From Wikipedia, the free encyclopedia
Anisi Manli Severin Boesi (lat. Anicius Manlius Severinus Boethius; təq. 480[1][2][…], Roma – 524[3][4], Paviya[5]) — neoplatonçu filosof, Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi.
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Boesi Roma imperiyasının süqutundan sonra Şimali İtaliyada yaranan Ostqotlar krallığında yaşayıb, yaratmışdır. O Romanın patrisi ailəsində anadan olmuşdu və ostqot kralı Teodorikusun (latınca Theodoricus) dövründə, yüksək dövlət vəzifələrini tutmuşdu. Lakin sonra, Boesini Ostqot dövlətinin mövcudluğuna son qoyulması məqsədilə bizanslılarla məxfi danışıqların aparılmasında ittiham etmişdilər. Dövlətə qarşı xəyanətdə ittihamlandırılan Boesi zindana atılmış və orada bir müddət saxlandıqdan sonra edam edilmişdi. Boetsiyə "sonuncu romalı" ləqəbi vermişdilər.[6]
Boesi tərcüməçi və filosof kimi tanınmışdı. O yunan dilindən latın dilinə bəzi riyazi əsərləri, məsələn Evklidesin (Eukleides) "Başlanğıclar" əsərini tərcümə etmişdi. Daha sonra o Aristotelin "Kateqoriyalar" əsərlərini tərcümə və şərh etmişdir.
Boesi bir neçə ilahiyyat risaləsinin də müəllifi olmuşdur. Lakin bəzi tarixçilər onların müəllifinin həqiqətən Boesi olduğuna şübhə edirlər. Bu əsərlərdən ən tanınmışı "De Trinitate" (Müqəddəs Üçlük haqqında) risaləsidir. Bu əsərdə Boesi Xristianlığın əsas ehkamlarından olan "Üçlüyü", əqli nöqteyi-nəzərdən əsaslandırmağa çalışmışdır. Bunun üçün müəllif "birlik", "eynilik", "fərq" kimi anlayışların mahiyyətini, sonra isə, fərqlərin və eyniliyin cinsi, substansial, aksidensial növlərini təyin etmişdir.
Maddi şeylər üçün xas olan bu fərqlər, mütləq olan İlahi mahiyyətə aid edilə bilməz. Buradan Tanrının birliyi haqqında nəticə çıxarılır. Lakin burada Tanrı birliyinin Onun üç siması ilə necə uyğunlaşdırılmalı sualı yaranır. Bu suala cavab verməyə cəhd edən Boesi Aristotelin on kateqoriyasına müraciət edir[7]. Yeni platonçuları təkrarlayaraq o, bu kateqoriyaların Tanrıya aid edilməsinin mümkünsüz olduğunu iddia edirdi. Məsələn, Tanrıya "böyük" yaxud "mərhəmətli" deyəndə insanlar onları başqa mənada işlədirlər, çünki insan anlayışları Tanrıya aid edilə bilməz. Tanrı hər şeyin əvvəli olduğuna görə, substansiyadır. Eyni zamanda o, substansiyadan da uca olan bir varlıqdır, çünki insan anlayışında substansiya həm də əhəmiyyətsiz şeylərin (aksidensiyaların) daşıyıcısıdır. Tanrıda isə, aksidensiyalar ola bilməz.
Aristotelin kateqoriyalarını təhlil edən Boesi "münasibət" kateqoriyasına xüsusi nəzər yetirir. Onun fikrincə, bu kateqoriya Tanrının mahiyyətini daha da məqsədəuyğun şəkildə səciyyələndirir. Bu münasibətlərdə bir şey haqqında xəbər verən anlayış (peridikat) nisbi ola bilər və buna görə də o şeyin mahiyyəti dəyişə bilməz. Buna misal olaraq, Boesi ağanın öz quluna olan münasibətini göstərir. Qul ölsə, insan ağalıqdan məhrum olur. Lakin onun təbiəti, yaxud mahiyyəti, dəyişmir. Bu fikirləri Tanrıya aid edən Boesi Ata, Oğul, Müqəddəs Ruh üçlüyündə də fərqlərin nisbi olduğunu və Tanrının öz substansial mahiyyətində bir olduğunu iddia edirdi.
Boesinin daha bir tanınmış əsəri "Consolatio Philosophiae". (Fəlsəfədən təsəlli tapmaq) adlanır. Bu əsəri o, zindanda, öz edamından bir qədər öncə yazmışdı.
Bu əsərdə qadın obrazını almış və simalaşdırılmış Fəlsəfə ilə Boesinin arasında dialoq baş verir. Öz edamını gözləyən Boesi artıq ədalətə inamını itirib, özü üçün ölüm arzulayır. Bu anda onun qarşısına bir əzəmətli xanımın simasında Fəlsəfə gəlir və onunla dərin mənalı söhbətlər apararaq ona təsəlli verir. Fəlsəfə Boesiyə onun dünyanın ədalətsiz olması və hər yerdə şərin hökm sürdüyü haqqında fikirlərinin yanlış olduğunu bildirir. Məsələ bundadır ki, bu dünya ədalətli olan Tanrı tərəfindən yaradılıb, idarə edilir. Tanrı isə, insanı ölməzlik üçün yaradıb. Onun əsl vətəni yer deyil, göylərdir. Bu cür fikirlərlə təsəlli tapmış Boesi ölümünü laqeydliklə qarşılamağa hazır olduğunu bildirir.
Əsərin ikinci və üçüncü hissələrində insan xoşbəxtliyinin var-dövlətdən, hakimiyyətdən, duyğular vasitəsilə həzz almadan və ümumiyyətlə bu dünyadan asılı olmaması haqqında bəhs edilir. Səadət və xoşbəxtlik yalnız Tanrıya doğru mənəvi yüksəlmədədir. Buna görə də Boesi Tanrının mövcud olması haqqında fikirlərinə çoxlu yer verir. Boesinin fikrincə, Tanrının ən kamil varlıq olduğu ideyasından, Onun tərəfindən intizamlı və ahəngli dünyanın yaradılması fikri yaranır. Dünyanın yaranması haqqında yazan Boesi bir çox hallarda Platonun "Timeus" (Timaeus) əsərində olan fikirləri təkrar edirdi. İnsan əsl səadətə, öz iradəsini və əməllərini könüllü olaraq Tanrıya tabe edəndən sonra, çata bilər.
Əsərin dördüncü hissəsi teodiseya probleminə həsr olunmuşdur. Tanrıya dünyada olan şərin mövcud olmasına görə bəraət qazandırması 2 variantda gedir: biri stoiklərin fəlsəfəsindən məlum olan estetik, digəri isə Platonun "Qorqi" (Gorgias) əsərində olan etik variantlardır.
Estetik teoditesiyasında (Tanrıya dünyada şərin mövcud olduğuna görə bəraət qazandırmaqdır) Boesi insana şər kimi görsənən bir şeyin, əslində özünə məxsus şəkildə xeyrə və gözəlliyə qulluq etdiyini iddia edirdi. Şərin mövcud olmasına görə Tanrını günahkar bilən insan, öz düşüncəsinin məhdudluğundan kənara çıxa bilmir.
Etik teodiseyasında Boesi əxlaqsızlığın, qüsurun mütləq cəzalanacağına şübhə etmirdi. Əslində əxlaqsız olmaq, artıq cəzadır, çünki mənəvi əxlaqsızlıq insanın ən böyük sərvətinə – onun ruhuna xələl gətirir.
Xeyirli və şər insanlar xoşbəxtliyə çatmaq istəyindədirlər. Lakin xoşbəxtliyə yalnız xeyirli insanlar çata bilərlər, çünki xeyir əməllərin edilməsi Xeyirə qovuşmaq deməkdir. Xeyrə qovuşmaq isə xoşbəxtlikdir. Bununla da Tanrının ədaləti təmin olur.
"Consolatio Philosophiae" kitabının beşinci hissəsində taleyin insan iradəsi ilə hansı şəkildə uyğunlaşması məsələsinə baxılır. Burada Boesi Tanrı (Providentia) və tale (fatum) arasında fərqlər qoyur. Qəzavü-qədər əbədiliyə, tale isə zamana aid edilir. Əbədilik üçün "öncə" və "sonra" anlayışları yoxdur. O həmişə indiki zamanda olur. Buna görə də Tanrı, hər bir şeyə ümumi nəzər yetirir. Zaman isə həmişə keçmişdən gələcəyə hərəkət edir. O indiki zamanda yalnız bir an olur. Buna görə, zaman mürəkkəb bir şey olduğu halda, əbədilik sadə və bölünməzdir.
İlahi tale Tanrı iradəsini əks etdirən bir mərkəzdir. Tale isə, hər bir şeyin daxili qanunu olaraq, onun hərəkətini, Tanrı qanununa uyğun olaraq, zamanda və məkanda təmin edir. Buna görə taledən asılılıq, zaman və məkandan asılılıq deməkdir. İnsan mərkəzdən nə qədər uzaqlaşarsa, o qədər də o, onu arxasınca aparan çərxi-fələyin hərəkətini duyur. Əksinə, insan nə qədər çox Tanrıya yaxınlaşırsa, o qədər sabit və azad olur. Deməli tale insan azadlığı üçün maneə deyil, çünki onun təsiri altından əbədiliyə yönəlməklə çıxmaq olar.
Daha sonra Boesi insan azadlığı və İlahi biliyin bir-biri ilə hansı münasibətdə olduğu haqqında söhbət açır. Məsələ bundadır ki, əgər Tanrı əvvəlcədən hər şeyi bilirsə, onda bu bilik insan azadlığının heçə enməsi problemini ortaya çıxarır. Bu cür suallara cavab verən xanım Fəlsəfə deyir ki, heç bir bilik azadlığa zidd ola bilməz. Keçmişdə baş verən hadisələrin bilinməsi, artıq baş verən hadisələrə təsir edə bilməz. İndiki zaman haqqında bilik də azadlığa mane olmur. Yəni, məsələn, atlını müşahidə etmək, onu idarə etmək deyil. Gələcək haqqında bilik isə, yalnız Tanrıya məxsusdur. O hadisələri indiki zamandakı kimi görür, çünki əbədilikdə keçmiş və gələcək anlayışları yoxdur. Deməli Tanrının əvvəlcədən hər şeyi bilməsi sadəcə olaraq müşahidənin nəticəsidir, ona görə də bu bilik insan azadlığının məhdudlaşdırıması demək deyil. İlahi qəzavü-qədərin olması insanın azad hərəkət etməsi üçün maneə deyil. İnsan gələcəyini seçir, Tanrı üçün isə gələcək yoxdur.
"Consolatio Philosophiae" kitabının ən maraqlı cəhətlərindən biri, bu əsərdə bir dəfə də olsun Bibliyaya, xristian klassiklərinə, İsanın kəlamlarına istinad edilməməsidir. Digər tərəfdən isə, bu əsərdə stoitsizmin və platoçuluğun güclü təsiri hiss olunur. Buna görə də "Consolatio Philosophiae" əsərinin həqiqətən xristian olan Boesiyə məxsus olması şübhələr doğururdu və bu günə qədər bu məsələ mübahisəlidir[8]. Digər tərəfdən belə fikirlər də vardır ki, həyatının sonunda Boesi xristian dinindən imtina etmişdir və bütpərəst fəlsəfəsində təsəlli taparaq "Consolatio Philosophiae" əsərini yazmışdır. Bütün bu şübhələrə baxmayaraq katolik kilsə Boesi ölümündən sonra müqəddəs şəxsiyyət elan etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.