Azərbaycan mifologiyası
From Wikipedia, the free encyclopedia
Azərbaycan mifologiyası (az-əbcəd. آذربایجان اساطیری) — azərbaycanlıların mifoloji düşüncələr sistemi, türk xalqlarının mifologiyasının tərkib hissəsi. Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Oğuznamə"dən, özündə həm erkən türk, həm də Qafqazın arxaik görüşlərini birləşdirən "Kitabi-Dədə Qorqud" dastanından götürür.[1] Azərbaycan mifləri ritualizm, kult inancları, totemizm və şamanizmin təsirinə məruz qalmışdır.[2] İslam dininin qəbul edilməsinə görə, Azərbaycan xalq nağılları və mifləri dini məna əldə etmişdir, müxtəlif İslam ideyaları və qəhrəmanları hekayə strukturuna əlavə edilmişdir.[3] Azərbaycan şər varlıqları arasında cinlər İslam ənənəsinin, divlər və pərilər zərdüştlüyün, hal anası və ərdov isə şamanist ideyanın məhsuludur.[4]
Azərbaycan mifologiyasında ilk insanın mənşəyi, digər insanların ondan yaranması, Yer üzündə böyük daşqından sonra həyatın canlanması, beş müqəddəsə (od, metal, daş, torpaq və su) ehtiram göstərilməsi, ağacların da ehtiram göstərilən obyektlər arasında olması ilə bağlı mifik mətnlər vardır.[5] İlk insanların nəhənglər olduğu, ömürlərinin uzun olduğu ilə bağlı mif vardır.[6] Türk xalqlarının əcdadı sayılan Türk Azərbaycan miflərinə görə Nuh peyğəmbərin nəslindən gəlir, qurd vasitəsilə qurtuluş yolunu tapır.[7] Dünyanın sonu ilə bağlı mifə görə, axırda yalnızca Ulu Ananı simvolizə edən qoca qarı və qurd həyatda qalacaqdır.[8] Aləmin yatdığı vaxt inancına görə, hər Novruz bayramında aləm ölür və yenidən dirilir.[9]
Azərbaycan mifologiyasında nəhənglər, divlər, əjdahalar kimi mifik və yarımmifik varlıqlar mövcuddur.[10] İslam dinindən Azərbaycan miflərinə hər şeyə gücü çatan və mərhəmətli Allah, insan həyatının müxtəlif istiqamətlərində qoruyucu rolu oynayan mələklər və s. əlavə edilmişdir.[3] Mif, nağıl və dastanlarda bəzi qəhrəmanlar başqa obraza çevrilir, dönürlər. Bu xüsusiyyət onlar funksional xarakteristikasında əsas rolu oynadığı üçün onlar "dönərgə" adlandırılır. Əyələr və ya iyələr isə müəyyən təbii obyektləri qoruyan və ya onların təcəssümü olan mifoloji, yaxud hami varlıqlardır.[11]
Azərbaycan şairi İzzəddin Həsənoğlu "Kitabi-Sirətin-Nəbi" məsnəvisində yaradılışla bağlı düşüncəsini bəyan etmişdir. Bu fikirlər Göytürk abidələri ideyaları ilə uyğun gəlir.[12] Əbdürrəhim bəy Haqverdiyev "Pəri cadu", "Qırmızı qarı", "Dağılan tifaq" kimi əsərlərində mifoloji ünsürləri ustaca istifadə etmişdir.[13] Müasir Azərbaycan ədəbiyyatında Yusif Səmədoğlunun "Cinayət günü" romanı, İsa Muğannanın "Məhşər" romanı,[14] Mövlud Süleymanlının "Köç", "Şeytan", "Yel Əhmədin Bəyliyi" adlı əsərləri mifoloji ünsürlər daşıyır.[15]