Remove ads
Azərbaycanda rayon From Wikipedia, the free encyclopedia
Şəki rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi.
Bu məqalə Şəki rayonu haqqındadır. Şəki şəhəri üçün Şəki səhifəsinə baxın. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rayon | |
Şəki | |
---|---|
41°06′12″ şm. e. 47°00′15″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Şəki-Zaqatala |
İnzibati mərkəz | Şəki |
İcra başçısı | Elxan Usubov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 2 432.8 (3-cü)[1] km² |
Hündürlük | 317 m |
Əhalisi | |
Əhalisi | 187 031 nəfər (2023) nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-SAK |
Telefon kodu | +994 02424 |
Poçt indeksi | AZ 5500 |
Avtomobil nömrəsi | 55 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılmışdır.
Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd etmişdir. A.Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı. A. Y. Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır.
Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V. Dorn belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. "Nuxa" sözünün antik dövrdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir.
Şəki adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.
I əsrdə Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz bu ərazidə yerləşirdi. İnzibati cəhətdən Qafqaz Albaniyası 11 vilayətə bölünürdü. Bunlardan biri də Albaniyanın şimal-qərbində yerləşən Şəki vilayəti idi. Ərəb istilası ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi əhəmiyyətə malik olan şəhərlərindən biri oldu. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı.
XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat nəsli hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi. 1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi.
1772-ci ildə Kiş çayınin daşması nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə məhv olmuş, şəhər əhalisinin bir qismi tələfata uğramış, bir qismi başqa yerlərə köçüb getmiş, bir qismi indiki şəhərin yerləşdiyi ərazidə məskən salmışdı.
1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə ərazi qəti şəkildə Rusiyaya birləşdirildi. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı.
1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.
XIX əsrin II yarısında çar hökumət orqanları şəhəri idarə etmək üçün onu iki məhəlləyə Şəki və Qışlaq məhəllələrinə böldü. Bu dövrdə Qışlağın ərazisi hələ şəhər ərazisi ilə birləşməmişdi. Qala, qala ətrafı, ticarət və sənaye müəssisələri olan hissəsi şəhərin mərkəzi hesab olunur və iki hissəyə bölünürdü: yuxarı və ya ticarət hissəsi, aşağı və ya erməni hissəsi. Şəhər ətraflı hissələri Yuxarıbaş, Gəncəlibaşı və Nuxa -Qışlaq hesab edilirdi. Yuxarıbaş hələ XVIII əsrin sonu XIX əsrin əvvəllərində, Qaladan şərqə doğru salınmışdı.
Şəki ərazisi getdikcə böyüdüyü üçün çar hökumət orqanları şəhərdə əlavə iki inzibati məhəllə yaratdı və 1860–1865-ci illərdə şəhər artıq iki məhəlləyə deyil, 4 məhəlləyə bölünürdü. Birinci məhəlləyə Qala və onun ətraf yerləri, ikinci məhəlləyə şəhər ətrafları daxil edilmişdi və buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul idi. Üçüncü məhəlləyə dabbaqxana daxil idi. Buraya başqa sənətkarlıq sahələri, o cümlədən boyaqçılıq daxil idi. Dördüncü məhəllə haqqında sənədlər məlumat vermir. Görünür bu məhəlləyə tacir və sənətkarların yerləşdiyi baş küçə və onun ətrafları daxil idi.
1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edildi.
1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen rayonuna verildi, respublika tabeliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı.
Şəki şəhəri Azərbaycan tarixində mühüm yer tutur. Şəhərdə XVIII əsrə aid Şəki xanlarının evi, Qala divarları, Gileyli məscidinin minarəsi; XVIII–XIX əsrlərə aid Aşağı karvansara, Yuxarı karvansara; XIX əsrdən qalan Ağvanlar hamamı vardır. Rayonda VI əsrə aid "Gavur" qalası; orta əsrlərə aid Qudula qala yeri; Aydınbulaqda Ağcaqala qülləsi; Kiş kəndi yaxınlığında orta əsrlərə aid Kiş məbədi, XV əsrdən qalan "Gələrsən görərsən" qalası qorunur.
Böyük Qafqazın cənub yamacında yerləşir. Mərkəzi Şəki şəhəridir. Şəki rayonunun şimalı Baş Qafqaz silsiləsinin cənub yamaclarına, mərkəzi hissəsi Qanıx-Əyriçay vadisinə, cənubu Acınohur alçaq dağlığına daxildir. Baş Qafqaz silsiləsindən cənuba doğru Qaflan, Layski, Qaraquzey, Qızılçay köndələn tirələri ayrılır. Dağlar arasında Şəki rayonunda Acınohur çökəkliyi (100–200 m) və Şəki yaylası (200–400 m) ayrılır. Mütləq hündürlük Baş Qafqaz silsiləsinin suayrıcısında 3683 m-ə qədər yüksəlir.
Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.
Şəki rayonu ərazisində olan Baş Qafqaz silsilə sıra dağları Rusiya ilə həmsərhəd təşkil edir. Burada Seyidyurd (3690 m), Qaraqaya (3466 m), Nohur dağı (3625 m), Çaylaxan (3548m) zirvələri və Salavat aşırımı (2852 m) yerləşir. Baş Qafqaz silsiləsindən cəhuba doğru Qaraqaya, Layski, Çaxıl (3470 m), İncədağ, Burundağ, Qoçumırıx, Şüvətər, Qızılqaya (2274 m) və Xanyaylağı (2186 m) qol silsilələri uzanır. Rayon ərazisində Daşüz (828m), Gəmiqaya (729 m) və Axarbaxar (376 m) alçaq dağ silsilələri, Acınohur yaylası, Qanıx-Əyriçay vadisi, Trud, Acınohur, Turan, Sarıca, Qaratorpaq və Bolludərə düzləri vardır.
Şəki dəniz səviyyəsindən 500–850 m hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000–3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır. Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, zəngin meşə örtüyünə malikdir.
Şəki rayonunun çay sistemi içərisində Əlicançay (Kür çayının sol qolu), Əyriçay (Qanıx çayının sol qolu) və onun qolları olan Şin, Kiş, Zəyzid və Güngüt çayları mühüm yer tutur. Şəki şəhəri Kiş çayının gətirmə konusunda yerləşir. Dağıdıcı sel hadisələri ilə Şin çayı ilə birgə bütün dünyada tanınan Kiş çayı (uzunluğu –34 km) bir sıra qollara malikdir – Damarçın −10 km, Nohurçay – 5 km, Çuxadurmaz – 13 km, Qaynar – 10 km, Sarıgüney – 8 km, Duruca (Qurcana) 7 km, Göytəpə – 5 km, Duluzdərə (Quruçay) –5 km, Təkəçuxur – 3 km, Donuzca –3 km, Oxuddərə – 3 km, Dodu (doludərə) –3 km , Qaraquzey – 3 km , Qızılqaya – 2,5 km, Qaranlıq dərə – 2,5 km və s. Şin çayının qolları isə – Qaraqayaçay, Babaçay, Seyidyurdçay, Qaflançay, Çaxılçay, Mehdilidərəçay, Baş Göynükçay, Quruçay, Şabalıdçay, Zunutçay qolları vardır. Şəki rayonu ərazisində Əyriçay süni dəryaçası və şor sulu Acınohur gölü də yerləşir.
Şəkinin təbiəti çox rəngarəngdir. Burada çoxlu heyvan və bitki növləri mövcuddur. Qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə, boz qonur torpaqlar geniş yayılmışdır. Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir.
Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilmişdir.
Günəşli saatların illik miqdarı 2350 saatdır. Günəşli saatların 40 %-i yay aylarının payına düşür. İl ərzində 1 kvadrat santimetr yer səthinə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon və antisiklonlar, müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 °C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20–25 °C arasında dəyişir.
Güclü küləklər (sürəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir, il ərzində cəmi 10–12 gün güclü külək olur. Sürəti saniyədə 1 metrdən az olan külək Şəkidə tez-tez müşahidə olunur. Yağıntının miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən azı yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və onu əhatə edən dağ və düzənliklər üçün səciyyəvidir.
Sel hadisəsi daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsində yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biri sayılır. Quruçay adlanan yerdə Kiş çayının gətirmə konusuna uzun illər boyu dağlardan qum, daş, palçıq toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin Dodu məhəlləsinə nisbətən hündürdür. Tufan və dolu atmosfer hadisələrinin burada sıx əlaqəsi vardır. Dağlıq relyef, yay aylarında güclü qızma və yüksək buxarlanma Şəkidə dolu hadisələrinin əsas amilləridir. Şəkidə dolu olan günlərin orta illik sayı 1,4-dür, yəni 10 ildə 14 dəfə dolu yağır.
Dəniz səviyyəsindən 500–850 m hündürlük, ətrafında olan dağ meşələri şəhərin qızmasının qarşısını alır. Dağ meşələri şəhərin sellərdən qorunmasına imkan verir, şəhərin mənzərəsini daha da gözəlləşdirir. Çimli dağ-çəmən, qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən-meşə, boz qonur torpaqlar yayılmışdır. Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Heyvanat aləmi zəngindir.
Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır
1. Çay dərələrinin allüvial çəmən torpaqlarında çəmən, çəmən-bataqlıq və kol bitkiləri.
2. Qabarıq, tirəli-axmazlı və delta düzənliklərində boz-çəmən və tuqay meşələrində meşə-kol və kollar.
3. Alçaq dağların çox parçalanmış dik yamaclarının (bedlend) boz və şabalıd dağ torpaqlarında qaratikan kolluğu və müxtəlif otlar.
4. Zəif və orta dərəcə parçalanmış dağətəyi maili düzənlik və çökəkliklərin boz- qonur şorakətli, boz –çəmən , ibtidai açıq şabalıdı dağ torpaqlarında yovşan, efemer və şoranotu.
5. Zəif parçalanmış alçaqdağlığın yayla və çökəkliklərində şabalıdı dağ torpaqlarında və meşədən sonrakı qəhvəyi dağ torpaqlarında arid meşə kolluğu, ağot, yovşan və daşdayan.
6. Parçalanmış alçaq dağ və yaylanın tünd şabalıdı və meşədən sonrakı boz-qəhvəyi dağ torpaqlarında kolluqlar (palıdın üstün olduğu palıd-vələs, qaratikan və Pallas murdarçası)
7. Dalğalı, az maili düzənliyin çəmən-meşə allüvial çəmən torpaqlarında çəmən –kolluq.
8. Maili dalğalı düzənliyin çəmən-meşə torpaqlarında lianlı qızılağac, yalanqoz meşələri.
9. Parçalanmış qabarıq düzənliyin daşlı allüvial meşə torpaqlarında palıd-vələs, qızılağac-yalanqoz meşə və ardıc-sarağan meşə kolluqları.
10. Parçalanmış alçaq və orta dağlığın tipik qonur dağ-meşə və meşədən sonrakı qonur torpaqlarında palıd-vələs və fıstıq (şabalıd ağacları ilə) meşələri.
11. Şiddətli parçalanmış orta və yüksək dağlığın çimli dağ-çəmən torpaqlarında subalp çəmənləri.
12. Şiddətli parçalanmış yüksək dağlığın torflu dağ-çəmən torpaqlarında alp çəmənləri.
Şin çayı hövzəsində yerli əhali tərəfindən tanınan Danaveç, Qara Quzey, Çaxıl Kiçik və Böyük qoruq, Bırdaş, Salavat, Dəvəçi, Qaraarxac, Taxtalı, Tilkovur, Haney, Uzun sırt, Şiqaflan və s . kimi adlandırılan yaylaq, dağ və dərə landşaft mərzləri vardır.
Kişçay hövzəsində Qızılbərə, Göytəpə, Çuxadurmaz, Donuzca, Şüvətər, Damarçın, Qoçumırıx, Kəm, Xurcunlar, Çalbayır, Törə, Tövlə qapısı və s. mərzləri vardır.
Zəyzidçay hövzəsində Novbulaq, Çadırlı, Kiçik bitlicə, Böyük bitlicə, Kiçik və Böyük Çələncəz, Xərəndə mərzləri və Küngüt dərəsində isə Pirtala, Şaqa, Şanşan, Göyqoşan, Qoşan, Bibik, Qaz yaylası, Daşlıbərə, Vahab və s. yaylaq, dağ və dərə mərzləri mövcuddur.
Şin, Kiş, Zəyzit və Küngüt çaylarının orta və aşağı axınlarına aid çay dərələrinin yamaclarında sağlam landşafta malik torpaq və bitki örtüyü mövcuddur. Burada qəhvəyi, tünd qonur və qonur torpaqlar daha çox vələs – palıd – fıstıq assosiasiyası ağaclarının yaratdıqları meşələrlə əlaqədardır. Burada bir qədər az miqdarda şabalıd, cökə, qoz, fındıq və ağcaqayın ağacları ilə yanaşı cır alma, armud, alça, zoğal, əzgil, yemişan və həmişəyaşıl ardıc kollarına da rast gəlinir. Meşə örtüyü sıx və sağlamdır, cüyür, qonur ayı, çöl donuzu, vaşaq və s. yaşayır. Dağ dərələrində, çay yataqları kənarı boyunca yerləşən çəmənlik sahələrdə çoxlu miqdarda semihumid tipli ot bitkiləri – adi gəndəlaş, gicitkən, dəvədabanı, yarpız, baldırğan, əvəlik, yonca və s. bitir. Dağətəyi və Qarasov düzənlik ərazilərin bitki örtüyü çox müxtəlif olub qovaq, söyüd, akasiya, sarağan, sumax və s. ağacları; börütkən, itburnu, nar, ardıc kolları; sığırquyruğu, dazıotu, sürvə, çobanyastığı, qaraqınıq (tatar çayı), boymadərən, çayır, südləyən, yovşan, qanqal və s. kimi semiarid ot bitkilərindən ibarətdir.[2]
Şəki rayonunnun Təbaşir yaşlı süxurlarına aid karbonatlı gil-qum layları içərisində 15–20 m qalınlıqlı əhəngdaşı təbəqələri Daşbulaq, Qoxmuq, Oxud, Zəyzit kəndləri yaxınlığında yerləşir. Onlardan qədim zamanlardan başlayaraq kirəc alınmasında istifadə olunur.
Rayonun Baş Layskı kəndi yaxınlığında XX əsrin 70–80-ci illərində polimetal yataq təzahürlərinin axtarış-kəşfiyyat işləri aparılmışdır.
Rayonun Dəhnə və Cəfərabad kəndləri yaxınlığında , Acınohur alçaqdağlığı ərazisində XX əsrin 60–70-ci illərində neft-qaz axtarış kəşfiyyat işləri aparılmışdır. Şəki şəhərinin "Kərpic zavodu" məhəlləsində XX əsrin əvvəllərindən sənaye əhəmiyyətli gil yatağı istismar olunmuşdur. Allüvial-dellüvial mənşəli çöküntülərdən təşkil olunan gil layının ümumi qalınlığı 5 – 6 m-dir. Gil layı sarımtıl və qonur-qəhvəyi rənglidir. Gillərin üzərini, qalınlığı 1 m-ə qədər olan torpaq qatı örtür. İstehsal üçün yararlı olan xammal ehtiyatının həcmi təxminən 38 min kub metrdir. Şəki rayonunda sənaye əhəmiyyətli gil yataqları Daşüz və Qayabaşı kəndləri ərazilərində də mövcuddur. Yerli əhəmiyyətli gil yataqlarına Oxud, Baş Şabalıd və Baş Göynük kəndlərində yerləşən yataqları qeyd etmək olar.
Çay Qaraqoyunlu kəndindən 1 km-ə qədər şimal hissədə yanar şist (bəzən onu qonur kömür kimi də təqdim edirlər) təzahürləri mövcuddur. Ümumi qalınlığı 5 m-ə qədər olan gil layı içərisində 5 – 25 sm-lik tünd boz, boz və qonur yanar şist təbəqəsi yerləşir.
Şəki rayonunun Şin və Kiş çaylarının gətirmə konuslarında Baş Göynük və Oxud kəndləri yaxınlığında tikinti işlərində yerli xammal kimi istifadə olunan çay daşları ehtiyatları vardır. Həmin ərazilərdə eyni zamanda qum, çınqıl, Əyriçay hövzəsində isə narın qum ehtiyatları var.
Şəki rayonu ərazisində içməli su ehtiyatarı çoxdur. Bunlar içərisində Qaynar, Xan talası, Marxal, Söyüdlübulaq, Qaratoyuqbulaq, Soyuqbulaq (Kiş çayı hövzəsində), İsitmə (Qurcana çayı), Göybulaq, Cəfərabad, Daşbulaq, Qozlubulaq, Baş Göynük (eyni adlı kəndlərdə), Muradbulaq (Zəyzid kəndi) və s. bulaqlar vardır. Qurcana çayı sahilində yerləşən " İsitmə " bulağının orta temperaturu 16o C-dir. Onun debiti bir dəqiqədə təxminən 5 — litrdir.[2]
Rayonda 1 şəhər, 2 şəhər tipli qəsəbə və 68 kənd vardır.
Şəki rayonunun əhalisi 184172 nəfərdir. Onlardan 68360 nəfəri şəhər, 115812 nəfəri kənd ərazisində yaşayır. Rayonda 309 şəhid ailələri, 183 Qarabağ Müharibəsi əlilləri, 12 nəfər İkinci Dünya müharibəsi Veteranı var. Rayonun 13 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb, 1142 nəfər Prezident Təqaüdçüsüdir. Şəki rayonunda 1764 qaçqın və 4949 məcburi köçkün məskunlaşmışdır. Əmək fəaliyyəti ilə məşğul olanlar 86115 nəfər təşkil edir. Təhsil alanların sayı 29694, təqaüdçülərin sayı 25957 nəfərdir.
Etnik qrup |
1999[3] | 2009[4] | ||
---|---|---|---|---|
Sayı | % | Sayı | % | |
Cəmi | 157 353 | 100.00 | 170 733 | 100.00 |
Azərbaycanlılar | 148 862 | 94.60 | 163 092 | 95.52 |
Ləzgilər | 7 469 | 4.75 | 7 152 | 4.19 |
Ruslar | 231 | 0.15 | 121 | 0.07 |
Türklər | 45 | 0.03 | 26 | 0.02 |
Kürdlər | 47 | 0.03 | 26 | 0.02 |
Avarlar | 15 | 0.01 | 14 | 0.01 |
Tatarlar | 61 | 0.04 | 10 | 0.01 |
Ukraynalılar | 128 | 0.08 | 6 | 0.00 |
Gürcülər | 13 | 0.01 | … | … |
Ermənilər | 7 | 0.00 | … | … |
Digərləri | 475 | 0.30 | 286 | 0.17 |
Respublikanın iri kənd təsərrüfatı və sənaye rayonlarından biri olan Şəki rayonunun ərazisi 2.43 min kvadrat km, əhalisi 184172 nəfərdir. Ondan şəhər əhalisi Turan və Çələbixan qəsəbələri ilə birlikdə 68360 nəfər, kənd əhalisi 115812 nəfərdir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. 37,0 faizi şəhərdə, 63,0 faizi isə kənddə yaşayır. Əhalinin sıxlığı bir kvadrat kilometrdə 76 nəfərdir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 86115 nəfərdir ki, bunların da 47200 nəfəri kənd təsərrüfatında, 2100 nəfəri sənayedə, 750 nəfəri tikintidə, 7853 nəfəri təhsildə, 2391 nəfəri səhiyyədə, 1900 nəfəri mədəniyyətdə, 23921 nəfəri digər sahələrdə fəaliyyət göstərir. 2016-cı il ərzində istehsalın əsas sahələrində ilkin hesabatlara görə adambaşına faktiki qiymətlərlə 1758 manat olmaqla 323823,4 min manatlıq məhsul buraxılmışdır. 2016-cı ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 107,9 faiz təşkil edir. O cümlədən, sənayedə məhsul buraxılışı 21547,0 min manat, kənd təsərrüfatında 152319,4 min manat, tikintidə 17081,2 min manat, nəqliyyat və anbar təsərrüfatında 6544,0 min manat, informasiya və rabitədə 1762,7 min manat, topdan və pərakəndə satış, avtomobillərin, motosikiletlərin, məişət əşyalarının satışı və təmiri sahəsində 124569,1 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 347958,3 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 81524,6 min manat olmuşdur. Ümumi məhsul buraxılışı 2003-cü il illə müqayisədə 2016-cı ildə 6 dəfə, sənaye məhsulunun həcmi 7 dəfə və kənd təsərrüfatının ümumi məhsulu 4.5 dəfə artmışdır. Əsas kapitala yönəldilmiş investisiya 10 dəfə artaraq 31282,3 min manat, o cümlədən tikinti-quraşdırma işləri 6,9 dəfə artaraq 17081,2 min manat təşkil etmişdir; Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Şəki rayonu üzrə 459 sahibkarlıq subyektinə 28,03 mln manat, o cümlədən 2016-cı il ərzində 33 sahibkarlıq subyekti üzrə 339,5 min manat güzəştli kretit verilmişdir. Rayonda 2016-cı il ərzində 2978 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir. Ümumiyyətlə, 2003–2016-cı illər ərzində rayonda 18834 yeni iş yeri açılmışdır ki, bunun da 94,4 faizi daimi iş yerləridir. Rayon üzrə orta aylıq əmək haqqı 256 manat olmuşdur. 2003–2016-cı illər ərzində rayonda 30 yeni məktəb binası tikilmişdir. Hazırda rayonda 29 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 21-i kiçik müəssisələrdir. Əhaliyə 38 elektron sistemli ATS və 38 poçt şöbəsi xidmət göstərir ki, bunlardan da 9 ATS və 8 poçt şöbəsi şəhərdə, 29 ATS və 30 poçt şöbəsi kəndlərdədir.
Rayonda Zəyzit məbədi (XI–XII), Kiş kilsəsi, Aydınbulaq qülləsi və s. abidələr var.
Şəkini Azərbaycanın digər rayonları ilə inkişaf etmiş nəqliyyat şəbəkəsi- dəmir yolu və avtomobil yolları birləşdirir. Şəkidən Bakı şəhərinədək olan məsafə 305 km-dir.
1 şəhər, 2 qəsəbə, 68 kəndi vardır.
Şəki şəhəri |
Turan qəsəbəsi | Çələbixan qəsəbəsi |
Rayonda 2 qəsəbə və 31 kənd icra nümayəndəliyi, 1 şəhər bələdiyyəsi, 39 kənd bələdiyyəsi mövcuddur. Rayonda 343 idarə və təşkilat, 17 bank filialı, 14 mehmanxana, 1 rabitə və 1 poçt müəssisəsi fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisə "Şəki-İpək" ASC-dir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 88000 nəfərdir ki, bunların da 43600 nəfəri kənd təsərrüfatında, 2900 nəfəri sənayedə, 8840 nəfəri tikintidə, 7946 nəfəri təhsildə, 2436 nəfəri səhiyyədə, 22278 nəfəri digər sahələrdə fəaliyyət göstərir.
Şəki özünün çox zəngin mətbəxi, ilk növbədə Şəki pitisi, Şəki halvası, Dum-Dum halvası,[5] bamiyəsi, qırma-badamı, Şəki paxlavası və şirniyyatları ilə məşhurdur. Həmçinin döyməci, çığırtmalı plovu, Cousu, gülabı, balvası, alalı qutabı ilə də tanınır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.