Remove ads
From Wikipedia, the free encyclopedia
Nadirin Əfqanıstan yürüşləri — Nadirin Əfqanıstandakı abdalı tayfasına qarşı yürüşləri.
Nadirin Əfqanıstan yürüşləri | |||
---|---|---|---|
Nadirin yürüşləri | |||
Tarix | 1726-1740 | ||
Yeri | Xorasan, Herat, Əfqanıstan | ||
Səbəbi | Əfqan abdalı tayfasının qiyam edərək Heratı işğal etməsi. | ||
Nəticəsi | Nadirin qələbəsi | ||
Ərazi dəyişikliyi | Nadir qiyamdan əvvəlki Səfəvi ərazilərini qaytardıqdan sonra yeni əraziləri işğal etdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Hələ 1597-ci ildə şah I Abbas tərəfindən abdali tayfasının başçısı Sado təyin edildi, bu tayfaya qilzaylar qarşısında üstünlük verdi. Abdali tayfası, şah I Abbasa Qəndaharın mühasirəsində yardım etdiyinə görə, Sado sultan titulu aldı. XVII-XVII əsrlərin kəsiyində abdalinin sayı olduqca çoxaldı. Onların arasında, Səfəvi şahlarından və onların təyin etdiyi Qəndahar hakimlərindən, narazılıq artırdı. Sadonun nəslindən olan Abdulla-xan Sadozayın Səfəvilərə qarşı təbliğatı xüsusi ilə təhlükəli idi. Herat bəylərbəyi Məhəmməd Zaman xan Ustaclının ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edərək Abdulla öz oğlu Əsədulla ilə hakimiyyəti öz əlinə almağa çalışdı. Çevriliş alınmadı, çünki yeni təyin olunmuş bəylərbəyi Abbasqulu xan Şamlı, abdali tayfasına qarşı qüvvəsini cəmləşdirərək, onlarla bacara bildi və Abdulla ilə Əsədullanı zindana saldı. Lakin vəziyyət gərgin olaraq qalırdı. Ola bilsin, burada abdaliyə meyl edənlər az deyildi. Abbas Qulu xanın yetərincə çevik olmayan daxili siyasəti, tezliklə qızılbaşlardan ibarət Herat qarnozonunun narazılığına səbəb oldu. Onlar Abbas Qulu xanı tutub İsfahana göndərdilər ki, əvəzinə başqa hakim göndərsinlər. Bu fövqəladə hadisə ilə bağlı olaraq Abdulla oğlu ilə birlikdə zindandan qaça bildi. Onlar bütün narazıları öz bayrağı altına yığmağa başladılar. Əsədullanın başçılıq etdiyi dəstələr İsfahandan Herata göndərilən Cəfər xan Ustaclının korpusunu məğlub etdilər. Sonra abdali tayfası Quriyyan yaxınlığında onlara qarşı Məşhəd hakiminin göndərdiyi qoşunu məğlub etdilər.
1716-cı ildə Məşhədə get-gedə güclənən abdali tayfası ilə mübarizə üçün yeni hakim gəldi Fətəli xan Türkmən. Qusuyyedə, Heratdan təxminən 80 km. qərbdə, onun çoxminlik ordusu abdali qoşunu ilə qarşılaşdı. Döyüş vaxtı Fəth Əli xan vəziyyəti öz xeyrinə dəyişə bildi və Əsədullanı qaçmağa məcbur etdi. Lakin təxminən min nəfərlə Əsədullanı qovmaqda olan Fəth Əli xan əsas qüvvələrdən aralandı və Əsədullanın geriyə çevirdiyi qoşunla üz-üzə qaldı və məğlub oldu. Fəth Əli xan həlak oldu. Təşviş içində atılan toplar və sursat abdaliyə qaldı. Öz uğurunu inkişaf etdirərək Əsədulla xan Məşhədə qədər gəldi, ama uğursuz mühasirədən sonra Herata qayıtdı.[1]
Şah sarayı abdalı tayfasının genişlənən hərəkatını yatırmaq üçün son cəhd etdi. Bəzi mənbələrə görə bu 1719-cu ildə baş verdi. Bu məqsədlə Xorasana, sayı 35 min olan yaxşı təchiz olunmuş korpus və artilleriya ilə, Səfi Qulu xan göndərildi. Nişapurda o, şimaldan gəlmiş və özbaşınalıq edən türkmənlərə görə yubanmalı oldu. Onları məğlub edərək, Səfi qulu xan Məşhədə daxil oldu, qısa dincdən sonra Herata yollandı. Lakin burada o Əsədullaya məğlub oldu və özünü barıt çəlləyi ilə partlatdı. Heratda möhkəmlənən Əsədulla Qəndəharda yerləşən gilzaylarla müharibəyə hazırlaşmağa başladı.
Əsədullanın abdalı tayfası ilə Mahmudun gilzayları arasında həlledici döyüş, Fərəhdən təxminən 120 km şərqdə, Dilaram yanında baş verdi. Abdalı sarsıdıcı məğlubiyətə uğradılar. Əsədulla xan öldürüldü.[2]
Herat vilayətində abdali tayfası mühitində qarşıdurmalar davam edən müddətdə, ölkənin mərkəzində vəziyət köklü surətdə dəyişdi 1722-ci ildə qilzaylar İsfahanı və Səfəvi taxtını aldılar. Paytaxt süqut edəndən sonra şah Sultan Hüseynin oğullarından biri Təhmasib də özünü şah elan etdi və bütün narazıları öz ətrafında yığmağa başladı. O Mazandaranı öz əsas bazası etdi. Əfşar tayfasından olan gənc və çox enerjili sərkərdə Nadir ona qoşuldu. Qısa müddət ərzində 1726-cı ilin dekabrında Nadir Məşhədi tutdu. Buranın hakimi Məlik Mahmud Sistani əvvəlcə sürgün , sonra isə edam edildi.[3]
Məşhəd Nadirin əsas bazası və qərargahı, sonralar isə paytaxtı idi. Səfəvilərin Məşhəd rayonunda nominal, əslində isə özünün, hakimiyətini möhkəmləndirən Nadir, tabe əraziləri genişləndirməyə başladı. Məsələn 1727-ci ildə o kiçik Kain şəhərinin hakimini Təhmasibə tabe olmasına nail oldu. Növbədə abdali tayfası və onların əsas dayağı olan Heratın tabe edilməsi dururdu. Nadir anlayırdı ki abdaliyə qarşı yürüş bütün dövlətin taleyini həll etməlidir.
O İranda rus rezidenti olan S.Avramova deyirdi: "50 minlik əfqan abdaliyə qarşı gedirik, əgər qalib gəlsək, onda səni bir şahid kimi buraxacağıq, əgər məğlub olsaq onda bil ki, İran dövlətinin sonudur və özün öz taleyini həll et".[4] Bu sözlər, abdali tayfasının Nadirin qoşununu hətta darmadağın etməsi ehtimalının nə qədər güclü olmasını göstərir. Öz döyüş bacarığını onlar Səfəvilərlə 1716–1719-cu illər döyüşlərində göstərdilər. Heratdan 100 km qərbdə yerləşən Sanqan şəhəri civarında abdalinin 7–8 minlik korpusu ilə qarşılaşan Nadir şəxsən onların inadına şahid oldu. Nadirə tabe olmamaqlarına kömək etmək üçün 1727-ci ildə abdali bu şəhərə yaxınlaşdı.
Nadir abdali tayfasının Sanqana yaxınlaşmasını gözləməyərək sanqanlıları məğlub etdi. Buna baxmayaraq abdalıilərlə döyüş dörd gün davam etdi. Nadir cəzairçi tüfəngçilərini, onlara rəqibə sərrast atəş imkanı verən açıq səngərlərdə yerləşdirdi, özü isə 500 süvari ilə abdali tayfasının cinahlarına və arxasına, abdali qoşunu geri çəkilənə qədər ardıcıl zərbələr endirdi.[5]
Aldığı təcrübə Nadirə onun abdaliyə qarşı 1729-cu ildəki yürüşündə də ehtiyatlı olmağa sövq edirdi. O mayın 3-də Məşhəddən çıxdı.
Xarici təhlükə qarşısında abdali tayfası daxili qarşıdurmanı dayandırdılar. Heratda Allahyar oturdu, Fərəhdə Zülfiqar. Qoşunlar, on il əvvəl abdali tayfası Səfi qulu xanın qızılbaşlarının darmadağın etdikləri Kafir-Qalada qarşılaşdılar. Abdali tayfası qızılbaşları ilk sıxışdırsa da, güman ki Nadirin şəxsən süvarilərin hücumuna başçılıq etməsi vəziyəti dəyişdi. İki gün davam edən döyüşdə Nadir qalib gəldi. Abdalilər yaralıları, topları və sursatı ataraq Herata sığındılar. Lakin Allahyar Nadirlə bir dəfə də Rəbat-i- Periyyanda qarşılaşdılar. Abdali yenə məğlub oldu və Nadirlə sülh razılığına gedəcəkdilər, ama Zülfiqarın yaxınlaşması, onları ruhlandırdı. Allahyar Nadirin düşərgəsi olan Şəkibana şərqdən hücum etdi, Zülfiqar isə qərbdən. Belə çətin vəziyətdə Nadir çıxış yolu tapa bildi və qüvvələrini elə paylaşdırdı ki nəinki ikiqat zərbəyə dözə bildi, həm də sonda qalib gəldi.[6]
Nadir şah tərəfdən daha bir məğlubiyətə uğradılan, heratlılar, onun şərtlərinə razılaşdılar və bəxşişlərlə onun yanına gəldilər. 1729-cu ilin iyununda ümumi razılıq əsasında sülh bağlandı. Allahyar Heratın hakimi olaraq qalırdı ama Səfəvilərin adından idarə etməliydi. Abdalı tayfası xəzinəyə vergi verməyi boyun oldular. Nadir Heratda öz qarnizonunu, yerli camaatı qəzəbləndirməmək üçün yerləşdirmədi. Hər iki tərəf sövdələşməni müvəqqəti hesab edirdi. Heratda olduqca gərgin vəziyət hökm sürürdü. Bu barədə Barnabadinin "Təzkirə"sində belə nəql olunur ki, Nadirlə birlikdə Herat əyalətini şiələr də tərk etdi. Onlar bunu təhlükəsizliklərinə görə etdilər. O cümlədən, bir neçə illiyə öz doğma yurdlarını ruhanilərdən olan mülkədarlar - Barnabadilər nəslinin nümayəndələri də tərk etdilər. Elə həmin vaxt Xorasanın şimalına şiə-cəmşid tayfaları yerləşdi.[7]
Nadirin nisbətən yumşaq şərtləri, onun tutduqları İsfahandan hər tərəfə hakimiyətlərini yayan və o zaman artıq Səmnanı mühasirəyə alan qilzaylarla gözlənilən müharibədə iki cəbhəyə vuruşmamaq niyyətindən irəli gəlirdi.
Nadir qısa zaman ərzində əfqanları oradan qovaraq İsfahanı geri aldı, və Osmanlılarla münasibətlərdə müəyyən uğurlara nail oldu. Bundan sonra o yenə bütün diqqətini Herat əyalətinə yönəltdi, çünki iki-üç il ərzində abdalı mühitində Səfəvi hakimiyətinə qarşı yenə narazlıq qalxdı, buna böyük dərəcədə əfqanların Qəndəhar hakimi Hüseynin onlarla sövdələşməsi təkan verdi. Nəticədə heratlılar, Nadir qarşısında götürdüyü öhdəliklərə əməl etməsinə görə Allahyarı qovdular, və daha aqressiv Zülfüqarı çağırdılar, o isə Herata gələrək, Məşhəd üzərinə yürüşə hazırlaşmağa başladı. Bundan xəbər tutan Allahyar da olduğu Maruçakdan, Məşhədə tələsdi. Lakin Zülfiqarın Məşhədi almaq üçün yetərincə qüvvəsi olmadığına görə o bir neçə kiçik toqquşmadan sonra Herata qayıtdı. Elə ki Nadirin abdalı tayfasına qarşı yeni yürüş barədə məlum oldu, Zülfiqar bunu dəf etmək üçün düşünməyə başladı. O bu məqsədlə, əvvəllər heratlıları Səfəvi hakimiyətindən qurtulmağa çağıran Gəndəhar hakimi Hüseynə müraciət etdi. Hüseynin bu barədə öz niyyəti vardı, o Nadirin abdalı tayfası ilə toqquşmasında maraqlı idi. Çünki bu halda onlar qarşılıqlı olaraq tükənib Qəndəhara təhdid ola bilməyəcəkdi. Buna görə o Nadirlə əlaqələri düzəltmək istəyirdi və eyni zamanda Nadirə qarşı Zülfiqara kömək kimi 2-3 minlik seçmə qoşun göndərmişdi.
1730-cu il avqust ayının 16-da Nadir Təbrizdən Məşhədə doğru hərəkətə başladı.[8] O, hətta şəxsi əşyalarını da sərkərdələrinə tapşırdı ki, onun sürətli hərəkətinə mane olmasın. Nadir istəyirdi ki, mümkün qədər tez Məşhədə yetişsin. Ondan xahişlər edilsə də, Nadir yol boyu uzunmüddətli istirahətlərə dayanmadı. Qəzvinə çatandan sonra ona xəbər gətirdilər ki, əfqanlar Məşhədin mühasirəsini dayandırıb Herata dönüblər. Bu xəbər Nadiri bir qədər sakitləşdirdi.[9]
Nadir 35 gündən sonra Nişapura çatdı. Nadir Məşhəd ətrafında vəziyyətin mürəkkəbləşməsinə, Məşhəd qarnizonunun qaladan kənara çıxaraq əfqanlarla döyüşə girməsinə görə qardaşı İbrahim xandan çox qəzəbli idi. Ona görə xəbər göndərdi ki, o gələnə kimi, İbrahim xan Məşhədi tərk etsin və Əbivərdə yollansın.
Nadirin Məşhədə gəlməsi Heratı ələ keçirmiş Zülfüqar xanı ciddi təşvişə saldı. O bir müddət yuxarıda toxunulan işlərə vaxt sərf etsə də Zülfüqar xan şübhə etmirdi ki, Nadir üzünü Herata sarı da çevirəcəkdir. Buna görə o da müəyyən hazırlıq işləri görməyə çalışırdı. Ona yardım edə biləcək yeganə adam Qəndəhar hakimi, Mahmud Gilzayinin qardaşı Sultan Hüseyn idi və ona görə də ona müraciət etdi. Sultan Hüseyn də Nadirin qəzəbindən və Nadirin bir gün onun da üstünə qoşun çəkəcəyindən qorxurdu. Buna görə də o, böyük bir dəstə silahlandırıb Zülfüqar xanın yardımına göndərdi.[10][11]
Nadirin qoşununun sayı 36 min nəfəridi və onların əsasını əfşarlar, mərvilər,qaracurlular, qacarlar, bayatlar bəğayirilər və digər soylar təşkil edirdilər. Göründüyü kimi, Nadir əvvəllər olduğu kimi bu döyüşdə də əsasən türk soylarına arxalanırdı. Məşhəddən yola düşməzdən əvvəl Nadir İmam Rzanın məqbərəsini ziyarət etdi (165). Herata doğru hərəkət zamanı Nadir marşrutu üzərində olan və hələlik onun nəzarəti altında olmayan qalaları və məntəqələri də nəzarət altına götürdü. Herat üzərinə qəti hücumun təşkil edilməsi üçün bu şəhərdən üç fərsəng məsafədə olan bir yerdə qoşunlar düşərgə saldı.Nadir qoşunları üç gün həmin məntəqədə istirahət edib həlledici döyüşlərə hazırlaşdılar. Nadirin qoşunlarının Herat ətrafına çatması haqqında Zülfüqar xana da məlumat verildi. Həmin xəbəri alan kimi Zülfüqar xan Herat ətrafındakı əhalini qala daxilinə köçürdü, qalanın möhkəmləndirilməsi tədbirlərinə əl atdı. Qala möhkəmləndiriləndən sonra Zülfüqar xan Nadirlə qarşılaşmaq üçün qoşunu ilə qalanı tərk etdi. Nadir də öz qoşunu ilə onun qarşısına yollandı. O özünün parkını, yüklərini, təchizatını Xaf adlanan qalada saxladı və topların müşayiəti ilə qoşununu Herat döyüşünə çıxardı. Nadir qarşıya qoyulan tapşırığın uğuruna nail olunması üçün bu dəfə də döyüşə ən təcrübəli sərkərdələrini cəlb etdi: Kəlbəli xan, İmamverdi xan Əfşar, Rəhim xan Gəraylı, Məhəmməd Sultan Qaracurlu, Şahqulu bəy Mərvi, Rzaqulu bəy, Pir Məhəmməd Mərvi və başqaları.[12]
Döyüş başlanan kimi Zülfüqar xanın dörd dəstəyə bölünmüş qoşunu irəli atıldı. Nadir əsas qüvvələrinə 20 metr qalana kimi əfqanların irəliləməsinə imkan verdi. Onları ilk qarşılayan artilleriya və tüfəngdarlar oldu. Nadirin əmri ilə tüfəngdarlar bir dizini yerə qoyaraq döyüş mövqeyi tutdular və iki istiqamətdən əfqanların üzərinə güllə yağdırdılar. Bir tərəfdən də top atəşləri qarşı tərəfə endirilən zərbəni gücləndirdi. Əfqanlar yenə iradə nümayiş etdirdilər, Nadirin məharətli taktikasından itkilərlə üzləşsələr də irəliyə hərəkət etməkdən çəkinmədilər. Amma pusquda dayanan qüvvələrin arxadan döyüşə qoşulması əfqanların bütün cəhdlərini nəticəsiz qoydu. Onların geri çəkilməkdən başqa yolu qalmadı. Baxmayaraq ki, geri çəkilmək də onlara asanlıqla başa gəlmirdi. Böyük itkilər verəndən sonra Zülfüqar xan Herata çəkilib oradakı qalaya sığındı.[13][14]
Nadir qalada mühasirə olunmuş qüvvələrin xilası üçün heç bir şans vermədi və onların mühasirəni yarmaq cəhdlərinin hamısının qarşısı alındı. Bu yolla Herat qalası 6 ay mühasirədə saxlanıldı. Bu müddət ərzində mühasirədə olan əfqanlardan gizli yollarla qaladan qaçanları da az olmadı. Zülfüqar xanın bundan xəbəri var idi və artıq başa düşürdü ki, qurtuluş imkanları azalmaqdadır. Buna görə o bir də bütün qüvvələrini səfərbər edib şansını sınamaq qərarına gəldi. Nadir bu dəfə də qətiyyətli və sürətli hücumu ilə döyüşün gedişini öz xeyrinə dəyişdi və qələbəni əldə edə bildi. Kifayət qədər gücə və bir sıra mövqe üstünlüklərinə malik olan düşmənin bütün istiqamətlərdə nəfəsi kəsildi. Mənbələrin təbirincə deyilsə, əfqanlar Nadir tərəfindən qəhr və qətl edildi, sağ qalanlar da itaət altına gətirilərək Nadirin qoşunlarına qatıldı.[15][16]
Həm əfqanlar, həm də Nadir şah bundan sonra da mübarizəni dayandırmadılar. Əfqanlar qalada artmaqda olan qıtlığı aradan qaldırmaq və mühasirə dairəsini bir qədər zəiflətmək üçün bir sıra cəhdlər göstərdilər, qaladan kənarda açıq döyüşlərə girməkdən çəkinmədilər. Bununla belə, onlar Heratı Nadirin mühasirəsindən çıxara bilmədilər. Əhalinin aclıqdan əzab çəkdiyini görən əfqan əyanları bir daha öz nümayən- dələrini Nadirin yanına göndərdilər, Nadirin şəhər əhalisinə divan tutmayacağı və Qurani-Kərimə and içəcəyi təqdirdə qalanı təslim etməyə hazır olduqlarını bildirdilər. Nadir bu təklifi də qəbul etdi və əfqan əyanları ilə görüşdü. Razılıq əldə ediləndən sonra Nadirin qüvvələri, sonra isə özü Herata daxil oldu. Yerli əyanlar söz verdilər ki, Zülfüqar xanla Allahyar xanı da tutaraq onun yanına gətirəcəklər. Bundan xəbər tutan Zülfüqar xanla Allahyar xan gizlicə qalanı tərk etdilər. Herat 1732-ci il fevralın 18-də təslim oldu.
XVII əsrin sonlarında Əfqanıstanın şimal bölgələri (Endhuy, Bəlx, Fəryab, Qünduz) Məvəranəhrdəki Buxara xanlığının mərkəzi, cənubu və cənub-şərqi, o cümlədən Hindistanda Moğol dövlətinin qərbi və cənub-qərbi (Herat, Qəndahar, Fərah) Səfəvi İmperiyasının tərkbində idi və burada mərkəzləşdirilmiş idarə sistemi yoxidi.[17] Əfqanıstanın cənub-qərbi və qərbindəki qeyri-stabillik 1717-ci ilə qədər davam etdi. Lakin 1709-cu ildə Qəndahardan əvvəl Hotaki dövləti daha sonra isə Heratda Abdalilər tərəfindən yerli hakimlik yaradılmışdı. Beləliklə Əfqanıstanın qərb torpaqları Səfəvi dövlətinin tərkibindən çıxaraq Abdalilər və Hotakilər tərəfindən idarə edilməyə başlamışdı.
Əfqanıstanın digər hissələrində (Səməngan, Gur, Beqram, Hazaracat) isə yerli və feodal hakimliklər varidi. Yerli idarəçilər əv feodal bəylər torpaqlarını qorumaq üçün özlərinə məxsus müdafiə qüvvələrindən istifadə edirdilər. Hindiquş dağlarının cənubundaki əhalinin məskunlaşdığı torpaqlar Nadir şah gələnə qədər feodallar tərəfindən idarə edilirdi.[18]
Əfqanıstanın şimalındakı Buxara xanlığı, mərkəzdə və cənub-şərqində Moğol dövləti, qərbində Abdali və Hotaki dövləti mövcud idi və bu ərazilərdə mülki, nizami eləcə də ədliyyə baxıməndan fərqli qurumlar fəaliyyətdə idi. Nadir şahın fəthindən əvvəl Moğol dövlətinin Kabil əyalətinin valisi Nəsir xan özünün inzibati bölgələrinə mahal valiləri seçib göndərirdi. Bütün bunlarla yanaşı, Buxara və Moğol dövlətləri Əfqanıstanın şimalında və cənubunda feodal idarəsi qura bilməmişdilər. Nadir şah bölgədə hökmranlıq qurana qədər dövlət idarəçiləri öz inzibati bölgələrində mütləq hüquq və hakimiyyətə malik idilər. Nadir şah Əfqanıstanın şimalında və cənubunda öz hökmranlığını gücləndirdikdən sonra feodal hakimləri aradan götürdü və onların yerinə öz adamlarını və mülki şəxsləri təyin etdi.[19]
O, üləma sinfini kəndlərə müfəttiş təyin etdi. Əfşarlı Dövləti sayəsində bu üləmalar yaxşı yaşayır, özlərini dövlətin iqtisadi mənafelərində pay sahibi kimi görür, məzhəb gücü ilə xalqdan dövlətin iqtisadi maraqları üçün istifadə edirdilər. Xalqın orta təbəqəsi (mülki əhali və tacirlər) ticarət və sənətkarlıq sahəsində işlərini davam etdirmək istəyirdilər. Lakin bölgədə təhlükəsizlik problemlərinə qarşı heç bir tədbir görülmədikdə ticarət və sənətkarlıq bir müddət ləngidi. Bu kütlələr dövlətdən təhlükəsizliklərinin təmin edilməsini istəyirdi.[20]
Əfşar imperiyasının sarayı Moğol sarayları kimi böyük, ehtişamlı və yüksək israfa sahib bir saray deyildi. Ölkədə əsgərlərdən başqa xidmətçilər, rəssamlar və şairlər də yaşayırdı. Nadir şahın sənət adamlarına və şairlərə verdiyi dəyər mərkəzi və cənubi Əfqanıstanda mədəniyyət və incəsənətin inkişafında böyük rol oynayırdı. İdarəçilər , üləma sinifi, feodal bəylər o cümlədən alimlər və şairlər də ordu tərəfindən qorunub, bütün xərcləri isə saray tərəfindən qarşılanırdı. Ağır vergilər isə xalqın əsasəndə əkinçilərin belini bükmüşdü.[21][22]
Nadir şahın dövründə Əfqanıstanda hakimiyyətin dəyişməməsi bilinən faktlardandır.Çünki uzun müddətli hərbi yürüşlərdən yeni idari qurumların yaradılmasına vaxt yoxidi. Lakin Moğol dövlətindən qalan divanlarla dövlətin idarə edilməsi 1847-ci ilə qədər davam etdi. Bu divanlar aşağıdakılar idi:
Bundan başqa maliyyə işləri, Şahın yazı işləri, xarici yazı işləri, şəhərin müdafiə işləri, kəşfiyyat işləri kimi strukturlar da mövcud idi. Divan-i Vəzarət, Sədarət olaraq çalışırdı və şahdan sonra ikinci ən səlahiyyətli şəxs idi. Maliyyə idarələri Sədarət divanı tərəfindən idarə edilirdi. Kəşfiyyat və casusluqla bağlı məsələlərə şahın özü baxırdı. Şah tərəfindən seçilən cəsuslar əsasən ölkə daxilində fəaliyyət göstərirdilər. İmperiyanın kəşfiyyatçıları və cəsusları müxtəlif əyalətlərdəki ümumi vəziyyəti öyrənmək məqsədi ilə atlara minərək 3 gün ərzində Qəznə əyalətindən Nişapura buradan isə 7 günə Xarəzmə gedib çata bilirdilər.[23] Bu şəxslər yemək yemək və fasilə verməəklə vaxt itirməz, atları yorulduqda isə onları daha gümrah atlarala dəyişdirərək yollarına davam edərdilər. Döyüş yerlərində xəbərləşmək üçün xüsusi süvari əsgərlər varidi. [24]
Şah tərəfindən yazılan məktublarda bütün komandirlərə ayrı ayrılıqda rütbələri və ləqəbləri ilə xitab edilirdi. Əfqanıstanın şimal ərazilərini ələ keçirdikdən sonra şah Rzaqulu bəy Əfşara yazdığı bir məktubda sipahsalar ləqəbindən istifadə etmişdi. Şah ordusu suvari, piyada, tüfəngçi, topçu və şah qorumalarından ibarət idi. Zənburək adlanan toplar digər- qılınc, tüfəng, mızrax kimi hərbi alətlərdən idi. Zənburəkçilər dəstəsi Nadir şahın topçu qüvvələrinin mühüm tərkib hissəsini təşkil edirdi və bu topların imkanlarından məharətlə istifadə edilməsi onların əhəmiyyətini xeyli artırırdı.[25] Ordunun təhcizatı komandirlər tərəfindən hazırlanırdı. Qida ehtiyatının bir qismi feodallardan toplanan vergilərlə digər qismi isə ordunun ələ keçirdiyi ərazilərdə toplanan vergilərlə təmin edilirdi.
Əfşarlı imperiyası dövründə hüquq məsələləri İslam qanunlarına əsasən və tez bir formada aparılırdı. Məsələn, cinayətkarlar ağır cəzalara məruz qalırdılar; həbsxanaya atılmaq, çubuqla döyülmək, baş kəsmək,gözləri çıxarmaq, edam etmək kimi cəzalar icra olunurdu. Hətta Nadir şah oğlu İbrahimin gözünün çıxarılmasını əmr etmişdi. Nadir şah tərəfindən Büst bölgəsini ələ keçirmək tapşırığı alan Kəlbəli xan Büst müharibəsində ləngidiyi üçün ağır formada cəzalandırılmışdı.[26] Şah Əfqanıstan əyalətlərində əvvəlcədən hakimlik edən şəxslərə toxunmadı və onlar öz vəzifələrini davam etdirdilər. Məsələn Kabul müharibəsində məğlub edilən köhnə Kabul hakimi Nəsir xan şah tərəfindən bağışlanaraq yenidən Kabul şəhərinə hakim təyin edildi. Bundan başqa Qəndaharın mühasirəsi zamanı Bəlucistana qaçan Zabul valisi Sabir xan da yenidən öz vəzifəsinə geri dönmüşdü. Qəndahar və Həzarecatı ələ keçirdikdən sonra Divan Qulu bəy Həzarecatın, Məhəbbət xan Bəlucistanın, Qəni xan isə Qəndaharın hakimi təyin edildi. Şah öz oğlu Rzaqulu xana Xorasan və Əfqanıstanın şimal əyalətlərinin idarəçiliyini tapşırdı. Şahın əmri ilə Buxaraya qədər irəliləyən Rzaqulu Mirzə Cəlilabadın 5 fərsəyliyində atasının ordusuna qoşulmuşdu.
Əfqanıstanın Nadir şah dövründəki sosial vəziyyətini qeyd etməzdən əvvəl ümumilikdə bölgənin sosial vəziyyətinin tarixini araşdırmaq lazımdır. Əfqanıstanın parçalanması 200 ilə yaxın, yəni XVI əsrdən XVIII əsrin ortalarına qədər şimalda Özbək Maveraünnəhr dövləti, qərbdə Səfəvilər dövləti, şərqdə isə Moğol dövləti tərəfindən davam etmişdir. Əfqanların müstəqillik uğrunda mübarizəsi şərq cəbhəsində Moğollara, cənub-qərbdə Səfəvi dövlətinə qarşı 1736-cı ilə qədər yəni 30 il davam etdi. Əfqanıstan bu mübarizələr və xarici müdaxilələr nəticəsində çox gerilədi. Mərkəzi dövlətini, milli azadlığını, yerli iqtisadiyyatını, əkinçiliyini və geniş ticarət imkanlarını itirdi.[27] Teymurilər dövründə inkişafının zirvəsinə çatan Herat məktəbi bir müddətdir ki, unudulmuş və mədəni fəaliyyətlərdən uzaq qalmışdı. Nəticədə Əfqanıstanın iqtisadi və mədəni mərkəzləri dağıdılmışdı. Bu dövrdə Əfqanıstanda əkinçilik, heyvandarlıq, təhsil, təlim və şəhərləşmə baxımından heç bir inkişaf olmamışdır. Qeyri-sabitlik səbəbindən mövcud ticarət yolları bağlanmaq üzrə idi. Çünki Əfqanıstandan kənarda öz mərkəzi şəhərləri olan əcnəbi hökmdarlar Əfqanıstanın mədəni və iqtisadi inkişafında maraqlı deyildilər. Hökmdarlar yalnız rabitə yollarını qorumağa çalışır və saraya xərclənməsi üçün vergilər yığırdılar. Azadlıq uğrundaki üsyanları isə çox sərt şəkildə yatırdılar. 18-ci əsrə qədər Əfqanıstanda belə bir vəziyyət hökm sürürdü. Lakin Nadir şahın Əfqanıstana gəlişi ilə Əfqanıstanın sosial, mədəni və iqtisadi şəraiti cüzi də olsa dəyişdi. Nadir şah Hindistanda moğolların, Maveraünnəhrdə isə Buxara xanlığının müdaxilələrini dayandırdı. Tayfa dövlətlərinə də son qoyan Nadir şah xanların yerinə öz adamlarını təyin etdi. Sonra əkinçilik, suvarma və ticarətin inkişafı üçün bir çox işlər görüldü. Herat məktəbinə və xeyriyyə müəssisələrinə xüsusi maraq göstərən Nadir şah ölkədə mədəni-ədəbi fəaliyyətə başlanılması haqqında fərman verdi. O, təsərrüfat mərkəzlərini bərpa edir, moğol döyüşçüləri tərəfindən dağıdılmış şəhərləri yenidən qurmağa çalışırdı. Nadir şah Hindistan səfərindən Kabula qayıdarkən Moğol dövlətindən sənət adamlarını, rəssamları, alimləri, həkimləri və sənətkarları özü ilə gətirərək onları Kabul, Qəndəhar və Heratda yerləşdirdi.[28] Bundan əlavə, Nadir şahın hakimiyyəti dövründə Əfqanıstanın sosial inkişaf prosesi də davam etdi. Ölkənin siyasi mərkəzləşməsi feodalizmin iqtisadi iflasına səbəb oldu. Nadir şahın dövründə Orta Asiyada və xüsusilə Əfqanıstan, Maveraünnəhr və İranda İslam mədəniyyəti və sivilizasiyası inkişaf edirdi. Məhz buna görə də Nadir şah özü məscid, karvansara və qalaların salınmasına xüsusi diqqət yetirirdi. Ticarət yollarını yenidən qurularaq, vaxtaşırı karvansaralar, xeyriyyə müəssisələri, qalalar üçün təchizat dükanları yaradıldı. Yenə də düşmənə qarşı müdafiə aparmaq üçün Qəndəhar, Kabul, Qəznə və Heratda qalalar tikildi. Nadir şahın hakimiyyətinin sonunda Qəndəhar, Herat, Bəlx, Kabul və Əfqanıstanın böyük şəhərlərində yeni kitabxanalar tikilmişdi.[29] Bu kitabxanalardan ən mühümlərini aşağıdakılar idi:
Bir sözlə, Əfqanıstan XVIII əsrin ortalarında Mərkəzi Asiyanın iqtisadi, mədəni və sivilizasiya mərkəzinə çevrilmək üzrə idi. Helmend bölgəsində Babur və Rüstəm bəndlərinin qurulması ilə ölkənin digər bölgələrində əkinçilik, suvarma və iş həyatı xeyli inkişaf etdi. Buna baxmayaraq, ənənəvi feodal münasibətləri hələ də pozulmamışdı və mülkədarlara məxsus böyük torpaqlar atadan oğula keçirdi.
Nadir şah iqtidarının son illərində Orta Asiyanın mədəni mərkəzlərindən biri olan Əfqanıstana İran, Mavəraünnəhr və Hindistandan alimlər, şairlər, sənətkarlar gəlirdilər. Ölkənin mədəni inkişafının ən böyük nümunəsi olaraq Herat məktəbini göstərmək olar. Paytaxtın məktəb və mədrəsələrində ustad və ariflər 11 minə yaxın tələbəyə bütün sahələr üzrə dərs deyirdilər. Məktəblərin tədris proqramında Dəri dili və ədəbiyyatı, ərəb dili, sərf, nahiv, hədis, təfsir, fiqh, üsul, məntiq, hikmət, tibb, riyaziyyat və incəsənət dərsləri var idi. Bu elmlər əsasən mədrəsə və məscidlərdə öyrədilirdi. Bəzən şəhərin mağaza və emalatxanalarında peşə təhsili də verilirdi. Bundan əlavə, Nadir şah dövründə Əfqanıstanda bir neçə yataqxana yaradılmışdı.
18-ci əsrdə bir çox əsərlər tərcümə edilmişdir. Digər tərəfdən, təhsildən və təlimdən məhrum olan qadınlara evdə həyat yoldaşları və ya qardaşları dərs deyirdilər. Ədəbiyyat, tarix, astronomiya və təbabəti əsasən elita öyrənirdi. Bu dövrdə Maveraünnəhrdən, xüsusən də Səmərqənddən külli miqdarda kağız gətirildi ki, bu da ölkənin mədəniyyət və ədəbiyyatının yüksəlməsinə səbəb oldu.[30]
Əfşar imperiyası tabeliyində ölkənin rəngkarlıq sənətində yaranan yeni üslub sonralar çini sənəti adı ilə daha da məşhurlaşdı. Əslində bu sənət sahəsi Çinə aid olmasa da Çin sənətindən təsirlənərək yaradılmışdı. Musiqi sahəsində Ustad Həsən Sanəvinin göstərdiyi səylər də diqqətə layiq idi.
Herat məktəbinin özünün məşhur ədəbiyyat və dil ustadları var idi: Dəri dilində Vaiz Muiddin və Hüseyn Kaşifi, özbək dilində Abdullah, puştun dilində Əhməd şah Puştun görkəmli sənətkarlar sırasına daxil idilər. Bəhs edildən dövrdə xəttatlıq və tarixşünaslıqda da mühüm irəliləyişlər baş vermişdi.
Nadir şah alimlərə, ədəbiyyat adamlarına, filosof və yazıçılara böyük hörmət bəsləyirdi. Onlar sarayda şah sülaləsinin təhsil və təlim-tərbiyəsi ilə məşğul olarkən, elmlə də məşğul olurdular. Bu şəxsiyyətlərin hamısı ölkə əhalisinin elmi və intellektual tərəqqisi üçün çalışırdılar. Əfqanıstanda aparılan təhsil və təlimlə bağlı səylər nəticəsində zəhmətkeş və mədəni cəhətdən zəngin bir xalq formalaşmaq üzrə idi. Lakin şəxsi rəqabətdən doğan müharibələr və lokal münaqişələr ölkənin siyasi və elmi mənzərəsinə kölgə salırdı. Bu dövrdə elmin və mədəniyyətin əsaslarına, xüsusən də kitab və kitabxanalara böyük zərərlər dəymişdir. Bu münaqişələrdə Əfqanıstanın elmi və mədəni sərvətləri ya talan edildi, dağıdıldı, ya da müharibələrdə yandırıldı.
18-ci əsrin birinci rübündə Əfqanıstanın böyük şəhərlərinin əhalisi 150 ilə 400 min arasında dəyişirdi. Bu dövrdə Avropa şəhərləri də yenicə inkişaf etməyə başlamışdı və sənətkarlar, fəhlələr, məmurlar, tacirlər ilə şəhərlər getdikcə sıxlaşırdı. İncəsənət və elmin inkişafı, mərkəzləşdirilmiş dövlətin güclənməsi, sənətkarlıq və ticarətin böyüməsi Əfqanıstanın şəhərlərini böyük və əzəmətli hala gətirib çıxarmışdı. Bəlx, Mərv, Nişapur, Herat Bamiyan və Qəndəhar Orta Asiyanın görkəmli şəhərlərindən idi. Bu şəhərlərin eləcədə böyük sənətkarlıq, ticarət, mədəniyyət və hərbi mərkəzlər idi. Şəhərin özəl hissələrində dövlətin iri və hündür binaları, əyan və tacirlərin əzəmətli evləri var idi. Onlar bəzən əhəng və kərpicdən, bəzən də çiy kərpicdən tikilirdilər. Küçələr və bazarlar geniş, evlərin və bazarların ətrafı hasarlarla əhatəli idi. [31]Bu geniş bazarların arasında hündür minarəli məscidlər, böyük karvansaralar, bəzən də şərab içilən yerlər, məktəblər və hamamlar yerləşirdi. Bunlar mədəni quruluşun əsas mərkəzləri hesab olunurdu. Bazarların təmizlənməsi və tənzimləməsi xalq tərəfindən həyata keçirilirdi, mühtəsib isə maliyyə işlərinə nəzarət edirdi. Şəhne adlanan zabit isə şəhərin təhlükəsizliyindən məsul idi. Dövrün tədqiqatçılarının rəvayətlərinə görə Nadir şah Hindistan yürüşündən gələrkən Əfqanıstanın Bəlx, Herat, Kabil, Qəzni və digər böyük şəhərlərinin hər birində 400 sənətkar və 200-dən çox tacir və varlı şəxs yaşayırdı. Bu məlumat bəhs olunan dövrdə ölkənin iqtisadi gücünü göstərmək üçün kifayət idi.Bu şəhərlər müdafiə baxımından çox gülcü idilər və hündür divarlar, qalalar və qüllələrlə qorunurdular. Şəhərlərdə qalalar, qəsəbələr və məhəllələr də var idi. Şəhərin qalaları gecələr bağlanır, giriş-çıxışlar qadağan edilirdi. Üzüm bağları, əkin sahələri və bağ evləri şəhərdən kənarda yerləşirdi.[32]
Şəhərdə yaşayan elit və varlı təbəqənin dəbdəbəli həyat tərzi var idi. Onların hər birinin öz nökərləri, kənizləri və qız-gəlinləri var idi və onlar tez-tez əyləncə, şərab və rəqs məclisləri keçirirdilər.
Varlı orta təbəqə təmizliyi, nizamı və əyləncəni eyni dərəcədə sevirdi. Aşağı təbəqədən olan və varlı ailələrdə işləyən qulluqçuların və eşikağalarının rifah səviyyəsi yüksək idi. Fəhlələr və muzdlu işçilər kəndlilər kimi işləyirdilər. Şairlərə, ədiblərə, mollalara, həkimlərə, tacirlərə, pul dəyişdirənlərə hörmət bəslənilirdi. Sənətkarların və kiçik müəssisə sahiblərinin öz peşə birlikləri var idi və rahat və təhlükəsiz şəkildə çalışırdılar. Ölkədə sənətkarlığın inkişafı şəhər təbəqələrinin əməyinin məhsulu idi. Şəhərlərdəki müxtəlif dini icmaların öz imamları və rəhbərləri var idi və onlar tez-tez öz müxalif əqidələri ilə ziddiyyət təşkil edirdilər. İslam məzhəblərinin imamlarından fərqli olaraq, seyidlərin də “nəkib” adlandırdıqları öz rəhbərləri var idi.Onlar nüfuz və etibar uğrunda bir-biri ilə rəqabət aparırdılar.[33]
Ölkədə iri şəhərlər, bazarlar, məscidlər, üzüm bağları, ticarət mərkəzləri var idi və əsas fəaliyyətlər ağsaqqallar evlərində və məscidlərdə aparılırdı. Kəndlərin gil daxmaları, dar, çirkli yolları var idi və bütün mədəni işlərdən, faytonlardan məhrum idilər. Yerli ağalar əkin sahələrinin mərkəzində və kəndli daxmalarında,o cümlədən möhkəm qalalarda yaşayırdılar. Çox güman ki, onların çevrələrində şəxsi dərziləri, dəmirçilər, dülgərlər, dabbalar və toxucular kimi məhdud sayda sənətkarlar var idi. Nadir şahın əmri ilə qurulan şəhərlərin ən əhəmiyyətlisi Nadirabad şəhəridir. Şəhər Qəndəharın Penevayi mahalının şimalında altı ayda daş və palçıqdan tikilmişdir.
Şəhərin daxilində salınan qalalar müdafiə məqsədilə, ətrafında tikilən evlər isə Abdali qəbilələrini yerləşdirmək üçün nəzərdə tutulmuşdu.Əhməd şah Dürrani tərəfindən indiki Qəndəhar şəhərinin salınması ilə Nadirabad şəhəri öz nüfuzunu itirmiş və günü-gündən xarabaya çevrilmişdir. Hazırda Nadirabad şəhərinin izləri günümüzdə də qalmaqdadır.[34]
XVIII əsrin əvvəllərində Əfqanıstan iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Əkinçilik əsrlər boyu bölgənin əsas güzəranı olmuşdur və zaman keçdikcə qonşu ölkələrdə yeni əkinçilik üsulları, toxum sortları inkişaf etdikcə onlar da bu ölkələr vasitəsilə Əfqanıstana da gəlmişdilər. Əhali həm də maldarlıqla məşğul olurdu. Su arxları, kanallar, bəndlər, dəyirmanlar, suvarma çarxları, torpağı hazırlamaq üçün istifadə olunan dəmir alətlər Tahirilər, Səffarilər, Qəznəvilər, Teymuri və Moğol dövründən XVIII əsrə qədər eyni olaraq qalmışdı. Heratda Abdali, Qəndəharda Hotaki hakimiyyəti dövründə dövlətin xalis gəliri kənd təsərrüfatı vergilərindən ibarət idi. Hotaki dövləti heyvandarlığın və üzümçülüyün inkişafı üçün əhəmiyyətli səylər göstərmişdir. Əfşar hakimiyyəti dövründə isə kənd təsərrüfatı və ticarət daha da inkişaf etmişdir. [34]
Əfşarlar yaşıl otlaqları və nisbətən yaxşı iqlimə sahib olan Əfqanıstandan imperiyanın qida ambarı kimi istifadə edirdilər. Qərb hövzəsinin və Taharistan bölgəsinin atları və dəvələri, Sistan əyalətinin isə inəkləri son dərəcə məşhur idi. Burada arpa, buğda, pambıq, düyü, üzüm, kişmiş, badam, qoz eləcə də bir çox süd məhsulları istehsal olunurdu. Bəhs edilən dövrdə Əfqanıstan mədənlərindən qızıl, gümüş, dəmir, mis, qalay, qurğuşun, ammonyak kimi metallar ibtidai alətlərlə çıxarılırdı.[31] 1725-ci ildə Heratda yerli Abdali hökuməti qurulduqdan sonra kiçik sənətkarlıq və mexanikləşdirilmiş sənaye xeyli inkişaf etdi.Nadir şahın hakimiyyəti illərində burada toxuculuq sektorunda daha bahalı eleqant parçalar, ayaqqabı və papaqlar istehsal olunurdu. Dəri emalı, metal emalı, xalçaçılıq, gil və mis qabların istehsalı, silah-sursat, xüsusilə əl işi qılıncların hazırlanması, parlaq at sabunu istehsalı, zərgərlik, misgərlik, memarlıq və odun sənayesi, oyma, rəssamlıq, işıqlandırma və digər sənətkarlıq sahələri çiçəklənmə dövrü yaşayırdı.[35]
Nadir şah yürüş etdiyi ölkələrdə müxtəlif sənət sahələrindən bir çox sənətçiləri paytaxt İsfahana, digər qismini isə bədii fəaliyyət göstərmək üçün Kabil, Bəlx və Qəndəhar şəhərlərinə aparmışdır. Xülasə, sənətkarlar Əfşar dövləti tərəfindən dəstəklənir və qorunurdu. Rəssamlar arasında incəsənət sahəsində rəqabət başlamışdı ki, bu da Səfəvilər dövləti ilə əfqanlar arasında gedən müharibələrdə dağıdılan Herat sənətkarlıq məktəbinin yenidən meydana çıxmasına səbəb oldu. Əfşar imperiyasının fərmanı ilə Əfqanıstanın böyük şəhərlərində gümüş və qızıl sikkələr zərb edilməyə başlandı. Bununla belə, ölkənin bəzi şəhərlərində köhnə metal sikkələrdən istifadə olunmağa davam edirdi. Ticarət baxımından mal mübadiləsi şəklində baş verən kommersiya anlayışı var idi, məsələn, bir qədər düyü qarşılığında buğda verilirdi. Ölkənin mərkəzi hissələrində müxtəlif metalların qarışığından yeni materiallar hazırlanırdı. Məsələn, sikkələr gümüş, mis, qızıl, qurğuşun və qalaydan hazırlanırdı.[36] Əfqanıstan şəhərlərində təngə adı ilə zərb edilən sikkələr bir müddət sonra gümüş təngəyə çevrildi. Təngə sikkəsi tezliklə Maveraünnəhr və Hindistan dirhəmini əvəz etdi. Bir hind təngəsi bir metal təngeyə, bir əfqan təngəsi isə 20 mis təngəyə bərabər idi. Üç təngə bir gümüş rupiyə, 20 rupi isə bir misqal qızıla bərabər idi. Lakin Nadir şah Əfşarın zərb etdiyi sikkələr tümən vahidləri ilə də istifadə olunurdu.[37]
Bu dövrdə Əfqanıstan şəhərlərində kənd təsərrüfatı məhsulları Hindistan valyutası olan Hindistan rupisi ilə alınıb satılırdı. Ölkədə 3 kilo buğdanın qiyməti 0,5 hind rupisi, münbit kəndlərdə isə 21 kq buğda 1,5 hind rupisinə satılırdı. Eyni dövrdə İsfahanda 24 kilo buğda eyni qiymətə, lakin tümən vahidi ilə satılırdı. Aclıq dövründə taxılın qiyməti görünməmiş dərəcədə bahalaşmışdı.
Nadir şahın hakimiyyəti illərində Hilmənd, Harirud Murqab və Kabil çaylarından torpaqların suvarılması üçün su kanalları və bəndlər tikilmişdi. Bu hadisə kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, ölkə iqtisadiyyatının günü-gündən inkişafına imkan yaratdı. Ölkənin münbit əkin sahələri hakim təbəqənin və ya vəqf şəklində üləmaların əlində idi. Üləma və iri mülkədarlar öz torpaqlarını müxtəlif təbəqələrdə kəndlilərə icarəyə verir, hər biri torpağa naib adlanan bir keşikçi təyin edirdilər. Bu şəxs kəndlilərdən vergi toplayır və çoban tərəfindən sürülən mülkədarın mal-qarasının sayına nəzarət edirdir. Nadir şahın hakimiyyəti dövründə Əfqanıstanda ticarəti keçid, idxal və ixrac sahələrində Hindistan, Çin, İran, Mavəraünnəhr və Osmanlı İmperatorluğu ərazilərində yenidən inkişaf etdirildi.[38][39] Əfqanıstanın bu ölkələrlə ticarəti Nadir şah dövründən Əhməd şah dövrünün sonuna qədər müəyyən bir müddət ərzində davam etdi. Bir neçə minlik at və dəvədən ibarət karvanlar ölkənin əsas yollarından qonşu ölkələrə doğru hərəkət edirdilər. Nişapur, Bəlx və Əndərab şəhərlərində tapılan qızıl və gümüş sikkələr Əfqanıstan, İran, Hindistan və Maveraünnəhrin arasında ticarət əlaqələrinin ən bariz sübutudur. Orta Asiya, Hindistan və Çin malları İrandan Aralıq dənizi sahillərinə karvanlar vasitəsilə daşınırdı. Bu qafilələrlə heyvanlar, toxuculuq məhsulları, ədviyyatlar, metal alətlər, qiymətli daşlar, kağız, şüşə və mis qablar, yun, incə parçalar, zərgərlik məmulatları, dərilər, xəzlər, şamlar, yağlar, silahlar, xalçalar və s. məhsulları aparılırdı. Təhlükəsiz ticarət yolları və qədim karvansaralar xeyli inkişaf etmişdi. Əyalət hakimləri öz ticarət mallarını və yollarını qorumaq üçün Nadir şah qarşısında məsul idilər.
Xarici ölkələr haqqında mədəni və coğrafi məlumat vasitəsi olan tacirlər Əfqanıstanda sanballı mövqedə idilər. Sərraflar da şəhərlərdə maliyyə işləri ilə məşğul olub, dirhəm, təngə, tümən və rupi mübadiləsindən qazanc əldə edirdilər. Yol boyu ticarət mallarının keçdiyi əyalətlərdə təhlükəsizlik qarşılığında vergilər yığılırdı.[40] Beləliklə, kəndlərlə şəhərlər arasında ticarət mübadilələri günü-gündən inkişaf edirdi. XVIII əsrin ortalarında Əfqanıstanın böyük mülkədarları əkinçiliklə deyil, şəhərlərdə və kəndlərdə ticarətlə, pul mübadiləsi və qazanc əldə etməklə məşğul olurdular. Dürrani dövlətinin onlara payladığı torpaqları gülcü və yerli torpaq ağaları vasitəsilə torpaqsız və ya yoxsul kəndlilərə icarəyə verirdilər. Halbuki varlı kəndlilər özləri əkinçiliklə məşğul olurdular, ehtiyacı olanları və yoxsulları mövsümi kənd təsərrüfatı işçiləri kimi işlədirdilər.
Mənbələrdə Nadir şahın Əfqanıstana etdiyi köçlərə ilk əvvəl Qəndəhar vilayətinin mühasirəsi zamanı rast gəlinir. Nadir şah Qəndəhar vilayətini ələ keçirmək üçün Xorasan bölgəsindən 600 əfşar türkünü əsgər olaraq Əfqanıstana gətirdi. Qəndəhar vilayəti ələ keçirildikdən dərhal sonra onların bir qismi Herat vilayətinə yerləşdirildi. Heratda yaşayan əfşar türkləri ömürlərini əkinçilik və ticarətlə keçirdilər. Qalanları isə 1738-ci ildə Nadir şahın əmri ilə Qəznə və Kabil əyalətlərində yaradılmış məntəqələrə yerləşdirildi. Kabildəki əfşarlar da həm ticarətlə məşğul olur həm də hərbi işlərdə çalışırdılar. Nadir şah Kabil vilayətini ələ keçirdikdən sonra Kabilin şimalına doğru irəlilədi və burada öz hökmranlığını möhkəmləndirmək üçün Şimali Azərbaycanın Qarabağ bölgəsindən bir sıra azərbaycanlı ailəsini Əfqanıstanın Dəşti Kəlan bölgəsinə köçürdü. Sonralar oradakı azərbaycanlıların istəyi ilə Dəşti-Kəlan Qarabağ adlandırıldı. Bu iki tayfadan başqa, Nadir şahın fərmanı ilə 1732-ci ildə Əfqanıstanın Hilmənd və Zabul vilayətlərinə Səfəvilər dövlətinin tabeliyində olan Bəxtiyari tayfaları da köçürülmüşdür.[41] [42]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.