Cümə məscidi (Şamaxı)

Şamaxıda məscid From Wikipedia, the free encyclopedia

Cümə məscidi (Şamaxı)map

Şamaxı Cümə məscidiŞamaxı şəhəri ərazisində yerləşən məscid. Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Cəld faktlar Ölkə, Şəhər ...
Cümə məscidi
Thumb
Thumb
40°37′36″ şm. e. 48°38′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şamaxı
Yerləşir Şamaxı
Aidiyyatı Əməvilər xilafəti
Memar Zivər bəy Əhmədbəyov
İosif Ploşko
Sifarişçi ~ Məsləmə ibn Əbdülmalik
Əsas tarixlər 1123 - gürcülər tərəfindən dağıdılıb
XVII əsr - ikinci dəfə yenidən qurulub
1859 - zəlzələdən sonra yenidənqurma
1902 - dördüncü dəfə yenidən qurulub
1918 - erməni daşnakları tərəfindən yandırılaraq dağıdılıb
2009-2013 - restavrasiya edilib
Tikilmə tarixi 743-744
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Minarələri 2
Günbəzləri 4
Vəziyyəti fəaliyyət göstərir
İstinad nöm.318
Kateqoriyaməscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Məscid 743-744-cü illərdə inşa edilmişdir. Şamaxı cümə məscidi Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir. Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856 və 1902-ci illərdə baş vermiş Şamaxı zəlzələləri zamanı dağılmış, birinci dəfə Qasım bəy Hacıbababəyov, sonra isə İosif Ploşko tərəfindən bərpa edilmişdir. 1918-ci ildə ermənilər tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2010-2013-cü illərdə aparılmışdır.

Şamil Fətullayev-Fiqarov qeyd edir ki, “Azərbaycan memarlıq tarixində Şamaxı cümə məscidinin əhəmiyyəti o qədər böyükdür ki, onun memarlıq, arxeoloji və elmi-tədqiqat baxımından diqqətlə öyrənilməsi bu qədim qurğunun tarixi haqqında dolğun təsəvvür yaratmağa imkan verir və həmçinin Şirvan-Abşeron memarlıq məktəbinin bir çox aspektlərini işıqlandırır."[1]

Tarixi

İnşası

Thumb
Qafqaz Albaniyası 750-ci ildə Ərəb Xilafətinin tərkibində

Məscid 743-744-cü illərdə inşa edilmişdir.[2] XIX əsrə qədər Şamaxı cümə məscidinin tikilmə mərhələləri haqqında demək olar ki, heç bir məlumat yox idi. Onun formalaşmasının başlanğıcı qrafik və mətn sənədlərinin mövcud olmadığı erkən orta əsrlərə gedib çıxır. ŞamaxıDərbəndin tarixini araşdıran tədqiqatçılar bir qayda olaraq bu məscidin adını çəkməmişlər.

Məlumdur ki, ərəblər işğal etdikləri ərazilərdə yerli sənətkarların xidmətindən geniş faydalanırdılar. Həmin ustalar da öz növbəsində peşə fəaliyyətlərini yerinə yetirərkən təhtəlşüur olaraq yaratdıqları tikililərdə məlum və ənənəvi tikinti-memarlıq üsullarının yayılmasında iştirak etmişlər. Bu şərtlər, həmçinin regional və iqtisadi imkanlar İslam memarlığında yerli müstəqil məktəb və istiqamətlərin meydana çıxmasına müsbət təsir göstərmişdir.

Məscid xəlifə Validin qardaşı, VIII əsrdə ŞirvanDağıstanı fəth edərək bu ərazilərdə İslamı yaymış Əbu Müslümün hakimiyyəti dövründə inşa olunmuşdur. Ehtimal ki, Şamaxı cümə məscidinin planlaşdırma strukturunun formalaşması orta əsr Azərbaycanında (XII-XIII əsrlər) mədəniyyət və incəsənətin çiçəklənməsi dövründə tamamlanmışdır.[3] Zalların hər biri ayrıca təyinat üzrə istifadə edilmişdir. Ehtimal etmək olar ki, həmin vaxtdan etibarən yenidənqurma, bərpa və əsaslı təmir işləri ilə əlaqədar memarlıq-quruculuq üsulları istisna olunmaqla, Cümə məscidinin planlaşdırılma sistemində əhəmiyyətli dəyişikliklər baş verməmişdir. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, “Tikilinin tarixinin müəyyənləşdirilməsi ilə bağlı təəssüfləndirici hal budur ki, 1918-ci ildə məscidin ermənilər tərəfindən yandırılması zamanı, bina üzərindəki qədim yazılı kitabə daşları məhv olmuşdur.”[3]

1902-ci ildə baş verən zəlzələ Şamaxıda ciddi dağıntılara səbəb olur. Şəhərə xüsusi komissiya tərəfindən baxış keçirilməsi zamanı Tiflisdən gələn geoloq şahzadə Şalkuli Qacar ərəb yazısı ilə müəyyənləşdirdi ki, Cümə məscidi müsəlman tarixi ilə 123-cü ildə yaranmışdır. Beləliklə də aydın olmuşdur ki, Şamaxı cümə məscidi miladi təqvimlə 743-cü ildə inşa edilmişdir və Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir.[4]

Bərpası

Orta əsrlər yenidənqurması

Thumb
Şamaxıda Cümə məscidi. Qriqori Qaqarin. 1848-ci il.

Səlcuqluların dövründə yaşamış tarixçi İmadəddin İsfahaninin məlumatına görə, Şirvanşahlar 1123-cü ildən başlayaraq, gürcülərin talançı basqınlarından müdafiə məqsədilə, yardım üçün səlcuqlu Sultan Mahmuda (1118-1131) müraciət edirlər.[5] O yazır ki, o vaxt onlar Şamaxı şəhərinə hücum edərək "məscidi dağıtmışlar, minarəni uçurmuşlar, və şəhərdə quldurluq edirmişlər".

Cümə məscidinin ilk rekonstruksiyası XII əsrin sonundan başladı və Cümə məscidinin dəfələrlə xəsarətlər almasına baxmayaraq, tamamilə məhv olmamasının səbəbi III Böyük Mənuçöhrün dövründə Şirvanşahların güclənməsi ilə bağlı idi. Tarixçi-arxeoloq Q.Ciddi, tarixi qaynaqlara və inşaat kitablarına əsaslanaraq, quruculuq işlərinə görə III Mənüçöhrün "Böyük xaqan" adlandırıldığını deyir.

Məscidin ikinci rekonstruksiyası XVII əsrdə, Səfəvilərin dövründə baş verir. 1656-cı ildə Şamaxıda olan Övliya Çələbi vilayətin ən böyük ibadəd ocaqlarından biri adlandırır. O həm də, Səfəvilər dövründə məsçidin bəzi struktur dəyişikliklərinə məruz qaldığını qeyd edir.[6]

Qasım bəy Hacıbababəyovun restavrasiyası

Thumb
1859-cu il Şamaxı zəlzələsindən sonra şəhərin məhəllələrinin, o cümlədən memarlıq abidələrinin bərpasına Qasım bəy Hacıbababəyov rəhbərlik etmişdi.

Məscidin növbəti yenidənqurması 1859-cu il zəlzələsi vaxtı məscidə toxunan böyük zədələrdən sonra başlanıb və 1860-cı ildə quberniya memarı Qasım bəy Hacıbababəyov tərəfindən həyata keçirilib. Bu rekonstruksiya rus rəssamı Qriqori Qaqarinin eskizləri əsasında aparılıb.[7]

1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrilir. Lakin şəhər və quberniya memarı Qasımbəy Hacıbababəyovun düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunub saxlanıldı. Bununla yanaşı onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər inşa olundu. Şamaxının şəhər teatrı (1858-ci il), hamam, Cümə məscidinin qonşuluğunda (1877-ci il) inşa olunmuş 2 minarəli məscid və sair bu qəbildən olan tikililərdir. Cümə məscidində əsaslı bərpa işləri məhz 1859-cu il zəlzələsindən sonra aparılmışdır.[7]

Qasımbəy Hacıbababəyovun Cümə məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar şəhərin baş memarı kimi fəaliyyət göstərmiş memarın Şamaxı Cümə məscidinin bərpasına bilavasitə rəhbərlik etməsi heç bir şübhə doğurmur.[8] 1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər Şamaxının Cümə məscidi kompleksi öz əhəmiyyəti və nəhəng görünüşü ilə şəhərin mərkəzi siluetində yenə də ucalırdı. Lakin zəlzələdən şəhərin demək olar ki, bütün yaşayış, dini və mülki tikililəri tamamilə dağılmış, o cümlədən Cümə məscidinə böyük ziyan dəymişdi. Şirvanşahlar paytaxtının şanlı memarlıq tarixini əks etdirən şəhər misilsiz itkilərə məruz qalsa da xarabalar içindən yenidən qalxıb dirçəlirdi.[8]

İosif Ploşkonun restavrasiyası

Thumb
Məscid 1902-ci il zəlzələsindən sonra

XX əsrdə Cümə məscidinin Şamaxının planlaşdırılmasında və tikintisində tarixi abidə kimi əhəmiyyəti qəbul olunmuş və Qafqazın ali hakimiyyət orqanlarının diqqət mərkəzində olmuşdur. Bunu general-leytenant Yermolovun knyaz Mədətova (rus.) yazdığı məktub da təsdiq edir. O, yazırdı: "Ərzaqları böyük məsciddən başqa yerlərə təcili şəkildə daşımaq haqqında göstəriş vermək lazımdır. Zabit-mühəndisə təklif olunsun ki, təmir üçün lazım olan şeyləri aydınlaşdırıb dəqiq planlar hazırlasın və mənə göndərsin.” [3]

1903-cü ilin oktyabr ayında Cümə məscidinin bərpası üçün ianə toplamaq üzrə Komitə təşkil olundu. Komitə qarşısında əsrlər boyu Şirvanın mövcudluğunun və böyüklüyünün simvolu olan yarıdağılmış məscidin qorunması kimi məsuliyyətli vəzifə dururdu. Ölçmə çertyojları və başqa materiallar olmadığına görə abidəni tam bərpa etmək müşkül idi. Başqa bir yol isə qədim bünövrə və qorunmuş hissələrin saxlanılması əsasında məscidin bərpa edilməsi idi. İnteryerini daxili məkana plastika cazibədarlığı, yüngüllük və prespektivlər verən tağlar, feska və arabeskalar bəzəyən, Şərqin bir çox dini tikililərindən fərqlənən məscidi unikal memarlıq abidəsi kimi qiymətləndirməyən Komitə ikinci variantı seçir. 1902-ci ildə “Kaspi” qəzetinin 215-ci sayında qəzetin müxbiri “Şamaxı” adlı məqaləsində yazırdı: “Məscidin hətta dağıntıları da özünə hörmət hissi oyadırdı. Ayrılmış divarlar başqa tikililərdə olduğu kimi parçalanmamış, onlar yıxılaraq bütöv bir daş kimi dururlar.”[9]

Məscidin inşası üzrə komitə Şamaxıda doğulmuş mülki mühəndis Zivər bəy Əhmədbəyova Cümə məscidinin yeni binası üçün layihə hazırlamağı tapşırdı.[10] O, həm də dağıdılmış binanın cizgilərini saxlamalı və qismən də olsa binanın qalan hissələrindən istifadə etməli idi. Zivər bəy inşaat işlərinə başlayır, kürsülük daşı qoyulur, mərkəzi mehrabın arxa divarı qismən tikilmiş və yan divarların inşası davam edərkən memar və Komitə arasında narazılıq baş verir. İnşaat işləri dayandırılır və Əhmədbəyov tikintini tərk edir.[10] Komitə məscidin layihələşdirilməsini davam etdirmək xahişi ilə İosif Ploşkoya müraciət edir. Ploşko Zivər bəy Əhmədbəyovun plan quruluşunu saxlayaraq memarlıq həllinin öz variantını təklif etdi.

Thumb
Thumb
1902-ci il Şamaxı zəlzələsindən sonra məscidin bərpa layohəsində işləmiş Zivər bəy Əhmədbəyovİosif Ploşko

Müxtəlif Avropa və tarixi üslublardan istifadə edərək layihələr yaratmağa adət etmiş İ. Ploşko üçün bu adi bina deyildi. Şamaxı cümə məscidinin layihələşdirilməsi zamanı o mövcud layihə və qismən aparılmış tikinti işləri ilə məhdudlaşmışdı. Məscidin layihəsini tərtib etməmişdən qabaq o, bir daha Bakı və Şamaxının tikililəri ilə tanış olmağa, Şirvanşahlar saray kompleksinə, Bakı qalası minarələrinə diqqət yetirməyə məcbur olmuşdu. Onlar həmişə yalnız alimlərin deyil, həm də bir sıra Bakı memarlarının tədqiqat mövzusu olmuşdur. Şübhəsiz ki, Bakı forştadtında yerləşən Təzəpir məscidi də Ploşkonun diqqətini çəkən abidələrdən olmuşdur.[11]

Həmin dövrdə Bakıda Şərq memarlığının müxtəlif traktə və təfsirində inşa olunmuş bir neçə tikili var idi. Milli irsdən tənqidi şəkildə istifadə Bakıya gəlmiş memarların ciddi öyrənmə predmeti deyildi, həm də o dövrdə Avropa eklektikası və üslubların çiçəklənmə dövrü idi. İ. Ploşko 1909-cu ildə məscidin inşası üzrə Komitəyə ustalıqla hazırlanmış layihə təqdim etdi. Layihədə dini tikili İslamın memarlıq obrazlarında öz bədii təcəssümünü tapmışdı.[11]

Həcm həllinin səciyyəsinə görə ciddi simmetrik kompozisiya sabit tikili deyildi. Baş fasadın çatma tağ sırasının üfüqi həcmi üzərində yüngül pavilyonlu açıq eyvanlara dayaq olan stalaktit pərvaza qədər get-gedə nazikləşən hündür minarələr səmaya doğru yüksəlir. Minarələrin şaquliliyi gərilmiş yay kimi son həddə çatdırılmışdır. Bu memarlıq motivi vasitəsi Şirvanşahlar saray kompleksinin əks-sədası kimi siluet yaradır. Siluet kompozisiyası əsas hissələrin həcm modelləşməsinə səbəb olaraq onun keyfiyyət strukturunu müəyyənləşdirmişdir. Planın üç yerə bölünməsi daxili məkanın təzahüründə az rol oynamamışdır. Bu təbii ki, müəlliflər tərəfindən təklif edilmiş üç günbəz şəklində həcmin xaricinin tamamlanmasını xarakterizə edir.[12]

Thumb
Məscidin İosif Ploşko tərəfindən 1909-cu ildə hazırlanmış planı. 2010-cu ildə məscidin restavrasiyası zamanı da bu plan istifadə edilmişdir.

Mərkəzdə üstünlük təşkil edən günbəzə qədər inkişaf etmiş dekorativ qüllələr künclərdə yerləşdirilmişdi. Burada da, lakin başqa bir planda əksliklər ideyası çıxış edir. Mərkəzdəki hündür slindrik təbil üzərində yerləşən kürəşəkilli, tilli günbəzin yan tərəflərində yastı günbəzlər əks mövqedə dururlar. Həcm kütlələrinin belə traktəsi şəhərin memarlıq-planlaşmastrukturunda aparıcı rolunu təyin edən tikintinin mərkəzi ox üzrə həllini parlaq əks etdirir.[12]

Cümə məscidinin həcm-məkan kompozisiyasını tamamlayan enli ön pilləkənin apardığı üslublaşdırılmış günbəzli portik baş fasadın oxu boyunca yerləşən girişini təşkil edir. Tağlı portikin motivləri Böyük Moğollar dövrünün müsəlman memarlığı nümunələrindən götürülmüşdür. Məscidin ümumi üslubuna yerli koloritin gətirilməsi cəhdlərinə baxmayaraq, eklektika üslubu tikili üzərində üstünlük təşkil edir. Böyük maliyyə vəsaitinin olmaması üzündən məscidin tikintisi ləng gedirdi, lakin, minarələr və mərkəzi günbəzdən başqa qurğunun ümumi həcmi tamamlanmışdı. Günbəzlərin konstruksiyası – metal karkas Varşavada sifariş olunmuşdu, o çox gözəl hazırlandığı üçün məscidin daxili məkanının yaraşığı hesab edilir. Lakin, həmin dövrdə məscidin inşasını tamamlamaq mümkün olmamışdı. 1918-ci ildə baş vermiş Şamaxı qırğınları zamanı törədilmiş yanğında məscid ciddi ziyan çəkmişdi. Bu zaman yeni məscidin binasına əlavə edilmiş qədim kitabələr də məhv edilmişdir.[1]

Qeyd etmək lazımdır ki, məscidin tikintisi zamanı baş fasadın həllində layihədən yayınmalar olmuşdur.[12] Mərkəzi giriş portalında bir sütunlu tağ sıraları sadələşdirilmiş, onu qoşa sütunlu düzbucaqlı açırımlarla əvəz etmişlər. Aydın ifadə olunmuş mərkəz olmadan açırımların ahəngi layihə müəllifinin ümid etdiyi kimi kompozisiyanın iyi qavrayışını vermirdi. Məscidin siluetinin mühüm elementləri olan minarələr inşa edilməmişdi, çünki onların yeri təyin olunmamışdı. Ola bilsin ki, vəsaitə qənaət edilməsi bu geri çəkilmələrə səbəb olmuşdu və iş icraçısı Cahangir bəy Sadıqbəyov müəllifin razılığı ilə tikintini bu istiqamətdə aparmışdır. Sütunların, sütun başlıqlarının hissələrinin əsas elementlərinin cizgiləri, karnizin həlli və həcmin tamamlanmasında müəllif fikirlərindən tamamilə istifadə olunmuşdur. Lakin, Ploşkonun layihəsindən bir qədər uzaqlaşılması kompozisiyanın memarlıq həllinin keyfiyyətini aşağı salmışdı.[12] Cümə məscidinin inşası üzrə Komitənin maddi vəsaitlərə qənaət xətrinə razılaşdığı gözəl əhəng daşından yüksək səviyyədə istifadə təhrifləri müəyyən dərəcədə ört-basdır etmişdir.[1]

Ermənilər tərəfindən yandırılması və restavrasiyası

Thumb
Thumb
Thumb
Şamaxı Cümə məscidi Mart soyqırımından sonra

Bakıda Mart soyqırımının başladığı dövrdə Şamaxıda Stepan Lalayevin rəhbərliyi ilə "Daşnaksütyun" partiyası nümayəndələri dinc müsəlman əhaliyə qarşı qırğına başlamış və bu hadisələr zamanı törədilmiş yanğında tikintisi hələ tamamlanmamış məscid ciddi zədələnmişdir.[13] Bakıda yaşayan şamaxılıların General Tomsona (ing.) verdikləri məlumata görə "şəhər talan edilmiş, daha sonra isə yandırılmış, heç bir məscid salamat saxlanmamışdır."[13] Məsciddə törədilən yanğın zamanı 1800 dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar məsciddə həbs edilərək daşnaklar tərəfindən yandırılmışdır.[13][14] Yanğın zamanı çoxsaylı nadir əlyazmalar və kitablar da məhv edilmişdi. Ermənilər tərəfindən törədilmiş bu yanğının izlərini indi də məscidin bəzi divarlarında görmək mümkündür.

2009-cu ilin dekabrında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış Şamaxı cümə məscidinin bərpa olunması haqqında sərəncam imzalanmışdır.[15][16] İmzalanmış sərəncama əsasən 2010-cu ildən məscid kompleksi ərazisində bərpa işlərinə start verilmişdir. Bərpa işləri Azərbaycanın "А+А Kompaniyalar Qrupu" tərəfindən həyata keçirilmiş, divar yazılarının bərpası üçün isə İrandan mütəxəssislər dəvət olunmuşdur. Bərpa zamanı İosif Ploşkonun 1909-cu ildə işlədiyi restavrasiya layihəsi əsas götürülmüşdür. 1918-ci ildə törədilmiş yanğından sonra msəcidin qorunmuş bütün hissələri saxlanılmış və orqanik şəkildə kompleksə əlavə edilmişdir. Bərpa işləri zamanı məscidin həyətində aşkarlanmış mədrəsə binası, hücrələr və qəbir abidələrinin ilkin görünüşü saxlanılmışdır. Ümumilikdə restavrasiya prosesi zamanı Şirvan-Abşeron memarlıq məktəbinin inşaat ənənələrinin qorunmasına diqqət yetirilmişdir. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilmişdir. 36,4 metr hündürlüyü olan minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül bərkitmə işləri aparılıb. Layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş inşa olunub.[17]

Restavrasiya zamanı məscidin ortada yerləşən böyük və kənarlarda yerləşən kiçik gümbəzləri yenidən qurulmuş və nəfis naxışlarla bəzədilmişdir. Məscidin orta zalı milli interyer üslubunda bərpa edilmişdir və hazırda bu zalda 1500 nəfər eyni vaxtda namaz qıla bilir. Kompleks ərazisində iki hovuz və altı qalereya inşa edilmişdir. Yeni inşa edilmiş iki mərtəbəli inzibati binanın sahəsi 804 kvadrat metrdir. Məscid kompleksi ərazisində 250 nəfər üçün nəzərdə tutulmuş 520 kvadrat metr ərazisi olan Mərasim zalı və mətbəx də fəaliyyət göstərir. Kompleksə həmçinin zəngin invertara malik kitabxana da daxildir.

17 may 2013-cü ildə əsaslı bərpadan sonra Şamaxı cümə məscidinin açılışı baş tutmuşdur.[18] Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, bütün Qafqazın müftisi, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və Azərbaycandakı digər dinlərin nümayəndələri iştirak etmişlər.[19]

Memarlıq xüsusiyyətləri

Thumb
Thumb
Thumb
Şamaxı Cümə məscidinin interyeri

Şamaxı məscidinin ilkin özəyinin memarlıq həlli və həcm ifadəsi günbəz üslublu dam örtüklərindən istifadə nəticəsində müəyyən edilmişdi. Bu yerli tikinti-quruculuq üsulları və şəbəkəsiz tağlı taxtapuşların hazırlanması üçün əlverişli olan material-əhəngdaşı tərəfindən şərtləndirilirdi. Tamamilə təbiidir ki, bu qədim ənənələrə malik üsuldan tağlı dam örtüyünə malik yaşayış evlərinin və ictimai binaların tikintisində geniş istifadə olunmuşdur. Hər halda şəhərin tikintisində yeni üslublu dini səciyyəli binaların meydana gəlməsi məscidin ətrafında bütöv bir kompleksin və bu sahənin Şamaxının ictimai-ticarət mərkəzinə çevrilməsinin başlanğıcını qoymuşdu.[11]

Dövrümüzə çatmış Şamaxı cümə məscidi XX əsrin əvvəllərində məscidin köhnə bünövrəsi üzərində və köhnə divarları əsasında tikilmişdir ki, bu da onun qədim planlaşma təşkilini öyrənməyə və müəyyənləşdirməyə imkan vermişdir. Planda düzbucaqlı, uzununa 47 metr, eninə 28 metr sahəsi olan məscid açıq açırımlar vasitəsi ilə bir-biri ilə birləşən üç müstəqil kvadrat hissədən ibarət zala malikdir. Məscidin planlaşdırması əsas etibarilə eyni dövrdə (VIII əsr) inşa olunmuş Dəməşqdəki Əməvi məscidi (ing.) və Kordovadakı Böyük məscidin (ing.) məşhur ərəbsayağı planlaşdırmasını xatırladır. Bu cür planlaşdırma binanı ümumilikdə tikilinin memarlıq və konstruktiv mahiyyətini pozmadan mərkəzi oxdan hər iki istiqamətdə genişləndirməyə imkan vermişdir.[12]

Planın ümumi sxemi baxımından Şamaxı cümə məscidinə DərbəndDağıstandakı cümə məscidləri daha yaxındır. Daxili məkanın üç hissəyə ayrılmasına görə Şamaxı cümə məscidi Orta Asiyanın (XI-XII əsrlər) bəzi məscid-namazgahlarına bənzəyir. Bu da öz növbəsində müsəlman ölkələri arasındakı əlaqə və qarşılıqlı təsiri göstərir.[12]

Cümə məscidinin müstəqil bölmələr formasında üç hissəli daxili məkanının planlaşdırma quruluşu öz mehrabı olan ayrıca özəyin inkişaf etdirilməsi ideyasını davam etdirmişdir. Bir-birinə bitişik arakəsmələrlə ayrılmış üç həmhüdud zal vahid həcm tərkibində yerləşdirilmişdir. Hər üç zalda dəqiq mərkəzi ox boyunca Məkkəyə tərəf yönlədilmiş mehrab vardır. Bu dini tikililərin inşası təcrübəsində rast gəlinməmiş üsuldur.[12]

İstinadlar

Ədəbiyyat

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.