From Wikipedia, the free encyclopedia
"Vaşinqton Delaveri keçir" (ing. Washington Crossing the Delaware) — alman əsilli amerikalı rəssam Emanuel Qottlib Loytz tərəfindən 1851-ci ildə yağlı boya ilə çəkilmiş rəsm əsəri. Bu rəsmdə ABŞ İstiqlal müharibəsi gedişində general Corc Vaşinqtonun 1776-cı il 25-26 dekabr tarixində Delaver çayını keçmə səhnəsi təsvir olunmuşdur. Rəsmdə təsvir olunmuş səhnə Nyu Cersidə Trentonda məskunlaşmış Hessian ordusuna qarşı gözlənilməz hücumla nəticələnəcək ilk addım idi. Hessian ordusu ABŞ İstiqlal müharibəsi zamanı Böyük Britaniya tərəfindən iştirak edən Almaniyanın Hessen vilayətindən olan muzdlu döyüşçülərdən ibarət dəstə idi.
Vaşinqton Delaveri keçir | ||
---|---|---|
ing. Washington Crossing the Delaware | ||
| ||
Rəssam | Emanuel Loytz | |
Tarixi | 1851 | |
Üslubu | tarix rəssamlığı | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 378,5 sm[1] × 647,7 sm[1] | |
Materialı | Kətan | |
Saxlanıldığı yer | Metropoliten muzeyi | |
Saytı | wga.hu/html/l/leutze/del… | |
İnventar nömrəsi | 97.34[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmin orijinalı Bremen rəsm qalereyasında (Kunsthalle) olan kolleksiyanın bir hissəsi olmuşdur. Lakin 1942-ci ildə İkinci dünya müharibəsi zamanı bombalanma reydi zamanı rəsm əsəri məhv olmuşdur. Loytz bu rəsmin daha iki versiyasını da yaratmışdır. Həmin surətlərdən biri Nyu-Yorkda Metropoliten muzeyində yerləşir. Digər versiyası vaxtilə Ağ evdə olsa da, sonradan Minnesota ştatında yerləşən Uinona şəhərində olan Minnesota Dəniz incəsənət muzeyinə gətirilmişdir.[2] 2022-ci ilin aprelində Christie's daha kiçik rəsm əsərinin may ayında hərracda satılacağını, satışdan əvvəl 15-20 milyon dollar dəyərində qiymətləndiriləcəyini bildirdi.[3]
Alman əsilli Emanuel Qottlib Loytz (1816-1868) Amerikada böyümüş, sonradan yetkinlik yaşında Almaniyaya qayıtmışdır. Avropada 1848-ci ildə baş vermiş inqilablar dövründə bu rəsmi yaratmaq ideyası formalaşmışdır. Avropa liberal reformatorlarını Amerika inqilabı nümunəsi vasitəsilə həvəsləndirmək ümidilə o, Amerikalı turist, incənət tələbələrindən model və köməkçi kimi istifadə etmişdir. Onun köməkçiləri arasında rəssamlar Uortinqton Uitric və Andreas Aşenbax kimi rəssamlar olmuşdur. Loytz ilk rəsmi 1850-ci ildə tamamlamışdır. Rəsm yekunlaşdıqdan sonra ilk versiya onun emalatxanasında baş vermiş yanğın səbəbindən zərər görmüşdür.[4] Sonradan rəsm bərpa olunaraq Bremen rəsm qalereyası (Kunsthalle) tərəfindən qəbul edilmişdir. İkinci dünya müharibəsi zamanı 1942-ci ilin 5 sentyabrında rəsm əsəri Müttəfiq qoşunlarının bombalanma reydi nəticəsində məhv olmuşdur.[5]
Birinci rəsmin tam ölçülü təkrarı olan ikinci rəsmin çəkilməsinə 1850-ci ildə başlanmış və 1851-ci ilin oktyabrında Nyu-Yorkda sərgidə nümayiş olunmuşdur. Bu rəsmə baxmaq üçün sərgiyə 50 000-dən çox insan gəlmişdir. Rəsm ilk əvvəl Marşall O. Roberts tərəfindən 10 000 $-a (həmin dövr üçün çox böyük məbləğ hesab olunur) alınmışdır. Bir neçə dəfə sahibini dəyişən rəsm nəhayət, 1897-ci ildə Con Stüart Kennedi tərəfindən alınaraq Metropoliten İncəsənət Muzeyinə bağışlanmışdır.
Rəsm əsəri tarixi boyu ən azı iki dəfə nümayiş olunmuşdur. 1950-ci illərin əvvəllərində rəsm Dallasda təşkil olunan sərginin bir hissəsi idi. Sonradan 1952-ci ilin əvvəlindən başlayaraq bir neçə illər ərzində rəsm, yerləşdiyi məkandan çox da uzaqda olmayan Pensilvaniya ştatında yerləşən Birləşmiş Metodistlər kilsəsində sərgilənmişdir. Hal-hazırda isə rəsm Metropoliten muzeyində sərgilənir.
2002-ci ilin yanvarında Metropoliten muzeyinin keçmiş gözətçisi tərəfindən rəsmə xəsarət yetirilmişdir. Belə ki 11 sentyabr hadisələrini özündə əks etdirən şəkili rəsmin üzərinə yapışdırmışdır. Lakin rəsmə çox da böyük zərər dəyməmişdir.[6]
90 ildən artıq rəsmin olduğu və Loytzun özü tərəfindən hazırlanmış çərçivənin əsil olmaması aşkarlanmışdır. 1864-cü ildə fotoqraf Metyu Bredi tərəfindən çəkilmiş foto 2007-ci ildə Nyu-York Tarix Cəmiyyəti tərəfindən aşkarlanmışdır. Bu fotoda rəsmin qartalla əhatələnmiş çərçivədə olması təsvir olunmuşdur. 12x21 ölçüsündə olan çərçivə şəkil əsnasında Eli Wilner & Company şirkəti tərəfindən hazırlanmışdır.
Rəsm özünün bədii kompozisiyası ilə seçilir. General Vaşinqton qeyri-təbii səma ilə önə çəkilsə də, onun sifəti yaxınlaşan günəş şüalarını qəbul edir. Rəsmdə istifadə olunan rənglər əsasən tünd tonludur. Bu da şəfəqin doğması zamanı anı üçün gözlənilən haldır. Lakin rəsm boyu qırmızı parıltılar təkrarlanır. Rakurs, ayrıca qayıqlar rəsmin bütün dərinliyini və Vaşinqtonu daşıyan qayığı xüsusi vurğulayır. Qayıqda təsvir olunmuş insanlar - üzləri arxa istiqamətə yönlənmiş şotland şlyapasında olan insan, afroamerikalı, başı sarğılanmış fermer, kişi geyimini geymiş qırmızı köynəkli qadın amerikan koloniyalarının köndələn birləşməsini özündə nümayiş etdirirdi. Qayığın arxa hissəsində isə ənənəvi hindu geyimində təsvir olunmuş kişi isə yeni qurulacaq ABŞ-də müvəffəqiyyətə və uğura gedən yolda insanların Vaşinqton ətrafında birləşməsi ideyasını özündə təcəssüm etdirir. Qayıqda olan insanlar arasında bayrağı əlində tutmuş şəxs gələcəkdə ABŞ-nin beşinci prezidenti olacaq Ceyms Monro, bortun üzərində əyləşmis isə general Nataniel Qrin olmuşdur.
Qayığın ön hissəsində olan avarçəkənlərdən biri isə qaradərili Prins Uippldır. Prins Uippl ilk əvvəl qaradərili qul olsa da, ABŞ İstiqlal müharibəsi gedişində sahibi general Uilyam Uippli Nyu-Hempşir yığma qoşununda müşayət etməsi onun azad olmasına səbəb olmuşdur. Bundan başqa, qayıqda əli ilə papağını tutan general Edvard Hand təsvir olunmuşdur.
Tədqiqatçılar rəsmdə bir sıra tarixi və fakt səhvlərinin olmasını qeyd edirlər. Deyildiyi kimi, keçid gecə baş versə də, səma gündüz olduğu kimi işıqlıdır. Bundan başqa, bu hadisənin iştirakçılarının xatirələrinə əsasən, həmin gecə sulu qar yağmışdır. Bundan başqa, ilin həmin vaxtlarında Delaver çayının suları adətən buzun altında olur. Belə ki Loytz rəsmi çəkərkən Almaniyada olmuş və Reyn çayından aldığı təəssüratları rəsmə köçürmüşdür. Vaşinqtonun rəsmdə bu cür duruşu qayığın aşmasına səbəb ola bilərdi.[7] Ancaq tarixçi Devid Fişer bildirir ki, qayıqdakı insanlar qayığın içərisinə daxil olan buzlu sudan qaçmaq üçün ayaq üstə durmalı idilər. Bundan başqa, bu cür keçidləri keçmək üçün istifadə olunan qayıqlar rəsmdə təsvir olunan formada deyildir.
Həmçinin, rəsmdə qayıqda olan insanlarla bağlı uyğunsuzluqlar da vardır. Belə ki, gələcək prezident Ceyms Monro (bayrağı tutan) həqiqətən də bu keçiddə iştirak etmişdir. Lakin o, həmin vaxt gənc leytenant idi. Onun Vaşinqtonla eyni qayıqda olma ehtimalı olduqca azdır. Bundan başqa, qaradərili avarçəkən Prins Uipllin bu keçiddə iştirak etməsi barədə heç bir dəlil yoxdur. Həmin dövrdə 44 yaşı olan Vaşinqton rəsmdə olduğudan yaşlı görsənir.
Rəsmdə təsvir olununmuş ABŞ bayrağının dizaynı ("Ulduzlar və zolaqlar") Vaşinqtonun Delaveri keçməsi zamanı mövcud deyildi. Rəsmdə təsvir olunmuş bayraq 13 ulduzu olan "Betsi Ross" bayrağıdır. Bayrağın dizaynı ancaq 1777-ci il 14 iyun tarixində İkinci Kontinental konqresdə qəbul olunmuş bayraq haqda olan qətnamədə müəyyənləşmişdir. Vaşinqtonun 1776-cı ildə keçidindən 1 il sonra 1777-ci ilin 3 sentyabrında ilk dəfə olaraq dalğalanmışdır. Tarixi dəqiq bayraq ancaq Vaşinqtonun özü tərəfindən 1776-cı il 1 yanvar tarixində Massaçusest ştatında yerləşən Somervilldə Kontinental ordunun standartı qismində qaldırdığı bayraq hesab oluna bilərdi.
ABŞ-də Loytzun rəsminə məktəb dərsliklərində də rast gəlinir. Məktəb administratorlarının bu rəsmi senzuraya daxil edilməsini tələb etdiyi hallar olmuşdur. Belə ki onlara görə, rəsmdə Vaşinqtonun şalvarında bərkidilmiş və iki dekorativ dairəvi qırmızı rəngli bəzəkdən ibarət olan saat zəncirlərinin detalı bir sıra məktəblidə kişi cinsiyyət orqanı ilə assosiasiya yaratmışdır. Bəzi hallarda minlərlə tirajda buraxılmış dərsliklərdə əl ilə bu detalın rənglənməsi həyata keçirilmişdir.[8][9].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.