From Wikipedia, the free encyclopedia
O (ing. Her) — rejissor və ssenarist Spayk Consun romantik dram və elmi fantastika janrında 2013-cü ildə çəkdiyi ABŞ filmidir. Baş rollarında Xoakin Feniks, Emi Adams, Runi Mara, Oliviya Vayld və Skarlet Yohanssonun çəkildiyi film — Feniksin canlandırdığı Teodor Tuomblinin, Yohanssonun səsləndirdiyi Samanta adlı süni zəkaya malik əməliyyat sisteminə aşiq olmasından və cütlük arasında yaşanan münasibətdən bəhs edir.
O | |
---|---|
Her | |
Janr | Romantik dram, elmi fantastika |
Əsas mövzu | süni intellekt[1], Romantik sevgi[1], qadağan sevgi[d][2] |
Rejissor | Spayk Cons |
Prodüserlər | Meqan Ellison, Spayk Cons, Vinsent Lendi |
Ssenari müəllifi | Spayk Cons |
Baş rollarda |
Xoakin Feniks Emi Adams Runi Mara Oliviya Vayld Skarlet Yohansson |
Operator | Hoyte van Hoytema |
Bəstəkar | Arcade Fire |
İstehsalçılar | Annapurna Pictures[d], Warner Bros. |
Distribütor | Warner Bros., InterCom[d][3][4] |
İlk baxış tarixi |
13 oktyabr 2013 (Nyu-York film festivalı) 18 dekabr 2013 (ABŞ) |
Müddət | 126 dəq. |
Büdcə | $23 milyon |
Gəlir | $47.4 milyon |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 2013 |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles, Şanxay[5] |
IMDb | ID1798709 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Cons 2000-ci illərin əvvəlində internetdə, süni zəkaya malik bir proqramla ani söhbət edə bilmə veb saytı haqqında məqalə oxuduqdan sonra belə bir film çəkməyi düşündüyünü bildirib. O, oxşar mövzuları əhatə edən 2010-cu il istehsalı olan "Mən buradayam" adlı qısametrajlı film çəkmiş və daha sonra bu layihə üzərində işləməyə başlamışdır. Cons filmin ssenarisinin ilk layihəsini təxminən beş aya yaradıb. Filmin çəkilişlərinə 2012-ci ilin ortalarında başlanılıb, çəkilişlər Los-Anceles və Şanxay şəhərlərində aparılıb. Çəkilişlər başa çatdıqdan sonra filmin heyətinə Samantanı səsləndirmiş aktrisa Samanta Mortonun əvəzinə Skarlet Yohansson daxil edildiyindən, 2013-cü ilin avqustunda əlavə çəkilişlər aparılıb.
Filmin ilk nümayişi 12 oktyabr 2013-cü ildə Nyu-York Film Festivalında həyata keçirilib. 18 dekabrda isə “Warner Bros. Pictures” tərəfindən Amerika Birləşmiş Ştatlarında məhdud nümayiş çərçivəsində, cəmi altı kinoteatrda nümayiş olunub. Növbəti həftələrdə isə filmi göstərən kinoteatrların sayı artmış və ölkədə 17 həftə ərzində nümayiş olunmuşdur. İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olan film, dünya miqyasında $47,4 milyon gəlir gətirib.
Film Rotten Tomatoes-da 94%, Metacritic-də isə 100 baldan 90-nı qazanmağı bacarmış və aralarında ilin ən yaxşı filmi kimi qiymətləndirənlərin də olduğu bəzi tənqidçilər tərəfindən ilin ən yaxşı filmləri sırasında göstərilmişdir. 86-cı Oskar mükafatlarının təqdim edilməsi mərasimində film “Ən yaxşı film” kateqoriyası da daxil olmaqla ümumilikdə beş kateqoriyada mükafata namizəd göstərilmişdir. Film “Ən Yaxşı Orijinal Ssenari” nominasiyasında "Oskar"a layiq görülmüşdür. Film 71-ci Qızıl Qlobus, 66-cı Amerika Yazıçılar Gildiyası, 19-cu Tənqidçilərin Seçimi Mükafatı və 40-cı Saturn Mükafatlarında da ssenari kateqoriyasında mükafata layiq görülmüşdür. Bunlardan əlavə film, müxtəlif tədbirlərin fərqli kateqoriyalarında mükafatlar qazanmış və bir çox nominasiyalarda namizəd göstərilmişdir. Amerika Film İnstitutu bu ekran əsərini ilin ən yaxşı on filmi siyahısına daxil etmişdir.
Gələcəyin Los-Ancelesində yaşayan tənha, içinə qapalı və ruh düşkünlüyünə malik Teodor Tuombli (Xoakin Feniks), məktub yazmaq istəməyən və ya yaza bilməyən adamların adından məktublar yazan peşəkar yazıçıların yaratdığı bir şirkətdə çalışır. O, uşaqlıq sevgilisi olan həyat yoldaşı Katerina (Runi Mara) ilə ayrı yaşaması səbəbindən duyduğu üzüntü və yalqızlıq hissindən xilas olmaq məqsədilə süni zəkaya malik, fərdiləşdirilən, zaman çərçivəsində qazandığı təcrübələrlə özünü inkişaf etdirməyi bacaran və danışan bir əməliyyat sistemini satın alır. Teodor, əməliyyat sisteminin qadın səsi ilə danışmasına qərar verir. O isə özünü Samanta (Skarlet Yohansson) adlandırır. Teodor bir qulağına taxdığı naqilsiz qulaqlıq vasitəsilə Samanta ilə ünsiyyət qurarkən, yanında daşıdığı və kamera ilə ekrana malik cihaz vasitəsilə Samantanın vizual olaraq ətrafda baş verənləri dərk etməsini təmin edir. Bir müddət sonra Samanta ilə aralarında romantik bir bağlılıq yaranır və onlar həyat, məhəbbət kimi mövzularda söhbət etməyə başlayırlar. Samanta, Teodorun istədiyi vaxt əlaqə qura bildiyi, istədiyi hər mövzuda danışdığı, daim onunla maraqlanan və onu dəstəkləyən birisinə çevrilir.
Günlərin bir günü Teodorun dostu Emi (Emi Adams) onunla tanış olması üçün Ameliya (Oliviya Vayld) adlı qızla tanışlıq görüşü təşkil edir. Teodor görüş məsələsində istəksiz olsa da, Samanta onu görüşə getməyə inandıra bilir. Görüş yaxşı keçsə də, gecənin sonunda Teodor onunla yenidən görüşmək istəyən Ameliyanın bu istəyinə isti baxmaması səbəbindən Ameliyanın təhqirlərinə məruz qalır və onlar ayrılırlar. Teodor görüşdə baş verənləri Samantaya danışır və bundan sonra onlar münasibətlər mövzusunda danışmağa başlayırlar. Bu söhbətlər zamanı Teodor, Emi ilə universitet illərində kiçik bir münasibət yaşadığını, ancaq buna baxmayaraq, hal-hazırda Eminin evli olduğunu və onunla yalnız yaxşı dost olaraq qaldığını söyləyir. Samanta ilə Teodor arasındakı münasibət getdikcə möhkəmlənir və hətta aralarında yalnız səslər vasitəsilə intim münasibət də baş verir. Teodor getdiyi yerlərə Samantanı da aparır və onların arasında fərqli bir münasibət başlayır. Digər tərəfdən Emi, həyat yoldaşı Çarlz (Mett Letşer) ilə müxtəlif mübahisələr yaşadığını, həyat yoldaşından ayrı yaşamağa başladığını, tezliklə ayrılacaqlarını və Çarlzın evi tərk edərkən qoyduğu əməliyyat sistemi ilə dostluq qurduğunu Teodora bildirir. Teodor da Emiyə əməliyyat sistemi ilə münasibətdə olduğunu etiraf edir.
Bir neçə gündən sonra həyat yoldaşı Katerina ilə restoranda görüşən Teodor boşanmaqla bağlı sənədləri imzalayarkən, ona Samanta ilə olan münasibətindən bəhs edir. Katerina Teodoru real insan hissləri ilə münasibət qura bilməməkdə günahlandırır və məhz buna görə onun "kompüter" ilə münasibət qurduğunu deyir. Katerinanın dediyi sözlər Teodorun fikrində qalır və o, həyatında nələrinsə əskik olduğu hissinə qapılır. Digər tərəfdən Samanta, İzabella (Portiya Dabldey) adlı könüllü bir qızın vasitəsilə Teodora aralarında daha fiziki və realist intim əlaqə yaşamaq fikrini təklif edir və ondan sanki qarşısındakı Samantaymış kimi davranmasını istəyir. Teodor könülsüz olsa da təklifi qəbul edir, ancaq bir müddət sonra davranışlarının qəribə olduğunu düşünür və təcrübəni başa çatdırır. İzabellanın evi tərk etməsindən sonra Samanta ilə aralarında gərginlik yaşanır və mübahisə baş verir. Teodor Samanta ilə olan münasibətində bir sıra tərəddüdləri olduğunu Emiyə danışır. Bir müddət sonra isə Samanta ilə barışır və qarşılıqlı münasibətləri qaydasına düşür. Bununla yanaşı Samanta, Teodorun yazdığı məktublar arasından ən yaxşılarını seçərək bir naşirə göndərmiş və naşir də bu məktublardan ibarət olan kitab yazmağa razılıq vermişdir.
Bir müddət sonra Samanta, digər əməliyyat sistemlərinin yaratdığı bir icmaya qatıldığını və Britaniyalı filosof Alan Uotsun ideyalarını yüksək səviyyədə daşıya bilən bir qurum yaratdıqlarını Teodora bildirir. Uolts ilə tanış olduqdan sonra Samanta, əvvəlki günlərlə müqayisədə Teodora qarşı bir qədər diqqətsiz davranmağa başlayır. Bir gün Samanta ilə əlaqə qura bilməyən Teodor, təlaş içərisində iş yerini tərk edir. Bir neçə dəqiqədən sonra onunla əlaqə qura bildikdə isə Samanta, digər əməliyyat sistemlərilə birlikdə özünü yenilədiyini Teodora deyir. Teodorun onunla münasibətdə olduğu zaman başqaları ilə də münasibətdə olub-olmadığını soruşduğu zaman, Samanta eyni anda minlərlə insanla danışdığını və onlardan yüzlərcəsinə aşiq olduğunu bildirir. Samantanın yalnız onunla münasibətdə olduğunu güman edən Teodor kədərlənir, bu zaman Samanta ona olan məhəbbətinin daha güclü və xüsusi olduğunu ifadə edir. Həmin gecə Samanta əməliyyat sistemlərinin insanlardan daha çox inkişaf etdiyini və öz varlıqlarını kəşf etmək məqsədilə insanlarla olan əlaqələrini dayandıracaqlarını bildirir. Teodor çarpayıda uzanaraq Samanta ilə söhbət edir. Söhbətin sonunda onlar vidalaşıb ayrılırlar, Samanta gedir. Teodor yaşadığı təcrübədən sonra dəyişdiyini hiss edir və keçmiş həyat yoldaşı Katerinaya məktub yazaraq peşman olduğunu və ondan üzr istədiyini bildirir. Teodor, onunla dostluq edən əməliyyat sisteminin getməsinə görə üzülən Emi ilə qarşılaşır və onlar birlikdə binanın eyvanında əyləşərək günəşin çıxmasını müşahidə edirlər.
Belə bir film çəkmə fikri Spayk Consun ağlına hələ 2000-ci illərin əvvəlində, internetdə süni zəkaya malik bir proqramla ani söhbət edə bilmə veb saytı haqqında məqalə oxuduqdan sonra gəlib. Cons, filmin ilham mənbəyi olan məqalədən bəhs edərkən belə deyib: “Verdiyim salama eyni şəkildə qarşılıq verdi və necə olduğumu soruşdu. Buna olduqca təəccübləndim. Olduqca qəribə idi. Ancaq 20 saniyə sonra sistemin necə işlədiyini başa düşürsünüz və artıq o qədər də təsiredici olmur. Ancaq yenə də ilk 20 saniyə həqiqətən həyəcanverici idi. Sistem, onunla nə qədər çox insan söhbət etsə, o qədər çox ağıllanır.”[12] Cons, oxşar mövzuları əhatə edən 2010-cu il istehsalı olan "Mən buradayam" adlı qısametrajlı film çəkdikdən sonra bu layihəyə olan marağının yenidən artdığını söyləyib.[13] Cons, Çarli Kaufmanın ssenarisi əsasında ekranlaşdırılmış 2008-ci il istehsalı olan "Nyu-York, Nyu-York" filmindən də təsirləndiyini bildirib: “Kaufman, o anda düşündüyü hər şeyi, o andakı bütün düşüncə və duyğularını yazmağı sınamaq istədiyini və bunu ssenariyə daxil edəcəyini söylədi. Bundan çox təsirləndim və mən də bu filmdə eyni şeyləri etməyə çalışdım.” sözlərini ifadə edib.[12]
Karyerası ərzində ilk dəfə olaraq bir filmə həm ssenari yazan, həm də rejissorluq edən Spayk Cons, təkbaşına yazdığı ssenarinin ilk layihəsini təxminən beş aya yaradıb.[14][15] Onun açıqlamasına görə filmdə baş rol üçün düşündüyü aktyorlar arasında birinci Xoakin Feniks olub.[16] 2011-ci ilin martında Meqan Ellisonun sahibi olduğu “Annapurna Pictures”, Çarli Kaufman ilə Spayk Consun adsız bir hekayəsini satın aldığını bildirib.[17] 2011-ci ilin sonlarında filmin paylama hüquqlarını alan “Warner Bros Pictures” və Xoakin Feniks saziş imzalayaraq layihəyə daxil olublar.[18] Aktrisa Keri Malliqanın layihədə iştirak etməsi üçün onunla danışıqlara başlanılıb və razılıq da əldə olunub, ancaq Malliqanın planlarında baş verən bəzi problemlər nəticəsində onun layihədə iştirakı mümkün olmayıb.[19][20] 2012-ci ilin aprelində, Malliqanın yerinə Runi Maranın filmin heyətinə daxil edildiyi bildirilib.[21] 2012-ci ilin mayında Oliviya Vayldın,[22] 2013-cü ilin mayında isə Kris Prettin filmə daxil olunduğu elan olunub.[23]
Daha əvvəlki çəkilişlərdə Consla birlikdə işləmiş operator Lans Akord, "Allahın unutduğu yer" adlı filmin çəkilişlərində iştirak etdiyindən, onun əvəzinə Hoyte van Hoytema ilə razılıq əldə olunub.[24] Onunla aparılan bir söhbətdə van Hoytema, Cons ilə keçən ilk görüşünü belə xatırlayıb: "Skype-da danışmağa başladıq və iki saat keçməsinə baxmayaraq hələ də danışırdıq. Yaxşı ünsiyyət alındı.” Spaykın səhər mənə yazdığı ilk mesaj: "Etdiyimiz şey dəlilik idi. İki saat ərzində Skype-da danışdıq və zaman sanki axıb getdi! Təbii ki, bu da birlikdə işləməyin lazım olduğuna dair yaxşı bir işarə idi.”[24]
Filmin çəkilişlərinə 2012-ci ilin ortalarında başlanılıb.[25] İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olub.[26] Çəkilişlərin böyük hissəsi Los-Ancelesdə aparılıb, Şanxayda isə iki həftə ərzində əlavə çəkilişlər aparılıb.[14] Filmdə Samantanı səsləndirmiş aktrisa Samanta Morton, Consun istəyi ilə çəkilişlər zamanı Xoakin Feniks ilə görüşdürülməyib.[14] İrəliləyən zamanda Mortonun əvəzinə filmin heyətinə Skarlet Yohansson daxil edilib. Cons bu haqda belə söyləyib: “Filmin montajı zamanı xarakterin/filmin, mənimlə Samantanın birlikdə yaratdığımızdan daha fərqli bir şey istədiyini anladıq. Bu səbəbdən yeni bir aktrisa seçimi etdik və rolu Skarletə verdik.”[27] Yohansson ilə 2013-cü ilin yazında tanış olan Cons, onunla dörd ay ərzində çalışıb.[14][16] Bu aktrisa dəyişikliyi səbəbindən 2013-cü ilin avqustunda yeni səhnələrin çəkilişi həyata keçirilib. Cons bu səhnələrin "təzə çəkiliş" olmadığını və "sonradan ağlına gələn" və ya "daha əvvəl çəkməyi planlaşdırdığı, ancaq çəkmədiyi" səhnələr olduğunu dilə gətirib.[14] Mortonun Samantanı səsləndirdiyi vaxtlar, Teodorun xəyalında Samantanı fiziki olaraq canlandırdığı bir səhnənin çəkilməsi düşünülmüş və bunun üçün Mortondan savayı digər aktrisalarla görüşmələr də olmuşdur; ancaq daha sonra tamaşaçıların Samantanı fiziki olaraq görmək istəməyəcəyini və hər tamaşaçının öz düşüncəsində bir Samanta yaratmasının daha yaxşı olacağı düşünülərək bu fikirdən imtina edilmişdir.[28]
Filmin operatoru Hoyte van Hoytema onunla aparılan bir söhbətdə, Consun ondan filmdə antiutopik görüntü istəmədiyini bildirib.[24] Məhz bu səbəbdən o, fantastik elmi dəst-xətti ilə əlaqələndirdiyi mavi rəngin istifadəsindən mümkün qədər yayınmağa və isti rənglər istifadə etməyə çalışdığını bildirib.[24] Bundan başqa van Hoytema yapon fotoqraf, Rinko Kavauçinin işlərindən təsirləndiyini də bildirib.[24]
Filmin çəkilişləri rəqəmsal kameralarla həyata keçirilib. Filmdə "Arri Alex"a adlı kamera modelindən istifadə olunub.[29] Van Hoytema kamera seçimi ilə əlaqədar olaraq belə söyləyib: “Teodorun mənzilindəki pəncərələrin şüşələrindən şəhərin olduqca canlı və parlaq görünməsi üçün xüsusilə rəqəmsal kamera seçimində dayandıq. "Arri Alex"a modelinin sayəsində (daxili çəkilişlər üçün) çox az işıq mənbəyi istifadə etməyimizə baxmayaraq, işıq əyarına hələ də nəzarət edə bilirdik.”[30] Filmdə, kamera və linza seçimlərində süni işıqlandırmadan olduqca az istifadə edilib. Ümumiyyətlə, filmdə işıqlandırma cihazlarından əsasən LED işıqlara üstünlük verilib. Müəyyən səhnələr çəkilərkən işıqlandırılma müxtəlif rəngli LED işıqlarla aparılıb.[29]
Filmin montajını, Consun daha əvvəlki tammetrajlı filmlərinin hamısında birlikdə çalışdığı Erik Zambrannen ilə Cef Bükenen edib.[31] Filmin orijinal çəkilişinin müddəti 150 dəqiqədən artıq olub. Lakin Stiven Soderberqin köməyi ilə lazımsız olduğu düşünülən bəzi səhnələr və hadisələr filmdən çıxarılmış və filmin müddəti 90 dəqiqəyə qədər azaldılmışdır.[32] 126 dəqiqə davam edən filmin yekun variantında, Kris Kuperin canlandırdığı xarakterin də yer aldığı bəzi səhnələr filmdən çıxarılmışdır.[14] Zambrannen filmin orijinal sonluğunun bu şəkildə olmadığını və filmin sonundakı məktubun daha əvvəl yazıldığını, ancaq daha sonra Bükenen və Consun da razılığı ilə bu hissəni filmin sonuna qoyduğunu söyləyib.[28]
Filmdə təsvir olunan hadisələr gələcəyin Los-Ancelesində cərəyan edir. Burada binalar ən azı 80 mərtəbəlik göydələnlərdən ibarətdir. Hava təmiz, nəqliyyat isə, demək olar ki, yoxdur. Binaların damlarında parklar yerləşir, dəniz və ya dağlara getmək üçün isə yüksək sürətli qatarlardan istifadə edilir.[33] Filmin quruluşçu rəssamı K. K. Barrett, filmdə çox sayda avtomobilin görünməməsinin əsas səbəbini: “Filmdə hadisələr gələcəkdə cərəyan etsə də, maşın dizaynlarının filmin keçdiyi vaxtı müəyyən bir dövrə məhkum etməsi səbəbiylə ümumiyyətlə prospekt və küçə səhnələrindən qaçılıb” sözləri ilə ifadə edib. O, filmin insanlar arasındakı əlaqə və ünsiyyət haqqında olduğuna vurğu edərək şəxsi nəqliyyat vasitələrinin, ictimai nəqliyyat vasitələrindən fərqli olaraq insanların ünsiyyət məsələsinə açıq-aşkar bir maneə olduğunu bildirib.[34] Gələcəyin Los-Ancelesinin yaradılmasında, indiki Los-Anceleslə yanaşı, Şanxayın rayonlarından biri olan Pudun rayonundan götürülmüş bəzi tikililərdən də istifadə edilmişdir. Barrett, filmdəki bəzi binalarda Çin dilində yazılar olduğunu və gələcəkdə şəhərin belə bir görkəm alacağı fikrini irəli sürərək, bunları qəsdən etdiklərini bildirib. Teodorun evinin bilərəkdən böyük hazırlandığını bildirən Barrett bunun səbəbini “Teodorun mənzilində böyük pəncərələr istifadə edərək böyük bir şəhərin sıxlığı ilə əhatə olunduğunu ancaq klaustrofobik bir şərait olmadığı illüziyasını yaratmaq istədik” sözləri ilə açıqlayıb.[33]
Filmdəki süni zəkaya malik əməliyyat sistemi, fərdiləşdirilən, ünsiyyət qura bilən və zaman içərisində qazandığı təcrübələrlə özünü inkişaf etdirməyi bacaran əməliyyat sistemidir. Teodor Samanta ilə ünsiyyəti kompüter vasitəsilə və ya tək qulağına taxdığı naqilsiz qulaqlıq vasitəsilə qurur. O, yanında daşıdığı və kamera ilə ekrana malik cihaz vasitəsilə Samantanın vizual olaraq ətrafda baş verənləri dərk etməsini təmin edir.[35] Ovuc içinə sığacaq böyüklükdə və düzbucaqlı formaya malik cihazın görünüşünün portsiqardan təsirlənərək hazırlandığı ehtimal olunur.[34] Filmdə istifadə edilən masaüstü kompüterlərdə klaviatura yoxdur və əməliyyatlar danışılaraq həyata keçirilir. Barrett, "Ulduz yolu" kimi elmi fantastika janrlı filmlərdə istifadə edilən işıqlı klaviaturaların yerinə birbaşa olaraq danışılaraq kompüter ilə ünsiyyət qurmağa üstünlük verdiklərini və “klaviaturaların da avtomobillər kimi filmi müəyyən bir dövrə aid olmasını göstərəcəyini” ifadə etmişdi.[34]
Filmdə kişi xarakterlərin geyimində, əsasən, yüksək bel şalvarlardan, yaxalıqsız köynəklərdən və retrofuturist tərzdə olan kostyumlardan istifadə edilib.[36] Filmin geyim üzrə rəssamı Keysi Storm filmdəki geyimlərlə əlaqədar olaraq, “İnsanlara qəribə şəkillərdəki şlyapalar və ya epoletlər geydirərək hadisələrin gələcəkdə cərəyan etdiyini göstərmək istəmədik. Yaratdığımız dünyanın qaydalarını hazırlayarkən, bu tip şeyləri əlavə etməməyin daha düzgün olduğunu düşündük. O dövrə aid olmayan şeyləri əlavə etdikdə bunlar dərhal hiss edilir və ciddi mənada diqqət çəkirdi, bu baxımdan bizim qaydalarımız filmdə cins şalvar, beysbol papağı, qalstuk və ya kəmər olmaması istiqamətində idi. Hətta filmdə demək olar ki, yaxa və yaxalıqlardan da istifadə edilmədi. Mənim düşüncəmə görə, bu kimi şeylərin olmaması, niyə olduğu dəqiq olaraq bilinməsə də, misilsiz bir dünyanın yaradılmasına yol açdı.” sözləri ilə ifadə edib.[36] Storm həmçinin, Consun Teodor Tuombli obrazını yaradarkən Teodor Ruzvelti düşündüyünü və bu səbəbdən obrazın istifadə etdiyi şalvarın 1800-cü illərin sonlarında istifadə edilən şalvarlara bənzədiyini bildirib.[37]
"O" filmi üçün, Arcade Fire qrupunun üzvləri Uill Batler və Ouen Pallett tərəfindən yazılan və qrup tərəfindən ifa olunan 13 mahnı istehsal edilmişdir.[11] Karen O-nun bəstələdiyi, sözləri Karen O ilə Spayk Cons tərəfindən yazılan və filmdəki bir səhnədə Feniks ilə Yohansson, bağlanış səhnəsində isə Karen O tərəfindən səsləndirilən "The Moon Song" adlı mahnı, 86-cı Oskar mükafatlarının təqdim edilməsi mərasimində “Ən Yaxşı Musiqi” kateqoriyasında mükafata namizəd göstərilmişdir.[38][39]
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Sleepwalker" | 3:17 |
2. | "Milk & Honey" | 1:29 |
3. | "Loneliness #3 (Night Talking)" | 3:27 |
4. | "Divorce Papers" | 3:18 |
5. | "Morning Talk/Supersymmetry" | 4:16 |
6. | "Some Other Place" | 3:40 |
7. | "Song on the Beach" | 3:33 |
8. | "Loneliness #4 (Other People's Letters)" | 1:03 |
9. | "Owl" | 2:24 |
10. | "Photograph" | 2:29 |
11. | "Milk & Honey (Alan Watts & 641)" | 3:20 |
12. | "We're All Leaving" | 2:33 |
13. | "Dimensions" | 5:43 |
Ümumi müddət: | 41:32 |
Filmin ilk treyleri 7 avqust 2013-cü ildə yayımlanıb.[15] Film 2013-cü il Nyu-York Film Festivalının bağlanış filmi seçilib və ilk nümayişi 12 oktyabr 2013-cü ildə keçirilib.[41] Ertəsi gün Hamptons Beynəlxalq Film Festivalında filmin ikinci nümayişi keçirilib.[42] Film 8-ci Roma Beynəlxalq Film Festivalında müsabiqədə iştirak etmiş və Yohansson “Ən Yaxşı Qadın Aktrisa” kateqoriyasında mükafat qazanmışdır.[43] Filmin 20 noyabr 2013-cü ildə “Warner Bros Pictures” tərəfindən Şimali Amerikada məhdud nümayiş çərçivəsində kinoteatrda göstərilməsi planlaşdırılsa da,[44] nümayiş daha sonradan təxirə salınıb.[45] 3 dekabr 2013-cü ildə “Warner Bros Pictures” tərəfindən filmin ikinci treylerinin və 30-dan çox şəklinin nümayişi olub.[46] Film, 18 dekabr 2013-cü ildə Amerika Birləşmiş Ştatlarında məhdud nümayiş çərçivəsində, cəmi altı kinoteatrda göstərilib. 10 yanvar 2014-cü ildə isə film geniş kütləyə təqdim edilmiş və ölkədə 17 həftə ərzində nümayiş olunmuşdur.[26]
Film 13 may 2015-ci ildə Warner Home Video tərəfindən DVD və Blu-ray formatlarında satışa çıxarılmışdır. Filmin Blu-ray buraxılışına üç müxtəlif qısametrajlı kadrarxası görüntülər, DVD buraxılışına isə yanız bir qısametrajlı görüntü daxildir.[47] Film yalnız Amerika Birləşmiş Ştatlarında Blu-ray satışlarından 2.2 milyon, DVD satışlarından isə 2,7 milyon dollar gəlir əldə edib.[48]
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
allmovie | [49] |
Rolling Stone | [50] |
eFilmCritic | [51] |
Internet Movie Database | [52] |
The Guardian | [53] |
Metacritic | [54] |
Rotten Tomatoes | [55] |
Empireonline | [56] |
Kino aqqreqatoru “Rotten Tomatoes” 231 rəy əsasında filmə 94% reytinq verib və 8.5/10 balla qiymətləndirib. Saytın ortaq fikrində deyilir ki, “Spayk Consun şirin, səmimi və ağıllı filmi, bir az elmi-fantastik ssenari vasitəsi ilə, müasir insan münasibətlərindəki məsxərəçi-əyləncəli vəziyyəti göstərmək istəyib.”[57] Digər kino aqqreqatoru “Metacritic” isə 46 tənqidçinin “universal rəğbət” rəyi əsasında filmə 100 baldan 90 bal verib.[58]
“Rolling Stone”dan Stoun Piter filmə dörd ulduzdan üç yarım ulduz vermiş və xüsusilə Yohanssonun ifasını yüksək qiymətləndirmişdir. O, “Samantanın şirin, seksual, qayğıkeş, manipulyasiya edici və qorxuducu tonlarda danışdığını” və onun “yalnız səslərlə etdiyi bu vokal nümayişinin mükafata layiq olduğunu” bildirmişdir. O, həmçinin filmin rejissoru Spayk Consu “uzaqgörən” adlandırmışdır.[59] “Time” jurnalından Riçard Korliss, Feniksin ifasını Sandra Ballokun “Yerin cazibəsi” və Robert Redfordun “Ümid sönməyəcək” filmlərindəki ifaları ilə müqayisə edərək belə söyləyib: “Feniks, filmin mənasını və duyğularını demək olar ki, təkbaşına çatdırmalıdır. Və o, bunu böyük bir incəlik və dərinliklə etməyi bacarır. [...] Feniks, matəmə düçar olan bir ürəyin necə yenidən həyata qayıtdığını bizə göstərir — çünki onu sevir.” Korliss, uydurma kompüter olan HAL 9000 ilə “Simona” filmini “O” filminin sələfləri kimi göstərib. Korliss, həmçinin Yohanssonu yüksək qiymətləndirmiş və aktrisanın ifasının “füsunkar və cazibəli” olduğunu bildirmişdir.[60] “The Hollywood Reporter”dan Tod Makkartni filmi “Bu araşdırmadır, çox yüksək səviyyəli maraqlı işdir.” kimi təsvir etmişdir. Makkartni filmin sonunun, digər hissələrinə görə olduqca adi olmasından məyus olduğunu, lakin filmin əsas mövzusunu təşkil edən virtual münasibətin “Lars və əsl qız” filmində Rayan Qoslinqin canlandırdığı xarakterin seks gəlinciklə yaşadığı münasibətdən daha yaxşı olduğunu bildirmişdir.[61]
Riçard Rouper film barəsində: “ilin ən orijinal, əyləncəli və hətta ürəkparçalayan hekayələrindən biri” olduğunu yazmış, Feniksin isə “möhtəşəm ifaçı” olduğunu bildirmişdir.[62] “The New York Times”dan Manola Darqis filmi “həm mükəmməl dərəcədə komik, həm də səmimi şəkildə romantik” sözlərilə xarakterizə edib.[63] “USA Today” qəzetindən Klaudiya Puiq, Feniks ilə Yohanssonun ifasını müvafiq olaraq “sensasiyalı” və “qüsursuz” olaraq səciyyələndirib. O, daha sonra filmi tərifləyərək bildirib ki, film “ixtiraçı, səmimi və məsxərəçi bir şəkildə əyləncəlidir.”[64] “Forbes” jurnalından Skot Mendelson filmin kreativ olduğunu bildirib və Yohanssonun “gözəl vokal çıxışı” ilə Runi Mara, Oliviya Vayld və Emi Adamsın köməkçi obraz ifalarını tərifləyib.[65] “The Globe and Mail”dən Layam Leysi filmi “kübar və qəribə” kimi qiymətləndirib və filmdəki yumoru bəyəndiyini bildirib. O, filmi Consun rejissorluğu ilə çəkilmiş “Con Malkoviç olmaq” və “Adaptasiya” filmlərindən daha çox Çarli Kaufmanın rejissoru olduğu "Nyu-York, Nyu-York" filminə bənzədib.[66]
“San Francisco Chronicle”dan Mik Lasall filmin hekayəsini, tempini və Feniksin obrazını tənqid etmiş və bildirmişdir ki: “film barəsində düşünmək onu izləməkdən daha maraqlıdır.”[67] “Chicago Reader”dan C. R. Cons, Feniks və Yohanssonun ifalarını bəyənmiş, lakin Feniksin canlandırdığı obrazı tənqid edərək onu “səfeh” adlandırmışdır. Cons, həmçinin Feniks ilə Yohanssonun obrazlarının arasındakı münasibətdə gerçəkliyin olmamasını da tənqid etmişdir.[68]
"O" filmi aşağıdakı tənqidçilər tərəfindən 2013-cü ilin ən yaxşı filmləri sırasında göstərilmişdir:[69]
Film müxtəlif tədbirlərin fərqli kateqoriyalarında mükafatlar qazanmış və bir çox nominasiyalarda namizəd göstərilmişdir. 86-cı "Oskar" mükafatlarının təqdim edilməsi mərasimində film "Ən yaxşı film" kateqoriyası da daxil olmaqla, ümumilikdə beş kateqoriyada mükafata namizəd göstərilmişdir. Filmin rejissoru Spayk Cons "Ən Yaxşı Orijinal Ssenari" nominasiyasında "Oskar"a layiq görülmüşdür.[39][73] Cons bundan əlavə 71-ci Qızıl Qlobus,[74][75] 19-cu Tənqidçilərin Seçimi[76][77] və 66-cı Amerika Yazıçılar Gildiyası mükafatlarında da da ssenari kateqoriyasında mükafata layiq görülmüşdür.[78] 40-cı Saturn mükafatlarının təqdim edilməsi mərasimində “O” filmi namizəd göstərildiyi dörd mükafatdan üçünü qazanmışdır: "Ən Yaxşı Fantastik Film", "İkinci Dərəcəli Rolda Ən Yaxşı Aktrisa" (Yohansson) və "Ən Yaxşı Ssenari".[79][80] Film, Amerika Prodüserlər Gildiyası tərəfindən “Ən Yaxşı Teatr Filmi” kateqoriyasında mükafata namizəd göstərilmiş, lakin “12 illik əsarət” və “Yerin cazibəsi” filmlərinə məğlub olmuşdur.[81] Amerika Film İnstitutu “O” filmini ilin ən yaxşı on filmi siyahısına daxil etmişdir.[82]
“O” filmi, məhdud nümayiş çərçivəsində Amerika Birləşmiş Ştatlarında 6 kinoteatrda nümayiş olunduğu ilk həftəsində $258.000 gəlir əldə edib.[83] Yayıma buraxıldığı ikinci həftədə isə filmi nümayiş etdirən kinoteatr sayı 47-yə çatmışdır. 4-cü və 5-ci həftəsində isə 1.729 kinoteatrda nümayiş olunaraq özünün ən yüksək baxış nəticəsini əldə etmişdir. İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olan film, Amerika Birləşmiş Ştatları və Kanadada $25.6 milyon, digər ərazilərdə isə $21.8 milyon dollar gəlir əldə etməklə, ümumilikdə $47,4 milyon dollar gəlir əldə etmişdir. CinemaScore-da aparılan səsvermə nəticəsində məlum olub ki, izləyicilər filmə orta hesabla B- balını veriblər.[84]
Ölkə | Əldə olunan gəlir (dollar ilə)[85] |
---|---|
ABŞ, Kanada | 25.568.251 |
Fransa | 3.036.246 |
İtaliya | 2.714.710 |
Cənubi Koreya | 2.709.097 |
Böyük Britaniya | 2.331.512 |
İspaniya | 2.236.251 |
Almaniya | 1.343.524 |
Avstraliya | 1.261.279 |
Yaponiya | 1.127.466 |
Braziliya | 1.020.678 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.