Remove ads
From Wikipedia, the free encyclopedia
Əllincilər (ing. Pentecostalism) — Protestant xristian məzhəbi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində ABŞ-də protestant icmaları arasında erkən xristianlığa qayıdış, onun mənəvi cəhətdən dirçəldilməsi kimi ideyaların geniş yayılması əllincilərin meydana gəlməsinə səbəb olmuşdur. Xristianlığın protestant qolu sayılan əllincilər cərəyanının əsası metodist kilsəsinin keçmiş pastoru Çarlz Parem tərəfindən qoyulmuşdur.
1901-ci ildə Yeni il ərəfəsində Parem və onun tələbələri protestant aləmində din və imanın zəifləməsinin səbəblərini müzakirə edərkən, belə nəticəyə gəlmişlər ki, bu sualın cavabı Əhdi-Cədidin Həvvarilərin işləri bölümündə gizlənmişdir. Burada Əllinci gün bayramı zamanı (İudaizmdə Musaya Toranın verilməsi ilə bağlı keçirilən şənlik) Məsihin şagirdlərinə Allah tərəfindən bilmədikləri dillərdə danışma qabiliyyətinin verilməsindən, həvarilərin yad xalqların yanlarına gedərək onlara İsa Məsih təlimini təbliğ etmələrindən danışılır. İncilə görə, həmin hadisə İsanın göyə yüksəlməsinin onuncu günündə baş vermişdir.
Parem və tələbələrinin fikrincə, həvarilərin "bilmədikləri dillərdə danışma" vergisi sadə xristianlar tərəfindən itirildiyi üçün xristian dünyası ateist, inkarcı düşüncələrin, sekulyar ideyaların təsiri altına düşmüşdür. Onlara görə, saf imana qayıtmağın yalnız bir yolu var: itirilmiş vergini dua vasitəsi ilə geri qaytarmaq. Odur ki, Parem dua mərasimində vəcd halındakı qızın başına əlini qoymuş və bundan sonra guya qız bilmədiyi dildə danışmağa başlamışdır.
İtirilmiş verginin geri qayıtdığına sevinən ordakı dindarlar bundan cuşa gəlmiş, həmin dini praktikanı təkrarlamış, dua zamanı anlaşılmayan səslər çıxararaq bilmədikləri dillərdə danışdıqlarını düşünmüş, bunu Tanrının vergisi kimi qəbul etmişlər.
Həmin hadisə Əllinci gün bayramı vaxtı baş verdiyindən yeni dini cərəyanın nümayəndələri əllincilər adı ilə tanınmışlar. Get-gedə əhali arasında rəğbət qazanan əllincilər saylarını artırmaq, dini dünyagörüşlərini yaymaq məqsədi ilə təbliğat fəaliyyətinə keçmişlər. Bu işdə Uilyam Seymur, Devid Dyu Plessi adlı şəxslər xüsusilə seçilmişlər. Qısa müddət ərzində əllincilik ideologiyası ABŞ-nin müxtəlif şəhərlərində yayılaraq, ölkənin hüdudlarından kənara çıxmışdır. Metodist kilsəsinin keçmiş pastoru Tomas Balla Baratın səyi ilə əllincilərin sayı Avropada, o cümlədən Skandinaviya və Pribaltika ölkələrində artmışdır.
Əllincilərin dini təlimi özünəməxsus xüsusiyyətləri ilə seçilir. Onlar digər protestant məzhəbləri kimi Bibliyanı imanın əsası kimi qəbul etsələr də Müqəddəs Kitabı fərqli şəkildə başa düşürlər. Bilinməyən dillərdə danışmaq vergisi, yaxud qlossolali (yunanca dildə danışmaq deməkdir) olaraq tanınan sözügedən dini ayin əllincilik ideologiyasının sütunudur. Onların inancına görə, xaç suyuna salındıqdan sonra Müqəddəs Ruh mömin şəxsə xəstələri sağaltmaq, gələcəyi görmək və bilinməyən dillərdə danışmaq vergisi verir. Beləliklə, hər bir əllincinin bu verginin daşıyıcısı olduğu iddia olunur.
Əllincilər dünyanın sonu, İsa Məsihin ikinci zühuru və onun minillik hakimiyyəti aspektinə böyük önəm verirlər. Onlar Bibliyanın "öldürmə" ehkamını hərfi mənada başa düşür və əsgəri xidmətə mənfi münasibət bəsləyirlər.
Əllincilər dini cərəyanı yekdil deyil və müxtəlif, fərqli icmalarla təmsil olunmuşdur. Elmi ədəbiyyatda bu hərəkat ardıcılları əsasən ənənəvi (klassik) və xarizmatlar (xarizma- xristian ilahiyyatında Müqəddəs Ruh tərəfindən dindara verilən vergini ifadə edən termin) olmaqla iki qrupa bölünmüşdür. Xarizmatları yeni əllinci kimi adlandıranlar da var. Missionerlik işinin təşkili və dini ayinlərin keçirilmə şəkli məsələsi ənənəvi və yenilər arasında fikirayrılığının yaranmasına gətirib çıxarmışdır.
Əllincilik dini cərəyanı yarandığı gündən müxtəlif Xristian məzhəbləri tərəfindən tənqid edilmiş və birmənalı qarşılanmamışdır. Onların yığıncaqlarında baş verən ekstaz halları, cin qovalama ayinləri, vəcd halında qışqırıqlar başqa xristianların narazılığına səbəb olmuşdur. Əllincilik hərəkatına qarşı ən güclü etiraz Almaniyada olmuşdur. Odur ki, uzun müddət bu ölkənin qapıları əllincilərin üzünə bağlı idi.
Belə ki, ənənəvilərin xarizmat təlimində ən çox tənqid etdikləri məqam "inkişaf teologiyası"dır. Bu təlimdə dindarın şəxsi inkişafı, dünya həyatında tərəqqisi, firavan yaşaması, sağlam olması və zənginləşməsi aspektinə böyük önəm verilir. Xarizmatlara görə, Tanrının sevdiyi insan varlı, nüfuzlu və fiziki cəhətdən sağlam olan şəxsdir. Onların təlimində kapitalist düşüncə tərzini sezmək çətin deyil. Xarizmatların yaxşı dindar tipi müasir uğurlu insan obrazını xatırladır. Beləliklə, xarizmatlarda dünyəvilik ön plana çəkilir. Bu isə klassik əllincilərin ciddi narazılığına səbəb olur.
Klassik əllincilərin tənqid etdikləri digər məqam isə xarizmatların dini ayin zamanı həddən artıq emosiyalara, qışqırıqlara, enerjili hərəkətlərə yer vermələri, dini təbliğ edərkən son texnoloji nailiyyətlərdən, caz, pop kimi müasir musiqi janrlarından, kütləvi mədəniyyətdən geniş şəkildə istifadə etmələridir.
Xarizmatların "gələcəyi görmə" teleşouları da digər xristian məzhəbləri tərəfindən ciddi tənqid atəşinə tutulmuş və böyük qalmaqallara səbəb olmuşdur. Xüsusilə ABŞ-də geniş yayılmış belə teleşoularda pastor dini verilişə gəlmiş tamaşaçılardan birini səhnəyə çağırır, onu narahat edən problemləri guya qabaqcadan görür, keçmiş günahlarını "tapır", insanı Tanrı qarşısında əvvəlki səhvlərini boynuna almağa sövq edərək, "günahkarın" ağlayıb tövbə etməsinə nail olur. Bu cür dini televerilişlərdə fırıldaqçılığın yer aldığı aşkara çıxmış, əslində pastorlarda heç bir bəsirət qabiliyyəti olmadığı, səhnəyə dəvət ediləcək şəxs barədə əvvəlcədən məlumat toplanıldığı və bu informasiyanın canlı yayında müasir texnologiya vasitəsi ilə ötürüldüyü məlum olmuşdur.
Qeyd etmək lazımdır ki, xarizmatlar ən sürətlə inkişaf edən, tərəfdar toplayan protestant cərəyanı sayılır. Cənub-Şərqi Asiya ölkələrində onların sayı günbəgün artmaqdadır. Artıq Cənubi Koreya, Çin, İndoneziya, Tayvan, Filippin, Birma, Hindistan, Tayland, Nepal, Sinqapur kimi ölkələrdə xarizmatlar önəmli dini qüvvəyə çevrilmişlər. Təkcə onu qeyd etmək kifayətdir ki, protestantların, xüsusilə xarizmatların Filippində son illərdə sayı təqribən 5 mln. nəfərə çatmışdır. Bu isə ölkə əhalisinin səkkiz faizi deməkdir.
Xarizmatlar özlərini Qərb dəyərlərinin daşıyıcısı kimi qələmə verdiklərindən və "demokratik prinsipləri" yaymağa, dövlətin siyasi həyatında aktiv iştirak etməyə çalışdıqlarından Çin, Vyetnam, Hindistan və digər ölkələrdə ciddi təqiblərə məruz qalır, həbsxanalara salınır, onların dua evləri qapadılır.
Xarizmatların missionerliklə məğul olduqları ölkələrin dillərində çoxsaylı, yüksək tirajlı kitablar buraxmaları, dini dünyagörüşlərini yerli xalqların adət-ənənə, musiqi və inanclarına uyğunlaşdırmaları, müasirliklə öz dini ideyalarını sintezləşdirmələri Uzaq Asiya dövlətlərində yeni əllincilərin böyük uğur əldə etməsinə gətirib çıxarmışdır. Məsələn, Hindistanın Kerala ştatında missionerliklə məşğul olan xarizmat pastorları hind müqəddəsi Mata Amritanandamaya həsr edilmiş şənliklərə fəal qatılaraq, yeni əllinciləri bu yerli kulta "kainatın canlı anası simvolu" qismində pərəstiş etməyə çağırmışlar. Bu isə, öz növbəsində hindistanlılarda xarizmatlara qarşı rəğbətin yaranmasına gətirib çıxarmışdır.
Xarizmatların missionerlik toruna müalicəsi olmayan xəstəliyə tutulmuş, həkimdən əlini üzmüş şəxslər də düşür və onların təbliğat qurbanına çevrilirlər. Xarizmatların icmalarında gələnlərə dua vasitəsi ilə bütün dərd-sərdən qurtulacaqlarına ümid verilir, hər bir xarizmatın şəfa vermək iqtidarında olduğu və müasir tibbin heç bir işə yaramadığı bildirilir. Xarizmat icmalarında "müalicə seansları" adi hal almışdır. Bu seanslarda belə mənzərəni müşahidə etmək mümkündür: pastor, yaxud digər rəhbərlər xəstə adama yaxınlaşır, əlini onun başının üzərinə qoyur, Tanrıya dua edir, "cini qovalayan" sözləri deyir, anlaşılmaz səslər çıxarır və xəstəyə sağaldığını təlqin edirlər.
Xarizmatlar müxtəlif xeyriyyə işlərində iştirak etməyi sevirlər. Onlar qocalar və uşaqlar evinə yardım göstərir, narkomaniya, QİÇS əleyhinə yönəldilmiş layihələrin həyata keçirilməsində fəal iş görür, Qırmızı Xaç kimi nüfuzlu xeyriyyə təşkilatlarının hesabına külli miqdarda pul köçürürlər. Təbii ki, bu təsadüfən, xeyirxahlıq naminə atılmış addım deyil, fərqli millətlər arasında xarizmatların saylarının artırılması məqsədini güdən iri missioner layihənin tərkib hissəsidir.
Həm Qərb, həm də digər ölkələrin mətbu orqanlarında xarizmatların fəaliyyəti birmənalı qarşılanmır. Çoxsaylı məqalə və televiziya verilişlərində xarizmat icmalarının totalitar səciyyə daşıdığı, pastor və digər rəhbərlərin mütləq hakimiyyətə malik olduğu və sadə icma üzvlərinin şəxsi həyatlarına müdaxilə edildiyi, zombiləşdirildikləri vurğulanır.
Azərbaycana ilk gələnlər ənənəvi əllincilər olmuşdur. Çar Rusiyasının son dövründə, daha doğrusu XX əsrin başlanğıcında Azərbaycana gəlmiş əllincilər əcnəbilərin çox olduğu Bakı şəhərində məskunlaşmış və təbliğat hədəfi kimi qeyri-müsəlmanları seçmişlər. Buna baxmayaraq, onların etiqadları yerli xristianlar arasında belə rəğbət qazanmamış, burada özlərinə tərəfdar toplaya bilməmişlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.