniya parlamentinin sədrinin rəhbərliyi ilə Naxçıvandakı abidələrə baxış keçirməsi məsələsi gündəmə gətirildi. Nümayəndələrin daha sonra İrəvan, Bakı və Dağlıq Qarabağdakı abidələr də baxış keçirməsi nəzərdə tutulmuşdu.[19] Nümayəndə heyəti Dağlıq Qarabağa Ermənistan ərazisindən keçərək getməyi planlaşdırmışdı, lakin səfərin başlamasına bir gün qalmış, 28 avqustda Azərbaycanın PACE nümayəndəsi bildirdi ki, Azərbaycan nümayəndə heyətinin Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçərək getməsini tələb edir. 29 avqust 2007-ci ildə PACE nümayəndəsi Mateo Sorinas səfərin Azərbaycanın tələbləri çərçivəsində gerçəkləşdirilməsinin çoxlu çətinliklər yaradacağı nəzərə alınaraq, təxirə salındığını elan etdi. Bu elandan sonra, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın, bilərəkdən, "Naxçıvandakı erməni abidələrinin məhv edilməsini gizlətmək üçün, xarici nümayəndələrin səfərinin qarşısının alınması"nı təşkil etdiyini bildirdi.[20]
2011-ci ilin aprel ayında, ABŞ-nin Azərbaycana yeni təyin edilmiş səfiri Metyu Brayza Naxçıvan Muxtar Respublikasına səfər etsə də, naməlum səbəblərdən Culfa rayonuna getməsi təmin edilməmişdi.[21] Brayza Culfaya gedərək, məzarlığı ziyarət etmək istədiyini bildirsə də, Azərbaycan hökuməti belə bir səfərin qarşıdakı aylarda həyata keçiriləcəyini bildirmişdi.[22] Bakıdakı ABŞ səfirliyinin yaydığı rəsmi məlumatda Brayza qeyd edir ki, "Əgər mən gedib orda qəbiristanlığın dağıdıldığının şahidi olsaydım, mədəni abidələrə — xüsusilə qəbirsanlıqlara təcavüz edilməsinin, harada baş verməsindən asılı olmayaraq pis və acı verici hadisə olduğunu bəyan edəcəkdim."[21]
Bir neçə qeyri-erməni alim də Naxçıvanda erməni abidələrinin dağıdılması iddiasına fikir bildirmiş və Azərbaycanın bölgədə fəaliyyəti ilə bağlı dəqiq məlumatlar verməli olduğunu bildirmişdi. Çikaqo Universitetinin Antropologiya kafedrasının professoru Adam T. Smit xaçkarların məhv edilməsini "insanlığın keçmişi ilə əlaqəsinin utanc verici səhnəsi" olduğunu bildirmişdir.[3] Smit və digər alimlər bir neçə ABŞ senatoru ilə birgə məktub imzalayaraq UNESCO-ya göndərmiş və Azərbaycanın cəzalandırılmasını tələb etmişdilər.[23]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.