From Wikipedia, the free encyclopedia
Xədicə Sultan (4 may 1870, İstanbul – 13 mart 1938, Beyrut) — 33. Osmanlı sultanı V Muradın qızı.
Xədicə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 may 1870 |
Doğum yeri | Kadıköy köşkü, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 13 mart 1938 (68 yaşında) |
Vəfat yeri | Beyrut, Livan |
Dəfn yeri | Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq |
Fəaliyyəti | əsilzadə |
Atası | V Murad |
Anası | Şayan Qadınəfəndi |
Həyat yoldaşları |
Əli Vasif Paşa Rauf Hayri bəy |
Uşaqları |
Sultanzadə Osman bəy Sultanzadə Hayri bəy Səlma xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Vikianbarda əlaqəli mediafayllar |
Xədicə Sultan 4 may 1870-ci ildə atasının Kadıköydəki köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləziz dönəminin vəliəhdi Murad Əfəndi, anası isə onun üçüncü xanımı Şayan Qadınəfəndidir. Ancaq saray ənənələrinə görə, vəliəhdin yalnız bir övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu dünyaya gəlmişdi - Səlahəddin Əfəndi. Bu səbəblə Validə Pərtəvniyal Sultan hamiləliyin ləğv edilməsi üçün saraya həkim yollamış, Şahzadə Murad isə əməliyyatın saraydan kənarda baş tutması üçün Sultan Əbdüləzizdən xüsusi icazə almışdı. Nəticədə həkim Emin Paşanın evinə aparılan anası Şayan xanıma burada xüsusi hazırlanan bir dərman verildi və guya övladını itirməsi haqqında saxta bir raport hazırlanaraq Sultan Əbdüləzizə göndərildi. Ardından vəliəhdin Kadıköydəki köşkündə yaşamağa başlayan Şayan xanım Xədicə Sultanı burada dünyaya gətirdi və atası taxta çıxanadək balaca Xədicə doğulduğu köşkdə gizlicə böyüdüldü.
Sultan Əbdüləzizin taxtdan endirilməsi və ardından atasının taxta çıxarılmasından sonra Sultan Muradın bütün ailə üzvləri kimi, Xədicə Sultan və anası Şayan xanım da Dolmabağça sarayına köçürüldü. Ancaq cəmi 3 ay sonra atası əqli zəifliyi bəhanə göstərilərək taxtdan endirildi və bütün ailə üzvləriylə birlikdə Çırağan sarayına həbs olundu.
Xədicə Sultanın hələ 6 yaşında ikən başlayan məhbus həyatı 25 il davam etdi. Bu müddət ərzində Çırağan sarayı daxilində mükəmməl təhsil aldı. Atası və ögey anası Gövhəriz xanımdan fransızca dərsləri aldı. Evlilik yaşına çatan Xədicə Sultan saray kalfalarının da məsləhətiylə bacısı Fəhimə Sultanla birlikdə əmisi Sultan Əbdülhəmidə evlənmək istədiklərini bildirən bir məktub yolladılar. Sultan Əbdülhəmid isə bir daha Çırağan sarayına qayıtmamaq şərtilə onları evləndirəcəyini bildirdi. Bu isə onların ailələrini bir daha görməməsi demək idi.
Nəhayət, bir müddət sonra ataları Sultan Muradın da icazəsiylə Xədicə Sultan və bacısı Fəhimə Sultan 1901-ci ildə Çırağan sarayından çıxarıldı və Sultan Əbdülhəmidin Yıldız sarayındakı hərəminə gətirildi. Bir müddət burada yaşadıqdan sonra münasib bir ər namizədi axtarıldı. Sultan Əbdülhəmid onu, bibisi Nailə Sultanın və əmisi qızı Əsma Sultanın dul əri Kabasakal Çərkəz Mehmed Paşayla evləndirmək istəmiş, ancaq daha öncə 2 xanım sultanla evlənən paşanın olduqca yaşlı olması səbəb göstərilərək bu təklif geri çevrilmişdir.
Nəhayət, əmisi Sultan Əbdülhəmid tərəfindən atasının katiblərindən Əli Vasif Paşayla evləndirildi. Toy mərasimi 12 sentyabr 1901-ci ildə Yıldız sarayında baş tutdu və eyni mərasimlə, bacısı Fəhimə Sultan Əli Qalib Paşayla, əmisi qızı Əminə Sultan isə Mehmed Şərif Paşayla evləndirildi. Mərasimin ardından Ortaköydəki saraylardan biri təsis edilən cütlüyün qonşusu isə Sultan Əbdülhəmidin qızı Naimə Sultan və eşqbaz əri Mehmed Kəmaləddin Paşa idi. 1904-cü ildə Kəmaləddin Paşayla Xədicə Sultan arasındakı məhəbbəti aşkarlayan məktublar Sultan Əbdülhəmidə göndərildi və ifşa olundu. Bir çoxlarına görə, bu, Xədicə Sultanın intiqamı idi. Skandalın aşkara çıxmasının ardından Naimə Sultan dərhal ərindən boşandı və Kəmaləddin Paşa bütün rütbə və vəzifələrindən alınaraq Bursaya sürgün edildi. Çox keçmədən Xədicə Sultan da ərindən ayrıldı və bağışlanaraq yenidən Yıldız sarayına alındı. Bu dəfə daha sərt nəzarət altında yaşayan Xədicə Sultanın yenidən evləndirilməsi gözlənilsə də, Sultan Əbdülhəmidin belə bir fikri yox idi.
Ancaq bir neçə il sonra 1909-cu ildə Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgün edildi və Xədicə Sultanın digər əmisi Sultan Rəşad taxta çıxdı. Əmisinin də razılığını alan Xədicə Sultan bir ay belə keçmədən 11 may 1909-cu ildə Rauf Hayri bəylə evləndi. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəlsə də, 1918-ci ildə boşandılar. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Xədicə Sultan da övladlarıyla birlikdə sürgünə göndərildi. Livanın Beyrut şəhərində məskunlaşan Xədicə Sultan burada keçmiş ərinin göndərdiyi məvaciblə yaşamağa davam etdi. Ancaq qısa zaman ərzində ərinin həbs olunmasıyla, bu gəlir mənbəyini də itirdi.
1931-ci ildə Osmanlı sülaləsindən 2 sultanın - Dürrüşəhvar Sultan və Nilüfər xanım Sultanın dünyanın ən zəngin müsəlmanı olan Heydərabad nizamının oğullarıyla evlənməsinin ardından, Xədicə Sultan da qızı Səlma xanım Sultana ər namizədi axtarmağa başladı. Ancaq bütün var-dövlətini itirən və sürgün edilən bir sultanın qızı üçün namizəd tapmaq olduqca çətin oldu. Nəhayət, Kotvara rajası Seyid Sacid Hüseyn Əli namizəd olaraq uyğun görüldü və Səlma xanım 1937-ci ildə Hindistana gəlin köçdü. Qızıyla getməkdən imtina edən Xədicə Sultan İstanbuldan onunla birlikdə gələn sadiq xidmətçisi xədim Zeynəl ağanı qızıyla birlikdə Hindistana göndərdi. Evliliyin ardından kürəkəni tərəfindən göndərilən məvaciblə yaşamağa davam edən Xədicə Sultan bir neçə ay sonra - 12 mart 1938-ci ildə iflic keçirərək vəfat etdi. Cənazəsi Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığına əmisi Sultan Vahidəddinin yanına dəfn olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.