BMT Baş Məclisinin 62/243 saylı qətnaməsi — 14 mart 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 62-ci sessiyasında qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı 62/243 saylı qətnamə. Sənəddə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam etməsindən ciddi narahatlıq ifadə olunur. 62/243 saylı qətnamə BMT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş sənədlərin yeddincisi, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş sənədlərin isə üçüncüsü və sonuncusudur.
Cəld faktlar 62/243 saylı qətnamə, Tarixi ...
Bağla
Sənəddə BMT-nin münaqişə ilə bağlı daha əvvəl qəbul etdiyi sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı, BMT Baş Məclisinin isə 48/114 (1993) və 60/285 (2006) saylı qətnamələrinə xatırlatma edilmişdir.[1] Həmçinin, BMT Baş Məclisi qətnaməni qəbul edərkən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərlik etdiyi ətraf mühitin qiymətləndirilməsi missiyasının Dağlıq Qarabağ regionunda və onun ətrafında yanğından zərər çəkmiş ərazilərə dair hesabatını[2] və münaqişənin Cənubi Qafqaz ölkələrinin humanitar vəziyyəti və inkişafı üçün mənfi nəticələrini nəzərə almışdır.
Baş Məclisin digər qətnamələri kimi[3] bu qətnamə də tövsiyə xarakterlidir. Belə ki, BMT Nizamnaməsinin 10-cu və 14-cü maddələri Baş Məclisin qətnamələrinə "tövsiyələr" kimi istinad edir. Qətnamələrin tövsiyə xarakterli olması Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də digər işlər üzrə dəfələrlə vurğulanıb.[4] Bununla belə, Baş Məclisdə qəbul edilən istənilən sənəd BMT-nin mövqeyini ifadə edir. Bu baxımdan "heç bir dövlətin Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində yaranan vəziyyəti qanuni vəziyyət kimi tanımamalı və bu vəziyyətin qorunmasına yardımçı və ya kömək etməməli olduğu"nun məhz belə tərzdə ifadə edilməsi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən istənilən fəaliyyətin hər hansı dövlət tərəfindən dəstəklənməsinin BMT tərəfindən pislənilməsi mənasına gəlir.[5] Bundan əlavə, əvvəlki BMT sənədləri bu qətnamədən fərqli olaraq işğalçı rejimin tanınmaması ilə bağlı açıq-aşkar müddəa müəyyən etməmişdi.[6]
Qətnamə layihəsinin müəllifi Azərbaycandır. Sənəd səsverməyə təqdim olunduqdan sonra Rusiya o vaxta qədər ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi beynəlxalq sənədin əleyhinə səs vermişdir.[7] Qərbin aparıcı dövlətlərinin səsvermədə bitərəf qalması Azərbaycanın narazılığına səbəb olmuşdu.[8] Mərkəzi Asiyadan bu sənədə dəstək verən yeganə ölkə isə Özbəkistan idi.[9]
1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, həmçinin Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnir. Nəhayət, Rusiyanın vasitəçiliyi ilə 1994-cü il mayında cəbhədə atəşkəsə nail olunur.[10]
2005-ci ilin əvvəlində BMT tərəfindən işğal olunmuş ərazilərə ilk faktaraşdırıcı missiya göndərilir. Missiya ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşması faktlarını təsdiqləyir.[11] 2006-cı ildə isə işğal olunmuş ərazilərin şərq hissəsində kütləvi yanğınlar baş verir.
Atəşkəs əldə edilməsinə baxmayaraq, sonrakı illərdə atəşkəs rejimi tez-tez pozulur. Atəşkəsə dair razılıq əldə olunduqdan sonra tərəflər arasında ilk şiddətli toqquşma isə 4 mart 2008-ci ildə baş verir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Tərtər rayonunun işğal altındakı Çiləbürt kəndi yaxınlığında ermənilərin kəşfiyyat-diversiya qrupu Azərbaycan ordusunun üzbəüz mövqelərini ələ keçirməyə cəhd göstərir.[12] Silahlı qarşıdurma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 4 hərbçisi şəhid olur. Qarşı tərəfdən isə 12 hərbçinin öldürüldüyü, 15-nin isə yaralı olduğu bildirilir. Bunun ardınca, 8—9 mart tarixlərində Ağdam rayonu istiqamətindəki təmas xəttində yenidən gərginlik baş qaldırır; Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu erməni hərbi birləşmələrinin Azərbaycan kəndlərinə açdığı atəş nəticəsində iki azərbaycanlı mülki şəxsin həlak olduğunu, daha iki nəfərin isə yaralandığını, eyni zamanda cavab atəşi ilə susdurulan erməni tərəfinin bir hərbçisinin həlak edildiyini qeyd edir.[13] Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sözçüsü Əli Həsənov cəbhədəki vəziyyəti erməni təxribatı adlandırır və 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən etirazlarla əlaqəli olduğunu bildirir.
Baş verən hadisələrin fonunda İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 13—14 mart 2008-ci ildə Dakar konfransında "Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü" adlı 10/11-P(IS) saylı qətnamə qəbul edilir.[14] Bu qətnamə ilə İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin Nyu-Yorkda BMT yanında daimi nümayəndələrinə BMT Baş Məclisində səsvermə zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinə hərtərəfli dəstək vermək tapşırılması barədə qərar qəbul edir. Bu da öz növbəsində 14 mart 2008-ci ildə Baş Məclisin 62-ci sessiyasında Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyevin təqdim etdiyi layihə səsə qoyularkən təşkilata üzv dövlətlərin səsvermədə fəal iştirakı ilə nəticələnir.[15]
Qətnamədə "Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək" təkrarlanır, "bütün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması" tələb olunur, həmçinin "heç bir dövlətin Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində yaranan vəziyyəti qanuni vəziyyət kimi tanımamalı və bu vəziyyətin qorunmasına yardımçı və ya kömək etməməli olduğu" bir daha bəyan edilir.
Baş Məclis Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmaq hüququnun olduğunu və bu hüququnun ayrılmaz olduğunu bir daha təsdiq edir, həmçinin bu qayıdış üçün müvafiq şəraitin yaradılmasının, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərin hərtərəfli bərpasının zəruriliyini vurğulayır.
Qətnamədə beynəlxalq mediasiya cəhdlərinə, xüsusən də ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək ifadə olunur.
2005-ci ildə BMT-nin faktaraşdırıcı missiyası ermənilərin qanunsuz məskunlaşma faktlarını təsdiqləsə də, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğal faktı qeyd olunsa da, adıçəkilən qətnamələrdə, eləcə də 62/243 saylı qətnamədə ermənilərin işğal altındakı ərazilərdə məskunlaşması ilə bağlı xatırlatma edilmir.[16]
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin 20 fevral 2008-ci ildə təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı A/62/L.42 saylı layihə sənədi BMT Baş Məclisinin 62-ci sessiyasında səsə qoyulmuş,[17] 39 dövlət lehinə və 7-si əleyhinə (ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də daxil olmaqla) səs vermiş, 100 dövlət isə bitərəf qalmışdır. Paraqvayın səsi isə BMT-yə üzvlük haqqını ödəmədiyinə görə qeydə alınmamışdır.[11]
- ABŞ — ABŞ nümayəndəsi bildirib ki, Fransa, Rusiya Federasiyası və ABŞ-nin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ATƏT-in Nazirlər Şurasının 2007-ci ilin noyabrında Madriddə keçirilən iclasında hər iki tərəfə birgə təkliflər paketi təqdim ediblər. Həmin əsas prinsiplər Helsinki Yekun Aktının müddəaları, o cümlədən güc tətbiq etmək hədəsindən və ya tətbiqindən çəkinmə, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə ilə bağlı müddəalara əsaslanırdı. Təklif balanslaşdırılmış prinsiplər paketindən ibarət idi. Nümayəndə təəssüflə qeyd etmişdir ki, "Baş Məclisə təqdim olunan qətnamə layihəsində həmsədrlərin təklifindəki prinsiplərin yalnız müəyyən hissəsi seçmə şəkildə tətbiq olunub. Bu seçici yanaşmaya görə, üç həmsədr birtərəfli qətnamə layihəsinə qarşı çıxmalıdır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tərəflərdən qaçılmaz kompromisləri tələb edəcək." ABŞ nümayəndəsi, həmçinin, əlavə edib ki, həmsədr ölkələr sülh prosesinə xələl gətirmək təhlükəsi yaradan birtərəfli qətnamə layihəsinə qarşı çıxsalar da, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini və bununla da Dağlıq Qarabağın müstəqilliyini tanımadıqlarını bir daha təsdiq ediblər.[11]
- Azərbaycan — Azərbaycan nümayəndəsi Aqşin Mehdiyev səsvermədən əvvəl vurğulayıb ki, ölkəsi həmişə danışıqları vicdanla aparıb, Ermənistan isə danışıqlardan qanunsuz fəaliyyətinə pərdə kimi istifadə edib. Onun sözlərinə görə, "Azərbaycan Minsk qrupunun həmsədrlərinin dəqiq təkliflərinin olmamasından ciddi şəkildə narahatdır. Onlar sözdə bütün işğal olunmuş ərazilərin azad edilməsi və azərbaycanlı əhalinin Dağlıq Qarabağa qaytarılması məqsədlərini dəstəklədiklərini ifadə etsələr də, əməldə bu ümumi səyi aşağılamağa çalışırlar. Həmsədrlərin "məşhur neytrallıqları" naminə ərazi bütövlüyü prinsipindən yayınmağa haqqları yoxdur. Beynəlxalq hüquq normaları pozulduqda heç bir neytrallıq ola bilməz." Səsvermədən sonra isə Mehdiyev bəzi üzv dövlətlərin səylərinə baxmayaraq qəbul edilmiş qətnamənin son dərəcə vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, "Ermənistan tərəfi və onu dəstəkləyənlər başa düşməlidirlər ki, danışıqlar yalnız beynəlxalq hüquq əsasında davam edə bilər." Qətnamənin əleyhinə səs verən Minsk qrupu həmsədrlərinin mövqeyindən dərin narazılıq duyduğunu bildirən Mehdiyev, bununla belə, həmsədrlərin gələcək təkliflərində hazırkı qətnamədə qəbul edilmiş prinsipləri nəzərə alacağını gözlədiklərini deyib.[11]
- Cənubi Afrika Respublikası — Cənubi Afrika Respublikasının nümayəndəsi bildirib ki, onun nümayəndə heyəti Azərbaycan və Ermənistan arasında mübahisənin həlli istiqamətində Minsk qrupunun səylərini dəstəklədiyi üçün bu qətnaməyə səsvermədə bitərəf qalıb. O qeyd edib ki, "BMT-nin, Qoşulmama Hərəkatının və Afrika İttifaqının üzvü kimi CAR dövlətlərin ərazi bütövlüyünü təsdiq edir və regionda baş verən son hadisələrdən, xüsusən də martın 4-dəki silahlı qarşıdurmadan narahatdır."[11]
- ÇXR — Çin nümayəndəsi Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi narahatlığını ifadə edərək, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını və dəstəklədiyini bildirib. Onun sözlərinə görə, "bu məsələ təkcə Azərbaycan və Ermənistan arasındakı münasibətlərə deyil, həm də bütün Qafqaz regionunda sülh və sabitliyə birbaşa təsir edir." Çin həmsədrlərin konstruktiv rol oynamaq üçün davamlı səylərini dəstəkləyib və "ümid edir ki, bu üç tərəf iki tərəfi ciddi və dərin dialoq üçün bir araya gətirməyə çalışacaq və danışıqlarda irəliləyiş əldə edəcək."[11]
- Ermənistan — Ermənistan nümayəndəsi layihəni "Azərbaycanın öz istəklərini kağız üzərində sadalamaq üsulu" kimi qiymətləndirib və sülh danışıqlarının nəticəsini əvvəlcədən müəyyən etmək üçün "boşuna edilmiş cəhd" olduğunu qeyd edib.[11]
- Fransa — Fransa nümayəndəsi, ölkənin nümayəndə heyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqının ümumi mövqeyini tam dəstəkləməsinə baxmayaraq, qətnamə layihəsinin əleyhinə səs verəcəyini bildirib.[11]
- İndoneziya — Səsvermədən sonra mövqeyini izah edən İndoneziya nümayəndəsi bildirib ki, o, mətnin lehinə səs verib, "çünki bu, münaqişənin həllində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərini və məqsədlərini bir daha təsdiqləyir; qətnamə münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərini vurğulayır."[11]
- Liviya — Liviya nümayəndəsi də lehinə səs verərək, "işğal boyunduruğu altında olan ölkələri və qaçqınların geri qayıtmaq hüququnu dəstəklədiyini" bildirib. Nümayəndə əlavə edib ki, "Liviya tərəflərin razılığa gələcəyinə ümid edir, lakin beynəlxalq ictimaiyyətin də məsələ ilə bağlı açıqlama verməli olduğunu düşünür."[11]
- Pakistan — İslam Konfransı Təşkilatı (İƏT) adından çıxış edən Pakistan nümayəndəsi Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qrupun çoxdankı, prinsipial və qəti mövqeyə malik olduğunu və Azərbaycanın ədalətli mövqeyini tam dəstəklədiyini bildirib. O, həmçinin Azərbaycan hökumətinin sülh prosesinə maneələrin, məsələn, işğal olunmuş ərazilərə əhalinin qanunsuz köçürülməsi, coğrafi, mədəni və demoqrafik praktikanın dəyişdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin istismarı kimi maneələrin aradan qaldırılması istiqamətində səylərini dəstəklədiyini bildirib. Pakistan nümayəndəsinin məlumatına görə, İƏT öz sənədlərində dəfələrlə Ermənistandan bu cür fəaliyyətləri, eləcə də Azərbaycanın mədəni və tarixi irsinin, o cümlədən İslam abidələrinin dağıdılmasını dayandırmağı tələb edib.[11]
- Sloveniya — Avropa İttifaqı adından səsvermə öncəsi mövqeyini izah edən Sloveniya nümayəndəsi bildirib ki, üzv dövlətlərin məsələləri Baş Məclisin müzakirəsinə çıxarmaq hüququ tanınmaqla yanaşı, Minsk qrupunun bu məsələdəki aparıcı rolu da saxlanmalıdır. O, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqı Minsk Qrupu çərçivəsində müəyyən edilmiş istisnasız olaraq bütün prinsipləri dəstəklədiyini bir daha bəyan edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli İttifaqın Avropa Qonşuluq Siyasətinin mühüm tərkib hissəsidir və müvafiq fəaliyyət planlarında mühüm yer tutur. Avropa İttifaqı münaqişənin sülh yolu ilə həllinə töhfə verən bütün addımları dəstəkləməyə hazırdır və maraqlı tərəfləri gərginliyin artmasına səbəb ola biləcək və davam edən vasitəçilik səylərinə xələl gətirə biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.[11]
- Türkiyə — Türkiyə təmsilçisi İƏT-ə qoşularaq Minsk qrupu çərçivəsində sülh prosesinin davam etdiyinə diqqət çəkib. O bildirib ki, hər kəs qətnamə layihəsini bu məqsədə nail olmağı fürsətə çevirən bir vasitə kimi dəstəkləməlidir. Nümayəndənin sözlərinə görə, "qətnamə layihəsi bölgədəki xoşagəlməz vəziyyətin əsasını kifayət qədər əhatə edir. Nə də olsa, problem əslində işğalla bağlıdır; çünki Azərbaycanın 20 faizə yaxın ərazisi işğal olunub."[11]
- Ukrayna — Ukrayna nümayəndəsi bildirib ki, "bugünkü müzakirə Azərbaycan, Moldova və Gürcüstan ərazilərində uzanan münaqişələr problemini bir daha vurğulamış oldu. Bu münaqişələr həmin dövlətlərin demokratik və iqtisadi inkişafı üçün əsas maneələr olaraq qalır. Beynəlxalq ictimaiyyətin münaqişələrin həmin ölkələrin ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması əsasında həllinə kömək etmək üçün əməli addımlar atmağa davam etməsi həyati əhəmiyyət kəsb edir." Onun sözlərinə görə, bu münaqişələrin hər birinin öz tarixi və mahiyyəti var, buna görə də həll mexanizmləri fərqli olmalıdır. Ukrayna, həmçinin, Kosovo məsələsini Azərbaycan, Moldova və Gürcüstan ərazilərindəki münaqişələrlə əlaqələndirmək cəhdlərini qəti şəkildə rədd edib.[11]
- Uqanda — Uqanda nümayəndəsi, Pakistanın bəyanatına uyğun olaraq, ölkəsinin dövlətlər arasında mübahisələrin sülh yolu ilə həllinə tərəddüdsüz inandığını və dövlətlərin suverenliyinin toxunulmazlığı və ərazi sərhədlərinə hörmət prinsipinin qəti tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, "əgər bu prinsiplərdən hər hansı bir kənarlaşma olacaqsa, bu, beynəlxalq hüquqda yaxşıca əsaslandırılmalıdır. Uqanda hazırkı işdə bu prinsiplərin tətbiq olunmaması üçün heç bir əsas görmür; Azərbaycan bu işdə zərər görən tərəfdir. Buna görə də Uqanda Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun gələn qətnamə layihəsini dəstəkləyir və lehinə səs verəcək."[11]
United Nations General Assembly. "A/RES/62/243". undocs.org. United Nations. 2008. 09 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2022.
United Nations General Assembly. "A/61/696". undocs.org. United Nations. 2007. 20 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2022.
Sergei A. Voitovich, International Economic Organizations in the International Legal Process, p. 95. Martinus Nijhoff Publishers, 1995. ISBN 0-7923-2766-7
J. Coyle, James. Diplomacy Surrounding Frozen Conflict // Russia's Interventions in Ethnic Conflicts: The Case of Armenia and Azerbaijan (ingilis). Switzerland: Palgrave Macmillan. 2021. səh. 146. ISBN 978-3-030-59573-9.
Czapliński, Władysław; Richter, Dagmar. Illegal States? // Unrecognised Subjects in International Law (ingilis). Warsaw: Scholar Publishing House Ltd. 2019. səh. 44. ISBN 978-83-7383-964-9.
Samkharadze, Nikoloz. The Soviet and Russian Practice of Recognition of New States after 1945 // Russia's Recognition of the Independence of Abkhazia and South Ossetia (ingilis). ibidem Press. 2021. səh. 133. ISBN 978-3838214146.
Frenkel, David A.; Mirzayev, Farhad. Insoluble Dilemma: Armenian-Azerbaijan Conflict over Nagorno-Karabakh // International Law, Conventions and Justice (ingilis). Athens: Athens Institute for Education and Research. 2011. səh. 125.
Hacıalıyev, E. "Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ". Azərbaycan qəzeti (208). 18 sentyabr 2018: 3.
Baxşəliyeva, Gövhər. "Prezident İlham Əliyevin uğurlu Şərq siyasəti ölkəmizin diplomatik nailiyyətlərinin artmasına mühüm töhfə verir". Azərbaycan qəzeti (243). 28 oktyabr 2018: 1, 3.
Dinstein, Yoram; Baker, Alan. Politicization of Human Rights and International Humanitarian Law: Israel's Dilemma // Israel Yearbook on Human Rights (ingilis). 49. Leiden / Boston: Brill Nijhoff. 2019. səh. 165. ISBN 978-90-04-40460-1.