From Wikipedia, the free encyclopedia
Alban Arşakiləri – Qafqaz Albaniyasını miladi tarixlə I əsrdən 510-cu ildək idarə etmiş hökmdar sülaləsi.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Alban Arşakiləri | |
---|---|
Banisi | I Cəsur Vaçaqan |
Sonuncu hökmdar | III Mömün Vaçaqan |
Hazırkı rəhbər | yoxdur |
Əsası qoyulub | I əsr |
Soyun kəsilməsi | V əsr |
Milliyyət | parf |
Titullar | |
Böyük knyaz |
Eramızın I əsrində hakimiyyətə gələn alban arşakiləri VI əsrə kimi – "alban mütləqiyyəti Sasanilər tərəfindən ləğv olunana və ölkə Sasani canişinlərinə verilənədək" davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi siyahıda arşakilər sülaləsindən olan on alban hökmdarının adı çəkilir: "Arandan arşakilərin böyük nəslindən olan Cəsur Vaçaqanadək ötən günlərin sayı məlum deyildir. Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan". Siyahıdan aydın olur ki, Aran arşakilərdən olmayıb; görünür, Parfiya arşakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli sülaləni əvəz etmişdir.
Siyahıdan göründüyü kimi, Albaniyanın ilk arşaki hökmdarı e. I əsrində hakimiyyətə gələn I Cəsur Vaçaqan olmuşdur. Belə güman etmək olar ki, Vaçaqanın sələfləri olan yerli hökmdarlar Albaniyanın bütün vilayətlərinə sahib deyildilər. Məhz I Vaçaqan ölkəni birləşdirməyə və mərkəzləşmiş dövlət yaratmağa müvəffəq olmuşdu. Onun nə özü, nə də varisi I Vaçe haqqında başqa məlumat yoxdur. Urnayrın hakimiyyət illəri dəqiq məlum deyil. Moisey Kalankatlının məlumatına görə, Urnayr Sasani Şahənşahı II Şapurun (309–379), Bizans imperatoru Böyük Konstantinin (337–361), eləcə də erməni hökmdarları III Tridatın (287–330), Tiqranın (338–345), Arşakın (345–367) və Papın (370–374) müasiri olub. Mənbələrdə onun adı ilk dəfə 313-cü ildə, alban əyanları ilə birlikdə xristianlığı qəbul etməsi münasibətilə çəkilmişdir. Onunla bağlı son məlumat 371-ci ildə baş vermiş Dzirav döyüşü ilə bağlıdır. Beləliklə, Urnayrın hakimiyyət başında ən azı 313-cü ildən 371-ci ilə kimi olduğu güman edilir.
Alban tarixçisi Moisey Kalankatlı onu "böyük müharibələrdə [sələflərinin] şanlı adına varis çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəşadətli ər"[1] adlandırır.
Urnayrın daxili siyasətində əsas yerlərdən birini bütpərəstliklə mübarizə, xristianlığın dövlət dininə çevrilməsi, kilsənin torpaqla təmin olunması, ilkin bəhərin kilsəyə ayrılması tutur. Hökmdarın, saray adamlarının, əyanların və Albaniya əhalisinin bir hissəsinin qəbul etdikləri xristianlıq təşəkkül tapan feodal mədəniyyətinin ideoloji əsası oldu. Əhalinin bir hissəsi isə öz köhnə bütpərəst inamlarına, bir hissəsi isə məzdəkizmə – atəşpərəstliyə sadiq qaldı.
Urnayrdan sonra mənbələrdə alban arşakilərindən Yesuagen haqqında məlumat var. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi yolu ilə yeni alban yazısı yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V – VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenli xəbər verirlər. Təlim-tədrisin təşkilinin Yesuagen tərəfindən həyata keçirilmiş forması xüsusi maraq doğurur.
444-cü ildə Yesuagenin Sasani şahənşahı II Yəzdigərdin bacısından olan oğlu II Vaçe hökmdar elan edildi. Moisey Kalankatlının məlumatına görə bu alban hökmdarı Sasani şahənşahı Perozun əmri ilə onun dövründə dövlətin paytaxtı olmuş Perozabad (Partav -Bərdə) şəhərini saldırdı. Paytaxtın Qəbələdən Bərdəyə köçürül-məsi xarici-siyasi dəyişikliklərlə, türkdilli köçərilərin tez-tez baş verən basqınları ilə bağlı idi; məhz bu, ölkənin mədəni-siyasi mərkəzinin Kürün sol sahilindən sağ sahilinə keçirilməsinə səbəb olur.
II Vaçenin hakimiyyət illəri Sasanilər əleyhinə baş verən xalq azadlıq hərəkatları ilə əlamətdar oldu. Bunlardan457–463-cü illərdə II Vaçenin özünün rəhbərliyi ilə bilavasitə Albaniyada baş qaldıran azadlıq hərəkatını göstərmək olar. Albanları və başqa Qafqaz xalqlarını bu üsyana sövq edən əsas amil Sasanilərin iqtisadi, siyasi və mədəni-ideoloji boyunduruğu olmuşdu.
Mənbələrin məlumatından görünür ki, Sasani üsuli-idarəsinin Albaniya,İberiyadakı xristian təbəələrinə münasibətdə apardığı siyasət sabit olmamış, daim dəyişikliklərə uğradı. Xristianlar Roma imperiyasında təqiblərə məruz qaldıqda Sasani şahları onlara himayədarlıq etmiş, xristianların simasında romalılara qarşı arxa cəbhədə müttəfiq qazanmaq ümidi ilə onları öz ərazilərində həvəslə qəbul etmişdilər. Xristianlığın qələbəsi, onun şərqi Roma imperiyasında, həmçinin Albaniya, Ermənistan və İberiyada dövlət dininə çevrilməsi ilə Sasanilər imperiyasında xristianlara münasibət dəyişdi. Sasani şahları mötədil təriqətlərə mənsub olan xristianları təqib etməyə, eləcə də öz yerlərində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif təriqətləri müdafiə etməyə başladılar. Qonşuluqda siyasi və dini cəhətdən Sasanilərə düşmən, lakin Roma imperiyası ilə həmdin ölkənin olması həm Şimaldan, həm də qərbdən möhkəmləndirilmiş təbii sərhədləri olmayan bu ölkəni həmin istiqamətlərdən daim təhlükəyə məruz qoyurdu.
428-ci ildə Sasanilər Ermənistanda hökmdar hakimiyyətini ləğv edib, onu imperiyanın əyalətlərindən birinə çevirdilər. Həmin dövrdə Albaniya müəyyən siyasi müstəqilliyini saxlaya bilmiş vassal ölkə idi. Dünyəvi feodalların və ruhanilərin müstəsna hüquqları, eləcə də alban arşakilərinin simasında daxili, bəzən də xarici siyasət yürüdən hökmdar hakimiyyəti saxlanmışdı,
lakin alban hökmdarlarının separatçılığı mərkəzi hakimiyyəti narahat edirdi. V əsrin ortalarında şimali Qafqaz köçərilərinin artmaqda olan basqınlarından, eləcə də Bizansın Attila ilə müharibəyə və kilsə münaqişələrinə cəlb olunmasından istifadə edən Sasanilər Qafqaz xalqlarının müqavimətinə və müstəqilliyinə həmişəlik son qoymaq, Albaniya və İberiyanı da öz əyalətlərinə çevirmək üçün açıq və qəti tədbirlərə əl atdılar. Hər şeydən əvvəl II Yəzdigərd (438–457) Cənubi qafqazlıların hərbi qüvvələrini imperiyanın Şimal-Şərq hüdudlarına – hunlarla mübarizəyə səfərbər edərək, bununla onların müqavimətini zəiflətdi.
II Yəzdigərd vergi siyasətini də dəyişdi. Əhalinin ümumi siyahıya alınması və üzərinə vergi qoyulacaq hər şeyin qeydiyyatdan keçirilməsi nəticəsində vergilər xeyli dərəcədə artdı. Kəndlilərlə yanaşı, şəhər əhalisi, eləcə də əvvəllər azatlar zümrəsi ilə bir tutulan və yalnız torpaq vergisi verən ruhanilər də ağır vergi ilə yükləndilər.
Əkilib-əkilməməsindən asılı olmayaraq bütün əkinə yararlı sahələrə vergi qoyuldu. Xəzərin qərb sahilində ucaldılan beş sıra müdafiə xəttinin tikintisi də tamamilə Albaniya əhalisi üzərinə düşdü. Moisey Kalankatlı yazırdı: "Qafqaz dağları ilə Böyük Şərq (Xəzər) dənizi arasındakı möhtəşəm tikinti üçün inşaatçılar toplayan və müxtəlif material arayan Sasani şahları ölkəmizi taqətdən salmışdılar".
Bu tədbirlərlə yanaşı Sasanilər Cənubi Qafqaz xalqlarını, o cümlədən albanları zorla məzdəkizmə (atəşpərəstliyə) çevirmək yolu ilə onların mədəni-ideoloji assimilyasiyasına nail olmağa çalışırdılar. Etiqad məsələsi yalnız dini mahiyyət daşımırdı, bu həmçinin mühüm siyasi əhəmiyyətə malik məsələ idi. Dini assimilyasiyasının əsas məqsədi mərkəzin siyasi hakimiyyətini möhkəmləndirmək, tabe olmayan xalqların tam itaətkarlığını təmin etmək, onları öz müstəqillikləri uğrunda apardıqları mübarizədə kömək umduqları Bizansdan ayırmaq idi. Beləliklə, məhz həmin vaxtdan üç Qafqaz xalqı dini müttəfiqə çevrildilər.
II Yəzdigərdin gördüyü bütün bu iqtisadi və siyasi tədbirlər 450–451-ci illərdə baş verən anti – Sasani hərəkatına səbəb oldu; bunun üçün əsas bəhanə Cənubi Qafqaza göndərilmiş yeddi yüz atəşpərəstin (onlardan üç yüzü Albaniya üçün nəzərdə tutulmuşdu) xristianlığın kökünü kəsmək və məzdəkizmi yaymaq cəhdləri olmuşdu.
Ermənistan və İberiyaya nisbətən Albaniyada üsyan daha ağır şəraitdə keçirdi. Paytakaran şəhərində Sasani silahlı qüvvələri cəmlənmişdi. Çola ərazisində hunlara qarşı yürüşdən qayıtmış on min Sasani atlısı yerləşmişdi. Sasanilər onların köməyilə Gürcüstan və Albaniyada baş qaldırmış üsyanı zəiflətmək, Ermənistandakı hərəkatı boğmaq istəyirdilər.
II Yəzdigərd tərəfindən şah sarayına çağırılaraq orada girov kimi saxlanılan və məzdəkizmi qəbul etməyə məcbur edilən alban hökmdarı II Vaçe üsyançıları açıq şəkildə müdafiə edə bilməzdi. Albaniyadakı üsyana ölkənin Cənubi Qafqaz xalqlarının azadlıq hərəkatına başçılıq edən, hərbi əməliyyatın ümumi strateji planını hazırlayan Vardan Mamikonyanla sıx əlaqə saxlayan ölkə patriarxı – katolikosu və hazarapeti-vəziri rəhbərlik edirdi.
450-ci ildə alban hökmdarlarının qış iqamətgahı olan Xalxal şəhəri yaxınlığında (müasir Qazax zonası) üsyançılarla Sasani qoşunları arasında döyüş baş verdi. Bu döyüş Sasani qoşunlarının tam məğlubiyyəti ilə başa çatdı. Bu qələbədən sonra Sasanilnilərin Albaniyada tutduqları qala və şəhərlərə hücum çəkən albanların, ermənilərin və iberlərin müttəfiq qoşunları daha sonra "hun keçidinə" doğru birgə yürüş etdilər. Onlar II Yəzdigərd tərəfindən tikilən qalanı dağıdaraq buradakı Sasani qarnizonunu məhv etdilər və alban hökmdar nəslindən olan bir knyazı keçidin komendantı təyin etdilər. Hunların ölkəsinə və başqa şimali Qafqaz torpaqlarına gedib, farslara qarşı ittifaq bağlamaq da ona həvalə edildi. Hunlar kömək vəd etdilər. Bu zaman eftalilərlə müharibədə uduzan Sasani şahənşahı II Yəzdigərd Orta Asiyadan Ktesifona qayıtdı. Bizanslıların Cənubi Qafqaz xristianlarının işinə qarışmadığına əmin olan II Yəzdigərd üsyanı zor gücünə boğmaq qərarına gələrək, Mihr-Nersesi böyük ordu və çoxsaylı fillərlə ora göndərdi. Albaniya, Ermənistan və Gürcüstandakı üsyançılardan bir çoxunu bahalı hədiyyələr və vədlərlə üsyandan yayındırmaq mümkün oldu. Feodalların çoxu öz yerlərinə qayıtdılar. Farslar "Vardan Mamikonyanla Albaniya və Gürcüstan arasında çox məharətlə bağlanmış ittifaq müqaviləsini pozmağa" müvəffəq oldular. 451-ci il iyunun 3-də Artaz vilayətindəki Avarayr düzündə (indiki Maku ilə Xoy arasında) farslarla üsyançılar arasındakı məşhur döyüş üsyançıların ağır məğlubiyyəti ilə başa çatdı.
Ümumqafqaz antisasani üsyanı yatırıldıqdan az sonra, 457–463-cü illərdə alban xalqının Sasanilərə qarşı çevrilmiş ən böyük üsyanı baş verdi. Üsyana hökmdar II Vaçe özü başçılıq edirdi. 450–451-ci illər üsyanından sonra heç bir güzəştə getməyən Sasani şahı II Yəzdigərd albanların ən vacib tələblərini belə ödəmək istəmədi.
457-ci ildə II Yəzdigərd vəfat etdi; onun ölümü Sasani xanədanında hakimiyyət uğrunda mübarizəni kəskinləşdirdi. Bundan istifadə edən II Vaçe farslara qarşı çıxdı. Bu çıxış ilk növbədə özünü II Vaçenin məcburi surətdə qəbul etdiyi zərdüştilikdən əl çəkməsində göstərdi.
459-cu ildə Sasani taxtında Peroz (459–484) oturdu. Onun dövründə təbəələrin onsuz da ağır olan vəziyyəti uzunmüddətli quraqlıq, qıtlıq və Perozun xarici müharibələri nəticəsində daha da ağırlaşdı.
Bütün bunlar Albaniyada narazılığa və arasıkəsilməz üsyanlara səbəb oldu. Erməni tarixçisi Yeqişenin dediyi kimi, Sasani dövlətində müvəqqəti olaraq yaranmış əmin-amanlıq 459-cu ildə "alban hökmdarının tabe olmaqdan qəti imtina etməsi ilə" pozuldu. Çola keçidini ələ keçirən alban üsyançıları maskutların qoşunlarını ölkəyə buraxaraq, Böyük Qafqazın on bir "hökmdarı" ilə ittifaq bağladılar və onların köməyilə Albaniyaya soxulan Sasani qoşunları ilə iki il uğurlu hərbi əməliyyatlar apardılar. Farsların Vaçe ilə dəfələrlə danışıqlara girmək cəhdləri heç bir nəticə vermədi. Onda Peroz böyük muzdla tutduğu hunları – onoqurları köməyə çağırdı. Alan qapısından Albaniyaya soxulan hunlar 462-ci ildə albanlarla döyüşə girdilər, bütün ili alban hökmdarı ilə vuruşdular. Vaçenin qoşunlarının azalmasına və dağılmasına baxmayaraq hunlar onu tabe edə bilmədilər.
Bu müharibə Sasani ordusunun muzdlu döyüşçüləri olan onoqurlar üçün də çox uğursuz oldu. Onların bir qismi döyüş meydanında, digərləri xəstəliklərdən həlak oldu.
Albaniyada 457-ci ildə başlayan bu üsyan yalnız 463-cü ildə yatırıldı. Sasanilərin ölkədəki mövqeyi yenidən möhkəmləndi, II Vaçe taxt-tacdan imtina etdi, arşakilər sülaləsinin hakimiyyətinə 30 illik ara verildi; ölkəni Sasanilərin canişini – mərzban idarə etməyə başladı.
Moisey Kalankatlı yepiskop Qutun hakimiyyətdən uzaqlaşdırılmış Vaçeyə göndərdiyi mədhiyyə-məktubundan gətirdiyi parçada siyasi hakimiyyətini itirmiş ölkənin dininin əldən verilmədiyini xüsusi qeyd edərək yazırdı: "Sənin ölkənin doğma dini hifz olunmuş, böyük kilsələr salamat, kiçik kilsələr əmin-amanlıqda, ruha-nilər ibadətlərdə, qurbanlar mehrablarda qalmışdır".
484-cü ildə Şahənşah Valarş (484–488) Sasani hökmdarı elan edildi. İmperiya ərazisində hökm sürən ağır siyasi və iqtisadi vəziyyət müharibə nəticəsində dağılmış kəndli təsərrüfatını bərpa etməyə çalışan Valarşı onun sələflərinin Cənubi Qafqazda həyata keçirdikləri dini təqib siyasətinə son qoymağa və Qafqaz xalqları ilə sülh bağlamağa məcbur etdi. Nvarsaq kəndində üsyançıların təqdim etdiyi şərtlərlə bağlanmış bu sülh müqaviləsinə görə Sasani hökuməti Albaniya, Ermənistan və Gürcüstanda xeyli güzəştlərə yol verdi, Albaniyada arşakilər sülaləsinin hakimiyyəti yenidən bərpa edildi. Alban hökmdarının daxili idarəçilikdə müstəqilliyi tanındı. Din və etiqad azadlığı təmin edildi, alban əyanlarının imtiyazları bərpa edildi, feodal naharar nəsillərinin iyerarxiya prinsipi toxunulmaz qaldı. Ölkənin ali hakimi və nahararların başçısı yalnız alban hökmdarı özü ola bilərdi.
487-ci ildə alban arşaki sülaləsinin sonuncu nümayəndəsi, II Vaçenin qardaşı oğlu Mömin ləqəbli III Vaçaqan alban hökmdarı oldu. Moisey Kalankatlı yazır: "Vaçedən başlayaraq Mömin Vaçaqana kimi keçən 30 il müddətində Albaniya hökmdarsız qaldı…". Alban tarixçisinin sözlərinə görə, "yenidən bir məmləkət daxilində birləşən Albaniya sakinləri hökmdar ailəsindən cəsur, müdrik, dərrakəli və hündürboylu Vaçaqanı seçdilər. Alban hökmdarı Vaçenin qardaşı Yəzdigərdin oğlu olan Vaçaqanı Sasani şahı Valarşın köməyi ilə taxta oturtdular".
Mömin III Vaçaqanın hökmdarlığı Albaniyanın siyasi və mədəni-dini dirçəlişi idi. O, hər şeydən əvvəl, ölkədə dini birliyə nail olmağa, xristianlığın ümumdövlət dininə çevrilməsinə çalışdı. Bu məqsədlə o, atəşpərəstləri, bütün bütpərəst təriqətlərini möhkəm təqib edir, onların kökünü kəsirdi. III Vaçaqan məktəblər açır, dağıdılmış kilsə və monastırları yenidən qurur, yenilərini tikir, kilsə rütbələrini bərpa edirdi. Albaniyanın müstəqilliyini möhkəmləndirməyə çalışan III Vaçaqan yad dini-siyasi təsirlərə və xarici qüvvələrin assimilyatorçu siyasətinə qarşı dayana biləcək müstəqil alban kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq, bu kilsənin laxlamış dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab etdi. Bu məqsədlə o, Aquen məclisini topladı. Bu məclis bir tərəfdən alban kilsəsinin müstəqilliyinin təsdiq edilməsinə kömək etməli, digər tərəfdən dövlət hakimiyyətini möhkəmləndirmək, feodal azğınlığına son qoymaq, ruhaniləri dünyəvi əyanlarla bərabərləşdirmək, dünyəvi əyanların və ruhanilərin vergi ödəyən zümrə ilə münasibətlərini nizamlamaq, eləcə də ölkənin siyasi müstəqilliyini saxlamaq və yadelli qüvvələrlə mübarizə etmək məqsədilə bütün silklərin dini birliyinə nail olmaq üçün şərait yaratmalı idi. III Vaçaqan Albaniyada son Arşaki hökmdarı oldu.
Arşakilər sülaləsindən olan bütün alban hökmdarları müstəqil alban siyasəti aparır, alban ideallarına – alban dövlətinə, xalqına, dininə sədaqətlə xidmət edirdilər; tədricən onların ilkin farslıq əlamətləri aradan getmiş, onlar tez bir zamanda yerli mədəniyyəti mənimsəmiş, albanlaşmışdılar.
Alban dövləti alban arşakiləri dövründə qədim Albaniyanın ənənələrini davam etdirərək, özünün heç kəsdən asılı olmayan müstəqil daxili və bəzən də xarici siyasətini yürütmüşdür.
510-cu ildə, Sasanilər imperiyasında vəziyyət sabitləşən kimi, Sasani şahları Albaniya və İberiyada (Kartlidə) yerli hökmdar sülalələrini ləğv etdilər. I Xosrov tərəfindən keçirilən inzibati islahatlar nəticəsində Sasani imperiyasının dörd canişinliyə (kusta) bolünməsi təsdiq edildi. Bütün Cənubi Qafqaz ölkələri kimi, Albaniya da Şimal canişinliyinin, Adurbadaqan – Azərbaycan da adlandırılan Qafqaz kustunun tərkibinə daxil edildi . Bu vəziyyət 628-ci ilə kimi davam etdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.