From Wikipedia, the free encyclopedia
Adil İsgəndər oğlu Əsədov (1 oktyabr 1958, Quba) — Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor[1], Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti
Adil Əsədov | |
---|---|
Adil İsgəndər oğlu Əsədov | |
Doğum tarixi | 1 oktyabr 1958 (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Adil Əsədov 1 oktyabr 1958-ci ildə Quba şəhərində anadan olmuşdur.
1975-ci ildə Quba İnternat Məktəbini, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirmişdir.
1986–1989-cu illərdə fəlsəfə ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyası (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır. "Təfəkkürün tarixi tipləri və mühəndis fəaliyyəti" mövzusunda dissertasiyasını vaxtından əvvəl, aspirantura müddəti başa çatmamış müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1994-cü ildə "Təfəkkür tipləri dinamikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.
Aspiranturanı bitirdikdən sonra Akademiyada işə qəbul olunmuş və burada elmi karyeranın bütün mərhələlərindən keçmişdir: əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, qrup rəhbəri və şöbə müdiri vəzifələrində çalışmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasında 1986-cı ildən fasiləsiz olaraq çalışmaqla yanaşı, 1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Universitetində dərs demişdir.
2005-ci ildə Fəlsəfi Maarifçilik Assosiasiyasını[2] təsis etmişdir. Assosiasiyanın xətti ilə dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və təbliğində iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayəsi altında həyata keçirilən "Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində milli mədəniyyətin inkişaf perspektivləri" (2009), "Azərbaycan mədəniyyəti dünya sivilizasiyasi kontekstində" (2011), "Azərbaycan mədəniyyətinin inkişafinda regional resurslarin əhəmiyyəti" (2012), "Azərbaycan mədəniyyətinin inkişaf perspektivləri modernləşmə kontekstində"(2013) layihələrnin rəhbəri olmuş, hazırda isə "Mənəvi birliyimizi yaşadaq və inkişaf etdirək" layihəsinin gerçəkləşməsinə Assosiasiyasının prezidenti olaraq umumi rəhbərliyi həyata keçirir.
Dünya Azərbaycanlılarının III Qurultayının (2011) nümayəndəsi olmuşdur.
2011-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. İnstitutun Elmi Şurası nın, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İnstitutun nəzdində yaradılan Dissertasiya Şurasının və Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Fəlsəfə, Hüquq, Sosiologiya və Siyasi Problemlər üzrə Elmi Şura nın üzvüdür.
Azərbaycan, rus, ingilis və alman dillərində çap olunan 170-dən artıq elmi məqalənin müəllifidir.
Bir çox beynəlxalq konfransların iştirakçisı və məruzəçisi olmuşdur. Bakıda, Moskvada, Minskdə, Tbilisidə, Belqorodda, Bratislavada, Afinada, Sankt-Peterburqda, Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən beynəlxalq elmi konfranslarda çıxışlar etmişdir. Sosial elmlər üzrə İkinci Ümumavropa Konfransında (13 – 18 iyun, 1998) Azərbaycanı təmsil etmişdir. "Moslem World and Europe" Arxivləşdirilib 2016-11-04 at the Wayback Machine adlı məruzəsi 1999-cu ildə Parisdə çap olunmuşdur.
Postsovet məkanının ən nüfuzlu fəlsəfi jurnalı olan "Вопросы философиии" jurnalında 20 illik fasilədən sonra (2011) çap olunan ilk Azərbaycan müəllifidir.
Dünya fəlsəfi irsindən iri həcmli tərcümələri vardır. Alman filosofu Artur Şopenhauerin Dünya iradə və təsəvvür kimi (əsər) adlı şah əsərini, Norveç filosofları Gunnar Skirbekkin və Nils Gilyenin "Fəlsəfə tarixi" əsərini və Amerika filosofu Uill Dürantın "Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları" əsərini Azərbaycan dilinə tərcümə etmişdir.
Elmi fəaliyyətinin əsas qayəsini isə Fəlsəfi Pentalogiyanın – beş hissədən ibarət fəlsəfi sistemin yaradılması təşkil edir. Forması etibarilə Fəlsəfi Pentalogiya formatında olan, məzmunu etibarilə müəllif tərəfindən spiritualist aristokratizm fəlsəfəsi adlandırılan həmin sistemin tərkib hissələri bunlardır: Gözəlliyin fəlsəfəsi, Varlığın fəlsəfəsi, Təfəkkürün fəlsəfəsi, Əxlaqın fəlsəfəsi və Siyasətin fəlsəfəsi.
Adil Əsədovun fikrincə, "Mən necə olmalıyam?" və "Dünya necə olmalıdır?" suallarına müfəssəl cavab vermək öhdəliyindən Gözəllik fəlsəfəsi çıxış etməli, "Mən nəyə güvənə bilərəm?" sualına nəticə etibarilə Varlıq fəlsəfəsi cavab verməli, "Mənim nə etmək imkanım var?" sualını son nəticədə Təfəkkür fəlsəfəsi cavablandırmalı, "Nəyi etmək mənə yasaqdır?" sualına Əxlaq fəlsəfəsi cavab tapmalı, "Mən nə etməliyəm?" sualına cavab isə Siyasət fəlsəfəsinin və bütövlükdə fəlsəfənin son sözü olmalıdır.
Bu suallar mənalandırıldıqca və fəlsəfi rakursda cavablandırıldıqca Fəlsəfi Pentalogiya sisteminin ayrı-ayrı bölmələri də çap olunmuşdur. Bu bölmələr içərisindən birinci çap olunan hissə, "Təfəkkürün fəlsəfəsi" akademik Firudin Köçərlinin və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məqsəd Səttarovun rəyləri əsasında 1997-ci ildə nəşr olunmuşdur. Əsərin müzakirələrində akademik Azad Mirzəcanzadə iştirak etmişdir. Əsərə Ön söz əməkdar elm xadimi, professor Cəmil Əhmədli tərəfindən yazılmışdır. Monoqrafiya Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən ilin ən mühüm nailiyyəti kimi qiymətləndirilmişdir.
"Təfəkkür fəlsəfəsi"nin çıxış nöqtəsini həyat fəlsəfəsinin epistemoloji qaydalarına yaxın olan prinsip təşkil edir: subyektin daxili həyat axını ilə bu axının xarici dünyadakı təsdiqi arasındakı ziddiyyət hər cür təfəkkürün real zəminini təşkil edir. Belə bir epistomoloji müqəddimə Adil Əsədovda uyğun ontolojiprinsiplərlə bağlanır: Substansial həyat ilə dünyada gerçəkləşmiş həyat arasındakı ziddiyyət subyektin dünya ilə yanaşı mövcudluq qaydasından asılı olaraq hər bir dövrdə konkret problem formasında qavranılır və bu və ya digər mütləq varlıq modelləri həmin qavranılmanın elementi kimi çıxış edir. İnsan təfəkkürü özünün hər bir inkişaf mərhələsində bu və ya digər mütləq varlıq və onu ifadə edə bilən mütləq bilik modelini yaradır. Qədim dövrdə Dünya Ruhu, Orta əsrlərdə Vahid Tanrı, Yeni dövrdə isə Materiya mütləq varlıq kimi qiymətləndirilmiş, qalan hər şeyin isə onun təzahür forması olduğu güman edilmişdir. Bu modellər uyğun dövrlərin dünyagörüşünü doğurmuşdur.
Fəlsəfi Pentalogiya sisteminin bölmələri içərisindən ikinci çap olunan hissə, "Siyasətin fəlsəfəsi" 2001-ci ildə nəşr olunmuşdur. Əsərin müzakirələrində akademik Bəxtiyar Vahabzadə, akademik Cəmil Quliyev, akademik Əfrand Daşdəmirov Arxivləşdirilib 2014-08-18 at the Wayback Machine, akademik Firudin Köçərli, akademik Fuad Qasımzadə, akademik İqrar Əliyev, akademik Kamal Talıbzadə, akademik Rasim Əfəndiyev, akademik Tofiq Köçərli, akademik Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri — Ağasəlim Ələsgərov Arxivləşdirilib 2012-05-24 at the Wayback Machine, Əziz Mirəhmədov, Teymur Vəliyev, Yaşar Qarayev, Zakir Məmmədov iştirak etmişlər. Akademik Firudin Köçərli həmin monoqrafiyaya "Fəlsəfəmizdə yeni bir səhifə" adlı Ön söz yazmış və bu əsərə "Azərbaycan" qəzeti ndə çap etdirdiyi "Daha bir uğurlu addım" adlı xüsusi məqalə həsr etmişdir.
Adil Əsədov "Siyasətin fəlsəfəsi"də belə bir müddəadan çıxış edir ki, Siyasət fəlsəfəsinin missiyası — insanda qətiyyət hissinin yaşadılmasıdır. Siyasətin fəlsəfəsini politologiyadan fərqləndirən də hər şeydən öncə elə bu amildir. Siyasət fəlsəfəsinin politologiyadan fərqi, son nəticədə, qətiyyət yaşantısının siyasi şüurdan fərqi qədərdir. Siyasi şüur qətiyyət yaşantısından fərqli olaraq insanı öz doğma, immanent iradəsinə deyil, yad, transsendent iradəyə tabe etdirir(1). Siyasətin fəlsəfəsi cəmiyyəti ideyada layihələndirdiyi halda, cəmiyyətqurmanın fəlsəfi əsası olduğu halda, politologiya artıq qurulmuş cəmiyyətin qorunub saxlanılması üçün bir rasional nəzəriyyədir(2). Siyasətin fəlsəfəsi siyasətin ümumiyyətlə dünyanın və həyatın mənası kontekstində izahına yönəldiyi halda, onun mahiyyət baxımından mənalandırılmasından, dünyanın və həyatın və eləcə də, insanın və cəmiyyətin mahiyyətinin mənalandırılmasından çıxış edilərək anlaşıqlı edilməsinə xidmət etdiyi halda, politologiya siyasətin mövcud cəmiyyətdən çıxış edilərək izahına yönəlmişdir, mövcud siyasətin anlaşıqlı edilməsinə xidmət edir(3). Siyasət fəlsəfəsi, həm də, eyni zamanda, bu və ya digər siyasi doktrinanın təşəkkül prosesi olduğu halda, politologiya onu tamamlanmış, başa çatmış bir rasional nəzəriyyə olaraq cəmiyyət və siyasi hakimiyyət qarşısında irəli sürür, siyasi doktrina hakimiyyət tərəfindən tamamlanmış, başa çatmış bir rasional nəzəriyyə kimi rəsmən qəbul edildikdən sonra isə onu cəmiyyətə bir ideologiya kimi təqdim edir. Siyasi doktrina siyasət fəlsəfəsinin bir nəticəsi olaraq qətiyyət hissinin bütün çılpaqlığı ilə yaşadılması üçün, ideologiya isə ümid hissini bir məmnunluq duyğusu kimi yaşatmaq üçündür(4). Siyasət fəlsəfəsi siyasəti ümumiyyətlə dünyanın və həyatın mənası kontekstində, ümumən semantik kontekstdə izah edirsə, politologiya siyasəti mövcud siyasi empirika, mövcud siyasi gerçəklik əsasında izah edir, siyasət fəlsəfəsi cəmiyyət quruculuğunun yeni metodologiyasını yaratdığı halda, politologiya cəmiyyət quruculuğunun mövcud metodologiyasının təqdimatı ilə öz məzmununu praktik olaraq qapayır və bu qapama fərdi iradə ilə sosial iradə arasındakı uyğunsuzluğun miqdarı ölçüsündə tamamlanmamış fəlsəfi yaşantının məzmununu müəyyənləşdirir. Məhz bu məzmun siyasi hakimiyyəti zəruri edir.
Fəlsəfi Pentalogiya sisteminin bölmələri içərisindən üçüncü çap olunan hissə, "Gözəlliyin fəlsəfəsi" hər bir fəsli ayrıca elmi müzakirəyə cəlb olunmaqla 2005-ci ildə akademik Bəxtiyar Vahabzadənin, akademik Ömər Eldarovun, akademik Arif Məlikovun, akademik Fuad Qasımzadənin, akademik Rasim Əfəndiyevin rəyləri əsasında və akademik Firudin Köçərlinin redaktorluğu ilə çap olunmuşdur. Əsərin müzakirələrində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, akademik Ağamusa Axundov, akademik Asəf Nadirov, akademik Bəkir Nəbiyev, akademik Nailə Vəlixanlı, akademik Teymur Bünyadov, akademik Tofiq Köçərli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri — Azadə Rüstəmova, Əli Nuriyev, İnqilab Kərimov, Nizami Cəfərov, Səlahəddin Xəlilov, Yaşar Qarayev, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri – Əlibala Hacızadə və İsa Hüseynov (Muğanna) iştirak etmişlər. Əsərə Ön söz əməkdar elm xadimi, akademik Kamal Talıbzadə tərəfindən yazılmışdır. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bu əsərə "525-ci qəzet"də çap etdirdiyi Sənət gözəlliyin fəlsəfəsinin işığında adlı xüsusi məqalə həsr etmişdir.
Adil Əsədov belə hesab edir ki, Gözəllik fəlsəfəsinin missiyası — estetikanın missiyasından köklü surətdə fərqlidir. Estetikanın missiyasından fərqli olaraq, Gözəllik fəlsəfəsinin missiyası —- insanda ləyaqət hissinin yaşadılmasıdır. İnsan öz qəlbinin dərinliklərində gəzdirdiyi idealı aydın bir şəkildə görürsə və ideala bütün ruhu ilə bağlıdırsa, bu, ləyaqət hissidir. İnsan, idealının reallıqdan daha önəmli olduğunu, idealın reallığa deyil, əksinə, reallığın ideala uyğunlaşdırılmalı olduğunu duyursa, bu, həqiqət hissidir. Həqiqət hissini özündə yaşadan kəs isə ideal və reallıq arasındakı ziddiyyəti həll edə bilən ideyanın öncə axtarıcısına, sonra isə tədricən yaradıcısına çevrilir və hər iki halda belə bir ideyanın son nəticədə daşıyıcısı olur. İnsan reallığı ideala yüksəltmə imkanını duyursa, bu, özündəqüdrət yaşantısıdır. Qəlbinin dərinliklərində gəzdirdiyi idealı aydın bir şəkildə deyil, yalnız tutqunluqlar içində görən insan, ləyaqət hissini də bütün parlaqlığı ilə, bütün canlılığı ilə deyil, yalnız müəyyən qədər sönük və müəyyən qədər ölgün bir duyğu kimi yaşayır. Filosof bu duyğunu mənalandıraraq rasional fəlsəfənin birinci bölməsini – estetikanı formalaşdırır. Əgər gözəllik fəlsəfəsi "Mən necə olmalıyım?" sualına cavab axtarırsa, estetika bu sualı "İdeal insan necə olmalıdır?" və "İdeal dünya necə olmalıdır?" suallarına transformasiya edərək, yəni estetik problem formasına gətirərək cavablandırır.
Adil Əsədovun irəli sürdüyü və Fəlsəfi Pentalogiya formatında təqdim etdiyi spiritualist aristokratizm fəlsəfəsinin müxtəlif aspektləri müəllifin Bakıda, Moskvada, Tbilisidə, Parisdə çap etdirdiyi əsərlərində əks olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.