Buryatiya
From Wikipedia, the free encyclopedia
Buryatiya (rus. Республика Бурятия, bur. Буряад Улас) — Rusiya Federasiyası subyektlərindən biri. Rusiyanın Asiya hissəsinin cənubunda yerləşir. Sibir federal dairəsinə daxildir. Sahəsi 351,3 min km². Əhalisi 972 134 min (2010).[1] Paytaxtı Ulan-Ude şəhəridir. 21 rayonu, 6 şəhəri, 21 şəhər tipli qəsəbəsi var.
Buryatiya | |
---|---|
Республика Бурятия Буряад Улас | |
Buryatiya Respublikasının Himni | |
53°48′ şm. e. 109°20′ ş. u.HGYO |
|
Ölkə | |
Əvvəlki adı | Buryatiya Muxtar Sovet Sosialist Respublikası |
İnzibati mərkəz | Ulan Ude |
Dövlət Başçısı | Aleksey Tsıdenov |
Milli Xuralın sədri | Vladimir Pavlov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 21 aprel 1992 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-BU |
Avtomobil nömrəsi | 03 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət hakimiyyəti orqanları
Dövlət hakimiyyəti orqanları sistemini Buryatiya Respublikasının Konstitusiyası (1994) müəyyən edir. Dövlət hakimiyyətini prezident, Xalq xuralı (parlament), hökumət və respublikanın konstitusiyasına uyğun yaradılan digər dövlət hakimiyyəti orqanları həyata keçirir. Respublikanın başçısı və ali vəzifəli şəxsi olan prezidentə səlahiyyətləri RF Prezidentinin təqdimatı ilə Xalq xuralı verir. Xalq xuralı respublikanın ali qanunverici (nümayəndəli) orqanıdır. 66 deputatdan ibarətdir; onlar ümumi bərabər və birbaşa seçki hüququ əsasında, ərazi və milli nümayəndəlik nəzərə alınmaqla, gizli səsvermə yolu ilə 5 illik müddətə seçilirlər. Hökumət ali icraedici dövlət hakimiyyəti orqanıdır. Hökumətin sədri respublika prezidentidir.[2]
Coğrafiya
Buryatiya dağlıq ölkədir. Düzən sahələr azdır və onlar təqribən 455–700 metr hündürlükdədir. Relyefində səthi intensiv parçalanmış, yastı zirvəli qaymalı dağlar üstünlük təşkil edir; yüksəkdağlıqda ara-sıra Alp relyef formaları intişar tapmışdır. Ölkənin qərbini Şərqi Sayanın yüksək zirvələri (Munku-Sardık d., 3491 m, Buryatiyanın ən yüksək nöqtəsi), yastıdağlıqları və platoları, Baykal gölünün cənub və şərq sahillərini Hamar Daban, Ulan Burqası, İkat, Barquzin silsilələri, şimalını Stanovoy yaylasının Yuxarı Anqara, Şimali Muya və Cənubi Muya silsilələri, şərqini geniş Vitim yastıdağlığı tutur. Dağ sistemləri hüdudlarında geniş dağarası çökəkliklər (o cümlədən Barquzin çuxuru) yayılmışdır. Buryatiya ərazisinin təqribən 90%-i çoxillik donuşluq süxurlarından ibarətdir. Hamar Daban silsiləsində, Şərqi Sayan dağlarında və Vitim yastı dağlığında karst intişar tapmışdır.[3]
Geoloji quruluşu
Geoloji cəhətdən Buryatiyanın ərazisi Ural-Oxot mütəhərrik qurşağının şərq hissəsində yerləşir. Ölkənin mərkəzi və şimal rayonları Son Proterozoyun (Baykal) Baykal-Patom qırışıqlıq vilayətinə, cənub-qərb və cənub-şərq kənarları isə Erkən Paleozoyun (Salair) qırışıqlıq sistemlərinə aiddir. Daxili rayonlarda Erkən Kembriyəqədər yaşlı qaymalar, Son Proterozoy, Paleozoy və Mezozoy yaşlı törəmə çökəkliklər var. Baykalarxasında Paleozoy qranitoidləri geniş ərazini tutur. Fanerozoyda Buryatiyanın mərkəzi və cənub rayonlarında tektonik-maqmatik aktivləşmə, Kaynozoyda ölkə ərazisində dağəmələgəlmə və riftogenez prosesləri güclənmişdir.[4] Ərazi üçün yüksək seysmiklik xarakterikdir. Tez-tez zəlzələlər (10–11 bala qədər) baş verir.
Faydalı qazıntıları
Qurğuşun, sink, molibden, volfram (ehtiyatına görə dünyada 2-ci yerdədir)[5], platin, uran filizləri, qızıl (səpinti və köklü yataqlarda),[6] nefrit, flüorit, asbest, fosforit, kvarsit, apatit, qrafit, xalsedon, təbii tikinti materialları, daş kömür, qonur kömür, torf, yanar şistlər, termal sular və s.
İqlimi
İqlimi kəskin kontinentaldır. Qışı uzun və sərtdir. Orta temperatur yanvarda – 20, –30 °C-dir. Yayı qısa və istidir. İyulun orta temperaturu 8–19 °C-dir. İllik yağıntı 250–500 mm-dir (dağlarda 1000 mm-dək).[7]
Daxili suları
Buryatiyada ümumi uzunlu]u təqribən 125 min km olan 25 mindən çox çay var. Çoxu Yenisey və Lena hövzəsinə aiddir. Bir neçə çay (Selenqa, Barquzin və s.) Baykal gölünə tökülür. Ən böyük çayı Vitimdir (Lena çayının sağ qolu). Çaylar, əsasən, yağış suları ilə qidalanır. Ölkə ərazisində ümumi sah. 2,8 min km²-dən çox olan təqribən 34 min göl var. Ən böyük gölu Baykaldır (gölün çox hissəsi Buryatiya ərazisindədir). Dağarası çuxurlarda termokarst və çaylaq gölləri, dağlarda buzlaq gölləri üstünlük təşkil edir; 40-dan çox su anbarı var.[8]
Torpaqlar, bitki örtüyü və heyvanlar aləmi.
Şimalda, qərbdə və cənub-şərqdə Buryatiya ərazisinin 85%-ini podzollu, yarımqonur və bəzən çimli torpaqlarda bitən, əsasən, Dauriya və Sibir qaraşamından ibarət dağ-tayqa meşələri tutur. Buryatiyanın mərkəzi hissəsində tünd-boz meşə və yuyulmuş qaratorpaqlarda meşə-çöllər, cənubda qara torpaqlarda taxıl bitkili-müxtəlifotlu bozqırlar, çuxurlarda şabalıdı torpaqlarda taxıl bitkili, quru bozqırlar üstünlük təşkil edir. Dağlarda yüksəklik qurşaqlığı müşahidə olunur. Şərqi Sayan silsiləsində alçaqdağlıqda bitən şam-qaraşam meşələri 800 m yüksəklikdə tayqa qaraşamı, 1600–1800 m yüksəklikdən başlayaraq alçaqboylu Sibir şamı, sidr və sərili sidr cəngəllikləri, girdəyarpaq tozağacı və qızılağaclıqdan ibarət seyrək meşəliklər, 1900 –2000 m-dən yuxarıda cırtdan tozağacı, kolcuqlu, mamırlı-şibyəli tundra və irikəltənli səpintili holslar ilə əvəz olunur. Baykal gölünü dövrəyə alan külək tutan rütubətli yamaclarda sidr sərilisi qurşağı ilə əvəz olunan tünd iynəyarpaqlı sidr-ağşam və küknar-sidr-ağşam ağacları bitən tayqa, 1700–1800 m yüksəklikdən başlayaraq dağ tundraları yayılmışdır.
Stanovoy yaylasında alçaqdağlıqda qaraşam meşələri, 1200 m-dən yuxarıda qaraşam seyrək meşəliyi, yüksəkdağlıqda dağ-tundra bitkiliyi inkişaf etmişdir. Vitim yastıdağlığı üçün dağətəyi qaraşam və otlu-mərcangiləli şam meşələri, kol tozağacından və Dauriya rododendronundan ibarət meşəaltısı olan ortadağlıq qaraşam meşələri səciyyəvidir. Buryatiyanın cənubunda 600–700 m yüksəklikdə dağətəyi çöllər, əsasən, şam və qaraşam-tozağacı bitən meşə-çöllər ilə əvəzlənir; yuxarılarda qaraşam-şam, şam və qaraşam meşələri inkişaf etmişdir; 1800 m yüksəklikdən başlayaraq holslar yayılmışdır. Buryatiyatiyanın meşələrində canavar, qonur ayı, dələ, meşə safsarı, Sibir safsarı, samur, qaban, sığır, izyubr, cüyür, dovşan, sincab, bonazi tetrası, Sibir xoruzu; meşə çöl və çöldə boz tülkü, sünbülqıran, marmot və s., çaylarda çökə, taymen, qızıl xallı balıq, xarius və s. yaşayır.
Mühafizə olunan təbii ərazi (Buryatiya sahəsinin 9,5%-i) sisteminə Barquzın, Baykal, Cergin dövlət qoruqları, Baykal arxası və Tunkin milli parkları, 23 yasaqlıq (Frolix, Altaçey, Kabansk və s.), 266 təbiət, o cümlədən landşaft abidələri (İnin daş bağı və s.) daxildir. Baykal gölü Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Buryatiya ərazisinin böyük hissəsində ekoloji vəziyyət orta kəskin, Baykal gölü yaxınlığındakı rayonlarda kəskin və çox kəskindir. Atmosferə atılan çirkləndirici maddələrin miqdarı 86 min t, suburaxıcı 395 mln. m³-dir (2003). Faydalı qazıntılar çıxarılan rayonlarda, o cümlədən Baykal-Amur magistralı zonasında landşaftlar çox pozulmuşdur. Respublikanın kənd təsərrüfatı yerlərinin 50%-ə dək torpaqları eroziyaya və deflyasiyaya məruz qalmışdır.[9]
Tarix
Buryatiya ərazisində ən qədim mədəniyyətlər Mustye dövrünədək yaranmışdır. Yuxarı Paleolit stasionar və yüngül tikililərin tədqiq edildiyi düşərgələrlə təmsil olunur. Mezolit dövründə (e.ə. 9–6-cı minilliklər) yerli Selenqa və gətirilmə Çikoy mədəniyyətləri yanaşı mövcud idi.[10] Neolit dövründə (e.ə. 8–3-cü minilliklər) Vitim çayı sahilindəki Ust- Karegin mədəniyyətini (qədim daş avadanlığı, regionda ən erkən olan dişli möhürlə vurulmuş ziqzaqlar və cınağı naxışlarla bəzədilmiş dairəvi oturacaqlı keramika) Ust-Yumurçen və Buxusan mədəniyyətləri əvəz etmişdi. Şimalda, Bambuyka çayı sahilində (o cümlədən ən qədim dəfn yeri Aşağı Cilindada) cilalanmış alətlər tapılmışdır. Selenqa çayı boyu ərazilərdə Kitoy mədəniyyəti, Baykal gölündən qərbində Serov mədəniyyəti yayılmışdı. Bu dövrdə Buryatiya əhalisi monqol irqinə mənsub idi. Tunc dövründə Serov mədəniyyəti ənənələrini Selenqaboyuda yayılmış Qlazkovo mədəniyyəti davam etdirirdi. E.ə. 2-ci minillikdən bu ərazidə monqol və Avropa irqlərinin təmsilçilərindən qalmış gətirilmə həm Tavadaşılı qəbirlər mədəniyyəti, həm də Kereksur mədəniyyəti mövcud idi. E.ə. 1-ci minilliyin ortalarında regionun əhalisi dəmir alətləri istifadə etməyə başladı və tədricən Avrasiya çöl mədəniyyətləri arealına daxil oldu.
E.ə. 3 əsr – eramızın 1 əsrində indiki Buryatiya ərazisi hun dövlətinin tərkibinə daxil idi. Hunlar tərəfindən ixtisaslaşmış sənətkarlıq və əkinçilik məskənləri (Durenı, Enxor) salınmış, qalalar (İvolqa arxeoloji kompleksi, Bayan-Unger), zadəganların əzəmətli dəfn yerləri (Qarağac yarğanı) tikilmişdir. Yerli əhalinin sonrakı dövrə aid mədəniyyət abidələri aşkar edilməmişdir. VI əsrdə regionun qərbində Kurumçi mədəniyyəti, şərqində isə Darasun mədəniyyəti meydana gəlmişdi. Cənubda VIII–IX əsrlərdə uyğurlar məskunlaşmışdılar. IX–X əsrlərdə burada Xoyseqor mədəniyyəti yayılmışdı. XIII əsrin əvvəllərində Baykalətrafı tayfalar Monqol imperiyasının tərkibinə qatılmış və Çingiz xanın hərbi ekspansiyasında iştirak etmişdilər. XIII–XIV əsrlərin abidələri Sayantuy mədəniyyətinə aiddir. Bu mədəniyyətin Orta Asiya faktoriyaları (Temnik, Barquzin) və Yuan dövrünə aid monqol malikanələri (Sutay, Narsatuy) məlumdur. Monqol imperiyasının parçalanmasından sonra Baykalönü və Baykalarxası tayfaları monqol xanlarının nəzarəti altında qalırdılar. XVII əsrdə indiki Buryatiya ərazisində buddizm yayıldı (ilk iri məbədlər XVIII əsrin ortaları – 2-ci yarısın da meydana gəldi). XVII əsrin əvvəllərində P.İ. Beketov, M. Perfilyev, D. Firsov və başqalarının komandanlığı altında ilk rus kazak dəstələri regiona soxuldular. Kazakların irəliləməsi ətrafında rus kəndlilərinin məskunlaşdıqları qalaların tikintisi ilə müşayiət olunurdu: Baykalönüdə – Bratsk (1631), Balaqansk (1654), İrkutsk (1661), Baykal arxasında – Barquzin (1648), Selenginsk (1665), Udinsk (1670-ci illər). XVII əsrin ortalarında qərbi buryatların, XVII əsrin 2-ci yarısında Baykalarxası buryatlarının Rusiya dövlətinə birləşdirilməsi başa çatdı. Bu birləşdirmə Rusiya ilə Çin arasında bağlanan Nerçinsk müqaviləsində (1689) təsbit olundu.
İlk vaxtlar ruslar buryat tayfalarının sosial təşkilinə və mədəniyyətlərinə müdaxilə etmirdilər. Lakin Rusiya müstəmləkəçiliyi regionun təsərrüfat ukladında dəyişikliklərə səbəb oldu. Buryatlar ruslardan xış əkinçiliyini, onun üsullarını, oturaq məişət ünsürlərini və s. mənimsədilər. Buryatların, başlıca olaraq qərb buryatlarının xristianlaşdırılması da Rusiya müstəmləkəçiliyi ilə bağlıdır. Rusiya ilə Monqolustan arasında rəsmi sərhədi müəyyənləşdirən Burinsk müqaviləsinin (1727) bağlanmasından sonra buryat tayfalarının monqol dünyasından ayrılması başladı. XVIII əsrdə Rusiya hökuməti Buryatiyanı vahid siyasi, hüquqi, inzibati, iqtisadi və mədəni məkana daxil etdi. Bununla yanaşı uzun müddət buryatların əsas özünü idarə formaları saxlanılırdı. XVIII əsr – XX əsrin əvvəllərində indiki Buryatiya ərazisi Sibir (1708–64) və İrkutsk (1764–1851) quberniyalarının tərkibinə daxil idi, sonra indiki Buryatiya ərazisinin böyük hissəsi sonralar Uzaq Şərq Respublikasının (UŞR) Baykalarxası quberniyasına (1920–21) qatılan Baykalarxası vilayətinə (1851–1920) verildi. Buryatiyanın cənub-qərbindəki və şimal - qərbindəki kiçik ərazilər İrkutsk quberniyasının (1851–1922) tərkibində qaldı. Kyaxta ümumrusiya və beynəlxalq ticarətin iri mərkəzinə çevrildi. Yadellilərin idarə olunması haqqında nizamnaməyə (1822) görə Buryatiya ərazisində tayşaların başçılığı ilə çöl dumaları təsis edildi. XIX əsr – XX əsrin əvvəllərində S.-Peterburqda, Kazanda, Tomskda, İrkutskda buryat alimləri P.A. Badmayev, Q. Qomboyev, D. Banzarov və M.N. Xanqalovun əsərləri nəşr edildi. XIX əsrin 2-ci yarısında Buryatiyada qızıl hasilatı genişləndi. XIX əsrin sonları – XX əsrin əvvəllərində Transsibir magistralının Buryatiya ərazisindən keçən dəmir yolu qollarının tikintisi regionun inkişafına təsir göstərdi. XX əsrin əvvəllərində buryatlar arasında milli muxtariyyət uğrunda hərəkat meydana gəldi və inkişaf etməyə başladı.
Rusiyada Vətəndaş müharibəsi (1917– 22) dövründə indiki Buryatiya ərazisi Yaponiya və Amerika qoşunları tərəfindən dəstəklənən ataman Q.M. Semyonovun qoşunlarının nəzarəti altında idi (1918–20). Semyonov Çita şəhərində Müstəqil Monqol-Buryat Respublikasının hökumətini təşkil etdi. Qırmızı ordu bölmələrinin hücumu (1919–20), həmçinin Çita əməliyyatları (1920) gedişində indiki Buryatiya ərazisi qırmızı ordu hissələri tərəfindən tutuldu. 1921 il aprelin 21-də UŞR-in Baykalarxası quberniyanın da Buryat-Monqol MV (mərkəzi Verxneudinsk ş.) təşkil edildi. 1922 il yanvarın 9-da RSFSR-in İrkutsk quberniyasının cənub-şərq hissəsində və UŞR-in Baykal arxası quberniyasının ucqar qərbində Monqol- Buryat MV (mərkəzi İrkutsk ş.) yaradıldı. 1923 il mayın 30-da Buryat-Monqol MV və Monqol-Buryat MV Buryat-Monqol MSSR-də (mərkəzi Verxneudinsk, 1934 ildən Ulan-Ude) birləşdirildi. 1930–36 illərdə Buryat-Monqol MSSR Şərqi Sibir diyarının tərkibinə daxil idi. 1937 il sentyabrın 26-da SSRİ MİK-in qərarı ilə Buryat-Monqol MSSR-in tərkibindən ərazilərin bir hissəsi ayrıldı. Respublikanın Aqa və Ulan-Onon aymaklarından Çita vilayətinin tərkibində Aqa Buryat-Monqol milli mahalı, Alarsk, Boxansk və Exirit-Bulaqat aymaklarından isə İrkutsk vilayətinin tərkibində Ust-Orda Buryat-Monqol milli mahalı yaradıldı. 1958 il iyulun 7-də Buryat-Monqol MSSR-in adı dəyişdirilərək Buryat MSSR oldu. 1990 il oktyabrın 9-da Buryat MSSR Ali Sovetnin sessiyasında dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul edildi, respublika isə Buryat SSR adlandırıldı. 1992 il martın 27-də indiki adı qəbul edildi.[11]
Əhali
Buryatiya əhalisinin əsas hissəsini ruslar (64,9%; 2010) təşkil edir. Buryatlar – 29,5%, soyotlar – 0,4%, evenklər – 0,3%-dir. Digər qruplardan ukraynalılar (0,7%), tatarlar (0,7%), ermənilər (0,2%), almanlar (0,1%) yaşayırlar. Ölüm səviyyəsi 1000 nəfərə 11,8, doğum səviyyəsi 1000 nəfərə 17,6 nəfərdir (2013). Gözlənilən orta ömür müddəti 66,8 ildir (2012).1996-cı ildən əhalinin sabit miqrasiya axını (10 min nəfərə 38 nəfər) səciyyəvidir, ən yüksək həddi 1997–2001-ci illərdə (10 min nəfərə 46 nəfər) qeydə alınmışdır. Əhalinin orta sıxlığı 1 km²-də 2,8 nəfərdir.[12] Respublikanın mərkəzi və cənub hissəsi, xüsusilə Selenqa çayı və onun qolları boyu əhali daha sıx (1 km²-də 8 nəfər) məskunlaşmışdır. Şəhər əhalisi 59%-dir (2013; 1959-cu ildə 41%; 1989-cu ildə 61,6%; 2005-ci ildə 57%). Buryatiya əhalisinin 36%-indən çoxu və bütün şəhər əhalisinin 62%-dən çoxu Ulan-Ude şəhərində yaşayır (421,4 min nəfər; 2014). Digər iri şəhərləri (min nəfər): Severobaykalsk (24,2), Qusinoozyorsk (23,4), Kyaxta (20), Zakamensk (11,4). Dindarların ək səriyyəti buddist və xristiandır; yəhudi və müsəlman icmaları da var.
1959[13] nəf. | % | 1989[14] nəf. | % | 2002[15] nəf. | faiz nisbəti | 2010[16][17] nəf. | faiz nisbəti | |
---|---|---|---|---|---|---|---|---|
Cəmi | 673326 | 100,00 % | 1038252 | 100,00 % | 981238 | 100,00 % | 972021 | 100,00 % |
Ruslar | 502568 | 74,64 % | 726165 | 69,94 % | 665512 | 67,82 % | 630800 | 64.91 % |
Buryatlar | 135798 | 20,17 % | 249525 | 24,03 % | 272910 | 27,81 % | 286839 | 29,51 % |
Tatarlar | 8058 | 1,20 % | 10496 | 1,01 % | 8189 | 0,83 % | 6813 | 0,70 % |
Ukraynalılar | 10183 | 1,51 % | 22868 | 2,20 % | 9585 | 0,98 % | 5654 | 0,58 % |
Soyotlar | 2739 | 0,28 % | 3579 | 0,37 % | ||||
Evenklər | 1335 | 0,20 % | 1679 | 0,16 % | 2334 | 0,24 % | 2974 | 0,31 % |
Ermənilər | 148 | 0,02 % | 2269 | 0,22 % | 2165 | 0,22 % | 2179 | 0,22 % |
Azərbaycanlılar | 134 | 0,02 % | 1679 | 0,16 % | 1674 | 0,17 % | 1608 | 0,17 % |
Beloruslar | 1607 | 0,24 % | 5338 | 0,51 % | 2276 | 0,23 % | 1280 | 0,13 % |
Özbəklər | 92 | 0,01 % | 994 | 0,10 % | 596 | 0,06 % | 1261 | 0,13 % |
Qırğızlar | 208 | 0,02 % | 507 | 0,05 % | 1133 | 0,12 % | ||
Almanlar | 2032 | 0,30 % | 2126 | 0,20 % | 1548 | 0,16 % | 1016 | 0,10 % |
Çinlilər | 1077 | 0,16 % | 191 | 0,02 % | 635 | 0,06 % | 1014 | 0,10 % |
Tuvalılar | 476 | 0,05 % | 405 | 0,04 % | 909 | 0,09 % | ||
Çuvaşlar | 1206 | 0,18 % | 1307 | 0,13 % | 864 | 0,09 % | 744 | 0,08 % |
Qazaxlar | 457 | 0,07 % | 1270 | 0,12 % | 711 | 0,07 % | 685 | 0,07 % |
Başqırdlar | 200 | 0,03 % | 920 | 0,09 % | 539 | 0,05 % | 564 | 0,06 % |
Koreyalılar | 145 | 0,02 % | 339 | 0,03 % | 596 | 0,06 % | 486 | 0,05 % |
Mordvalar | 1614 | 0,24 % | 1294 | 0,12 % | 685 | 0,07 % | 435 | 0,04 % |
Monqollar | 52 | 0,01 % | 322 | 0,03 % | 395 | 0,04 % | ||
Yəhudilər | 2691 | 0,40 % | 1181 | 0,11 % | 553 | 0,06 % | 336 | 0,03 % |
Moldavanlar | 323 | 0,05 % | 912 | 0,09 % | 431 | 0,04 % | 307 | 0,03 % |
Taciklər | 210 | 0,02 % | 251 | 0,03 % | 295 | 0,03 % | ||
Gürcülər | 92 | 0,01 % | 612 | 0,06 % | 398 | 0,04 % | 279 | 0,03 % |
Yakutlar | 108 | 0,02 % | 705 | 0,07 % | 283 | 0,03 % | 272 | 0,03 % |
Udmurtlar | 338 | 0,05 % | 524 | 0,05 % | 339 | 0,03 % | 250 | 0,03 % |
Marilər | 91 | 0,01 % | 388 | 0,04 % | 390 | 0,04 % | 214 | 0,02 % |
başqaları | 3020 | 0,45 % | 4508 | 0,43 % | 2931 | 0,30 % | 2698 | 0,28 % |
milliyəti göstərdi | 673317 | 100,00 % | 1038236 | 100,00 % | 980368 | 99,91 % | 955002 | 98,25 % |
milliyəti göstərmədi | 9 | 0,00 % | 16 | 0,00 % | 870 | 0,09 % | 17019 | 1,75 % |
İqtisadiyyat
Buryatiya Şərqi Sibir iqtisadi rayonuna daxildir. Sənaye məhsullarının həcmi dəyərinə görə kənd təsərrüfatı məhsullarının həcmindən 3,8 dəfə çoxdur. Rusiya iqtisadiyyatında qızıl (Rusiya üzrə hasilatın təqr. 6%-i), helikopter, metal konstruksiyalar, elektrik mühərrikləri, həmçinin yun parça (Rusiya üzrə istehsalın 5%-indən çoxu) istehsalı ilə fərqlənir. Məcmu regional məhsulun (həcmi 154678 mln. rubl, adambaşına 159221 rubldur) strukturunda (2011, %) sənaye 22,1, qeyri-bazar xidmətləri 21,1, nəqliyyat və rabitə 19,1, ticarət, əmtəə və xidmətlərin satışı üzrə kommersiya fəaliyyəti 12,4, k.t. 5,9, tikinti 7,1, digər sahələr 12,3 təşkil edir.
İqtisadi fəal əhali 419,3 min nəfərdir (2012), onlardan 61,6%-i iqtisadiyyatda çalışır. Məşğulluğun sahəvi strukturunda sənaye 18,2, təhsil 13,5, ticarət və ictimai iaşə 13,4, k.t. 10,4, səhiyyə 8,4, nəql. 7,4, tikinti 5,5, rabitə 1,6, meşə təsərrüfatı 1,3% təşkil edir. İşsizliyin səviyyəsi 7,9%-dir (2012). Bir ayda adambaşına düşən gəlir 17,1 min rubldur (2012); əhalinin 18,8%-inin gəliri yaşayış minimumundan aşağıdır.[18]
Sənaye
Buryatiyanın sənaye məhsullarının həcmi 19,7 mlrd. rubldur (2013). Sənaye istehsalının sahəvi strukturunda maşınqayırma və metal emalı 39%, elektrik enerjisi 26,5%, əlvan metallurgiya 11,6%, yeyinti sənayesi 8,2%, meşə, ağac emalı və sellüloz-kağız 6%, yanacaq 3,1%, tikinti materialları sənayesi 2,3%, yüngül sənaye 1,7% təşkil edir. Buryatiya təsərrüfatının strukturu və ərazi üzrə təşkili ölkənin iqtisadi-coğrafi mövqeyinin özünəməxsusluğu və öz mineral-xammal (faydalı qazıntıların hasili) bazası əsasında formalaşmışdır. Daş kömür çıxarılır (Saqan-Nur qəsəbəsi yaxınlığında, Çita vilayəti ilə sərhəddəki Olon-Şibir və Nikol yataqları); hasilatın təqribən 90%-i Şərqi Sibirdəki ən iri və perspektivli “Tuqnuy” kəsilişində (Olon-Şibir yatağı) həyata keçirilir.
Regionun elektrik enerjisinə tələbatı 55% ödənilir, bununla yanaşı, Buryatiya Monqolustana elektrik enerjisi ixrac edir. Respublikada elektrik enerjisi və istiliyin, demək olar, 100%-i İES-lərdə istehsal olunur (əsasları – Qusinoozyorsk DRES-i, Ulan-Ude İEM-1).[19] Səpinti və filiz qızılı (“Buryatzoloto” – qızıl hasil edən aparıcı təşkilat), kvarsit (Baykalətrafı rayonunda Çeremşansk yatağı) hasil olunur; kvars xammalının əsas istehlakçısı “İrkutsk alüminium zavodu”dur. Ozyornoye və Xolodninskoye sink-qurğuşun yataqlarının sənaye mənimsənilməsinə başlanılmışdır. Aparıcı sənaye sahələri maşınqayırma və metal emalıdır. Əsas müəssisələri: Ulan-Ude təyyarə zavodu (Su-25, Su-39 təyyarələrinin müxtəlif modifikasiyaları, həmçinin çoxtəyinatlı (Mi-8T, Mi-171) və döyüş (Mi-171Ş) helikopterləri; helikopterlərin 1/2-dən çoxu ixrac edilir).[20][21]
“Ulan-Udestalmost” (avtomobil yolu, dəmir yolu və piyada körpüləri üçün metal konstruksiyaların, bina və tikililərin polad konstruksiyalarının, elektrikötürücü xətlər üçün konstruksiyaların və s. istehsalı üzrə Sibirin və Uzaq Şərqin ən böyük müəssisələrindən biridir); Ulan-Ude lokomotiv-vaqon təmiri zavodu. Dəyişkən cərəyan elektrik mühərrikləri (“Elektromaşina”), avtomatik tənzimləmə vasitələri (“Teplopribor-Komplekt”), televiziya və kompüter texnikası (Buryatiyanın “Belılebed” kompüter mərkəzi), yüngül sənaye üçün texnoloji avadanlıq, heyvandarlıq və yem istehsalı üçün maşınlar, xalq istehlakı malları və s.-in istehsalıda inkişaf etmişdir. “Baykal gəmiqayırma şirkəti” gəmi təmirindən başqa, bərə keçidləri tikintisi, taxta-şalban, kömür, mineral-tikinti yükləri, universal konteynerlər, təkərli və tırtıllı texnikanın daşınması üzrə də xidmətlər göstərir. Müəssisələrin çoxu Ulan-Udedə yerləşir.
Meşə sənayesi kompleksi respublikanın təsərrüfatında ənənəvi olaraq əhəmiyyətli yer tutur. Əsas məhsulları: emalayararlı oduncaq, taxta-şalban materialları, dəmir yolu üçün şpallar, qapı-pəncərə blokları və s. Ən iri müəssisəsi Selenginsk sellüloz-karton kombinatıdır (Rusiyada məcmu ağardılmamış sellüloz istehsalının 7%-i). Oduncağın dərindən emalı (“Les Sibiri”, Ulan-Ude), meşənin qeyri-oduncaq resurslarının, əsasən, dərman bitkilərinin (Ulan-Udedə “Ekor-Darı Sibiria” və “Baykalfarm” və s.) yığımı və emalı inkişaf etmişdir.
Tikinti materialları sənayesi müəssisələri sement, tikinti kərpici, əhəng, divar materialları, şifer istehsal edir. Yüngül sənaye parça (“Ulan-Ude zərif mahud manufakturası”), tikiş və ayaqqabı məhsulları (“Naran-Soyuz-Servis”, Ulan-Ude) istehsal edən müəssisələr ilə təmsil olunur. Yeyinti sənayesində ət-süd məhsulları istehsalı üstünlük təşkil edir. Aparıcı müəssisələri: Kabansk yağ zavodu, “Buryatmyasoprom” (Ulan-Ude), qənnadı “Amta” və makaron fabrikləri (Ulan-Ude), tər əvəz, meyvə və giləmeyvələrin emalı üzrə müasir istehsal (Biçura rayonunda “Niva”) fəaliyyət göstərir. Selenginsk sellüloz-karton kombinatının məhsulları və oduncaq Buryatiya ixracatının 40%-ini təşkil edir. Əsasən, qida və maşınqayırma məhsulları (o cümlədən Monqolustan, ABŞ, ÇXR, Ukrayna və s.-dən) idxal olunur.
Kənd təsərrüfatı
Kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 13,68 mlrd. rubldur (2012). Dəyər göstəricisində heyvandarlıq məhsulları üstünlük təşkil edir. Təbii şəraitin müxtəlifliyi Buryatiyada ərazi üzrə Kənd təsərrüfatının ixtisaslaşmasını müəyyən etmişdir.Kənd təsərrüfatına yararlı ərazi 2194,4 min ha-dır, onun 32,8%-ini əkin sahələri tutur. Bitkiçilik, əsasən, heyvandarlığın tələbatını ödəyir və ölkənin şimalından başqa hər yer də inkişaf etdirilir. Dənli (əkinlərin 58,9%-i; yazlıq buğda və çovdar), yemlik (32,8%; raps, çöl noxudu, çəmən pişik quyruğu), kartof və bostan-tərəvəz bitkiləri (8,1%), dənli yem (yulaf, arpa), paxlalı (noxud) bitkilər becərilir. Kartof istehsalında Kabansk rayonu liderlik edir; ucqar şimal-şərq və qərbdən başqa, demək olar, hər yerdə tərəvəz becərilir. Bitkiçilik məhsullarının əsas növlərinin illər üzrə göstərciləri aşağıda cədvəldə göstərilib (min ton)
1985 | 1990 | 1995 | 2000 | 2005 | 2010 | 2012 | |
Kartof | 195,0 | 179,0 | 204,7 | 143,8 | 155,0 | 164,7 | 174,4 |
Taxıl | 527,8 | 450,8 | 262,6 | 179,0 | 82,6 | 72,4 | 125,7 |
---|---|---|---|---|---|---|---|
Tərəvəz | 38,9 | 42,4 | 34,8 | 58,9 | 45,9 | 46,5 | 55,9 |
Ətlik və südlük heyvandarlıq, qoyunçuluq və donuzçuluq kənd təsərrüfatının qabaqcıl sahəsidir. Ətlik maldarlıq ən çox ucqar qərb rayonlarında, bəzi şərq və cənub rayonlarında, südlük maldarlıq satış bazarlarına (Ulan-Ude) və digər rayonnlardakı emal müəssisələrinə yaxın yerlərdə inkişaf etmişdir. Yem çatışmazlığı səbəbindən qaramal yetişdirilməsi məhdudlaşdırılmışdır. Qoyunçuluq ənənəvi olaraq cənub rayonlarında, həmçinin şərq və şimal-şərqdə, donuzçuluq cənub rayonlarında inkişaf etmişdir.
Heyvanların ümümi sayı, min başla.
1985 | 1990 | 1995 | 2000 | 2005 | 2010 | 2012 | |
---|---|---|---|---|---|---|---|
Qaramal | 508,2 | 559,1 | 392,7 | 339,0 | 312,4 | 363,1 | 394,7 |
Donuz | 249,6 | 262,2 | 147,2 | 116,8 | 73,1 | 74,9 | 77,9 |
Qoyun və keçi | 1556,2 | 1384,0 | 455,1 | 217,2 | 219,4 | 262,9 | 290,6 |
Buryatiyanın şimalında maralçılıq üstünlük təşkil edir. Ənənəvi sahə atçılıqdır (80 min baş, 2013), həmçinin yakçılıq, qəfəs heyvandarlığı (gümüşü-qara tülkü və susamuru), arıçılıq və quşçuluq inkişaf etmişdir, ovçuluq geniş yayılmışdır.
Kənd təsərrüfatı yerlərinin çox hissəsi (79,8%) kənd təsərrüfatı təşkilatlarının torpaqlarına aiddir; vətəndaşların şəxsi istifadəsinə 4,9%, kəndli (fermer) təsərrüfatlarının payına 2,8% kənd təsərrüfatı torpağı düşür. Demək olar ki, taxılın hamısı (94,2%) kənd təsərrüfatı təşkilatları tərəfindən istehsal olunur; əhaliyə məxsus təsərrüfatlar kartof (96,9%), tərəvəz (91,1%), süd (85,3%), ətlik heyvan və quş istehsalında (84,7%) liderlik edir.[22]
Şəhərlər
- Ulan - Ude : 359.391 nəfər (2002-ci il siyahıya almasına əsasən)[23]
Mənbə
Buryat Respublikası // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 110–114. ISBN 978-9952-441-10-9.
İstinadlar
Həmçinin bax
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.