Osmanlı İmperiyasının 30-cu sultanı (1808-1839) From Wikipedia, the free encyclopedia
II Mahmud (osm. محمود ثانى — Mahmud-i sânî) (20 iyul 1785[1][2], Konstantinopol – 1 iyul 1839[2], Konstantinopol) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi.[3]
II Mahmud | |
---|---|
osman. محمود ثانى | |
28 iyul 1808 – 1 iyul 1839 | |
Əvvəlki | IV Mustafa |
Sonrakı | Əbdülməcid |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyul 1785[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyul 1839[2] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | I Əbdülhəmid |
Anası | Nakşidil Sultan |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür. Ancaq bununla yanaşı, Sultan Mahmud səltənəti Osmanlı imperiyasının struktur baxımından yenidən formalaşması, istər idarəetmə, istərsə də mədəni həyatında yeni çağın başlaması ilə də xarakterizə olunur.
Səltənətinin Yeniçəri ocağının ləğvinə qədərki (1826) ilk mərhələsi mənfəəti uğrunda bu ocağın özbaşınalıqlarına göz yuman, daha çox ordu və üləma tərəfindən dəstəklənən, mərkəzi hakimiyyətə tabe olmaq istəməyən, islahat əleyhdarları Anadolu və Rumeli əyanlarının zərərsizləşdirilməsi ilə keçdi. Ələmdar Mustafa Paşanın 4 ay davam edən sədarəti dövründə hazırlanan İttifaq sənədi əyanlıq qurumunun formalaşdırılmasını nəzərdə tutsa da, bu cəhd uğursuz oldu. Ölkədəki bütün əyanların vahid cəbhədə birləşməsi prosesi davam edən ərəfədə Təpədələnli Əli Paşa kimi güclü əyanlar yavaş-yavaş zəifləməyə, bəziləri isə aradan qaldırılmağa başlandı və 1832-ci ildə artıq hökumət bunların böyük bir qismindən təmizləndi.[4]
Sultan Mahmud taxta çıxdığı əsnada Avropada Fransaya qarşı mübarizə davam edirdi və Fransa yönümlü siyasət aparan Osmanlı imperiyası bu səbəblə Rusiya və İngiltərə ilə müharibə şəraitində idi (1806). Bu vəziyyət İngiltərə ilə 9 yanvar 1809 tarixli Sultaniyyə sülhü, Rusiya ilə isə 28 may 1812 tarixli Bükreş sülhü ilə başa çatdı. Rusiya ilə bağlanan sülhə əsasən, bölgədə ruslara mühüm imtiyazlar verilmiş, Bessarabiya torpaqları itirilmiş, rusların Qafqazdakı işğalçı siyasəti tanınmış, ən əsası isə serblərə muxtariyyət verilmişdi. Bununla birlikdə Napoleonun Moskvaya səfəri (1812) və Avropadakı tarazlığın pozulması bu sülhün şərtlərinin icra edilməsini bir müddət gecikdirdi. Ancaq Rusiya tərəfinin məsələni yenidən gündəmə gətirməsilə, 1817-ci ildə serblərə qəti muxtariyyət verildi.
Digər tərəfdən 1821-ci ildə başlayan yunan üsyanı böyüyərək dövlətlərarası bir məsələyə çevrilmişdi. Avropadakı türk əleyhdarlığını gücləndirən bu üsyan Mehmed Əli Paşanın uğurlu hərbi siyasəti ilə yatırılsa da, məsələyə xarici müdaxiləni qaçınılmaz etmişdi. Navarində yerləşən Osmanlı-Misir donanması ani bir basqında yandırıldı (20 oktyabr 1827) və Fransa Moreya bölgəsinə ordu yeritdi. 7 oktyabr 1826 tarixli Akkirman sülhü ilə istədiyi bütün hüquq və imtiyazları ələ keçirən Rusiya bu dəfə də yunan məsələsini bəhanə edərək Osmanlıya qarşı yenidən müharibə elan etdi. Balkan yarımadasında qısa zamanda irəliləyən rus ordusu Ədirnəyə qədər gəldi və burada bağlanan sülhlə (14 avqust 1829) Moreyanı və bəzi adaları özündə birləşdirən Afina mərkəzli kiçik bir Yunan dövlətinin qurulmasının yolunu açdı.[5]
Serblərə verilən siyasi muxtariyyətin ardından Balkan yarımadasında müstəqil Yunan dövlətinin qurulması yarımadadakı digər xristian xalqlarını da bu yöndə ümidləndirdi. Sultan Mahmudun Misir hakimi Mehmed Əli Paşa ilə apardığı siyasi mübarizə, parçalanmanın şərqdən – üstəlik digər bir müsəlman güc tərəfindən başlanması yalnız Osmanlı hökumətinə vurulan bir zərbə deyil, eyni zamanda taxtda olan Osmanlı sülaləsinin də dəyişməsi riskini özüylə birlikdə gətirmişdi. Digər yandan bu mübarizəyə Avropa dövlətlərinin də müdaxiləsiylə, Misir problem anidən İstanbul boğazları probleminə çevrildi. Misir qüvvələrinin Konyaya qədər uğurla irəliləməsi, burda sədrəzəm Rəşid Mehmed Paşa idarəsindəki Osmanlı ordusunun məğlub olması (21 dekabr 1832) və üstəlik əsir düşən sədrəzəmlə birlikdə üsyançı ordunun Kütahyaya gəlməsi (2 fevral 1833) Sultan Mahmudun qarşılaşdığı ən böyük siyasi təhlükələrdən biri oldu. Ancaq Osmanlı dövlətinin bu zəif vəziyyətindən yararlanmaq istəyən Rusiya, bölgədə Misir kimi yeni aparılmış islahatlarla güclü hala gələn bir dövlətin varlığını istəmədi və xüsusi bir dəvət yollanılmadan 1833-cü ilin fevralında rus ordusu və donanması Beykoza gəldi. Nəticədə Kütahyada toplanan tərəflər razılığa gəldilər və Sultan Mahmud 1516–1517-ci illərdə Misirdə ələ keçirilən bütün torpaqları Mehmed Əli Paşanın idarəsinə verməyə məcbur oldu. Digər tərəfdən 8 iyul 1833-cü ildə Rusiya tərəfiylə növbəti bir ittifaq bağlandı və bununla da Rusiya İstanbul boğazı üzərində mühüm imtiyazlar və digər Avropa ölkələri qarşısında üstünlük qazandı. Rusiyanın müdaxiləsiylə bütün Avropanın məsələsinə çevrilən Misir probleminin ilk mərhələsi beləcə bağlandı. Nəticədə rusların İstanbul boğazındakı üstünlüyü bütün Avropanın çalxalanmasına səbəb oldu. 1833-cü ilin sentyabrında şimali Çexiyada toplanan Avstriya və Rusiya hökmdarları, Mehmed Əli Paşanın növbəti cəhdində onu dəstəkləyəcəkləri, Osmanlının Avropadakı varlığına son qoyub, burada yeni xristian dövlətlərinin qurulması barədə razılığa gəldilər.
Hər iki tərəfin girişdiyi hazırlıq dövrünün ardından 24 iyun 1839-cu ildə Nizibdə meydana gələn son hesablaşma Osmanlı ordusunun məğlubiyyəti ilə başa çatdı və Misir qüvvələrinə Anadolunun qapıları yenidən açıldı. Misir və bununla əlaqəli olaraq İstanbul boğazı problem, başdan bəri Mehmed Əli Paşanı dəstəkləyən Fransaya qarşı, Osmanlı tərəfini seçən İngiltərənin hərbi müdaxiləsi ilə həll edildi. Mehmed Əli Paşa ağır şərtləri qəbul etməli oldu və yenidən Osmanlı tabeliyinə verilən Misir hakimiliyi onun və onun vərasətindəki övladlarının ixtiyarına verildi (1840).[6]
Daxili problemlər və xarici müdaxilələr yenicə başlayan islahat hərəkatına təkan verməkdə idi. O illərdə inkişaf edən bütün dövlətlərdə zəruri hal alan mərkəzi hakimiyyəti gücləndirmə siyasəti isə özbaşına əyanların aradan qaldırılmasını zəruri hala çevirmişdi. Misir problemi istisna olmaqla, Sultan Mahmud səltənətində mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə uğurlu addımlar atıldı. Avropasayağı, çağdaş bir dövlət strukturunun yaradılması məqsədilə başladılan bu islahatların dönüm nöqtəsi isə, ənənəvi strukturun, eləcə də boğazına qədər rüşvətə batan dövlət sisteminin simvolu halını alan Yeniçəri ocağının aradan qaldırılması oldu. Taxta çıxdığı andan etibarən düşündüyü bu məsələni reallaşdırmaq üçün uyğun vaxt gözləyən Sultan Mahmud, özü kimi islahat tərəfdarı olan əmisinin səltənətində olanlardan dərs almış, xüsusilə də əsgər-üləma birliyinin pozulmasını hədəfləmişdi. Öncəliklə dövrün öndə gələn üləmaları — başda şeyxülislam olmaqla, islahatların keçirilməsi üçün razı salındı. Edilən təltiflər və göstərilən xoş münasibətlə yenilikçi hərəkatın qarşısında duran ən önəmli qrup zərərsizləşdirildi.[7]
Yunan üsyanının və bununla bağlı xarici müdaxilənin pik həddə olmasına baxmayaraq, Sultan Mahmudun belə bir anda ocağın ləğvini planlaşdırması hadisələri necə dəqiqliklə izlədiyinin və uyğun vaxtın necə düzgün seçildiyini bir daha sübut edir. Xüsusilə də, yeni metod və təlimlərlə qurulan nizami Misir ordusunun, özbaşına və disiplinsiz olan Osmanlı ordusunun uzun müddətdir öhdəsindən gələ bilmədiyi üsyanları yatırması da İstanbuldakı əhali arasında orduya qarşı inamsızlıq yaratmışdı. Əhali arasında mərhum Sultan Səlimin yürütmək istədiyi hərbi islahatların və qurmaq istədiyi Nizam-i Cədid ordusunun zərurəti anlaşılmış, hazır vəziyyətdə gözləyən Sultan Mahmud isə illərdir gözlədiyi fürsəti nəhayət ələ keçirmişdi. Vaxtilə Ələmdar Mustafa Paşa sədarətində qurulan Sekban-ı Cədid ordusunun necə əks-səda doğurduğunu bilən Sultan Mahmud sırf islahat əleyhdarlarını üsyana sövq etmək məqsədilə Eşkinci ocağı adı altında uydurma bir hərbi birlik yaratdı (29 may 1826). Hətta bu birliyin 11 iyun tarixində Avropasayağı uniformalarla hərbi təlim keçəcəyi şayəsi də yeniçərilər arasına məhz Sultan Mahmud tərəfindən buraxılmışdı. Bütün bunları nəzərə alaraq, tarixdən silinmələrinə səbəb olacaq son yeniçəri ayaqlanmasının (15 iyun 1826) məhz Sultan Mahmud tərəfindən bilərək tərtibləndiyini demək olar.[8]
Yeniçəri ocağının ləğvi, Sultan Mahmud səltənətinin ikinci mərhələsinə damğa vuran reformasiya hərəkatının önünü açdı. Köhnəni və yenini birlikdə yaşatmağa çalışan Nizam-i Cədid sisteminin əksinə, qurulan bu yeni strukturda köhnə sistemə və qurumlara yaşama haqqı verilmədi. Müasir bir ordunun qurulması isə öncəliklə maddı vəsait tələb edirdi. Bu istiqamətdə əsas hədəf isə gəlirləri digərlərinə görə daha yüksək olan vəqf torpaqları və mülkləri oldu. Bunlara və bunlardan gələn gəlirlərə nəzarət məqsədilə 1826-cı ildə Evkaf-ı Hümayun Nəzarəti (nazirliyi) quruldu. Sultan Mahmud bu islahatları qətiyyətli və sərt şəkildə tədbiq etdi. Bir çox məscidin dövlət tərəfindən əl qoyulmuş vəqf gəlirləri olmasına baxmayaraq, təmirləri gecikdirildi. Yeniçəri ocağının əsas özəyini təşkil edən Bektaşi təriqətinin İstanbuldakı təkkələri dağıdıldı, önəmli təriqət mənsubları isə edam edildi və ya sürgünə yollandı. Bu təriqətdən geridə qalanlar isə mövcud rejimə sadiqliyi və tərəfdaşlığı ilə seçilən Nəqşibəndi təriqətinə verildi. Bu baxımdan Sultan Mahmud ictimaiyyəti nəzərə alaraq siyasət yürüdən ilk Osmanlı padşahı oldu. Belə ki, 1831-ci ildə İstanbulda nəşr olunmağa başlayan Takvim-i Vekayi qəzetində reformasiyanın uğurlarından və ölkənin inkişafına verdiyi mühüm təkandan bəhs edilərək xalqın gözündə müsbət effekt yaradılmağa çalışılırdı. Sultanın xalqa daha yaxın olmaq üçün təşkil etdiyi səyahətlər, sülh və əmin-amanlığı təmin etmək üçün aldığı inzibati tədbirlər, ərzaq mallarının qiymətinin sabitləşməsi və qiymətlərin nəşr edilməsi saray tərəfindən diqqətlə hazırlanmış propaqanda idi.
Eynilə I Pyotr dövrünün Rusiyasında olduğu kimi, Sultan Mahmud da dövlətin daxilində apardığı bu islahatların zahirən görünən tərəfləri ilə də məşğul oldu. Apardığı geyim reformasiyası bu yöndə atılan addımlardan biri oldu. Din xadimləri öz xüsusi geyimlərini saxlamaqla, dövlət xidmətində olan mülki məmurlar üçün Avropasayağı geyim kimi pencək və şalvar, eləcə də fəs deyilən papaq təyin olundu.
Sultan Mahmud saray və hökumət təşkilatında da dəyişiklik etdi. Uzun müddətdir Osmanlı sülaləsi tərəfindən istifadə edilməyən Topqapı sarayındakı xidmətlilər azad edildi. Sultan və ailəsi isə Beşiktaşdakı sahilsaraylarında yaşamağa başladılar. Topqapı sarayının hökumət bölümü isə tamamilə dəyişdirildi. Öz funksiyalarını itirən divan məclisi ləğv edildi və onun funksiyaları fərqli nazirliklər arasında bölüşdürüldü.
Təhsil və elm sahəsi islahat və reformasiya prosesində Sultan Mahmudun ən diqqət etdiyi sahə oldu. 1821-ci ildə baş verən yunan üsyanı əsnasında vəzifədən alınan vəya edam edilən əcnəbi tərcüməçilərin yerinə müsəlman tərcüməçilərin tapılmaması həmin illərdə sahədəki geriliyi göz önünə qoymuşdu. Dövrün hakim dili olan fransız dilinin ölkədəki istifadəsinə təkan vermiş, özü əcnəbi dil bilməsə də övladlarının bu sahədəki inkişaflarına diqqət etmişdir. Məhz Sultan Mahmud səltənətində ilk dəfə olaraq xarici ölkələrə təhsil almaq üçün tələbələr göndərilmiş, bunlar arasından uğur qazananlar bilavasitə sultan tərəfindən mükafatlandırılmışdır.[9]
Sultan Mahmudun klassik saray təhsilindən başqa, səltənətində rahat bir şahzadəlik yaşadığı əmisi Sultan Səlimdən aldığı dövlət tərbiyəsi və reformist baxışı var idi. Boş vaxtlarında musiqi və hüsnxətt sənətiylə məşğul olmuşdur. Özü tərəfindən hazırlanan bir hüsnxətt lövhəsi atası I Əbdülhəmidin türbəsində asılıdır.
Ömrünün son illərində həddindən çox qəbul etdiyi alkoqollu içki səbəbilə səhhəti pisləşmişdi. Xəstəlik gizli tutulmuş, əcnəbi və yerli həkimlər tərəfindən diaqnozunun gec qoyulması ölümünə səbəb olmuşdur. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyunda yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi. Mərasimin ardında mərhum padşah Divanyolunda bacısı Əsma Sultanın sarayının bağçasına dəfn olundu və üzəri çadırla örtüldü. Yerinə taxta çıxan oğlu Əbdülməcidin əmriylə 5 iyulda məzarın üzərində türbənin inşası başladı və 12 oktyabr 1840-cı ildə tamamlandı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.