From Wikipedia, the free encyclopedia
Azərbaycan almanları — Azərbaycanda yaşamış alman icmasına verilən ümumi ad. 1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş vermişdir. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemberq krallığının sakinləri olmuşdular.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
1817–1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) və Annenfeld (indiki Şəmkir şəhəri, Şəmkir rayonu) Şimali Azərbaycanda yerləşirdi.
Bu koloniyalardan başqa almanlar Georqsfeld (Georgsfeld) (indiki Çinarlı, Şəmkir rayonu), Qrünfeld (Grünfeld) (indiki Həsənsu, Ağstafa rayonu), Ayxenfeld (Eichenfeld) (indiki İrmaşlı, Şəmkir rayonu), Traubenfeld (indiki Tovuz şəhəri, Tovuz rayonu), Yelizavetinka (indiki Ağstafa şəhəri, Ağstafa rayonu) kimi kəndlərdə yaşayırdılar.
Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan "Kaukasische Post" qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı.
Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olmuşdular. Azərbaycan Demokratik Respublikası parlamentinin IX Milli azlıqlar fraksiyası dörd üzvündən biri əslən alman olan Lorens Kun olmuşdur. Lorens Kun 1884-cü ildə Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) şəhərində anadan olmuş və bir müddət burada fəaliyyət göstərmişdir. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kun da parlamentə qoşulmuşdur. O, Azərbaycan almanlarını təmsil edirdi.
Alman kolonistlərinin Rusiya imperiyasına köçməsi hələ imperatriçə ІІ Yekaterinanın dövründən başlandı. XVIII-ci əsrin ikinci yarısı — XIX-cu əsrin əvvəllərində baş vermiş Rus-Türk müharibələrindən və geniş ərazilərin Rusiyaya birləşdirilməsindən sonra, alman kəndliləri və sənətkarları Qara dəniz ətrafında yerləşən torpaqlara dəvət olunurdu. Zaqafqaziyanın birləşdirilməsi və 1804–1813-cü illərin Rusİran müharibəsindən sonra Rusiya imperiyası əldə etmiş ərazilərdə öz təsirinin gücləndirilməsi məsələsi ilə qarşılaşdı.
Alman mühacirlərinin, xüsusilə də Almaniyanın cənub-qərb vilayətlərindən, o cümlədən Vürtenberq krallığından olan almanların bura gəlməyə razılıqlarının əsas səbəbi Napoleon müharibələri dövründə Avropada baş verən siyasi sarsıntılar nəticəsində əhalinin vəziyyətinin pisləşməsi idi. Almanların Cənubi Qafqaza, o cümlədən də müasir Azərbaycanın ərazisinə köçməsi yüz il çəkdi.
Rusiya hökümətinin köməyinə baxmayaraq, Cənub-Şərqi Qafqaz ərazisində məskunlaşan almanların vəziyyəti mürəkkəb idi. Adaptasiya prosesi onlar üçün qeyri-adi iqlim, yerli həyat tərzinə uyğunlaşmamaq, müxtəlif xəstəliklərin yayılması ilə çətinləşirdi. Lakin alman koloniyaları bir neçə on illik ərzində müvəffəqiyyətli təsərrüfatlara çevrildilər. Ən iri koloniya Helenendorf idi. Qafqaz almanları koloniyaların ilk yaranma mərhələsindən başlayaraq etnik və dini özünəməxsusluğunu, ənənəvi mədəniyyətini və milli şüurunu qoruyub saxlamağa çalışırdılar.
Napoleon müharibələrindən sonra əhalinin müflisləşməsi, torpaqların itkisi, bahaçılıq, verqilərin artması, kəndlilər və sənətkarların ağır iqtisadi durumu, kütlələrin yoxsullaşması, ümumi hərbi mükəlləfiyyət olduğu yerdə əsgər (rekrut) toplanması təhlükəsi, hava şəraitinin pis olması və son illərin qıtlığı, aclıq (belə ki, 1816-cı ildə yapışqan, ilbiz, ağac qabığı, ot yeyirdilər) — bütün bunlar insanları mühacirətə sövq edirdi.
XIX-cu əsrdə alman ailələri çoxuşaqlı idilər: ailədə 8–10 uşağın olması adi hal sayılırdı. Ənənəyə görə, ailənin torpağı kiçik oğula keçirdi. Böyüklər üçün isə qabaqcadan torpaq almaq lazım idi. Almanların zəhmətkeşliyi, onların torpağa olan sevgisi, yerli əhali ilə mehriban münasibətləri buna gətirib çıxardı ki, onlara yeni torpaqlar ayrıldı. Belə, Helenendorfdan 25 km aralı, Şəmkir çayının sahilində yeni koloniya yaradıldı.
İllər keçdi, alman icması böyüdü. İlk koloniya olan Helenendorf kirxa, klub, məktəb, güllərlə dolu park və bağçaları olan tipik alman şəhərciyinə çevrildi. Balaca orkestr də yaradıldı ki, Helenendorf sakinləri onun sədaları altında rəqs edir, mahnı oxuyur, gülməli səhnəciklər oynayırdılar.
XIX-cu əsrin sonunda Helenendorfda kiçik elektrik stansiyası inşa edildi, elektrik xətləri çəkildi, teleqraf qovşağı yaradıldı. Hər koloniyada tibbi xidmət var idi, feldşer məntəqəsi də açıldı. Şərabçılığın inkişafı ilə bağlı koloniyalarda zəruri sexlər yaradılırdı: dəmirçi, xarrat, çəllək, və s. Texniki təchizatı olan təsərrüfatlar peşəkar şərabçı Xristofor Forerə məxsus idi. Alman yaşayış məskənlərinin genişlənməsi prosesi davam edirdi. Yeni koloniyalar yaradılmışdı.
İlkin dövrlərdə Azərbaycanda məskunlaşan kolonistlər olduqca qapalı həyat tərzi aparırdılar. 1830-cu ildə Qafqaza, o cümlədən də Azərbaycana səyahət edən səyyah Morenasın qeydlərində təqdim olunan məlumatlar da belə düşünməyə əsas verir. Bu qeydlərdə bildirilir: "Asiya xalqının arasında on ilə yaxın yaşayan iki alman koloniyasının (Helenendorf və Annenfeld) sakinləri ondan heçnə, hətta faydalı bir şey də götürməyiblər. Bu iki koloniyanın sakinləri Kür qırağı ərazilərdə yaşayırlar və, deyəsən, hələ bundan sonra da xeyli yaşamaq fikrindədirlər, elə bil heç vaxt Reyn sahillərindən ayrılmayıblar. Onlar vətənlərindən çıxanda nə bilirdilərsə, elə onu da bilirlər… Onlar yeni heç bir şey öyrənməyiblər"
Almanlar buğda, arpa və darı yetişdirirdilər; növbəti əkin, yani bitki əkinlərinin vaxtaşırı növbələşməsini, həmçinin dörd tarlada da növbəti əkini tətdiq edirdilər. Torpağın becərilməsi üçün kolonistlər yerli və ənənəvi ağır kotandan istifadə edirdilər. Bu kotana 8–10 at qoşurdular. Əkinlərin suvarılması üçün Qafqaz kəndliləri kimi, arx sistemindən istifadə edirdilər. Yerli ustalar kolonistlər üçün Helenendorf və Annenfelddə suvarma suyunu yığmaq məqsədilə kəhrizlər, yəni yeraltı irriqasiya qurğuları qazmışdılar. Yerli şəraiti nəzərə alaraq, almanlar yerli əhalidən taxıldöyən taxta ilə dənin üyüdülməsi üsulunu öyrənir, biçim üçün yerli oraqlardan istifadə edirdilər. Əvvəllər üzüm bağlarını yerli ənənəvi üsullarla becərirdilər, üzümün yerli növlərini yetişdirirdilər. Sonra kolonistlər üzümün yeni, o cümlədən muskat, rkatsiteli, saperavi, izabella növlərini yetişdirməyə başladılar. Onlar həmçinin meyvə bağları da saldılar, kartof və digər tərəvəzlər yetişdirməyə başlayıb azərbaycanlıları da bu tərəvəzlər ilə tanış etdilər.
Qafqazın iqtisadi və ictimai-mədəni həyatına yalnız kolonistlər deyil, həmçinin beynəlxalq biznes, elm və mədəniyyətin alman əsilli nümayəndələri böyük töhfələr verdi. XIX-cu əsrin ikinci yarısı — XX-ci əsrin əvvəllərində Rusiya imperiyasında gedən müasirləşmə prosesləri ilə əlaqədar olaraq bir çox alman sahibkarları öz kapitallarını neft biznesi, maşınqayirma, mədən (filiz) işi və misin əridilməsinin inkişafına yatırır, Azərbaycanın iri şəhərlərində, ilk növbədə Bakıda yeni evlər və ictimai binalar inşa edirdilər.
Almanlar Azərbaycanın elm və mədəniyyətinin inkişafına böyük töhfələr verib. Belə ki, XIX-cu əsrdə alman arxeoloqları ölkəmizdə arxeoloji qazıntılara başlayıb və Azərbaycanda arxeologiya elminin əsasını qoyublar. Ömrünü Azərbaycan arxeologiyası və etnoqrafiyasına həsr edən Y.Qummel bu sahədə bir çox məqalələrin müəllifi və tanınmış Xanlar diyarşünaslıq muzeyinin yaradıcısıdır. Rusiya EA-nın həqiqi üzvü, "Qafqaz və Xəzər dənizinin geologiyasının atası" V.Abixin də az xidmətləri olmayıb: XIX-cu əsrdə o, Azərbaycanda neft geologiyasının yaranmasında böyük rol oynayıb. Rusiya EA-nın müxbir üzvü E.İ.Eyxvald Abşeronda neft quyularını tədqiq edib; fizik-elektrotexnik E.X.Lens 1830-cu illərdə Xəzərin səviyyəsinin dəyişmə səbəblərini araşdırıb.
Kapitalistik Bakının memarlıq şedevrlərinin yaradılmasında almanların rolu danılmazdır. Azərbaycanda çalışan alman memarlarından ən tanınmışı N.A. fon der Nonne (1832–1916) idi. O, Bakı şəhər memarı, hərbi mühəndis idi. 1889–1902-ci illərdə şəhər başçısı olaraq tarixi kvartalların planlaşdırılması, Bakının bir çox binalarının memarlıq həlli ilə məşğul olub.
Əsasən, koloniyalar bir çox cəhətdən Almaniyanın orta-alman yaşayış məskənlərini təkrarlayırdı. Onlar dəqiq planlaşdırılmışdı: küçələr biri-birinə paralel çəkilmişdi; onların qıraqları ilə çinar və armud ağacları əkilmişdi; alman heraldikasında məhsuldarlığın və əməyə qarşı xüsusi münasibətin simvolu olan armuda üstünlük verilirdi; küçələrin yastı daşlarla və ya asfalt ilə örtülmüş səkiləri var idi; koloniyanın mərkəzində əsas meydan yerləşirdi ki, burada qotik üslubda inşa edilmiş kirxa var idi; onun zəng gülləsində saat yerləşirdi; əsas meydanın qıraqları ilə kənd idarəsi, xəstəxana, dükanlar və digər ictimai tikililər inşa edilmişdi.
Küçələrin hər iki tərəfində "aleman üslübünda" tikilmiş həyətyani sahələri olan kolonistlərin evləri dururdu; evlər nömrələnmişdi və küçəyə fasad (ön) tərəflərilə çıxırdı. Evlər bir və ya iki mərtəbəli, bir növ "kompleks tikili" idilər: həyət bir damın altında yaşayış və təsərrüfat tikililərini birləşdirirdi, zirzəmilərdə çaxır anbarları yerləşirdi, çardaqlarda meyvə qurudulur və saxlanılırdı; yaşayış hissəsində bir neçə otaq, küçəyə və həyətə çıxan iki eyvan var idi. Evlər kirəmit ilə örtülmüşdü, bayır divarlar, əsasən, mavi rəngdə idilər. Hər evin həyətyani sahəsi və bostanı var idi. Küçədə evin qabağında meyvə və dekorativ ağaclar əkilmişdi.
Xristofor Forer alman mühacirləri ailəsindəndir. 1846-cı ildə Forer Helenendorf yaxınlığında üzümün ən yaxşı növündən ibarət olan üzüm bağının ilk desyatinini saldı. 1862-ci ildə Xristofor Forer şərabçılıq müəssisəsi yaratdı. 1870-ci ildən etibarən X. Forer ilə onun dörd oğlu — Hotlib, II Xristofor, Fridrix və Henrix — fəal işləməyə başladılar, bu müəssisə isə "Xristofor Forer və oğulları" adlandırılmağa başladı.
1868-ci ildə Forerlər Aksioner cəmiyyəti reqionda ilk pivə zavodu, 1892-ci ildə isə Azərbaycanda ilk konyak zavodu açdı.
Xüsusilə koloniyalarda furqon istehsalatı inkişaf etmişdi. Kolonistlər Avropa tipli üstüörtülü furqonlar istehsal edirdilər. Bu furqonlar kənd təsərrüfatı avadanlığının, xüsusilə də çaxır çəlləklərinin daşınması üçün istifadə olunurdu. Furqon istehsalatı XIX-cu əsrin 70-ci illərində Rus-türk müharibəsi (1877–1878-ci illər) zamanı böyük miqyas aldı. Bu zaman kolonistlərin istehsal etdiyi furqonların, demək olar ki, hamısı hərbi idarə tərəfindən hərbi məqsədlərlə ən yüksək qiymətə alınırdı. Bunun nəticəsində bir çox alman kolonistləri iri kapital yığa bildilər. Furqon istehsalından başqa alman koloniyalarında digər sənətkarlıq növləri də inkişaf etmişdi. Emalatxanalar ilə yanaşı koloniyalarda həmçinin ticarət məntəqələri, o cümlədən ərzaq dükanları, apteklər, və elektrostansiya, dəyirman və s. texniki tikililər var idi.
30 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Sərəncam imzalamışdır[1].
ERMƏNİLƏRİN QAFQAZ ALMANLARINA QARŞI SOYQIRIMI VƏ SİYASİ TERROR AKTLARI
Erməni millətçilərinin xristianlara qarşı qanlı fəaliyyətləri sırasında almanlara qarşı həyata keçirdikləri siyasi terror səhifələri də mühüm yer tutur. Ötən əsrin əvvəlində indiki Göygöl (keçmiş: Xanlar, daha öncə isə: Helenendorf) rayonu ərazisində yaşamış almanlara qarşı daşnakların həyata keçirdiyi siyasi terror yaxın illərədək ictimaiyyətə gizli qalan tarix səhifələrindən olub. 1907-ci ildə Yelizavetpol (Gəncə) şəhərində "Daşnaksütyun" partiyasının üzvlərinə qarşı açılmış cinayət işi barədə şəhər pristavının köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək "Daşnaksütyun" partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf (Göygöl, keçmiş: Xanlar) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Fohrer və Hurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Hurr bu məbləği ödəyə bilmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilib.
[Bu, ermənilərin Qafqaz almanlarına qarşı yeganə terror hadisəsi deyil. Bundan öncə, 4 iyul 1904-cü ildə Yelizavetpol Quberniyasının Qubernator müavini Andrey Filimonoviç Andreev (milliyyətcə alman), 26 sentyabr 1905-ci ildə (Tiflisdə) Cənubi Qafqaz alman koloniyaları baş pastoru – Markus Miller erməni daşnaklarının vəhşicəsinə terroru sayəsində həyatlarını itirmişdilər. Başqa alman kolonistlərdən 1904-cü ildə Qotlib Digel, 1905-ci ildə Henrih Mayer və o dönəmdə müxtəlif zamanlarda başqaları da erməni terrorunun qurbanı olmuşdular. Başqa sözlə, XX əsrin əvvəlindən erməni millətçiləri Helenendorf alman koloniyasını terror basqısı altında saxlayırdı. –X.İ.]
1920-ci ildə sovetləşmənin başlamasından sonra ermənilər yenə mərkəzdəki havadarlarının köməyi ilə almanları sıxışdırmağa başlayırlar. Bu dövrdə rayonda onlarla alman "antisovet fəaliyyəti"ndə günahlandırılaraq "NKVD"-dəki erməni cəlladların əli ilə güllələnir, digərləri (o cümlədən Helenendorfun əsasını qoymuş Hummellərin bir çoxu) Sibirə sürgün edilir. Şəmkir rayonunda isə, əhalinin təqribən 10%-ni təşkil etmələrinə baxmayaraq ermənilər Kremldəki havadarlarının himayəsi ilə, əksər rəhbər vəzifələri ələ keçirib Çar Rusiyası dönəmindən orada məskunlaşmış almanlara qarşı təzyiq göstərmələri haqda almanların 20 oktyabr 1940-cı il tarixundə Azərbaycan KP MK-nın katibi M.C.Bağırova ünvanladığı şikayət məktubu Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanmaqdadır. "Ermənilərə qarşı almanların münasibəti həbs olunmuş onlarla alman haqqında aparılmış istintaqa dair sənədlərdə də özünü büruzə verməkdədir. Bu sənədlərin çoxunda ictimai həyatın əksər sahələrində almanlar ermənilərin onları sıxışdırdığını bildirirdilər…" Nəhayət, İkinci Dünya Müharibəsinin başlanması ilə 1941-ci ili oktyabrın 8-də Stalin imzaladığı qərara əsasən Qafqaz almanları Qazaxıstan çöllərinə sürgün edilərək, Stalinin sağ əli olan Mikoyanın səyləri nəticəsində, onların yerinə təkcə Ermənistandan deyil, İrandan da yüzlərlə erməni ailəsi köçürülür. Göygöldə almanların yerinə köçürülən ermənilər oradakı alman qəbiristanlığına da sahib çıxmağa çalışaraq, bir sıra qəbirlərin baş daşlarını da "erməniləşdirmişdilər" Ermənilərin almanlara qarşı növbəti terrorçu fəaliyyəti Gürcüstan ərazisində baş vermişdir. Tarixi qaynaqlardan bəlli olduğu kimi, 1918-ci ilin yayından Gürcüstanın dəvəti ilə Tiflisdə general Fon Kressin komandanılığı altında alman hərbi missiyası yerləşirdi. Gürcüstan Almaniyanı öz müstəqilliyinə qarant hesab edir və o səbəbdən də alman qüvvələrinin bu bölgədən çıxıb getmələrini istəmirdi. Almanları təhdid yolu ilə bölgədən çıxmağa vadar etmək üçün ermənilər 1918-ci dekabrın ortalarında terrora əl atdılar: onlar yalnız və yalnız alman zabitlərinin və rezidensiyalarının yerləşdiyi "Palas" otelini gizlicə atəşə verdilər. Əsli Almaniyanın Göte İnstitutunda qorunan "Mənim Qafqaz missiyam"adlı kitabında bu faktları oxucuların diqqətinə çatdıran general Fon Kress daha sonra yazır: "Dekabrın 23-də Alman qüvvələrinin Gürcüstan paytaxtını sonuncu tərk edən Qafqaz Yeqer polku Tiflisdən çıxdığı günün sabahı güclü erməni ordu hissələri müharibə elan etmədən Gürcüstan sərhədlərini keçərək, Tiflisin 40 kilometrliyinədək irəlilədilər.
Ermənilər Tiflisi tutmaq üçün öz uyğun saatlarını gözləyirdilər ki, ingilislərin köməyilə Qafqazda ağalığı öz əllərinə alsınlar...”
Fon Kress və gürcü müəllifləri qeyd edirlər ki, ermənilər o hücum zamanı Tiflis yaxınlığındakı alman kaloniyasının mövcud olduğu Katerinenfeldə (indiki: Bolnisi) soxuldular… Ancaq bu olaylarda almanların itkilərə uğrayıb-uğramadığı haqda bilgi verilməməsi təsssüf doğurur…
Qaynaq: Xaqani İsmayıl. "Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı". (2017)
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.