From Wikipedia, the free encyclopedia
Ekklesiologiya (yunan. ἐκκλησία, ekklesia, "Kilsə, cəmiyyət", + yunan. λογος, loqos, "elm") – xristian teologiyasının bir sahəsi, Kilsənin təbiətini və xüsusiyyətlərini tədqiq edən elm.
Azərbaycan dilində kilsə sözü ən çox xristian ibadətgahı, məbədi, bəzən də dini təşkilat, təriqət, məzhəb mənasında işlənir.[1] Lakin həm Bibliyanın yunan mətnində, həm də xristian teologiyasında “ἐκκλησία” (ekklesia) sözünün daha dəqiq mənası “imanlılar cəmiyyəti”dir. Buna görə də Bibliyanın Azərbaycan dilinə müasir tərcüməsində (Bax: Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009) bu söz müvafiq şəkildə tərcümə olunmuşdur:
Efeslilərə Məktub 5:25 – Ey ərlər, Məsih imanlılar cəmiyyətini (yunan. ἐκκλησία, ekklesia) sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.
Həvarilərin İşləri 2:47 – Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdı. Rəbb isə hər gün insanları xilas edir və imanlılara (yunan. ἐκκλησία, ekklesia) qoşurdu.
İsa İncildə “εκκλησια” (ekklesia) sözünü yalnız iki dəfə işlətmişdir:
Matta Müjdəsi 16:18 – Mən sənə deyirəm ki, sən Petersən və Mən cəmiyyətimi (yunan. ἐκκλησία, ekklesia) bu Qayanın üzərində quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək.
Matta Müjdəsi 18:17 – Əgər o bu adamların da sözünə qulaq asmaq istəməsə, vəziyyəti imanlılar cəmiyyətinə (yunan. ἐκκλησία, ekklesia) bildir. Əgər cəmiyyətin (yunan. ἐκκλησία, ekklesia) də sözünə qulaq asmaq istəməsə, onu bir bütpərəst və vergiyığan hesab et.
Yunan dilində “ἐκκλησία” (ekklesia) sözü Bibliyaya hələ bizim eradan əvvəl daxil olmuşdu. B.e.ə. III-II əsrlərdə yerinə yetirilmiş Tövratın yunan dilinə tərcüməsi Septuagintada bu sözə rast gəlinir. Septuagintanı yaradan yəhudi ilahiyyatçıları Qanunun Təkrarı 4:10-dakı “Xalqı Mənim üçün bir yerə topla. Mən Öz sözlərimi onlara eşitdirəcəyəm” ayəsindəki “topla” kəlməsini (“קהל” - kahal) “εκκλησιασον” (ekklesiason) olaraq tərcümə etmişlər.[2] Buna görə, Əhdi-Cədidin müəlliflərinin Əhdi-Ətiqdəki İsraili də “εκκλησια” (ekklesia – cəmiyyət) adlandırdıqları heç təəccüblü deyildir:
Həvarilərin İşləri 7:38 – Bu, həmin adamdır ki, Sina dağında onunla danışan mələklə və ata-babalarımızla birgə səhradakı cəmiyyətdə (yunan. ἐκκλησία, ekklesia) olmuşdu. O, canlı sözlər almışdı ki, bizə versin.
Əhdi-Ətiq cəmiyyəti insan tərəfindən deyil, Rəbbin iradəsi ilə yaranmışdır. Onun təməlini Rəbb Özü qoymuşdur. Allahın xalqının əcdadları Yaradılış Kitabında heç də ideal qəhrəmanlar kimi deyil, əksinə, cürbəcür zəiflikləri, nöqsanları ilə əsl insanlar kimi təsvir edilmişlər. Beləliklə, Allahın xalqı əcdadlarının nailiyyətinə görə deyil, Allahın sərbəst qərarı ilə seçilmişdir.
Əhdi-Ətiq cəmiyyəti aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:
Əhdi-Ətiq cəmiyyəti kimi Məsihin cəmiyyəti də Allahın iradəsi ilə qurulur. İsrail 12 soy başı əcdad üzərində qurulduğu kimi Məsihin cəmiyyəti də 12 həvari üzərində qurulmuşdur. Bu, Əhdi-Cədid cəmiyyətinin bir mənada yeni İsrail – Allahın yeni xalqı rolunu oynadığına şəhadət edir. Tövratda İsrailin əcdadlarının zəif cəhətləri təsvir edildiyi kimi, Əhdi-Cədiddə Məsihin həvarilərinin zəifliyi heç də gizlədilməmişdir.
Bibliyada Əhdi-Cədid cəmiyyətinin aşağıdakı xüsusiyyətləri göstərilir:
“Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin”.[11]
“Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun”.[12]
“Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır”.[13]
“Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz”.[14]
“Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir”.[17]
“Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi”.[20]
Əhdi-Cədiddə nəzarətçi (yepiskop), ağsaqqal (presviter) və xidmətçi (dyakon) olmaq üzrə üç ruhani rütbənin adı çəkilir.[21] Lakin həvarilərin dövründə bu rütbələrin vəzifələri haqqında konkret məlumat yoxdur. Nəzarətçi (yepiskop) və ağsaqqal (presviter), yəqin ki, sinonim olaraq işlənirdi.
Məsihin cəmiyyətinin xidmətçilərinə verilən səlahiyyət dünyəvi deyil, ruhanidir. Onlara “bağlamaq” və “açmaq”, yəni imanlılar cəmiyyətinə rəhbərlik etmək səlahiyyəti verilir.[22] Lakin hökmranlıq, ağalıq etmək, özünü yüksək tutmaq qadağan olunur.[23]
“İmanlılar cəmiyyəti” dedikdə bir otaqda toplaşan 2-3 nəfərlik qrupdan tutmuş bütün dünyada İsa Məsihə iman edən möminlərə qədər müxtəlif insan qrupları nəzərdə tutula bilir. Əhdi-Cədidin bir sıra yerlərində “evdə toplaşan cəmiyyət” ifadəsi işlənir.[24] Başqa yerlərdə müəyyən şəhərdə və ya bölgədə yaşayan bütün möminlərin ümumi məcmusu nəzərdə tutulur.[25] Nəhayət, ümumdünya imanlılar cəmiyyəti də “ἐκκλησία” (ekklesia) adlanır.[26]
Bibliyada imanlılar cəmiyyətinin təbiətini açıqlayan bir çox obraz və metaforlar işlənir:
“«Mən sizə Ata olacağam, siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir”[27]
“Sən Allahın ev xalqı arasında necə həyat sürmək lazım olduğunu biləsən. Bu xalq var olan Allahın cəmiyyəti, həqiqətin dirəyi və bünövrəsidir”.[28]
“Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin... «Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq». Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm”.[29]
“Sizə görə ilahi bir qısqanclıq hiss edirəm. Çünki sizlər sanki bakirə qızsınız və sizi bir Oğlana, yəni Məsihə nişanlayıb təqdim etmişəm”.[30]
“«...Quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb; Geyinmək üçün ona təmiz, parlaq və incə kətan verildi». İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir”.[31]
“Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm”.[32]
(Həvari Pavel cəmiyyətin ağsaqqallarına) “Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin”.[33]
“Ey aranızda olan ağsaqqallar!... Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin. Sizə tapşırılanlar üzərində ağalıq etməyin, amma sürüyə nümunə olun. Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız”.[34]
“Siz də Məsihin bədənisiniz, bu bədənin ayrı-ayrılıqda isə üzvlərisiniz”.[35]
“Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır. O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür”.[36]
“...bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək. Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir”.[37]
“Çünki biz Allahın əməkdaşlarıyıq. Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz”.[38]
“Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz”.[39]
“İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz”.[40]
İmanlılar cəmiyyəti Bibliyadan daha qədimdir. Həm Əhdi-Ətiqdə, həm də Əhdi-Cədiddə cəmiyyət Müqəddəs Yazılardan öncə yaranmışdır. Müqəddəs Yazıların kanonu imanlılar cəmiyyəti tərəfindən müəyyən olunmuşdur. Kanon, imanlılar cəmiyyətinin İlahi Vəhyi bəşəri yazılardan ayırmaq cəhdi nəticəsində əmələ gəlmişdir. İmanlılar cəmiyyətinin qədim ənənəsi vardır. Ənənəsinin əsasında Bibliya durur. Bibliyadan əlavə ümumdünya kilsə məclislərində qəbul olunmuş qərarlar, əqidələr, iman simvolları vardır. Ərslər boyunca xristianlığın yayılmasına böyük töhfələr vermiş ayrı-ayrı şəxsiyyətlərin: kilsə ataları, müəllimlər, ilahiyyatçılar, müqəddəs elan olunmuş adamların da ənənədə önəmli yeri vardır. Pravoslav və katolik kilsələri ənənəyə böyük əhəmiyyət verirlər, protestant icmaları isə əksərən ənənədən imtina edib yalnız Müqəddəs Kitaba əsaslanmağa meyillidirlər.
Əhdi-Cədiddə imanlılar cəmiyyəti “yeni İsrail”, “Allahın yeni xalqı” olaraq təsvir olunur. Həvari Pavel cismən İbrahimin nəslindən olan insanların yəhudi adlanmalarına baxmayaraq, “yəhudi” sözünün daha dərin, ruhani mənasının ürəyi təmiz, Allaha bağlı mömin olduğunu açıqlamışdır:
“Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil. Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı Qanuna görə deyil, Ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr”.[41]
“İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın. Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər”.[42]
İbrahimin əsl övladları cismən İbrahimin nəslindən olanlar deyil, onun imanının izi ilə gedən, Məsihə iman edən şəxslərdir. Buna görə Pavel Məsihə iman edənlərin həqiqi mənada “İsrail” olduqlarını öyrədir:
“İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil. İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil... Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır”.[43]
“Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz”.[44]
Bəzi protestant ilahiyyatçıları İsrail xalının Məsihin cəmiyyəti ilə yanaşı Allahın xalqı olmasını elan edirlər.[45] Onların fikrincə, Allahın iki xalqı vardır: İsrail xalqı (İbrahimin cismani övladları) və Məsihin cəmiyyəti (İbrahimin ruhani övladları). İsrail xalqı və imanlılar cəmiyyəti üçün Allahın iki ayrı planı vardır.
Bu təlim, müasir protestant xristianları arasında yayılmasına baxmayaraq, bütün pravoslav, katolik və bir çox protestant möminləri tərəfindən qəbul olunmur. Bu məsələyə ənənəvi baxış belədir ki, Məsihin cəmiyyəti yəhudi xalqından ayrı bir qrup deyildir. Həvari Pavelin və həvari Pyotrun yəhudi olmayan möminlərə yazdığı sözlər bu ənənəyə əsas verir:
“Cismən başqa millətlərdən olan sizlər... Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz. Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı. Qanunu əmrləri və qaydaları ilə birgə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsinvə çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi”.[46]
“İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraqözünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz... siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız... Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız”.[47]
Katolik kilsəsinin katexizisində “İmanlılar cəmiyyəti, sirr olaraq aramızda olan Məsihin Padşahlığıdır” deyə yazılmışdır.[48] Pravoslavlar və protestantlar bir qayda olaraq imanlılar cəmiyyətini birbaşa Allahın Padşahlığı adlandırmağı düzgün hesab etməzlər.
İmanlılar Cəmiyyəti ilə Allahın Padşahlığı arasındakı əlaqə bütün xristianlar tərəfindən qəbul olunur. İmanlılar Cəmiyyəti Allahın Padşahlığından belə fərqlənir:
Beləliklə, xristianların əksəriyyətinin əqidəsincə, imanlılar cəmiyyəti Allahın Padşahlığının özü olmasa da, Məsihin dünyada hökmranlığı məhz imanlılar cəmiyyəti vasitəsilə yayılır. Allahın Padşahlığı yalnız İsanın təkrar gəlişi ilə bütün kainata yayılaraq tam şəkildə həyata keçəcəkdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.