Azərbaycan güləşçisi From Wikipedia, the free encyclopedia
Rövşən Cənnət oğlu Bayramov (7 may 1987; Bakı, Azərbaycan SSR) – Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 2004–2017-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən Rövşən Bayramov, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında gümüş medallara sahib olub.
Rövşən Bayramov | |||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Rövşən Cənnət oğlu Bayramov | ||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Qızıl oğlan | ||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 7 may 1987 (37 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 161 sm. (5 ft 6 in) | ||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1999—2017 | ||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Güləhməd Hüseynov | ||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Neftçi İdman Klubu | ||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
2011-ci ildə İstanbulda Dünya Çempionatının qalibi olan Rövşən Bayramov, ümumi olaraq dörd dəfə Dünya Çempionatının medallarına sahib olub (2006 və 2015-ci illərdə gümüş, 2009-cu ildə isə bürünc medallar). Avropa Çempionatlarında isə o, 2 dəfə (2007 və 2008-ci illərdə) qalib olub.
Rövşən Bayramov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 avqust 2008-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Rövşən Bayramov 2021-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvüdür.
Rövşən Bayramov 1987-ci il mayın 7-də Bakı şəhərində anadan olub.[1] 1993–2004-cü illərdə Binəqədi rayonu Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbdə təhsil alan Rövşən Bayramov, 2004–2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.[2] Şəxsi məşqçisi Güləhməd Hüseynovdur.
Rövşən Bayramov ailəlidir, 2 oğlu var.
Rövşən Bayramov beynəlxalq səviyyədə birinci turnirinə 2002-ci ilin iyul ayında Odessa şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatı çərçivəsində qatıldı.[3] Nəticədə o, həmin turnirin bürünc medalına sahib oldu.[3] Bir il sonra Rövşən Bayramov Rostov-na-Donu şəhərində baş tutan analoji turnirdə mübarizə apardı və növbəti dəfə bürünc medalın sahibi oldu.[4]
2003-cü ilin avqust ayında isə Rövşən Bayramov İstanbul şəhərində baş tutan gənclər arasında Dünya Çempionatında çıxış elədi.[5] 1/16 final mərhələsində Rusiya nümayəndəsi Konstantin Tsoini 5:0, 1/8 final mərhələsində Polşa təmsilçisi Grzegorz Bulanı 6:3, 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Kairbəy Berihovu 3:0, 1/2 final mərhələsində isə Türkiyə təmsilçisi Halil İbrahim Erciyası 7:2 hesabları ilə məğlub edən Rövşən Bayramov, çempionatın final görüşünə vəsiqə qazandı.[5] Həlledici görüşdə o, Cənubi Koreya nümayəndəsi Yun-Min Yon ilə üz-üzə gəldi və rəqibi üzərində 9:0 hesabı ilə inamlı qələbə qazanaraq gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.[5]
16 yaşında gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran Rövşən Bayramov, 2004-cü ilin mart ayında Dünya Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[6] Nəticədə o, 14-cü pillənin sahibi oldu.[6]
Daha sonra Rövşən Bayramov Avropa Çempionatlarında debüt elədi.[7] Həmin ilin 8–11 aprelində İsveçin Haparanda şəhərində baş tutan çempionatda o, birinci görüşdə Bolqarıstan nümayəndəsi Venelin Venhovu 4:0 hesabı ilə məğlub eləsə də, növbəti görüşdə Türkiyə təmsilçisi Bayram Özdəmirə 1:3 hesabı ilə məğlub oldu.[7] Nəticədə Rövşən Bayramov Avropa Çempionatını 8-ci pillədə başa vurdu.[7]
Rövşən Bayramov növbəti turnirinə iyul ayında gənclər arasında Avropa Çempionatı çərçivəsində qatıldı.[8] Sloveniyada baş tutan çempionatda o, birinci görüşdə Yunanıstan nümayəndəsi Apostolos Manulisidisi 12:2, növbəti görüşdə isə Gürcüstan təmsilçisi Mirian Nişnianidzeni 6:5 hesabları ilə məğlub eləsə də, növbəti görüşdə Ukrayna nümayəndəsi Daniel Krimova gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 7:8 hesabı ilə məğlub oldu və nəticədə gənclər arasında Avropa Çempionatında 5-ci pillənin sahibi oldu.[8]
Daha sonra Rövşən Bayramov Bolqarıstanın Albena şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Nəticədə o, turniri 8-ci pillədə başa vurdu.[9]
2005-ci ildə Rövşən Bayramov əvvəlcə gənclər arasında Dünya Çempionatında çıxış elədi.[10] İyul ayında Litvanın Vilnüs şəhərində baş tutan turnirin 1/6 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Tomi Stoyanov üzərində 1:36 dəqiqə ərzində təmiz qələbə qazansa da, 1/8 final mərhələsində Özbəkistan təmsilçisi Şirəli Şadmanova 0:2 hesabı ilə məğlub oldu.[10] Şirəli Şadmanov turnirin final görüşünə vəsiqə qazandıqından Rövşən Bayramov, təsəlliverici qrupda mübarizə apardı.[10] Təsəlliverici qrupda o, əvvəlcə Ukrayna nümayəndəsi Vüqar Rəhimovu 2:1, sonra isə Misir təmsilçisi İbrahim Əl Səid Kərimi 2:0 hesabları ilə məğlub elədi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[10] Bu görüşdə isə Rövşən Bayramov Türkiyə güləşçisi Həşim Bayqar ilə üz-üzə gəldi və rəqibini 2:0 hesabı ilə məğlub elədi.[10] Bununla da o, gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.[10]
Sentyabr ayında isə Rövşən Bayramov Dünya Çempionatlarında debüt elədi.[11] Macarıstanın Budapeşt şəhərində baş tutan çempionatda o, 1/16 final mərhələsində Almaniya nümayəndəsi Sergey Shriphanı 2:1, 1/8 final mərhələsində isə Litva təmsilçisi Svajunas Adomaitisi 2:0 hesabları ilə məğlub elədi və 1/4 final mərhələsinə adladı.[11] Bu mərhələdə Rövşən Bayramov 2004-cü ildə Afina Olimpiadasının qalibi olan Macarıstan nümayəndəsi İstvan Majoros ilə üz-üzə gəldi.[11] Rəqibinə 0:2 hesabı ilə məğlub olan 18 yaşlı Rövşən Bayramov, debüt Dünya Çempionatını 7-ci pillədə başa vurdu.[11]
Rövşən Bayramov 2006-cı ildə birinci turnirinə aprel ayında Rusiyada baş tutan Avropa Çempionatında qatıldı.[12] Rövşən Bayramov Avropa Çempionatında əvvəlcə Rusiya nümayəndəsi Nazir Manhiyevi 2:0, sonra isə Gürcüstan təmsilçisi Revaz Laşxini 2:1 hesabları ilə məğlub elədi və yarım-final mərhələsinə adladı.[12] Bu mərhələdə o, Bolqarıstan güləşçisi Venelin Venhov ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu.[12] Bürünc medal uğrunda görüşdə isə Rövşən Bayramov Türkiyə güləşçisi Bayram Özdəmir ilə qarşılaşdı.[12] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində Rövşən Bayramov rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının bürünc medalına sahib oldu.[12]
Dünya Çempionatından əvvəl Rövşən Bayramov, iyun ayında baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turnirində mübarizə apardı və turnirin qalibi oldu.[13]
2005-ci ilin əsas turniri sentyabr ayında Çinin Quançjou şəhərində baş tutan Dünya Çempionatı idi.[14] Bir il əvvəl Dünya Çempionatı 7-ci pillədə başa vuran Rövşən Bayramov, bu səfər turnirin medalına sahib olmağı hədəfləyirdi. Bayramov birinci görüşdə Macarıstan nümayəndəsi Tibor Olah ilə üz-üzə gəldi.[14] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rövşən Bayramov 2:1 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı.[14] Bu mərhələdə o, Qırğızıstan təmsilçisi Rinat Usubyanov ilə qarşılaşdı və rəqibi üzərində 2:0 hesabı ilə asan qələbə qazanaraq 1/4 final mərhələsinə adladı.[14] Bu mərhələdə isə Rövşən Bayramov Qazaxıstan nümayəndəsi Yerbol Konıratov ilə üz-üzə gəldi.[14] Həmin görüşdə də 2:0 hesabı ilə qalib gələn Rövşən Bayramov, Dünya Çempionatının 1/2 final mərhələsinə adladı.[14] Bu mərhələdə o, son Dünya Çempionatının finalçısı olan Cənubi Koreya təmsilçisi Parh Yeun-Çul ilə qarşılaşdı.[14] Həmin görüşdə Rövşən Bayramov 2:0 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[14] Həlledici görüşdə o, 2005-ci ildə Dünya Çempionatının qalibi olan İran güləşçisi Həmid Soryan ilə üz-üzə gəldi.[14] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rövşən Bayramov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.[14] Bununla da o, Natiq Eyvazov və Fərid Mansurovda sonra Dünya Çempionatının medalına sahib olan üçüncü Azərbaycanlı yunan-roma güləşçisi oldu.
Daha sonra Rövşən Bayramov Hərbçilərin Dünya Çempionatında mübarizə apardı və çempionatın həlledici görüşündə Bayram Özdəmir üzərində qələbə qazanaraq turnirin qalibi oldu.[15]
2006-cı il ərzində Avropa Çempionatının bürünc medalına, Dünya Çempionatının isə gümüş medalına sahib olan Rövşən Bayramov, Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən ilin ən yaxşı güləşçisi elan edildi. Həmçinin Gənclər və İdman Nazirliyinin (GİN) versiyasına görə 2006-cı ilin ən yaxşı 10 idmançısından biri, məhz Rövşən Bayramov oldu.
Rövşən Bayramov 2007-ci il ərzində Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Əvvəlcə o, 16–22 apreldə Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi.[16] Bir il əvvəl analoji turnirdə bürünc medala sahib olan Rövşən Bayramov, bu səfər çempionatın qalibi olmağı hədəfləyirdi. 1/8 final mərhələsində Yunanıstan nümayəndəsi Yoanis Sasaridis üzərində 2:0, 1/4 final mərhələsində isə Finlandiya təmsilçisi Ville Kaei üzərində 2:1 hesabları ilə qələbə qazanan Rövşən Bayramov, turnirin yarım-final mərhələsinə adladı.[16] Bu mərhələdə isə o, Serbiya nümayəndəsi Kristiyan Fris üzərində təmiz qələbə qazanaraq çempionatın final görüşünə vəsiqə qazandı.[16] Həlledici görüşdə Rövşən Bayramovun rəqibi Rusiya Federasiyasnın nümayəndəsi Zaur Kuraməhəmmədov oldu.[16] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Kuraməhəmmədov 3:1 hesabı ilə, növbəti hissəsində isə Bayramov 4:0 hesabı ilə qalib gəldi.[16] Bununla da ümumi hesab 1:1 oldu və qalib üçüncü hissədə məlum oldu.[16] Həlledici hissənin 1:42-ci dəqiqəsində Rövşən Bayramovun fəndi rəqib üzərində təmiz qələbə qazanmaqla başa çatdı.[16] Bununla da Rövşən Bayramov Avropa Çempionatının qalibi oldu.[16] O, həmçinin Natiq Eyvazov və Vitali Rəhimovdan sonra Avropa Çempionatının qızıl medalına sahib olmağı bacaran üçüncü Azərbaycanlı yunan-roma güləşçisi oldu.
2007-ci ilin əsas turniri isə 16–24 sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatı oldu.[17] Həmin Dünya Çempionatında 1–8-ci pillələrin sahibi olan güləşçilər, 2008-ci ildə baş tutacaq XXIX Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqdı. Son Avropa Çempionatının qalibi Rövşən Bayramov, turnirin əsas favoritlərindən biri hesab olunurdu. O, birinci görüşdə 2006-cı il Avropa Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Roman Amoyan ilə üz-üzə gəldi.[17] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Amoyan 3:1 hesabı ilə, növbəti hissəsində isə Bayramov 2:1 hesabı ilə qalib gəldi.[17] Bununla da ümumi hesab 1:1 oldu.[17] Həlledici hissədə heç-heçə başa çatdı – 3:3.[17] Qaydalara əsasən son xalı qazanan güləşçi görüşün qalibi hesab olunurdu.[17] Nəticədə Rövşən Bayramov son xalı qazandığı üçün görüşdə qalib gəldi.[17] Daha sonra o, 1/8 final mərhələsində Çin nümayəndəsi Jiao Huanfenqi 2:0 (7:0, 7:0) hesabı ilə məğlub elədi və 1/4 final mərhələsinə adladı.[17] Bu mərhələdə Rövşən Bayramov 2 il əvvəl Çində Dünya Çempionatının yarım-final mərhələsində qalib gəldiyi Cənubi Koreya təmsilçisi Parh Yeun-Çul ilə qarşılaşdı.[17] Amma bu səfər o, rəqibinə 0:2 (0:3, 0:3) hesabı ilə məğlub oldu.[17] Jiao Huanfenq növbəti mərhələdə də qələbə qazanıb, finala vəsiqə qazandığı üçün Rövşən Bayramov təsəlliverici qrupda mübarizə apardı.[17] Təsəlliverici qrupun birinci görüşündə o, Rusiya güləşçisi Nazir Manhiyev ilə üz-üzə gəldi.[17] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Manhiyev 6:0 hesabı ilə, növbəti hissəsində isə Bayramov 3:1 hesabı ilə qalib gəldi.[17] Bununla da ümumi hesab 1:1 oldu.[17] Həlledici hissədə isə üstün tərəf Manhiyev oldu – 3:0.[17] Bununla da Rövşən Bayramov Dünya Çempionatını 10-cu pillədə başa vurdu.[17]
XXIX Yay Olimpiya Oyunlarına vəsiqəni Dünya Çempionatında qazana bilməyən Rövşən Bayramov, 2008-ci ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[18] Məhz həmin turnirdə birinci pillənin sahibi olacaq güləşçi, XXIX Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqdı. Son Avropa Çempionatının qalibi olan Rövşən Bayramov, bu səfərdə turnirin favoritlərindən idi. O, çempionatın birinci görüşündə İsveç nümayəndəsi Daniel Molin ilə üz-üzə gəldi və 2:0 hesabı ilə asan qələbə qazanaraq növbəti mərhələyə adladı.[18] Daha sonra Rövşən Bayramov 1/8 final final mərhələsində Rusiya təmsilçisi Nazir Manhiyev ilə qarşılaşdı.[18] Altı ay əvvəl Dünya Çempionatında məğlub olduğu rəqibinə o, bu səfər qalib gələ bildi.[18] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Rövşən Bayramov 2:1 hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı.[18] Bu mərhələdə isə o, 2006-cı ilin Avropa çempionu olan Macarıstan nümayəndəsi Peter Modos ilə üz-üzə gəldi.[18] Həmin görüşdə də üstün olan tərəf Rövşən Bayramov oldu – 2:0.[18] Bununla da o, Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[18] Finala gedən yolda Rövşən Bayramov Finlandiya təmsilçisi Yani Haapamahi ilə qarşılaşdı və rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanaraq Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[18] Həlledici görüşdə o, Ermənistan güləşçisi Roman Amoyan ilə üz-üzə gəldi.[18] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Amoyan 2:0 hesabı ilə, növbəti hissəsində isə Bayramov 3:0 hesabı ilə qalib gəldi.[18] Bununla da ümumi hesab 1:1 oldu.[18] Həlledici hissədə isə Rövşən Bayramov üstün tərəf oldu – 3:0.[18] Bununla da Rövşən Bayramov 2-ci dəfə Avropa Çempionatının qızıl medalına sahib oldu.[18] O, həm də 2 dəfə Avropa Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycanlı yunan-roma güləşçisi oldu.
XXIX Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edən Rövşən Bayramov, Olimpiadadan əvvəl Qızıl Qran-Pri turnirində mübarizə apardı. O, final görüşündə Gürcüstan nümayəndəsi Laşa Qoqitadzeni məğlub elədi və turnirin qalibi oldu.[19]
XXIX Yay Olimpiya Oyunları
XXIX Yay Olimpiya Oyunları 8–24 avqustda Çinin Pekin şəhərinin ev sahibliyində baş tutdu.[20] Yunan-roma güləş üzrə Azərbaycan yığmasının heyətinə altı güləşçi cəld olundu. Heyətə 2007 və 2008-ci illərin Avropa Çempionatının qalibi Rövşən Bayramov (55 Kq.), 2005-ci il Avropa Çempionatının qalibi Vitali Rəhimov (60 Kq.), 2004-cü il Afina Olimpiadasının qalibi Fərid Mansurov (66 Kq.), həmçinin İlqar Abdulov (74 Kq.), Şalva Qadabadze (84 Kq.) və Anton Botev (120 Kq.) daxil edildi.
Rövşən Bayramov XXIX Yay Olimpiya Oyunlarında avqustun 12-də mübarizə apardı. O, 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Misir nümayəndəsi Mustafa Məhəmməd ilə üz-üzə gəldi.[20] Bayramov görüşünün birinci hissəsində 4:0 hesabı ilə qalib gəldi.[20] Növbəti hissədə də üstün tərəf Bayramov oldu — 4:0.[20] Bununla da o, ümumi hesabda 2:0 hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı.[20] Bu mərhələdə Rövşən Bayramov 2007-ci ildə Pan American Oyunlarının qalibi olan Kuba təmsilçisi Yagnier Hernandez ilə qarşılaşdı.[20] Görüşün birinci hissəsində Bayramov rəqibindən tam üstün oldu — 5:0.[20] Növbəti hissə isə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[20] Nəticədə Hernandez 2:1 hesabı ilə qalib gəldi.[20] Bununlada görüşün ümumi hesabı 1:1 oldu.[20] Həlledici hissədə isə Rövşən Bayramov 4:0 hesabı ilə qalib gəldi və Olimpiadanın yarım-final mərhələsinə adladı.[20] Bu mərhələdə o, Ermənistan nümayəndəsi Roman Amoyan ilə üz-üzə gəldi.[20] Rövşən Bayramov Roman Amoyanı bundan əvvəl 2 dəfə məğlub eləmişdi. Çin Kəndtəsərrüfatı Universitetinin İdman Sarayıında baş tutan görüşü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarqsyan izlədi. Görüşün birinci hissəsində Bayramov 7:2 hesabı ilə inamlı qələbə qazandı.[20] Növbəti hissə də üstün tərəf Rövşən Bayramov oldu — 4:1.[20] Bununla da o, ümumi hesabda 2:0 hesabı ilə qalib gəldi və XXIX Yay Olimpiya Oyunlarının final görüşünə vəsiqə qazandı.[20]
Həlledici görüşdə Rövşən Bayramov Rusiya təmsilçisi Nazir Manhiyev ilə qarşılaşdı.[20] Bundan əvvəl o, rəqibi ilə üç dəfə üz-üzə gəlmişdi və yalnızca birində məğlub olmuşdu. Görüşün birinci hissəsi gərgin idman mübarizəsi şəraitində baş tutdu.[20] Nəticədə qalib gələn tərəf Nazir Manhiyev oldu — 4:3.[20] Görüşün növbəti hissəsidə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[20] Nəticədə hissə heç-heçə başa çatdı – 2:2.[20] Qaydalara əsasən son xalı qazanan güləşçi görüşün qalibi hesab olunurdu. Nəticədə Nazir Manhiyev son xalı qazandığı üçün görüşdə qalib gəldi.[20] Rövşən Bayramov isə XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[20]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2008-ci il tarixli 3017 nömrəli Sərəncamına əsasən XXIX Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rövşən Cənnət oğlu Bayramov "Tərəqqi" medalı ilə təltif edildi.
XXIX Yay Olimpiya Oyunlarından sonra Rövşən Bayramov birinci turnirinə 2009-cu ilin yanvar ayında Fransanın Kretey şəhərində baş tutan "Kristo Lutte" beynəlxalq turnirində qatıldı.[21] Nəticədə o, final görüşündə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.[21]
Fevral ayında isə Rövşən Bayramov Azərbaycan yığmasının heyətində yunan-roma güləşi üzrə Dünya Kubokunda çıxış elədi.[22] Fransanın Klermon-Feran şəhərində baş tutan Dünya Kubokunda Azərbaycan yığması Ermənistan, Macarıstan və Rusiya yığmaları ilə birgə "B" qrupunda mübarizə apardı. Qrup mərhələsinin birinci görüşündə Azərbaycan yığması Rusiya güləşçilərinə 1:6 hesabı ilə məğlub oldu. Daha sonra Azərbaycan yığması gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ermənistan güləşçilərinə 3:4 hesabı ilə məğlub oldu. Həmin görüşdə Azərbaycan yığmasının heyətində qələbə qazanan üç güləşçidən biri Rövşən Bayramov oldu. Qrup mərhələsinin sonuncu görüşündə də Azərbaycan yığması rəqibinə məğlub oldu. Macarıstan təmsilçilərinə 3:4 hesabı ilə məğlub olan Azərbaycan yığması, Dünya Kubokunu 8-ci pillədə başa vurdu.[22]
Rövşən Bayramov növbəti turnirinə aprel ayında Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatı çərçivəsində qatıldı.[23] Son 2 Avropa Çempionatının qalibi olan Rövşən Bayramov, bu səfər uğursuz çıxış elədi.[23] O, 1/8 final mərhələsində Litva nümayəndəsi Oleq Lavruvjaneç üzərində qələbə qazansa da, 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Alexander Kostandinova məğlub oldu və Avropa Çempinatını 8-ci pillədə başa vurdu.[23]
Avropa Çempionatında sonra Rövşən Bayramov iyul ayında Qızıl Qran-Pri turnirində mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.[24]
2009-cu ilin əsas turniri isə sentyabr ayında Herninq şəhərində baş tutan Dünya Çempionatı oldu.[25] Rövşən Bayramov birinci görüşdə İsveç nümayəndəsi Emil Sundberq ilə üz-üzə gəldi və rəqibi üzərində 2:0 (5:0, 3:0) hesabı ilə inamlı qələbə qazanaraq 1/8 final mərhələsinə adladı.[25] Bu mərhələdə o, bundan əvvəl üç dəfə qalib gəldiyi Ermənistan təmsilçisi Roman Amoyan ilə qarşılaşdı.[25] Bu görüşdə digər üç görüşdən fərqlənmədi və gərgin idman mübarizəsi şəraitində baş tutdu.[25] Görüşün birinci hissəsində Amoyan 2:0 hesabı ilə, növbəti hissəsində isə Bayramov 1:0 hesabı ilə qalib gəldi.[25] Bununla da ümumi hesab 1:1 oldu.[25] Həlledici hissədə isə Roman Amoyan üstün tərəf oldu – 2:0.[25] Roman Amoyan turnirin final görüşünə vəsiqə qazandıqından Rövşən Bayramov, təsəlliverici qrupda mübarizə apardı.[25] Təsəlliverici qrupun birinci görüşündə o, Misir nümayəndəsi Mustafa Məhəmməd üzərində 2:0 (1:0, 2:0) hesabı ilə qələbə qazandı.[25] Daha sonra isə o, Cənubi Koreya təmsilçisi Çoi Gyu-Jin ilə üz-üzə gəlməli idi.[25] Amma Gyu-Jin zədə səbəbindən həmin görüşdə mübarizə apara bilmədi və Bayramov görüşün qalibi elan edildi.[25] Bürünc medal uğrunda görüşdə isə Rövşən Bayramov Rumıniya güləşçisi Virgil Munteanu ilə qarşılaşdı.[25] Görüşün birinci hissəsində 3:0, növbəti hissəsində isə 1:0 hesabları ilə qalib gələn Rövşən Bayramov, Dünya Çempionatının bürünc medalına sahib oldu.[25] Bu onun, Olimpiadadan sonra beynəlxalq səviyyədə qazandığı birinci ciddi uğur idi.
2010-cu il ərzində Rövşən Bayramov sadəcə beynəlxalq səviyyəli turnirlərdə mübarizə apardı. O, əvvəlcə mart ayında Macarıstanda baş tutan Qran-Pri turnirində gümüş medala sahib oldu, sonra isə iyul ayında Azərbaycanda baş tutan Qızıl Qran-Pri turnirində 12-ci pillənin sahibi oldu.[26][27]
Rövşən Bayramov 2011-ci ildə birinci turnirinə 18–22 fevralda Belarusda baş tutan yunan-roma güləşi üzrə Dünya Kuboku çərçivəsində qatıldı.[28] Fərid Mansurovun rəhbərliyi altında Azərbaycan yığması "A" qrupunda Bolqarıstan, Ermənistan, Qazaxıstan və Rusiya yığmaları ilə mübarizə apardı. Azərbaycan yığması birinci görüşdə Rusiya güləşçiləri ilə üz-üzə gəldi və 3:4 hesabı ilə məğlub oldu. Komandanın heyətində Rövşən Bayramov Nazir Manhiyev ilə görüşdə zələndiyinə görə mübarizəni davam edə bilmədi və qrup mərhələsinin növbəti üç görüşündə onu Eldəniz Əzizli əvəzlədi. Növbəti görüşlərdə Azərbaycan güləşçiləri Ermənistan və Bolqarıstan yığmaları ilə qarşılaşdı. Azərbaycan yığması Ermənistan yığması üzərində 7:0, Bolqarıstan yığması üzərində isə 6:1 hesabı ilə inamlı qələbə qazandı. Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan güləşçiləri Qazaxıstan yığması ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Azərbaycan yığması Qazaxıstan güləşçiləri üzərində 4:3 hesabı ilə qələbə qazandı. Qrup mərhələsinin nəticələrinə əsasən Rusiya yığması final görüşünə, Azərbaycan yığması üçün bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Bürünc medal uğrunda görüşdə Azərbaycan yığması Belarus güləşçiləri ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Azərbaycan yığması rəqibinə 3:4 hesabı ilə məğlub oldu. Komandanın heyətində Rövşən Bayramov Elbəy Taciyev ilə görüşdə 2:1 (2:0, 0:2, 2:0) hesabı ilə qalib gəlsə də, bu yığmanın qələbəsi üçün bəs eləmədi. Bununla da Azərbaycan yığması yunan-roma güləş üzrə Dünya Kubokunu dördüncü pillədə başa vurdu.
Sentyabr ayında baş tutacaq Dünya Çempionatına hazırlaşmaq məqsədilə Rövşən Bayramov bir sıra beynəlxalq turnirlərdə mübarizə apardı. O, əvvəlcə iyun ayında Qazaxıstanın Astana şəhərində baş tutan Qazaxıstan Prezidentinin Kubokunda çıxış elədi və altıncı pillənin sahibi oldu.[29] İyul ayında isə Rövşən Bayramov Qızıl Qran-Pri turnirində mübarizə apardı.[30] O, 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Zurabi Maçaraşvili üzərində, 1/4 final mərhələsində isə İran təmsilçisi Mohsen Hüseyn Hacıpur üzərində təmiz qələbə qazanaraq turnirin yarım-final mərhələsinə adladı.[30] Finala gedən yolda Rövşən Bayramov Azərbaycan yığmasının digər üzvü Orxan Əhmədov ilə üz-üzə gəldi və 2:0 hesabı ilə qələbə qazanaraq turnirin final görüşünə vəsiqə qazandı.[30] Həlledici görüşdə o, Azərbaycan yığmasının daha bir üzvü Taleh Məmmədov ilə qarşılaşdı.[30] Həmin görüşdə Rövşən Bayramov 2:1 hesabı ilə qalib gəldi və üçüncü dəfə Qızıl Qran-Pri turnirinin qalibi oldu.[30]
2011-ci ilin əsas turniri 12–18 sentyabrda İstanbul şəhərində baş tutan Dünya Çempionatı oldu.[31] Həmin Dünya Çempionatında 1–6-cı pillələrin sahibi olan güləşçilər, 2012-ci ildə baş tutacaq XXX Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqdı. Dünya Çempionatlarında beşinci dəfə mübarizə aparan Rövşən Bayramov, 2006-cı ildə gümüş medala, 2009-cu ildə isə bürünc medala sahib olmağı bacarmışdı. Onun bu səfər hədəfi çempionatın qalibi olmaq idi. Rövşən Bayramov birinci görüşdə Bolqarıstan nümayəndəsi Venelin Venhov ilə üz-üzə gəldi və 2:0 (1:0, 3:0) hesabı ilə qələbə qazanaraq 1/8 final mərhələsinə adladı.[31] Bu mərhələdə o, 2010-cu ildə Asiya Oyunlarının qalibi olan Yaponiya təmsilçisi Kohei Haseqava ilə qarşılaşdı.[31] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Bayramov 1:0 hesabı ilə, növbəti hissəsində isə Haseqava 2:0 hesabı ilə qalib gəldi.[31] Bununla da ümumi hesab 1:1 oldu.[31] Həlledici hissədə isə Rövşən Bayramov üstün tərəf oldu – 1:0.[31] Bununla da o, çempionatın 1/4 final mərhələsinə adladı.[31] Bu mərhələdə Rövşən Bayramov Macarıstan nümayəndəsi Peter Modos ilə üz-üzə gəldi.[31] Həmin görüşdə də o, 2:0 (1:0, 1:0) hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[31] Bu mərhələdə Rövşən Bayramov Çin təmsilçisi Li Şujin ilə üz-üzə gəldi və 2:0 (3:0, 2:0) hesabı ilə qələbə qazanaraq final görüşünə vəsiqə qazandı.[31] Həlledici görüşdə o, Belarus güləşçisi Elbəy Taciyev ilə qarşılaşdı.[31] Görüşün birinci hissəsində 3:0, növbəti hissəsində isə 1:0 hesabı ilə qalib gələn Rövşən Bayramov, Dünya Çempionatının qızıl medalına sahib oldu.[31]
2011-ci ilin sonralarında Rövşən Bayramov Birləşmiş Krallığın London şəhərində baş tutan FILA Test Turnirində mübarizə apardı və beşinci pillənin sahibi oldu.[32]
Rövşən Bayramov London Olimpiadasından əvvəl iyun ayında Almaniyanın Dortmund şəhərində baş tutan Almaniya Qran-Prisində mübarizə apardı.[33] Nəticədə o, final görüşündə Gürcüstan nümayəndəsi Revaz Laşxiyə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.[33]
XXX Yay Olimpiya Oyunları
XXX Yay Olimpiya Oyunları 25 iyul-12 avqustda Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutdu.[34] Yunan-roma güləş üzrə Azərbaycan yığmasının heyətinə beş güləşçi cəld olundu. Heyətə 2008-ci il Olimpiadasının gümüş medalçısı Rövşən Bayramov (55 Kq.), 2010-cu il Dünya Çempionatının qalibi Həsən Əliyev (60 Kq.), həmçinin Emin Əhmədov (74 Kq.), Saman Təhmasibi (84 Kq.) və Şalva Qadabadze (96 Kq.) daxil edildi.
Rövşən Bayramov XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də mübarizə apardı.[34] O, birinci görüşdə Rusiya Federasiyasının nümayəndəsi 22 yaşlı Mingiyan Semenov ilə üz-üzə gəldi.[34] Görüşün birinci hissəsində Bayramov 1:0 hesabı ilə qalib gəldi.[34] Növbəti hissədə də üstün tərəf Bayramov oldu – 1:0.[34] Bununla da ümumi hesabda Mingiyan Semenov üzərində 2:0 hesabı ilə qələbə qazanan Rövşən Bayramov, 1/8 final mərhələsinə adladı.[34] Bu mərhələdə o, Birləşmiş Ştatlar təmsilçisi 26 yaşlı Spenser Manqo ilə qarşılaşdı.[34] ExCeL Londonda baş tutan görüşü Azərbaycan Prezidenti İlham Əliyev canlı izlədi. Görüşün birinci hissəsində Bayramov rəqibi üzərində 4:0 hesabı ilə inamlı qələbə qazandı.[34] Növbəti hissədə də o, üstün tərəf və 4:0 hesabı ilə qalib gəldi.[34] Bununlada Rövşən Bayramov ümumi hesabda Spenser Manqo üzərində 2:0 hesabı ilə qələbə qazandı və London Olimpiadasının 1/4 final mərhələsinə adladı.[34] Bu mərhələdə o, Çin nümayəndəsi Lu Şujin ilə üz-üzə gəldi.[34] Bayramov Şujini ötən il İstanbulda baş tutan Dünya Çempionatının yarım-final mərhələsində məğlub eləmişdi. Bu səfər də görüşdə qalib gələn tərəf Rövşən Bayramov oldu.[34] Birinci hissədə 3:0, növbəti hissədə isə 2:0 hesabı ilə qalib gələn Rövşən Bayramov, Olimpiadanın yarım-final mərhələsinə adladı.[34] Bu mərhələdə o, Cənubi Koreya təmsilçisi Çoi Gyu-Jin ilə qarşılaşdı.[34] Bayramov Gyu-Jin ilə ötən il baş tutan Dünya Çempionatının təsəlliverici qrupunda qarşılaşmalı olsa da, Gyu-Jin zədə səbəbindən həmin görüşdə mübarizə apara bilməmişdi. Buna görə də Gyu-Jin güləş üslübu Bayramova bələd deyildi. Bununla belə görüşdə üstün tərəf Rövşən Bayramov idi.[34] Birinci hissədə 1:0, növbəti hissədə isə 2:0 hesabları ilə qalib gələn Rövşən Bayramov, ümumi hesabda rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və London Olimpiadasının final görüşünə vəsiqə qazandı.[34]
London Olimpiadasının həlledici görüşündə Rövşən Bayramov beş dəfə Dünya Çempionatının qalibi İran güləşçisi Həmin Suriyan ilə üz-üzə gəldi.[34] Bayramov Suriyan ilə bir dəfə – 2006-cı ildə Quançjouda baş tutan Dünya Çempionatının final görüşündə qarşılaşmışdı və məğlub olmuşdu. Görüşün birinci hissəsi gərgin idman mübarizəsi şəraitində baş tutdu. Hissənin 1:30 dəqiqəsi ərzində heç bir güləşçi xal qazana bilmədi. Buna görə də passiv güləşən idmançı mübarizəni parter vəziyyətində davam elədi. Bayramov parter vəziyyətində müdafiə olmağa çalışsa da, hissənin bitməsinə 10 saniyə ala Suriyan fəndi tətbiq edə bildi. Bununla da birinci hissədə Həmin Suriyan 2:0 hesabı ilə qalib gəldi.[34] Görüşün növbəti hissəsidə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Hissənin 48-ci saniyəsində Bayramov fənd tətbiq eləməyə cəhd göstərən zaman, ciddi səhvə yol verdi. Bu da rəqibin bir xal qazanması ilə nəticələndi. Bundan sonra Bayramov bir neçə dəfə fənd tətbi eləməyə çalışsa da, Suriyan inamla müdafiə olundu. Nəticədə Həmin Suriyan 2:0 hesabı ilə qalib gəldi və Olimpiadanın qalibi oldu.[34] Rövşən Bayramov isə XXX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[34] O, 2 dəfə Olimpiadaların final görüşündə məğlub olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.
Azərbaycan Prezidenti İlham Əliyevin 31 sentyabr 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən XXX Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rövşən Cənnət oğlu Bayramov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
London Olimpiadasından sonra Rövşən Bayramov zədələrlə üzləşdi. Məhz buna görə 2013 və 2014-cü illərdə Avropa və Dünya Çempionatlarında mübarizə apara bilmədi. 2 il ərzində o, sadəcə beynəlxalq turnirlərdə çıxış elədi.
Rövşən Bayramov Olimpiadadan sonra birinci turnirinə 11 ay sonra – 2013-cü ilin iyul ayında İspaniyanın Madrid şəhərində baş tutan İspaniya Qran-Prisi çərçivəsində qatıldı.[35] Həmin turnirdə o, qızıl medalın sahibi oldu.[35] Noyabrda isə Rövşən Bayramov Azərbaycanda Qızıl Qran-Pri turnirində mübarizə apardı və turniri 7-ci pillədə başa vurdu.[36] Bundan sonra o, zədə səbəbindən daha 8 ay beynəlxalq turnirlərdə çıxış edə bilmədi. Rövşən Bayramov növbəti turnirinə 2014-cü ilin iyul ayında yenidən Qızıl Qran-Pri turniri çərçivəsində qatıldı.[37] Amma bu səfər də o, uğurlu nəticə göstərə bilmədi və turniri 13-cü pillədə bitirdi.[37] Noyabr ayında isə Rövşən Bayramov Rusiyada "Moscow Lights" beynəlxalq turnirində mübarizə apardı və bürünc medalın sahibi oldu.[38]
Rövşən Bayramov 2015-ci ilə fevral ayında yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətində İranın Tehran şəhərinin ev sahibliyində baş tutan yunan-roma güləşi üzrə Dünya Kubokunda çıxış elədi.[39] Azərbaycan yığması "A" qrupunda Almaniya, İran və İsveç yığmaları ilə mübarizə apardı. Azərbaycan yığması birinci görüşdə İran güləşçiləri ilə üz-üzə gəldi və 6:2 hesabı ilə qalib gəldi. Komandanın heyətində Rövşən Bayramov Mohsen Hüseyn Hacıpura 3:4 hesabı ilə məğlub olsa da, Azərbaycan yığmasının qələbəsinə təsir göstərmədi. Bununla belə Azərbaycan yığmasının məşqçiləri növbəti görüşlərdə Rövşən Bayramovun əvəzinə Elman Muxtarova şans verdi. Növbəti görüşdə Azərbaycan güləşçiləri Almaniya yığması ilə qarşılaşdı. Bu görüşdə də Azərbaycan yığması rəqibi üzərində inamlı qələbə qazandı — 7:1. Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan yığması İsveç güləşçiləri ilə üz-üzə gəldi və 7:1 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin nəticələrinə əsasən Azərbaycan yığması final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Azərbaycan yığması Rusiya güləşçiləri ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 4:4 hesabı ilə başa çatsa da, görüşlərdə toplanan hesablara əsasən Azərbaycan güləşçiləri qalib gəldi. Bununla da yunan-roma güləşi üzrə Azərbaycan yığması tarixində birinci dəfə Dünya Kubokunun qalibi oldu.[39]
Dünya sonra Rövşən Bayramov aprel ayında İstanbul şəhərində baş tutan Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı. Nəticədə o, 8-ci pillənin sahibi oldu.[40]
2012-ci ilin əsas turniri 6–12 sentyabrda Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatı oldu.[41] Həmin Dünya Çempionatında 1–6-cı pillələrin sahibi olan güləşçilər, 2016-cı ildə baş tutacaq XXXI Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqdı. Rövşən Bayramov birinci görüşdə Hindistan nümayəndəsi Ravinder Sinq ilə üz-üzə gəldi və 9:1 hesabı ilə qələbə qazanaraq 1/8 final mərhələsinə adladı.[41] Bu mərhələdə o, 2013-cü ildə Dünya Çempionatının qalibi olan Şimali Koreya təmsilçisi Yun Von-Çol ilə qarşılaşdı.[41] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 8:7 hesabı ilə qalib gəldi.[41] Bununla da o, çempionatın 1/4 final mərhələsinə adladı.[41] Bu mərhələdə Rövşən Bayramov 2012-ci il London Olimpiadasının final görüşündə məğlub olduğu İran nümayəndəsi Həmid Suriyan ilə üz-üzə gəldi.[41] Görüşün 1:04-cü dəqiqəsində Həmid Suriyan Rövşən Bayramovun başına zərbə endirdi. Tibb işçilərinin müdaxiləsindən sonra onun başına sarğı qoyuldu. Referilər tərəfindən isə Suriyana xəbərdarlıq elan edildi, Bayramova isə 2 xal verildi. Bununla belə Həmid Suriyan qaydaları pozmağa və aqressiv güləş üslubuna davam elədi. Nəticədə görüşün 1:50-ci dəqiqəsində referilər görüşü dayandırdı və Həmid Suriyanı görüşdən uzaqlaşdırdı. Bununla da Rövşən Bayramov çempionatın yarım-final mərhələsinə adladı.[41] Finala gedən yolda o, Qırğızıstan nümayəndəsi Arsen Yerəliyev ilə üz-üzə gəldi və rəqibi üzərində təmiz qələbə qazanaraq Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[41] Həlledici görüşdə Rövşən Bayramovun rəqibi Kuba təmsilçisi İsmael Borrero oldu.[41] Həmin görüşdə Rövşən Bayramov rəqibinə 0:8 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.[41] O, həm də 2016-cı ildə baş tutacaq XXXI Yay Olimpiya Oyunlarına vəsiqə qazandı.
XXXI Yay Olimpiya Oyunları
XXXI Yay Olimpiya Oyunları 5–22 avqustda Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutdu.[42] Yunan-roma güləş üzrə Azərbaycan yığmasının heyətinə beş güləşçi cəld olundu. Heyətə 2008 və 2012-ci illərdə Olimpiadanın gümüş medalçısı olan Rövşən Bayramov (59 Kq.), 2015-ci il Dünya Çempionatının qalibi Rəsul Çunayev (66 Kq.), 2015-ci il Avropa Oyunlarının çempionu Elvin Mürsəliyev (75 Kq.), 2015-ci il Dünya Çempionatının bürünc medalçısı Saman Təhmasibi (85 Kq.) və 2015-ci il Avropa Oyunlarının gümüş medalçısı Sabah Şəriəti (130 Kq.) daxil edildi.
Rövşən Bayramov XXXI Yay Olimpiya Oyunlarında avqustun 14-də mübarizə apardı.[42] O, 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Venesuela nümayəndəsi Raiber Rodrigez ilə üz-üzə gəldi.[42] Həmin görüşdə Rövşən Bayramov 8:0 hesabı ilə inamlı qələbə qazandı və 1/4 final mərhələsinə adladı.[42] Bu mərhələdə o, Birləşmiş Ştatlar təmsilçisi Cessi Tilhe ilə qarşılaşdı.[42] Bu görüşdə də üstün tərəf Rövşən Bayramov oldu.[42] Bayramov, Tilhe üzərində 9:0 hesabı ilə inamlı qələbə qazanaraq Rio-de-Janeyro Olimpiadasının yarım-final mərhələsinə adladı.[42] Bu mərhələdə o, Yaponiya nümayəndəsi Şinobu Ota ilə üz-üzə gəldi.[42] 22 yaşlı Şinobu Ota yarım-final mərhələsinə gedən yolda titullu və təcrübəli güləşçiləri məğlub eləmişdi.[42] Əvvəlcə o, London Olimpiadasının qalibi, 6 dəfə Dünya Çempionatının qızıl medalına sahib olan İran nümayəndəsi Həmid Suriyan, sonra isə 2 dəfə Asiya Çempionatının qalibi olan Qazaxıstan təmsilçisi Almat Kebispayev və Dünya Çempionatının bürünc medalçısı olan Norveç təmsilçisi Stig-Andre Berge üzərində qələbələr qazanmışdı.[42] Şinobu Ota ilə görüşün əvvəlində Rövşən Bayramov üstün tərəf idi. Bayramov rəqibinə fənd tətbiq elədi və hesabda 2:0 önə çıxdı. Görüşün növbəti dəqiqələrində isə Ota ideal fənd tətbiq elədi və nəticədə rəqibi üzərində təmiz qələbə qazandı – 4:2. Bununla da o, final görüşünə vəsiqə qazandı. Rövşən Bayramov isə bürünc medal uğrunda görüşdə mübarizə aparacaqdı. Bu görüşdə o, Norveç təmsilçisi Stig-Andre Berge ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün əvvəlində Bayramov bir xal qazandı. Daha sonra isə Berge də bir xal qazandı. Bununla da görüş 1:1 hesabı ilə başa çatdı. Qaydalara əsasən son xalı qazanan güləşçi görüşün qalibi hesab olunurdu. Məhz buna görə də Stig-Andre Berge bürünc medalın sahibi oldu. Rövşən Bayramov isə XXXI Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu.
Rövşən Bayramov 2017-ci ilə mart ayında yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətində İranın Abadan şəhərinin ev sahibliyində baş tutan yunan-roma güləşi üzrə Dünya Kubokunda çıxış elədi.[43] Azərbaycan yığması "B" qrupunda Belarus, Türkiyə və Ukrayna yığmaları ilə mübarizə apardı. Azərbaycan yığması birinci görüşdə Türkiyə güləşçiləri ilə üz-üzə gəldi və 5:3 hesabı ilə qalib gəldi. Komandanın heyətində Rövşən Bayramov Hammet Rüstəmə məğlub olsa da, Azərbaycan yığmasının qələbəsinə təsir göstərmədi. Bununla belə Azərbaycan yığmasının məşqçiləri növbəti görüşlərdə Rövşən Bayramovun əvəzinə Taleh Məmmədova şans verdi. Növbəti görüşdə Azərbaycan güləşçiləri Belarus yığması ilə qarşılaşdı. Bu görüşdə də Azərbaycan yığması rəqibi üzərində qələbə qazandı — 5:3. Qrup mərhələsinin sonuncu görüşündə Azərbaycan yığması Ukrayna güləşçiləri ilə üz-üzə gəldi və bu səfərdə 5:3 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin nəticələrinə əsasən Azərbaycan yığması final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə Azərbaycan yığması Rusiya güləşçiləri ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Azərbaycan yığması rəqibinə 3:5 hesabı ilə məğlub oldu. Bununla da yunan-roma güləşi üzrə Azərbaycan yığması Dünya Kubokunun gümüş medalına sahib oldu.[43]
Bu turnir Rövşən Bayramovun qatıldığı sonuncu beynəlxalq turnir. Bundan sonra o, idmandan uzaqlaşdı.
|
|
Rövşən Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) 2021-ci il martın 5-də baş tutan VII Qurultayında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü seçildi.[46]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.