Leyli və Məcnun (opera)
From Wikipedia, the free encyclopedia
Leyli və Məcnun (az-əbcəd. لیلی و مجنون) — Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə[1] yazılmış ilk milli Azərbaycan operası. Opera, Məhəmməd Füzuli tərəfindən XVI əsrdə yazılmış "Leyli və Məcnun" faciəsinin motivləri əsasında yazılmışdır. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk operadır.[2][3][4]1
Bu məqalə Leyli və Məcnun operası haqqındadır. Digər mənalar üçün Leyli və Məcnun (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Leyli və Məcnun | |
---|---|
az-əbcəd. لیلی و مجنون | |
| |
Bəstəkar | Üzeyir bəy Hacıbəyov |
Librettoçu | Üzeyir bəy Hacıbəyov və Ceyhun Hacıbəyov |
Dirijor | Əbdürrəhim bəy Haqverdiyev |
Dili | azərbaycanca |
Süjet | "Leyli və Məcnun" poeması |
Janr | Dram |
Pərdə | (5)4 |
Səhnə | 6 |
Yaradılma tarixi | 1907 |
İlk səhnələşdirmə |
12 (25) yanvar 1908 Bakı |
Personajlar |
|
Premyera |
Tağıyev teatrı, Bakı |
İfaçılar |
Hüseynqulu Sarabski (Məcnun) Ə. Fərəcov (Leyli) C. Dağıstani (İbn Səlam) M. Kazımovski (Məcnunun anası) Mirzə Muxtar (Məcnunun atası) İ. Qasımov (Leylinin atası) С. Vəzirov (Leylinin anası) |
Vikianbarda əlaqəli mediafayllar |
"Leyli və Məcnun" operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoymuşdur. Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir.[5] Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılmışdır.[6]
Operanın ilk səhnələşdirilməsi 12 (25) yanvar 1908-ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş tutmuşdur. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biri hesab edilir.[7]
2008-ci ilin fevralında UNESCO Baş Konfransında ilk Azərbaycan operası olan "Leyli və Məcnun"un 100 illik yubileyinin UNESCO-nun xüsusi tarixlər siyahısına daxil edilməsi qərarı verilmişdir.[8][9]