Qədim Albaniya dövlətində yaşayan xalqların mənəvi görüşlərini əks etdirən daş abidələr From Wikipedia, the free encyclopedia
Xaçdaş nəzəriyyəsi — memarlıq elmləri doktoru Davud Axundov və tarix elmləri doktoru Murad Axundov tərəfindən 1980-ci illərdə müxtəlif elmi və dövri ədəbiyyatda təqdim edilmiş tarix nəzəriyyəsidir. Nəzəriyyə müəllifləri Azərbaycan və Ermənistan ərazilərində yerləşən, bir çoxu Qafqaz Albaniyası və orta əsrlər xristian knyazlıqları dövrlərinə aid olan monumental stellaları "xaçdaş" adlandırır, onların üzərindəki dini simvolikanı isə xristianlıqdan əvvəlki dinlərlə - Zərdüştilik və Mitraizmlə əlaqələndirirlər.[1]
D. A. Axundov və M. D. Axundovun 1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı kitabda əks olunmuş fikirlər əsasında hazırlanmış elmi məruzə, nəzəriyyə müəllifləri tərəfindən 1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində səsləndirilmiş və qalmaqala səbəb olmuşdur.
Nəzəriyyə müəllifləri tədqiq etdikləri monumental xristian stellalarını dörd növə bölürlər: Xaçın xaçdaşları, Arsak Xaçdaşları, Cuğa xaçdaşları və Yenivəng xaçdaşları. Xaçdaş nəzəriyyəsinə görə, müəlliflərin müxtəlif qruplara aid etdikləri bu stellalar bədii tərtibat və dizayn baxımından bir-birindən fərqlənən qrup xüsusiyyətlərinə malikdir.
1983-cü ildə nəşr edilmiş "Qafqaz Albaniyası məbədləri və stellalarında dini simvolika və dünyanın təsviri" adlı əsərində (rus. "Культовая символика и картина мира, запечатленная на храмах и стелах Кавказской Албании) D. A. Axundov və M. D. Axundov bildirirlər ki, müxtəlif dövrlərdə Qafqaz Albaniyasının tərkibinə daxil olmuş və Alban Həvari Kilsəsinin tabeliyində olmuş ərazilərdə (müasir Azərbaycan Respublikası, Naxçıvan MR və Ermənistan Respublikasının Sünik mərzi) aşkarlanmış stellalar və məzar daşları Qafqaz Albaniyasının xristianlıqdan əvvəlki dini görüşləri (xüsusilə Zərdüştilik və Mitraizm) ilə əlaqəli olub, xristian və paqan dini baxışlarının qarışımından yaranmış dünyagörüşünü əks etdirir. Müəlliflər bu cür tarixi abidələr üçün ümumiləşdirici ad kimi "xaçdaş" (Azərbaycan dilində "xaç" və "daş" sözlərindən) termini istifadə etməyi təklif edirlər.[2]
1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeologiya Konqressində D. Axundov məruzə ilə çıxış edərək nəzəriyyəni səsləndirir və bu hadisə qalmaqala səbəb olur. Ermənistandan gələn nümayəndə heyəti konqresi tərk etməyə hazır olduğunu bəyan edir, Leninqraddan gəlmiş elm xadimləri isə Axundovun məruzəsini psevdo-elmi siyasi aksiya kimi qiymətləndirirlər. ABŞ-dən olan arxeoloq Filipp Kol və Gürcüstandan olan arxeoloq Qoça Çeçxladze hesab edirlər ki, bu hesabat düşünülmüş siyasi təxribat olmaqla, bilərəkdən saxta mədəni mif yaratmağa hesablanmışdı.[3]
Sonradan nəzəriyyə haqqında fikir bildirmiş Rusiya və Ermənistandan olan alimlər qeyd edirlər ki, ya Axundov xristian ikonoqrafiyasının məşhur xüsusiyyətlərini bilmir, ya da bilərəkdən onlara məhəl qoymayaraq xristian süjetlərini mitraistik elan edir.[4][5][6]
Xaçdaş nəzəriyyəsinin tam yekunlaşdırılması Axundovların 1986-cı ildə nəşr edilmiş "Qədim və erkən orta əsrlər Azərbaycan memarlığı" (rus. Архитектура древнего и раннесредневекового Азербайджана) əsəri ilə (redaktor N. İ. Rzayev, rəyçilər Z. M. Bünyadov, V. Q. Əliyev, N. A. Sarkisov) baş tutmuşdur.[7]
Nəzəriyyə müəlliflərinin fikrincə alban xaçdaşlarının obrazları əsrlər boyunca, əvvəlcə dini somvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki (Atəşpərəstlik və Xristianlıq), sonralar isə üç dinin (İslam da daxil olmaqla) təsiri altında təşəkkül etmişdir. D. Axundovun fikrincə xaçdaşların bütün özümlülüyü, orijinallığı və xaçkarlardan əsaslı fərqi də bundan irəli gəlir.[8]
D. Axundovun fikrincə alban qəbir, xatirə və sərhəd stellalarının, xaçdaşlarının yaranmasında, üzərində dünyanın quruluşu haqqında təsəvvürlər və paqan din simvolikasının təsvirləri qalmış xristianlıqdan əvvəlki stellalar müəyyən rol oynamışlar. Əvvəllər günəş, məhsuldarlıq, həyat ağacı simvolunun yerinə xaç istifadə edilməsi onların yeni xristian dininə aid olduğunu təsdiq edir.[8]
Əgər erməni xaçkarlarında simvolik və bədii traktovkanın əsasında bütün kompozisiyanın və bəzək tərtibatının tabe olduğu xaç təsviri durursa, alban xaç daşlarında xaç obrazı adətdən dərinlik və hündürlük üzrə ümumi, çoxpilləli bədii traktovkada əriyib itən bir neçə – 2, 4, 6 kiçik xaçlara xırdalanaraq sanki bəzək tərtibatına qarışır. Bu xaçlar öz həllə görə xristianlıqdan əvvəlki həyat ağaçlarının təsvirlərinə yaxınlaşır. Xaçdaşlarda xaç əsas deyil, əksinə stellanın tam bitkin bədii həll olunmuş obrazıdır.[8]
Müəlliflərin fikrincə xaçın adətən çatmatağlı tağçada, bir növ stilizə olunmuş müsəlman mehrabında yerləşdiyini, onun yuxarısında və aşağısında tamamilə paqan dinlərə məxsus mövzuda təsvirlərin olduğunu nəzərə alsaq xaçdaşların xaçkarlardan əsas fərqi aydınlaşmış olur. Xaçkarların obrazı isə həmişə birmənalı olaraq xristian dininin bədii kanonlarına tabe olurdu.[8]
Alban xaç daşları plastikliyi, fikir dərinliyi və əsrlər ərzində təşəkkül tapmış xalq etiqadı və ənənələri əsasında yaranmış memarlıq, incəsənət və dini simvolikanın üzvi sintezi nəticəsində meydana çıxan memarlıq – bədii məsələlərin həllindəki cəsarətliliyi ilə heyrət doğurur. Nəzəriyyə müəllifləri alban xaç daşlarını bədii tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə dörd qrupa bölürlər ki, onlar da Xaçın, Arsak, Cuğa və Yenivəng xaçdaşlarıdır.[8]
Alban stelalarını araşdıran tədqiqatçıların fikrincə, onlar qədim antropomorf incəsənət əsərlərinin təsirlərini daşımaqdadır. R. Göyüşov Xınıslı yaşayış yerindən aşkarlanmış qadın heykəlini araşdırdıqdan sonra qeyd edir ki, bu qədim incəsənt əsərinin sözsüz ki, dini əhəmiyyəti olmuşdur. Erkən orta əslər alban stelalarının antropomorf mənşəyi haqqında müxtəlif araşdırmaçıların fikirləri ərazisinin böyük hissəsi, həmçinin tarixi Qafqaz Albaniyasına aid olan Azərbaycan və Dağıstanın bir çox qəbir daşları ilə təsdiq olunur. Dağstanın bir çox stelaları düzgün insan başı nəzərə çarpdırılmış antropomorf formada həkk olunmuşdur.[9]
Xristian ikonoqrafiyası, müsəlman dekoru və paqan dinlərin simvolikasının, xristianlıq və ya islam dininə sərbəst etiqad edən albanların (azərbaycanlıların) xatirə əsərlərində çarpazlaşması onların əsas fərqləndirici əlamətidir.[8]
Nəzəriyyə müəlliflərinin fikrincə Xaçın tipli xaçdaşları əsasən Kəlbəcər, Daşkəsən, Qazax və Ağstafa rayonları ərazisində yayılmışdır və bu xaçdaşlar Xaçın knyazlığının yadigarlarıdır. Xaçın Knyazlığının tərkbində olmuş Kəlbəcər rayonu ərazisində tədqiq edilmiş bütün stellalar memarlıq bədii obrazlarının özümlülüyü ilə fərqlənir, eyni zamanda onlar alban xaçdaşları və digər stella tipləri üçün səciyyəvi olan kanon və formalardan kənara çıxmamışdır.[10]
Çahartağ (dördtağlı kompozisiya) şəklində həll olunmuş və tağbəndli hündür stilobat üzərində qaldırılmış qədim bütxananın yaxınlığında qeydə alınmış stellalarda iki dinin – Xristianlıq və çox güman ki, Mitraizm dinlərinin incəsənəti müşahidə olunur. Həmçinin ayrı-ayrı yerli dini təriqətlərin təsiri ehtimal olunur.[10]
D. A. Axundova və M. D. Axundov tərəfindən Kəlbəcər ərazisində dağ döşündə aşkarlanmış xaçdaşda ikiqat düzbucaqlı çərçivə içərisində antropomorf tanrı təsvir olunmuşdur. Onun başında üz əvəzinə çevrə daxilində ulduz – günəş, kosmik işıq, cənnət sferası[11] rəmzi verilmişdir; əlində dairə daxilində girdə ay – məhsuldarlıq rəmzi vardır. Qarnından aşağıda isə başındakına nisbətən bir qədər kiçik dairə daxilində daha bir ulduz – yeraltı dünya və ya ona giriş təsvir olunmuşdur. Müəllifin fikrinə görə, bunlar qədim albanların şüurunda dünyanın aydın üçpilləli modelidir. İnsan fiquru isə göstərilən bütün dünyaları bir biri ilə birləşdirən dünya oxudur. Bu xaçdaşdan bir qədər kənarda isə xristianlıqdan əvvəlki dövrə aid daha bir stella aşkarlanmışdır. Bu stellada düzbucaqlı çərçivə içərisində cızma texnikası ilə qadın, güman ki ay ilahəsi – Selena, Artemida, Anahita təsvir olunmuşdur. Göstərilən stellalar bizim eranın xristianlıqdan əvvəlki dövrünə (I əsrin əvvəllərinə), bəlkə də daha qədim dövrə aiddir.[10]
Dörd xaçdaşın hər biri kompozisiya baxımından dərin oyulmuş hamar fondan, əsas və əlavə xaçları həcmli verilməyən ikinci dekorativ müstəvidən ibarətdir. Üçünün naxışlı haşiyəsi, birinin isə xaçla bir səviyyədə həll olunmuş saya çərçivəsi var. İki xaçdaşın hər birində ikinci dərəcəli kiçik, həm də dərinə batırılmış dörd xaç (güman ki, dörd cəhətin rəmzi) vardır. Əsas xaçlar yeraltı səltənətə girişi təmsil edən bir neçə çevrədən ibarət, zəngin naxışlı, aşağıdakı xonça ilə ahəngdar bir şəkildə çarpazlaşmış simvolik dağdan (bir-birinin içində yerləşdirilmiş pilləli üçbucaqlardan yaranıb) yuxarı qalxan qollu-budaqlı həyat ağacı şəklində həll olunmuşdur.[12]
Nəzəriyyə müəlliflərin fikrincə Xudavəng monastır kompleksinin "zəng qülləsində yanaşı qoyulmuş iki xaçdaş Xaçın xaçdaşlarının ən gözəl nümunələrindən biridir."[10] Onlardan bir-birinin üstündə iki dairəvi xonça olan birinci xaç daş olduqca maraqlı quruluşa malikdir. Aşağıdakı böyük xonça yeraltı səltənətin və ya ora girişin rəmzidir. Yuxarıda isə onun içində meridional şəkildə əlavə dörd kiçik xonça yerləşir. Çox gümün ki, bu səmanın dörd cəhətinin – cənnət sferasının rəmzidir və yaxud planetlərin əbədi hərəkəti ilə hüdudsuz işıq fəzasını təcəssüm etdirir. Onların üstündə həyat ağacı şəklində xaç təsvir olunmuşdur. Xaçdaşın bədii simvolik traktovkası incə işlənmiş qurşaqla tamamlanır. Onun mərkəzində xaçdan yuxarıda üçləçəkli tağın içərisində bürcləri, səmanın möhkəmliyini, göy cismlərinin cənnət sferasını təcəssüm etdirən üç çarpazlaşmış xonça yerləşir.[13]
Soldakı xaçdaş siluetinə görə özünün sağ tərəfdəki qonşusuna oxşar həll olunmuşdur. Onun aşağı issəsində şəbəkəli dairələrdən toxunmuş və ustalıqla naxışlanmış böyük bir xonça yerləşir. Yuxarıda yanlarda iki kiçik xonça yerləşir ki, onlar da böyük xonçayla birlikdə müqəddəs üçlüyü (ata, oğul, müqəddəs ruh) təşkil edir. İki xonça arasındakı üçbucağın təpəsində bir-birinin içərisində yerləşən iki kiçik dairə vardır. Üçbucaq və dairə günəşi[14] təmsil edir, ondan həyat ağacı – məhsuldarlıq rəmzi şəklində xaç yüksəlir. Bu xaçdaş birinci xaçdaşa analoji olaraq incə işlənmiş, qurşaqla tamamlanır. Onun üçləçəkli tağında taxtda oturmuş tanrı təsvir edilmişdir. Xaçın yuxarı budağından qanadlı dairədə kiçik haça çıxır. Xaçdaşda xristian simvolikası ilə ağlasığmaz tərzdə birləşmiş cüt Ahura Mitra tanrılarının aşkar rəmzinin belə təsvirləri, yalnız Qafqaz Albaniyasının stellalarında müşahidə olunur.[10]
D. Axundov bildirir ki, bu tip xaçdaşları əsasən Xocalı, Ağdərə, Tərtər, Gədəbəy, Şuşa və digər rayonlar ərazisində aşkarlamış və tədqiq etmişdir. Tədqiqatçı Həmşivəng monastırının həyətindən götürülərək Eçmiədzində aparılmış 1633-cü ilə aid aid xaç formalı stellanı Arsak xaçdaşlarının ən maraqlı nümunələrdən biri hesab edir.[15] Tədqiqatçıların fikrincə bu xaçdaş da Qafqaz Albaniyasının hər yerində qəbul olunmuş kanonlar çərçivəsində həll olunmuşdur.[15] Onun formasının daş xaç şəklində olmasına baxmayaraq, stelanın obrazında əsas bədii və simvolik dominantını xaçın ortasındakı üç dairədən ibarət böyük xonça təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş həndəsi hörmə şəklində həll olunmuşdur. Xonçanın mərkəzində bərabəryanlı xaç təsviri vardır, onun da kəsişmə nöqtəsində kiçik dairəvi xonça yerləşir.[15] Bütün kompozisiya xristian qəbir daşının sintezləşdirilmiş obrazında birləşən günəş, işıq və məhsuldarlıq simvolu kimi həll olunmuşdur. Günəş emblemi arxasındakı həyat ağacı – xaç, həmçinin günəşi təmsil edən simvolik pilləli dağdan yüksəlir.[16]
XIV əsrə aid başqa bir Artsak xaşdaşı isə tamamilə başqa bir üslubda icra olunmuşdur. Stelanın bütün səthi çoxlu tematik təsvirlərlə bəzədilmişdir. Dekor prinsipi onu Cuğanın alban xaç daşları ilə, xaçın şəkli və hörmə naxışları isə Kəlbəcərin çahartağ xaçdaşları ilə oxşardır. Stelanın yuxarı hissəsindəki qanadlı dairədə (qanadlı dairə Ahura-Mazdanın rəmzidir) tanrının dini-simvolik təsvirləri verilmişdir. Onun hər iki yanında üç mələk və iki əshabə, aşağıda isə biri çox sınmış iki şeytan sifəti təsvir olunmuşdur. Stelanın yuxarı üçdə birində, hər iki yanda enli çərçivədə iki atlı – solda nizəylə əjdahanı öldürən Müqəddəs Georgi, sağda isə yuxarı qaldırılmış əlində məşəl tutmuş atlı təsvir olunmuşdur. Xaçın hər iki tərəfində iki uçan insan fiquru verilmişdir, onlar pis qaldığından kimləri təsvir etdiyini müəyyənləşdirmək mümkün olmayıb.[15] Müəllifin fikrincə, təsvir olunan kompozisiya xristian və mitraist-zərdüştilik simvolikasının birləşdiyinə parlaq sübutdur. Stelanın aşağı hissəsində yastı fəza şəklində zəngin ornamentli xonça – günəş təsviri verilmişdir. Günəş dairəyə alınmışdır, ondan budaqlanmış həyat ağacı – xaç qalxır. Müəllif bildirir ki, bu xaçdaş da SSRİ dövründə Azərbaycan SSR ərazisindən Ermənistan SSR ərazisinə aparılmış və hazırda Ermənistan Respublikasının Vağarşapat şəhərində saxlanılır.[15]
1511-ci ildən alban katolikoslarının iqamətgahı olan Gəncəsər monastırı ərazisində də Azərbaycan tarixinin həmin dövrünü özündə əks etdirən və qiymətli tarixi abidələr kimi dəyərləndirilən xaçdaşlar saxlanılmışdır. Memar F. Miralayev tərəfindən monastır ərazisində tədqiq edilmiş bir xaçdaş Monqolların Azərbaycana yürüşləri dövründə baş verən hadisələrlə bağlıdır. Daşın aşağı sağ tərəfində səciyyəvi xələt və papaq geymiş, əlində nizə tutmuş iki hörüklü monqol süvarisinin təsviri vardır. Tədqiqatçılar qeyd edirlər ki, bu, yəhər-qayışlara və geyiminə görə şübhəsiz ki, monqol hərbi rəislərindən birinin təsviridir.[15] Göyçə gölü sahilində qeydə alınmış bir xaçdaş da bu tip xüsusiyyətlərə malikdir və sırf monqol mənşəlidir.[17]
Əlində nizə tutmuş monqol süvarisi təsvir olunan digər xaçdaş üzərindəki yazıya görə 1274-cü ildə Gəncəsər monastırının təmiri şərəfinə yaradılmışdır. 1295-ci ildə Qazan xan tərəfindən İslam qəbul edildikdən sonra, görünür xristian ruhaniləri birinci stelanı sındırmış, ikincisindən isə monastır yeməkxanası tikilərkən atma kimi istifadə etmişlər və o, hal-hazırda da çevrilmiş vəziyyətdə orda durur. Həmin xaçdaşda təsvir olunan döyüşçünün Həsən Cəlalın qızı Ruzukanı ərə verdiyi Carmağan Boro Noyonun oğlu olduğu güman edilir.[18]
Gəncəsər monastırının içərisində də iki xaçdaş vardır. Onlardan biri Xaçın knyazlığının hökmdarı Vaxtanq və Xorişə xatunun oğlu Həsən Cəlala həsr olunmuşdur.[19] Həsən Cəlal xaçdaşın qoyulduğu yerdə dəfn edilmədiyinə görə göstərilən xaçdaş təmiz ktitor (bani) təyinatlıdır. Stelanın bədii-simvolik həlli Qafqaz Albaniyasının ümumi dini-ritual kanonlarına tabe edilmişdir: aşağı hissədə yarımdairəvi haşiyə içərisinə alınmış atlı və onun yanında başını itaətkarcasına aşağı əymiş kişi fiqurundan başlayaraq hər şey alban kanonlarına riayət edilməklə yaradılmışdır. Bu kompozisiya Xaçın knyazı Həsən Cəlalın hamisi "dünyanın hökmdarı" monqol Manqu xanı təsvir edir. İtaətlə dayanmış knyazın vassal, asılı olduğu aydınlaşır. Yeraltı səltənətə simvolik girişdən yuxarıda mərkəzində günəş rəmzi – xaç olan olan dairəvi xonça təsvir olunub. Bu rəmzdən həyat ağacı – xaç yüksəlir, onun üstündə üç, yanlarında bir neçə kiçik xaçlar – müdriklik və idrak ağaçları yerləşir. Stela üç tərəfdən dekorativ haşiyəyə alınıb. Həsən Cəlala məxsus stelanın yanında yerləşən, siluetinə görə ona çox oxşayan, lakin bir qədər başqa şəkildə traktovka olunmuş xaşdaş isə güman ki, onun oğluna aiddir.[15] Hər iki xaçdaşda üçpilləli simvolika – dünyanın quruluşunun bədii izahı verilmişdir. Lakin bu ikinci xaçdaşda o qədər də qabarıq ifadə olunmayıb. Dekorativ kəmrdən sonra aşağı hissədə böyük, zəngin naxışlar vurulmuş şüalı xonça – özgə dünyaya giriş, ondan yuxarıda simvolik dağdan – üçbucaqdan ucalan xaç – həyat ağacı yerləşir.[15]
Nəzəriyyə müəllifləri Azərbaycan respublikasının İran İslam Respublikası ilə sərhəddində Araz çayı sahilindəki qədim Cuğa şəhərinin nekroplunda tədqiq edilmişdir. Müəlliflər qeyd edirlər ki, Cuğa xaçdaşlarının böyük əksəriyyəti Sünik knyazlığı dövründən qalsa da, burada sonrakı dövrlərə aid stellalara da təsadüf edilmişdir.[20]
Maraqlı həllə malik Cuğa xaçdaşlarının böyük əksəriyyətində eyni bir təsvir təkrar olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür. Onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı haləyə oxşar saçı olan kişi başı təsvir edilmişdir. Müəlliflər qeyd edirlər ki, ikonoqrafik əlamətlərinə görə o, İsanın başına oxşayır.[20] Təsvirlər xristian qəbir daşlarında yerləşdirilib ki, hər stellada bir və ya bir neçə xaç təsvirinin olması bunu təsdiq edir. Xaçdaşlardakı İsa obrazını hələ də xalq arasında yaşayan obrazlar – xeyirxah əjdaha – nəhənglər mühafizə edirlər.[20]
Nəzəriyyə müəlliflərinin fikrincə xristian-paqan xarakterli bu kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranmışdır və Cənubi Qafqazda yegan belə xalq isə Qafqaz albanları idi.[20]
Xaçdaşların yuxarısında İsanın başı göstərilən kompozisiyalar kimi eyni kanona tabe olan bir neçə ikonoqrafik təsvirlər – özümlü sintez yolu ilə alınmış mitraist-xristian təsvirləri vardır. Onların birinci planında tanrı, ikinci öküz (bəzən maral), quş, üçüncü və dördüncü planlarda isə mələklər təsvir olunmuşdur.[20] Xristian xaçdaşında Mitranın əbədi yol yoldaşları – şir, öküz və quşun təsvir edilməsi müəlliflərin fikrincə albanların bir hissəsinin xristianlığın yayıldığı dövrdə hələ də öz köhnə inamlarında qalmaları haqqında mənbələrdə verilən məlumatlarla üst-üstə düşür.[20]
Həvari Yuhənna şərhində "…mələklər dörd canlı varlıq – qartal, buğa, şir və insan şəklində təsvir olunur. Qartal oxuyur, şir çığırır, buğa fəryad edir, insan danışır."[21] Nəzəriyyə müəlliflərinin fikrinə görə isə, Cuğa xaçdaşlarındakı təsvirlər göstərilən simvollarla uyğun gəlmir.[20] Belə ki, Cuğa xaçdaşlarında göstərilən quş və heyvan təsvirlərinin yanında mələklər də təsvir edilmişdir. Bundan başqa əksər xaç daşlarda quş əsasən tovuz quşu obrazında təsvir olunub, buğa isə tez-tez maralla əvəzlənir.[20] Alban mədəniyyətində tovuzquşu təsvirləri çox tez-tez rastlaşılan obrazlardandır.[20] Gəncəsər monastırında əsas monastır binasının fasadında bu obraza tez-tez təsadüf edilir, Mingəçevir kilsə kompleksində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan və hazırda Azərbaycan Tarix Muzeyində sərgilənən xaç altlığında da (bəzi tədqiqatçılara görə bu daş qurbangahdır[20]) həyat ağacını qoruyan iki tovuz quşu təsvir edilmişdir.[20]
Tədqiqatçılar tərəfindən araşdırılmış Cuğa stellalarında Mitraya aid edilən bu atributlar xristian tanrısının ayaqları yanında yerləşdirilmişdir.[20] Xaçdaşlardan birində mərkəzi tanrı fiquru sol əlində su ilə dolu kasa tutaraq sağ əlinin iki barmağı ilə onu göstərir. Tanrının başı ətrafında üzərində üç kürə geydirilmiş (biri başının üstündə, ikisi isə üzünün yanlarında) elliptik halqa təsvir olunmuşdur. Ondan başa doğru işıq şüaları gedir. Meridional şəkildə kürələr yerləşmiş – ellips Böyük Mitranın səciyyəvi təcəssüümü, sonsuz fəzanın, kosmosun simvolik təsviridir.[22] D. Asundov qeyd edir ki, SSRİ dövründə müxtəlif zamanlarda Cuğa xaçdaşlarının bədii və elmi baxımdan ən dəyərli nümunələri Ermənistana aparılmışdır və hal-hazırda da Üçkilsə kafedralının həyətində sərgilənir. D. Axundov qeyd edir ki, Üçkilsəyə aparılmış xaçdaşlar üzərində dəyişikliklər həyata keçirilmiş, onların alban yazılı hissələri silinmiş və ya tamamilə qırılmışdır. Lakin Cuğada qalan bir çox xaçdaşların üstündə alban yazıları indi də qalmaqdadır.[20]
Ermənistan Respublikasının Sünik, Vayots-Zor və Geqarkunik mərzləri ərazisində tədqiq edilmiş stellaları D. Axundov Yenivəng xaçdaşları adlandırır və bunu bu tipli stellaları ilk dəfə XIII əsrə aid Yenivəng monastırının ərazisində tədqiq etməsi ilə əlaqələndirir.[24] Nəzəriyyə müəllifləri Yenivəng xaçdaşları adlandırdıqları stellaları nisbi olaraq bir neçə xarakterik tipə ayrılır:[24] birinci tip aşağıya doğru yüngülcə nazikləşir və yuxarıdan yumrulanır, xaç bütün stela hündürlüyündə olur.[24]
Göstərilən tipin ən qədim, ölçülmüş və öyrənilmiş xaçdaşı Basarkeçər şəhərinin yaxınlığındakı Böyük Məzrə kəndindədir. Böyük xaçdaş (hündürlüyü 250 sm, oturacağı 120 sm, yumrulanan hissə 160 sm) 881-ci ildə alban knyazı[23] Qriqor Nerenin qəbri üstündə qoyulmuşdur. Onun obrazının dini-simvolik və bədii həllinin əsasını pilləli dağ təşkil edir, ondan şumer həyat ağacı – xaç yüksəlir: həmin dağdan xaçın aşağı gövdəsini haşiyələyən stilizə olunmuş iki əncir yarpağı qalxır. Xaçın ortasında günəş simvolu – iki dairədən ibarət xonça və ya müqəddəs mərkəz yerləşir.[24]
İkinci xaçdaş (o bir qədər kiçikdir) IX əsrdə Vayots-Zorda, Martiros kəndi yaxınlığında Sünik knyazı[25] Qriqor Amir Nerseyin qəbri üstündə qoyulmuşdur. Bu stella, alban knyazı Nerenin Böyük Məzrədəki stellasına oxşar həll olunmuşdur: stellanın ümumi həcmi aşağıya doğru azca daralır, yuxarıdakı tamamlayıcı tağ nazik uzun sütuncuqlara dayanır. Burda da pilləli dağdan xaç yüksəlir, onun mərkəzi zoğundan stilizə olunmuş əncir yarpaqları ayrılır, yarpaqların aşağı hissəsi sarma kimi burulmuşdur. Xaçın yuxarı budağından iki belə yarpaq asılmışdır. Xaçın ortasında xonça yerləşir. Onun kiçik qabarıq hissəsi dörd budaqlı xaçın əsasını təşkil edir. Budaqların ucunda səkkizşüalı xonçalar – mərkəzi xonçanın hər tərəfində simvolik yerləşən planetlər durur. Nəzəriyyə müəlliflərinin fikrinə görə, bu stellada mərkəzi xonça günəşi, sonsuz fəza işığını, cənnət sferasını təmsil edir.[24]
D. Axundov qeyd edir ki, Yenivəng xaçdaşları da kompozisiya həll baxımından Cuğa xaçdaşlarına oxşayır.[24] Bu daşların əksərində birinci planda tanrı fiquru yerləşir. Lakin bu qabarıq təsvirlərin demək olar ki, üz hissəsi tamamilə sınmışdır. Bu xaçdaşlardan birinin təsvirini M. D. Axundov vermişdir: "Tanrı təsvirinin yalnız sıx saçları, halə və başın arxasına doğru gedən üç yastı zolaq görünür. Bu yastı zolaqlar başın arxasında xaç fiquru təşkil edirdi. Tanrının başından çıxan üç enli şüadan, üç kürdədən yaranan xaç nə qədər xristian dininin simvolu olsa da, müəyyən qədər də mitraist dini yükü daşıyırdı. Xaçdaş tamamilə Azərbaycan naxış şəbəkəsi ilə örtülmüşdür." [24]
Nəzəriyyə müəlliflərinin fikrincə, Yenivəng xaçdaşlarının əsas səciyyəvi və fərqləndirici cəhəti xaçın təpəsində və əsasında kişi (güman ki İsa) sifətinin təsviridir.[24] Bu təsvirlərin başı üzərində ay, çox güman ki, mitraist haçalar yerləşir. Xristian simvolikası baxımından ən son və kamil Yenivəng xaç daşları XIII əsrə aiddir.[24]
Nəzəriyyə müəlliflərinin fikrinə görə, bu xaç daşlarından görünür ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında səcdə edilən xristian tanrısı və Mitra vahid dini-bədii obrazda birləşən eyni bir tanrının törəmələridir.[24]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.