From Wikipedia, the free encyclopedia
İvan Andreyeviç Urqant (rus. Иван Андреевич Ургант; d. 16 aprel 1978, Leninqrad, Rusiya SFSR, SSRİ) — Rusiya aktyoru, şoumeni, teleradio aparıcısı, müğənnisi, musiqiçisi və prodüseri. Hazırda "Pervıy Kanal"da yayımlanan "Axşam Urqantı"[1] və "Smak"[2] verilişlərinin aparıcısı, "Projektorperishilton"[3] verilişinin isə aparıcılarından biridir. Əvvəllər "Superradio", "Rus radiosu", "Hit-FM" radiostansiyalarında və "Rossiya" və "MTV" telekanallarında işləyib.[4][5] Dəfələrlə "TEFİ" mükafatının laureatı olub.[6] 2008-ci və 2011-ci illərdəki sorğuların nəticələrinə görə, Rusiyanın ən populyar televiziya aparıcısı seçilib.[7]
İvan Urqant | |
---|---|
rus. Иван Ургант | |
| |
Doğum tarixi | 16 aprel 1978 (46 yaş) |
Doğum yeri | Leninqrad, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Rusiya |
Atası | Andrey Urqant |
Anası | Valeriya Kiselyova |
Fəaliyyəti | teleaparıcı, aktyor, müğənni, şoumen |
Fəaliyyət illəri | 1999-cu ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID1679435 |
Vikianbarda əlaqəli mediafayllar |
İvan Urqant 1996-cı ildən günümüzədək müxtəlif filmlərdə aktyor kimi çəkilib.[8] Onun filmoqrafiyasında — "Yolkalar" və "Vısotski. Sağ ol ki, yaşayırsan" kimi filmlər var. Ümumilikdə aktyorun filmoqrafiyasında 25-dən çox film var.[8] Urqant bədii filmlərlə yanaşı, sənədli filmlərdə də çəkilib.[9] O, Vladimir Poznerlə birlikdə müxtəlif ölkələrdən bəhs edən çox seriyalı 7 sənədli filmdə aparıcı kimi çıxış edib.[9] Urqant Alsu ilə birlikdə Moskvada keçirilmiş 2009 Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsinin aparıcısı olub.[10][11]
İvan Urqant 1978-ci il aprelin 16-da Leninqrad şəhərində, aktyorlar Andrey Urqant və Valeriya Kiselyovanın (1951—2015) ailəsində anadan olub.[5][7] İvan aktyorlar Lev Milinder və Nina Urqantın nəvəsidir.[5][7] Ulu babası Nikolay Urqant milliyətcə eston olub.[12][13] Urqantın 1 yaşı təzəcə tamam olarkən atası ilə anası ayrılıblar.[5] Valideynlərinin ayrılmasından sonra o, anası və atalığı — Leninqradlı aktyor Dmitri Ladıginlə yaşayıb.[5][14]
Urqant Leninqradda yerləşən Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyasında və həmçinin 18 saylı uşaq musiqi məktəbində oxuyub.[4][5][7][15] 1995-ci ildə[16] gimnaziyanı bitirdikdən sonra birbaşa Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının (indiki Rusiya Dövlət Səhnə Sənəti İnstitutu) ikinci kursuna qəbul olunmuşdur.[4][17] Urqant hələ akademiyada təhsil aldığı zaman Tovstonoqov adına Rusiya Böyük Dram Teatrında Alisa Freyndlixlə birlikdə "Maqbet" tamaşasında oynayıb.[15] Burada o, 12 nömrəli gözətçi rolunu ifa edib.[5][15]
Urqant aktyor təhsili aldıqdan sonra teatr karyerasını davam etdirmək istəməyib.[7] O, sonralar qeyd edirdi ki, aldığı dram aktyoru təhsili ona teleaparıcı peşəsində çox kömək edib.[17] Urqant hələ akademiyada oxuduğu zaman (18 yaşı tamam olduqdan sonra) və həmçinin diplomunu aldıqdan sonra, özünü maddi baxımdan təmin etmək üçün barmen, ofisiant, gecə klublarında aparıcı və o cümlədən Jan-Mişel təxəllüsü altında striptiz klubda aparıcı işləyib.[15][17][18] O, sonralar striptiz klubda aparıcı işləməsini belə xatırlayıb:
Striptiz-barda mən ekstremal şərtlər altında işləyirdim. Belə məkanlarda aparıcıya diqqəti özünə cəlb etmək çox çətindir. Bundan başqa, mən heç vaxt həyatımda bu qədər çılpaq qadın görməmişdim və qorxuram ki, əgər hamamçı işinə düzəlməsəm daha görməyəcəyəm də.[15] İvan Urqant |
Urqant 1999-cu ildə Peterburqun o qədər də məşhur olmayan "Superradio" radiostansiyasında işləməyə başlayıb.[16][17] Bu işlə yanaşı, "Pyatıy Kanal"da yayımlanan "Peterburq kuryeri" adlı proqramda aparıcı işləyib.[17] 2000-ci ilin əvvəllərində Moskvaya köçüb.[5] Burada bir müddət "Rus radiosu"nda, daha sonra isə "Hit-FM"də dicey işləyib.[5][7][17][19]
2001-ci ildə MTV kanalından olan Anton Komolov və Olqa Şelest "Gümrah səhər" şousunda aparıcıya tərəf müqabili tapmaq üçün kastinq elan ediblər.[16][17] Kastinqdən uğurla keçən İvan 2002-ci ilə kimi Olqa Şelest ilə birlikdə "Gümrah səhər" şousunun aparıcısı olub.[16][17] İvan MTV kanalında "Gümrah səhər" şousundan savayı, "Böyük kino"[20] və "Total şou"[21] verilişlərində, həmçinin gələcək qeyri rəsmi-həyat yoldaşı Tatyana Gevorkyanla birlikdə "Ekspresso" verilişində aparıcı işləyib.[4] Urqantın sözlərinə görə o, MTV kanalında işlədiyi müddət ərzində canlı yayımda işləmək təcrübəsini qazanıb.[22]
İvan Urqant 2003-cü ildə MTV kanalından Rossiya kanalına keçib. Burada o, Fyokla Tolstaya ilə birlikdə "Xalq artisti" teleşousunda iki mövsüm aparıcı işləyib.[18] Teleşou yetərincə uğurlu olub. Mətbuatda qeyd olunurdu ki, teleşounun uğurlu olması tək iştirakçıların hesabına yox, eyni zamanda, istedadlı şoumen İvan Urqantın hesabına mümkün olub.[4][17] 2004-cü ildə Rossiya kanalında "Piramida" adlı teleoyunda aparıcı işləyib.[17][18] Eyni ildə "Fort Boyard" şousunda iştirak edib və Dmitri Nağıyevin komandasının heyətində qalib olaraq 13600 rubl qazanıb.[6]
İvan Urqant 2005-ci ildə Rossiya kanalından Pervıy kanala keçib.[16][17] Burada o, atası Andrey Urqant ilə birlikdə bir ilə yaxın müddət ərzində "Böyük premyera" şousunda aparıcı işləyib.[16][17] Bəzi məlumatlara görə, verilişin yayımının dayandırılma səbəbi İvan Urqantın sıx iş qrafiki olub.[16]
İvan Urqant 2006-cı ildə Pervıy kanalında "İvan Urqantla yaz" verilişinin aparıcısı olub.[16][17] Eyni ildə Vladimir Pozner və Brayan Kanla birlikdə 16 seriyadan ibarət olan və Amerikanın müxtəlif ştatlarından bəhs edən — "Birmərtəbəli Amerika" sənədli filmində aparıcı olub.[16][23][24] Bu sənədli film 2009-cu ildə "Televiziya kinematoqrafiyası sahəsində yaradıcı nailiyyətə görə" nominasiyasında "Nika" mükafatını qazanıb.[25][26] 2006-cı ildə Pervıy kanalın rəhbərliyi İvan Urqantı "Smak" verilişinin yaradıcısı[27] və əvəzolunmaz aparıcısı (1993-2005) Andrey Makareviçin yerinə təyin etməklə, kanalın tarixi ərzindəki ən gözlənilməz aparıcı dəyişikliklərindən birini etmiş oldu.[2][16] İvan Urqantın aparıcılığı ilə efirə çıxmış "Smak" verilişinin ilk qonağı Andrey Makareviç olmuşdur.[28][29]
İvan Urqant 2007-ci ildə Pervıy kanalda səkkiz yaşlı Aleksandra Volkovskaya ilə birlikdə "Ulduzlarla sirk" və Aleksandr Tsekalo ilə birlikdə "Divar divar üstünə" verilişlərinin,[6][17] həmçinin "Disneyin sehrli aləmi" verilişinin aparıcısı olub.[30] 2007-ci ilin sonunda İvan Urqant özünün ilk peşəkar mükafatı olan "Əyləncəli proqramın aparıcısı" nominasiyasında "TEFİ" mükafatını qazanıb.[4][6]
2008-ci ilin yanvarında Pervıy kanalın efirində İvan Urqantın və Aleksandr Tsekalonun təqdimatında özündə məşhur telelayihələrə, filmlərə, seriallara və reklam çarxlarına parodiyaları əks etdirən — "Böyük fərq" verilişinin ilk buraxılışı yayımlanıb.[6][17] İvan Urqant 2008-ci ilin may ayında Pervıy kanalda Sergey Svetlakov, Qarik Martirosyan və Aleksandr Tsekalo ilə birlikdə yumoristik şəkildə həftə ərzində baş vermiş aktual mövzuların müzakirə edildiyi — "Projektorperishilton" verilişini aparmağa başlayıb.[6][17] Veriliş yetərincə uğurlu olub. Veriliş 2008,[31] 2009,[32] 2010[33] və 2011-ci[34] illərdə "Ən yaxşı əyləncəli-informasiya proqramı" nominasiyasında "TEFİ" mükafatını qazanıb. 2012-ci ildə TNT kanalı ilə olan müqavilə şərtlərinə görə Sergey Svetlakov və Qarik Martirosyan "Projektorperishilton" verilişindən ayrılmalı olublar.[35] Pervıy kanal rəhbərliyi onların əvəzinə verilişə yeni aparıcılar təyin etməkdən imtina edib.[36][37] 2012-ci ilin sentyabrında verilişin yayımı rəsmən dayanıb.[17] 4 mart 2017-ci ildə 5 illik fasilədən sonra "Projektorperishilton" verilişi eyni aparıcıların təqdimatında yenidən efirə qayıdıb.[38][39]
İvan Urqant 2009-cu ilin may ayında Alsu ilə birlikdə Moskvada keçirilmiş 2009 Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsinin aparıcısı olub.[10][11] Eyni ildə Vladimir Poznerlə birlikdə 13 seriyadan ibarət olan və Fransanın görməli yerlərindən bəhs edən — "Tur de Frans" sənədli filmində aparıcı olub.[40]
2011-ci ilin yayında Vladimir Poznerlə birlikdə 10 seriyadan ibarət olan və İtaliya və italyanlar haqqında bəhs edən — "Onların İtaliyası" sənədli filmində aparıcı olub.[41]
İvan Urqant 2012-ci ilin payızından bugünədək Pervıy kanalın efirində yayımlanan "Gecə şousu" (ing. Late Night Show) formatında olan "Axşam Urqantı" verilişinin aparıcısıdır.[1][42] Tənqidçilər "Axşam Urqantı" layihəsini "kreativ sinfin" və "bloggerlərin" baxdığı yeganə teleşou adlandırırlar.[43] İvan Urqant 2014,[44] 2015[45] və 2016-cı[46] illərdə "Əyləncəli proqramın aparıcısı" nominasiyasında "TEFİ" mükafatına sahib olub. 2012-ci ilin yayında Vladimir Poznerlə birlikdə 8 seriyadan ibarət olan və Almaniyadan bəhs edən — "Almaniya tapmacası" sənədli filmində aparıcı olub.[47]
İvan Urqant Vladimir Poznerlə birlikdə 2013,[48]2014[49] və 2016-cı[50] illərdə, müvafiq olaraq, İngiltərədən bəhs edən — "İngiltərə, ümumiyyətlə və xüsusilə", İsraildən bəhs edən — "Yəhudi xoşbəxtliyi" və İspaniyadan bəhs edən — "Don Kixotun axtarışında" sənədli filmlərində aparıcı olub.
İvan Urqantın kinoda debüt işi 1996-cı ildə çəkilmiş "Sərt zaman" filmində olmuşdur.[8][51] O, bu filmdə epizodik rolda çəkilib. İvan sonrakı 10 il ərzində yerli seriallarda və tammetrajlı filmlərdə daha bir neçə epizodik rollarda çəkilib.[51]
Aktyorun kinoda ilk böyük rolu kinorejissor Konstantin Xudyakovun 2007-ci ildə çəkdiyi "O, o və mən" filmində olub.[8][51] İvan melodram janrında çəkilmiş bu filmdə gənc və cazibədar Denis Qanin rolunda çəkilib. Onun bu filmdə tərəf müqabilləri Aleksandr Qalibin, Yekaterina Quseva və Yuliya Rutberq kimi aktyorlar olub.[51]
İvan Urqant rejissor Pavel Bardinin 2007-ci ildə komediya janrında çəkdiyi "Üç nəfər və qar dənəciyi" filmində oynadığı Qarik roluna görə, "Ən yaxşı komediya aktyoru" nominasiyasında "MTV Russia Movie Awards" mükafatına namizəd olub.[52][53]
İvan Urqant 2010-cu ildə bir neçə novelladan ibarət, müxtəlif rejissorlar tərəfindən çəkilmiş[54] "Yolkalar" kinokomediyasında çəkilib.[8][51] Bu filmdə oynadığı biznesmen Boris roluna görə, "Ən yaxşı rus aktyoru" nominasiyasında "Jorj mükafatı"na namizəd olub.[55]
2011-ci ildə Milla Yovoviç, Sergey Qarmaş, Vladimir Menşov və Konstantin Xabenski kimi aktyorlarla birlikdə Levan Qabriadzenin "Oyunbazlıqlar" və Sergey Bezrukov və Oksana Akinşina kimi aktyorlarla birlikdə Pyotr Buslovun "Vısotski. Sağ ol ki, yaşayırsan" filmində çəkilib. İvan bu iki filmdə canlandırdığı obrazlara görə, "Ən yaxşı rus aktyoru" nominasiyasında "Jorj mükafatı"na namizəd olub.[56]
İvan Urqant 18 saylı uşaq musiqi məktəbində oxuduğu zaman 4 il zərb musiqi alətlərində ifa etməyi öyrənib. İvan daha sonralar sərbəst şəkildə gitara, fortepiano və blokfleytada ifa etməyi öyrənib.[15]
İvan Urqant 1990-cı illərin sonunda Vnuuk təxəllüsü ilə çıxış edib.[57][58] 1998-ci ildə o, "Sirr" kvartetindən olan Maksim Leonidovla birlikdə üzərində işlədiyi "Звезда" (azərb. "Ulduz") albomunu buraxıb.[16] Lakin albom satışa çıxarılmayıb. İvan buraxılmış bütün tirajları dostlarına paylayıb.[16]
2011-ci ildə müğənnilik karyerasını bərpa edib, Qrişa Urqant təxəllüsü ilə çıxış edir.[7][16] 2012-ci ildə "Estrada" albomunu yazdırıb və tamaşaçılar qarşısında Qrişa Urqant kimi ilk dəfə konsert proqramı ilə çıxış edib.[7]
İvan Urqant ilk dəfə 18 yaşında olarkən valideynlərinin etirazlarına baxmayaraq, özündən dörd yaş böyük olan Sankt-Peterburq dövlət mədəniyyət institutunun tələbəsi Karine Avdeyeva ilə evlənib.[16][59] İvan onunla diskotekada tanış olmuşdu.[51] Bu nikah cəmi yarım il davam edib.[16]
İvan Urqant uzun müddət teleaparıcı Tatyana Gevorkyan ilə birlikdə yaşayıb. Onlar MTV-nin ofisində tanış olublar.[16] Beş il vətəndaş nikahında yaşadıqdan sonra onlar ayrılıblar.[51]
İvan Urqantın ikinci və hazırkı rəsmi həyat yoldaşı idman şərhçisi və Sport telekanalının baş direktoru Vasili Kiknadzenin bacısı qızı Nataliya Kiknadzedir.[43] İvan və Nataliya çoxdan tanış idilər, onlar Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyasında bir sinifdə oxumuşdular.[59] Cütlüyün iki uşağı var — Nina (d. 2008) və Valeriya (d. 2015). Nina İvanın nənəsinin şərəfinə adlandırılıb, Valeriya isə aktyorun anasının adını daşıyır.[51] Nataliyanın birinci nikahından Niko (d. 1997) adlı oğlu və Erika (d. 2000) adlı qızı da var.[60]
İvan Urqantın atası Andrey Urqant və anası Valeriya Kiselyova |
Verilişlər | ||||
---|---|---|---|---|
İl | Adı | Tərəf müqabil(lər)i | Kanal | |
1999 | Peterburq kuryeri | — | Pyatıy kanal | |
2001 | Böyük kino | — | MTV | |
2001—2002 | Gümrah səhər | Olqa Şelest | MTV | |
2002 | Total şou | — | MTV | |
2002—2004 | Ekspresso | Tatyana Gevorkyan | MTV | |
2003—2004 | Xalq artisti | Fyokla Tolstaya | Rossiya 1 | |
2004 | Piramida | — | Rossiya 1 | |
2005 | Böyük premyera | — | Pervıy kanal | |
2006 | İvan Urqantla yaz | — | Pervıy kanal | |
2006 | Birmərtəbəli Amerika | Vladimir Pozner və Brayan Kan | Pervıy kanal | |
2006— | Smak | — | Pervıy kanal | |
2007 | Ulduzlarla sirk | Aleksandra Volkovskaya | Pervıy kanal | |
2007—2008 | Divar divar üstünə | Aleksandr Tsekalo | Pervıy kanal | |
2007—2011 | Disneyin sehrli aləmi | — | Pervıy kanal | |
2008—2012 | Böyük fərq | Aleksandr Tsekalo | Pervıy kanal | |
2008—2012, 2017— | Projektorperishilton | Sergey Svetlakov, Qarik Martirosyan və Aleksandr Tsekalo | Pervıy kanal | |
2009 | Tur de Frans | Vladimir Pozner | Pervıy kanal | |
2011 | Onların İtaliyası | Vladimir Pozner | Pervıy kanal | |
2012— | Axşam Urqantı | — | Pervıy kanal | |
2012 | Almaniya tapmacası | Vladimir Pozner | Pervıy kanal | |
2013 | İngiltərə, ümumiyyətlə və xüsusilə | Vladimir Pozner | Pervıy kanal | |
2014 | Yəhudi xoşbəxtliyi | Vladimir Pozner | Pervıy kanal | |
2016 | Don Kixotun axtarışında | Vladimir Pozner | Pervıy kanal | |
Mükafatlar və s. | ||||
İl | Adı | Tərəf müqabil(lər)i | Kanal | |
2005—2007, 2009—2016 | Al yelkənlər | — | Pyatıy kanal | |
2005—2007, 2009—2015 | "İlin qadını" Qlamur mükafatı | — | STS (2005-2007 və 2009-2014) Domaşniy (2015) | |
2006, 2009 | Miss Rusiya | — | Pervıy kanal | |
2007 | MTV Russia Movie Awards | Pamela Anderson | MTV | |
2007 | "İlin yumoru" mükafatı | Aleksandr Tsekalo | Pervıy kanal | |
2007 | "Gümüş qaloş" mükafatı | Aleksandr Tsekalo | — | |
2008 | "Olivye-şou. Köhnə ili yola salma" | Sergey Svetlakov, Qarik Martirosyan və Aleksandr Tsekalo | Pervıy kanal | |
2008, 2010 | Muz-TV mükafatı | Kseniya Sobçak | Muz-Tv | |
2008—2016 | "Qızıl qrammofon" mükafatı | — | Pervıy kanal | |
2009 | Pervıy kanalında yeni il gecəsi | Sergey Svetlakov, Qarik Martirosyan və Aleksandr Tsekalo | Pervıy kanal | |
2009—2016 | "GQ ilin adamı" mükafatı | — | STS | |
2009 | Avroviziya | Alsu | Pervıy kanal və s | |
2010, 2012 | Miss Ukrayna | — | İnter | |
2010 | "2010-cu ilin 20 ən yaxşı mahnısı" konserti | Aleksandr Tsekalo və Qarik Martirosyan | Pervıy kanal | |
2010—2012 | "Parodiyalar festivalı, Böyük fərq" | Aleksandr Tsekalo | Pervıy kanal | |
2010—2012 | Olivye-şou | — | Pervıy kanal | |
2011—2013 | "Viva! Ən gözəllər" | — | İnter (2011, 2013) 1+1 (2012) | |
2011 | "Talismaniya. Soçi-2014" | — | Pervıy kanal | |
2011 | "Yuri Nikulin 90! Yubiley gecəsi" | Aleksandr Tsekalo | Pervıy kanal | |
2016 | Oleq Tabakovun yubiley gecəsi | İqor Zolotovitskiy | Pervıy kanal | |
|
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.