Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram.

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın ŞərqOrta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.

SSRİ-nin poçt markası. Azərbaycanda Novruz

Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Əl Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

Nizamülmülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara atırma, halay, bənövşə, cıdır-ənzəli, Kosa-kosa və bu kimi oyunlar aid edilir.

Azərbaycanın poçt markası. Azərbaycanlı qadın bayram xonçası ilə

Çərşənbələr

Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir.

Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar.[1] Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur.[2] Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.[3][4]

  • Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə də deyirlər. Bahara doğru buzlar əriyir, çayların donu açılır, torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır. Torpaq yavaş-yavaş islanmağa başlayır. Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
  • Od çərşənbəsi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə adlanır. Bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
  • Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Üçüncü çərşənbə Azərbaycanın bir sıra bölgələrində günümüzdə də Ölü çərşənbəsi (Qara çərşənbə, Gül çərşənbə) kimi qeyd olunur. Həmin gün insanlar yaxınlarının məzarlarını ziyarət edər, qəbirləri qışın palçığından, toz-torpağından təmizləyər, ölənlərin ruhuna dualar oxuyarlar. Ölü çərşənbəsində yaslı ailələr də ziyarət olunar, onların yasdan çıxması və qarşıdan gələn bayramı hamı ilə birgə qeyd etmələri təmin olunar.[5]
  • Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar. Tədqiqatçı Xeybər Göyyallının yazdığı kimi, sonuncu çərşənbə digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər. Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar. 

Axır çərşənbə

Adətləri

Dünya xalqlarının bayramı kimi

İncəsənətdə

Qalereya

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.