From Wikipedia, the free encyclopedia
Jan Kalvin (10 iyul 1509[1][2], Nyayon[d], Pikardiya, Fransa krallığı[3][2] – 27 may 1564[1][2], Cenevrə, Cenevrə Respublikası[d][3][2]) — XVI əsrin məşhur din islahatçısı, Kalvinizm təriqətinin banisi.
Jan Kalvin | |
---|---|
fr. Jean Calvin[1] | |
Doğum tarixi | 10 iyul 1509[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 may 1564[1][2] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sepsis[4] |
Təhsili | |
Fəaliyyəti | pastor[d], reformasiyaçı[d], ilahiyyatçı, vəkil, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
10 iyul 1509-cu ildə Fransanın Pikardiya əyalətinin Nuayon şəhərində vəkil ailəsində doğulmuşdur. Jan əvvəlcə keşiş olmaq arzusuna düşmüş, lakin ixtisasca hüquqşünas olan atasının təkidi ilə on dörd yaşında Parisə hüquq təhsili almağa yollanmışdır. Burada on səkkiz yaşınadək kilsədə vaiz vəzifəsində çalışmışdır. Təhsilini təkmilləşdirmək üçün Parisdən Orleana, oradan da Burja getmişdir. Burada məşhur hüquqşünas Andrea Alsianın rəhbərliyilə Roma hüququnu öyrənmişdir. Başqa bir müəllim Melxior Volmardan isə humanitar elmlər üzrə təhsil almışdır. Atasının vəfatından sonra hüquq təhsilini yarımçıq qoyaraq Nuayona qayıtmış, oradan da Parisə dönmüşdür.
Müəllimi Volmarın məsləhəti ilə ilahiyyat təhsilini almış və ilk elmi əsərini- Senekanın "Mülayimlik haqqında" traktatına şərh yazmışdır. Təxminən həmin dövrdə protestantlığı qəbul etmişdir. O, Paris Universitetinin rektoru Nikolə Kopa üçün "Xristian fəlsəfəsi" adlı nitq yazmışdır. Rektor bu nitqi söylədikdən sonra onun həbsi haqqında qərar çıxarılmışdır. Kalvin cənuba, sonra isə Bazel şəhərinə qaçmağa məcbur olmuşdur. Bazeldə "Xristian inancı üçün təlimat" əsərini yazmışdır. 1536-cı ildə Cenevrəyə köçmüş, orada yerli protestant icmasının yaradılmasında fəal iştirak etmişdir. Bir il sonra "Katexezis" adlı protestant əqidəsinin qısa izahını yazmışdır. Sonra hakimiyyətə islahat əleyhdarlarının gəlməsi nəticəsində işdən qovulmuş və Strasburqa gəlib burada Akademiyada və kilsədə çalışmışdır. 1541-ci ildə isə Cenevrə şurasının təklifini qəbul edərək geri dönmüşdür. Kalvin şuraya şəhər idarəsinə dair planını təklif etmiş və bu plan qəbul olunmuşdur. Beləliklə, bu dövrdən etibarən, Cenevrə teokratik dövlətə çevrilmişdir. Bütün hakimiyyət Kalvinin başçılıq etdiyi kiçik Şurada cəmlənmişdir. Bu hadisələrə görə ona hətta "Cenevrə Papası" adı verilmişdir.
O, çox sadə həyat sürmüşdür. 1559-cu ildə onun təşəbbüsü ilə missionerlərin hazırlanması üçün ali məktəb-Cenevrə Akademiyası təsis olunmuşdur. 1564-cü ilin fevralın 6-da kilsədə moizə edərkən Kalvinin halı qəflətən pisləşmiş və uzun sürən xəstəlikdən sonra mayın 27-də vəfat etmişdir. Vəsiyyətnaməsinə əsasən onun qəbri üzərində məqbərə tikilməmiş və vaxt keçdikcə tamamilə itmişdir.
Kalvinin özündən sonra qoyduğu irs son dərəcə genişdir. O, Bibliyanın bütün kitablarına şərhlər yazmış, çoxlu pamflet, ilahiyyat traktatları və polemik əsərlərin müəllifi olmuşdur.
Jan Kalvinin qurduğu kilsə, əsasən rasionalizm tərəfdarı kimi çıxış edir və mistisizmi bir çox hallarda inkar edirdi. Kalvinizmi digər xristian istiqamətlərindən ayıran əsas fikir "Tanrının hər yerdə olan mütləq hakimiyyəti" tezisidir.
O yazırdı: "Bizim bütün hörmətəlayiq və sədaqətli müdrikliyimiz iki əsas hissədən ibarətdir. Tanrını tanımaq və özümüzü tanımaq". Kalvinə görə bu iki amil bir-biri ilə sıx bağlı olsa da, birinciliyi həmişə Tanrını tanımağa vermək lazımdır. O buna "dini toxum" adı vermiş və yazırdı ki, bu toxum bütpərəstlər də aid olmaqla hər insanda əkilmişdir. Lakin bu kifayət deyildir və bunun səbəbi insanın Tanrıdan uzaq olmasıdır. Buna görə də ilahiyyat haqda zəruri bilgiləri birbaşa yalnız Tanrının sözləri həkk olunan Müqəddəs yazılardan almaq mümkündür. Yalnız Tanrı bizi vəhyin düzgün mənasına apara bilər. Kalvinin "xilas haqda doktrina"sının mərkəzində Müqəddəs Ruh durur. Onun fikrinə görə insanın ruhunu yalnız Müqəddəs Ruhun köməyi ilə qurtarmaq mümkündür. O, imanı artırır, Tanrını tanımağa kömək edir və İsa ilə birləşməyə yardımçı olur. Kalvin hesab edirdi ki, Müqəddəs Ruh tövbə etməyə vadar edir və əsası fədakarlıqdan, dua etməkdən, əbədi həyatı gözləməkdən ibarət olan əsl xristian həyatına başlamaqda yardımçı olur. Bununla da insanın nəzərində Tanrının rolu getdikcə böyüyür və insan özü isə kiçilir. Protestant müəllifləri arasında yalnız Kalvin qəti olaraq bildirmişdi ki, xristian həyatının əsas məqsədi Tanrının ilahiyyat elmi tərəfindən tanınması deyil, Onun əmrlərinə qeyd-şərtsiz tabelikdir.
Kalvin kilsənin qurulmasına da xeyli diqqət ayırmışdır. Onun düşüncəsinə görə kilsə iman obyekti deyil, bütün dindarların toplandığı məkandır. Kalvinə görə kilsə əsasən, onun xadimlərində təcəssüm edir Onlar da xalqa moizə və yüksək nizam-intizam sayəsində təsir imkanı qazanırlar. Yalnız Tanrı sözü sayəsində kilsə əsl dindarlar yığıncağına çevrilir. O, belə hesab edirdi ki, Katolik kilsəsi bu tələblərə cavab vermir.
Kalvin dövlət hakimiyyətini də mühüm ünsür hesab edirdi. Dövlətin yaranması ilk günahın nəticəsi deyil. O, Tanrının insanlara duyduğu xoş hisslərin təcəssümüdür. Dövlətin funksiyası on əmrin icra olunması kimi başa düşülən qanunların və nizam-intizamın qorunmasından ibarətdir. Kalvin xristianların dövlət idarəsində iştirakını təkid edirdi. Onlar hakimlərə itaət etməli, hətta onların zülmə tabe olmalı idi. Lakin Kalvin hakimiyyətin aşağı pillələrində duran şəxslərin özünümüdafiə hüququnu da tanıyırdı. Daha sonra bu ideyanın "daxilindən" insan hüquqlarına dair fikirlər götürülmüşdü.
Jan Kalvin Cenevrədə hakimiyyətdə olduğu müddətdə buranı tamamilə qatı dini, dözümsüz dövlətə çevirmişdi. Hər növ əyləncələr qadağan edilmiş, teatrlar bağlanmış, hətta uşaqlara ad qoymaq işi də valideynlərdən alınaraq şəhər şurasına verilmişdi. Cəmiyyətdə qorxu və nəzarət rejimi bərqərar olmuşdu. Küfr cinayəti üstündə həbs edilən və edama məhkum olunan şəxslərin sayı həddindən artıq idi. 1542–1546-cı illərdə 58 nəfər edam edilmişdi, bunların arasında valideynlərini vuran bir azyaşlı uşaq da olmuşdur. Kalvin müxaliflərinə qarşı da amansız idi. 1553-cü ildə o, fikir düşməni olduğu, daha sonra da bu düşmənçiliyin şəxsi məcraya keçərək böyüdüyü ispaniyalı həkim və ilahiyyatçı Migel Serveti yaxalayaraq, tonqalda yandırılmasını təşkil etmişdi. Bu tipli dözümsüzlük halları onu tənqid etmək üçün ən əsas səbəblərdəndir.
Təzadlı fəaliyyətinə baxmayaraq, Kalvin, müasir insan hüquqları və Qərbdə liberal-demokratik düşüncə tərzinin inkişafına təsirilə fərqlənən din xadimidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.