Homoseksuallıq
From Wikipedia, the free encyclopedia
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir.[1] Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür.[2][3]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir.[1] Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir[4] və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir.[5][6][7] Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır.[8][9] Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil.[10][11][12]
Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də,[13] elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır.[14]
Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir. Bunların ən tanınmış olanları qadın homoseksuallar üçün "lezbiyan" (və ya lezbiyən), kişi homoseksuallar üçün isə "gey" termininləridir. Qeyd olunmuş terminlər hələ də Azərbaycan dilinin orfoqrafiya lüğətinə əlavə olunmamışdır, bu səbəbdən də yuxarıda qeyd edilmiş terminlərin orfoqrafik baxımdan düzgün yazılışı dilçilərin müzakirə mövzusu qalmaqda davam edir. Bir neçə səbəblərə görə, gey və lezbiyanların, və ya eynicinsli romantik və cinsi münasibətlərdə olmuş şəxslərin ümumi sayını və faiz nisbətini dəqiq bilmək çətindir. Cəmiyyətdə qərəzlilik, ayrı-seçkilik, diskriminasiya və homofobiya nəticəsində özlərini açıq şəkildə ifadə edə bilmirlər, bu zaman cəmiyyətin təzyiqinə rast gəlirlər.[15] Homoseksual davranış bir çox heyvanlarda da rast gəlinməkdədir.[16]
Gey və lezbiyanların sadiq və uzunmüddətli eynicinsli münasibətlərdə olmaqları nadir hal deyil. Lakin qərb ölkələrində sadəcə XXI əsrdən başlayaraq homoseksual fərdlərin görülməsi və sayılması təmin edilə bilindi, və nəhayət, dövlət eynicinsli evlilikləri tanıdı.[17] Bu, 1960-cı illərdə ABŞ-də genişlənmiş, LGBT fərdlərin öz hüquqları uğrunda mübarizəsi hərəkatı kimi uzunmüddətli siyasi proseslərin nəticəsi idi. Azərbaycanda isə bu gün eynicinsli evliliklər dövlət tərəfindən tanınmır və homoseksual şəxslər üçün bir sıra hüquqi məhdudiyyətlər mövcuddur.[18]
Homoseksual münasibətlər psixoloji açıdan heteroseksual münasibətlərlə bərabərdir.[19] Sənədləşdirilmiş tarix boyu homoseksual münasibətlər düşdüyü mədəni mühitdən və aldığı şəkildən asılı olaraq, ya normal qəbul edilib, ya da kı qınanılıb.[20] Dünyada 20-ci əsrin sonlarından bu günədək, gey və lezbiyanların azadlığı və heteroseksuallarla eyni hüquqlara malik olması üçün geniş hərəkatlar müşahidə olunmaqdadır. Bunun nəticəsi olaraq, bir sıra ölkələrdə cinsi oriyentasiyasına görə sataşmaların qabağını almaq üçün, sataşma-əleyhinə və diskriminasiyaya qarşı qanunlar qəbul edilmişdir. Həmçinin, onlara açıq şəkildə hərbi xidmət etmək, təmənnasız tibbi yardım almaq, valideyn olmaq və evladlığa götürmək, haqları verilmişdir və eynicinsli evliliklərin hüquqi stasusu ənənəvi evliliklə bərabərləşdirilmişdir.