From Wikipedia, the free encyclopedia
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi.
Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi.
İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır. Belə ki, padşahların bəzi vaxtlar Topqapı sarayından köhnə saraya gedərək buradakı hərəm mənsublarını ziyarət etdiyi bilinir. XVI əsrin ikinci yarısından etibarən saray hərəmiylə bağlı məlumatlar artmağa başlamış, xüsusilə Sultan Süleyman Qanuninin hasəkisi Xürrəm Sultan və qızı Mihrimah Sultanla başlayan, Nurbanu Sultan və Safiyə Sultanla davam edən intriqalar, eləcə də bəzi hərəm mənsublarının iqtisadi və ictimai fəaliyyətləri bu qurumdan tez-tez söz edilməsinə yol açmışdır.[1]
Hərəmlə bağlı ən çox adı hallanan padşah, şübhəsiz ki, III Muraddır. Onun səltənətində sarayın hərəm bölümünə bir çox yeni binalar əlavə edilmiş, hərəmdə məskunlaşanların və xidmətçilərin sayı artmışdır. Belə ki, Hasəki Safiyə Sultanı qısqanan və onun nüfuzunu azaltmaq üçün oğluna gözəl kənizlər yollayan Validə Nurbanu Sultanla qızı Əsməhan Sultanın səyləri nəticəsində padşah, başlanğıcda yaxından məşğul olduğu dövlət işlərindən uzaqlaşmış və hərəm mənsublarının sayı həddindən çox artmışdır.[2] Selanikinin yazdığına görə, III Murad, saraydan kənarda xalqla birlikdə qılmalı olduğu cümə namazlarını belə, taxtdan endirilmə qorxusu ilə saraydakı məsciddə qılmağa başlamışdı.[1]
XVI əsrdən sonra Osmanlı siyasi tarixində olduğu kimi hərəm sistemində də zəifləmə və pozulma halları nəzərə çarpmağa başlayır. Bu vəziyyət I Əhməddən başlayaraq demək olar ki, bütün XVII əsr Osmanlı padşahlarının uşaq yaşda taxta çıxmaları və uzun müddət idarəni ələ ala bilməmələri ilə əlaqələndirilir. Belə ki, bütün bunların nəticəsində validə sultanlar və bəzi hərəm mənsubları tarixdə görülməmiş səviyyədə güc qazanmış, 1566-1656-cı illər bu səbəblə “validə sultanlar çağı” adıyla anılır. Bu dönəmdəki ən nüfuzlu validə sultan isə, sözsüz ki, Mahpeykər Kösəm Sultandır. XVII əsrin ilk yarısında öncə hasəkiliyə, ardından validə sultanlığa yüksələn Kösəm Sultan, IV Mehmedin ilk illərində ənənəyə zidd olmasına baxmayaraq köhnə saraya getməmiş və “validə-i müəzzəmə” ünvanıyla dövlət idarəsində söz sahibi olmuşdur. Onun Osmanlı sarayında təxminən 50 il davam edən “səltənəti” əsnasında hərəm sistemi zəifləmiş, xüsusilə də oğlu Sultan İbrahimə göndərdiyi kənizlərlə onun zəif əsəb sistemini korlayaraq dövlət işlərinin axsamasına səbəb olmuşdur.
Bu dönəmdə III Mehmed tərəfindən şahzadələrin sancaqbəyliyinə göndərilməsi ənənəsi ləğv edilmiş, nəticədə gələcəkdə taxta çıxarılan padşahlar dövlət işlərindən xəbərsiz şəkildə hərəmdə məhbus həyatı yaşamağa başlamışdır. Xüsusilə də I Əbdülhəmid 49 yaşında taxta çıxanadək hərəmdə qəfəs həyatı yaşamış, cülusunun ardından da dövlət işlərindən çox hərəmiylə məşğul olmuşdur. Xanımlarından Ruhşah Sultana yazdığı duyğu dolu məktublarda, gənclik illərini keçirdiyi hərəmdə yaşadıqlarının onun səhhətinə vurduğu zərərləri açıq şəkildə görmək mümkündür.
XIX əsrdə II Mahmud dönəminin sonlarından etibarən hərəm daha azad hal almış, hərəm qadınları fəracə və çarşaf geyinərək bəzi yerlərə getməyə və onlar üçün ayrılan məkanlarda gəzintilərə çıxmağa başlamışdır. İstisna hal olaraq, Sultan Mehmed Rəşad Bolqar çarı və çariçası üçün verdiyi ziyafətdə hərəmlərindən birinin iştirakına razı olmuşdur. II Əbdülhəmidin hərəmə qarşı münasibəti məsələsində isə tarixçi və yazarlar fərqli fikirdədirlər. Buna baxmayaraq qızları Ayşə Sultan və Şadiyə Sultanın nəşr etdirdikləri xatirələrində atalarının hərəmə qarşı düşkünlüyünün olmadığı qeyd edilir.[3][4] İstər bu dönəm, istərsə də öncəki dönəmlərdə mövcud olmuş hərəmlərlə bağlı Avropalı yazıçılar tərəfindən bir çox xəyali təsvirlər yaradılsa da, bunlarla bağlı heç bir tarixi mənbə və ya dəlil yoxdur.
Hərəm mənsublarını, xidmətçilər və hərəm sakinləri olaraq 2 qrupa ayırmaq mümkündür. Burada ən nüfuzlu xidmətçi isə xədim olan hərəm ağasıdır. Osmanlı sarayında və hərəmində istifadə edilən xədimlərin sayı bəzən artmış, bir çox hallarda bunların sayının azaldılmasına səy göstərilmişdir. Hərəm ağasının başlıca vəzifələri hərəmi qorumaq, buranı yeni cariyələrlə (kənizlərlə) təmin etmək, hərəm mənsublarının drəcələrinin yüksəldilməsi və ya onların cəzalandırılması ilə bağlı padşaha məlumat vermək, sultanların evlənməsində onların vəkili olaraq iştirak etmək və sairdir. Sultan Mehmed Rəşadın 1909-cu ildə taxta çıxdıqdan sonra hərəm ağasına göndərdiyi fərmanda onun vəzifələri arasında hərəmdəki qadınların geyimlərinə diqqət etmək, ədəbsiz geyinənləri xəbərdar etmək və ya cəzalandırmaq, şam namazından sonra xədim ağaların hərəmə alınmaması kimi bəzi əlavə məsələlər qeyd edilmişdir. Tənzimat dönəminin ardından hərəm ağalarının vəzifə öhdəlikləri və bununla bağlı saraydakı nüfuzları getdikcə azalmağa başlamışdır. XIX əsrin sonlarına aid hərəm ağalarıyla bağlı bir statistikada, adı çəkilən 218 xədim ağasının adı, bunların saraya giriş tarixləri, təxmini yaşları, kim tərəfindən təqdim edildikləri, hansı sarayda və kimin xidmətində olduqları barədə ətraflı məlumat almaq mümkündür.
Hərəmin, ən çox müzakirə edilən və müxtəlif sənət əsərlərinə mövzu olan mənsubları isə, şübhəsiz ki, cariyələrdir. Hüquqi baxımdan qadın kölə statusunda olan cariyələr ilk illərdə müharibələr zamanı alınan əsirlər arasından təmin edilirdi. Ancaq sonrakı illərdə bu mənbə yetərsiz olmuş və cariyələr İstanbul gömrük rəisi tərəfindən satın alınmağa başlanmışdır. Bundan başqa cariyələrin təmin edildiyi bir digər mənbəyi, müxtəlif dövlət adamları tərəfindən saraya və padşaha hədiyyə edilən cariyələr təşkil edir.[5] Cariyələrin təmin edilməsi, seçim və qiymətləri, fərqli dönəmlərdəki sayları barədə Topqapı sarayı arxivində yetərli dərəcədə məlumat var. Bu cariyələr müsəlman ənənəsinə uyğun şəkildə tərbiyə edilir, oxuma-yazma və dini təhsillə yanaşı, bacarıqlarına uyğun olaraq musiqi, tikiş-naxış və bu kimi əlavə dərslər alırdılar. Acəmilik adlanan bu ilk mərhələdə özünü göstərə bilənlər kalfa və ustalığa yüksəlirdilər. Hərəmdə yüzlərlə cariyə olmasına baxmayaraq bunların böyük bir qismi xidmətçi idi. Padşah isə bunlardan yalnız bir neçəsi ilə maraqlanır, digərlərinin isə bəlkə də üzünü belə görmürdü.
Qabiliyyəti və gözəlliyi ilə fərqlənən cariyələr hərəmdə kalfalığa yüksəlir və padşah, validə sultan, qadınəfəndi və ya hasəkilərdən birinin yanına xidmət üçün göndərilirdi. Hərəmdə təcrübə qazanmış kalfaları hər biri yütərli dərəcədə təhsil almış olmaqla birlikdə, saray daxilindəki bəzi mərasimlərdə onlara xas hazırlanan geyimlər geyinirdilər. Taxt dəyişikliyinin ardından hərəmdəki nüfuzlu kalfalar köhnə saraya göndərilir və ya evləndirilərək saraydan göndərilirdi.
Hərəm təşkilatında cariyələrin çata biləcəyi ən yüksək səviyyə isə ustalıq səviyyəsi idi. Gözəl, bacarıqlı və ağıllı olan cariyələr pillə-pillə yüksələrək usta olur və beləcə, birbaşa padşahın xidmətinə alınırdılar. Bu ustalar validə sultan və hasəki sultanlardan sonra hərəmin ən nüfuzlu qadınları idilər. Bunlar arasında şəxsən padşah tərəfindən seçilən xəzinədarların sayı təxminən 15-20 idi. Ən nüfuzlu usta isə xəzinədar usta idi. Bülə ki, hərəmdəki bütün cariyə və kalfalar ondan əmr alır, bəzən validə sultan və hasəkilər də ondan məsləhət alırdılar. Hərəmdəki bütün xəzinələrin açarlarını özlərində daşıyan bu xəzinədar ustaların hərəmdəki otaqları da validə sultan otağının üst mərtəbəsində idi. Xəzinədar ustadan başqa, hərəmdə camaşırçı usta, bərbər usta, qəhvəçi usta, vəkil usta kimi fərqli adda ustalar vardı. Bundan başqa hərəmdə hamiləlik, doğum və uşaq salma kimi məsələlərlə məşğul olan əbələr, padşahın övladlarını saxlayan dayələr və süd anaları da vardı.
Hərəmin ən yüksək anımı isə, şübhəsiz ki, padşahın anası olan validə sultandır. 36 Osmanlı padşahından yalnız 23-nün anası validə sultanlıq ünvanı daşımış, digərləri övladlarının səltənətindən öncə vəfat etmişdir. Taxta çıxarılan şahzadənin anası Validə alayı adlanan bir mərasimlə köhnə saraydan Topqapı sarayına gətirilir və oğlunun səltənəti boyunca hərəmin ən güclü qadını olurdu. Hərəmin ikinci dərəcəli qadını isə padşahın xanımları olan hasəki sultanlar və gözdələr idi. Bunlar sonrakı illərdə qadınəfəndi olaraq adlanmışdır. Cariyəlikdən yüksələn, gözəlliyi və bacarıqlarıyla padşahın diqqətini cəlb edən bu xanımlar XVII əsrə qədər daha çox Avropalı əsirlər arasından çıxsa da, sonrakı illərdə Qafqaziyadan gələnlər üstünlük təşkil etmişdir.[6]
Sultan ünvanı verilən padşah qızlarının dünyaya gəlişləri, beşik alayları, xüsusilə də evlilikləri hərəm həyatına olduqca təsir etmişdir. Sultanların evlənəcəkləri vaxta qədərki həyatları hərəmdə keçir, xidmətinə bir çox cariyələr verilirdi. Oxuma yaşına gələn sultanlar xüsusi mərasimlə ilk dərsinə başlayır və adətən dövrün önəmli alimlərindən dərslər alırdılar.
Padşahların hasəki, gözdə və cariyələrindən dünyaya gələn oğlan övladlarına şahzadə (II Murad dövrünədək Çələbi) deyilirdi. Körpə yaşlarındakı bir şahzadənin xidmətinə bir neçə cariyə verilir, 5-6 yaşlarına gəldikdə isə padşahın xidmətində olan və lələ adlanan xüsusi şəxslər vəzifələndirilirdi. Təhsil çağına gələn şahzadələr, eynilə sultanlar kimi dövrün mühüm şəxslərindən dərslər alır, taxta çıxdıqdan sonra isə bu lələlərindən birini “hacə-i sultan” ünvanıyla təltif edirdi. Şahzadələrin sünnət mərasimləri də olduqca möhtəşəm keçirilirdi. Sultan Süleyman Qanuni, III Murad, IV Mehmed və III Əhmədin səltənətində keçirilən sünnət mərasimləri isə Osmanlı sarayının gördüyü ən möhtəşəm mərasimlərdir.
Hərəm mənsublarının, xüsusilə də validə sultanların saray daxilində və xaricindəki işlərini aparan bir çox vəzifəli şəxs vardı. Saray xaricindəki işlərdə bəzən baltaçılar istifadə edilsə də, bunlar daha çox hərəmdə çıxan yanğınların söndürülməsində istifadə edilmişdir.
Hava şəraitindən asılı olaraq saray bağçalarına və saraydan kənardakı gəzinti yerlərinə gedən hərəm mənsubları, bu yerlərə xüsusi arabalarla aparılırdı. Xüsusilə Sultan Əbdülməcid dönəmində hərəm qadınlarının şəhərdə arabayla gəzintiyə çıxması adət halını almışdı. Şənliklərlə yanaşı sarayda baş verən faciəli hadisələr də hərəm həyatına təsir etmişdir. Padşahların ölümü, xüsusilə də öldürülməsi, taxtdan devrilməsi kimi hadisələrdə hərəm mənsubları günlərlə yas saxlayırdı. 1648-ci ildə Validə Kösəm Sultanın da iştirak etdiyi bir tərtiblə Sultan İbrahimin və daha sonra 1808-ci ildə saray əhalisi tərəfindən də çox sevilən Sultan Səlimin qətlə yetirilməsi hadisələri hərəmdə uzun illər unudulmamışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.