From Wikipedia, the free encyclopedia
Əli Tudə (tam adı: Əli Tudə Cavadzadə; 31 yanvar 1924, Bakı – 26 fevral 1996, Bakı) — şair, yazıçı, siyasi mühacir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü.
Əli Tudə | |
---|---|
Əli Tudə Cavadzadə | |
Doğum adı | Əli Qulu oğlu Cavadzadə |
Doğum tarixi | 31 yanvar 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 1996 (72 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Siyasi mühacir |
Milliyyəti | azərbaycanlı |
Atası | Qulu Cavadzadə |
Anası | Şahbəyim Cavadzadə |
Təhsili | BDU Filologiya fakültəsi |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | azərbaycanca |
Üzvlüyü | |
Mükafatları |
|
Azərbaycan Demokrat Firqəsinin üzvü, Azərbaycan Milli Hökuməti dövründə, Maarif Nazirliyində tədris şöbəsinin müdiri, Təbrizdə Milli filarmoniyanın yaradıcısı, ilk və son müdiri olub.
"21 Azər" medalı, Əmək veteranı medalı ilə təltif olunub, Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına layiq görülüb.
Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub.[1][2] Atası Qulu neft mədənində fəhləlik edib daha sonra isə buruq ustası vəzifəsinədək yüksəlib. Əli 1 yaşında olarkən atası, 5 yaşında olarkən isə anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb.[3] 150 saylı orta məktəbdə oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub.[4] Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib.[5]1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib.[6]
1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib[4][7] Təhsili yarımçıq qalıb. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirib.[8] O, Miyanə-Zəncan dəmiryolunda fəhləliyə başlayır və bir müddət sonra oradan ayrılır.[9] Əli Tudə sonradan Astara-Ənzəli şosse çəkilişində iştirak edib. 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub. Silahı və qələmi ilə mübarizə aparıb. 1944-cü ildə "Hizbitudeyi-İran" partiyasına daxil olub.[10] Ərdəbil vilayət partiya komitəsində Əliyə partiya bileti təqdim olunarkən ona, "Tudə" ("Xalq" deməkdir) təxəllüsü verilib.[11] 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub.[12] 1944-1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunub.[10][13] Milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırıb. 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulub.[10] 1944-1945-ci illərdə İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı, Milli hökumət yarandıqdan sonra 1945-1946-cı illərdə Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri işləyib.[4] Məktəbdə tədris üçün nəzərdə tutulmuş "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayıb.[8][14] Daha sonra İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradıb, onun ilk və son müdiri olub.[4][15] Filarmoniyanı təşkil etmək üçün bölgələri gəzərək istedadları bura cəlb edib. 22 yaşında ikən Azərbaycan Milli hökuməti tərəfindən "21 Azər" medalı ilə təltif edilib.[10]
Azərbaycan Milli Hökuməti süquta uğradıldıqdan sonra çap ərəfəsində olan şeirlər kitabı, mətbəədə yandırılıb.[10] Şah Əli Tudənin tutulduğu anda məhkəməsiz öldürülməsi haqqında fərman verib.[8][10] Təbrizi tərk etməyə məcbur qalan şair, 1946-cı il dekabrın 12-də sərhədi keçərkən "Mən nə gətirdim" şeirini yazır.[10][16] Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi olan bu şeir, sonradan öz doğma torpaqlarını tərk etməyə məcbur olan minlərlə mühacirin manifestinə döndü və dillər əzbərinə çevrildi.[10]
Bakıya mühacirət etdikdən sonra "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləməyə başlayır.[4] 1947-ci ildə BDU-nun filologiya fakultəsinə daxil olur və 1952-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir.[4] Ali məktəbi bitirdikdən sonra Azərnəşrə redaktor vəzifəsinə təyinat alıb. 1952-ci ildən 1962-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olur. Bakı Ali Partiya Məktəbində müdavim və 1958-ci ildən Azərbaycan və SSRİ Yazıçılar İttifaqının üzvü olub.[16] Sonra bütün həyatını bədii yaradıcılığa həsr edib.[16] Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir.[17] "Cənub nəğmələri" adlı ilk şeirlər kitabını 1950-ci ildə çap etdirib.[18] Bu kitabda o, 1945-1949-cu illərdə yazdığı şeirləri toplayıb.[19] Ümumittifaq tədbirlərində: Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda iştirak edib. 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə mükafatlandırılıb.[20] 1984-cü ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.[21] 1960-cı ildən 1996-cı ilə qədər Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü olub.[6] 1986-cı ildə Əmək veteranı, 1987-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb.[22][23] 50 poemanın 60-dan çox kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub.[24]
Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qalıb, Sovet İttifaqının pasportunu daşımayıb.[6][25] Bir çox yüksək titul və mükafatlardan məhrum olub. 1996-cı ilin fevral 26-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.[25][26]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.