From Wikipedia, the free encyclopedia
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir[2][3][4][5][6][7][8]. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur.
Balaban | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 422.121-62 |
Əlaqəli alətlər | |
Mənşə ölkəsi | Azərbaycan |
İfaçılar |
|
Vikianbarda əlaqəli mediafayllar |
2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.[9]
"Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir.
El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir.
Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır[10]. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir[11].
Azərbaycan folklorunda balabana aid deyimlər az deyil. Məsələn:
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı...
Fars musiqisində zurna, balaban geniş yer almır [12], çünki bunlar aşıq sənətiylə bağlı olan çalğılardır.
Hazır gövdənin üst hissəsində səkkiz, alt hissədə isə bir oyuq olur. İfa zamanı hər iki əlin barmaqları ilə oyuqlar açılıb-bağlanır. Balabanın baş hissəsinə qarğıdan xüsusi ölçüdə sıxılaraq yastılanmış müştük taxılır. Ona görə bəzi hallarda bu alətə "yastı balaban" da deyilir. Müştüyün üzərinə keçirilmiş xamıtın (qısqacın) vasitəsi ilə alətin səs ucalığı və kökü nizamlanır. Balabanın keyfiyyəti onun materiallarının necə qurudulmasından asılıdır. Ağac nə qədər mükəmməl qurudularsa, alət o qədər keyfiyyətli alınar. Qurudulma zamanı materiallar çatlamamalıdır, buna görə ağaca əlif yağı vurulur. Balaban istehsalında üzüm tənəyindən hazırlanan sıxacın xüsusi rolu var. Sıxac tənzimedici rolunu yerinə yetirir, alətin köklənməsinə və balabanın baş hissəsinin genişlənməməsinə yardım edir. Sıxacı aşağı çəkməklə, alətin səsi dəyişdirmək və kökləmək mümkündür. Hər bir musiqiçinin səsi kökləmək üçün öz üsulu var: ya nəfəslə, ya da sıxacla.
Balabanın gövdəsindəki dəliklərin sıraları:[14] | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
İfaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq havanı ağız boşluğuna yığır və onu xüsusi ustalıqla dodaqları arasında tutduğu yastı müştüyün içərisinə üfləyərək barmaqlarını oyuqların üzərində hərəkət etdirməklə istənilən səs ucalığını alır.
Uzunluğu 280–300 mm, diametri 20–22 mm-dir. Balabanın səs diapazonu kiçik oktavanın "sol" səsindən ikinci oktavanın "do" səsinə kimidir. Çalğıçının ustalığından asılı olaraq, bir neçə səs də artırıla bilər.
Balabanın dəliklərinin minimal sayı 8 (7-si yuxarıdan, 1-i aşağıdan), maksimal 10 (9-u yuxarıdan, 1-i aşağıdan)olur.
Tanınmış milli nəfəs alətləri ifaçısı və bərpaçısı Usta Əlicavad (İsmayıllı rayonu) milli səslənmə xüsusiyyətlərini nəzərə alaraq 6 yeni balaban növü yaratmışdır.[15] Həmin alətlər özünün qeyri-adi zəngin temb keyfiyyətlərinə görə hazırda xalq çalğı alətləri orkestrinin tərkibini daha da zənginləşdirə bilərlər.[16]
Səslənməsinə və ölçüsünə görə balabanın müxtəlif növləri var:
Bas, tenor balabanlar Milli Konservatoriyanın elmi laboratoriyasında ixtira olunub [18].
Həzin kolorit yaradan səslər alətdə nəfəsin uzadılmasıyla əldə edilir. Balabanın xüsusiyyəti ondadır ki, arası kəsilmədən nəfəsi ağızdan buruna, burundan ağıza dövretmə ilə ötürərək bir notun üzərində uzun möddət çalmaq olur. Azyaşlı və təcrübəsi az olan şagirdlər tərəfindən bu texniki imkanlarla ifa çox çətindir lakin, bu müəyyən vaxtdan və təcrübə əldə etdikdən sonra mümkünləşir.
Tütəkdə, eləcə də Avropa nəfəsli alətlərin heç birində (klarnet, qaboy) dövretmə xüsusiyyəti yoxdur. Yalnız zurna və balabanda dövretmə var. Azərbaycanda xalq artisti, qaboy ifaçısı Kamil Cəlilov digər qaboyçalanlardan seçilir, yəni aləti ağızdan buruna və geriyə dövretmə ilə çalır.
Balabanı Azərbaycandan kənarda tanıdan məşhur balaban ifaçısı Əlixan Səmədov bu aləti Türkiyədə sevdirə bilib. Tarixi kökləri altıncı əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov ermənilərin bütün dünyada "duduk" kimi tanıtdıqları balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək, erməni plagiatlığını ifşa edib. Ə.Səmədov "Balaban metodu" adlı kitabın da müəllifidir.[19][20]
Balabanın fərdi ifaçılıq xüsusiyyətinə böyük diqqət yetirən, Azərbaycanın məşhur bəstəkarları bundan istifadə ediblər. Belə ki, Üzeyir Hacıbəyovun «İkinci fantaziya», Müslüm Maqomayevin «Azərbaycan çöllərində», Hacı Xanməmmədovun «Simfoniyetta» və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılıb.
Orkestrdə balaban həm solo, həm də müşayiətçi alət kimi özünə layiqli yer tutur. Orkestrdə balabanlar üçün dörd növ partiya yazılır və onlar iki qrupa bölünür: I və II balabanlar əsas melodiyanı ifa edirlər, III, IV balabanlar isə harmonik fonu saxlayırlar.
Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin köçürməsi balaban duetinin ifasında çox gözəl səslənir. Məsələn: F.Şubertin "Serenada", A. K. Küinin "Oriyental", P. Çaykovskinin "Payız nəğməsi", Ü. Hacıbəyovun "Sevgili canan", "Sənsiz", F. Əmirovun "Gözəlim sənsən", S. Rüstəmovun "Sərhədçilər marşı", "Sənindir" və s. əsərləri göstərmək olar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.