From Wikipedia, the free encyclopedia
Ərəblərin 782-ci ildəki Anadoluya yürüşü — Abbasilər xilafətinin Bizans imperiyasına qarşı həyata keçirdiyi ən böyükhəcmli yürüşlərdən biri. Bu yürüş Bizansın hərbi uğurlarına bir cavab olaraq, Abbasi ordusunun hərbi gücünü nümayiş etdirmək üçün həyata keçirilmişdir. Abbasilər xilafətinin şərti vəliəhdi, gələcək xəlifə Harun ər-Rəşidin öndərliyindəki Abbasi ordusu Bizansın paytaxtı olan Konstantinopol (indiki İstanbul) şəhərindən Bosforun digər sahilindəki Krisopol (indiki Üskudar) şəhərinə qədər çatmışdır. Eyni zamanda, ikinci dərəcəli qüvvələr isə Anadolunun qərb hissələrinə basqınlar təşkil etmiş, oradakı Bizans qoşunlarını darmadağın etmişdir. Ər-Harun Konstantinopol şəhərini mühasirə almaq istəmədiyindən və bunun üçün yetərli dəniz gücünə malik olmadığından ordusunu geri çəkmişdir.
Ərəblərin 782-ci ildəki Anadoluya yürüşü | |||
---|---|---|---|
Bizans-ərəb müharibələri | |||
| |||
Tarix | yaz–yay 782-ci il | ||
Yeri | Kiçik Asiya | ||
Nəticəsi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Bu vaxt Abbasi ordusunun arxa hissəsini qorumaq üçün Frigiyada yerləşdirilən dəstəsi Bizans ordusu tərəfindən məhv edilmişdir. Beləliklə, onlar ər-Harunu tələyə salmışdır. Buna baxmayaraq, erməni əsilli sərkərdə Tatsatın Bizansa dönüklük etməsi ər-Harunun yenidən üstünlük əldə etməsinə gətirib çıxarmışdır. Abbasi taxtının vəliəhdi Konstantinopola atəşkəs təklifi göndərimiş və Bizansın aralarında imperatriça İrinanın baş naziri Stavrakinin də olduğu yüksək vəzifəli diplomatik nümayəndələrini əsir götürmüşdür. Bu, İrinanın üçillik atəşkəs imzalamağa və ağır bir illik xərac ödəməyə məcbur etmişdir. İrina bundan sonra diqqətini Balkanlara çevirmişdir, ancaq ərəblərlə olan gərginlik 786-cı ildə yenidən alovlanmış, 798-ci ildə əvvəlki müqaviləyə oxşar bir atəşkəs imzalanmışdır.
Əməvi xilafətinin 740-cü illərdəki vətəndaş müharibəsi və sonrakı Abbasi inqilabına səbəb oluna daxili çətinliklərindən öz mənafeyi üçün istifadə edən Bizans imperatoru V Konstantin (hak. 741–775) şərq sərhədlərindəki ərəblərə qarşı kiçikhəcmli basqınlar təşkil edərək onlara qarşı təcavüzkar bir siyasət güdmüşdür. Abbasi rejiminin 760-cı illərdən 770-ci illərə kimi tədricən birləşməsi ilə vəziyyət daha tənzimlənmişdi. Ərəblər Anadolunun dərinliklərinə doğru böyükhəcmli basqınlar təşkil etməyə davam edirdi, bizanslılar isə ərəblərə qarşı böyük əks-hücumlar həyata keçirirdi.[1] Beləliklə, 778-ci ildə Mixail Laxanodrakon öndərliyindəki bizanslılar Germanikeya (indiki Qəhrəmanmaraş) şəhərini zəbt edir. Bizanslılar oranı yağmalayır, xeyli sayda suriyalı xristianı əsir götürür. Laxanodrakon Abbasi sərkərdəsi Tumamə ibn əl-Vəlid tərəfindən göndərilən ordunu uğurla dəf edir.[2][3][4] Bizanslılar növbəti il Hədət adlı qala şəhərini ələ keçirir və oranı alt-üst edir. Buna görə də xəlifə əl-Mehdi (hak. 775–785) bir qədər laqeyd olan Tumaməni əl-Həsən ibn Qəhtəbə ilə əvəz edir. Əl-Həsən 30 minlik ordusu ilə Bizans torpaqlarına yürüş edir. Buna baxmayaraq, bizanslılar ona qarşı müqavimət göstərmədən şəhər və kəndləri tərk edir. Əl-Həsən də ərzaq çatışmazlığından çox uğur əldə etmədən geri çəkilməli olur.[3][4][5]
Xəlifə əl-Mehdi Bizansın basqınlarına bir cavab olaraq, özü meydana çıxmaq qərarına gəlir. Əl-Mehdi 12 mart 780-ci il tarixində Bağdad şəhərini tərk edir, Hələbdən yenidən müdafiə vasitələri ilə təmin edilmiş Hədətə doğru irəliləyir. O, bundan sonra Arabissosa yürüş edir, ancaq orada ordunu tərk edərək Bağdada qayıdır. Onun ər-Rəşid ləqəbi olə tanınan Harun ordunun bir hissəsinə öndərlik etməyə başlayır ki, o da Armeniakona hücum edərək Semal qalasını ələ keçirir. Ordunun digər hissəsinə öndərlik edən Tumamə Anadolunun dərinliklərinə soxulur. O, Frakisi femasına qədər qərbə yürüş edir, ancaq orada Laxanodrakon tərəfindən ağır şəkildə məğlub edilir.[5][6][7] 781-ci ilin iyun ayında Hədətdə xəlifə Ömərin (hak. 634–644) nəslindən olan Əbd əl-Kəbir öndərliyi altında bir ordu yığılır. İllik basqınlarını təşkil etməyə hazırlanan imperatriça İrina Anadolunun fema ordularının çağırır və hərəmağası sakellari İohannı onların başçısı təyin edir. Ərəblər Hədət keçidindən istifadə edərək Bizans Kappadokiyasına soxulur və Kaseriya (indiki Kayseri) yaxınlıqlarında Laxanodrakon öndərliyindəki Bizans qüvvələri ilə toqquşur. Ərəblər döyüşdə ağır şəkildə məğlub olur, Əbd əl-Kəbir isə yürüşü sona çatdıraraq Suriyaya qayıtmalı olur.[6][7][8]
Bu məğlubiyyət xəlifəni qəzəbləndirir, onun yeni bir yürüşə hazırlanmasına səbəb olur. O, xilafətin gücünü və üstünlüyünü nümayiş etdirmək üçün ordu yığır.[lower-alpha 1] Bu, VIII əsrin ikinci yarısında Bizansa qarşı göndərilmiş ən böyük ordu idi. Müəyyən mənbələr qeyd edir ki, bu ordu 95.793 nəfərdən ibarət idi ki, bu da Bizansın Anadoludakı hərbi təsisatının təqribən iki qatına bərabər idi. Ordunun xərcləri təxmini 1.6 milyon nomizmaya bərabər idi ki, bu da Bizans imperiyasının ümumi illik gəlirlərindən daha çox idi. Bu ordunun nominal rəhbəri Harun idi, ancaq xəlifə ona kömək etməsi üçün təcrübəli sərkərdələr də göndərmişdir.[16][17]
Harun ər-Rəşidin təsviri. |
Harun 9 fevral 782-ci il tarixində Bağdad şəhərini tərk edir. Ərəblər Kilikiya qapısından Tavr dağlarına keçir, tez bir zamanda Maqida (indiki Niğdə) qalasını ələ keçirir. Onlar bundan sonra yayla boyunca ordu üçün nəzərdə tutulmuş yollar ilə irəliləyərək Frigiyaya daxil olur. Harun sərkərdələrindən olan hacib əl-Rəbi ibn Yunusu Nakoleyanı (indiki Seyidqazi, Əskişəhər) mühasirəyə almaq və ordunun arxa hissəsini qorumaq üçün tərk edir. Əl-Bərməki[lower-alpha 2] öndərliyindəki 30 minlik ordu isə Anadolunun zəngin qərb sahillərini yağlaması üçün göndərilir. Əsas orduya başçılıq edən Harun Opsiki femasına soxulur. Bundan sonra baş verən hadisələr ilkin mənbələr[lower-alpha 3] tərəfindən fərqli formada izah edilir. Buna baxmayaraq, yürüşün ümumi gedişatı əsaslı şəkildə izah edilə bilinər.[18][19][20]
Uorren Tredqolda görə, Bizansın bu münaqişədəki qərarları İrinanın baş naziri hərəmağası Stavraki tərəfindən alınırdı. Stavrakinin strategiyası Harunun nəhəng ordusu ilə cəld şəkildə qarşıdurmadan qaçınmaq, ordunun bölünməsini gözləmək və onun müxtəlif dəstələrini ayrı-ayrı məhv etmək idi.[21] Laxanodrakon öndərliyindəki frakililər əl-Bərməki ilə Daren adlı bir yerdə toqquşur, ancaq ağır itkilərlə[lower-alpha 4] məğlub edilir. Əl-Rəbi öndərliyindəki ordunun Nakoleyanı mühasirəsinin nəticəsi məlum deyil, ancaq ehtimal olunur ki, o, məğlub edilmişdir. Feofanın ifadəsindən şəhərin ələ keçirildiyini güman etmək olar, ancaq Suriyalı Mixail qeyd edir ki, ərəblər ağır itkilər yaşamış və şəhəri ələ keçirə bilməmişdir. Suriyalı Mixailin versiyası hoqioqrafik mənbələrdə də öz əksini tapır.[19][21][22][23] Əl-Təbəri qeyd edir ki, ordunun Yəzid ibn Məzyad əl-Şeybani öndərliyindəki qismi Niketas adlı "qraflar qrafı"nın başçılıq etdiyi Bizans qüvvəsi ilə toqquşur. Bu döyüşün Nikeya (indiki İznik) yaxınlıqlarında baş tutduğu güman edilir. Niketas burada yaralır və bir ərəb sərkərdəsi ilə olan döyüşdə atdan yıxılır. O, fəaliyyətinə son verməli olur və böyük ehtimalla Nikomediya (indiki İzmit) şəhərinə köçməli olur. Harun onlara fikir vermədən Krisopol (indiki Üsküdar) şəhərinə irəliləyir. Şəhərin sahilində Bosfor boğazı, boğazın digər tərəfində isə Bizans imperiyasının paytaxtı olan Konstantinopol (indiki İstanbul) şəhəri yerləşirdi. Bosfor boğazını keçməsi üçün gəmisi olmayan və ilk növbədə Konstantinopol şəhərinə hücum etmək niyyətində olmayan Harunun bu hücumu öz gücünü nümayiş etməsi üçün həyata keçirdiyi güman olunur.[22][24][25][26]
Əlavə olaraq, əldə etdiyi uğurlara baxmayaraq, Harunun vəziyyəti təhdidamiz idi, çünki əl-Rəbinin məğlubiyyəti onun xilafət ilə olan rabitə xətlərini təhlükəyə salmışdı. Nəticə etibarilə, Bizansın paytaxtının Asiyadakı şəhərətrafı ərazilərini yağlamayan Harun ordusunu geri çəkir, lakin onun ordusu Nikeyanın şərqindəki Sanqari çayı vadisi boyunca irəliləyərkən Bizans qüvvələri tərəfindən əhatə edilir. Onun arxasında Antoninin, önündə isə Tatsatın qoşunları var idi.[24][27][28] Tatsat yaşadığı torpaqlar ərəb hakimiyyəti altına düşdükdən sonra, 760-cı ildə Bizansa qaçan bir erməni knyaz idi. Tatsat gizlin bir şəkildə Harun ilə əlaqə saxlayır. O, Haruna yardım göstərmək təklifi edir, qarşılığında isə əfv ediləcək və ailəsi ilə birlikdə doğulduğu Ərməniyyə əmirliyinə qayıdacaqdı. Feofan izah edir ki, Tatsatın bu hərəkətinin arxasında onun imperatriça İrinanın sevimlisi Stavrakiyə qarşı olan düşmənçiliyi dayanır, ancaq Tatsat geniş mənada, İrinanın rejimindən narazı idi. Almaniya bizansşünası Ralf-Yohannes Lilinin qeyd etdiyi kimi, "Tatsat yeni rejim altında özü üçün hansısa böyük bir imkan görmürdü və vəziyyətin ona təqdim etdiyi bu yaxşı fürsətdən istifadə etmişdir".[23][27][28][29]
Mərvan ibn Abi Həfsanın Harun ər-Rəşidin 782-ci ildə Bizansa olan yürüşünü təsvir edən şeiri.[30]
Bu minvalla, Harun İrinanı danışıqlar aparmağa çağıranda o, ən yüksək vəzifəli üç dövlət xadimindən – nökər Antoni, magistr Pyotr və hərəmağası Stavrakidən ibarət bir nümayəndə heyəti göndərir. Öz hərbi mövqelərdən əmin olan bizanslılar təhlükəsizlik vədləri və ya girov almağa diqqət yetirmədilər. Onlar ərəb düşərgəsinə çatan zaman Harun tərəfindən girov götürürlər. Tatsatın xəyanəti və Bizans qoşunlarının etibarsızlığı İrinanı həmin heyətin, xüsusilə də onun ən yaxın müttəfiqi Stavrakinin azad edilməsi üçün danışıqlara getməyə məcbur edir.[23][27][28][29]
Abbasilər və Bizans üç il davam edəcək bir atəşkəs müqaviləsi imzalayır, bizanslılar isə illik xərac ödəməli olur. Ərəb mənbələri bu xəracın illik 70.000–100.000 qızıl nomizma arası məbləğ, bir mənbə isə əlavə 10.000 ipək parçasından ibarət olduğunu qeyd edir.[29] Əl-Təbəri yazır ki, bu xərac "hər ilin aprel və iyun aylarının əvvəlləri"ndə ödəniləcək "doxsan və ya yetmiş min dinar"dan ibarət idi.[lower-alpha 5][31][27] Buna əlavə olaraq, bizanslılar Harunun öz torpaqlarına qayıtmasında kömək etməyə, həmçinin Tatsatın həyat yoldaşı və mülklərini verməyə məcbur edilirdi. Harun götürdüyü bütün girovları, hansı ki, əl-Təbəriyə görə, 5.643 nəfər idi, azad edir, ancaq o, qarət etdiklərini özündə saxlayır və 782-ci ilin sentyabr ayında xilafətə qayıdır.[23][31][32] Əl-Təbərinin verdiyi məlumatlara görə, Harunun qüvvələri 194.450 dinar dəyərində qızıl, 21.414.800 dirhəm dəyərində gümüş talan etmiş, döyüşdə 54 min, əsarətdə isə 2.090 bizanslı öldürmüş, minicilik üçün nəzərdə tutulmuş 20 min heyvan götürmüş, 100 min mal-qaranı isə qılıncdan keçirmişdir. Əl-Təbəri həmçinin qeyd edir ki, talanın həcmi o qədər böyük idi ki, "iş üçün nəzərdə tutulmuş at bir dirhəmə, qatır on dirhəmdən aşağıya, iyirmi muzdlu isə bir dirhəmə satılır"dı ki,[31] həmin dövrdə bir əməkçi və ya əsgər üçün gündəlik maaş bir və ya iki dirhəm idi.[33]
Ərəblərin uğurlu yürüşü Bizans imperiyasında önəmli təkanlara səbəb olmuşdur. Bu yürüşün nəticəsi imperatriça İrinanın nüfuzuna ağır bir zərbə olmuşdur. Tatsat imperiyanı birdəfəlik tərk edir, Abbasilər xilafətinin daxilindəki Ərməniyyənin əmiri təyin edilir. Digər tərəfdən, Bizansın itkiləri, alçaldıcı sülh müqaviləsinə baxmayaraq və ərəblərin hücumunun miqyası nəzərə alındığında, o qədər də böyük deyildi. İrina üç il davam edən atəşkəs dövrünü öz daxili mövqeyini gücləndirmək üçün istifadə etmişidir. O, tədricən V Konstantinin dövründə təyin edilmiş sərkərdələri, o cümlədən uzun müddət orduda xidmət göstərmiş və ikonomax olan Mixail Laxanodrakonu vəzifədən azad etmişdir. Nəticə etibarilə, İrina ordu üzərindəki nəzarətini gücləndirmiş və Balkanların böyük bir qismini əlinə almış Dunay Bulqar dövlətinə qarşı yürüşlər həyata keçirmişdir.[34][35][36]
Atəşkəsin imzalanmasına baxmayaraq, salnaməçi əl-Yaqubi qeyd edir ki, ərəblər 783, 784 və 785-ci illərdə Anadoluya basqınlar təşkil etmişdir. Bu, güman edilir ki, olduqca kiçikhəcmli basqınlar olub, çünki əsas mənbələr təsdiqləyir ki, hər iki tərəf də 785-ci ilin yazına qədər atəşkəsə riayət etmişdir.[37] Həmin il, ordu üzərindəki nəzarətini gücləndirmiş olan və daxili cəbhədə ikonomaxlarla üzləşən İrina xərac ödəməyə son qoymaq qərarına gəlir və beləliklə, bu iki dövlət arasındakı münaqişə yenidən gərginləşmişdir. Bizanslılar 786-cı ilin əvvəllərində böyük bir qələbə çalmış, Kilikiyada yerləşən Hədət şəhərini talan və alt-üst etmişdir. Abbasilər bu şəhəri beş ildir ki, güclü bir qalaya və sərhədlərarası ekspedisiyalar üçün hərbi bazaya çevirmək məqsədilə müdafiə vasitələri ilə təmin edirdi.[38][39] Abbasilər xilafəti Harun ər-Rəşidin həmin il xəlifə taxtına çıxması ilə üstünlük əldə etmişdir. Ərəblərin Bizansa göstərdiyi təzyiq daha güclənmiş, İrinanın 798-ci ildə yenidən atəşkəs imzalamasına, 782-ci ildəki şərtləri qəbul etməsinə gətirib çıxarmışdır.[40][41]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.